Press "Enter" to skip to content

Mövzu 9. Xarici-iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Muessisenin iqtisadiyyati(Muhazire)

Mövzu 1. «Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti, predmeti və məzmunu 1. Müəssisə və firma: oxşar cəhətləri və fərqləri Bir qayda olaraq, hər hansı kursun tədrisi onun tədqiqat obyekti və predmetinin tələbələrə aydınlaşdırılmasından başlayır. Elə ilk dərsdə kursun predmeti, onun öyrəndiyi və öyrətdiyi məsələlər müəllim tərəfindən tələbələrə izah olunmalıdır. Biz, əksəriyyət tərəfindən qəbul olunmuş bu qaydaya bilərəkdən riayət etməyib, «Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti və predmetinin şərhindən əvvəl «firma»nın iqtisadi mahiyyətini, «müəssisə» ilə onun oxşar cəhətləri və fərqlərini tələbələr üçün aydınlaşdırmağı lazım bildik. Çünki, belə bir metodiki yanaşmanın kursun məzmunun tələbələr tərəfindən mənimsənilməsində çox önəmli elmi-nəzəri, metodoloji və praktiki əhəmiyyəti vardır. Lakin buna nail olmağa yardımçı bir məqam kimi «müəssisə» və «firma» məhfumlarının vəhdəti, başqa sözlə, bunların analoji (oxşar) tərəfləri və onların biribirinə bənzəməyən.

Mövzu 9. Xarici-iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi

Mövzu 9.
Xarici-iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi

Gömrük tarifi – Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən
və Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasına (XİF MN) uyğun olaraq sistemləşdirilmiş gömrük
rüsum dərəcələrinin məcmusudur.
“Tarif” – ərəb sözü olub “siyahı” deməkdir. Deməli, gömrük tarifi idxal və ixrac rüsumlarının
siyahısıdır. Tarif dəyəri idxal və ixrac olunan malların qiymətinə görə tarif şəklində müəyyənləşdirilir. Gömrük
tarifi daşıdığı funksiyaların xarakterindən asılı olaraq 2 yerə ayrılır:
1) Proteksionist funksiya;
2) Fiskal funksiya.
Proeksionizm(himayədarlıq) – daxili bazarın xarici rəqabətdən qorunması üçün dövlətin yürütdüyü
iqtisadi siyasətdir. Daxili bazarı qorumaq üçün idxal rüsumlarının artırılmasının əsas səbəbi yerli malların
rəqabət qabiliyyətinin aşağı olmasından irəli gəlir. Belə ki, yenicə müstəqilik əldə etmiş respublikamız köhnə
texnologiya ilə dünya bazarı standartlarına cavab verən əmtəə istehsal edə bilmir. Eyni zamanda ölkəni xarici
mallardan asılı vəziyyətə salmaq, nəinki iqtisadi təhlükəsizliyə, həm də milli təhlükəsizliyə ciddi problemlər
yarada bilər. Bu isə müstəqilliyini tam möhkəmləndirməmiş bir ölkə üçün açınacaqlı nəticələrə gətirib çıxarar.
Odur ki, hər bir dövlət kimi Azərbaycan Respublikası da öz təhlükəsizliyini təmin etmək üçün proteksionist
siyasətdən yararlanmağa çalışır.
Fiskal funksiya – “fisk” latın sözü olub, “zənbil” deməkdir. Bu funksiyanın mahiyyəti dövlət
xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən
hissəsinin dövlət xəzinəsinə cəlb edilməsidir. Ümumdövlət proqramlarının həyata keçirilməsi üçün vəsaitlərin
dövlət büdcəsinə toplanması, məhz bu funksiya vasitəsi ilə həyata keçirilir.
Dünyanın bütün ölkələrində gömrük tarifindən istifadə olunur. Milli tarif sistemilə yanaşı, məhəlli
(regional) tarifləri özündə birləşdirən vahid tarif sistemi vardır. Tariflərin lazımsız artırılmasının qarşısını almaq
və onları danışıqlar yolu ilə aşağı salmaq, ticarət məneələrini aradan qaldırmaq və s. bu tipli məsələləri 1995-ci
ilə qədər Tarif və Ticarət üzrə Baş Saziş (GATT – General Agreementon Tariffs and Trade). Həmin ildən
sonra Ümumdünya Ticarət Təşkilatı (WTO – World Trade Orhanization) adlanan qurum tərəfindən
tənzimlənir.
İkitərəfli və çoxtərəfli razılaşmalar əsasında güzəştlər müəyyənləşdirilir və tətbiq olunur. Bu
preferensial rejim sayılır (preferensiya – bir dövlətin digərinə idxal gömrük rüsumları dərəcələrinin azalması
üzrə verdiyi xüsusi güzəştlərdir). Belə güzəştlərin tətbiqi milli istehsal mallarının xarici bazarlara çıxarılmasını
əhəmiyyətli dərəcədə artıra bilər.
Bir sıra hallarda gömrük tarifi birtərəfli qaydada ixrac məhsullarının istehsalına tələb olunan mallara
aşağı və ya sıfır dərəcəli idxal rüsum tətbiq etməklə, milli istehsalın və ixracın stimullaşdırılması üçün istifadə
olunur.
Bildiyimiz kimi, rüsumlar yerli və dünya qiymətlərinin fərqi və ya fərqə uyğun müəyyənləşdirilir. Ölkə
iqtisadiyyatının inkişaf səviyyəsi ilə gömrük rüsumlarının dərəcələri arasında müəyyən asılılıq mövcuddur. Belə
ki, inkişaf etmiş ölkələrdə gömrük rüsumlarının dərəcələri aşağı olur. Çünki inkişaf etmiş ölkənin istehsal etdiyi
məhsulun rəqabət qabiliyyəti yüksək olduğu üçün, daxili bazarın yüksək rüsumlar hesabına qorunmasına,
ixracın əlavə tədbirlərlə stimullaşdırılmasına və büdcənin gəlir hissəsinin gömrük ödənişləri hesabına
doldurulmasına ehtiyac qalmır.
Gömrük-tarif tənzimlənməsinin hüquqi əsasını, 20 iyun 1995-ci ildə qəbul olunmuş Azərbaycan
Respublikasının “Gömrük tarifi haqqında” qanun müəyyənləşdirilmişdir. Bu qanuna görə gömrük tarifinin
əsas məqsədləri aşağıdakılardır:
1) Azərbaycan Respublikası üzrə idxalın əmtəə strukturunu səmərəlilişdirmək;
2) Azərbaycan Respublikasının ərazisində malların gətirilməsi və çıxarılmasının, valyuta
gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək;
3) valyuta sərvətlərinin Azərbaycanın gömrük ərazisinə gətirilməsi və çıxarılması üzərində
səmərəli nəzarət təşkil etmək;
4) Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi
dəyişikliklər üçün şərait yaratmaq;
5) Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq;
6) Azərbaycan Respublikası iqtisadiyyatını dünya təsərrüfatı ilə səmərəli inteqrasiyasına şərait
yaratmaq.
“Gömrük tarifi” haqqında qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikasının ərazisinə
gətirilən, gömrük rüsumuna cəlb olunan və ya olunmayan malların siyahısı və tətbiq edilən rüsum dərəcələri
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.Eyni zamanda, xarici iqtisadi

tənzimlənən qeyri-tarif tədbirləri, ixrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların
siyahısı da Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük
rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur.
Milli maraqların qorunması və ölkənin təhlükəsizliyinin təmin olunmsı üçün Xarici İqtisadi Fəaliyyətin
(XİF) tənzimlənməsi həyata keçirilir. XİF-in dövlət tənzimlənməsinin metodları təsnifat əlamətlərinə görə 4
qrupa bölünür:
1) iqtisadi tənzimləmə metodları;
2) inzibati metodlar;
3) tarif metodları;
4) qeryi-tarif metodları.
İqtisadi tənzimləmə, inzibati və qeyri-tarif metodları haqqında 11-ci mövzuda ətraflı məlumat verildiyi
üçün şərhə ehtiyac yoxdur. İndi isə tarif metodu ilə tanış olaq.
Tarif metodu
Azərbaycan Respublikasında1 aprel 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında spesifik
gömrük rüsum dərəcələri advolar dərəcələrlə əvəz edilmişdir (Advalor latınca “ad valorem” sözündən
götürülüb, mənası “dəyərdən” deməkdir). Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel
2004-cü il tarixli 58 saylı qərarı ilə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük
rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” AR NK-
nın 2001-ci il 12 aprel tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən
mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə bəzi mallar üzrə spesifik gömrük idxal rüsum dərəcələri
advolar gömrük idxal rüsum dərəcələri ilə əvəz edilmişdir. Tarif dərəcəsi gömrük dəyərinin 15%-i miqdarında
qəbul olunmuşdur.
AR NK-nın bu qərarı Azərbaycan Respublikasında idxal əməliyyatlarının gömrük-tarif mexanizmi
vasitəsi ilə tənzimlənməsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun
olaraq gömrük tariflərinin tətbiqi mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin
səmərəliliyinin artırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədi ilə qəbul olunmuşdur.
Malın dəyərini kombinə üsulu ilə hesabladıqda, əvvəlcə advalor, sonra isə spesifik qaydada hesablanır,
hər ikisi müqayisə edilərək ən böyüyü götürülür.
Gömrük rüsumları mövsümi və xüsusi olurlar.
Mövsümi rüsumlar malların ixracını və idxalını operaiv tənzimləmək üçün bəzi mallara tətbiq olunan
rüsumlardır. Mövsümi rüsumlarda gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumları dərəcələri tətbiq olunur
və bu rüsumların qüvvədə olduğu müddət il ərzində 6 aydan çox ola bilməz (“Gömrük tarifi haqqında” Qanun,
5-ci maddə):
Xüsusi növ rüsumlar. Azərbaycan Respublikasının iqtsadi mənafeyini qorumaq üçün idxal edilən
mallara müvəqqəti olaraq tətbiq edilir və aşağıdakı növlərə ayrılır (“Gömrük tarifi haqqında qanun 6-cı maddə):
– xüsusi rüsumlar;
– antidempinq rüsumları;
– kompensasiya rüsumları.
Bu rüsumların formalaşması və tətbiqi qaydaları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş hüquqi normalarla tənzimlənir.
Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq olunur (“Gömrük tarifi haqqında” Qanun, 7-ci maddə):
– əgər ölkənin gömrük ərazisinə gətirilən mallar, bu qəbildən olan malların yerli istehsalçılarına ziyan
vuran və ya ziyan vura biləcək miqdarda və şərtlərdə gətirilmişdirsə, onda idxal mallarından müdafiə tədbiri
kimi;
– digər dövlətlərin və onların ittifaqlarının (siyasi, iqtisadi, hərbi və s.) Azərbaycan dövlətinin
mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi.
Antidempinq rüsumları
Dempinq (ingiliscə “dumping” hərfi mənada “dağıtma” deməkdir) – xarici bazarlarda əmtəələrin dəyər
– dəyməzinə, yəni istehsal xərclərindən aşağı qiymətlə satılması deməkdir. Dempinqin fərqləndirici
xüsusiyyətləri, ölkədaxili aşağı və yuxarı qiymətlər arasındakı kəskin fərq və satış bazarında rəqibləri sıradan
çıxartmaq ekspansionist latınca “expansio” sözündən olub “yayılma”, “genişlənmə” deməkdir. İqtisadi
metodlarla hökmranlıq dairəsinin genişlən-dirilməsinə xidmət edir.
Antidempinq (dempinqin əksinə olan) rüsumları, idxal olunan malların qiyməti ölkənin gömrük
ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduqda və belə bir idxal bu qəbildən
olan malların yerli istehsalçılarına ziyan vurduqda və ya bu hal istisna olunmadıqda, eyni zamanda həmin mallar
ölkə daxilində istehsalının təşkilinə və ya genişləndirilməsinə maneəçilik törətdikdə tətbiq olunur (“GT
haqqında” Qanun , 8-ci maddə).

Kompensasiya rüsumları (“Gömrük tarifi haqqında” Qanun, 9-cu maddə):
Kompensasiya latınca “compensatio” sözündən olub, hərfi mənası “ödəmə” deməkdir.
Ölkənin gömrük ərazisinə gətirilən malların istehsalı və ya ixracı zamanı birbaşa və ya dolayı yolla
subsidiyalardan (subsidiya latınca “subsidium” sözündən olub, hərfi mənası “yardım”, “kömək” deməkdir.
Subsidiya, dövlətin büdcə vəsaiti hesabına yerli hakimiyyət orqanlarına, hüquqi və fiziki şəxslərə əsasən pul
formasında göstərdiyi yardımdır) istifadə olunduqda və belə bir idxal bu qəbildən olan malların yerli
istehsalçılarına ziyan vurduqda və yaxud bu hal istisna edilmədikdə, habelə ölkədə bu malların istehsalının
təşkilinə və genişləndirilməsinə maneçilik törədildikdə kompensasiya rüsumları tətbiq edilir.
Xüsusi, antidempinq və kompensasiya rüsumları tətbiq edilməzdən əvvəl Azərbaycan Respublikasının
müvafiq idarəetmə orqanlarının təşəbbüsü ilə qanunvericilik normalarına uyğun olaraq 10 gün müddətində
təhqiqat aparılır. Bu zaman çıxarılacaq qərarlar kəmiyyətcə müəyyən edilmiş qərarlara əsaslanmalıdır.
Hər bir xüsusi hal üçün tətbiq olunacaq rüsum dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən edilir və bu dərəcələr təhqiqatın müəyyən etdiyi qiymətlərin dempinq azaldılmasının,
subsidiyanın və aşkar olunan dəymiş ziyanın məbləğinə mütənasib olmalıdır.
Gömrük güzəştləri. Bütün gömrük güzəştləri mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
Ölkənin ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və birtərəfli qaydada, gömrük sərhədindən keçirilən
mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişlərindən azadetmə, rüsum dərəcələrinin aşağı
salınması, malın güzəştli gətirilməsi və ya aparılması üçün tarif kvotaları şəklində verilən güzəştlər tarif
güzəştləri adlanır.
“Gömrük tarifi haqqında” Qanunun 36-cı maddəsinə görə aşağıdakı hallarda güzəştlər verilə bilər.
1) Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən olunmuş gömrük rejimlərinə uyğun
olaraq gömrük nəzarəti altında ölkə ərazisinə müvəqqəti gətirilən və aparılan mallar;
2) Azərbaycan Respublikasının iştirakçısı olduğu hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə
investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən mallar;
3) Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilən dövlət ehtiyacları
üçün ölkənin gömrük ərazisindən çıxarılan mallar;
4) xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay
şəklində ölkənin gömrük ərazisinə gətirilən, həmçinin qanunvericiliyə uyğun olaraq Azərbaycan hökumətinin və
ya onun səlahiyyətli dövlət orqanlarının məhsulların bölgüsü barədə bağladıqları sazişlərdə nəzərdə tutulmuş
hallarda və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilmiş qaydada xarici sərmayələrin
öz xərcini ödəməsi dövründə həmin müəssisələrin özü tərəfindənistehsal edilərək ölkə ərazisindən çıxarılan
müxtəlif növ mallar.
Əslində tarif tənzimlənməsi özündə bir neçə qarşılıqlı əməliyyatları əks etdirən mürəkkəb bir prosesdir.
Bunlardan bizim üçün daha maraqlı olanı malın mənşə ölkəsinin müəyyənləşdirilməsi və gömrük dəyərinin
müəyyən edilməsidir. Malın gömrük dəyəri və onun müəyyən edilməsi üsulları barədə 9-cu mövzuda geniş
məlumat verildiyi üçün, ətraflı şərhə ehtiyac görmürük.
Malın mənşə ölkəsinin müəyyənləşdirilməsi gömrük əməliyyatlarının sadələşdirilməsi və unifikasiyası
(“Unifikasiya” latınca “uni” (“vahid”)“facio” – “edirəm” sözlərindən götürülüb, mənası “vahid edirəm”
yəni vahid şəklə, formaya, və ya sistemə salmaq deməkdir) barədə Kioto Konvensiyasında öz əksini tapmış
beynəlxalq təcrübəyə əsaslanır. Malın mənşə ölkəsinin təyin edilməsinin hüquqi əsaslarını “Gömrük tarifi
haqqında” qanun ilə (24-32-ci maddələr) təsbit edilmişdir.
Malın “mənşə ölkəsi” məfhumunu malın istehsal edildiyi ölkələr qrupu, gömrük ittifaqları, dövlətin bir
hissəsi və yaxud konkret regionu başa düşülür.
Malın mənşəyinin bəyan edilən ölkə olduğunu müəyyənləşdirmək üçün, gömrük orqanı malın mənşəyi
haqqında sertifikat (“Sertifikat” fransızca “certifikat”, latınca “sertifiko” sözündən olub, mənası “təsdiq
edirəm” deməkdir. Xarici ticarətdə səlahiyyətli orqanların verdiyi və əmtənin keyfiyyətini təsdiq edən
sənədə sertifikat deyilir) tələb edir.
“Gömrük tarifi haqqında” qanunun 29-cu maddəsinə görə, ölkəmizin gömrük ərazisinə mal gətirilərkən
aşağıdakı hallarda malın mənşəyi haqqında sertifikat təqdim olunmalıdır:
1) mənşəyi gömrük tarifinə görə Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan
mallara;
2) müəyyən ölkədən gətirilməsi kəmiyyət məhdudiyyətləri ilə və ya xarici iqtisadi fəaliyyətin digər
üsulları ilə tənzimlənən mallar;
3) Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərdə, həmçinin, Azərbaycan
Respublikasının ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı, yerli istehlakçılıqların hüquqlarının
müdafiəsi, ictimai asayişin qorunması, dövlət təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan
Respublikasının həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda;

4) gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərdə malın mənşəyi haqqında məlumat
olmadıqda və ya Azərbaycan Respublikasının gömrük orqanında malın mənşəyi haqqında bəyan edilən
məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda.
Malın mənşə sertifikatları gömrük rəsmiləşdirilməsinə gömrük yük bəyannaməsi və tələb olunan digər
sənədlərlə birlikdə təqdim olunur.
Hazırki, dövrdə dünya ticarətində malın mənşə ölkəsi ilə əlaqədar müxtəlif növ imtiyazların verilməsi
təcrübəsi daha geniş yayılmışdır. Belə ki, malın mənşəyindən asılı olaraq güzəştli gömrük rüsumu alına bilər və
yaxud tamamilə ödəmədən azad edilə bilər.

Mövzu 10.
Gömrük ödənişləri

10.1. Gömrük ödənişlərinin növləri

Gömrük Məcəlləsinin 17-ci maddəsinin 19-cu bəndində oxuyuruq: “Gömrük ödənişləri müəyyən
olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları,
vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə
görə alınan yığımlar, haqlar və digər ödənişlərdir.
Mövcud qanunvericilik aktları ilə aşağıdakı gömrük ödənişləri alınır:
1) gömrük rüsumu;
2) əlavə dəyər vergisi;
3) aksizlər;
4) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən icazələrin
verilməsi və icazələrin bərpa edilməsinə görə yığımlar;
5) gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatlarının verilməsi və attestatların
fəaliyyətinin bərpa edilməsinə görə yığımlar;
6) gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları;
7) malların saxlancına görə gömrük yığımları;
8) malların gömrük müşayiətinə görə gömrük yığımları;
9) məlumatlandırma və məsləhətverməyə görə haqq;
10) ilkin qərarların qəbuluna görə haqq;
11) gömrük hərraclarında (auksion) iştirak etməyə görə haqq;
12) digər gömrük ödənişləri.

10.1.1.Gömrük rüsumları

Bu maddəyə görə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üçün “Gömrük
tarifi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq gömrük rüsumu ödənilməlidir. Həm Gömrük
Məcəlləsində, həm də “Gömrük tarifi haqqında” Qanunda gömrük rüsumu anlayışı ümumi şəkildə izah olunur.
Belə ki, Gömrük Məcəlləsinin 17-ci maddəsinə görə, “gömrük rüsumları Azərbayca Respublikasının gömrük
orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan
ödənişlərdir”.
Gömrük rüsumları bütün sərhədboyu dövriyyəyə şamil edilir. Bəzi mallar növündən, mənşə ölkəsindən,
bəyan edilmiş gömrük rejimindən asılı olaraq gömrük rüsumlarından azad edilirlər. Əgər konkret mal gömrük
tarif qanunvericiliyinin normalarına uyğun gömrük rüsumuna cəlb olunmursa, onda həmin mal nəzərdə tutulan
gömrük ödənişlərini ödədikdən sonra gömrük sərhədini keçə bilər.
Gömrük rüsumları gömrük sərhədini keçməsi faktı ilə qüvvəyə minən və xarici ticarət dövriyyəsi
mallarına tətbiq edilən dolayı vergi növ müxtəlifliklərindən biridir.
Gömrük rüsumları bütün əsas vergi xüsusiyyətlərini özündə cəmləşdirmişdir:
a) gömrük rüsumlarının ödənişi də məcburi xarakter daşıyır və dövlət hakimiyyət məcburiyyəti
ilə təmin edilir;
b) gömrük rüsumları göstərilən xidmətin əvəzi deyil və qarşılıqsız (əvəzində heç bir şey etmədən)
tutulur;
c) gömrük ödənişlərindən daxilolmalar konkret dövlət xərclərini ödəmək üçün nəzərdə
tutulmamışdır.
Gömrük – tarif münasibətlərinin hüquqi tənzimlənməsi birtərəfli xarakter daşıyır və gömrük-tarif hüquqi
münasibətlərinin subyektlərinə vergiqoymanın miqdarı, əsasları, müddəti və s. kimi məsələlərdə razılaşmağı
mümkünsüz edir. Ancaq gömrük rüsumlarının müəyyənləşdirilməsinin birtərəfliliyi prinsipi dövlətlər və
sahibkarlar arasında vergi müqavilələrinin bağlanması əlehinə deyildir. Bu cür razılaşmaların predmeti dövlətin
sosial-iqtisadi plan və proqramlarının icrasını stimullaşdırmaq məqsədi ilə özəl sahibkarlığa etdiyi vergi
güzəştləridir.
Gömrük rüsumlarının vergi təbiətli olması onları daha çox gömrük yığımları ilə müqayisə etdikdə gözə
çarpır. Gömrük rüsumlarından fərqli olaraq, gömrük yığımları – mal qismində ölkənin gömrük sərhədindən
keçirilən mal və nəqliyyat vasitələrinin, habelə müşayiət olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində
keçirilən, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklərin, həmçinin nəqliyyat
vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə qanunvericiliklə müəyyən olunmuş ödəmələrdir. Deməli, gömrük

yığımları idxal və ixraca məşğul olanlara gömrük orqanlarının göstərdiyi xidmətin qarşılığında aldığı
ödəmələrdir.
Verginin bütün əsas elementləri gömrük rüsumlarına da xasdır. Gömrük rüsumları qoyulan subyekt
deklarantdır. Deklarant gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrini öz adından gömrüyə bəyan
edən şəxsdir. Deklarant həm mal və nəqliyyat vasitələrini keçirən şəxs, həm də gömrük brokeri (vasitəçi) ola
bilər. Gömrük rüsumu qoyulan obyekt isə gömrük dəyəri, gömrük sərhədindən keçirilən malların kəmiyyət
göstəriciləri və ya hər ikisi birlikdə ola bilər.
Gömrük rüsumunun növbəti elementi onun dərəcəsidir (stavka). “Gömrük tarifi haqqında” Azərbaycan
Respublikası Qanununun 3-cü maddəsinə görə, gömrük rüsumlarının dərəcələri Azərbaycan Respublikası
Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük
rüsum dərəcələri Azərbaycan Respublikasının gömrük sərhədindən mal keçirən hüquqi və fiziki şəxslərdən,
sövdələşmə növlərindən və digər amillərdən asılı olaraq dəyişdirilə bilməz.
İdxal gömrük rüsumlarının dərəcələri malın mənşə ölkəsindən asılı olaraq diferensasiya olunur. Əgər
idxal olunan malın mənşə ölkəsi ilə Azərbaycan Respublikası arasında əlverişli ticrət rejimi (ƏTR)
mövcuddursa, onda idxal gömrük rüsumlarının dərəcələri və gömrük rüsumuna cəlb olunmayan malların
siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. (“Gömrük tarifi haqqında”,
Qanun, maddə. 3, bənd 3).
İxrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların siyahısı, həmçinin xarici
iqtisadi tənzimləmənin qeyri-tarif tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən
olunur. Azərbaycan Respublikasının ƏTR tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük rüsumları
dərəcələrinin son həddi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müəyyən olunur.
İdxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri sonuncu dəfə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 12 aprel 2001-ci il 80 saylı qərarı ilə müəyyən edilmişdir. Lakin 22 dekabr 2003-cü ildə
Azərbaycan Respublikası Nazirlər Kabineti 161 saylı Qərarı ilə həmin qərara əlavələr və dəyişikliklər
edilmişdir. Həmin qərara əsasən ilk dəfə olaraq 72, 76, 78, 79 və 80-ci mal qruplarına ixrac rüsumları tətbiq
olunmuşdur.
Azərbaycan Respublikasının bağladığı sərbəst ticarət haqqında ikitərəfli sazişlərə görə də rüsumlar
tətbiq olunmur. Məsələn, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Moldova və s.
Vergi sistemində olduğu kimi, gömrük rüsumlarına da güzəştlər tətbiq olunur. Bu tarif güzəştləri və ya
tarif preferensiyaları adlanır. Tarif güzəştləri (tarif preferensiyaları) dedikdə, Azərbaycan Respublikasının ticarət
siyasəti həyata keçirilərkən qarşılıqlı və ya birtərəfli qaydada ölkənin gömrük sərhədindən keçirilən mallar üzrə
əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azadetmə, rüsum dərəcələrinin aşağı salınması, malın
preferensial gətirilməsi (çıxarılması) üçün tarif kvotaları şəklində verilən güzəştlər başa düşülür (“Gömrük tarifi
haqqında” Qanun, 33-cü maddə 1-ci bənd). Gömrük güzəştlərinin verilməsi qaydası Azərbaycan Respublikası
Nazirlər Kabineti tərəfindən müəyyən edilir və “Gömrük tarifi haqqında” Qanunun 35-ci, 36-cı və 37-ci
maddələri istisna olmaqla fərdi xarakter daşıya bilməz.
Cəlb olunma obyektlərinə görə gömrük rüsumları – idxal (import) və ixrac (eksport) kimi iki yerə ayrılır.
İdxal rüsumları ölkənin daxili bazarını xarici rəqabətdən qoruduğu halda proteksionist (daxili bazarı
qorumaq üçün yerli və dünya qiymətləri arasındakı fərqdən yüksək müəyyənləşdirilən rüsumlar) funksiyanı
yerinə yetirir. Bu halda təkcə idxal olunan malların deyil, həm də yerli malların qiyməti dünya qiymətləri
səviyyəsinə qalxır.
İxrac rüsumları gömrük-tarif tənzimlənməsinin fiskal funksiyasının həyata keçirilməsində birinci
dərəcəli rol oynayır. Gömrük orqanlarının yığdığı vergilərin 50 %-dən çoxu məhz ixrac rüsumlarının payına
düşür.
İnkişaf etməkdə olan ölkələrdə idxal rüsumlarının yüksək olmasının əsas səbəbi ölkə sənayesini xarici
rəqabətdən qorumaqdır. Azərbaycan Respublikası da öz sənayesini xarici rəqabətdən qorumaq üçün hələlik bu
üsuldan istifadə edir. Ölkələrin iqtisadi inkişafı ilə idxal rüsumlarının miqdarı tərs mütənasibdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti idxal və ixrac gömrük rüsumlarının dərəcələrini təyin edir.
Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkənin malları üçün idxal və ixrac gömrük
rüsumlarının dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur.
Lakin əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və mənşə ölkəsi müəyyənləşdirilməyən
mallara idxal gömrük rüsumlarının dərəcələri iki dəfə artırılır.

Iqtisadi tənzimləmənin əsaslari

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.