Press "Enter" to skip to content

Iqtisadi nəzəriyyə meybullayev

SIZ 84 YAŞLI ALIM OLMAYAN ŞEYI AZERBAYCANDA AXTARIRSINIZ.ALLAH SIZE CAN SAQLIQI VERSIN.SAĞLIĞINDA QIYMET VERILMƏLİDİR INSANLARA

Iqtisadi nəzəriyyə meybullayev

1. Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti.
2. İqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi.
3. İqtisadi qavrama və iqtisadi təfəkkür.
4. İqtisadi qanunlar və kateqoriyalar.
5. İqtisadi nəzəriyyənin tədqiqat metodları.

1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti.

Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi hamıya məlumdur ki, elmlə, incəsənətlə, siyasətlə məşğul olmazdan əvvəl, yemək şeylərinə, paltara, ayaqqabıya, yanacağa, mənzilə və başqa nemətlərə malik olmaq lazımdır. Buradan aydın olur ki, yaşamaq üçün ən zəruri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. Lakin bu nemətlər insanlara hazır halda verilmir. Onları insanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbətək deyil, qruplar, kollektivlər şəklində, yəni birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar mövcud təbii və maddi ehtiyatlardan–mineral xammal ehtiyatları, işçi qüvvəsi, idarəetmə bacarığı, maşın və avadanlıqlar, torpaq və s.istifadə edirlər. Lakin iqtisadi ehtiyatların məhdud miqdarda olması istənilən qədər nemətlər istehsal etməyə və ideal cəmiyyət yaratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mənada nemətlər bolluğunun yaradılmasını qeyrimümkün edir.

Bütün bunlara əsasən belə bir nəticə çıxarmaq olar ki, cəmiyyət hər cür tələbatı deyil, normal, şüurlu tələbatı ödəməyi qarşısına məqsəd qoymalıdır.
Cəmiyyətin ən zəruri və müxtəlif təyinatlı nemətlərə olan tələbatının ödənilməsinin əsasını isə iqtisadiyyat1 təşkil edir və bütün münasibətlər sistemində iqtisadi münasibətlər həlledici yer tutur.
İqtisadiyyat ictimai həyatın xüsusi sahəsi kimi olduqca mürəkkəb quruluşa malikdir. O, hər şeydən əvvəl iqtisadi münasibətlərin toplusu, cəmiyyətin iqtisadi bazisidir. Iqtisadiyyat özünün xüsusi qanunları əsasında fəaliyyət göstərir, cəmiyyətin inkişafında həlledici rol oynayır və onun anatomiyasını təşkil edir. Iqtisadi münasibətlərin spesifikası nəinki məhsulların yaradılmasını, onun bölüşdürülməsi və istifadə olunmasını, həm də təsərrüfatçılığın, istehsalın təşkili, iqtisadi vasitə və stimulların müxtəlif formalarının xüsusiyyətlərini şərtləndirir.
Iqtisadiyyat həm bütövlükdə iqtisadi sistemin səciyyəvi cəhətlərini, həm də ayrıca götürülmüş bir ölkənin fərqləndirici xüsusiyyətlərini əks etdirir. Iqtisadiyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəqliyyatı və s.) və qeyri-istehsal (təhsil, səhiyyə, mənzil – kommunal təsərrüfatı və s.) sahələrini əhatə edir. Ayrı-ayrı fəaliyyət növlərinin, istehsalatların iqtisadiyyatlarını da fərqləndirmək lazımdır. Buna kənd təsərrüfatında bitkiçilik və heyvandarlığın iqtisadiyyatlarını misal göstərmək olar. Iqtisadiyyat əsas istehsal pillələrindən-firma, müəssisə və birliklərdən, səhmdar cəmiyyətlərindən ibarət olduğu üçün ayrı-ayrı firmaların, birliklərin, müəssisələrin, səhmdar cəmiyyətlərinin də iqtisadiyyatları vardır. Ev təsərrüfatının iqtisadiyyatı da xüsusi qrupa ayrılır.
Iqtisadiyyat, nəhayət cəmiyyətdə iqtisadi münasibətləri öyrənən iqtisad elmləri sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun obyektiv qanunauyğunluqlarını öyrənir, iqtisadiyyatın müxtəlif sahələrində baş verən prosesləri, hadisələri nəzəri cəhətdən təhlil edir, müxtəlif təyinatlı nemətlərin istehsalı və bölgüsünə dair əməli tövsiyələr işləyib hazırlayır. Iqtisadiyyat elmi fundamental və tətbiqi tədqiqatlara bölünür.
Fundamental tədqiqatların vəzifəsi obyektiv iqtisadi qanunların dərk edilməsi və onlardan səmərəli istifadə olunması yollarını əsaslandırmaqdan ibarətdir. Bu elmlərə iqtisadi nəzəriyyə, iqtisadi tarix, iqtisadi təlimlər tarixi, statistika, mühasibat uçotu və s. aiddir.
Tətbiqi elmlər fundamental tədqiqatların nəticələrindən xüsusi və konkret əməli problemlərin həllində istifadə edirlər. Bu elmlər funksional (maliyyə və kredit, pul tədavülü, demoqrafiya, əmək iqtisadiyyatı, marketinq, menecment, iqtisadi gibernetika və s.) ayrı-ayrı ölkələrin iqtisadiyyatı (məhəlli, ölkə) və sahə (sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və s. iqtisadiyyatları) əlamətlərinə görə təsnifləşdirilir.
Iqtisad elmləri sistemində iqtisadi nəzəriyyə xüsusi yer tutur. Belə ki, müasir iqtisad elmini ağaca bənzətsək, iqtisadi nəzəriyyəni onun gövdəsi, iqtisadi sistemin ayrı-ayrı sahələrini öyrənən xüsusi iqtisadi elmləri isə onun qol- budağı adlandırmaq olar. Lakin qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunmasında iqtisadçılar arasında yekdil fikir yoxdur.
Merkantilistlərin fikrincə iqtisadi nəzəriyyə mübadilə qanunları, fiziokratlara görə həm mübadilə, həm də istehsalın idarə edilməsi ilə əlaqədar olan qanunlar haqqında elmdir. A. Smit onun mübadilə və istehsal da daxil olmaqla sərvət, D. Rikardo isə sərvətin müxtəlif siniflər və qruplar arasında bölüşdürülməsi qanunları haqqında elm olduğunu iddia edirdilər. Sonralar iqtisadi nəzəriyyənin öyrəndiyi məsələlərə istehlak da daxil edilmiş və beləliklə də, onun predmetinin istehsal, bölgü, mübadilə və istehlakı idarə edən qanunlardan ibarət olması haqqında fikir formalaşmışdır.
Müasir dövrdə iqtisadi hadisə və proseslərdən bəhs edən elmi, sadəcə olaraq «Iqtisadiyyat» da adlandırırlar. Məşhur Amerika iqtisadçısı, Nobel mükafatı laureatı Pol Samuelsonun dərsliyi məhz bu ad altında 20 dəfəyə qədər nəşr olunmuşdur. Bu dərslik ali məktəb tələbələri üçün yazılmış və demək olar ki, kapitalist ölkələrinin əksəriyyətində ondan istifadə olunur. Dərslikdə «iqtisadi nəzəriyyə nədir?» başlığı altında xüsusi fəsil vardır. P. Samuelson iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunmasına dair ən çox yayılmış beş fikri sadalayır və belə bir nəticəyə gəlir ki, «iqtisadi nəzəriyyənin predmeti dəqiq müəyyən oluna bilməz və buna ehtiyac da yoxdur ». Bununla birlikdə o, belə hesab edir ki, iqtisadi nəzəriyyənin predmetinə dair aşağıda göstərilən təriflərdən hər biri doğrudur və hər bir savadlı adam bu siyahını bir neçə dəfə uzada bilər: 1) Iqtisadi nəzəriyyə insanlar arasında mübadilə və pul sövdələşmələri ilə əlaqədar olaraq baş verən fəaliyyət növləri haqqında elmdir; 2) Iqtisadi nəzəriyyə insanların gündəlik işgüzar fəaliyyətləri, yaşamaq üçün vəsait əldə etmələri və ondan istifadə olunmasını öyrənmələri haqqında elmdir; 3) Iqtisadi nəzəriyyə istehsal və istehlak sahəsində bəşəriyyətin üzərinə düşən vəzifələrin öhdəsindən necə gələ bilməsi haqqında elmdir; 4) Iqtisadi nəzəriyyə sərvət haqqında elmdir; 5) Iqtisadi nəzəriyyə müxtəlif əmtəələrin istehsalı, indi və gələcəkdə istehlak etmək məqsədilə onların müxtəlif adamlar və qruplar arasında bölüşdürülməsi,insanlar və cəmiyyət tərəfindən pulun köməyilə və ya onun iştirakı olmadan nadir ehtiyatlardan məhsuldar istifadə olunması haqqında elmdir.
Iqtisadi nəzəriyyə mülkiyyətin formasından, sahələrin və ərazilərin, tarixi dövrlərin xüsusiyyətlərindən asılı olmayaraq, təsərrüfatçılı-ğın bir sıra prinsiplərinə əməl olunmasını nəzərdə tutur. Bunlar nəticə və xərclərin ölçülməsi, onlardan səmərəli istifadə edilməsi, istehsalçılar üçün müəyyən stimulların yaradılması və s-dir. Müasir dövrün qlobal sosial-iqtisadi problemlərinin-inflyasiya, işsizlik, hərbi xərclər, büdcə çatışmazlığı, yoxsulluq və qeyri-bərabərlik, ətraf mühitin çirklənməsinin qarşısının alınması, biznesin hökumət tərəfindən tənzimlənməsi və xalqın həyat səviyyəsinin yüksəldilməsi və s. həll edilməsi xeyli dərəcədə məhdud miqdarda ehtiyatlardan səmərəli istifadə olunma-sından asılıdır. Deməli, iqtisadi nəzəriyyə cəmiyyət üzvlərinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması, yaxud da onların idarə edilməsi problemlərini öyrənir.
Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək demək olar ki, iqtisadi nəzəriyyə cəmiyyətin tələbatını maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması və onların idarə edilməsi prosesində insanlar arasında meydana çıxan qarşılıqlı münasibətləri öyrənir. İqtisadiyyatı öyrənmə, dərketmə baxımdan yanaşdıqda onu mikroiqtisadiyyat, makroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat sahələrinə bölmək olar. İdarəetmə baxımdan da iqtisadiyyat bu hissələrə bölünür: MİKROİQTİSADİYYAT – istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarə edilməsi deməkdir. Burada istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb- təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.
MAKROİQTİSADİYYAT – həir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyənin, ölkənin, milli iqtisadiyyatı ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai istehsalın məcmusu, milli gəlir, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunması və s. kimi problemlər öyrənilir.
MEZOİQTİSADİYYAT – makroiqtisadiyyatın yarım sistemidir, bir- biri ilə üzvü bağlı sahələr kompleksidir. Bura ASK , aqrar- biznes, hərbi sənaye kompleksi və s. daxildir. Bunların maddi əsasını əmək bölgüsü və kooperativləşmə təşkil edir. Hərbi sənaye kompleksi hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.
MEQOİQTİSADİYYAT – dünya təsərrüfatını, yəni beynəlxalq miqyasda iqtisadiyyatı öyrənir.

2. Iqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi.

Iqtisadi nəzəriyyənin öyrənilməsinə vaxt ayırmağa, buna əmək sərf etməyə dəyərmi? Bu suala tanınmış iqtisadçı Con Meynard Keyns (1889-1946) belə cavab vermişdir: «Iqtisadçıların və siyasi xadimlərin ideyaları… düşünüldüyündən daha böyük əhəmiyyətə malikdir. Dünyanı məhz onlar idarə edirlər. Özlərini intellektual təsir imkanlarına malik olan əməli iş adamları hesab edənlər keçmişin hər hansı bir iqtisadçısının quludur»1.
Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu əsas-landırmaq üçün iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələri nəzərdən keçirək.
Hər bir elm kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələri yerinə yetirir. Onun başlıca vəzifələrindən biri cəmiyyətin iqtisadi həyatında baş verən hadisə və prosesləri öyrənmək və aydınlaşdırmaqdan ibarətdir. Bu, onun idrak funksiyasıdır.
Hər bir elmin nəzəri müddəaları ictimai həyatda nə qədər tez tətbiq edilirsə və özünü nə qədər tez doğruldursa, rəhbərlik üçün əsas və cəmiyyətin dəyişdirilməsində əməli nəticələr verirsə, onlar bir o qədər dəyərli olurlar. Ona görə də iqtisadi nəzəriyyə faktları sadəcə olaraq təsvir etməklə kifayətlənmir. Bu fundamental elm iqtisadi həyatın dərinliklərinə nüfuz edir, iqtisadi prosesləri idarə edən qanunları aşkara çıxarır və onlardan istifadə olunması yollarını göstərir. Bunlar iqtisadi nəzəriyyənin idrak funksiyasının, onun, indi haqqında söhbət gedən ikinci – əməli funksiyası ilə əlaqədar olduğunu göstərir.
Iqtisadi nəzəriyyə həm də adamlarda siyasi və iqtisadi şüuru, təfəkkürü formalaşdırmaq vəzifəsini yerinə yetirir. O, bu vəzifəni real gerçəkliyi aşkara çıxarmaq və ümumiləşdirmək yolu ilə həyata keçirir. Əgər o baş verən proses-ləri nəzəri cəhətdən aydınlaşdırmırsa, yığılıb qalmış problemlərə tənqidi yanaşmırsa və əməli vəzifələri düzgün həll etmək üçün nəticə çıxarmırsa, onda onun bütün müddəaları havadan asılı qalır, özünün həyatiliyini itirir.
Iqtisadi nəzəriyyənin vəzifələrindən biri də onun bir sıra sahə (sənayenin, kənd təsərrüfatının, nəqliyyatın, təhsilin və s. iq-tisadiyyatlarıvə funksional (əmək iqtisadiyyatı, maliyyə və kredit, pul tədavülü, marketinq, menecment və s.) elmlər üçün metodoloji əsas olmasıdır. Bu metodoloji əsas isə keçmişin dahi iqtisadçıları Adam Smitin, David Rikardonun, Con Styuart Mil-lin, Karl Marksın və Con Meynard Keynsin əsərlərinin təsiri altında yaranmışdır.
Beləliklə, iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələr belə bir nəticə çıxarmağa imkan verir deyək ki, onu öyrənmək üçün vaxt ayırmağa, əmək sərf etməyə dəyər. Ona görə də hazırda iqtisadi siyasətlə məşğul olan dünya liderlərinin iqtisadçılarla məsləhətləşmələri, onların tövsiyələrini nəzərə almaları adi hala çevrilmişdır. Indi iqtisadçılar hökumət orqanlarında, parlamentlərdə yüksək vəzifə tuturlar. Məsələn, ABŞ prezidenti onun iqtisadi şurasına daxil olan iqtisadçı – məsləhətçilərin tövsiyələrindən daim istifadə edir. «ABŞ prezidentinin iqtisadi məruzəsində» işsizlik və inflyasiya, iqtisadi artım və məhsuldarlıq, vergilər və dövlət xərcləri, yoxsulluq və qeyribərabərlik, tədiyə ba-lansı və beynəlxalq valyuta sistemi, iş verənlərlə işləyənlər arasında qarşılıqlı münasibətlər, ətraf mühitin çirklənməsi, rəqabət və inhisar əleyhinə qanunvericiliyə riayət olunması və b. iqtisadi problemlər xüsusi yer tutur.
Gündəlik həyatımızda rastlaşdığımız konkret problemlərin əksəriyyəti iqtisadi məzmuna malikdir. Bunlar ayrı-ayrı bazarlarda, əmtəə və fond birjalarında qiymətlərin qalxıb-enməsinin səbəbləri, ayrı-ayrı ölkələrdə xalqın rifahının səviyyəsi və «keyfiyyəti», istehsalın «Isveç modeli»nin və Azərbaycan Demokratik Respublikasının (1918-1920) iqtisadi platformasında nəzərdə tutulan iqtisadi məsələlərin və indiki Azərbaycan cəmiyyətində gedən sosial-iqtisadi proseslərin mahiyyəti, aztəminatlı ailələrin sosial müdafiəsinin təşkili, yeni iqtisadi münasibətlərin formalaşmasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin rolu, vergilər, onların məzmunu, büdcənin gəlirləri, xərcləri və s ibarətdir. Bütün bunlar cəmiyyətin iqtisadi həyatında çox mühüm rol oynayırlar. Təbiidir ki, cəmiyyətdə gedən sosial-iqtisadi proseslərdən baş çıxarmaq, hərtərəfli informasiyaya malik olmaq, qarşıya çıxan suallara inandırıcı cavablar vermək istəyən hər kəs iqtisadi təfəkkürə malik olmalıdır.
Iqtisadi nəzəriyyənin bizneslə məşğul olanlar tərəfindən öyrənilməsinin xüsusilə böyük əhəmiyyəti vardır. Çünki iqtisadi sistemin mahiyyəti və xarakterini daha yaxşı başa düşən, inflyasiyanın səbəbləri və nəticələri haqqında aydın təsəvvürə malik olan müəssisə rəhbəri, həmin dövrdə vəziyyətdən çıxmaq üçün başqalarına nisbətən daha ağıllı qərarlar qəbul edə bilir. Bunun nəticəsidir ki, iri şirkətələrin idarə olunmasına iqtisadçıları daha çox cəlb edirlər ki, bunlar da informasiyaları toplamaq və təhlil etmək əsasında səmərəli qərarlar qəbul etməklə məşğul olurlar.
Lakin iqtisadi nəzəriyyə çox böyük əməli əhəmiyyətə malik olsa da, onun tədqiqat obyektində nəzəri problemlər üstünlük təşkil edir və o, daha çox ümumi əhəmiyyət kəsb edən problemləri öyrənir. Bütün bunlara əsasən demək olar ki, cəmiyyətdə gedən sosial-iqtisadi proseslərdən baş çıxar-maq üçün iqtisadi nəzəriyyənin öyrənilməsinin çox böyük əhəmiyyəti vardır. Doğrudur, həyatda heç bir iqtisadi təlim görməmiş elə adamlara, o cümlədən mütəxəssislərə rast gəlinir ki, onlar cəmiyyətdə gedən çox mürəkkəb iqtisadi proseslərdən düzgün baş çıxarır, çevikdirlər və yaranmış vəziyyətlə əlaqədar tez manevr etməyi yaxşı bacarırlar. Bütün bunlara baxmayaraq, hər cür inikas kimi, sosial-iqtisadi münasibətlərin inikası olan iqtisadi təfəkkür də mürəkkəb və ziddiyyətli olduğu, bəzi hallarda hətta aldadıcı və təhrif olunmuş şəkildə göründüyü, cəmiyyətin inkişafına əks təsir göstərə bildiyi üçün iqtisadi nəzəriyyənin öyrənilməsi ilə hamının müntəzəm məşğul olması olduqca vacibdir. P. Samuelsonun təbirincə, iqtisadi nəzəriyyənin öyrənilməsi ilə müntəzəm məşğul olmayan adam musiqi əsərinə qiymət verməyə cəhd göstərən kar adama bənzəyir.

3. Iqtisadi qavrama və iqtisadi təfəkkür.

Iqtisadi təfəkkür iqtisadi şüurun ünsürlərindən biri olmaqla, insanların mənəvi fəaliyyətlərinin başlıca tərkib hissəsidir. O, insanların ətraf aləmi, burada baş verən iqtisadi hadisə və prosesləri dərk etmə-lərinin xüsusi formasıdır. Başqa sözlə, iqtisadi təfəkkür insanların istehsalın qanuna-uyğunluqlarını anlayışlar və onların arasındakı məntiqi əlaqə və asılılıqlar vasitəsilə özlərinin şüurlarında əks etdirmələri deməkdir. Beləliklə, iqtisadi təfəkkür – insanların sosial-iqtisadi münasibətlərə və onların inkişaf qanuna-uyğunluqlarına dair baxışları sistemidir.
Iqtisadi təfəkkürün obyektini, onun subyektindən fərqləndirmək lazımdır. Iqtisadi təfəkkürün obyektini iqtisadi münasibətlər təşkil edir. Onun subyekti isə istehsalı təşkil və idarə edən insanlardır. Iqtisadi təfəkkürün xarakteri və məzmunu bir sıra amillərdən-cəmiyyət həyatının sosial şəraitindən, sinfi mənsubiyyətdən, istehsalın və əmək təşkilinin vəziyyətindən, kollektivdə formalaşan qarşılıqlı münasibətlərdən, məişət qayğılarından və s. asılıdır.
Insanlar yalnız gerçəkliyi dərk etməklə kifayətlənə bilməzlər. Çünki onların malik olduqları biliklər müvafiq əməli nəticələrin çıxa-rılmasına xidmət etməlidir. Deməli, insanlar iqtisadi anlayışlardan, kateqoriyalardan istifadə etməklə, özlərinin əməli fəaliyyətlərində səhvə yol vermədən, cəmiyyətdə gedən hadisə və proseslərdən baş çıxara və onları idarə edə bilərlər. Iqtisadi anlayış və kateqoriyalardan istifadə etməyi bacarmadıqda təfəkkürdə sinkretizm əmələ gəlir, adamlar iqtisadiyyatda baş verən hadisələrin içərisində itib-batır, onun başlıca əlamətini və ya əlamətlərini ayırd edə bilmirlər. Bu zaman hadisələr kəmiyyət və keyfiyyət, səbəb və nəticə, forma və mahiyyət əlamətlərinə görə deyil, təsadüfi təsəvvürlərə görə ayrılır, birləşdirilir və ya təsnifləşdirilir. Bununla birlikdə, iqtisadi təfəkkür təkcə zahiri əlamətlərə görə deyil, həm də daxili şəxsi mənbələrə görə müəyyən edilir. Buna insanların qabaqcadan mümkün ola bilən yanlış nəticə çıxarmaları əhəmiyyətli dərəcədə təsir göstərir. Bu, təfəkkürdə şablonçuluğa gətirib çıxarır, adamlar hadisənin mahiyyətinə varmadan, öz fəaliyyətlərini qabaqcadan malik olduqları yanlış təsəvvürlər əsasında qurmaqda davam edirlər. Bununla əlaqədar olaraq iqtisadi təfəkkür özünün əsas vəzifəsini yerinə yetirə bilmir.
Iqtisadi təfəkkürün mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, o insanların mənafeləri, xüsusilə də maddi mənafeləri ilə əlaqədardır. Məhz buna görə də iqtisadi təfəkkürün istiqamətləri insanların mənafeləri ilə müəyyən olunur və bu, onları baş verən hadisələrdən müəyyən nəticələr çıxarmağa vadar edir. Ümumiyyətlə, iqtisadi mənafelər insanların davranışının, hərəkətverici fəaliyyətinin başlıca amilidir.
Insanlarda iqtisadi təfəkkür müəyyən kateqoriyalar vasitəsilə formalaşır və ardıcıl olaraq bir neçə mərhələ və pillədən keçir. Ilk əvvəl, istehsalla qarşılıqlı əlaqə prosesində insanlarda onun haqqında ən sadə təsəvvür formalaşır. Bu təsəvvür əsas etibarilə hadisələrin zahiri tərəflərini əks etdirir və iqtisadi təfəkkürün formalaşmasında empirik mərhələdir. Bu mərhələnin əhəmiyyəti onunla müəyyən edilir ki, o, iqtisadi hadisələr haqqında çox sadə təsəvvürlərin əldə edilməsi, onların elmi cəhətdən ümumiləşdirilməsi üçün olduqca vacibdir. Çünki empirik biliklər əsasında adamlar daha geniş və dərin anlayışlara yiyələnmək üçün imkan əldə edirlər.
Ümumiləşdirmənin gedişində nisbi mənada konkret olan biliklər getdikcə saflaşır. Lakin mücərrəd təfəkkür mərhələsi nə qədər əhəmiyyətli olsa da, hadisənin dərk olunması prosesi onunla başa çata bilməz. Çünki mücərrəd anlayışlar, tam, bütöv haqqında yalnız sistemsiz, qarma-qarışıq təsəvvür verir.
Elmi mücərrəd anlayışların meydana gəlməsi ilə müna-sibətlərin müxtəlif və mürəkkəb şəbəkəsini, həmçinin hadisələr, hadisələrlə onların mahiyyəti, müxtəlif səviyyələr və qaydalar arasındakı əlaqə və asılılıqları müəyyən etmək imkanı yaranır. Bu andan təfəkkür özünün tamamlanma, nəzəri mərhələsinə daxil olur. Bu, mahiyyətcə təfəkkürün formalaşmasında real iqtisadi proseslər haqqında qabaqcadan əldə edilmiş biliklərin sintez mərhələsidir.
Təfəkkür həm də özünün həqiqətə doğru hərəkətində müəyyən pillələrdən keçir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bir sıra anlayışlar əsasında müəyyən hipotez, yəni öyrənilən iqtisadi proseslərin fəaliyyətdə olması və hərəkəti haqqında fərziyyə meydana çıxır. Idrakın sonrakı pilləsi konsepsiyadır. Fərziyyəyə nisbətən konsepsiya hadisə və proseslərə dair müəyyən nöqteyi-nəzərləri əsaslandıran geniş baxışlar sistemidir. Buna Azərbaycan Respublikasının iqtisadi inkişaf, yaxud da qiymətlərin əmələ gəlməsi konsepsiyalarını misal göstərmək olar. Həm də qarşıya qoyulan sosial-iqtisadi vəzifələrin həll edilməsinin ən səmərəli yollarını müəyyən etmək üçün bir neçə konsepsiya hazırlamaq məqsədəuyğundur. Başqa sözlə, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində çoxvariantlılıqdan istifadə olunmalıdır. Digər tərəfdən, müxtəlif konsepsiyalar elmi cəhətdən əsaslandırılmalı, obyektiv iqtisadi qanunların tələbləri nəzərə alınmalıdır. Müxtəlif konsepsiyaların diqqətlə və dərindən işlənməsi və onların hərtərəfli əsaslandırılması nəticəsində elmi biliklərin təcrübədə sınanmış və özünü doğrultmuş, tamamlanmış və mükəmməl sistemi olan iqtisadi nəzəriyyə formalaşır.
Bütövlükdə təfəkkürün tərkib hissəsi olan iqtisadi təfəkkür yaradıcı xarakter daşıyır. Bu, məlum iqtisadi forma və metodlara tənqidi yanaşmaq, onların məhdudluğunu, iqtisadi həyatın real faktları ilə onların barəsindəki təsəvvürlər arasında fərqləri görmək, özünütənqid şəraitində həyatımızda dərin kök salmış və özünü doğrultmayan, vaxtı keçmiş stereotiplərdən yaxa qurtarmağı bacarmaq qabiliyyətinə malik olmaq deməkdir.
Insanlar anadangəlmə iqtisadi təfəkkürə malik olmurlar, onu həyatda qazanırlar. Insanların cəmiyyətdə mövcud olan iqtisadi münasibətlərlə əlaqədə olması iqtisadi təfəkkürün formalaşmasının başlanğıcını qoyur. Bu proses ailədə, məktəbdə və əmək kollektivlərində davam edir.
Iqtisadi təfəkkürə yiyələnmək üçün hər şeydən əvvəl sağlam düşüncəyə malik olmaq lazımdır. Lakin iqtisadi gerçəkliyi olduğu kimi qavramaq, sosial-iqtisadi həyatın dolaşıq məsələlərindən baş çıxarmaq, təsərrüfat təcrübəsinin çox mürəkkəb vəzifələrini həll etməyi bacarmaq üçün təkcə sağlam düşüncəyə malik olmaq kifayət deyildir. Həm də istehsalın idarə olunmasının obyektiv iqtisadi qanunauyğunluqları, prinsipləri və metodları haqqında biliklərə yiyələn-mək lazımdır. Cəmiyyətimizin yeniləşdiyi müasir dövrdə bu xüsusilə vacibdir. Ona görə də təsadüfi deyildir ki, kütlələrin canlı yaradıcılıq imkanlarının aşkara çıxarılması, adamların ümumi dövlət problemlərinin həll edilməsinə cəlb olunması, əmək adamlarının istehsalın və bütün ictimai həyatın əsl sahibinə çevrilməsinin təmin olunmasına dair çevik mexanizmin yaradılması cəmiyyətin yeniləşdirilməsi və əsaslı iqtisadi islahatların həyata keçirilməsinin məhək daşı hesab olunur. Belə bir şəraitdə prinsipcə çox böyük əhəmiyyətə malik olan bir vəzifə adamlarda müasir iqtisadi təfəkkürü formalaşdırmaqdan, sahibkarlığı və işgüzarlığı stimullaşdırmaqdan ibarətdir. Qarşıya qoyulan vəzifələr isə yalnız bütün səviy-yələrdə işçilərin bilik və səriştəliliyini yüksəlt-mək, cəmmiyyət üzvlərinin iqtisadi təhlil metodlarına yiyələnmələrini, idarəetmədə onların fəal iştirakını təmin etmək yolu ilə yerinə yetirilə bilər.
Beləliklə, insanların fəaliyyətlərinin başlıca sahəsi iqti-sadiyyat olduğuna görə onlarda iqtisadi təfəkkürün formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

4. İqtisadi qanunları və iqtisadi kateqoriyalar.

Cəmiyyətdə iqtisadi proseslər daxili, özünəməxsus qanunlarla idarə olunur. Iqtisadi qanunlar sosial-iqtisadi proseslərin inkişaf qa-nunlarıdır. Hegel qeyd edirdi ki, bütün qanunlar kimi, iqtisadi qanunlar da «iki hadisə arasındakı əlaqəni»1 ifadə edir.
Iqtisadi qanunlar – insanlar, hadisə və proseslər arasında daim təkrarlanan, onların mənafelərini ifadə edən obyektiv, zəruri səbəb-nəticə əlaqələridir. Buradan aydın olur ki, iqtisadi qanunlar hadisə və proseslər arasındakı daxili, zəruri, sabit əlaqələri ifadə edir.
Təbiət qanunları kimi, iqtisadi qanunlar da obyektiv xarakter daşıyır. Yəni onlar insanların şüurundan, istək və arzularından asılı olmayaraq meydana çıxır və fəaliyyət göstərir. Insanlar onları yarada, ləğv edə, dəyişdirə bilməzlər. Iqtisadi qanunların obyektiv xarakterdə olmasını etiraf etmək subyektiv amillərin rolunu azaltmaq kimi başa düşülməməlidir. Başqa sözlə, insanlar iqtisadi qanunların qarşısında aciz deyildirlər, onlar həmin qanunları dərk və bundan özlərinin mənafelərinə uyğun olaraq istifadə edə, bununla da iqtisadi inkişafı sürətləndirə bilərlər. Lakin iqtisadi qanunların obyektiv xarakterdə olmasını inkar edənlər də vardır. Onlar bu qanunların insanların iradəsindən, dərrakəsindən, psixologiyasından asılı olduğunu qeyd edirlər. Hətta bu qanunları fetişləşdirənlərə də rast gəlinir. Onlar sözdə iqtisadi qanunların obyektiv xarakterini qəbul etsələr də, obyektivliyi kortəbiilikdə, qa-nunların fəaliyyətinin qarşısının alınmasının mümkün olmamasında görürlər.
Təbiət qanunları kimi cəmiyyətin inkişafının iqtisadi qanunları da obyektiv xarakter daşısalar da, bunları bir-birindən fərqləndirən cəhətlər də vardır. Belə ki:
1) Təbiət qanunları insanların iştirakı olmadan meydana gəlib, fəaliyyət göstərir, iqtisadi qanunlar isə insan cəmiyyəti ilə eyni vaxtda meydana gəlib fəaliyyət göstərməyə başlamışdır;
2) Təbiət qanunları uzunmüddətli, əbədidir. Iqtisadi qanunlar isə tarixi inkişafın müəyyən pilləsində meydana gəlir, fəaliyyət göstərir, onları doğuran səbəblər, şərait aradan çıxdıqda, onlar da aradan çıxır, öz yerini yeni qanunlara verirlər.
Iqtisadi qanunları üç qrupa bölmək olar; 1) Spesifik iqtisadi qanunlar; 2) Ümumi və ya ən ümumi iqtisadi qanunlar; 3) Bir neçə sosial-iqtisadi quruluşda və ya iqtisadi sistemdə fəaliyyət göstərən iqtisadi qanunlar.
Spesifik iqtisadi qanunlar inkişafın bir pilləsini digərindən fərqləndirir. Bu qanunlar istehsal, bölgü, mübadilə və istehlakın konkret formalarına xas olan qanunlardır. Məsələn, kapital yığımı qanunu, rəqabət qanunu kapitalizmə xas olan spesifik iqtisadi qanunlardır. Spesifik iqtisadi qanunlar sistemində əsas iqtisadi qanun xüsusi yer tutur. Bu qanun istehsalın məqsədini ifadə edir, yəni istehsal nəyə və kimə xidmət edir? ayrı-ayrı adamların varlanmasınamı, yoxsa cəmiyyətin bütün üzvlərinin rifahının yaxşılaşdırılma-sınamı? Deməli, əsas iqtisadi qanun insanların iqtisadi mənafeləri ilə sıx əlaqədardır. Iqtisadi mənafelər insanların birgə əmək prosesində, müəyyən iqtisadi münasibətlər çərçivəsində formalaşır. Insanların əməyə ilkin sövqedici səbəbi olan iqtisadi mənafelər iqtisadiyyatın və bütövlükdə cəmiyyətin tərəqqisinin hərəkətverici qüvvəsidir. Tarixi inkişafın gedişi inandırıcı surətdə göstərir ki, əmək bölgüsü ilə eyni vaxtda hər bir fərdin (ayrıca ailənin) iqtisadi mənafeyi ilə bütün fərdlərin ümumi mənafeləri arasındakı ziddiyyət də meydana çıxır. Həm də qeyd etmək lazımdır ki, bu ümumi mənafe ayrı-ayrı fərdlər arasında qarşılıqlı asılılıq olduğuna görə obyektiv xarakter daşıyır. Cəmiyyətin inkişafı, əmək bölgüsünün dərinləşməsi, mülkiyyət formalarının və təsərrüfatçılıq metodlarının təkmilləşdirilməsi ilə əlaqədar olaraq iqtisadi mənafelərin strukturu və həyata keçirilməsi mexanizmi də mürəkkəbləşir. Məsələn, ibtidai cəmiyyətdə əməyə sövqedici səbəb acından ölmək təhlükəsi, adət və ənənələr, nüfuz, quldarlıq və feodalizmdə isə başlıca olaraq qeyri-iqtisadi məcburiyyət olmuşdur.
Kapitalizm, iqtisadi məcburiyyətin, adamların mənafelərinə iqtisadi təsiretmənin xüsusi, olduqca çevik və səmərəli sistemini yarat-mışdır. Məsələn, rəqabət mübarizəsində məğlub olmaq və müflisləşmək təhlükəsi sahibkarları istehsalı təkmilləşdirməyə, onu ən yeni və yüksək məhsuldarlıqlı avadanlıqlarla təchiz etməyə məcbur edir.
Ümumi və ya ən ümumi iqtisadi qanunlar iqtisadi inkişafın bütün mərhələlərində fəaliyyət göstərir və onlara əmək məhsuldarlığının yüksəldilməsi, təlabatın daim artması qanunlarını misal göstərmək olar. Bu qanunlar aşağıdakı xüsusiyyətlərə malikdir. Onlar: 1) Ən ümumi iqtisadi əlaqələri və münasibətləri səciyyələndirir; 2) Həmişə iqtisadi tərəqqi qanunları kimi çıxış edir. Spesifik iqtisadi qanunlar isə bu xüsusiyyətlərə malik deyildirlər. Məsələn, feodalizmin formalaşdığı və inkişaf etdiyi dövrdə feodal rentası qanunu cəmiyyətin inkişafına təkan vermiş, ictimai tərəqqi qanunu olmuşdur. Lakin kapitalizm cəmiyyəti meydana gəlib formalaşdıqdan sonra həmin qanun ictimai tərəqqini ləngitmişdir; 3) Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq ümumi iqtisadi qanunlar nəinki tarix səhnəsindən çıxır, əksinə yenə də qalmaqda davam edir, rolları daha da artır.
Bir qrup iqtisadi qanunlar da vardır ki, onları nə spesifik, nə də ümumi qanunlara aid etmək olmaz. Bunlara dəyər qanunu, pul tədavülü qanunu və s. misal göstərmək olar. Onlar cəmiyyətin inkişafının, tərəqqinin doğurduğu iqtisadi münasibətləri ifadə edirlər.
Iqtisadi qanunlar iqtisadi kateqoriyalar vasitəsilə təzahür edir. Iqtisadi kateqoriyalar-iqtisadi hadisə və proseslərin ümumi cəhətlərini ifadə edən və obyektiv xarakter daşıyan ümumi anlayışlardır. Bunlara mülkiyyət, istehsal, bölgü, mübadilə, istehlak, əmtəə, dəyər, maliyyə, kredit, əmək bölgüsü və s. misal göstərmək olar. Beləliklə, iqtisadi qanunlarla iqtisadi kateqoriyalar arasında qarşılıqlı əlaqə vardır. Iqtisadi kateqoriyalar – obyektiv iqtisadi qanunların məzmununu təşkil edən sabit səbəb – nəticə əlaqələrini aşkara çıxarmağa, hadisə və proseslərin zahiri görünüşü arxa-sında onların əsl məzmununu müəyyən etməyə imkan verir.

5. Iqtisadi nəzəriyyənin tədqiqat metodları.

Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inkişaf qanunlarını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız elmi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olunduqda mümkündür.
Elmi metodgerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət hadisələrinin dərk olunmasına yanaşılmasını, elmi təfəkkür qaydalarını və obyektiv aləmin qanunauyğunluqlarını əks etdirən üsul və vasitələrin toplusudur.
Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməxsus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar toplanır. Buna təsvir və ya empirik metod deyilir. Bundan sonra faktlara əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil adlanır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təhlil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib hissələrinə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər birinin yeri və rolu aydınlaşdırılır. Təhlil bir-birindən tamamilə fərqlənən iki səviyyədə-makro və mikroiqtisadi səviyyələrdə aparıla bilər. Makroiqtisadi təhlil ya iqtisadiyyat üzrə ümumilikdə, yaxud da onun ayrı-ayrı bölmələri (məsələn, dövlət bölməsi, qeyri-dövlət bölməsi və s.) üzrə ayrılıqda aparılır. Ona görə heç də təsadüfi deyildir ki, müxtəlif iqtisadi problemlər makroiqtisadi səviyyədə təhlil olunduqda istehsalın, gəlirlərin və xərclərin ümumi həcmi, məşğulluğun və qiymətlərin ümumi səviyyəsi və s. göstəricilərdən istifadə edilir.
Mikroiqtisadi təhlil isə konkret iqtisadi vahidlər (ayrı-ayrı sahələr, firmalar və s.) səviyyəsində aparılır. Bu zaman istehsal olunan hər hansı konkret məhsulun miqdarı və ya qiyməti, bir firmada çalışan işçilərin sayı, onun əldə etdiyi gəlir və ya sərf etdiyi xərcin məbləği, bir ailənin gəliri və s. göstəricilərdən istifadə olunur.
Hadisə tərkib hissələrinə ayrıldıqdan və onların mahiyyəti aydınlaşdırıldıqdan sonra idrak prosesi başqa formada, təhlilin nəticələrinin tam halında birləşdirilməsi kimi başa çatır. Tərkib hissələrinə ayrılmış və təhlil olunmuş ünsürlərin yenidən vahid tam halında birləşdirilməsi sintez adlanır. Təhlil və sintez arasındakı qarşılıqlı əlaqəni mürəkkəb iqtisadi proses olan əmtəə tədavülünün misalında nəzərdən keçirək. Bu prosesin təhlili gedişində əvvəlcə onu təşkil edən ünsürlərin-əmtəə, pul, qiymət, alqı-satqı əməliyyatı və s.- mahiyyəti aydınlaşdırılır. Bu ünsürlərdən hər birinin xüsusiyyətləri müəyyən olunduqdan sonra təhlil prosesində əldə edilmiş məlumatlar ümumiləşdirilməklə tədqiq olunan hadisə haqqında ümumi təsəvvür əldə edilir.
Iqtisadi hadisə və prosesləri təhlil edərkən induksiya və deduksiya metodlarından geniş istifadə olunur. Induksiya dedikdə nəzəri müddəa və prinsiplərin çıxarılmasına, başqa sözlə, faktlardan nəzəriyyəyə, xüsusidən ümumiyə doğru hərəkət nəzərdə tutulur. Bir çox hallarda isə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nəzəriyyədən başlanır. Başqa sözlə, əvvəlcə nəzəriyyə hazırlanır, sonra bu, yoxlanılır, nəzərdə tutulan, gözlənilən nəticə alındıqda tətbiq olunur, alınmadıqda isə qəbul edilmir. Buna deduksiya və ya fərziyyə (hipotez) metodu deyilir. Beləliklə, iqtisadi hadisə və proseslər öyrənildikdə fərziyyə adlanan ilkin prinsipləri formalaşdırmaq üçün təsadüfi müşahidəyə, abstrakt müha-kiməyə, məntiqə, yaxud da intiusiyaya arxalanmaq olar. Məsələn, «kabinet məntiqinə» əsasən belə bir mühakimə yürütmək olar ki, alıcılar ərzaq məhsullarını qiymətlər aşağı olduqda alsalar, bu, onlar üçün daha sərfəlidir. Bu fərziyyənin doğru olub – olmaması sonralar müvafiq fakt-ları müntəzəm olaraq öyrənmək yolu ilə dəfələrlə yoxlanıl-malıdır. Deduksiya metodunda ümumidən xüsusiyə, nəzəriyyədən faktlara doğru gedilir.
Induksiya və deduksiya bir-birini tamamlayan tədqiqat metodlarıdır. Belə ki, deduksiya vasitəsilə formalaşdırılan fərziyyədən empirik məlumatların toplanması və sistemləşdirilməsi üçün istifadə olunur. Faktlar isə öz növbəsində daha məzmunlu fərziyyələr formalaşdırmaq üçün ilkin şərtdir.
Iqtisadi hadisələri tərəzidə çəkmək, mikroskopla müşahidə etmək, laboratoriya şəraitində öyrənmək mymkün deyildir. Onları dərk etməyin əsas üsulu elmi abstraksiyadır. Başqa sözlə, K.Marksın dediyi kimi «Iqtisadi formalar tədqiq edilərkən nə mikroskopdan, nə də kimyəvi reaktivlərdən istifadə etmək mümkün deyildir. Bunların hər ikisinin yerini abstraksiya qüvvəsi tutmalıdır».
«Abstraksiya» termini sözün hərfi mənasında «yayın-dırmaq», «sərfnəzər etmək», «nəzərə almamaq» deməkdir. Məsələn, kapitalizm bütöv bir tam kimi iqtisadi münasibətlərin müxtəlif növlərinin toplusundan ibarətdir. Onun haqqında konkret bilik əldə etmək üçün bu sistemə daxil olan bütün ünsürlər arasındakı daxili qarşılıqlı əlaqələri aşkara çıxarmaq lazımdır. Lakin aydın məsələdir ki, kapitalizmi elmi cəhətdən təhlil edərkən bu mürəkkəb sistemin bütün tərkib hissələrinin hamısını birdən, eyni vaxtda nəzərdən keçirmək olmaz. Odur ki, əvvəlcə onun cəhətlərindən birini, sonra digərini, daha sonra üçüncüsünü və s. təhlil etmək lazımdır. Yalnız bu yolla kapitalizm haqqında konkret və tam təsəvvür əldə etmək olar. Deməli, münasibətlərin hər hansı bir cəhəti təhlil olunarkən bilərəkdən onun digər cəhətləri nəzərə alınmır. Bu isə gerçəkliyi daha dərindən başa düşməyə, öyrənilən hadisələrin nəticələrindən ən mühümlərini, başlıcalarını seçib ayırmağa, ikinci dərəcəli, yaxud da tədqiqatı mürəkkəbləşdirən, çətinləşdirən, lakin onun mahiyyətinə xələl gətirməyən məsələlərdən sərfnəzər etməyə, onları nəzərə almamağa imkan verir. Bununla əlaqədar olaraq, iqtisadi hadisə və proseslər öyrənilərkən «başqa şərtlər sabit qalmaqla» metodundan da istifadə olunur. Başqa sözlə, nəzərdən keçirilən problemlə bağlı olan digər məsələlərin dəyişməz qaldığı fərz edilir.
Hər bir iqtisadi hadisə qarşılıqlı əlaqə və asılılıqda olan kəmiyyət və keyfiyyət tərəflərinə malikdir. Hadisənin keyfiyyət tərəfi onun ma-hiyyətini ifadə edir. Kəmiyyət isə hadisənin miqdar ölçüsüdür. Bunların dialektik vəhdətində keyfiyyət müəyyənedicidir. Kəmiyyət dəyişmələri isə öz növbəsində labüd olaraq yeni iqtisadi keyfiyyətə doğru aparır. Məsələn, kapitalist iqtisadiyyatının keyfiyyət müəyyənliyi olan mülkiyyət münasibətləri onun feodalizmə nisbətən daha sürətli inkişafını təmin etmişdir.
Iqtisadi münasibətlərin kəmiyyət tərəfinin təhlili onların siyasi-iqtisadi məzmununu daha dərindən aşkara çıxarmağa, iqtisadi hadisə və proseslər arasındakı səbəb-nəticə əlaqələrinin xarakteri haqqında daha konkret təsəvvürə malik olmağa imkan verir. Məsələn, iqtisadçı üçün təkcə mənfəətin mahiyyətini aşkara çıxarmaq yox, həm də onun normasını müəyyən etmək maraqlı və vacibdir. Odur ki, iqtisadi nəzəriyyədə hadisələrin kəmiyyət tərəfini təhlil edərkən riyazi və statistik üsullardan, modelləşdirmədən geniş istifadə edilir.
Iqtisadi nəzəriyyə kursunda geniş tətbiq olunan metodlardan biri də məlumatların, sosial-iqtisadi proseslər arasındakı qarşılıqlı əlaqə və asılılıqların və onların inkişaf qanunauyğunluqlarının qrafiklərdə təsvir olunmasıdır. Qrafiklər materialları daha yaxşı mənimsəməyə, aydın başa düşməyə, dərindən təhlil etməyə, rəqəmlərin köməyilə ifadə olunan qanunauyğunluqları sezməyə imkan verir, onların əyaniliyini, aydın və yadda qalan olmasını təmin edir.

Mövzu 2 : İstehsal, onun mahiyyəti və amilləri.( 2 saat)
Plan

1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.

2. İqtisadi ehtiyatlar. Onların kəmiyyət və keyfiyyəti.

3. Məhdud miqdarda iqtisadi ehtiyatlardan istifadənin səmərəliliyi.

Mövzu 2 : İstehsal, onun mahiyyəti və amilləri.( 2 saat)
Plan

1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.

Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. İndi hamıya məlumdur ki, siyasətlə, elm ilə, incəsəntlə məşğul olmazdan əvvəl , yemək, geyinmək, yanacağa; mənzilə və başqa maddi nemətlərə malik olmaq lazımdır. Lakin ictimai fikir bu nəticəyə birdən- birə deyil, uzun müddəti əhatə edən çətin bir yol keçməklə gəlib çıxmışdır. Və insanlar bu həqiqəti dərk etməklə, sanki ictimai həyatın inkişaf qanunauyğunluqlarının çox mürəkkəb yumağında kələfin ucunu tapmağa nail olmuşlar.
İnsan cəmiyyətinin həyatı isə həqiqətən olduqca mürəkkəb, çoxcəhətli və dolaşıqdır. O, maddi nemətlərin istehsalı, xidmətlər, elm və texnika, siyasət və ideologiya sahələrində insanların çoxsaylı fəaliyyət növlərindən ibarətdir. Başqa sözlə, insanlar arasında tədriclə ictimai münasibətlərin elə bir bütöv sistemi formalaşmış, müəyyən həyat tərzi, dövlətin ailənin, mənəviyyatın konkret formaları meydana gəlmişdir ki, bunların içərisindən həyatın əzəli ( ilkin) əsasını təşkil edən prosesləri ayırmaq lazım idi. Belə bir ilkin əsas bütün ictimai münasibətlər sistemindən ayrıldı və bu ictimai istehsaldan ibarətdir.
İqtisadiyyat cəmiyyət həyatının əsası olduğuna görə iqtisadi( istehsal) proseslər də bütün ictimai münasibətlər sistemində həlledici əhəmiyyətə malikdir. İqtisadi proseslərin baş verdiyi başlıca sahə isə iqtisadiyyatın əsasını təşkil edən ictimai istehsaldır.
İctimai istehsalda gedən proseslərdə insanlar bir tərəfdən təbiətlə, digər tərəfdən isə öz aralarında müəyyən münasibətlərə girirlər. Bu münasibətlərdə müəyyənedici rol insanlarla təbiət arasındakı münasibəti ifadə edən məhsuldar qüvvələrə məxsusdur.
Məhsuldar qüvvələr nədir? Bu suala cavab vermək üçün əvvəlcə ictimai istehsalın əsas amillərini nəzərdən keçirək.
İctimai istehsal aşağıdakı üç amil mövcud olduqda mümkündür: 1) iş qüvvəsi; 2) əmək cisimləri; 3) əmək vasitələri
İş qüvvəsi insanların əmək sərf etmək qabiliyyətləri, başqa sözlə, onların malik olduqları və istənilən vaxt istehsal prosesində istifadə edə biləcəkləri fiziki və zehni qabiliyyətlərinin məcmusudur. İstehsal prosesinin baş verməsi üçün iş qüvvəsi hər dəfə istehlak olunmalıdır. İş qüvvəsi istehsalın şəxsi amilidir.
Əmək cisimləri- insan əməyinin təsir göstərdiyi bütün şeylərdir ki, bunlar da gələcək məhsulun maddi əsasını təşkil edir. Əmək cisimlərini 2 yerə bölmək olar: 1) təbiətin insan cəmiyyətinə hazır halda verdiyi əmək cisimləri ( kömür, dəmir filizi, təbii sututarlardakı balıq və s. ) 2) insanların özlərinin əməyi ilə yaradılan əmək cisimləri ( xammal və ya xam material, yanacaq və i. a. ).
İnsan əməyinin təsir göstərdiyi əmək cisimlərinə xammal və ya xam material deyilir. Məsələn, domna sobalarında istifadə olunan kömür və filiz, maşınqayırma zavodundakı metal, toxuculuq müəssisələrindəki iplik xammal və ya xam materialdır. Elmi- texniki inqilab inkişaf etdikcə qabaqcadan nəzərdə tutulmuş xassələrə malik olan keyfiyyətcə yeni, yəni təbiətdə olmayan əmək cisimlərinin yaradılması mümkün olur. Lakin qeyd etmək lazımdır ki, bu zaman da torpaq, təbiət əzəli əsasdır. Bu, onu göstərir ki, klassik ingilis siyasi iqtisadının görkəmli nümayəndəsi U. Pettinin ” Əmək sərvətin atası, torpaq isə anasıdır” tezisi müasir dövrlə həmahəng səslənir.
Əmək vasitələri insanların əmək cisimlərinə təsir göstərdikləri şeylərə və ya şeylər kompleksinə deyilir. İnsanlar bu şeylərin fiziki, kimyəvi, bioloji xüsusiyyətlərindən istifadə etməklə özlərinə lazım olan məhsulları istehsal edirlər.
Əmək vasitələri bir neçə növə ayrılır. Bunların içərisində həlledici yer mexaniki əmək vasitələri və ya əmək alətlərinə – maşın və avadanlıqlarına məxsusdur. Bunlar istehsalın sümük və əzələ sistemini təşkil edirlər. Əmək alətlərinin inkişafı texniki tərəqqinin əsas göstəricisidir. İstehsalın inkişafında hər bir tarixi dövrün başlıca fərqləndirici əlaməti hər şeydən əvvəl əmək alətlərinin inkişaf səviyyəsi ilə müəyyən edilir.
Əmək vasitələrinin növlərindən biri də istehsalın damar ( borular, çənlər, çəlləklər və s. ) sistemidir. Kimya, metallurgiya, atom sənayesinin inkişafı ilə əlaqədar olaraq cəmiyyətdə bu əmək vasitələrinin rolu nəzərə çarpacaq dərəcədə artır.
Əmək vasitələrinə, həmçinin istehsalat binaları, şosse və dəmir yolları, kanallar və s.- də daxildir. Torpaq həm əmək vasitələri, həm də əmək cismidir. Başqa sözlə, torpaqdan kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün bir vasitə kimi istifadə olunduğuna görə o, əmək vasitəsidir. Digər tərəfdən, insan öz əməyi ilə torpağa təsir göstərdiyinə görə ( məsələn, torpaq şumlandıqda, toxum səpildikdə, bitkilər becərildikdə və s. ) o, həm də əmək cismidir.
Əmək cisimləri ilə əmək vasitələri ikisi birlikdə istehsal vasitələrini əmələ gətirir. İstehsal vasitələri ictimai istehsalın maddi amilidir.
İstehsalın şəxsi və maddi amilləri bir- biri ilə qarşılıqlı əlaqədədir. Bu o deməkdir ki, istehsalın onun ünsürlərinin- işçi qüvvəsi, əmək cisimləri və əmək vasitələri- mexaniki birləşməsindən ibarət olduğunu təsəvvür etmək düzgün olmaz, bu qarşılıqlı əlaqədə olan mürəkkəb bir sistemdir. Qarşılıqlı əlaqədə və bir – birindən asılı olan bütöv sistem isə istehsalın ünsürlərinin mexaniki toplusundan keyfiyyətcə fərqlənir və istehsal texnologiyası və onun təşkili ilə əlaqədar daha çox səmərə əldə edilməsinə imkan verir.
Texnologiya istehsalın əsas amilləri arasıdakı qarşılıqlı əlaqələri, həmçinin istehsal vasitələrinin elmi kəşflər vasitəsilə və təcrübədə aşkara çıxarılan mexaniki, fiziki və kimyəvi xassələrinə əsalanmaqla əmək cisimlərinə insanların təsiretmə üsullarını ifadə edir.
İnsanlar şeylərin əvvələrində məlum olmayan xassələrini aşkara çıxarmaqla yeni növ məhsullar hazırlamağın sirlərinə yiyələnir, daha mütərəqqi texnologiyadan, keyfiyyətcə tamamilə başqa materiallardan istifadə edirlər. Bu da öz növbəsində işçilər qarşısında yeni tələblər qoyur.
Bununla birlikdə istehsalın təşkili də fasiləsiz olaraq dəyişir və daim təkmilləşir, ictimai istehsalın sahə quruluşu dəyişir və mürəkkəbləşir, ixtisaslaşdırılma və kooperasiyalaşdırmanın yeni- yeni formaları meydana çıxır, istehsalın ictimai xarakteri , istehsal prosesində müəssisələr, sahələr arasında qarşılıqlı əlaqələr güclənir.
İctimai istehsal inkişaf etdikcə istər onun amillərini, istərsə də onların qarşılıqlı əlaqələrinin xarakteri də dəyişir, enerji problemi daha kəskin xarakter alır. İlk dövrlərdə başlıca enerji mənbəyi insanın ( yaxud istehsalda istifadə olunan heyvanların) qüvvəsi olmuş və enerji istehsalın müstəqil amili kimi ayrılmamışdır. İndi isə vəziyyət tamamilə dəyişmişdir. Hazırda istehsalın amilləri arasında qarşılıqlı əlaqə və asılılıq güclü enerji mənbələrini mənimsəmədən mümkün deyildir. Deməli, indiki şəraitdə istehsalın enerji ilə təmin olunması son dərəcə böyük əhəmiyyət kəsb edir.
Elmi- texniki inqilabın təsiri ilə xidmət sahələri surətlə inkişaf edir və onlar cəmiyyət üçün çox vacib olan vəzifələri yerinə yetirirlər. Bu sahələr istehsalın infrastrukturu adlanır və bunlara nəqliyyat, rabitə, enerji və informasiya xidməti daxildir. İstehsalın şəxsi amilinin inkişafında isə sosial infrastruktur( təhsil, səhiyyə, ictimai- iaşə, mənzil kommunal təsərrüfatı) mühüm rol oynayır.
İctimai istehsalın amillərinin mürəkkəbləşməsi və onlar arasındakı qarşılıqlı əlaqələrin güclənməsi cəmiyyətin inkişafının bütün mərhələlərində onun əsas ünsürlərinin işçi qüvvəsi, əmək cisimləri əmək vasitələrindən ibarət olması haqqında müddəanı aradan qaldırmır, əksinə, istehsalın amillərinin qarşılıqlı fəaliyyəti nəticəsində insanların bu və ya digər tələbatını ödəmək xassəsinə malik olan əmək məhsulları yaranır.
İstehsalın şəxsi amili ilə maddi amili ikisi birlikdə və qarşılıqlı əlaqədə cəmiyyətin məhsuldar qüvvələrini təşkil edir.
Məhsuldar qüvvələrin inkişafı insanların təbiət qüvvələrini və hadisələri üzərində hökmranlıq dərəcəsini ifadə edir və öz əksini əmək məhsuldarlığının yüksəldilməsində, cəmiyyətin sərvətinin artmasında tapır. Məhsuldar qüvvələrin inkişaf səviyyəsi ictimai tərəqqinin başlıca meyarı və ən mühüm ümumi göstəricisidir.
İctimai tərəqqinin bir pilləsindən digərinə keçilməsi inkişafı dayandırmır və mövcud məhsuldar qüvvələrin məhv edilməsini tələb etmir. Əksinə, hakimiyyətə gəlmiş qabaqcıl sinif köhnə cəmiyyətdə yaradılmış məhsuldar qüvvələrdən istifadə etməklə onları yenidən qurmağa, keyfiyyətcə yeni səviyyəyə qaldırmağa nail olur, öz hakimiyyətini qəti olaraq bərqərar edir.
İstehsal prosesində insanlar yalnız təbiətlə deyil, həm də az aralarında müəyyən münasibətlərə girirlər.
İctimai istehsal, maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların iradəsindən , istək və arzularından asılı olmayaraq meydana çıxan münasibətlərin məcmusu istehsal münasibətləridir.
İstehsal münasibətləri bütün ictimai münasibətlər sistemində başlıca, həlledici münasibətlərdir, cəmiyyətin ictimai bazisidir.
İstehsal münasibətlərinin aşağıdakı iki növünü bir- birindən fərqləndirmək lazımdır.
1. Təşkilati- iqtisadi münasibətlər.
2. Sosial- iqtisadi münasibətlər.
Təşkilati- iqtisadi münasibətlər məhsuldar qüvvələrin inkişaf dərəcəsi və təşkili səviyyəsini səciyyələndirir. Buna əmək bölgüsü, istehsalın ixtisaslaşdırılması, kooperasiyalaşdırılması, təmərküzləşməsi, mərkəzləşməsi və s. aiddir.
Sosial- iqtisadi münasibətlər isə istehsalın ictimai formasını ( xüsusi kapitalist, xırda əmtəə istehsalı və s. ) ifadə edir.

2. İqtisadi ehtiyatlar. Onların kəmiyyət və keyfiyyəti.

Iqtisadiyyatın əsasını təşkil edən başlıca prob-lem iqtisadi ehtiyatların məhdud miqdarda və ya aztapılan (nadir) olmasıdır. Iqtisadi ehtiyatlar dedikdə əmtəələrin istehsalı və əhaliyə xidmət göstərilməsi üçün istifadə olunan təbii, əmək və insanların özləri tərəfindən istehsal edilmiş ehtiyatlar nəzərdə tutulur. Bunlara sənaye və kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün istifadə olunan müəssisələrin bi-naları, qurğular, avadanlıqlar, maşın və alətlər, nəqliyyat və rabitə vasitələri, əməyin müxtəlif növləri, torpaq, faydalı qazıntılar və i. a. aiddir.
Iqtisadi və ya istehsal ehtiyatları aşağıdakı dörd qrupa bölünür: 1) təbii ehtiyatlar; 2) maddi ehtiyatlar; 3) əmək ehtiyatları; 4) maliyyə ehtiyatları.
Təbii ehtiyatlara istehsalda istifadəyə yararlı olan şeylər daxildir. Bunların özləri də «tükənən» və « tükənməyən» ehtiyatlara, tükənən ehtiyatlar da öz növbəsində «bərpa edilə bilən» və «bərpa edilə bilməyən» ehtiyatlara bölünür.
Maddi ehtiyatlar insanların özləri tərəfindən yara-dılan investisiya əmtəələrindən (maşınlar, avadanlıqlar, xammal və materiallar, yanacaq və i.a.) ibarətdir.
Əmək ehtiyatlarına əmək qabiliyətli əhali daxildir. Əmək ehtiyatları sosial-demoqrafik, peşə-ixtisas və mədəni –təhsil aspektlərindən nəzərdən keçirilir.
Sənayeləşdirmədən əvvəlki texnologiyalardan səna-ye texnologiyalarına, oradan da postindustral texnologiya-lara keçildikdə ayrı-ayrı ehtiyat növlərinin əhəmiyyəti də dəyişmişdir. Belə ki, sənaye cəmiyyətinə qədər təbii və əmək, sənaye cəmiyyətində maddi, posdindustral cəmiyyətində isə intellektual və informasiya ehtiyatlarına üstünlük verilmiş və verilir.
Sahibkarlıq qabiliyyəti də iqtisadi ehtiyatlara aid edilir.

Iqtisadi ehtiyatlar müxtəlif üsullarla təsnifləşdirilir. Onları hər şeydən əvvəl, bərpa edilməsi mümkün olan və mümkün olmayan ehtiyatlara bölmək olar. Birinciyə torpaq, su hövzəsi, meşələr, habelə əmək ehtiyatları, ikinciyə isə daş kömür, neft, qaz, dəmir filizi yataqları və s. aid edilə bilər.
Iqtisadi ehtiyatlar istehsal prosesində oynadıqları roldan və məhsulda öz əksini tapıb-tapmamasından asılı olaraq iki qrupa bölünür: 1) Istehsal prosesini təmin edən iqtisadi ehtiyatlar; 2) Məhsulda maddiləşən iqtisadi ehtiyatlar. Maşınlar, avadanlıqlar, bina və tikililər, habelə əmək ehtiyatları bir neçə istehsal dövründə (tsiklində) iştirak etməklə, istehsal prosesini təmin edən iqtisadi ehtiyatlara aiddir. Xammal və materiallar, yanacaq isə bir istehsal dövründə iştirak etməklə, istehsal olunan məhsulda maddiləşir. Nəhayət iqtisadi ehtiyatlar obyektiv (maddi) və subyektiv (şəxsi) ehtiyatlara bölünür. Maddi ehtiyatlara binalar, maşınlar, avadanlıqlar, xammallar, yanacaq və s. şəxsi ehtiyatlara isə əmək ehtiyatları daxildir.
Iqtisadi ehtiyatları həm də kəmiyyət və keyfiyyət baxımından nəzərdən keçirmək lazımdır. Çünki cəmiyyət inkişaf etdikcə istifadə olunan ehtiyatların miqyası genişlənir, istehsal prosesinə daha çox iqtisadi ehtiyatlar cəlb olunur.
Tarixi inkişafın gedişində iqtisadi ehtiyatların rolu və əhəmiyyəti dəyişir. Məsələn, vaxtilə aqrar bölmədə ənənəvi əl “əməyi”, dartıcı qoşqu qüvvəsi kimi iş heyvanları üstünlük təşkil edirdisə, sənayeləşdirmənin həyata keçirilməsi istehsal olunan maşın və xammalların ön plana keçməsinə, elmin iqtisadi ehtiyata çevrilməsinə imkan vermişdir.
Elm keyfiyyətcə xüsusi iqtisadi ehtiyat, elmi biliklər isə təbiət və cəmiyyətin inkişaf qanunları, onların təcrübədə tətbiq olunması üsulları haqqında informasiya mənbəyidir. Hər cür inkişaf kimi, texnoloji tərəqqi də həm təkamül, həm də inqilab yolu ilə baş verə bilər.
Iqtisadi ehtiyatlar məhsul buraxılışının potensial imkanlarıdır. Istehsal prosesində onlar birləşdirilir və istehsalın amillərinə çevrilir. Daha konkret desək, müəyyən texnologiya əsasında digər ehtiyatlarla birləşdirilən iqtisadi ehtiyatlar istehsalın amilləri adlanır.
Iqtisadi ehtiyatlara bir çox hallarda istehsal ehtiyatları da deyilir. Bütün iqtisadi ehtiyatlar ümumi bir xassəyə malikdirlər. Bu, ondan ibarətdir ki, onların hamısı nadir tapılan və ya məhdud miqdardadır.
3. Məhdud miqdarda ehtiyatlardan istifadənin səmərəliliyi.
Səmərəlilik iqtisadi nəzəriyyənin əsas problemidir. Səmərəlilik dedikdə cəmiyyətin artan sonsuz tələbatını daha yaxşı, yaxud da imkan daxilində maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda ehtiyatlardan daha səmərəli istifadə edilməsi əsasında, yüksək nəticələrə nail olunması nəzərdə tutulur.
Iqtisadi səmərəlilik istehsal prosesində istifadə olunan məhdud ehtiyatların miqdarı ilə əldə edilən hər hansı bir məhsulun miqdarı ara-sındakı əlaqəni səciyyələndirir, başqa sözlə, “xərc-məhsul buraxılışı” prob-lemini əhatə edir.
Beləliklə, məhsul istehsalı ilə istehsalın amilləri ara-sındakı qarşılıqlı əlaqə iqtisadi səmərəlilik göstəriciləri vasitəsilə təzahür edir. Bunlar da öz növbəsində iqtisadi ehtiyatların hər vahidinə düşən məhsulun həc-mi ilə ölçülür. Iqtisadi səmərəliliyə qiymət verərkən təkamilli və çoxamilli metodları bir-birindən fərqləndirmək lazımdır. Birinci halda buraxılan məhsul növbə ilə ayrı-ayrı iqtisadi ehtiyatların, ikinci halda isə bütün iqtisadi ehtiyatların həcmi ilə müqayisə edilir.
Səmərəliliyin qiymətləndirilməsində çoxamilli yanaşma metodundan istifadə edilməsi, məhsul istehsalının artmasında hər bir iqtisadi ehtiyatın oynadığı rolu müəyyən etməyə imkan verir.
Bütün bunlar nəzərə alınmaqla hər bir cəmiyyətdə ehtiyatlardan səmərəli istifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Bu məq-sədlə də cəmiyyətin malik olduğu ehtiyatlardan tam istifadə olunmaqla istehsalın mümkün olan həcmi təmin edilməlidir. Bunun üçün isə tam məşğulluğa və istehsalın tam həcmdə fəaliyyət göstərməsinə nail olunmalıdır.
Tam məşğulluq dedikdə bu iş üçün yararlı olan bütün ehtiyatlardan istifadə edilməsi nəzərdə tutulur.
Istehsalın tam həcmdə fəaliyyət göstərməsi isə o deməkdir ki, ehtiyatları müxtəlif sahələr arasında səmərəli bölüşdürmək, yəni tətbiq olunan ehtiyatlardan elə istifadə etmək lazımdır ki, onların hər biri istehsalın ümumi həcminə öz töhfəsini verə bilsin. Buna hansı məhsulun is-tehsalı üçün harada daha əlverişli şərait varsa, onu məhz orada istehsal etmək yolu ilə nail olunur.
Qənaət probleminin mahiyyətini cəmiyyətin istehsal imkanlarını nəzərdən keçirməklə daha aydın nümayiş etdirmək olar. Bu məqsədlə əvvəlcə aşağıdakı ehtimallara yol verildiyini fərz edək: 1) Iqtisadiyyat tam məşğulluq şəraitində fəaliyyət göstərir və istehsalın tam həcmi təmin edilmişdir; 2) Istehsal amilləri nə kəmiyyət, nə də keyfiyyətcə dəyişmir; 3) Istehsal texnologiyası dəyişmir; 4) Cəmiyyətdə cəmi-cümlətanı iki məhsul-sənaye robotları və yemək şeyləri istehsal olunur.

Xankəndi

İqtisadiyyat hər bir dövlətin inkişafının əsasını təşkil edir. Bu baxımdan ölkələr iqtisadiyyatın daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Çünki iqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək olmaz.

Dövlətin inkişafında onun iqtisadi üstünlüyü əsas rol oynayır. Bu baxımdan Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Tarixə nəzər salsaq görərik ki, görkəmli şəxsiyyət Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə Azərbaycan iqtisadiyyatı öz inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndərin Azərbaycana rəhbərliyin birinci dövründə (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görülüb. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan verib. Bu dövrlərdə inkişaf səviyyəsinə görə Azərbaycan SSRİ tərkibində olan dövlətlərdən xeyli fərqlənirdi. Bu ondan irəli gəlirdi ki, Azərbaycan daim Heydər Əliyevin diqqət mərkəzində idi. İqtisadiyyatın inkişafı Azərbaycanı digər SSRİ ölkələrindən fərqləndirirdi.

Heydər Əliyevin fəaliyyəti sahəsində Azərbaycanda sənaye instrukturu dəyişdi. Azərbaycanın bütün sahələri ilə yanaşı sənayenin də profili və işləmə metodunda yeni metodlar istifadə olundu. Bu dövlətlərdə iqtisadi inkişafı sürətləndirmək üçün Heydər Əliyev Azərbaycanın bir çox bölgələrində bu sahədə bir çox işlər gördü.

O dövrlərdə Azərbaycanın təkcə sənaye sahəsində deyil, həmçinin kənd təsərrüfatında da, özünəməxsus inkişaf hökm sürürdü. Azərbaycan SSRİ-də kənd təsərrüfatının inkişafına görə xüsusilə fərqlənirdi. Azərbaycan bu dövrlərdə pambıq yığımına, üzüm və texniki bitkilərin becərilməsində ön sıralarda yerini qoruyurdu. Heydər Əliyevin fəliyyəti dövründə Azərbaycan üzümün, tez yetişən tərəvəzin, tütünün, çayın ən böyük istehsalçısı oldu. Bu inkişaf Azərbaycanın bütün bölgələrində nəzərə çarpırdı. Azərbaycanda o dövrlərdə pambıq yığımında 100 min tondan çox pambıq toplanması SSRİ-də ən yüksək göstərici kimi, Azərbaycanı onun tabeliyində olan digər dövlətlərdən fərqləndirirdi. Bununla yanaşı, Heydər Əliyev neft və qaz sahəsinin inkişfı üçün bir çox addımlar atdı. O dövrlərdə bir çox neft sahəsinə aid olan sənayelərin təməli qoyuldu və istifadəyə verildi. Neft maşınqayırma sahəsi üzrə məhsulların 70-80 faizini Sabunçu rayonunun müəssisələri istehsal edirdi. Heydər Əliyevin qayğısı və diqqəti sayəsində beş zavodda köhnə avadanlıq yenisi ilə əvəz olundu, “Bakı fəhləsi” zavodu yenidən quruldu.

Bakı, Sabunçu və Zabrat maşınqayırma zavodları, “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsi yenidən təkmilləşdirildi, 70-ci illərdə neft sənayesinin inkişafındda yeni bir dövr başlandı. Bir sözlə Heydər Əliyevin Azərbaycanda birinci dəfə rəhbərliyi dövri iqtisadi inkişafın ən yüksək zirvəsi kimi tarixə daxil oldu.

Azərbaycan 18 oktyabr 1991-ci ildə müstəqillik qazansa da ortalığa bir çox problemlər də çıxdı. Müstəqilliyin ilk illəri Azərbaycan iqtisadiyyatı üçün xaos və tənəzzül dövrü kimi səciyyələnir. Yeni müstəqillik qazanmış ölkə üçün müharibə gözlənilməz idi. Ölkədə gedən bu müharibə həm büdcəni zəiflədir, həm də yeni iqtisadi problemlər meydana gətirirdi. Pərakəndəlik və özbaşınalıq artıq baş alıb gedirdi. Buna görə ölkədə bütün bu problemləri tənzimləyən və ölkənin hələ möhkəmlənməyən müstəqilliyini qoruyub saxlayan güclü siyasətçiyə ehtiyac var idi. Xalq artıq öz seçimini etməyə qərar vermişdi. 1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Ulu Öndər bu iqtisadi inkişafda geriliyi tez zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın gücü olduğunu dönə-dönə vurğulayıb.

Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq, vergi və sahibkarlığın inkişaf etdirməsi üçün bir sıra islahatlar keçirdi. 1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” (1993-1995) adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarların sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərdi. Heydər Əliyevin apardığı bu siyasət bir çox sahələri əhatə edirdi. Heydər Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirdi. Belə ki, Ulu Öndər kənd təsərrüfatında olan problemlərin həlli üçün 1994-cü ildə 9 dəfə müşavirə keçirib, kənd təsərrüfatında olan problemlərlə şəxsən yaxından tanış oldu. Bundan sonra aqrar islahatları həyata keçirmək üçün hüquqi baza yaradıldı.
Heydər Əliyevin ən mühüm nailiyyəti neft sahəsində oldu.

Azərbaycan neftinin dünya bazarına çıxarılması və neftdən əldə olunan gəlir ilə milli büdcəni bərpa etmək və möhkəmləndirmək, əhalinin yaşam səviyyəsinin yüksəldilməsində mühüm bir addım idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Əsrin müqaviləsində dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bu müqavilənin bağlanması ilə Azərbaycana xarici kapitalın qoyulmasının axını gücləndi.

Heydər Əliyevin ən böyük uğurlarından biri Azərbaycanın enerji resurslarının dünya bazarına hansı marşurutlarla çıxarılması məsələsi idi. Ulu Öndər Azərbaycanın enerji resurslarının 2 istiqamətdə dünya bazarına çıxarılmasına nail oldu. 1996-cı il fevralın 18-də Moskvada Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən keçirməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalandı. Azərbaycanın enerji resurslarının şimal marşurutu bilinəndən sonra, 1996-cı ildə martın 8-də Azərbaycan Prezidenti H.Əliyev və Gürcüstan prezidenti E.Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış 3 tərəfli müqavilələrdə Azərbaycan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlardan çıxan ilkin Azərbaycan neftinin daşınmasını Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqlini nəzərdə tuturdu. Neft marşurutlarının alternativliyi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi aslılığına son qoymaqla yanaşı, ölkəmizin milli mənafeyinə cavab verirdi. Bu marşurutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda “Azəri light” markası ilə dünya bazarına çıxarılması oldu. Heydər Əliyevin neft sahəsində ən böyük uğuru BTC lahiyəsi oldu.

Heydər Əliyev “Əsrin müqavilə”si ilə neft strategiyasının inkişafının təməlini qoysa da, Bakı-Tbilisi-Ceyhan lahiyəsi ilə bu uğuru davam etdirdi. Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirildi və aparılan danışıqlar uğurla nəticələndi.

Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında İstanbul bəyannaməsi imzalandı.

Heydər Əliyev təkcə neft sahəsində deyil, Azərbaycanda qaz resurslarının istifadəsi haqqında bir çox sənədlər imzalayıb. XXI əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və Azərbaycanı neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaradıldı. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin texniki-iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi rolu da böyükdür. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi münasibətilə 2006-cı il mayın 25-də Səngəçal terminalında təntənəli mərasim keçirildi. Bu lahiyənin uğuru Azərbaycanın xarici ticarətinə, Azərbaycana qoyulan xarici kapitalın artmasına gətirib çıxardı.

Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan get-gedə öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Bu inkişaf özünü hər sahədə göstərirdi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, bank sahəsini, vergi sahəsini və digər sahələri daxil etmək olar. Bu illər ərzində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün mühüm addımlar da atıldı.

Ulu öndərin islahatları ilə Azərbaycanda nəqliyyatın bütün sahələrinin yenidən bərpası və inkişafı üzrə qanunlar qəbul olundu, tədbirlər həyata keçirildi ki, bu da ölkəmizin digər dövlətlərlə istər havadan, istər sudan, istərsə dəmiryolları vasitəsilə iqtisadi əlaqə yaranmasına, möhkəmlənməsinə şərait yaratdı. İpək yolunun Azərbaycan ərazisindən keçməsi, Azərbaycanın burada tranzin rolunu oynaması bizə iqtisadi və maddi cəhətdən böyük imkanlar verdi.

Heydər Əliyev Azərbaycanda iqtisadi inkişafı bərpa etmək üçün təkcə neft sahəsi deyil, bir çox sahələrlə yanaşı turizm sektorunu inkişaf etdirmək üçün “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair dövlət Proqramı”nı qəbul etdi ki, bu xarici turistlərin Azərbaycana axınını gücləndirdi, turizm sektoru əvvəlki illərə nisbətən inkişaf etməyə başladı. Azərbaycan da yoxsulluğun azaldılması və əhalinin yaxşı səviyyədə yaşaması üçün “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət Proqramı”nı (2003-2005-ci illər) qəbul etdi. Bunun nəticəsi olaraq yeni iş yerləri açıldı. İşsizlərin sayı azaldı. Əmək haqqları və pensiyalar qaldırıldı. Bu da əhalinin yaşam tərzini yaxşılaşdırdı. Heydər Əliyev Azərbaycanı belə çətin dövrdən iqtisadi inkişaf və işıqlı sabaha gətirib çıxarmaq üçün bütün qüvvəsini sərf etdi. Heydər Əliyev qurub yaratdığı və memarı olduğu Azərbaycanı ön cərgələrə apardı.

Təsadüfi deyil ki, ümummilli liderin əməlləri və ideyaları ölkəmizin Prezidenti İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.

Anar Kəlbiyev
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.

“İNSAN ALÇALA-ALÇALA YÜKSƏLMƏK YOLUNU SEÇMƏMƏLİDİR” – Professor Tofiq Quliyevdən maraqlı açıqlamalar

Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi, keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü, “Qızıl qələm” mükafatçısı, iqtisad elmləri doktoru, professor Tofiq Əvəz oğlu Quliyev “AzPolitika.info”ya müsahibəsində bəzi mövzularla bağlı öz fikirlərini bildirib. Onun müsahibəsini təqdim edirik.

– Professor, Siz öz çıxışlarınızda, müsahibələrinizdə hər zaman Qarabağ probleminə, Azərbaycandakı bəzi başqa problemlərə toxunursunuz. Bir çoxları, o cümlədən ziyalılar problemlərdən danışmaqdan yayınırlar. Hətta problemləri qabartmamağı Vətənə, dövlətə xidmət kimi qələmə verirlər. Siz necə düşünürsünüz?

– Vətənə xidmət mövzusu daim gündəmdə olsa da, bu anlayışa müxtəlif yanaşmalar mövcuddur. Bu haqda danışarkən, fikrimcə, Vətənə təmənnalı və təmənnasız xidmət anlayışlarını fərqləndirmək lazımdır. İlk baxışda, bu təəccüblü gələ bilər. Lakin indiki şəraitdə burada heç də təəccüblü bir şey yoxdur. Çünkü Vətəndən, Qarabağ problemindən danışarkən, bəzən mənə irad tutub deyirlər, bu sənin işin deyil, nə olacaqsa olacaq. Mən başa düşmürəm, necə yəni, nə olacaqsa olacaq? Axı biz çalışmalıyıq ki, nə olacaqsa, qoy yaxşı olsun. Bir çoxları, o cümlədən ziyalılar var ki, televiziyalarda, mətbuatda ağız dolusu Vətəndən danışır, Qarabağ haqqında yazırlar. Lakin beyinlərində gecə-gündüz hansı vəzifəyə, necə gedəcəkləri haqqında fikirləşirlər. Axı ziyalılar millətin görən gözü olmalıdır. Ölkənin problemlərini görməli, onların həlli ilə bağlı təkliflərini səsləndirməlidirlər. Ulu öndər Heydər Əliyev də vaxtilə İqtisad Universitetinin kollektivi ilə görüşündə alimlərin, ziyalıların iqtisadiyyatındakı problemlər göstərməli olduğunu bildirmişdi. Ancaq, təəssüf ki, ziyalılarımız üzərlərinə düşən vəzifəni lazımi şəkildə yerinə yetirmirlər. Biz, ziyalılar, bəzən başqalarının səhvlərində iştirak edirik. Həm də bunu utanmadan edirik. Və təəssüf ki, biz bunu bir çox hallarda beşinci dərəcəli və əhəmiyyətsiz bir hadisə kimi qiymətləndiririk. Halbuki, heç də belə olmaya bilər. A.Dante demişdir: “Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilir”.

Almaniyalı şair və publisist Henrix Heyne isə yazır:

İndi göz yaşları gərəkdir mənə,

O gözəl ətirli gülüş yerinə.

Təəssüf ki, biz indi belə ülvi hislərdən uzaqlaşırıq. Henrix Heyne bu misralarda nəyi demək istəyir, mən bunu misal çəkməkdə nəyi nəzərdə tuturam, bu haqda geniş danışmaq olar. Qısa şəkildə onu deyə bilərəm ki, sözügedən misralar bizim bugünkü reallığımızı əks etdirir. Əksəriyyətimiz Vətənimizin problemləri ilə yaşamırıq. Bir çoxları Vətənə xidmətdən, vətən sevgisindən danışsa da, əməllərində, fəaliyyətində bu görünmür. Vətən sevgisi ulu sevgidir, Mübariz İbrahimovların sevgisidir. Vətən sevgisi İlahi sevgi qədər müqəddəs bir sevgdir. Vətən sevgisi olan insan heç bir təmənna güdmədən Vətənə xidmət etməlidir. Təmənna varsa, sevgidən danışmaq olmaz. Mən şeirlərimin birində təmənnalı Vətən sevgisi haqqında yazmışıdım:

Vətən, Tanrı sevgisi olur təmənnasız

Təmənna olarsa, Vətən sevgisi olar

Vətən sevgisi olanda təmənnalı

Vətənpərvərlik də olar qeyri-məntiqi,

Təəssüf ki, bir çox adamlar irəli getmək, özlərinə daha yaxşı gün-güzəran qurmaq fikri ilə, ideyası ilə həyat tərzi keçirirlər. Əlbəttə, bunlar da lazımdır, amma baxır ona hansı yolla nail olunur. Bu yol “alçala-alçala yüksəlmək” prinsipinə əsaslanmamalıdır. İnsanlar “alçala-alçala yüksəlməməli”, buna məcbur edilnməməlidir. Hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirməlidir. Həm də bunu zamanında etməli, hər hansı qarşılıq gözləməməlidir. Ancaq təəssüf ki, bəziləri “alçala-alçala yüksəlmək” yolunu seçirlər. Məddahlığı, yalanı öz həyat tərzlərinə çevirirlər. Nə vaxtsa etdikləri kiçik bir hərəkəti, şişirdərək Vətənə, dövlətə xidmət kimi qələmə verirlər. Təəsüf ki, bir çox hallarda belələri irəli çəkilir. Halbuki insan, xüsusən də ziyalı, şəxsi maraqlardan uzaq olmalı, hər zaman həqiqətin yanında olmalı, doğru bildiyi yolda qətiyyətli addımlar atmağı bacarmalıdır. Məsələn, mən özümlə bağlı bir epizodu qeyd etmək istəyirəm. Hansı ki, bunu böyük qəhrəmanlıq hesab etmirəm, öz vətəndaşlıq borcum sayıram. Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə onu səmimi qəlbdən ilk təbrik edənlərdən biri mən olmuşam. Sonrakı dövrlərdə də bir sıravi professor kimi, bir vətəndaş kimi Ulu Öndərin Azərbaycanda həyata keçirdiyi işləri dəstəkləmişəm, bunu təbliğ edənlərdən biri olmuşam. Hətta buna görə təltif də edilmişəm. 23 sentyabr 1971-ci ildə – Ulu Öndər hakimiyyətə gələndə 2 il sonra, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən, mənə “Uzun illər təbliğat işi apardığına görə Fəxri Fərman” verilib. H.Əliyev Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvlüyünə namizəd olanda da, Siyasi Büroya üzv seçiləndə də, 1-ci və 2-ci dəfə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunanda da, SSRİ Nazirlər Sovetinin rəhbərinin birinci müavini təyin ediləndə də onu qəlbən təbrik etmişəm və xoş arzularımı bildirmişəm. Ulu Öndərə göndərdiyim bütün teleqramlarımın cavabında yazılıb ki, təyinatı üzrə çatmışdır. Bunları mən bir vətəndaş kimi etmişəm, nə o zaman hər hansı bir başqa niyyət güdmüşəm, nə də indi də.

Ulu Öndər yenidən Azərbaycana dönəndə də onu dəstəkləyənlərdən olmuşam. Qəza nəticəsində dünyasını dəyişən oğlum Fərid Quliyevə 1993-cü ildə dostlarının biri zəng eləyib, Ulu Öndəri müşaiyət etməyə dəvət etmişdi. Oğlum məndən soruşdu ki, gedim yoxsa getməyim? O vaxtlar hakimiyyətdə başqa qüvvələr olduğundan, gedərsə, mənə ziyanı dəyə biləcəyindən ehtiyatlanırdı. Dedim ki, get müşaiyət et. Mən bunu yalnız Heydər Əliyevə olan məhəbbətimə görə yox, obyektivlik xatirinə elədim. Çünki obyektivlik, düzgünlük mənim üçün həyat prinsipidir. Ölümdən başqa onu məndən heç bir qüvvə qopara bilməz.

Yeri gəlmişkən, həmin vaxtlar oğlumun mənə söylədiyi bir əhvalatı xatırladım. O zamanlar-1993-cü ilin yanvar-fevral aylarında Nərimanov metrosunun yaxınlığında Elmi Tədqiqat İnstuitunda YAP-ın tez-tez iclası keçirilərdi. Oğlum Fərid deyirdi ki, H.Əliyev daim onu müşaiyət edən adamlarla, o cümlədən onunla görüşər, hal-əhval tutardı. Bir dəfə iclasda Murtuz Ələsgərov oğlumdan kimin övladı olduğunu soruşub. Mənim oğlum olduğunu bildikdə, Murtuz Ələsgərov Fəridi qucaqlayıb öpüb və mənə salam göndərmişdi. Rəhmətlik Murtuz müəllimlə biz bir-birimizi yaxşı tanıyırdıq. Elmi konfraslarda, eyni zamanda televiziyada – Aztv-də tez tez görüşərdik. Səmimi söhbətlərimiz olardı. O və dostum, rəhmətlik Seyfəddin Qəndilov çox savadlı, beynəlxalq icmalçılar idi. Qayıdıram, sözümün canına.

Mən o zaman H.Əliyevin Siyasi Büroda olmasına onun Azərbaycana, ölkənin gələcəyinə verə biləcəyi böyük xidmətlərə görə sevinirdim. Çünki onun nə qədər böyük potensiala malik bir şəxsiyyət olduğunu bilirdim. H.Əliyev, əslinə qalanda, Qorbaçovdan əvvəl SSRİ-nin rəhbəri ola bilərdi. Onu rəhbər seçsəydilər, hətta bəlkə, indi də SSRİ qalırdı. Qeyd etdiyim kimi, H.Əliyevi hər bir vəzifənin öhdəsindən gələ biləcək potensiala malik idi. Mən də məhz buna görə onun yenidən Azərbaycanın rəhbərliyinə qayıtmasına səmimi şəkildə sevinənlərdən, dəstəkləyənlərdən olmuşam. Ancaq heç bir zaman bunu elan etməmişəm, şəxsi qazanc əldə etmək üçün bunu əlimdə bayraq etməmişəm.

Bütün bunları sadalamaqda mənim məqsədim odur ki, vəzifəyə görə, var-dövlətə görə, insan öz şəxsiyyətini alçaltmamalıdır. Doğma Vətənimizi məhz Vətənimiz olduğu üçün sevməliyik. Mən heç də kimisə öz fikrimə dəvət etmək istəmirəm. Kiməsə etalon olmaq fikrində də deyiləm. Yəqin ki, mənim də nöqsanlarım vardır. Ancaq qeyd edim ki, mənim nöqsanım olubsa da, bu mənim ziyanıma olub. Məsələn, bir hadisəni yada salım. Qarabağ problemində erməni separtçılarının tərəfini saxladığı üçün Qorbaçova sərt məktublar yazırdım. O vaxt Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinin köməkçisi evimə zəng edərək Komitə sədri Vaqif Hüseynovun mənimlə danışmaq istədiyini söylədi. Razılaşdım. Gördüm ki, Vaqif Hüseynov mənimlə sərt danışmaq istəyir. BDU-da “Jurnalistika” fakultəsində oxuduğu zaman ona “İqtidisadiyyat”dan dərs deməyimi yadına saldım. Bundan sonra mənimlə mehriban danışmağa başladı. Dedi ki, mən də sizin kimi Qarabağı sevirəm, lakin Qorbaçova təhqiramiz teleqramlar göndərmək olmaz. Xahiş etdi ki, DTK-ya gəlib izahat yazım. Mən imtina etdim. Dedim ki, Qorbaçov özü məni qəbul etsin, sözlərimi onun üzünə deyim. Bunları söyləməkdə məqsədim odur ki, Vətəni sevirsənsə, bunu əməlində də göstərməlisən. Nəyəsə görə və ya nədənsə, kimdənsə qorxaraq ölkənin üzləşdiyi problemlərə laqeyd yanaşan insanın Vətən sevgisi də, məncə, şübhəlidir. Respublikamızda mənə də qarşı az haqsızlıq olmayıb. Lazım olsa bunları da açıqlaya bilərəm. Buna baxmayaraq, mən hər zaman ilk növbədə Vətənimə xidmət haqqında fikirləşmişəm. Vətən sevgisinin arxasında hansısa məqsəd dayanmalı deyil. Bəlkə də, mənim dediklərimi də səhv başa düşəcəklər. Respublikamızda qəbul olunmuş xoşagəlməz ənənələrə, psixologiyaya görə, bəzi adamlarda belə təsəvvür yarana bilər ki, professorun, necə deyərlər, “yuxarlardan bir umacağı vardır”, ona görə indi bu fikirləri söyləyir. Əsla belə deyildir. Mənim, bəlkə də, 1 il, bəlkə də, daha az ömrüm qalıb. Artıq 84 yaşım var. Bundan sonra mənə heç bir şey lazım deyildir. Mən qürurumu, mənliyimi bütün adlardan üstün tuturam. Sadəcə demək istəyirəm ki, hər kəsə şəxsiyyətinə, xidmətlərinə görə, qiymət verilməlidir. Kiminsə adamı və ya pulu olmadığı üçün ona biganə münasibət göstərmək doğru deyil. Belə meyllər bizi uçuruma apara bilər.

– Professor, Siz dövlətin güclənməsi, iqtisadi qüdrətinin artması üçün insanlarımızda iqtisadi vətənpərvərliyin olmasını zəruri hesab edirsiniz. İqtisadi vətənpərvərlik deyəndə nəyi nəzərdə tutursunuz?

– Mən iqtisadi vətənpərvərliyi müasir dövrdə vətənpərvərliyin ən yüksək formalarından biri hesab edirəm. Düzdür, hərbi vətənpərvərlik hər bir dövlət, o cümlədən də bizim üçün son dərəcədə prioritet sahədir. Yeri gəlmişkən qeyd edim ki, müdafiə naziri Zakir Həsənov ən vətənpərvər nazirimizdir. Kaş əvvəlkilər də onun kimi olaydı. Ancaq iqtisadi vətənpərvərlik də əhəmiyyətlidir. İqtisadi vətənpərvərlik hərbi potensialın, demoqrafik təhlükəsizliyin, insanların həyat tərzinin və digər məsələlərin uğurlu həllinin əsasında durur. Bu mənada iqtisadiyyatla iqtisadi vətənpərvərlik arasında birbaşa və ayrılmaz əlaqə vardır. İqtisadi vətənpərvərlik həm də iqtisadi təhlükəsizliyin əsasında dayanır. Ancaq iqtisadi vətənpərvərlik heç də bəzi super dövlətlər kimi, başqa ölkələrin iqtisadi imkanlarını ələ keçirmək deyil. Təəssüf ki, bu gün dünyada çox ziddiyyətli proseslər gedir, ticarət müharibələri başlamış və kəskin halda davam edir. Super dövlətlər başqalarının sərvətlərini ələ keçirmək, necə deyərlər, onları intensiv qamarlamaq mövqeyindən çıxış edirlər. Bəzi ölkələrdə iqtisadçılar buna iqtisadi eqoizm adı verirlər. Hətta buna iqtisadi dinamikanın, iqtisadi inkişafın bir amili kimi baxırlar. Əlbəttə, başqasının sərvətlərini qarmaqlamaq, ələ keçirmək, doğrudan da, onların iqtisadi artımına təsir edir. Lakin bu artım quldurluq yolu ilə əldə edildiyindən, doğru hesab oluna bilməz Bu cür hallar dövlətlər arasında qarşıdurmalara gətirib çıxara bilər. Təsadüfi deyil ki, Amerika ilə Avropa Birliyi ölkələri arasında artıq ziddiyətlər başlamışdır. Qeyd edim ki, Avropa Birliyi ölkələri ilə ABŞ-ın dünya ümumdaxili məhsul istesalındakı payı 46,2 faizdir. Dünya əmtəə ticarətinin 1/3 hissəsindən çoxu, dünya xidmət ticarətinin 50 faizindən, dünya xidmət idxalının 47 faizindən, dünya əmtəə ixracının 35 faizindən artığı, dünya investisiya yığınının 57 faizə yaxını Avropa Birliyi ölkələri ilə ABŞ-ın payına düşür.

Yəni, ABŞ-la Avropa Birliyi ölkələri arasında ziddiyətlər dünya iqtisadiyyatına ciddi təsir göstərə bilər. Hansı ki, artıq bu ziddiyətlər özünü göstərir. Məsələn, ticari fəaliyyətlə, vergi siyasətiylə əlaqədar, kvotalaşdırma, antidempinq, maliyyə xidmətləri, valyuta məzənnəsi və sairlə bağlı Avropa Birliyi ABŞ-a 32 iddia, ABŞ isə Avropa Birliyinə 19 iddia qaldırmışdır. Bütün bunları deməkdə məqsədim odur ki, hər bir dövlətin özünün iqtisadi vətənpərvərliyinə həssaslıqla yanaşmaları, milli iqtisadi suverenliyini qorumalıdır. Ancaq bu zaman ifrata varmaq, başqalarının sərvətinə əl uzatmaq da doğru deyil. Bizim nə başqalarının sərvətində gözümüz var, nə də hansısa ölkənin sərvətini ələ keçirmək imkanımız. Ona görə də biz iqtisadi vətənpərvərliyə öz sərvətlərimizi qorumaq, milli iqtisadiyyatı inkişaf etdirmək baxımından yanaşmalıyıq. Nəzərə almalıyıq ki, vətənpərvərlik hisslərini neytrallaşdırılması üçün bir çox ölkələr hərbi kəşfiyyatlarla yanaşı, iqtisadi kəşfiyyatla məşğul olurlar. Kiçik ölkələrdə yerli istehsalın, iqtisadiyyatın inkişafına maneə olmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Ona görə də hər bir milli dövlət bu cəhəti hər an diqqət mərkəzində saxlamalıdır. İqtisadiyyatını xarici müdaxilələrdən qorumalıdır. Nə üçün mən əvvələr qeyd etdim ki, iqtisadi eqoizmi mənfi hal kimi qiymətləndirirəm. Çünki bu məsələyə super dövlətlərin yanaşması qlobal səviyyədə bəzi problemlər yaradır . Ayrı-ayrı milli dövlətlərin, xüsusi olaraq, necə deyərlər, gedonik insanlar və insanlar qrupunun yanaşması başqa bir istiqamətli mənfi nəticələrə, fəsadlara səbəb olur. Məsələn, elə adamlar var ki, (mən burada alçala-alçala ucalan adamları nəzərdə tuturam) onların həyat tərzi yalnız gedonik xarakter daşıyır. Bəzən gedonik həyat tərzinin fəlsəfi mənada həyatdan zövq, ləzzət almaq, loru dildə desək kefkom olmaq mənasında işlədilər. Təəsüf ki, bəzi adamlar da xoşbəxtlik deyəndə, məhz belə həyatı başa düşürlər. Sərvət artdıqca belə adamlar özünü daha çox xoşbəxt hesab etməyə başlayırlar. Bəzi adamlar isə özü üçün gedonik etalon məhdudiyyəti qoyur. Bu ağıllı adamlara aiddir. Çünki ağıllı adam başa düşür ki, gedonikliyin paradoksluğu, daxili ziddiyəti və onun pis nəticələri də ola bilir. Bəziləri isə gedonik hislərini intensivləşdirməyi özünün böyük uğuru hesab edir. Onu həyatının mənası hesab edir. Məsələn, deyək ki, ayda 10-20 milyon dollar gəliri ola, 40-50 milyon dollar sərvəti olan bəzi adamlar əlavə gəlir üçün dəridən-qabıqdan çıxırlar. Tibbdə belə adamlar pataloji adamlar hesab edilir. Ağılca zəif insanlar sayılır. Psixologiyada isə belə adamlar ümumi inkişafı məhdud insanlar kimi qiymətləndirilir. Bəzi ədəbiyyatlarda buna sadəcə hobbi kimi yanaşılır. Lakin nəzərə almaq lazımdır ki, iqtisadi vətənpərvərlik prinsiplərinin pozulması hobbiçilik sayıla bilməz. Əgər bu prinsip pozulursa, onun arxasında duran dəyərlər, ən başlıçası Allahın buyurduğu halallıq prinsipi pozular. Həmçinin insanın özünün şəxsiyyətinə, imicinə xələl gələr və s. Çalışaq ki, bu cür halların zərərindən uzaqlaşaq. Mən bir neçə vaxt bundan qabaq “Stop” (dayan) konsepsiyası haqqında düşünürdüm və özüm üçün, necə deyərlər, müəyyən cızma-qara etdim. Belə qərara aldım ki, bu “Stop” konsepsiyasının əhəmiyyəti birinci növbədə gedonik xarakterli insanların özünə sərfəlidir. Yəni, nə qədər “yeyiblərsə” elə oradaca dayanmalıdırlar. Çünki dayanmayanda, necə deyərlər, gözü yumulu gedəndə onun nəticələri birinci növbədə özlərinə ziyan gətirə bilər. Göründüyü kimi, doğrudan da, gedoniklik istər praktiki baxımdan, istərsə də sosioloji, psixoloji, tibbi (patoloji), genetik, fəlsəfi və ən başlıcası iqtisadi problemlərlə bağlıdır. Və bunlar vasitəsiylə gedonik davranışların, təsəvvürlərin sintez şəkildə öyrənilməsinin böyük əhəmiyyəti var.

– Sizin eyni zamanda iqtisadi imkanlılıq qanunu haqda da fikirləriniz var. Bu barədə nə deyə bilərsiniz?

– İqtisadi qanunlar obyektiv qanunlardır. İqtisadiyyat haqqında qanunlar isə adından da bəlli olduğu kimi, iqtisadi qanun deyildir. Bunlar iqtisadiyyat haqqında, təsərrüfatçılıq haqqında qanunlardır. Bununla belə iqtisadiyyat haqqında olan qanunlar iqtisadi qanunların məzmununa adekvat olmalıdır. Burada bu prinsip pozularsa və ya kənarlaşmalar çox olarsa da, real həyatla qanunlar arasındakı ziddiyyətlər bir o qədər də çox olar. Yeri gəlmişkən deyim ki, indiyənə kimi dəyər qanunu, tələb-təklif qanunu, proporsionallıq qanunu və digər qanunlar arasında inteqrativ əlaqələr kifayət gədər öyrənilməmişdir. Və yaxud beynəlxaq maliyyə, ticarət təşkilatları bu qanunların tələblərini məqsədli şəkildə öz ölkələrinin, şirkətlərinin mənafelərinə uyğun olaraq pozmuşlar. Mənim fikrimcə, ən yüksək səviyyədə əməl olunması zəruri olan qanunlardan biri də iqtisadi imkanlılıq qanunudur. Düzdür, iqtisadi ədəbiyyatlarda belə bir ifadə yoxdur. Bu qanunu mən 50 il bundan qabaq, 1968-ci ildə doktorluq dissertasiyamda və dissertasiyamın avtoreferatında vermişəm. Lakin bir çox dərsliklər, monoqrafiyalar yazdığımdan, bu fikri inkişaf etdirə bilməmişəm. Qəribə də olsa, iqtisadi imkanlılıq qanunu məndə ilk baxışdan sadə görsənən bir Azərbaycan xalq misalı əsasında formalaşıb: “Ayağını yorğanına görə uzat”.

Mən sual verirəm, doğurdanmı, hər bir insan, hər bir ailə, hər bir hüquqi şəxs, hər bir dövlət ayağını yorğanına görə uzadır? Təcrübə və bəzən də ürək bulandırıcı acı təcrübə göstərir ki, biz ayağımızı yorğanımıza görə uzatmırıq. Bu da çoxsaylı fəsadlar verir. Mən buna birinci növbədə ailə büdcəsi baxımından, ailənin iqtisadi sosiologiyası və psixologiyası baxımından yanaşıram. Məsələn, elə ailələr var ki, maddi cəhətdən məhdudiyyət içində yaşayr, başqası kimi 50 minlik, 100 minlik maşın almaq istəyir. Və yaxud qazancı imkan vermədiyi halda kreditə, borca girərək son dərəcədə zəruri olmayan zinət əşyaları alır. Sonra da kreditlərini ödəyə bilmir, çətin vəziyyətə düşür. Nəticədə ailələr dağlır, boşanmalar, intiharlar və s baş verir. Mən əməyin iqtisadiyyatı üzrə professor olduğumdan bunu çox dərindən başa düşür, belə halların baş verməsindən təəssüflənirəm . Ancaq təəssüf ki, belə hallar azalmaq əvəzinə çoxalır. Bu da insanların imkanlarını düzgün qiymətləndirə bilməməsindən irəli gəlir.

Eyni zamanda iqtisadi imkanlılıq qanununun əhatə dairəsi dövlət büdcəsinin səviyyəli problemlərini də əhatə edir. Çünki büdcə gəlirləri formalaşarkən, iqtisadi sahələr üzrə vergi yükü müəyyən olunarkən, həmçinin büdcə xərcləri idarə olunarkən, milli gəlirin ilkin və yenidən bölüşdürülməsi zamanı, büdcələr arası transferlər baş verərkən, qeyri-vergi gəlirlərinin həcmi təyin olunarkən, hətta milli valyutanın məzənnəsi müəyyənləşdirilərkən, investisiya proqramı tərtib edilərkən bu qanununun tələbləri nəzərə alınmalıdır. Həmçinin istehlak fondu müəyyənləşdirilərkən və digər iqtisadi layihələr həyata keçirilərkən, ölkənin real potensialı nəzərə alınmalıdır. Ümumiyyətlə, burada riyaziyyat, qibernetika baxımından müəyyən məhdudlaşdırıcı əmsallardan, modellərdən, hətta konsepsiyalardan istifadə etmək lazımdır. Bu qanuna əməl edilməsi yalnız resursların məhdudluğu, resursların optimal bölüşdürülməsi baxımından deyil, həm də düzgün iqtisadi siyasətin aparılması üçün son dərəcədə vacibdir. Belə siyasətin əksi subyektivizm və volyuntarizm ola bilər.

– Tofiq müəllim, Siz bəzən elminizə lazımı qiymət verilmədiyini bildirirsiniz. Bunu necə başa düşmək olar? Bildiyimizə görə, Əməkdar Elm Xadimisiniz, Şöhrət ordeni ilə təltif edilmisiniz və sair.

– Mən heç vaxt əsassız söz danışmamışam. Bu mənim təbiətimə ziddir. İlk baxışda Sizin dediyiniz doğrudur. Bəli, mən Əməkdar Elm Xadimiyəm, Şöhrət ordeni ilə təltif edilmişəm, Əmək veteranıyam. Amma bunlar elə şəraitdə baş verib ki, bəlkə, olmaması daha yaxşı idi. Məsələn, mənə Əməkdar Elm xadimi adı Ayaz Mütəllibov respublikaya rəhbərlik edərkən, onun sərəncamı ilə verilib. Mən hər zaman Ayaz Mütəllibova hörmətlə yanaşmışam. Onun bəzi fikirləri ilə mənim düşüncələrim üst-üstə düşürdü. Xüsusən, Qarabağ probleminin həllində Rusiya faktorunun nəzərə alınması ilə bağlı. Lakin buna baxmayaraq, Xalq Təssərrüfatı İnstitutunun o vaxtkı rektorunun Mütəllbova mənimlə bağlı təqdimatı aylarla uzandı. Mən də Mütəllibova məktub yazaraq xahiş etdim ki, mənə Əməkdar Elm Xadimi adı verilməsi məsələsini gündəlikdən çıxarsınlar. Bundan xəbər tutan rektor Fuad Ələsgərov məndə olan məlumata görə, A.Mütəllibova deyib ki, əgər T. Quliyevə Əməkdar elm xadimi adı verilməzsə, ona da bu ad verilməsin. Fuad Ələsgərovun bu mərdliyi olmasa idi, bəlkə də, mənə Əməkdar elm xadimi adı da verilməyəcəkdi.

Şöhrət ordeni ilə təltif olunmağıma görə isə, Ulu öndər Heydər Əliyevə və İqtisad Universitetinin o vaxtkı rektoru Əli Abbasova minnətdaram. İqtisad Universitetinin 70 illik yubileyi ilə əlaqədar Ulu Öndərin imzaladığı Sərəncamla mən də Şöhrət ordeni ilə təltif edildim. O vaxt Prezident Adminstrasiyasının İşlər İdarəsinin müdiri işləyən Akif Muradverdiyev bildirdmişdi ki, Heydər Əliyev öz xətti ilə mənim adımın qabağından “Şöhrət ordeni ilə təltif edilsin” yazıb. Bu mənə, əlbətttə, çox xoş oldu. Muradverdiyevdən bunun səbəbini soruşduqda, dedi ki, “məgər siz elə-belə alimsiniz, bütün postsovet məkanında tanınırsınız?”. Bir alim üçün elminə qiymət verilməsindən böyük mükafat ola bilməz. Yeri gəlmişkən, qeyd edim ki, İqtisad Universitetinin 70 illik yubileyi ilə əlaqədar tədbirdə Ulu Öndər çox məzmunlu çıxış etdi. Dedi ki, bütün dünya ölkələrinin iqtisadi modellərini, konsepsiyalarını dərindən öyrənməliyik və bizə uyğun olanlarını tətbiq etməliyik. Doğrudanda da, bizim düzgün qərar verməyimiz üçün dünya ölkələrinin iqtisadi modellərinin, konsepsiyalarının pozitiv və neqativ tərəflərini öyrənməyimiz vacibdir. Çünki bəzən Qərb alimləri bilərəkdən başqa ölkələrə özlərinin dağıdıcı, lüzumsuz konsepsiyalarını sırımağa çalışırlar. Bununla da həmin ölkələrin iqtisadiyyatını çökdürmək, daim asılı vəziyyətdə saxlamağa çalışırlar. Buna görə, həqiqətən, iqtisadi modelləri, konsepsiyaları seçərkən diqqətlli olmaq lazımdır. Qayıdıram sualınıza.

Həqiqətən də, qarşılaşdığım bəzi epizodlar var ki, məndə çox təəssüf hissləri oyadır, məni bir alim kimi incidir. Ona görə yox ki, əldə etdiyim titullar mənə kifayət etmir, necə deyərlər, “titul acıyam”. Yox, əsla belə deyil. Bunu deyəcəyim bəzi acı həqiqətlər də sübut edir. 1989-cu ildə Ziyad Səmədzadə, Asəf Nadirov və mən Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyünə ərizə vermişdik. O zaman Ziyad Səmədzadə və Asəf Nadirov Akademiyanın müxbir üzvləri idi, mən isə yox. Lakin mövcud qaydalara görə, hər bir alim Elmlər Akademiyasının həqiqi üzvlüyünə ərizə verə bilərdi. O vaxt biz SSRİ-nin tərkibində olduğumuzdan, bütün namizədlərin qovluqları Moskvaya gedirdi. Təbii ki, bizim də qovluqlarımız Moskvaya göndərilmişdi. Bir neçə aydan sonra mənə xəbər verildi ki, SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinə göndərdiyi məktubda həqiqi üzvlükdə mənə üstünlük verilməsini tövsiyyə etmişdir. Bu, əlbəttə, mənim elmimə Moskvada verilən qiymət idi. Mən Bakıda da bunun nəzərə alınacağını gözləyirdim. Ancaq mənə dedilər ki, kimi istəyirlər, onu da seçəcəklər. Elə də oldu. O vaxt Akademiyanın prezidenti Eldar Salayev idi. İstədim onun yanına gedim, dedilər mənası yoxdu. Mən də titul acı olmadığım üçün bunun üzərində çox dayanmadım. Halbuki, bunun üzərinə düşə, haqqımı tələb edə bilərdim. Çünki mənə bildirmişdilər ki, Moskvanın tövsiyyəsi Bakıda mütləq nəzərə alınmalı idi. Yəni, sadəcə tövsiyyə deyildi. Ancaq buna bazxmayaraq mən məsələni böyütmədim. Nə də bu hadisədən depressiyaya düşmədim. Daha çox işləməyə, kitablar, monoqrafiyalar yazmağa başladım. Bu gün kitablarım 40-dan artıq ölkənin Universitetlərinin, o cümlədən Harvard universitetinin kitabxanasında oxunur. Mənim hansı səviyyədə bir alim olduğumu dünyanın çox yerində bilirlər. Elə Ziyad Səmədzadə və Asəf Nadirov da mətbuatdakı çıxışlarında mənim keçməməyimə təəssüf etmişdilər. Ancaq bu, əlbəttə, nəticəni dəyişmədi. Mən də o vaxtdan Elmlər Akademiyasına üzvlük üçün ərizə verməkdən imtina etdim. Hətta bir dəfə rəhmətlik Aqil Əliyev də məndən Elmlər Akademiyasına üzvlük üçün müraciət etməməyimin səbəbini soruşmuşdu. Mən də təşəkkür edərək, bu haqda düşünmədiyimi söyləmişdim.

Ancaq bir gün o vaxtlar “İqtisadi Nəzəriyyə” kafedrasının müdiri olan, mərhum professor, mənim dostum Məmmədhəsən Meybullayev dedi ki, akademik Həsən Əliyev mətbuatda mənim mənafelər probleminə dair məqaləmi çox yüksək dəyərləndirib. Həmin kafedranın üzvü Kəmənd Mustafayevin sözlərinə görə, Həsən Əliyev məqaləni oxuduqdan sonra bildirib ki, Tofiq Quliyev akademik adına layiq alimdir. Buna görə, mən qərarımı dəyişdim və Elmlər Akademiyasına müxbir üzvlük seçkisində iştirak etmək üçün ərizə verdim. O zaman iqtisadiyyat üzrə müxbir üzvlüyə 3 yer ayrılmışdı. Səsvermədən sonra isə qərara almışdılar ki, 5-ə çatdırsınlar. Ancaq buna baxmayaraq, mənim adım yenə seçilənlər arasında olmadı. Sonradan bildim ki, mən üzvlük üçün lazımi səs almışam. Ancaq bir nəfər akademikin təkidi ilə protokol dəyişdirilib. Bu da, əlbəttə, məni düşündürür və üzür. Niyə mənim elmi fəaliyyətimə kənarda çox yüksək qiymət verildiyi halda, öz ölkəmdə belə haqsızlıqlarla qarşılaşıram? Yenə deyirəm, bu fikirləri səsləndirməkdə məqsədim nəyəsə iddia etmək deyil. Necə deyərlər, artıq qatar gedib. Sadəcə ictimaiyyətin nəzərinə çatdırıram ki, başqa millətlərin nümayəndələri mənə üstünlük verdiyi halda, doğma vətənimdə bəzi adamların, necə deyərlər, Allahsız mövqe tutması Elmlər Akademiyasına üzv seçilməyimə imkan vermədi. Mənim də narazılığım özümlə bağlı deyil, elmi adların verilməsində bəzən yol verilən haqsızlıqlarla bağlıdır. Belə haqsızlıqlar nə vaxta qədər davam edəcəkdir? Bu elmimizə çox mənfi təsir edən bir haldır. Mən düşünürəm ki, elmi adlar kimlər tərəfindənsə alimlərə sanki hədiyyə kimi verilməli deyil. Bu adları layiq olanlar, həqiqi elm adamları almalıdır.

İ.İsmayılbəyli

AzPolitika.info

Şərhlər

Ceyhun 2018-11-06 15:31:20

Professorun fikirlərindən həyattlarını pul yığmağa həsr edən insanlar dərs çıxarmalıdırlar. Son günlər baş verənlər göstərir ki, ziyalıların da arasında var-dövlət hərisi olanlar çoxdur.

Adil 2018-11-06 15:31:20

Tofiq müəəlimin dedikləri indi daha çox aktualdır. Xüsusilə gedoniklik insanlarla bağlı fikirləri. Belə insanlarda həqiqətən vətənpərvərlik olmaır.

Tofiq müəllimə 2018-11-06 15:31:20

Tofiq müəllim insanın alçalmaq həvəsi nədən və niyə yaranıb? İctimai quruluşun yaramazlığından,idarə üslub-idarənin düz qurulmamasından,insanın xarakterindən,yaşam şəraitindən yoxsa hadisələrin faktiki vəziyyətindən?

Baxışın nəvəsi 2018-11-06 15:31:20

Əziz qohumum Tofiq müəllimə salam olsun!

TƏBRİZ 2018-11-06 15:31:20

ÖLKDƏ UCAlMAĞIN ƏSAS YOLU MƏDDAHLIQDIR. BAŞQA YOLLAR MƏŞƏQQƏTLİDİR. ONA GÖRƏ ÇOXLARI ALÇALMAĞI SEÇİR

A. Səfərov 2018-11-06 15:31:20

Professor T. Quliyev akademik adına layiq azsaylı alimləimizdəndir. Qoy bu dı ona verməyənlər utansın.

Adəm 2018-11-06 15:31:20

Tofiq müəllim həmişə düz danışan olub. Düzə isə Azərbaycanda yer yoxdur

EJDER 2018-11-06 15:31:20

SIZ 84 YAŞLI ALIM OLMAYAN ŞEYI AZERBAYCANDA AXTARIRSINIZ.ALLAH SIZE CAN SAQLIQI VERSIN.SAĞLIĞINDA QIYMET VERILMƏLİDİR INSANLARA

ayzek 2018-11-06 15:31:20

Professor, bir çoxları üçün qarın həəta Qurandan irəlidir.Onlar deyir ki, istəyirsən alçala-alçala yüksəl və ya yüksələ-yüksələ alçal-təki qarın tox olsun.Dünyadakı insanların heç 0.1%-i nəfsinin qabağında duruş gətirə bilmir.Utopik sosializm dövrünü çoxdan keçmişik.İndi ayrı zəmanədir.

Comments are closed, but trackbacks and pingbacks are open.