Press "Enter" to skip to content

Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işləri uğurla davam etdirilir

Ən müasir standartlara cavab verən tam yeni qurğuların inşası, SOCAR-ın qlobal reytinqinin artmasına, kəmiyyət və keyfiyyət göstəricilərinin lazımı səviyyədə təmin edilməsi üçün texnoloji rejimin rahat və təhlükəsiz şəraitdə aparılmasına, tam komplekt mexaniki və texnoloji zəmanətlərin əldə olunmasına, ekoloji cəhətdən daha təmiz istehsalatların yaradılmasına, ölkə əhalisinin etibarlı və davamlı şəkildə uzun illər ərzində ən yüksək keyfiyyətli yanacaqla təmin edilməsinə, neft-kimya istehsalatları üçün tələb olunan xammalının istehsalına, növbəti 4-5 il ərzində layihənin icrası zamanı minlərlə yeni iş yerlərinin açılmasına, yüzlərlə yerli şirkətlərin işlə təmin edilməsinə xidmət edəcək.

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu “Axens” şirkəti ilə müqavilə imzalayıb – FOTO

Bu gün SOCAR-ın baş ofisində Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) və “Axens” şirkəti arasında NEZ-in yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində katalitik krekinq qurğusu üzrə lisenziya və layihələndirmə müqavilələrinin imzalanma mərasimi keçirilib.

Dövlət Neft Şirkətindən Oxu.Az-a verilən məlumata əsasən, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Axens” şirkətinin baş icraçı direktoru Jean Sentenac və digər rəhbər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Heydər Əliyev adına NEZ-in yenidənqurma və modernizasiyası uğurla davam edir, layihə çərçivəsində zavodda bir sıra yeni qurğular layihələndirilir və inşa olunur:

“Bununla əlaqədar, həmin qurğular üzrə lisenziyaların alınması və layihələndirmə xidmətlərinin həyata keçirilməsi məqsədilə əsaslı işlərə başlanılıb. Katalitik krekinq qurğusu üzrə aparılmış araşdırma və müfəssəl qiymətləndirmələrə əsasən, lisenziar olaraq “Axens” şirkəti seçilib. Bu gün imzalanan müqavilələrə əsasən, qısa müddət ərzində qurğu üzrə Texnoloji Layihələndirmə Paketinin hazırlanmasına başlanılacaq. Bununla əlaqədar, “Axens” şirkətinin rəhbərliyini təbrik edir və işlərin icrasında tərəfdaşlarımıza müvəffəqiyyətlər arzulayıram”.

“Axens” şirkətinin baş icraçı direktoru Jean Sentenac cavab nitqində əlavə edib ki, SOCAR ilə əməkdaşlığın genişlənməsi onları məmnun edir:

“Bu çərçivədə yeni qurğunun inşası üçün lisenziar olaraq seçilməyimiz şirkətimizə göstərilən böyük etimaddır və bu etimada görə SOCAR rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Layihələndirmə işlərinin qısa müddət ərzində yüksək keyfiyyətlə tamamlanması üçün əlimizdən gələni edəcəyik. İnanırıq ki, yeni Katalilik Krekinq qurğusu inşa edildikdən sonra NEZ-in fəaliyyəti daha dayanıqlı və səmərəli olacaq”.

Sonda tərəflərin iştirakı ilə imzalanma mərasimi keçirilib. Sənədi SOCAR-ın Heydər Əliyev adına NEZ-in direktoru Bəxtiyar Məmmədov və “Axens” şirkətinin texnoloji lisenziyaların qobal satışı üzrə kommersiya direktoru Fabien Lundy imzalayıblar.

Qeyd edək ki, SOCAR və “Axens” şirkətlərini uzunmüddətli əməkdaşlıq əlaqələri bağlayır. Hazırda, Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi çərçivəsində Dizel Hidrotəmizlənmə, Benzin Hidrotəmizlənmə və C4 (butan-butilen) fraksiyasının hidrogenləşmə qurğuları, habelə “Azərikimya” İB-də həyata keçirilən yenidənqurma işləri çərçivəsində C3 (propan-propilen) fraksıyasının hidrogenləşmə qurğusu və Türkiyədə inşa edilmiş “STAR” neft emalı zavodunun nafta hidrotəmizləmə, dizel hidrotəmizləmə və kerosin hidrotəmizləmə qurğuları “Axens” şirkətinin lisenziyası əsasında inşa edilib.

Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası üzrə layihələrin müvəffəqiyyətlə həyata keçirilməsinə, o cümlədən lisenziyalı texnoloji qurğuların istismarına töhfə vermək məqsədilə, SOCAR və “Axens” arasındakı əməkdaşlıq çərçivəsində mühəndislər “Axens” şirkətində təşkil olunan təlimlərdə iştirak edirlər. Bu təlimlər enerji səmərəliliyi və dayanıqlığının təmin edilməsi sahəsində mütəxəssislərin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Bir müddət öncə “SOCAR Türkiyə”nin AR-GE Tədiqat Mərkəzi ilə “Axens” arasında təqiqat sahəsində əməkdaşlıq imkanlarının və ortaq maraq dairələrinin müəyyənləşdirilməsi üzrə işlərə başlanılıb.

Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işləri uğurla davam etdirilir

SOCAR ölkəmizin emal sənayesi sahəsində istehsal və ixrac potensialını artırmaq, emal kompleksində alınan məhsulları yüksək standartlara çatdırmaq, habelə Azərbaycanda yeni iş yerləri yaratmaq məqsədilə nəhəng və perspektivli layihələr həyata keçirməkdədir. Belə layihələrdən biri kimi, məhz Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiyası və yenidən qurulması layihəsi çərçivəsində görülən işlər, eləcə də layihələrin cari statusu ilə tanışlıq məqsədilə avqustun 30–da respublikanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün emal müəssisəsinə press-tur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, KİV nümayəndələri zavodun istehsalat sahələri və əsas qurğuları ilə tanış olub, aparılan yenidənqurma işləri haqqında onlara ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda istehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin “Avro-5” standartlarına çatdırılması, ölkənin yanacaq-enerji təhlükəsizliyinin təmin olunması, benzin və dizel yanacağına artan tələbatın ödənilməsi, yeni bitum istehsalatının yaradılması, reaktiv mühərrik yanacağı istehsalının artırılması, “Azərkimya” İB-nin qaz xammalı ilə (propan-propilen, butan-butilen fraksiyaları və sair quru qazlarla) təmin olunması, habelə ekoloji cəhətdən daha təmiz texnologiyaların tətbiq edilməsi, istismar xərclərinin azaldılması və gəlirliliyin artırılması məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işləri uğurla davam etdirilir.

Layihənin birinci mərhələsi çərçivəsində inşa olunan bitum istehsalı qurğusu və maye-qaz doldurma stansiyaları 2018-ci ilin sonunda istismara verilib. Layihənin növbəti mərhələləri üzrə işlərin həcmi iki hissəyə – yeni qurğulara (Paket A) və rekonstruksiya ediləcək qurğulara (Paket B) bölünüb. Hər iki paket üzrə “EPC” (Layihələndirmə, Satınalma və Tikinti) podratçılar 2017-ci ildə ABŞ-ın “KBR” şirkəti tərəfindən dünya üzrə ən qabaqcıl “EPC” şirkətləri arasında aparılan seçmə müsabiqəsi nəticəsində müəyyənləşdirilib və seçilmiş şirkətlər 2018-ci ilin əvvəlindən işlərə başlayıb.

Paket A (yeni qurğular) üzrə işlərin icrasına sabit qiymət əsasında İtaliyanın “Tecnimont-KT” alyansı cəlb edilib. Bu paket çərçivəsində yeni dizel yanacağının hidrotəmizlənməsi, benzinlərin hidrotəmizlənməsi, kükürdün alınması, izomerləşmə, MTBE, hidrogen alınma, maye-qazın hidrotəmizlənməsi üzrə merox, C4/C5 fraksiyalarının hidrotəmizlənməsi qurğularının, eləcə də ümumzavod təsərrüfatı üzrə bir sıra qurğuların inşası nəzərdə tutulur. Bu paket üzrə detallı layihələndirmə işlərinin təxminən 90 faizi, satınalma işlərinin 72 faizi, tikinti işlərinin isə 17 faizi icra olunub. Əsas və istehsalı uzun müddət tələb edən avadanlıqların əksəriyyəti əraziyə çatdırılıb, həmin avadalıqların bir hissəsi artıq quraşdırılıb, işlər plana uyğun olaraq davam etdirilir və ümumi olaraq işlərin 53 faizi icra edilib.

Quraşdırılan avadanlıqlar arasında 526 ton ağırlığında Dizelin Hidrotəmizlənməsi qurğusunun reaktoru indiyədək ölkəyə gətirilən ən ağır avadanlıq olaraq tarixə düşüb.

Paket B (rekonstruksiya olunacaq qurğular) üzrə işlərin icrasına əvəzi ödənilən müqavilə əsasında İspaniyanın “Tecnicas Reunidas” (TR) şirkəti cəlb edilib. Layihə üzrə xərclərin minimuma endirilməsi və yeni qurğuların inşası əvəzinə mövcud qurğularda rekonstruksiya işlərinin həyata keçirilməsi məqsədilə bu paket çərçivəsində mövcud “ELOU-AVT-6”, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum Qazoylun Hidrotəmizlənməsi və bir sıra digər qurğuların, mövcud ümumzavod təsərrüfatının rekonstruksiya edilməsi nəzərdə tutulurdu. Bu qurğuların dəqiq vəziyyətinin, qalıq istismar müddətinin müəyyənləşdirilməsi yalnız “EPC” podratçısının cəlb edilməsindən sonra mümkün idi. Çünki “EPC” podratçısı müvafiq texniki audit, təftiş və metalın vəziyyətinin müəyyənləşdirilməsi üçün qeyri-destruktiv və digər sınaqları həyata keçirməli, nəticələr əsasında qurğuların gələcək istismarına dair müvafiq zəmanətlər verməlidir. 2018-ci ilin əvvəlində işə başlayan “TR” şirkəti həmin ilin oktyabrda NEZ-in təmirə dayanması zamanı bütün tələb olunan texniki audit işlərini həyata keçirib, nəticələri təhlil edib. Əldə olunan nəticələr 2019-cu ilin birinci rübündə Layihənin idarə olunması üzrə podratçı (“PMC”) – “WOOD Group” şirkətlər qrupuna daxil olan “AMEC-Foster Wheeler Italiana” şirkətinə və SOCAR-a təqdim edilib. “PMC” və “TR”ın rəyləri nəticəsində rekonstruksiyası nəzərdə tutulan qurğuların gözlənildiyindən daha pis vəziyyətdə olduğu müəyyən edilib. Bununla əlaqədar, işlərin həcmi kəskin artıb və yenidənqurma işlərinin dəyəri yeni qurğuların inşa olunması dəyərinə yaxınlaşıb. Bəzi qurğularda, məsələn, Katalitik Krekinq qurğusunda 90 faizədək avadanlıqların dəyişdirilməsinə zərurət yaranıb, eyni zamanda NEZ-in fəaliyyətdə olan qurğularında aparılacaq tikinti işləri riskləri artırıb.

Artmış işlərin həcminin yerinə yetirilməsi üçün Katalitik Krekinq qurğusunun əvvəl planlaşdırıldığı 2 ay əvəzinə 15-18 ay müddətinə dayandırılmasına zərurət yaranırdı. Bu isə öz növbəsində ölkəyə böyük miqdarda avtomobil benzinlərinin, dizel yanacağının, aviakerosinlərin və Azərkimya İstehsalat Birliyinin tələbatının ödənilməsi üçün xammalın idxalına və bununla əlaqədar böyük xərclərə səbəb olurdu. Qeyd olunanları nəzərə alaraq, rekonstruksiyası nəzərdə tutulan “ELOU-AVT-6”, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya qurğularının yeniləri ilə əvəz olunması “TR” və “PMC” tərəfindən tövsiyyə edilib. Qeyd olunan tövsiyyələr Layihə üzrə Dövlət Kommissiyasına təqdim edilib. Qərara alınıb ki, yeni qurğuların quraşdırılması ilə ən müasir texnologiyaların tətbiqi ətraf mühitin qorunması baxımından olduqca önəmli olacaq və ölkə əhalisinin növbəti 25-30 il ərzində ən müasir standartlara cavab verən yüksək keyfiyyətli yanacaqla təmin edilməsinə zəmin yaradacaq, həmçinin zavodun uzun müddətli etibarlı şəkildə istismarı təmin olunacaq. Əldə olunmuş razılığa əsasən illik 7,5 milyon ton gücündə yeni “ELOU-AVT”, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya və əlavə Hidrogen istehsalı qurğularının inşa olunması planlaşdırılır. Artıq bu istiqamətdə mühüm tədbirlərə start verilib.

Paralel olaraq, 2021-ci ildə ölkədə “Avro 5” standartına cavab verən avtomobil yanacaqlarının istehsalının yaradılması, yeni qurğuların istismara verilməsinə qədər mövcud qurğuların növbəti 4-5 il ərzində etibarlı istismarının təmin edilməsi məqsədilə adıçəkilən qurğularda müəyyən kiçik yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin mərhələli şəkildə icra edilərək, 2025-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Ən müasir standartlara cavab verən tam yeni qurğuların inşası, SOCAR-ın qlobal reytinqinin artmasına, kəmiyyət və keyfiyyət göstəricilərinin lazımı səviyyədə təmin edilməsi üçün texnoloji rejimin rahat və təhlükəsiz şəraitdə aparılmasına, tam komplekt mexaniki və texnoloji zəmanətlərin əldə olunmasına, ekoloji cəhətdən daha təmiz istehsalatların yaradılmasına, ölkə əhalisinin etibarlı və davamlı şəkildə uzun illər ərzində ən yüksək keyfiyyətli yanacaqla təmin edilməsinə, neft-kimya istehsalatları üçün tələb olunan xammalının istehsalına, növbəti 4-5 il ərzində layihənin icrası zamanı minlərlə yeni iş yerlərinin açılmasına, yüzlərlə yerli şirkətlərin işlə təmin edilməsinə xidmət edəcək.

Heydər Əliyev adına Neft Emalı Zavodu beynəlxalq şirkətlə müqavilə imzaladı – FOTO

SOCAR-ın Heydər Əliyev adına NEZ və Tecnicas Reunidas şirkəti arasında zavodun yenidənqurulması və modernizasiya layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (Layihələndirmə,Satınalma,Tikinti) müqaviləsinin rəsmi imzalanma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və TR şirkətinin korporativ inkişafı üzrə Baş direktoru Enrique Alsina Massana imzalayıblar.

NEZ-da İlkin Detallı Layihələndirmə (FEED) işləri başa çatdıqdan sonra layihənin növbəti – Layihələndirmə, Satınalma, Tikinti (EPCEPCm) mərhələsinin icrası üçün podratçıların təyin edilməsi məqsədilə layihənin İdarəedilməsi üzrə Podratçı SOCAR-KBR şirkəti tərəfindən müvafiq Seçim Proseduru keçirilib. 10 beynəlxalq şirkətin iştirak etdiyi Seçim Prosedurunda TR şirkəti tərəfindən təqdim edilmiş texniki və kommersiya təklifi ən yüksək yekun bal toplayaraq qalib gəlib. Qeyd edək ki, NEZ-da yenidənqurma işləri əsasən iki istiqamət üzrə həyata keçirilir:

• yeni qurğuların inşası və

• mövcud əsas qurğuların və ümumi zavod təsərrüfatının (ÜZT) rekonstruksiyası.

TR şirkəti ilə imzalanan saziş məhz mövcud qurğuların və ÜZT-nin rekonstruksiya işlərini əhatə edir.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev TR şirkətini seçim prosedurunun qalibi elan olunması münasibəti ilə təbrik edib: “Bu gün SOCAR hasilatla yanaşı, həm də emal sahəsində bir sıra iri investisiya layihələrini həyata keçirir, öz biznes portfelinin və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verir. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsi bu kontekstdə xüsusi yer tutur. Artıq NEZ-da yenidənqurma tədbirlərinin ilkin mərhələsi çərçivəsində inşa edilən yeni Bitum qurğusunun ardınca Avro-5 standartına cavab verəcək yüksək keyfiyyətli mühərrik yanacaqlarının, dizel və benzin məhsullarının alınması üçün daha müasir və səmərəli qurğuların istifadəyə verilməsinin astanasındayıq. Hesab edirəm ki, Tecnicas Reunidas şirkəti ilə əməkdaşlıq bu layihənin uğurla gerçəkləşməsinə müsbət təsir edəcəkdir”.

İmzalanma mərasimində çıxış edən TR şirkətinin İdarə heyətinin sədrinin müavini, Baş icraçı direktoru Juan Llado Arburua deyib: “Tecnicas Reunidas şirkətinə göstərilən etimada görə SOCAR rəhbərliyi və layihənin icra qrupuna öz təşəkkürümü bildirirəm. Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılacaq yenidənqurma işlərinin yüksək keyfiyyətdə, təhlükəsizlik qaydalarına əməl etməklə zamanında icra edəcəyimizə inanıram”.

Qeyd edək ki, SOCAR tərəfindən Heydər Əliyev adına NEZ-da həyata keçirilən yenidənqurma və modernizasiya layihəsinin əsas məqsədləri ölkəmizdə nəqliyyat vasitələri parkının genişlənməsi nəticəsində yüksək keyfiyyətli yanacağa artan tələbatı təmin etmək, emal və kimya sahəsindəki layihələrimizlə sinerji yaradaraq, ölkənin ixrac potensialını gücləndirmək, ölkədə ekoloji durumu yaxşılaşdırmaqdır. Bu məqsədlə NEZ-da yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub:

I mərhələ üzrə 2018-ci ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;

II mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;

Son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və rekonstruksiya işlərinin aparılması.

Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5 mln. tona qədər çatdırılacaq, istehsal olunan benzinlərin və dizel yanacağının keyfiyyət göstəriciləri “Avro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı təmin ediləcəkdir. Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş “Azərneftyağ” NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur.

Tecnicas Reunidas beynəlxalq podratçı şirkətdir. TR neft-qaz sektorunda mühəndislik və tikinti üzrə aparıcı şirkətlərdən biri hesab olunur. Fəaliyyət sahələri: mühəndislik, sənaye obyektlərinin tikintisi və dizaynı, neft-kimya sənayesi, bərpa olunan enerji, gübrə və qeyri-üzvi kimya, ətraf mühitin mühafizəsi, metallurgiya və s. Şirkət Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Yunanıstan, Meksika, Türkiyə, Rusiya, Fransa, Hollandiya, Viyetnamda fəaliyyət göstərir. Beynəlxalq layihələr şirkətin illik dövriyyəsinin 70%-ni təşkil edir. Şirkət indiyədək 1000-dən artıq sənaye müəssisəsini layihələndirərək inşa etmişdir.

Baş ofisi Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı şirkətlərindən biridir. Ötən dövr ərzində enerji, karbohidrogen, elektrik enerjisi, sənaye və mülki infrastruktur, minerallar, dövlət orqanları və kommersiya sektorlarının qabaqcıl təminatçılarından birinə çevrilmiş “KBR” şirkəti 1994-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlayıb və həmin vaxtdan etibarən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi Hasilatın Pay Bölgüsü Sazişləri üzrə xidmət göstərir. “KBR” şirkəti ilə SOCAR arasında mühəndislik xidmətləri üzrə birgə müəssisənin “SOCAR-KBR” -in təsis edilməsi haqqında Saziş 2015-ci il martin 18-də Bakıda imzalanmışdır. Yaradılan yeni müştərək müəssisə geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə), layihə idarəetmə və tikinti xidmətlərini həyata keçirir.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.