Press "Enter" to skip to content

HEYDƏR HÜSEYNOVUN “XIX ƏSR AZƏRBAYCAN İCTİMAİ VƏ FƏLSƏFİ FİKİR TARİXİNDƏN” KİTABININ TƏQDİMATI

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Heyder hüseynov azərbaycanda xix əsr ictimai-fəlsəfi tarixindən

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

HEYDƏR HÜSEYNOVUN “XIX ƏSR AZƏRBAYCAN İCTİMAİ VƏ FƏLSƏFİ FİKİR TARİXİNDƏN” KİTABININ TƏQDİMATI

AZƏRTAC xəbər verir ki, mayın 22-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda görkəmli tarixçi-filosof alim, akademik Heydər Hüseynovun “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” kitabının təqdimat mərasimi keçirilmişdir.

Birliyin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri, şair Ədalət Əsgəroğlu belə əhəmiyyətli nəşrin işıq üzü görməsində əməyi olan bütün insanlara, xüsusilə kitabı çapdan buraxmış “Zəkioğlu” nəşriyyatına təmsil etdiyi qurumun idarə heyəti adından təşəkkürünü çatdırmışdır. Bildirmişdir ki, bu kitab Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində əvəzsiz xidmətləri olan Heydər Hüseynovun anadan olmasının 100 illiyi ərəfəsində nəşr etdirilmişdir. Kitabda Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsənbəy Zərdabi kimi böyük maarifçilərin ədəbi irsi ilk dəfə ictimai-fəlsəfi baxımdan araşdırılır.

Fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, kitabın rus dilindən tərcümə redaktoru Qardaşxan Əzizxanlı və başqaları çıxış edərək, “AVRORA qroup” şirkətinin maliyyə dəstəyi ilə “Zəkioğlu” nəşriyyatının 100 cildlik “Fikir antologiyası” seriyasından çap etdiyi kitabın əhəmiyyətindən söz açmışlar. Bildirilmişdir ki, akademik H.Hüseynovun 1949-cu ildə rus dilində ilk dəfə nəşr olunan bu kitabı, 57 ildən sonra, nəhayət, oxuculara doğma dilimizdə çatdırılır.

Tədbirdə görkəmli alimin faciəli həyatından da bəhs edilmişdir. Bildirilmişdir ki, ona qarşı təzyiqlər 1945-ci ildən başlayaraq, xüsusilə H.Hüseynov Marksizm-Leninizm İnstitutunun direktoru təyin edildikdən sonra daha da gücləndirilmişdir. Onun rəhbərlik etdiyi institut Mərkəzi Komitə tərəfindən ildə iki dəfə yoxlanılırdı. 1941-ci ildən 1950-ci ilə qədər istirahətsiz, gecə-gündüz çalışan akademik yalnız bircə dəfə məzuniyyət götürərək 1947-ci ildə qatarla Kislovodsk kurort şəhərinə yola düşərkən MK-nın teleqramı əsasında dərhal geri qaytarılaraq partiyadan çıxarılmışdır. Nəhayət, bi təzyiq və təqiblərə davam gətirməyən görkəmli alim 1950-ci il avqustun 15-də intihar edərək həyatla vidalaşmışdır.

Mərasimin sonunda H.Hüseynovun qızı Sara Hüseynova atasının xatirəsinə göstərdikləri diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, akademiklə bağlı xatirələrini söyləmişdir.

Fəxri xiyabanın intihar edən sakini – Heydər Hüseynov əfsanəsi.

“. 1950-ci iliydi. Avqustun 15-i, səhər saat altının yarısı. Gedib gördük ki, özünü asıb. “.

Ardını gətirə bilmir, gözləri dolur. Əlini alnına dayayıb üzünü məndən gizləmək istəyir. Mənəsə dərdlərini təzələdiyimçün çəkdiklərim də bəs eləyir.

Hannan-hana Sara xanımla söhbətin yönünü dəyişməyə nail oluram.

İrəvandan Batuma, Batumdan Bakıya.

– Əslimiz İrəvan mahalındandı, atam orda dünyaya gəlib. Bizimkilərin əvvəldən bəxti gətirməyib. Atam bir yaşında olanda babamı itirib. 1918-ci ildə qaçqın düşüblər. Əvvəlcə Batumda yaşayıblar, iki ildən sonra Bakıya köçüblər. Böyük əmim Yusifi ermənilər hələ İrəvandan çıxmamış öldürüblər. Mənzər, Qələmzər adlı iki qızı, Hidayət adlı bir oğlu qalıb. Atam evdə hamıdan kiçik olsa da, əmimin yetim uşaqlarına baxıb. Yusifdən başqa, Əkbər, Yaqub, Muxtar adlı üç əmim, Ruqiyyə adında bir bibim olub. Yazıq bibim 20 yaşında rəhmətə gedib. Atam həmişə deyərdi ki, bizim nəslimiz çox varlı-hallıydı. İrəvanın mərkəzində, Təpəbaşı adlanan yerdə üçmərtəbəli evimiz varmış. Babam Hacı Nəcəf Hüseynzadə dindar adammış. Məşhədi, Kərbəlanı ziyarət edibmiş. Həm də, ticarətlə məşğul olurmuş. Nənəm Gülsüm də oruc tutub, namaz qılırmış.

Atam nənəmi çox istəyirdi. Yazıq arvad tez-tez xəstələnirdi, atamsa bütün günü qulluğunda dururdu. Onun xətrinə hər şeydən keçməyə hazırıydı. Yadımdadı, atam deyərdi ki, komsomol katibi işləyəndə gizlində oruc tuta-tuta ateizmi təbliğ edirdim. Təkcə anamın xətrinə.

. Heydər Hüseynov musiqini çox sevərmiş, uşaqlığında hərdən tar çalmağı da varmış. Özünün səsi olmasa da, gözəl mahnıların vurğunuymuş. “Ay bəri bax” mahnısından daha çox ləzzət alarmış. Velosiped sürməyi, üzməyi xoşlayarmış. Xəttinəsə söz ola bilməzmiş. Mikayıl Müşfiqin şeirlərini gözəl xətlə dəftərə köçürüb müəllimlərə hədiyyə verərmiş. Ara-sıra özü də şeir yazarmış. 1928-ci ildə “Gənc işçi” qəzetində “Atəşgah” adlı şeiri çap olunub. “Zəngi” adlı şeirindəsə İrəvandakı Zəngi çayını təsvir edib. Bakıdakı 18 nömrəli məktəbdə Mikayıl Müşfiq, Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Hüseyn Bakıxanovla bir oxuyub. Ən yaxın dostları Mütəllib Babayev, Rəşid Nurullayev, Abdulla Qarayev, Həsənbala Mehdiyev olub.

“Qızım, elə geoloq olsan, yaxşıdı”

Heydər Hüseynov üç qız övladından ata qayğısını əsirgəməyib. Başı işə-gücə nə qədər bərk qarışsa da, gözünü onların üstündən çəkməyib.

– Atam məni daha çox istəyirdi, gözündən kənara qoymurdu. Həmişə anama deyirdi ki, Sara mənə oxşayır. Ağıllı, ciddi qızdı. Çox arzulayırdı ki, mən də alim olum. Bir dəfə dedim ki, ata, geoloq olmaq istəyirəm. Sonralar özü də bu arzuma şərik çıxdı. Dedi ki, qızım, elə geoloq olsan, yaxşıdı. İllər sonra başa düşdüm ki, mənim tarix, humanitar elmlərlə məşğul olmağımı istəməyib. Qorxurmuş ki, nə vaxtsa dövran dönər, başım bəla çəkər.

. Pul sarıdan korluğumuz yoxuydu. Amma həmişə deyərdi, mənim vicdanım yol verməz ki, camaat çörəyi “kartıçka” ilə alsın, kasıb dolansın, mənsə kef çəkim. Maaşını alanda xidmətçilərə, aspirantlarına pul verərdi. Həmişə də bundan ləzzət alardı. Dörd cildlik lüğətə görə ona “Stalin” mükafatı vermişdilər. Həmin pulu uşaq evinə, bir də müharibə əlillərinin hesabına köçürtdü. “Azərbaycanda XIX əsr fəlsəfi və ictimai fikir tarixindən” kitabının qonorarını isə bütövlükdə kimsəsiz uşaqlara xərclədi. Amma məni yandıran odu ki, belə bir insanı tanıyan azdır. Təkcə sadə camaat yox, hətta, ziyalılar da ondan xəbərsizdilər. Küçəylə gedirəm, arxamca deyirlər ki, bu, Əliheydər Qarayevin qızıdı. Mənə çox pis təsir edir. Hələ bu camaat atamla Əliheydər Qarayevi seçə bilmir.

Səbəbsə.

Yasaq edilməsidi. Təqiblər 1949-cu ildə çap olunan “Azərbaycanda XIX əsr fəlsəfəsi və ictimai fikir tarixindən” sonra başlayır. Onun tarixi faktlara əsaslanıb Şeyx Şamili milli qəhrəman kimi təqdim etməyi, “Qafqaz evi” ideyasının təbliği Mir Cəfər Bağırovun qəzəbinə səbəb olur.

“O, iradəli, nikbin adamıydı. Amma ölümündən bir qədər əvvəl çox narahat görünürdü. Qaradinməz olmuşdu. Hər şeyi içində çəkirdi. Heç kəsə bir kəlmə də demirdi. Sən demə. “

. 16 avqust 1950-ci il. Dəfnində yaxın dostları belə gözə dəymədi. Tələbələrinə də cənazəsinə yaxın durmağı qadağan elədilər. Yoxluğun, itkinin bütün ağrılarını Talə xanım öz balalarıyla tək çəkməli oldu.

– Həmin gün qapımıza möhür vurdular. Gedəsi yerimiz yoxuydu. Heç kəs bizi evinə buraxmırdı. Axırda qonşuluqda yaşayan rus qadın bizi evinə gətirdi. Saat üçdə beş hərbçi gəlib evimizi alt-üst elədi. Atamın sənədlərini, məktublarını, kitablarını yığıb apardılar.

Gizli neft yataqlarının xəritəsini “xalq düşməni”nin qızına etibar eləməyiblər

– Bu hadisədən sonra başımız çox bəlalar çəkdi. Müəllimlərimin mənə münasibəti dəyişdi. Bütün uşaqlara təbliğ eləyirdilər ki, Heydər Hüseynov Sovet hökumətinə qarşı zərərli kitablar yazıb. Rəfiqələrim də məndən qaçırdılar. Bircə Solmaz adlı rəfiqəm mənə dönük çıxmadı. Birdən-birə bütün qiymətlərim beşdən üçə endirildi. 17 yaşımda Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) sənəd verdim. İmtahanda məni qəsdən çölə çıxardılar ki, köçürürsən. İmtahanın qurtarmasına 15 dəqiqə qalmış içəri çağırdılar. Tələm-tələsik bir şey yaza bildim, “3” verdilər. Amma üç ay get-gələ saldılar. İnstitutun rektoru Saleh Qocayev atamla 10 il bir yerdə işləmişdi. Hər dəfə məni get-gələ saldıqca ləzzət alırdı. Nəhayət, mənə dedilər ki, bizdə gizli neft yataqlarının xəritələri var, onları xalq düşməninin qızına etibar eləyə bilmərik. Kor-peşman evə qayıtdım. Üz tutmalı bir kimsəm qalmamışdı. Hara gedirdimsə, “xalq düşməninin qızıdı”-deyib işə götürmürdülər.

Bəraət!

1956-cı ildə filosofun yaxın dostları Əlövsət Quliyev, İrşad Əiyev, Mütəllib Babayev “bəraət almış cəsəd”i Fəxri Xiyabana köçürdülər. 1958-ci ildə yaşadığı binaya xatirə lövhəsi vuruldu. 1965-cı ildəsə biblioqrafiyası çapdan çıxdı. Vəssalam! Bununla da günahlar “yuyuldu”.

– Dağıstandasa mərkəzi küçələrdən birinə onun adı verilib. Respublikanın rəhbəri Həmzət Həmzətov atamı Şeyx Şamilin birinci naibi hesab edib. Dünya alimləri -Komarov, Bakradze, Bertels, Vavilov, Makovelski, Şmidt, M. Bennenqsen, Tillet, Henze, Besson və başqaları onun fəlsəfi dünyagörüşünü bəyəniblər.

Heydər Hüseynovun sirli, qaranlıq ölümü, onun səbəbləri. Bir filosofu sevdiyi işindən, ailəsindən, uşaqlarından əl götürməyə vadar eləyən əsl səbəb nəydi, görən? Bütün bunlar Sara xanımla söhbətdən sonra ağlımın bir küncündə oturub beynimi gəmirirdi elə bil. Bu sirri qurcalamaq, illər öncə baş verən hadisəni yaddaşlarda tərpətmək, təzələmək, bəlkə, dolaşıq düşən həqiqətlərin ip ucunu tapmaq istəyi ilə onu tanıyan filosofların qapısını döydüm. Məncə, deyilənlər gizliləri aşkarlamaqda yardımçımız ola bilər.

“Biz onun ilk tələbələriydik”

İrşad Əliyev (Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini):

– Heydər Hüseynovla 1945-ci ilin martında tanış oldum. Ağdama- ziyalılarla görüşə gəlmişdi. Ordakı çıxışı mənə çox təsir elədi. Elə o vaxtdan Ziyəddin Göyüşovla qərara gəldik ki, mütləq onun rəhbərliyilə açılan fəlsəfə fakültəsinə oxumağa gedək. Sözümüzün üstündə durduq. Onun ilk tələbələriydik, bizimlə akademik Firudin Köçərli, akademiyanın müxbir üzvi Məqsəd Səttarov, akademik Aslan Aslanov da oxuyurdu. O vaxt Heydər Hüseynova görə universitetdə tələbələrə “gözün üstə qaşın var” deyən yoxuydu. O, bizdən ötrü canını verirdi, doğma balaları kimi qayğımıza qalırdı. Bizə dərs deyən müəllimləri də özü seçirdi, dərs proqramlarını təkbaşına hazırlayırdı.

. Axırıncı kursdaydıq. O vaxt Heydər müəllim universitetdə fəlsəfə kafedrasının müdiri, partiya tarixi institutunun direktoruydu. Həm də bir çox elmi şuraların, redaksiyaların üzvüydi. Mərkəzi Komitənin elm, təhsil, mədəniyyət sahəsinin bütün ağırlıqları onun üstünə düşürdü. Mərkəzi Komitədə bu sahədə rəhbərlik eləyən katiblər, şöbə müdirləri qorxurdular ki, nə vaxtsa yerlərini ona verməli olacaqlar. Onu Mircəfər Bağırovun gözündən salmağa məqam axtarırdılar. Heydər müəllim Bağırovun da hörmətini qazanmışdı.

Həmin dövrdə Heydər Hüseynovun “Azərbaycanda XIX əsr ictimai-fəlsəfi fikir tarixindən” əsəri ilk dəfə rus dilində çap olundu. O, bilirdi ki, rus dili vasitəsiylə bu əsər bütün SSRİ-yə yayılacaq. Həm də rus dilindən digər dillərə tərcümə olunacaq. Əsərin yayılması məqsədiylə kitabı özünə yaxın bildiyi dünya şöhrətli alimlərə, incəsənət, ədəbiyyat xadimlərinə yollayırdı. Çox keçmir ki, kitab ictimaiyyət arasında böyük nüfuz qazanır. Hətta, müəllifin xəbəri olmadan “Stalin” mükafatına təqdim edilir. Bu uğurdan çaşanlar girəvəni əldən verməyib Bağırovun əsəbi vaxtında ona deyirlər ki, bəs Hüseynov sizdən xəbərsiz kitab yazıb. Üstəlik, mükafata da layiq görülüb. Bağırov təbiətli adama bu bəsiydi. Necə hirslənirsə, Partiya Tarixi İnstitutuna zəng vurur. Heydər Hüseynovu tapmır. Müavininə deyir ki, səhər tezdən direktorun kabinetini açıb onun yerində özün oturarsan. Müavini də nəzakətli, sakit adamıydı, İstəyir etiraz eləsin, bacarmır. Heydər Hüseynov səhər işə gələndə görür ki, müavini onun yerində oturub.

Bundan sonra Heydər Hüseynov ikinci iş yeri olan Elmlər Akademiyasına gəlir. İşin tərsliyindən akademiyada da əvvəlki ab-hava qalmamışdı: Yusif Məmmədəliyev getmişdi, köhnə tanışların yerinə təzələri gəlmişdi. Onlar da dar gündə Heydər Hüseynova arxa durmadılar.

Filosof çox götür-qoy eləyir, axırda kabinetə girib damarını kəsir. Təsadüfən köməkçi qapının yanından keçirmiş. Görür ki, otaqdan çölə qan axır. İçəri girir, görür yazıq kişi yerə yıxılıb. Hay salır, camaat tökülüb gəlir. Amma təcili yardım əvəzinə Mərkəzi Komitəyə xəbər verirlər. Sonra onu xəstəxanaya aparırlar.

. Xəstəxanada müalicə olunurdu. Heç kəs yanına getmirdi. İnstitutla əlaqəsi ancaq mənimləydi. Yay tətiliydi. Onu xəstəxanadan çıxarıb evə gətirmişdilər. Getdim ki, sağollaşıb rayona qayıdım. İçəri girəndə dəhşətə gəldim. O boyda kişi əriyib yumağa dönmüşdü. Onu dilə tutdum, dedim, mənimlə Şuşaya-dincəlməyə gedək. Talə xanım da razılaşdı. Amma özü hələ də tərəddüd edirdi. Çünki səhhətindən çox, camaatın ona münasibətini düşünürdü. Axşam onların evinin yaxınlığında – bizimlə rayona getmək istəyən bir tələbənin evində qaldım. Orda hamıya dedim ki, Heydər müəllimi də özümlə Şuşaya aparmaq istəyirəm. Heç kəs dillənmədi. Amma bir az keçmiş həmin tələbənin uzun illər təhlükəsizlik orqanında işləmiş atası məni qırağa çəkdi. Dedi, sənin ağlın çaşıb, nədi? Bilirsən neynirsən, nə iş tutursan? Bir yerdə gedərsiz, özünü də bədbəxt eləyərsən, onu da. Sizi güdərlər, onu öldürüb sənin üstünə yıxarlar. Çətin vəziyyətdə qalmışdım. Bilmirdim, qərarımın dəyişdiyini Heydər müəllimə necə deyim.

Elə həmin vaxt eşitdim ki, universitetin rektoru Qarayev məni axtarır. Getdim, sevinə-sevinə bir sənəd verdi ki, qaç, bunu Heydərə çatdır. De ki, sentyabrın 1-dən Azərbaycan Pedaqoji Universitetinə fəlsəfə müəllimi təyin olunur. Bu, o demək idi ki, Heydər Hüseynov artıq bəraət alıb. Çünki o vaxt MK-nın razılığı olmadan belə qərar vermək mümkün deyildi. Tələsik onlara getdim. İçəri girdim ki, hamı kefsiz, əlləri qoynunda oturub. Kağızı verdim, sevindilər. Özü isə başqa otağa keçib mənə bir kağız gətirdi. Kağıza on bir kitabın adını yazmışdı. Dedi ki, bu kitabları mənə gətirərsən, dərs başlayana kimi bir az məşğul olaram. O boyda alim uşaqların qarşısında məsuliyyət duyurdu. Bu, bizim axırıncı söhbətimiz oldu. Mən rayona gedib tez də qayıtdım. Eşitdim ki, özünü öldürüb. Evlərinə getdim, gördüm meyit ortadadı.

“Yuxarı”dan tez-tez zəng vururdular. Deyirdilər, tez olun, camaat işdən çıxmamış meyiti basdırın. Hardansa bir yük maşını da göndərdilər. İndiki Xalq Təsərrüfatı İnstitutunun tinindən burulanda 10-15 tələbə bizə qoşuldu. Qəbiristanlıqda tələbələrdən biri mənə yaxınlaşdı ki, bizə göz qoyurlar. Doğrudan da, həndəvərimizdə yad adamlar vardı. Ancaq onsuz da iş-işdən keçmişdi. Onun dəfnində iştirak elədiyimə görə ertəsi gün məni aspiranturadan qovdular.

. Amma onun özünə qəsd eləməyini ağlıma sığışdıra bilmirdim. Çünki o, övladlarının taleyinə laqeyd qala bilməzdi. Həm də, APİ-yə müəllim təyin olunması onda nikbin ruh yaratmışdı. Bütün bunları fikirləşəndə ürəyimə damırdı ki, onun ölümündə kiminsə əli var. Mənə elə gəlir ki, onun şəxsi sənədləri araşdırılsa, bu həqiqəti üzə çıxaracaq nəsə tapıla bilər.

Zümrüd Quluzadə (Fəlsəfə elmləri doktoru, EA-nın fəlsəfə tarixi şöbəsinin müdiri):

– Azərbaycanda ilk dəfə fəlsəfə şöbəsini Heydər Hüseynov açıb. 1941-ci ildən başlayaraq Azərbaycan mədəniyyəti və fəlsəfə tarixi üzərində həm tarixçi, həm də filosof kimi işləyib. Xaqani, Nizami, Nəsimi, Xətai, Füzulinin fəlsəfəsini tədqiq edib. XIX əsri daha dərindən öyrənib. “Azərbaycanda XIX əsr ictimai-fəlsəfi fikir tarixindən” əsərini o vaxtkı və indiki ənənələrə zidd olaraq yeni tədqiqat üsuluyla işləyib. Giriş hissəsində müstəqil tədqiqat aparıb, arxivlərə müraciət eləyib. Dili də çox sadədi. Əsər bir neçə hissədən ibarətdi. Hər hissə özlüyündə bütöv bir mövzunu əhatələyir.

Heydər Hüseynov marksizm-leninizm fəlsəfəsindən çıxış etmişdi, bu fəlsəfəyə inanmışdı. Müasir oxucu onun fəlsəfi dünyagörüşünü bəyənməsə də, Heydər Hüseynovun fəlsəfəsi özünəməxsusdu. Əsəri oxuyanlar hər bölmədə filosofun mövqeyini görəcəklər. Bu isə o dövr üçün xarakterik deyildi. Onun əsərlərində türkçülük ab-havası duyulur. Şeyx Şamili milli qəhrəman kimi qiymətləndirmək o vaxt böyük cəsarət istəyirdi.

İmran Seyidov (EA-nın Milli Münasibətlər İnstitutunda baş elmi işçi, əməkdar mədəniyyət xadimi):

“Heydər Hüseynova qədər XIX əsr dərindən öyrənilməmişdi. O, “Azərbaycanda XIX əsr ictimai-fəlsəfi fikir tarixindən” əsərində Bakıxanovun, Vazehin, Axundovun, Mirzə Kazım bəyin fəlsəfi görüşlərini təhlil edir. Yazır ki, Axundova qədər Azərbaycanın mütəfəkkirləri, filosofları ideolizm nöqteyi-nəzərində dayanıb. Axundovsa ilk materialist filosofuydu. Ona fransız materialistləri – Holbax, Volter, Russo, rus proqressiv materialistləri-Çernışevski, Belinski, Gertsen təsir göstərib.

. O vaxt Bağırov bir dəstə adam ayırmışdı ki, həmin kitabı oxuyub şübhəli nə varsa, ona bildirsinlər. Onlar da demişdilər ki, kitabda Mirzə Kazım bəyin Şeyx Şamil haqqında bir məqaləsi var. Heydər Hüseynov o məqaləyə də, Şeyx Şamilə də yüksək qiymət verir. Bağırov da buna cavab olaraq bir məqalə çap etdirir. Yazır ki, Şeyx Şamil Türkiyənin casusudu, Heydər Hüseynov da onu müdafiə edir. Belə bir kitab Stalin mükafatına layiq görülə bilməz. Məqalə böyük səs-küyə səbəb oldu.

1950-ci ilin yayıydı. Bağırov Filarmoniyada ziyalıların yığıncağını keçirirdi. Mövzu Heydər Hüseynov idi. Hamıya bir-bir söz verilirdi ki, durub onun haqqında tənqidi fikirlərini söyləsin. Həmin gün Heydər Hüseynovun dostları da düşmən olmuşdular. Yadımdadı, o vaxt Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru Məmməd Arif Dadaşzadəyə söz verildi. O, institutunun problemlərindən, planlardan danışdı. İstəyirdi ki, mətləbdən astaca yayınsın. Bağırov onun üstünə çığırdı: “Dastan danışma! Mənə Hüseynovdan danış”. Sonra dedi ki, “sən Türkiyə casusuna tərəfdar çıxırsan?! Onda özün də xalq düşmənisən!”.

Dadaşzadə kağız-kuğuzunu yığışdırıb pərt halda kürsüdən düşdü. Yerinə qayıdanda yan-yörəsində oturanlardan biri də qalmamışdı.

Yadımdadı, həmin əsərə görə Heydər Hüseynovu bütün vəzifələrindən azad eləmişdilər. Xəstəxanadan təzəcə çıxmışdı. Bir gün mənə dedi ki, İmran, mənim dilimdən Bağırova bir ərizə yaz. Mən yaza bilmirəm, əsəblərim tab gətirmir. Yaz ki, deyirsən, Şamil Türkiyə casusudu, bəlkə də, mən səhv eləmişəm. Amma bu səhv mənim səhvim deyil. Şamil haqqında olan bütün materiallarda o, milli qəhrəman kimi təsvir olunub. Mən təzə heç nə icad eləməmişəm “. İki-üç dəfə onun dilindən Bağırova ərizə yazıb göndərdim. Çalışırdım, ərizəni elə yazım ki, Heydər Hüseynovu Bağırovun qarşısında aciz kimi göstərməyim. Yazıb sonra özünə oxuyurdum. O da qulaq asıb deyirdi ki, yaxşı eləyib belə yazmısan.

Dəfnindəsə iştirak edə bilmədim. Demişdilər, saat beşdə dəfn eləyəcəklər. Amma saat üçdə basdırdılar. Sonra bildim ki, qəsdən vaxtı dəyişiblər, iştirak eləyən olmasın deyə.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.