Press "Enter" to skip to content

Iqtisadiyyatın əsasları

4) ölkədə mövcud olan qanunlardan, qaydalardan gizlənmək müyəssər olan hər cür fəaliyyətin – vergilərdən yayınma, özü tərəfindən zəbt olunmuş mülkiyyətin təkrar zəbt olunmadan qorunması və s. «gizli iqtisadiyyat» sferasına keçməsi.

“İqtisadiyyatın modernləşməsində elitanın rolu”

AMEA İqtisadiyyat İnstitutunun “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin müdiri Tanrıverdi Paşanın 2009-cu ildə “Elm” qəzetində dərc olunmuş “İqtisadiyyatın modernləşməsində elitanın rolu” adlı məqaləsi diqqətimizi çəkdi. Məqalədə maraqlı məqamlara toxunulduğunu və mövzusunun bu gün də aktual olduğunu nəzərə alaraq onu oxucularımıza təqdim edirik.

İQTİSADİYYATIN MODERNLƏŞMƏSİNDƏ ELİTANIN ROLU

1. Modernləşmə iqtisadi sistemin təkmilləşdirilmə üsulu kimi

İqtisadi və sosial tərəqqi tarixin istənilən dövrü və ya şəraitində bütün ölkələr və xalqlar üçün avtomatik olaraq baş verməli bir hadisə deyildir. Tarix daima inkişafda durğunluq və tənəzzüllə müşayiət olunur. Dünyanın hətta qabaqcıl və dinamik inkişaf etmiş ölkələri də vaxtaşırı olaraq özünün gələcək inkişafını keçmiş iqtisadi, sosial və siyasi mexanizmlər əsasında həyata keçirməyin mümkünsüzlüyü problemi ilə üzləşirlər. Məhz belə şəraitdə modernləşmə zərurəti meydana çıxır. [1]

Modern sözü yunanca (moderne) ən yeni deməkdir və müasir iqtisadi ədəbiyyatda müəyyən obyektin müasir, yeni tələblərə və normalara, mexaniki şərtlərə, keyfiyyət göstəricilərinə uyğun təkmilləşdirilməsi, yaxşılaşdırılması, yeniləşdirilməsi kimi şərh olunur. [2] Son illərdə ölkə və xarici siyasi-iqtisadi ədəbiyyatda modernləşmə probleminə diqqət daha da artmışdır və bu mənbələrdə modernləşmə altında – cəmiyyətin inkişafının iqtisadi, siyasi və digər sosial mexanizmlərinin müasir qərb (burjua) sivilizasiyası baxımından təkmilləşdirilməsi başa düşülür.

Modernləşmə – geniş mənada, müxtəlif təkmilləşdirmələr tətbiq etmək yolu ilə müasir tələblərə uyğun mütərəqqi irəliləyişlərə, dəyişikliklərə nail olmaqdır. Əsasən, makrosəviyyədə baş verən (məsələn, iqtisadiyyatın modernləşdirilməsi, iqtisadiyyatın strukturunun modernləşdirilməsi) hadisə və proseslərin xarakteristikasında tətbiq olunur. [3]

Dünya tarixində qərb sivilizasiyasının, xüsusən onların ən aparıcı, lider ölkələrinin bugünkü vəziyyəti və əldə etdiyi nailiyyətlər – sosial-iqtisadi tərəqqinin də inkişaf istiqamətlərini və oriyentirlərini müəyyən etməkdədir. Təbii ki, inkişaf etmiş ölkələrin özləri üçün də modernləşmə kriterisi kimi bazar iqtisadi sisteminin potensialından maksimal istifadə imkanları çıxış edir.

Buna görə də modernləşmə dedikdə, sənaye inqilabı və industrial inkişaf mərhələsinə keçid üçün iqtisadi zəminlərin hazırlanması və ya yetişməsi başa düşülür. Bu halda, modernləşmə – həmin tarixi dövr üçün ən qabaqcıl sənaye texnologiyalarının, iqtisadi forma və mexanizmlərin mənimsənilməsi, həmçinin onlara uyğun sosial-siyasi və mədəni institutların formalaşması və s. proseslərdə təzahür edir.

Lakin sözün geniş mənasında modernləşməni cəmiyyətin sürətlə özünütəkmilləşdirmə qabiliyyəti kimi də qəbul etmək olar və bu zaman belə təkmilləşmənin qərb sivilizasiyası meyarlarına uyğun olub-olmaması o qədər də əhəmiyyətli deyildir. Məsələnin belə abstrakt qoyuluşu ehtimal müstəvisindən gerçəkliyə də çevrilə bilər, belə ki, qərb-burjua sivilizasiyasının mütərəqqi imkanları yaxın gələcəkdə, hətta indinin özündə də tükənə bilər və bunu 2008-ci ilin aprelindən dünyanın əksər ölkələrini, o cümlədən aparıcı, nəhəng ölkələrini sarsıdan maliyyə böhranı da əyani göstərir.

Onu da qeyd etmək lazımdır ki, iqtisadi sistemin yetkinlik səviyyəsinə, iqtisadi və texnoloji potensialına görə xeyli qabaqda olan ölkələrlə bütün kriterilərinə görə geridə qalan ölkələr üçün modernləşmə problemi müxtəlif dərəcədə qarşıya çıxır.

Modernləşmə bir qayda olaraq, ölkədə qeyri-adi, fövqəladə bir şəraitə düşdükdə, öncül ölkələrin inkişaf səviyyəsindən gerilik böyük fərqlə ortaya çıxdıqda, təcili tədbirlər həyata keçirilməsini tələb edən ekstraordinar siyasət kimi ortaya çıxır.

Bəs, bu və ya digər ölkədə tənəzzül və ya durğunluqdan qurtulmaq, inkişafın ətalətli xarakterini aradan qaldırmaq və modernləşmə sıçrayışına nail olmaq üçün nədən başlamaq lazımdır. Əvvəlcədən qeyd etmək lazımdır ki, belə sıçrayış üçün iqtisadi sistemin dəyişilməsi, bir istehsal üsulundan daha mütərəqqi istehsal üsuluna keçid daha əhəmiyyətlidir. Lakin belə keçid, cəmiyyətin iqtisadi və sosial tərəqqisinə kifayət qədər əhəmiyyətli stimullaşdırıcı təsir göstərsə də, nəticə etibarilə daha inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşmağa gətirib çıxarmır. Eyni zamanda, modernləşmə sıçrayışı istehsal üsulu əvəz edilmədən də baş verə bilər.

Modernləşməyə dair dünya təcrübəsi nümunələri istənilən halda, az və ya çox dərəcədə mövcud iqtisadi sistemdə dərin dəyişikliklər edilməsi zərurətini göstərir. Buna görə də bu amili qiymətləndirməmək olmaz. Azərbaycan reallığında həmin amil nəzərə alınsa da, göründüyü kimi bu, hələlik kifayət deyildir.

Bu gün dünya ölkələrinin, xüsusən, MDB timsalında modernləşdirmə xətti üzrə nailiyyətlər göz qabağındadır. Həmin təcrübə bir daha göstərir ki, modernləşdirmə qarşısında duran vəzifələrin həllinə ancaq ölkənin bütün resurslarının səfərbər olunması şərti ilə nail olmaq olar. Bundan ötrü ölkədə aşağıdakı şərtlərin mövcudluğu zəruridir:

1) modernləşmə strategiyasını uzun müddət ərzində şüurlu surətdə özünün başlıca marağına çevirməyə hazır olan, cəmiyyətin fəal hissəsinin birliyi;

2) strateji düşünən və sosial cəhətdən məsuliyyət daşıyan elitanın mövcudluğu.

Bu şərtlərin reallaşması üçün istər geniş əhali kütləsi, istərsə də elita üçün ona müvafiq sosial, siyasi, ideoloji və mədəni səfərbərlik mexanizmləri təşəkkül tapmalıdır.

2. Sovet İttifaqı iqtisadiyyatının modernləşməsində elitanın rolu

Bu gün ictimaiyyatşünaslar üçün ən mübahisəli məsələlərdən biri qanlı bolşevik eksperimentinin – dünyada daha demokratik, azad cəmiyyətin yaradılması və inkişaf etmiş kapitalist ölkələrini ötüb keçmək səylərinin iflasa uğraması, ən sonda dünyanın ən böyük totalitar imperiyasının süquta uğramasının səbəblərini izah etməkdir. Əslində, bolşeviklər inqilabdan dərhal sonra bütövlükdə cəmiyyətin iqtisadi, sosial, mədəni və əxlaqi potensialını məhv etməkdən başlamışdılar: bazar iqtisadiyyatının əsasları, ilk növbədə özəl sahibkarlıq sistemi özəl mülkiyyət ləğv olunmuşdu; onlarla bərabər varlı təbəqə – kapitalistlərdən tutmuş, imkanlı kəndlilərə qədər hamısı kütləvi surətdə repressiyaya məruz qalmışdı; kollektivləşmənin nəticəsi olaraq kəndlilərin əsas kütləsi icbari əməyə məhkum olunmuşdu; cəmiyyətin sosial və mədəni elitası – zadəgan və ziyalıları kütləvi surətdə təqiblərə məruz qalmış, həm də böyük əksəriyyəti fiziki cəhətdən məhv edilmişdi; cəmiyyətin əxlaqi sütunu olan din, ilk növbədə islam dini təzyiq obyektinə çevrilmişdi.

Bölşeviklər rəhbərliyi bütün bu göstərilən yollardan qəddarcasına istifadə edərək, XIX əsrin sonu XX əsrin əvvəllərində Rusiyada olduğu kimi, Azərbaycanda yenicə dirçəlməkdə olan kapitalist-burjua cəmiyyətinin normal və müəyyən qədər uğurla başlamış təbii inkişafını dayandırmış, ölkə əvvəlcədən nəticəsi olmayan, nə vaxtsa iflasa uğrayacaq bir yola qədəm qoymuşdu. 1917-ci ildə Rusiyada, 1920-ci ilin aprelin 28-də Azərbaycanda baş vermiş rus-bolşevik çevrilişi nəticəsində yeni başladığı yolu 70 ildən bir qədər artıq davam etsə də, artıq 80-ci illərin sonlarına yaxın perspektivsizliyini və bütün potensialının tükəndiyini sübut etmiş, sosial-iqtisadi inkişafın bütün parametrlərinə görə dünyanın əksər inkişaf etmiş kapitalist ölkələrindən geri qalması açıq-aşkar görünmüşdü. Bolşevik rejiminin bütün günahları və cinayətlərinin miqyasları xüsusən, son illərdə tam qiymətini almaqdadır, bunu hətta, bu rejimin «uğuru» sayılan birinci və ikinci dünya müharibəsinin həqiqi nəticələrinin obyektiv qiymətləndirilməsi də əyani göstərir.

İkinci dünya müharibəsinə SSRİ qəfildən cəlb olundu, ilk vaxtlarda hərbi əməliyyatlarda ciddi məğlubiyyətlərə uğramaqla strateji təcrübəsindən məhrum oldu. Sovet İttifaqının iqtisadiyyatı inzibati-amirlik əsasında qurulması istər kənddə, istərsə də şəhərdə sahibkarlığın bütün formaları bir sosial təbəqə kimi ləğv olunmuşdu. Kollektivləşmə nəticəsində kəndlilər xeyli məhrumiyyət və itkilərlə üzləşmişdi. Çar Rusiyası dövründən qalan peşəkar zabit korpusu kütləvi surətdə məhv edilmiş və ya sürgün olunmuşdu. Köhnə sosial elitaya – zadəganlara hər cür sosial cəhətdən əhəmiyyətli bir işlə məşğul olmaq qəti surətdə qadağan olunmuşdu. Köhnə-əsil ziyalıların, o cümlədən sovet hakimiyyətinin ilk vaxtlarında hazırlanmış mütəxəssis və ziyalı təbəqəsinin əksəriyyəti də repressiyaya məruz qalmışdı. Dövlət əhali arasında ateist dünyagörüşü, allahsızlıq ideologiyası yaya bilmişdi.

Nəticədə, SSRİ iqtisadiyyatı müharibədən əvvəlki potensialının 40%-ə qədərini itirsə də, hərbi istehsalı, həmçinin hərbi gücünü xeyli artıra bilmiş, hətta iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətindən nəhəng hərbi potensial yarada bilmişdi. Sovet ordusu, demək olar ki, katastrofik məğlubiyyətlərə, hətta müttəfiqlərinin ikinci cəbhə açmaq vədlərini uzun müddət yerinə yetirməməklərinə baxmayaraq, müharibəni son nəticədə udmuşdu. Müharibə dövrünün böyük məhrumiyyətlərinə, onilliklərdir davam etməkdə olan repressiyalara baxmayaraq, sovet xalqı hər şeyə dözmüş, kütləvi iğtişaşlara getməmişdi. Bəzi tədqiqatçılar bu fenomeni məhz «qırmızı sovet kommunist ideologiyası» ilə bağlayırlar. Fikrimizcə, bunu daha çox istənilən müharibənin yaratdığı ekstremal hərbi şərait, əhalinin hər cür əsarəti, o cümlədən faşist işğalını qəbul etməməkləri ilə əlaqələndirmək lazımdır.

Belə paradoksları başqa sahələrdə də müşahidə etmək mümkündür. Çar Rusiyası kapitalist təkamülü yolunda uğurla irəliləməsinə baxmayaraq, 50 ildən artıq bir müddətdə ölkədə savadsızlığın kütləvi ləğvinə nail ola bilməmişdi. Xalq təhsilinə təxsisatların hər il artırılmasına, yeni məktəb şəbəkələrinin açılmasına baxmayaraq kütləvi savadsızlığın aradan qaldırılmasına yaxın düşə bilməmişdi. Sovet Rusiyasında, o cümlədən keçmiş müttəfiq respublikalarında bu problemin həllinə 20 ildən də az vaxt tələb olunmuşdu. Halbuki, bu zamanında 8 ilə qədəri vətəndaş müharibəsi və xalq təsərrüfatının bərpası illərinə təsadüf etmişdi.

Çar Rusiyası göstərilən müddət ərzində əhəmiyyətli sayıla bilən – nə öz avtomobilinə, traktor və kombayn istehsalına malik olmamışdı. Aviasiya sənayesində müəyyən uğurlar olsa da, ancaq xaricdən gətirilən mühərriklər və avadanlıqlar hesabına ölkənin bəzi zavodlarında təyyarə yığılırdı. Birinci dünya müharibəsi ərəfəsində ölkənin dəzgahlara ehtiyacının 80%-ə qədəri idxal hesabına ödənilirdi.

Sovet İttifaqında isə artıq 1923-cü ildə ilk traktor buraxılışına başlanmış, 1930-cu ildən onların kütləvi istehsalına, həmin ildə həmçinin dəzgah, dünya standartlarına cavab verən aviasiya məhsulları (o cümlədən təyyarə) istehsalına başlanmışdı. [4] 1926-1931-ci illər ərzində 5 ildən də az müddətdə sənaye istehsalında müharibədən əvvəlki (1913) səviyyə bərpa olunmuş sənayenin bəzi müasir sahələri yaradılmışdı.

Hazırda hamı tərəfindən qəbul edilən belə bir fikir var ki, guya Sovet planlı iqtisadiyyatı ancaq hərbi sahədə uğurlara malik idi. Bu iqtisadi sistem bazar sistemi ilə müqayisədə texniki tərəqqini mənimsəmək qabiliyyətinə malik deyildi. Lakin sovet dövrünün iqtisadi inkişaf tarixinə diqqət yetirdikdə sintetik kauçuk, radiolokasiya, penisillin, televizor, reaktiv aviasiya, atom elektrik stansiyası, atom mühərrikli mülki gəmilər, kompüter, lazer qurğuları və s. istehsalı müstəqil surətdə mənimsənilmiş, onların bəziləri inkişaf etmiş kapitalist ölkələrindən əvvəl baş vermişdi.

Bu gün də çətin izah olunur ki, Sovet ittifaqı 1920-ci illərin əvvəllərində tam iflasa uğramış, dağıdılmış iqtisadi bazanın əsasında (1913-cü ilə nisbətən sənaye istehsalı 5 dəfə aşağı düşmüşdü) iqtisadiyyatın və cəmiyyətin moderinləşmə sıçrayışına necə nail ola bilmişdi. Çar Rusiyası isə iqtisadiyyatın bəzi sahələrində (məsələn, dəmir yolu nəqliyyatında) çox əhəmiyyətli inkişafına baxmayaraq, belə bir şansdan məhrum olmuşdu. Bunun özünü də təkcə bolşevik rejiminin günahlarına və cinayətlərinə yazmaq düzgün deyildir.

Yəqin ki, bu gün az iqtisadçı tapılar ki, sovet iqtisadi sistemini kapitalist bazar sistemindən mükəmməl və səmərəli hesab etsin. Lakin burada söhbət iqtisadi sistemin özünün ümumiyyətlə səmərəliliyindən yox, onun modernləşmə vəzifələrini həll etmək üçün mövcud resursları nə dərəcədə səmərəli səfərbəretmə qabiliyyətindən gedir. Tarixi inkişafın müəyyən dövrlərində, məsələn, ilkin sənayeləşmə mərhələsində (keçən əsrin 20-30-cu illərində SSRİ-də və sonralar digər sosialist düşərgəsi ölkələrində) planlı sosialist iqtisadiyyatı resursları səfərbəretmə qabiliyyətinə görə özünü bazar sistemindən üstün göstərə bilər. Bunun əsas səbəbini həmin ölkələrdə iqtisadiyyata dövlət müdaxiləsinin çox yüksək həddə olmasında görmək lazımdır. Həmin dövrdə dövlət müdaxiləsinin köməyi ilə modernləşmə istiqamətində əhəmiyyətli işlər görülsə də, modernləşmənin bütün kriteriləri baxımından yarımçıq və ya başa çatdırılmamış işlər hələ çox idi.

Doğrudan da, Rusiyada 1917-ci il inqilabından sonra formalaşan sovet elitası ölkədə başlamış olan sənayeləşməni həyata keçirmək və SSRİ-ni ən inkişaf etmiş kapitalist ölkələrinin səviyyəsinə çatdırmaq üçün dəqiq strategiyaya malik idi. Bundan başqa, sovet elitası (bürokratik elita) cəmiyyətdə tutduğu aparıcı mövqeyinə görə də sənayeləşməni başa çatdırmaqda kifayət qədər maraqlı idi. Bu elitanın bütün nümayəndələri – «qırmızı direktorlar»dan başlamış hakim partiyanın və hökumətin rəhbərlərinə qədər, ölkənin modernləşməsi üzrə hər hansı uğurlu addımı onların cəmiyyətdəki xüsusi statuslarının və nüfuzlarının da yüksəlməsi və möhkəmlənməsinə xidmət edirdi. Bütün bunlar, eyni dərəcədə təsərrüfat, hərbi partiya və inzibati elitaya aid idi. Sovet elitası işdə özünün çox yüksək sosial məsuliyyətini nümayiş etdirmişdi.

Modernləşmənin kütləvi subyekti olan – əhalinin böyük əksəriyyətinin qoşulmadığı və ya müdafiə etmədiyi, onların sosial səfərbərlik mexanizmlərinin işə salınmadığı bir şəraitdə modernləşmə layihəsi uğurlu nəticələr verə bilməzdi. Bolşevizm tənqidçiləri bir qayda olaraq, iqtisadi siyasəti əsasən zorakı metodlarla aparan Stalin rejiminin repressiv mahiyyətinə diqqəti yönəldirlər və modernləşmənin uğurlu nəticələrini də daha çox bununla bağlayırlar. Lakin əslində, repressiv Stalin rejimi modernləşmənin daha geniş spektrlərinin həyata keçirilməsinə, həmçinin SSRİ-nin daha yüksək templərlə inkişafına mane olmuşdu. [5]

Qeyd etmək lazımdır ki, repressiyalar avantürist zorakı metodlar iqtisadi siyasətdə ancaq müvəqqəti və keçici effekt verə bilərdi. Qısa müddətdə modernləşmə strategiyası sovet sistemində hakim olan eqalitarizm ideologiyası və siyasəti və sosial yaradıcılığın inkişafı ilə sıx surətdə bağlı idi.

Sosial yaradıcılıq fenomeni – iqtisadi və ictimai həyatın təşkilini yeni formalarının bilavasitə zəhmətkeşlərin özləri tərəfindən yaradılması demək olmasa da, onların birbaşa iştirakını nəzərdə tutur. O, işçilərin müəssisədə uçot və nəzarətdə idarəetmədə, yarışmada iştirakından tutmuş Stalin kollektivləşməsinin məhvinə qədər uğurla fəaliyyət göstərən kooperativ və icmaların yaradılmasınadək bir sıra sosial prosesləri və münasibətləri özündə birləşdirən «entuziazm» anlayışında ifadə olunur.

Eqalitarizm – cəmiyyətə bəyan edilən və praktikada əksərən həyata keçirilən elə bir ideya idi ki, guya, SSRİ-də modernləşmə uğrunda mübarizə hər bir vətəndaşa öz qabiliyyətini ifadə etmək və reallaşdırmaq üçün bərabər imkanlar açır. Burada, eyni zamanda fərdi səylərin uğurla nəticələnməsi üçün həmrəylik, kollektivizm, qarşılıqlı yardım kimi dəyərlər ön plana çıxırdı. Bu dəyərlər təkcə təbliğat ünsürü deyil, Sovet cəmiyyətinin müxtəlif ictimai biliklərin və digər sosial institutların fəaliyyətində təzahür edirdi. Təəssüf ki, azad kollektivçilik prinsipi ən ümdə deyildi, bürokratik diktat tədricən tam hakim kəsilirdi və artıq 30-cu illərin ortalarına insanların azad könüllü əməkdaşlığı sırf dekorasiyaya çevrilmişdi, arxada hər şeyi bürokratik aparat həll edirdi.

Belə ziddiyyətli vəziyyət – sovet cəmiyyətində zəhmətkeşlərin öz mənafeləri üçün birgə mübarizə aparma ənənələrinin (həmkarlar ittifaqlarının və s.) yoxluğu, əhalinin böyük əksəriyyətinin sosial-mədəni səviyyəsinin çox aşağı səviyyəsi, bürokratiyanın tam hakim mövqeyi, hər cür sosial sərbəstliyin qəddarcasına boğulması və s. irəli gəlirdi.

Bütün bu çatışmazlıqlara baxmayaraq, «çatma sənayeləşməsi» SSRİ-də əhalinin sosial mobilliyinin kifayət qədər yüksək səviyyəsini, o cümlədən onların yeni sosial elitaya daxilolma imkanlarının genişlənməsini təmin edirdi. Kəndlilərin kütləvi surətdə sənaye fəhlələrinə çevrilməsi və ölkədə urbanizasiya prosesinin inkişafı ilə yanaşı, fəhlə və kəndlilərin ali təhsil almalarına hər cür şərait yaratmaqla, onlardan mütəxəssis-kadrların hazırlanması da baş tuturdu. Ali təhsil almaqla yanaşı, onlara siyasi karyera imkanları da yaradılması, sovet cəmiyyətində şaquli sosial mobilliyin əsas kanallarından biri idi.

Sosial mobillik mexanizmlərinin sosial-mədəni və ideoloji aspektlərinə nəzər yetirdikdə, sosial mənafeləri səfərbər edən əsas motiv kimi nə istehlak səviyyəsi, nə də karyera çıxış edirdi. «Vətən naminə nümunəvi və vicdanlı çalışmaq» kimi dəyərlər və şərəf – ləyaqət haqqında ilk baxışda bayağı görünən şüar, real həyatda – istər istehsalatda, istər elm və incəsənətdə, səhiyyədə və ya böyüyən nəslin tərbiyə olunmasında, yeni texniki və sosial nəticələrin, istənilən yaradıcılıqda əldə olunan nailiyyətlərə ən yüksək sosial qiymət verilməsində təzahür edirdi.

İnsanların ən müxtəlif yaradıcılıq qabiliyyətlərinin reallaşması və genişlənməsi üçün asudə vaxtdan istifadə imkanlarının artırılmasına xüsusi diqqət verilirdi. Ali təhsilin nüfuzu və inkişaf tempi kifayət qədər yüksək idi. Qeyd etmək lazımdır ki, bütün bu ünsürlər təkcə industrial cəmiyyətlər üçün deyil, postindustrial cəmiyyətlərə üçün də xarakterikdir.

Əslində, istehlak səviyyəsinin artımı da yaddan çıxmamışdı, ona birinci dərəcəli əhəmiyyət verilməsə də, sosialist eqalitar ideologiyası əhalinin fərdi və kollektiv sosial təminatları sistemində istehlak ehtiyaclarının təmin olunmasına kifayət qədər yüksək diqqət ayırırdı. Hətta keçən əsrin 20-ci illərində SSRİ-də təşəkkül tapan sosial təminat sistemi bəzi parametrlərinə görə Qərbin inkişaf etmiş ölkələrini də qabaqlayırdı.

Burada, ilk növbədə, əhalinin bütün təbəqələri üçün tibbi sığorta, işsizliyə görə sığorta, pulsuz ali təhsili və s. qeyd etmək lazımdır. 20-ci ilin sonuna əhalinin demək olar ki, əksəriyyətinin iştirak etdiyi istehlak kooperasiyası vasitəsilə yaradılan bölgü sistemi, geniş yayılan kredit, mənzil-tikinti və mənzil-icarə və digər kooperasiya formaları da az əhəmiyyətli rol oynamamışdı.

Eqalitarizmin digər nümunəsi kimi sovet elitasının öz gəlirlərini məhdudlaşdırmasını göstərmək olar. Məsələn, 20-ci ilin sonlarına qədər partiya üzvlərinin gəlirlərinin yuxarı həddi kimi «partmaksimum» prinsipi fəaliyyət göstərirdi. Daima artmaqda olan bürokratik imtiyazların mövcudluğuna baxmayaraq, uzun müddət ərzində əhalinin əsas kütləsinin istehlak səviyyəsi ilə aşağı və orta bürokratik təbəqənin istehlak səviyyəsi arasında çox da böyük fərqlər yox idi. Bundan başqa, SSRİ-də intensiv şaquli sosial mobilliyin mövcudluğu təkcə sosial pillələrdə sürətlə yüksəltmək imkanı ilə deyil, həm də belə templə aşağı yuvarlanmaq imkanı ilə şərtlənirdi. Bürokratiyanın qapalı irsi kastaya çevrilməsi, əslində sovet tarixinin sonrakı tarixində baş vermişdi.

Lakin inkişafın istər industrial, istərsə də postindustrial cəmiyyət üçün xarakterik olan yeni istiqamətlərinin və dəyərlərin formalaşmasının uzunmüddətli strategiyası kifayət qədər möhkəmlənə bilməzdi. Bu strategiya 50-60-cı illərdə də müəyyən rol oynasa da, mövcud dəyərlərin eroziyası labüd idi. Əsasən, ilkin industrial tipli əməklə məşğul olan əhaliyə, daha yüksək dəyərlər sistemi qəbul etdirmək çətin məsələ idi. Bu, həm də onunla mürəkkəbləşirdi ki, artıq SSRİ əhalinin istehlak səviyyəsinə görə dünyanın inkişaf etmiş ölkələrindən xeyli geridə qalırdı, digər sahələrdə fərqlər müəyyən qədər azalsa da, məhz istehlak səviyyəsindəki fərqlər açıq-aşkar görünürdü.

İndustrial cəmiyyət üçün «çatma modernləşməsi»nin uğurlarını təmin edən amirlik iqtisadi münasibətlər sistemi sonralar labüd olaraq «defisit iqtisadiyyatını» yaratdı. Burada, istehlak nə qədər yüksəlirdisə, yüksək keyfiyyətli istehlak mallarının qıtlığı bir o qədər hiss olunurdu. İndustrial cəmiyyətin doğurduğu, əhalinin tələbatlarının ödənilməsində sovet sisteminin azsəmərəliliyi, məhz bu tələbatın ödənilmə arzusunu ən mühüm sosial mənafeyə çevirirdi.

20-ci illərdə, xüsusən Stalinin mütləq hakimiyyəti dövrlərində qabaqcıl kapitalist dövlətlərinin industrial səviyyəsinə yaxın, hər cürə sosial ziddiyyətlərdən uzaq, lakin kapitalizm cəmiyyəti olmayan başqa bir yeni cəmiyyət qurmaq, əslində, real bir şey deyildi. Yaradıcı, elmi və ümumiyyətlə ixtisaslaşmış əməyin yüksək səviyyəsinə baxmayaraq, ölkədə işləyənlərin yarıya qədəri aşağı ixtisaslı əməklə məşğul idi. Belə insanlardan öz yaradıcılıq potensiallını reallaşdırmağı gözləmək sadəlövhlük olardı.

Bundan başqa, bürokratik sistemin özü də getdikcə daha şərtləşirdi və istər iş yerlərində, istərsə də işdən kənarda hər cür sərbəst yaradıcılıq ruhuna düşmən kəsilirdi. Bürokratiyanın öz hökmranlığını əbədiləşdirmək, aşağıdan real və tənqidi boğmaq cəhdləri, onların özlərinin səriştəsizliyini, bacarıqsızlıqlarını aşkara çıxarmağa yönəlmiş istənilən səylərə qarşı dözümsüzlük nümayiş etdirmələrində büruzə verirdi. Sovet insanlarında uşaq yaşlarından tərbiyə olunan, özünü reallaşdırmağa ehtiyac hissi bürokratik əngəllərlə üzləşirdi. Əhalinin daha savadlı, təhsil görmüş və mədəni təbəqələrində tədricən bürokratiyaya və onun daşıyıcılarına qarşı nifrət hissi, demokratiya və insan azadlıqlarına daxili ehtiyac yaranırdı. Bürokratik elitanın özü isə tədricən onların cəmiyyətdə hökmranlığını və sosial sabitliyini təmin edən sosial mexanizmlərdən və ideologiyadan imtina edirdi. Elitanın sosial məsuliyyəti «aşağıdan nəzarətin» sosial-siyasi mexanizmləri ilə möhkəmləndirilmirdi və ancaq ideoloji özünənəzarətə əsaslanırdı. İlkin ideoloji impulsun zəifləməsi həm də bürokratiyanın özünün sosial məsuliyyətinin aşağı düşməsinə gətirib çıxarırdı.

Təşəkkül tapmış iqtisadi və sosial mexanizmlərin təsirinin tükənməsi xüsusən 60-cı illərin ortalarına daha açıq-aşkar görünməyə başladı. Modernləşmə sıçrayışı ətalətlə sönməkdə olan inkişafa çevrildi, bununla yanaşı elitanın hərtərəfli modernləşmə ilə bağlı nəticələrin əldə edilməsinə marağının da sönməsinə gətirib çıxardı. Çünki modernləşmənin davam etməsi yolunda əhəmiyyətli bir uğur görünmədiyi üçün onların cəmiyyətdəki sosial statuslarının və imtiyazlarının yüksəlməsi və ya möhkəmlənməsinə inanmaq mənasız idi. Belə bürokratik elita öz mənafelərini reallaşdırmaq üçün başqa yollar axtarmağa başladı. Bu yol – korrupsiya və «gizli iqtisadiyyatın» inkişafı yolu idi.

Sovet sisteminin modernləşmə potensialı baxımından ən böyük naqisliyi, onun modernləşmənin iqtisadi və sosial mexanizmlərinin mövcud imkanlarını tükətməsində, yeni tarixi şəraitə uyğun modernləşmə mexanizmlərinin fəaliyyəti üçün şərait yaratmamağında idi. SSRİ məhz bu sahədə dünyanın inkişaf etmiş ölkələrinə uduzdu. Halbuki, həmin ölkələr məhz 70-80-ci illərdə iqtisadiyyatın strukturunda və texnoloji yeniləşmədə əhəmiyyətli uğurlar qazanmışdı.

Bundan başqa, SSRİ-də 70-80-ci illərdə inkişafın ləngiməsi və durğunluq yeni bir səmərəli modernləşmə layihəsinin də meydana çıxmasına səbəb olmadı, Qarbaçov dövründə ortaya atılan «yenidənqurma» siyasəti mahiyyətcə modernləşməyə «antimodernləşmə reaksiyası» idi.

3. Sovet iqtisadi sisteminin modernləşməsinə son cəhdlər

Qeyd etmək lazımdır ki, modernləşmə siyasətinin bütün yuxarıda sadalanan komponentləri SSRİ-nin dağılması ərəfəsində tam ziddiyyət zolağına daxil oldu. Ölkə kifayət qədər texniki-iqtisadi resurslara, modernləşmənin yeni mərhələsinin qarşısında duran vəzifələri həll etməyə müəyyən dərəcədə qadir olmasına baxmayaraq, iqtisadi tənəzzül, durğunluqdan yan keçə bilmədi. Planlı sovet sistemi istər texniki-tərəqqi, istərsə də əhalinin yaşayış standartlarına görə dünyanın inkişaf etmiş ölkələrindən daha da geriləməyə başladı. İslahat ideoloqlarının heç birinin çıxışlarında cəmiyyətdəki mövcud naqislikləri və qüsurları aradan qaldırmaq üçün hər hansı konkret təkliflərə rast gəlmək mümkün deyildi. Çoxları kapitalist iqtisadiyyatının daha səmərəli olduğunu qəbul etsə də, gələcək modernləşməni bazar sisteminə keçməkdə görmürdülər. Sovet partiya elitası problemi bütöv bir modernləşmə strategiyasının həyata keçirilməsində deyil, yuxarıda göstərilən bəsit islahat dəstində – liberallaşma + özəlləşdirmə + stabilləşmədə görürdülər.

Lakin 1985-ci il «yenidənqurma dövründən» sonra ortaya çıxan «demokratik müxalifət» düşərgəsi daha çox bürokratik elitanın nisbətən intellektual təbəqəsini əhatə etməsinə baxmayaraq, onlar məxsus olduqları elitanın əksər naqisliklərinin daşıyıcıları idilər. Onların ideoloji, oriyentasiyası, irad və narazılıqlarının xarakteri daha çox cəmiyyətdə yeni sosial rollarının güclənməsinə hesablandığından, bu da öz növbəsində neqativ təsirini göstərdi.

Əslində ölkənin inkişafına strateji yanaşma xoş məramla edilmişdi. Sovet dövrü üçün məşhur olan «işıqlı gələcək naminə işləyək» şüarı, «biz indi yaxşı yaşamaq istəyirik» şüarı ilə əvəz olunmuşdu. Sovet elitası köhnə sosialist ideologiyasından da əl çəkərək, sosial məsuliyyətin son dayağından da imtina etdi. Fərdi surətdə varlanma mənəvi cəhətdən daha məqbul hesab edildi, halbuki əhalinin əksər təbəqələrinin eyni vaxtda varlanması mümkün də deyildi. Təbii ki, varlanma uğrunda mübarizədə az bir qisim işgüzar təbəqə, çox vaxt hakim elitanın himayəsi altında olanlar qalib gəlirdi, lakin böyük əksəriyyətin bu uğursuzluğunu yeni ideoloqlar uduzanların öz günahı kimi qələmə verirdilər və sosializm dövründən qalma ənənələrə sadiq qalaraq, «işıqlı sabaha» (bu dəfə kapitalizm) daha tez yetişmək naminə «müvəqqəti çətinliklərə» dözməyi tövsiyə edirdilər. Burada yeganə fərq onda idi ki, yeni elita nə bu «işıqlı sabaha» tez yetişmək üçün əhəmiyyətli bir addım atmır, nə də həmin «müvəqqəti çətinliklərin» məhrumiyyətlərini çəkmirdilər, özləri isə daha sürətlə varlanırdılar.

Məhz belə yanaşmanın nəticəsi idi ki, sovet iqtisadi sisteminin son dövrü modernləşmə üçün resursların səfərbərliyə alınmasının təmin edilməsi üçün zəruri komponentlərdən məhrum idi. Əksinə, yeni sistem resurslara yanaşmada daha məsuliyyətsiz mövqe tutdu, ancaq yüksək likvidliyə malik resurslar dəyərli hesab olundu. Təbii resurslar iqtisadiyyatın ən zəruri investisiya mənbəyindən elitanın sürətlə varlanma vasitəsinə və sosial gərginliyin yumşaldılması məqsədi ilə neft və qaz ixracı hesabına əhali üçün ərzaq idxalına sərf olunurdu. Strateji yanaşmadan imtina burada da özünü büruzə verirdi. Neft və qaz ixracından gəlirlər əsasən, nəinki cari istehlaka yönəldilirdi, həm də neft-qaz hasilatı texnologiyasının, geoloji kəşfiyyatın modernləşməsinə xərclərin kəskin surətdə azaldılması ilə müşayiət olunurdu.

Ölkənin ərzaq təhlükəsizliyi məsələsinə tam etinasız yanaşılır, milli ərzaq məhsulları istehsalı idxal məhsulları vasitəsilə bazardan sıxışdırılıb çıxarılır, kənd təsərrüfatına təxsisatlar kəskin surətdə azaldılırdı. Faktiki olaraq, ölkənin strateji xarakterli resursları tar-mar edilir, dəyər-dəyməzinə satılırdı. Hətta yüksək texnoloji hərbi istehsalın konversiyası belə, müdafiə kompleksi müəssisələrini maliyyə cəhətdən sıxmaqla həyata keçirildiyinə görə, istər hərbi, istərsə də mülki məhsulların istehsalı kəskin surətdə azalırdı. Elm və təhsilin maliyyələşdirilməsi kəskin ixtisar olunduğundan, bu, xeyli talantlı və gənc alimlərin və mütəxəssislərin elmdən uzaqlaşmasına, ölkədən kütləvi surətdə «beyin axınına» səbəb oldu.

Dövlət büdcəsinin özü də iqtisadiyyatın modernləşməsinin maliyyələşdirilməsi məqsədilə resursların səfərbər olunmasına sərf olunmurdu. Hökumət proqramlarında bəyan edilən prioritetlər iqtisadi cəhətdən əsaslandırılmır, struktur islahatlar çox bəsit, primitiv istiqamətlərdə həyata keçirilirdi. Modernləşmə layihələrini uğurla həyata keçirən SSRİ və digər postsosialist ölkələrinin, həmçinin inkişaf etmiş ölkələrin təcrübəsi inkar edilir və ya nəzərə alınmırdı. Müasir şərait nəzərə alınmaqla, modernləşməni həyata keçirmək üçün hökumətin proqramları yarımçıq, bu sahədə səyləri isə Beynəlxalq Valyuta Fondunun tövsiyələrindən o yana getmirdi.

4. Azərbaycan müstəqillikdən sonrakı modernləşmə cəhdlərinin mərhələləri

Müstəqilliyin ilk illərində eqalitar sosialist ideologiyasından imtina edilsə də, müasir Azərbaycan elitası tərəfindən ölkədə sosial mobilizasiya rolunu oynaya biləcək hər hansı dünya görüşü irəli sürülməmişdi. Eqalitarizmdən imtina, tədricən sovet dövründə kifayət qədər uğurla təşəkkül tapmış sosial təminat sisteminin eroziyasına gətirib çıxarmışdı. İqtisadiyyatın imkanları, əsasən işləyənlərin əmək haqqı fondu hesabına formalaşan sosial ayrımlar (sosial müdafiə fondu) əhalinin əksəriyyəti üçün pensiya və müavinətləri, yaşayış minimumu səviyyəsində belə ödəməyə kifayət etmirdi. Belə şəraitdə, ölkə vətəndaşları ümidlərini ümummilli vəzifələrin həllinə deyil, ayrı-ayrılıqda xilas olmağa bağlayırdılar.

Azərbaycanın müstəqillik əldə etdikdən sonra modernləşmə cəhdlərini 3 mərhələyə ayırmaq olar:

I. 1992-1996-cı illəri əhatə edən müstəqilliyimizin ilk mərhələsinə planlı, iyerarxik idarə olunan inzibati amirlik sisteminin dağıldığı, yeni institutların yaranmadığı, Qorbaçovun «yenidənqurma» strategiyasının tam iflasa uğradığı, şəxsən Qorbaçov tərəfindən himayə olunan «erməni seperatizmi»nin artıq müharibəyə çevrildiyi, hələ sovet dövründə (1988) Ermənistandan deportasiya edilən 250 minə yaxın qaçqın soydaşlarımızın sıralarına Qarabağ və onun ətraf rayonlarından 700 mindən arıq məcburi köçkünün də (1992-1993-cü illər) əlavə olunduğu bir vaxtda daxil oldu.

İslahatın I mərhələsi planlı inzibati – amirlik iqtisadi iyerarxiyasının sökülüb-ləğv olunması, bazar iqtisadiyyatının özəyi olan – sərbəst qiymətqoyma, özəl mülkiyyət, açıq iqtisadiyyat, milli valyutanın bazar məzənnəsi və s. institutların tətbiq olunması ilə xarakterizə olunurdu. Eyni zamanda, ölkənin qanunvericilik sistemi də faktiki olaraq tam yenidən yaradılmağa başladı. Bu mərhələdəki islahatlar qeyri-ahəngdar olmaqla, həm də əlaqələndirilməmiş şəkildə aparılır, iqtisadiyyatdakı böhran əlamətləri daha da güclənirdi. Ölkədə hasil edilən ÜDM əvvəlki illə müqayisədə 1992-ci ildə 77,4%, 1993-cü ildə 76,9%, 1994-cü ildə 80,3%, 1995-ci ildə isə 88,2% azalmışdı. Bütövlükdə 1995-ci ildəki ÜDM 1992-ci ildəkinin 42,1%-ni təşkil edirdi. Həmin müddət ərzində sənaye məhsulları 66,9%, kənd təsərrüfatı məhsulları 47,7 %, nəqliyyat sektorunun yük daşıması 81,0%, satışın bütün kanallarından pərakəndə mal dövriyyəsi 61,9%, əhaliyə göstərilən pulu xidmətlər 29,0%, ixrac əməliyyatları 61,0%, idxal əməliyyatları 64,5%, əhalinin real pul gəlirləri 81,7% aşağı düşmüşdü. . [6]

Bazar münasibətlərinin formalaşmasının ilkin mərhələsi sayılan bu dövrün ən təəssüfdoğurucu nəticələrindən biri virtual iqtisadiyyatın və kriminal-oliqarx kapitalizmin önə çıxması idi.

Haddi və İkesin (1998) elmi dövriyyəyə atdıqları virtual iqtisadiyyat-ödəməmələr, barter və pul surroqatlarının hakim olduğu iqtisadiyyatdır. Müəssisələrin bir-birlərinə böyük həcmdə borcları, aparılan təsərrüfat əməliyyatlarının əksəriyyətinin barterlə aparılması vergilərdən kütləvi yayınmalara, dövlət büdcəsinin kəskin surətdə azalmasına gətirib çıxarırdı.

Ölkədə başlayan siyasi-iqtisadi islahatlar sayəsində vətəndaşlara verilən iqtisadi azadlıq və demokratiya dəyərləri demokratik institutların zəifliyi və vətəndaş cəmiyyətinin olmaması ucbatından reallaşa bilmədi. Əvəzində nə edildi:?

1) mülkiyyətin özəlləşmə adı altında bir qrup oliqarxların və onların əlaltılarının əlində cəmlənməsi, digər tərəfdə əhalinin kütləvi surətdə yoxsullaşması;

Böyük maliyyə qaynaqlarına malik olan oliqarxlar öz şəxsi və qrup maraqlarını hakimiyyətdəki məmur lobbiçiləri vasitəsilə də reallaşdırmaq imkanına malik oldular və bunun özü demokratiyanın ən vacib ünsürü olan- cəmiyyətdəki inam və həmrəylik amilini heçə endirdi.

2) mütəşəkkil cinayətkarlığın, «güc sahibkarlığının», özgə mülkiyyətinin zorla zəbt olunması, borcların «reket»çilər vasitəsilə qaytarılması və s. sayəsində vətəndaşların şəxsi təhlükəsizliyinin qorunmasında dövlətə inamının itirilməsi;

3) yeni demokratik qüvvələr də daxil olmaqla (AXC hakimiyyəti təmsilçilərinin), dövlət məmurlarının kütləvi və görünməmiş həcmdə korrupsiyaya qurşanması, xidməti vəzifədən sərvət toplama və öz biznesini yaratmaq üçün istifadə etməsi, başqa sözlə, oliqarxların hakimiyyətlə tam işbirliyi əsasında hər cür rəqabətin boğulması;

Bu amili də demokratiyaya ən ciddi zərbələrdən biri saymaq olar. Həmin dövrün hakim elitasına görə onlar ancaq renta sahibi ola bilərlər, istehsalla, yeni məhsul və texnologiyanın tətbiqi ilə məşğul olmaq mənasız bir işdir. Virtual iqtisadiyyatın çox bəsit bir sistemi: büdcə vasitələrindən istifadəyə xidmət edən yeni banklar açılması; büdcəyə lazım gəldikdə borc verilməsi; büdcə təşkilatlarından onlara ayrılan vəsaitlərə görə «faiz» (şapka) qoparılması, bütün bu məsələləri həll edən dövlət məmurlarına vaxtaşırı rüşvət ötürülməsi və s. burada da fəaliyyət göstərirdi.

4) ölkədə mövcud olan qanunlardan, qaydalardan gizlənmək müyəssər olan hər cür fəaliyyətin – vergilərdən yayınma, özü tərəfindən zəbt olunmuş mülkiyyətin təkrar zəbt olunmadan qorunması və s. «gizli iqtisadiyyat» sferasına keçməsi.

Bu mərhələdə gizli iqtisadiyyatın əksər hissəsi kiçik biznes sahəsində fəaliyyət göstərir.

İslahatların I mərhələsində göstərilən xoşagəlməz mənzərənin səbəblərini aşağıdakı kimi sıralamaq olar:

– Sovet İttifaqının dağılması ərəfəsində struktur deformasiyaların mövcudluğu;

– Sovet sistemi dəyərlərində, əhalinin dünya görüşündə, yaşayış və mədəniyyət tərzindəki qüsurlar və digər instusional amillər;

– iqtisadi siyasətdəki səhvlər, xüsusən dövlətin iqtisadiyyatdan vaxtından əvvəl getməsi.

5. Modernləşmə və iqtisadi transformasiyanın Heydər Əliyev mərhələsi

Azərbaycanda iqtisadi transformasiyanın II mərhələsi kimi 1996-2003-cü ili saymaq olar. Heydər Əliyev 1993-cü ilin ortalarında hakimiyyətə gələrkən ölkə tam siyasi-iqtisadi xaos içərisində idi. Xarici qüvvələr tərəfindən dəstəklənən vətəndaş müharibəsinin, həmçinin 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarındakı hakimiyyət çevrilişi cəhdlərinin qarşısı alınmış, ölkədə heç kəsə tabe olmayan, mənsubiyyəti bilinməyən çoxsaylı qanunsuz silahlı dəstələr ləğv edilmiş, yeni Prezident (1993) və Parlament seçkiləri keçirilmiş, ölkədə uzun müddət bərqərar olacaq ictimai-siyasi sabitliyin əsası qoyulmuşdu. 1994-cü ildə illik inflyasiya tempi 17,6%-dən 1995-ci ildə 511,8%-ə, 1996-cı ildə isə 119,9%-ə endirilmişdi. Məhz 1995-ci ilin sonu, 1996-cı ilin əvvəlinə ölkədə maliyyə sabitliyinin əsası qoyulmuş, iqtisadi islahatların ən vaciblərinə – torpaq islahatlarına, dövlət mülkiyyətinin özəlləşməsinə başlanmasına start verilmişdi. Qısa müddət ərzində islahatların qanunvericilik bazası formalaşdırılmış, artıq 1998-ci ilin əvvəlinə torpaqların, kiçik müəssisələrin özəlləşdirilməsi başa çatmış, növbəti mərhələdə orta və iri müəssisələrin özəlləşdirilməsinə başlanması üçün xüsusi Dövlət proqramı qəbul olunmuşdur. Ölkədə bazar strukturlarının və ona müvafiq infrastrukturun yaradılması uğurla davam etdirilmişdi . 1996-cı ildən başlayaraq ÜDM artımı həmişə müsbət rəqəmlə getmiş, 1996-cı ildə bu artım 101,3%, 1998-ci ildə 110,0%, 2000-ci ildə 111,1%, 2002-ci ildə 110,6% etmişdi. Başqa sözlə, 1996-2002-ci illər ərzində ÜDM 2,2 dəfə artmışdı. Bu müddət ərzində iqtisadiyyatın bütün sahələrində-o cümlədən, sənayedə artım 1,7 dəfə, kənd təsərrüfatında 1,4 dəfə, nəqliyyat sektorunda yük daşınmasında 2,4 dəfə, satışın bütün kanallarında pərakəndə mal dövriyyəsində 1,8 dəfə, xarici ticarət dövriyyəsində 2,4 dəfə, əhaliyə göstərilən pulu xidmətlərdə 1,9 dəfə təşkil etmişdi. 1996-2002-ci illər ərzində dövlət büdcəsinin gəlirləri 2,3 dəfə, iqtisadiyyatdan əldə edilən mənfəət 1,8 dəfə, əsas fondların istifadəyə verilməsi 4,1 dəfə, əsaslı kapitala yönəldilən investisiyalar 3,3 dəfə, istifadəyə verilən yaşayış sahələri 1,5 dəfə artmışdı. Əhalinin sosial vəziyyəti də xeyli yaxşılaşmışdı. Əhalinin adambaşına gəlirləri 2,5 dəfə, işləyənlərin orta aylıq əmək haqqı 3,5 dəfə, təyin olunmuş pensiyaların orta aylıq məbləği 3,5 dəfə artmışdı [7] . Göründüyü kimi əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə göstəricilər, iqtisadiyyatın əsas inkişaf göstəricilərini xeyli qabaqlayırdı.

Beləliklə islahatların bu mərhələsinin əsas xüsusiyyətlərini belə şərh etmək olar:

Birincisi, bazar islahatlarının təsiri altında Azərbaycan iqtisadiyyatının neft və neft məhsulları ixracından asılı olan strukturu formalaşdı, ərzaq məhsullarına və digər məhsullara ehtiyacının 60% qədəri idxal hesabına təmin olundu. Daxili bazarda əsasən kənd təsərrüfatı məhsulları və az miqdarda yeyinti sənayesi məhsulları rəqabət qabiliyyətli idi, sənayenin müasir sənayeləri, yeni yaxud innovasion məhsullar istehsalı yox dərəcəsində idi;

İkincisi, xarici valyuta axınının güclənməsi əsasında iqtisadiyyatın monetizasiyası və müvafiq olaraq pul təklifinin artması şəraitində, ödəmə intizamının və vergi inzibatçılığının az da olsa möhkəmlənməsi nəticəsində, artıq 1998-ci ilin əvvəlinə ödəməmələr problemi xeyli dərəcədə həll olunmuş, barter əməliyyatları isə demək olar ki, aradan qalxmışdı. Mənfəət vergisi, əlavə dəyər vergisi, aksizlər və s. üzrə dərəcələrin tədricən aşağı salınmasına baxmayaraq, məşhur Lafferin hipotezinə uyğun olaraq, büdcəyə vergi daxilolmaları istər mütləq həcmdə, istərsə də ÜDM – də müqayisədə artmağa başlamışdı. Məsələn, 1998-ci ildə büdcəyə vergi daxilolmaları ÜDM-in 11,9% təşkil etdiyi halda, bu nisbət, 2000-ci ildə 12,0%, 2002-ci ildə isə 11,7% olmuşdu. [8] Bu dövrdə ölkədən xarici kapital axını da xeyli azalmışdı;

Üçüncüsü, bu müsbət dəyişikliklərlə yanaşı o da məlum oldu ki, ölkə iqtisadiyyatında ciddi instusional dəyişikliklər aparılmadan, islahatların əsas məqsədlərini reallaşdırmaq mümkün deyildir. Belə ki, ölkənin iqtisadi inkişafı daha çox neft amilindən, neftin dünya bazarında qiymətindən asılı idi. Ölkəyə investisiya axınları bu illərdə xeyli artsa da, onların böyük əksəriyyəti yanacaq-energetika kompleksinə qoyulurdu. Sahələrarası kapital axını çox zəif idi, bu funksiyanı yerinə yetirəcək fond bazarının fəaliyyəti demək olar ki, yox dərəcəsində idi. Ölkə iqtisadiyyatına dair kifayət qədər çoxsaylı qanunvericilik aktları qəbul edilsə də, bu qanunlarda kifayət qədər boşluqlar və bürokratik əngəllərə, korrupsiyaya yol açan kifayət qədər mürtəce müddəalar qalmaqda idi. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və onların fəaliyyətinə müdaxilələrin aradan qaldırılması üzrə Respublika Prezidentinin müvafiq Fərmanları və bunun qanunvericilikdə də təsbit olunmasına baxmayaraq, istər icra, hüquq-mühafizə, istərsə də vergi orqanlarının sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilələri azalmamışdı.

Dördüncüsü, məhz islahatların ikinci mərhələsində cinayətkarlığa və xəlvəti iqtisadiyyata qarşı mübarizənin güclənməsinə, mülkiyyətin əksəriyyətinin legitimləşməsinə baxmayaraq, korrupsiya hələ də ciddi problem kimi qalmaqda idi. Kütləvi korrupsiya halları aradan qaldırılmadın, istər cəmiyyətdə, istərsə də iqtisadiyyatda modernləşmə sahəsində hər hansı təsirli uğur əldə etmək mümkün deyildir. Onu da qeyd etmək lazımdır ki, belə bir ciddi problem təkcə hökumətin deyil, bütün cəmiyyətin müqəddəs vəzifəsinə çevrilməlidir. Bundan ötrü, təkcə inzibati-iqtisadi vasitələr yetərli deyildir. Son illərdə elmi ədəbiyyatda geniş yayılmış bəzi fikirlərə görə-səmərəli iqtisadi artım, modernləşmə üçün millətin üstünlük verdiyi mədəni-mənəvi dəyərlər də az əhəmiyyətə malik deyildir. [9]

Azərbaycanda 1993-cü ildə İlham Əliyevin Respublika Prezidenti seçilməsi ilə cəmiyyətdə, eləcə də iqtisadiyyatda islahatların üçüncü mərhələsinə qədəm qoyulmuşdur. Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək olar.

6. Modernləşmədə dəyərlər sisteminin və mədəniyyət amilinin rolu

Dünyanın nüfuzlu alimlərinin institutlar, dəyərlər və mədəniyyətin ən azı bir insan ömrü müddətində dəyişilməzliyinə dair fikirləri fərqlidir. M. Veber, D. Nort, F. Fukiyama, L. Harrison, S. Hantinqon və s. görə ictimai həyatın bir çox sahəsinə təsir edən bu kateqoriyalar çox az dəyişkəndir. K. Marks, R. İnqlhart, D. Ball və s. görə həmin kateqoriyalar müəyyən gecikmələrlə də olsa, bir sıra amillərin, xüsusən iqtisadi amillərin təsirindən asılı olaraq dəyişir. Sonuncu fikirlərə ancaq Qərb cəmiyyətlərini öyrənən tədqiqatçılar tərəfdar çıxır.

M. Veberin məlum əsəri [10] işıq üzü görəndən sonra protestant dəyərlərin daha məhsuldar olması və bu dəyərlərin Qərbi Avropa və Şimali Amerika ölkələrinin iqtisadi inkişafındakı uğurlarda əsas rol oynaması çoxları tərəfindən qəbul olunmağa başladı. Hər halda, əlavə olaraq bəzi səbəbləri də nəzərə alsaq, bu ölkələrdə iqtisadiyyat da, dəyərlər də daha dinamik görünür. Hətta XVII əsrə xas olan puritan qənaətçiliyi bu gün inkişaf etmiş ölkələrdə geniş yayılan «çox qazan və çox xərclə» normaları ilə bir araya sığmır. Birinci – çox qazanma prinsipi aktual olarkən – ilkin kapital yığımının baş verməsinə, ikinci prinsip isə tələbin artmasına səbəb olur. İqtisadiyyatın bu obyektiv və dəyişən tələbi arasında əlaqə aşkardır.

R.İnqlhart bunu nəzərə alaraq yazır: «İqtisadi inkişafın doğrudan da, mütləq sosial normalardan daha çox etibar olunan rasional, çevik postmodernist dəyərlərin xeyrinə bilərəkdən imtinaetmə sindromu ilə bağlıdır». [11]

Buna baxmayaraq qərb liberal dəyərlərinin müəyyən, ümumi əsasları dəyişməzdir. L.Harrison mədəniyyətin xarakterinin cəmiyyətin inkişafının asılı olduğu 4 amilini qeyd edir: 1) inam (etibar) dairəsi və ya ümumilik hissi; 2) etik sistemin ciddiliyi; 3) hakimiyyətin reallaşma üsulu; 4) əməyə innovasiyalara, qənaətə və mənfəətə münasibət. Onun fikrincə, yüksək inam və etibar; adətən dinlə – daha çox katoliklikdən üstün olan protestantlıqla bağlı etika sistemi; hakimiyyətin reallaşma üsulu kimi demokratiya; zəhmətsevərlik, təhsil, innovasiyalara, qənaətcilliyə meyllilik, uğurun ifadəsi kimi mənfəətgüdmə daha məhsuldardır. [12]

Rus tədqiqatçısı V.M.Lopuxin inam, məsuliyyət və şəxsiyyəti ayırır. [13] Ona görə, şəxsiyyət xüsusən vacibdir, belə ki, qərb dəyərlər sistemində individualizm, azadlıq və insan haqlarına üstünlük verilir, dəyər etik sistemlərdə, o cümlədən pravoslavlıqda antroposentrizm dini təsəvvürlərə zidd olduğuna görə mühakimə olunur. İndividualizm həm də başqalarına qarşı eqoizm, qəddarlıq, həmçinin özünütəcridetmə, kütlədə tənhalıq kimi qəbul edilir. Halbuki, təcrübə də göstərir ki, müstəqil, sərbəst şəxsiyyətlər humanizm və yüksək səviyyədə həmrəylikdən məhrum deyillər, azadlıq sosial məsuliyyəti nəzərdə tutur və bu ancaq özü kimi hüquqlarına hörmət edən insanlar mühitində mümkündür.

Bu gün qərb iqtisadiyyatının və mədəniyyətinin istər daxildə, istərsə də bizim alimlər tərəfindən daima tənqid olunmasına baxmayaraq, onlar artıq 400 ilə yaxındır ki, dünya sivilizasiyasından, o cümlədən vətəndaşların yüksək rifah halının, yeniliklərin təmin olunmasında, həmçinin mənəvi dəyərlərin yaranmasında üstünlüklərini göstərməkdədir.

Yuxarıda protestant etika ilə bağlanan liberal məhsuldar mədəniyyət bəzi ölkələrdə müsbət nəticələrini göstərsə də, eyni etika çərçivəsində Latın Amerikası ölkələri timsalında pis nəticələrini də göstərmişdir.

Argentina tədqiqatçısı Mariano Qrondon hələ XX əsrin 30-cu illərində iqtisadi və siyasi böhranın girdabında boğulduğu öz ölkəsinin təcrübəsini ümumiləşdirərək, bu iki mədəniyyətin vacib ictimai institutlara münasibətlərinin müqayisəsini vermişdir: [14]

1) Sərvətlər: məhsuldar mədəniyyətdə – şəxsi təşəbbüslərin və səylərin nəticəsi; qeyri-məhsuldar mədəniyyətlərdə – bu bölgü üçün mövcud resurs kimi qiymətləndirilir, möminliklə var-dövlət yığmaq olmaz.

2) Rəqabət: məhsullar mədəniyyətdə – kamilliyə səyləri inkişaf etdirən və ictimai sərvəti artıran müsbət qüvvədir; qeyri-məhsuldar mədəniyyətdə – cəmiyyətdə sabitliyə və həmrəyliyə təhlükə yaradan, aqressiya forması, paxıllıq mənbəyidir.

3) İqtisadi məqsədəuyğunluq: məhsuldar mədəniyyətdə – qənaətcillik və gələcəyə investisiya qoymaq; qeyri-məhsuldar mədəniyyətdə – bu gün bərabər bölgüdür.

4) Əmək: məhsuldar mədəniyyətdə – ictimai borc və özünüifadənin başlıca forması, tələbatların ödənilməsinin daha ləyaqətli mənbəyidir; qeyri-məhsuldar mədəniyyətdə – yük, qaçılmaz işləmədən həyatdan ləzzət almaqdır.

5) Özgəfikirlilik: məhsuldar mədəniyyətdə – həqiqəti tapmanın və cəmiyyətin daima yeniləşməsinin vacib şərti; qeyri-məhsuldar mədəniyyətdə – stabilliyi və birliyi poza bilən cinayətdir.

6) Həyat: məhsuldar mədəniyyətdə – hər kəsin özümün edə biləcəyi şeydir; qeyri-məhsuldar mədəniyyətdə – qarşısıalınmaz qüvvələrin oyun meydanıdır, burada insanlar qorxu və ya pessimizm içərisində yaşayırlar.

L.Harrison Latın Amerikası ölkələri üçün etibarın aşağı olması, familizm (xeyirxahlıq və etibarlıq ancaq ailə və ya tayfa üzvlərinə şamil edilir, ondan kənarda başqa qaydalar mövcuddur) və xarici sosial nəzarətin zəruriliyi ilə şərtlənən mərkəzləşmə və bu zaman çiçəklənməkdə olan cinayətkarlığın boğulması kimi xarakterik cəhətləri də əlavə edir. [15] Mərkəzləşmə daima yaradıcılığı boğur, bürokratiya, korrupsiya və gizli iqtisadiyyatı doğurur.

Harrison burada etik sistemin ciddiliyinin əhəmiyyətinə vararaq, kalvinizm və iudaizmdən fərqli olaraq Latın Amerikası katoliszmində günah işlərə necə etinasız yanaşıldığını, adi peşmançılıq, tövbəetmə və günahın bağışlanması üçün ibadətin də kifayət etdiyini göstərir. Onun yazdığına görə bu günün özündə də müstəqil, asılı olmayan məhkəmə sistemi ancaq Kosta-Rikada mövcuddur. [16]

7) Hakimiyyətin reallaşması: Bir ənənə olaraq ispandilli Amerikada hakimiyyətə bir lisenziya, indulgensiya kimi baxılır. İspandilli amerikalı həyata hakimiyyət uğrunda mübarizə kimi baxır və hakimiyyət əldə olunduqdan sonra o, heç bir Konstitusiya mənafelərinə, başqalarının hüquqlarına və hətta ağıl-dərrakəyə məhəl qoymadan öz şəxsi maraqları, varlanması haqqında fikirləşməlidir. Bu gün Latın Amerikası ölkələrində dövlət başçılarının hakimiyyəti tərk etdikdən sonra da ölkələrinin ən varlı adamlarına çevrilməsi adi haldır. [17]

Latın Amerikasında – ailədə, kilsədə, məktəbdə, dövlət müəssisələrində, biznesdə avtoritarizm – risk, yenilik və sahibkarlıqla bağlı istənilən təşəbbüsün cəzalandırılması qorxusundan yerindəcə boğulurdu.

Harrison hesab edir ki, dünyanın iyerarxik mənzərəsi və avtoritar hakimiyyət, paternalizm və sosial qəddarlıq – inkişaf etməkdə olan ölkələrin, həmçinin Şərqi Asiya ölkələrin – Yaponiya, Koreya, Tayvanın ənənəvi aqrar-feodal cəmiyyətlərinin və ya onun qalıqlarının ümumi cəhətləridir. Lakin nədənsə, bu ölkələrin bir qismi iqtisadi inkişafda uğurlar qazanmış, digərləri isə inkişafdan qalmışdır. [18]

Məhz sosial təşkilin iyerarxikliyi və avtoritarizm əsasında Şərqi Asiya ölkələri öz müasir iqtisadi inkişaf yoluna qədəm qoymuşdular. Bu ölkələrin xarici aləmə qapalılığı da az rol oynamamışdı və məlum olduğu kimi bunun aradan qaldırılmasına Qərb, həmin ölkələrə zor tətbiq etməklə nail olmuşdu. Bunun sayəsində Avropa ölkələrinin bir qismi XV əsrə qədər dünya liderliyini saxlayan Çini qabaqlaya bilmişdilər.

Şərqi Asiya «fenomeninin» özünün bir sıra əlamətdar cəhətləri də vardır. Birincisi, bu ölkələr üçün bəzi ədəbiyyatda «düyü mədəniyyəti» adlanan yaşam tərzi xasdır. Burada əhalinin yaşanması mövcudluğu üçün əməyin daima gərginliyi, müntəzəmliyi və dəqiqliyi xarakterikdir. Hətta son onilliklərə qədər bu ölkələr dəfələrlə aclığa məruz qaldığından, hər bir ailə özünün artıq üzvünü yedizdirə bilməyəcəyini əvvəlcədən bilir. Məhz bu səbəbdən həmin xalqlara yüksək əmək əxlaqı, konfusilik əməksevərliyi, vaxtının əksər hissəsini işləyib-çalışmağa sərf etmək xasdır.

İkincisi, bu ölkələrdə əhalinin əksəriyyəti tərəfindən qəbul edilən konfusilik etikası sosial iyerarxiya çərçivəsində spesifik münasibətləri – qarşılıqlı məsuliyyət münasibətlərini nəzərdə tutur. Məlum olduğu kimi konfusi sistemi beş növ: 1) ata (müəllim) və oğul; ataya hörmət – ən başlıca şərəfdir; 2) rəis və təbəə – himayə və itaət; 3) ər və arvad; 4) böyük və kiçik qardaşlar; 5) dostun dosta – qarşılıqlı münasibətlər üzərində qurulur. Sadalanan qarşılıqlı münasibətlərin dördü tam tabeçiliyi nəzərdə tutur. Ailə – dünyanın başqa ölkələrdə familizmə xas olan etibarlığın özəyidir, lakin burada icma da, firma da bir ailədir. Yaponiyada isə hətta millətin özü imperator başda olmaqla bir ailədir. Çində qohumluq əlaqələri beşinci nəslə və qohumluğun üçüncü pilləsinə qədər davam edir. Məhz bu səbəbdən, Çində etibarlılıq və ümumilik (birlik) səviyyəsi Latın Amerikası ölkələrindən yüksəkdir. Birinci dörd münasibətdə böyük qardaş kiçik qarşısında öhdəlik daşıyır, ancaq bu öhdəliyə əməl olunduqda tabeçilik münasibətləri legitim sayılır. Dostun dosta münasibətində hələ Ekleziast dövründən qalma – «başqasından görmək istəmədiyini onlara da etmə» qaydası hökm sürür. Beləliklə, konfusilik etikası özbaşınalığı qəbul etmir və təkcə bu etibarlıq dairəsini xeyli artırmış olur.

Konfusilik həm də təhlükə sövq edir. Düzdür, ənənəvi təhsil daha çox ortodoksallığın güclənməsinə və hakimiyyəti idarə etməyə, hakim kasta üçün kadr seçiminə xidmət edirdi. Buna baxmayaraq, iyerarxiya pillələri ilə yüksəlmək hər hansı mənşəyə, qohumluğa görə deyil, savadlığa – elmliyə və xidmətlərə görə müyəssər olurdu ki, bu da cəmiyyətdə müəyyən sosial mobilliyi təmin edirdi. Məşğulluq iyerarxiyasında varlanma hərisliyi ilə əlaqəsinə görə ticarət, kənd təsərrüfatı və sənətkarlıq ən sonuncu yerlərdə dururdu.

Konfusilik çox qədim təlim olmaqla, özünün yarandığı dövrdə hakim olan aristokrat, feodal baxışları ifadə edirdi və buna görə də hər cür təsərrüfat fəaliyyətinə ikrahla yanaşır, bunu insan ləyaqətinə yapışmaz hesab edirdi.

Qeyd edilən bəzi üstün cəhətlərinə baxmayaraq konfusilik avtoritarizmin, iyerarxiya və ortodoksallığın dayağı kimi qəbul edilir. Buna görə də Veber vaxtı ilə konfusiliyin yayıldığı ölkələrdə onun gələcək inkişafı üçün əngəl olacağını qeyd edirdi. Onun fikrincə, istənilən innovasiya konkret məmurun gəlirinə təhlükə yarada bilər.

Əlbəttə, burada Veberin dəyərləndirmələrinə birmənalı yanaşmaq olmaz. Konfusiliyin formal cəhətdən ticarətdə etinasız yanaşmasına baxmayaraq, Çin vətəndaşlarında pul qazanmaq motivləri kifayət qədər güclüdür, bu gün dünyanın istənilən ölkəsində kəndbəkənd, şəhərbəşəhər alver edən Çin «çelnokçularının» sayı-hesabı yoxdur və Azərbaycan da bu cəhətdən istisna deyil. Qəbul olunmuş ideologiyanın əksinə olaraq, hazırda maddi rifah halı da Çində yüksək qiymətləndirilir.

Bir qədər sonra Şərqi Asiya ölkələrinin uğurları açıq-aşkar göründükdə tədqiqatçılar konfusi mədəniyyətində ziddiyyətli cərəyanlar tapmağa başladılar. «Sahibkarlığı boğan qüvvələri, xüsusən bürokratik buxovları neytrallaşdırın və sahibkarlıq nüfuzunu təmin edin və siz praktiki olaraq kalvinizm prinsipinə oxşar uğurlara sövq edən maksimum nəticə əldə edəcəksiniz» kimi fikirlər meydana çıxmağa başladı. [19] Lakin bunun baş verməsi üçün müəyyən şərtlər də olmalı idi. Hər şeydən əvvəl – çağırış (meydan oxunma). Xarici qüvvələr tərəfindən Yaponiyaya meydan oxunması, əvvəlcə ölkədə Meydzi inqilabına, sonra isə ikinci dünya müharibəsində məğlubiyyətə gətirib çıxardı. Lakin milli həmrəylik və etibarlıq ənənələrinə uyğun olaraq burada çağırış güclü qüvvəyə çevrildi. Eyni zamanda, xarici bazarlarda əlverişli şərait ABŞ və Avropanın bazarlarını Yaponiyanın üzünə açdı, bu ölkələrdə artıq çoxdan istifadə olunan, bir çox texnologiyalar asanlıqla Yaponiyaya gətirildi. Yüksək ixtisaslı olmasa da, dəqiqliyi və intizamı ilə seçilən ucuz iş qüvvəsi yeni texnologiyanı mənimsəməyə həvəsli və kifayət qədər hazırlıqlı idi. İxraca istiqamətlənən istehsal tədricən xeyli xarici valyuta əldə etməyə imkan verdi ki, bunu da yenidən investisiyaya çevirmək mümkün oldu. Beləliklə, «çatan inkişaf modeli Yaponiyanın timsalında» dünyada ilk dəfə reallığa çevrildi.

Yaponiya həmin dövrə qədər də industrial ölkə idi və onu sürətləndirmək üçün ehtiyatları da kifayət qədər idi. Bu vacib yolda Şərqi Asiya ölkələrinin xalqlarına, xüsusən yaponlara xas olan kollektivdəki qarşılıqlı münasibətlər əhəmiyyətli rol oynadı. Firmaların idarə edilməsinin hətta müşahidəçiləri də heyrətə salan industrial konfusilik prinsipi əsasında qurulan spesifik, orijinal bir tipi təşəkkül tapmağa başladı. Bu idarəetmə tipi, məhsulun keyfiyyətinin yüksəlməsində və istehsal xərclərinin azalmasında böyük uğurlar əldə etməyə imkan verdi.

Beləliklə, Yaponiyanın sənayenin və ticarətin inkişafında, xarici bazarların fəth olunmasında uğurları, məhz kütləvi industrial istehsal şəraitinə uyğunlaşa bilmiş arxaik mədəniyyətin hesabına baş verdi. Bu mədəniyyətdə inkişafa mane olan, hökumətin və biznesin məqsədlərini məhdudlaşdıran amillər ya tədricən aradan qaldırılır, ya da özü-özünə sıradan çıxırdı. İri şirkətlərin sifarişləri əsasında işləyən kiçik biznesin inkişafına mane olan baryerlər belə götürülmüşdü.

Burada, Doc planı üzrə ölkədə maliyyə sabitləşməsini təmin edən Amerika işğalı da mühüm rol oynamışdı, belə ki, Koreya müharibəsi zamanı Yaponiya şirkətləri iri həcmdə hərbi sifarişlər ala bilmişdi və modernləşmənin ilk mərhələsində belə impuls çox vacibdir.

1990-cı ilin əvvəllərində Yaponiyada ənənəvi dəyərlərə söykənməklə industrializasiya əsasında «çatma inkişaf modeli» öz imkanlarını tükənməyə başladı. Artıq postindustrial inkişaf üçün Şərqi Asiya mədəniyyətində olmayan azadlıq, individualizm tələb olunmağa başladı. İlk vaxtlarda Yapon möcüzəsinin əsasını təşkil edən dəyərlər indi inkişafın əngəlinə çevrilmişdir.

Yaponiyanı bu uğurları ortada olsa da, qonşu ölkələr iki ölkə – SSRİ və ya Yaponiya təcrübəsinə üstünlük verdilər. Çin sovet marksizmi elə konfusiliyi əlaqələndirməyə cəhd edərək Mao Tsze Dunun rəhbərliyi ilə «mədəni inqilaba» başladılar və 10 ildən artıq davam edən «eksperiment» ölkəyə vətəndaş müharibəsi, kütləvi repressiyalardan savayı ciddi bir şey vermədi. Çin hakim elitasında Den Syao Pin tərəfdarlarının güclənməsi nəticəsində, kəndli və sənətkarların fəaliyyətinə qoyulan məhdudiyyətlər götürüldü, bu isə öz növbəsində aqrar – industrial keçidin başa çatmasında mühüm rol oynadı. Hazırda Çin rəhbərliyi Maoizmi tam təftiş etməsələr də, onun ideyalarının əksəriyyətindən imtina etmişlər, 10 ildən artıqdır ki, ÜDM-in illik artımı sabit olaraq 9-10%-lik bir həddə davam etməkdədir.

Yaponiyanın ən məşhur yazıçılarından biri – hazırda yaşayıb-yaradan Xaruki Murakami yapon cəmiyyətinin naqisliklərini qəbul etməyərək yazırdı: «Mən Yaponiyada yaşayarkən təkcə bir şey arzulayırdım – təcili olaraq buranı tərk etmək! Bu ölkə ilə mənim o qədər problemlərin vardı ki. Mən buradakı bəzi sistemləri sadəcə olaraq, görmək istəmirəm». [20] «Yaponiya iqtisadiyyatı öz inkişafının son həddinə çatmışdır və qəfil də dağılaraq öz üzərinə yuvarlanmışdır… ata nəsli uduzmuş, onun iqtisadi prioritetləri də uduzmuşdur. Ən kədərlisi odur ki, bütün yapon ictimai dəyərləri uduzmuşdur». [21] «Hələ on il qabaq «Misubisi» və digər nəhəng firmalar sarsılmaz görünürdülər. İndi elə deyildir, xüsusən ən son vaxtlar. Gənclər ümumiyyətlə, heç kimə etibar etmirlər, onlar azad olmaq istəyirlər. İndiki sistem, cəmiyyət isə belə adamları qəbul etmir. [22]

Çox ehtimal ki, Şərqi Asiyanı sənayeləşmədə və əhalinin rifah halının yüksəlməsində uğurlar qazanmış digər ölkələri də müəyyən vaxtdan sonra oxşar problemlərlə üzləşəcəklər. Şərqi Asiyadan başlayan, 1997-ci ildə dünyanı sarsıtmış maliyyə böhranını bunun ilk cücərtiləri, ilk siqnalı hesab etmək olar. Çin və Vyetnamın ola bilsin ki, vaxtı bir qədər çox olsun, lakin onların da «çatma inkişaf modeli» çərçivəsində gələcəyi dumanlıdır. Postindustrial dövrə daxil olan istənilən ölkə, tez və ya gec öz ənənəvi dəyərlərini, xüsusən avtoritarizmi, iyerarxiyanı, bütün münasibətlərin personlaşdırılmasını qurban verməli, ya da inkişafdan qalmalıdırlar.

Deməli, Şərqi Asiya ölkələrinin «çatma inkişaf modeli» Azərbaycan kimi ölkələri üçün cəlbedici olsa da, tam məqbul deyildir.

7. Diktatura rejimindən demokratiyaya keçiddə İspaniya nümunəsi

Dəyərlər sisteminin prinsipcə dəyişilməzliyindən söhbət getdikdə, İspaniyanın nümunəsi bunu təkzib edir, belə ki, bu ölkədəki tərəqqi əsasən son 40 ildə institut və mədəniyyətin dəyişilməsinin nəticəsidir.

1939-cu ildə İspaniyada qanlı ölkəni viran xanaya çevrilmiş vətəndaş müharibəsi başa çatdı. 1975-ci ilə qədər ölkəni tam avtarkiya sistemi ilə Franko rejimi idarə etmişdi. Az çox irəliləyişlər 1953-cü ildə Amerika bazarlarının yerləşdirilməsinin əvəzinə İspaniyaya 10 il ərzində 1 mlrd. dollar iqtisadi yardımı və əlavə olaraq hərbi infrastrukturun yaradılmasına vəsait qoyulmasını, nəzərdə tutan Madrid paktının imzalanmasından sonra başladı.

Buna qədər İspaniya haqqında təxminən Latın Amerikası ölkələrinə bənzər fikir yürütmək olar və hətta indinin özündə də həll olunası problemlər kifayət qədər olmasına baxmayaraq, çox böyük dəyişikliklər baş vermişdir. Dəyişikliklərin səbəblərini belə sıralamaq olar:

1. İqtisadi islahatlar. ABŞ və BVF təzyiqləri altında İspaniya iqtisadiyyatı liberallaşdırmağa, pesetanın devalvasiya etməyə, büdcə xərclərini ixtisar etməyə və xarici kapital cəlb etməyə məcbur oldu. 1959-cu ildə stabilləşdirmə planı qəbul edildi. Onun yerinə yetirilməsi ona gətirib çıxardı ki, artıq 1961-1973-cü illərdə İspaniya iqtisadiyyatının orta illik artım tempi – 7%, sənayedə 9%-ə çatdı. Ölkəyə turist axını gücləndi, onların sayı 1958-ci ildə 3,5 mln. idisə, artıq 1978-ci ildə 54 mln. nəfərə çatdı. Onların ölkədə xərclədiyi valyuta 16,8 mlrd. dollar təşkil edirdi ki, bu da ÜDM-ün 10%-ə bərabər idi. [23] Buna pesetanın devalvasiyası da kömək etmişdi.

Eyni zamanda ispan miqrantlarının axını Almaniya və Fransada daha çox istiqamətləndi. Onların qazandıqları əmək haqqından ailələrinə göndərdikləri vəsaitlər turizmdən daxil vəsaitlərin təxminən 25%-ə qədərini təşkil edirdi. Ən vacibi bu idi ki, ispan miqrantlar, daha azad və inkişaf etmiş ölkələrdəki yaşayışı həyat tərzini öz gözləri ilə görürdülər.

1960-cı ildə xarici investisiyaların payı 20%-ə çatırdı. 500 ən iri şirkətin 188-i xarici şirkətlər idi. Bu şirkətlərdə ispan menecerlərinin və mütəxəssislərinin başqa işgüzar və texnoloji mədəniyyətləri mənimsəyən yeni nəsli yetişirdi.

1950- ci ildə kənd təsərrüfatında çalışanlar məşğul əhalinin 50%-i təşkil etdiyi halda, 1990-cı ildə onların payı 20%-ə enmişdi. Sənayeləşmə kənd təsərrüfatında da gedirdi və yeni sənaye fəhlələrinin dünya görüşləri öz kəndli valideynlərindən fərqlənməyə başlayırdı.

Gəlirlərin bölgüsündə bərabərləşmə meylləri güclənirdi. Frankonun öldüyü ildə (1975) cəmi 4% varlı ailə ölkə gəlirlərinin 3%-ə qədərinə nəzarət edirdi. 1980-ci ildə isə nisbət xeyli dəyişmişdir: 10% ən varlı ailə gələrilərin 24%-ə nəzarət edirdi ki, bu da təxminən Avropa ölkələrindəkinə bərabər idi.

«İntizamlı vergi ödəyən» proqramının nəticəsi olaraq 1970-ci ildə ölkədə gəlir vergisi ödəyənlərin sayı cəmi 300 min nəfər idisə, 1982-ci ildə onların sayı 6 milyona çatmışdı.

İspaniyada korrupsiyaya qarşı tədbirlər görülməkdə idi. İlk baxışdan çox adi görünən «Prezumpsiya haqqında» qanunda avtomobil sürücülərinin günahlandırılması üçün yol polislərinin şahidliyi məhkəmədə diqqətə alınmırdı və nəticə dərhal özünü göstərirdi, yollarda rüşvətyığma halları yığışdırılırdı.

2. Kilsənin modernləşməsi. İspaniya kilsəsi tarixən çox nüfuzlu qüvvə və demək olar ki, həmişə də irticanın dayağı olmuşdu. İspaniyanın uzun illər geri qalmasında onun günahı az deyildir. Təsadüfi deyildi ki, vətəndaş müharibəsi illərində respublikaçılar ruhaniləri əsas düşmən kimi gördüklərindən, əllərinə keçənləri güllələyirdilər. Lakin sonrakı illərdə ruhanilər də «sollaşmağa» başladılar və artıq 1970-ci ildə Franko türmələrində 187 keşiş həbsdə yatırdı və onların əksəriyyəti basklar idi. Əslində bu da ümumi xalq hərəkatının tərkib hissəsi idi və katolisizm dəyişən dünyada mövqeyini, simasını qorumaq üçün kasıblara yardım, fəhlə hərəkatında iştirak, kilsələrdə gənclər üçün populyar tədbirlər həyata keçirirdilər.

İkinci Vatikan soboru (1962-1965) kilsənin dövlətdən ayrılmasını müdafiə etdi, bununla da onlar kilsəni müstəqil, mənəviyyat və sosial məsuliyyət mərkəzinə çevirməyə cəhd etdilər. Papa XXII İoann bütün xristianları sosial barışa və ədalətə çağırdı. 1971-ci ildə Enrike Tarrakon İspaniyanın kardinalı seçildi və o, çox keçmədən ölkədə demokratikləşmə prosesinin liderlərindən birinə çevrildi. Katolik kilsə üçün təsəvvürolunmaz, müasirləşmə ilə səsləşən qərarlar verildi: 1981-ci ildə boşanmaya, 1985-ci ildə aborta icazə verildi.

3. Demokratikləşmə. Bu, ən əlamətdar proseslərdən biri idi. Əlbəttə, Frankonun diktatura rejimindən sonra İspaniya demokratik qonşu ölkələrdəki vəziyyətə uyğun olaraq transformasiya olunmalı idi. Lakin mühafizəkarların və hərbçilərin mövqeyi hələ güclü idi. Ölkənin yeni kralı Xuan Karlosdan daha çox mövcud kursun davam etdirilməsi gözlənilirdi. Həm də kral baş nazir vəzifəsinə mürtəce reputasiyası olan Adolfo Suaresi təyin etdi. Lakin Suaresin özü üç aydan sonra siyasi islahatlar haqqında qanun qəbul etdirdi. Sosialist və kommunist partiyaları, həmkarlar İttifaqı leqallaşdırıldı. Tətil etmək hüququ tətbiq edildi. 1977-ci ildə ölkədə ilk azad seçkilər keçirildi. Suaresin «Demokratik mərkəz partiyası» mütləq çoxluq üçün cəmi bir neçə səsi çatmadı, lakin o, belə vəziyyətdə koalisiyaya getmədi. 1977-ci ilin oktyabrında çətin bir iqtisadi vəziyyət şəraitində, o, bütün partiyalara birgə fəaliyyət haqqında məşhur Monkloa paktı imzalamağı təklif etdi. Məhz o vaxtdan ölkədəki kəskin iqtisadi problemlərin məcburi hakim metodlarla deyil, sosial konsensusla həll edilməsi nümunəsinin əsası qoyuldu. Paktda əmək haqqı, kreditlər və büdcə xərcləri üzrə maksimum hədlər nəzərdə tutulurdu. Bu zaman əsas yükün yenə də sadə əməkçilərin üzərinə düşməsinə baxmayaraq, sosialistlər və kommunistlər bu paktı imzaladı.

1978-ci ildə demək olar ki, Avropada ən liberal yeni konstitusiya qəbul olundu. Artıq rəsmi dövlət dini yox idi, monarxiya da konstitusiyalı yox parlamentlidir, ölüm hökmü ləğv olunmuş, ənənəvi olaraq çox güclü olan hərbiçilərin rolu məhdudlaşdırılmışdı.

1981-ci ildə ispan demokratiyası ən ciddi sınaqlardan birini – hərbi çevriliş cəhdinə sinə gərdi. Ölkənin yeganə ümid yeri olan kral Xuan Karlos tərəddüd etmədən, əsgərləri kazarmalara qayıtmağı tövsiyə etdi və bununla da demokratiyanın əsil qarantı olduğunu göstərdi.

1982-ci ildə ölkə ikinci sınaq qarşısında qaldı. Öz platformasında həmişə 1936-cı il respublikasının tərəfdarı olduğunu bəyan edən sosialistlərin seçkilərdə qələbəsindən sonra generallar yenidən baş qaldırmağa cəhd etdi, lakin sosialistlərin lideri Felipe Qonsales məxsusi olaraq hərbiçilərə müraciət edərək onlara loyal münasibətdə olduğuna inandıra bildi. Tezliklə İspaniya NATO-ya, 1985-ci ildə isə Avropa Birliyinə üzv oldu.

İspaniyanın məhz sapmadan demokratik yolla inkişafı ispan dəyərlər sisteminin transformasiyasında ən vacib, bəlkə də ən başlıca amilə çevrildi. Bu proseslər onların dünyagörüşünü və şüurunu necə dəyişdirdiyi göz qabağındadır.

5. Hərbi islahatlar. Burada ən başlıcası- hərbiçilərin ənənəvi olaraq siyasətə müdaxiləsinin qarşısının alınması idi. Hərbi sistem NATO standartlarına uyğun yenidən modernləşməli, hərbçilərin maaşları artırılmalı idi. Bütün bu işlər hətta Franko dövründə də «liberal» adı verilən, sonuncu hərbi nazir Mellado Qutyeresin dövründə baş verdi. Ondan sonra indinin özündə də hərbi nazir ancaq mülki şəxs təyin olunur.

6. Təhsil islahatları. Ali məktəblərə qəbulda hazırda Azərbaycanda olduğu kimi vahid test mexanizmi tətbiq olunur. Müxtəlif təbəqələrdə bu sistemə qarşı vaxtaşırı tənqidlərə baxmayaraq, artıq 20 ildən artıqdır ki, test sistemi ali məktəblərə qəbulda uğurla tətbiq edilir.

7. Liderlik ruhu. L.Harrisona görə dəyərlər sistemini dəyişən ölkələrdə güclü intellektual və mənəviyyatlı liderlər olmalıdır. Hələ XX əsrin başlanğıcında məşhur ispan yazıçı və filosofları, öz ölkəsinin böyük patriotları sayılan Orteqa-i-Qasset, de Madaryaqa, Dias Plaxa mövcud ispan cəmiyyətini dərindən tənqid edərək milli mədəniyyətdə dəyişikliklər edilməsi uğrunda «xaç yürüşünə» başçılıq edirdilər. İspaniyada vətəndaş müharibəsinin və Franko diktaturasının dəhşətlərini yaşayan, bu böyük ziyalı-şəxsiyyətlər, ona görə həqiqi avtoritet kimi qəbul edilirdilər ki, onlar öz xalqının zəif cəhətlərini deməyə cəsarət edirdilər və bu, o dövr üçün əsil kişilik nümunəsi idi.

Kral Xuan Karlos millətin əsil lideri oldu. O, gündəlik siyasətə qarışmasa da, ispan demokratiyasının təşəkkülündə mühüm rol oynadı, hərbçilərə «öz yerini göstərdi». Millətin birliyinə xidmət edən Xuan Karlos, hazırda ölkədə hamının qəbul və hörmət etdiyi avtoritet, həqiqi liderdir. Kifayət qədər yumor hissinə malik, anektod və lətifə danışmağı sevən ispanlar öz kralları haqqında belə söhbətlər etməyi sevməzlər və buna cəhd edən yad vətəndaşlar da ən azı pis vəziyyətdə qala bilərlər.

İndi İspaniya yeni dəyərlərin hökm sürdüyü başqa bir ölkədir. 2005-ci ildə İspaniyada adambaşına ÜDM 26,1min dollar təşkil etdiyi halda, vaxtı ilə eyni səviyyədə olan ispandilli ölkələrdə: Argentinada-14,4min, Meksikada- 10,min, Braziliyada-8,7min dollardır. [24]

8. Modernləşmə və sivilizasiyalararası fərqlərin azaldılması yolları.

K.Marksın ən mühüm tezislərindən biri- “insanın varlığını şüur müəyyən edir“ bu gün də həyatda öz təsdiqini tapmaqdadır. Yeni iqtisadi quruluşda baş verən dəyişikliklər gec və ya tez dəyərləri də dəyişdirir. Əgər bu baş vermirsə, həmin sivilizasiya tənəzzülə uğrayır.

Son dördyüzillik ərzində cəmiyyətin dayanmadan ənənəvi iyerarxik strukturundan – şəbəkə strukturuna, natural iqtisadiyyatdan – bazara, feodalizmdən – kapitalizmə keçid prosesi baş verir. Feodalizmi xalis Avropaya məxsus, X əsrdə meydana gələn bir hadisə kimi qəbul edən, əksinə Asiya despotik cəmiyyətlərini və digər analoji cəmiyyətləri ona qarşı qoyan nəzəriyyələr mövcud olsa da, feodalizmin əsas resursu torpaq, əsas məşğuliyyət sahəsi – natural əsasda fəaliyyət göstərən, sosial strukturu silk iyerarxiyası əsasında formalaşan, əsasda fəaliyyət göstərən kənd təsərrüfatıdır.

Ənənəvi feodal cəmiyyətlərinin hamısında ticarət mövcud olsa da, o yardımçı, ikinci dərəcəli bir fəaliyyət sahəsi idi. Finikiya, Qədim Yunanıstan və Roma ticarətin daha yüksək inkişaf səviyyəsinə nail olsalar da, burada da tabeçilik münasibətləri ilə silk iyerarxiyası hansı silkə mənsub olmaqdan asılı idi. İyerarxiyanı sıxışdırıb aradan qaldırmaq gücündə olan sosial struktur şəbəkələrinə, bazara və ticarətə əsaslanan iqtisadiyyat və cəmiyyət, ancaq orta əsr Avropa şəhərlərində inkişaf etməyə başladı. Bu inkişaf bu gün də davam etməkdədir.

Ənənəvi iyerarxik cəmiyyətlər adətən durğunluq içində idi, onlar texnika və yaşayış tərzində əhəmiyyətli bir dəyişiklik etmədən minilliklər ərzində mövcud olmuşdu. Mədəniyyətli hamı tərəfindən qəbul edilən dəyərlər bu stabilliyi saxlayırdı. Hökmdarlar, sülalələr dəyişsə də, tabeçilik və hakimliyə əsaslanan idarəetmə sistemi dəyişməz qalırdı.

Kapitalizmin özünün cücərdiyi ticarət, bazar cəmiyyət müqayisə olunmaz dərəcədə çevik və dinamik olduğunu göstərdi. Məhz sərvət və nüfuzun əsasında torpaq yox, kapital durduğunu sübut etdi. Kapital isə daha dəyişkən və dinamikdir, rəqabət onun miqyaslarını da əsaslı surətdə cilaladı, həmişə hərəkətdə olmağa, axtarmağa, böyüməyə və artmağa sövq etdi. Avropadakı orta əsr islahatlarını dəyərlərin və mədəniyyətin dəyişməsinin bir fazası idi və dövrü Avropa ölkələrinin bir qismi üçün «intibah dövrü» də adlandırırlar. İngiltərə və Fransada XVII-XVIII əsrlərdə baş verən inqilablar da bu qəbildən idi və cəmiyyətdə modernləşmə üçün mühüm rol oynamışdı.

Lakin 1917-ci ildə Rusiyada baş verən «sosialist inqilabı» da ola bilsin, Rusiya imperiyası və orada yaşayan xalqların iqtisadi və mədəni tərəqqisində belə bir rol oynaya bilərdi. Ancaq o, ilk gündən timsalında rus feodalizminin sovetlərin timsalında ömrünü uzatmağa xidmət edən sosializm qurmaq ideyasını bəyan etdi. Stalin fransız inqilabından fərqli olaraq, Napoleonun, Burbonun rolunu oynadı. 74 il ərzində Sovet ittifaqı super gücə malik nəhəng dövlətə çevrilsə də, bütün resursları tükənərək 1991-ci ilin sonunda dağılmağa məhkum oldu. Bu müddət ərzində digər ölkələr iqtisadiyyatda, sosial münasibətlərdə və mədəniyyətdə ciddi inkişaf yoluna qədəm qoydular. Həmin dövr ərzində dəyərlər müəyyən dərəcədə dəyişsə də, sovet-feodal varlığını əks etdirən mahiyyətini itirmədi. Demokratik inqilab faktiki olaraq sıfırdan başladı və bu, nəhayət ki, baş verdi. Ölkə islahatlardan ən vacib dəyərləri: qiymətlərin, ticarətin, sahibkarlığın və xüsusi mülkiyyətin iqtisadi azadlığı qazanaraq, gələcək inkişaf üçün bir impuls əldə etdi. Prinsipcə bu yeni institutlar bir-birini tamamlayaraq, tədricən dəyərlər sistemini dəyişməyə başladı.

Bütün bu dəyişikliklər o demək deyildir ki, biz bütün dəyərlərimizi universal Qərb dəyərlərinə dəyişməliyik. Bütün mədəniyyətlərin üstün və zəif cəhətləri vardır, lakin onların hamısı eyni dərəcədə inkişafa təkan vermək, rəqabət aparmaq qabiliyyətinə malik deyil. Hər bir ölkə tərəfindən, iqlimindən, nəhayət, tarixi ənənələrindən asılı olaraq, müəyyən rəqabət üstünlüklərinə malikdir. Azərbaycan Qərb və Şərq sivilizasiyasının qovşağında, geostrateji bir mövqedə yerləşməsi, malik olduğu təbii iqlim şəraiti və zəngin netf-qaz ehtiyatları xalqımızın milli-dini dəyərlərə sadiqliyi, əməksevərliyi və işgüzarlığı, təhsilə həvəsi və s. kimi keyfiyyətlərinin müasir dövrdə şəxsiyyət azadlığı və digər liberal dəyərlərlə birgə, modernləşmə dəyərlərlə birgə, modernləşmə cəhdlərinə böyük təkan verə bilər.

Sivilizasiyalar arasında fərqlərin əhəmiyyətini və onun inkişafda göstərdiyi maneələrin miqyasını qiymətləndirmək üçün islam mədəniyyəti və dəyərlərinə də toxunmaq yerinə düşərdi. Bu gün dünyada 57 islam ölkəsi mövcuddur və onların demək olar ki, hamısı İslam Konfransı təşkilatında təmsil olunmuşdur. Bu ölkələrin içərisində çox varlı ölkələr vardır, onların əksəriyyətində institut və dəyərlər daha mühafizəkardır, həm də əsasən təbii ehtiyatlar hesabına zəngindirlər. Məsələn, Səudiyyə Ərəbistanı adambaşına ÜDM-in həcminə görə inkişaf etmiş ölkələrdəkinə yaxın bir vəziyyətdədir. Bu ölkənin valyuta ehtiyatları 1,3 trln. ABŞ dollarına yaxındır. Ölkənin malik olduqları neft ehtiyatları əhalinin əksər hissəsinə yüksək yaşayış səviyyəsi təmin etməklə yanaşı, bu ölkənin adət-ənənələrini, xüsusən dini dəyərləri orta əsrlər səviyyəsində saxlamağa imkan verir. Son 20 ildə ölkə əhalisinin 2 dəfə artaraq 23 mln. nəfərə çatmasına baxmayaraq, ancaq indi kəmiyyətdə müəyyən islahatlar aparmaq söhbəti gedir və hələlik real bir addım atılmamışdır.

Neft hesabına yaşayan İran da ən çoxsaylı (75 mln. nəfər) İslam ölkəsi kimi 1970-ci il inqilabında ölkədə dərin siyasi-iqtisadi islahatlar aparmaq, demokratik liberal dəyərləri inkişaf etdirmək əvəzinə, mürtəce də olsa, Qərbyönümlü şah rejimini devirərək, əhalinin də dəstəyi ilə orta əsr dəyərlərinə əsaslanan ondan da mürtəce molla rejimi qurdular.

Türkiyə, Misir və Malayziya islam ölkələri arasında dünyəvi və daha mədəni inkişaf səviyyəsi ilə xarakterizə olunur. Türkiyə son 20 il ərzində iqtisadiyyat, elm və təhsil, texnologiya, turizm və xidmət sahələri sahəsində xeyli uğurlar əldə etmişdir və NATO üzvü olan yeganə müsəlman ölkəsidir. Ölkədə dünyəvi dəyərlər üstün olmaqla yanaşı demokratik təsisatlar da güclüdür. Parlamentli respublika olmaqla, hakimiyyət bölgüsünə ciddi əməl olunur, müstəqil ədliyyə-məhkəmə orqanları fəaliyyət göstərir. Ölkənin Konstitusiyası quruluşunu dəyişdirməyə və ərazi bütövlüyünü pozmağa vaxtaşırı cəhdlər qaldığına görə Atatürkün vaxtından Konstitusiya ilə qoyulan ənənələrə uyğun olaraq, bu gündə ordunun cəmiyyət həyatında, taleyüklü məsələlərin həllində rolu və nüfuzu böyükdür. Məhz son günlər Türkiyədə «Ergenekon» əməliyyatı adı altında baş verən olaylar, cəmiyyətdə ordunun rolunun zəiflədilməsinə yönəldilmişdir. Təsadüfi deyildir ki, Türkiyənin Avropa Birliyinə daxil edilməsi üçün hərbçilərin rolunun azaldılmasına yönəldilən islahatlar aparılması tələbi, son günlər ölkədə baş verən olaylarla əlaqədar daha da güclənir. Əlbəttə, İspaniyanın yuxarıda qeyd etdiyimiz kimi demokratikləşməsində vacib şərt olan – hərbçilərin ölkənin ictimai-siyasi həyatında rolunun azalmasını Türkiyə ilə eyniləşdirmək olmaz. İspaniyanın demokratikləşməsinə hər cür iqtisadi, mənəvi, siyasi və hətta hərbi dəstəyini göstərən Qərb ölkələri bunu nəinki Türkiyə üçün məqbul saymır, əksinə son illərdə Türkiyəyə hər il 10 il mlrd. dollarla ziyan vuran (təkcə hərbi əməliyyatlara ən azı 8-9 mlrd. dollar) kürd separatçılarına hər cür yardım edirlər.

Misirdə qərbyönümlü olsa da, tam avtoritar rejim hökm sürür. Ərəb dünyasının ən mədəni və qədim tarixə malik ölkəsi olsa da, ancaq başqa ölkələrin nailiyyətlərini mənimsəməyə qadirdir, özü isə belə nailiyyətləri əldə etmək üçün cəhd də göstərmir. Misirin talantlı, qabiliyyətli kadrları, ziyalıları, əsasən kənar ölkələrdə, ən çox da Qərb ölkələrində özlərinə karyera üçün yer tapırlar.

Malayziya – «çatan inkişaf» modeli əsasında böyük nailiyyətlər əldə edən yeganə müsəlman ölkəsidir. Lakin bu nailiyyətləri təkcə islam dəyərlərinə yazmaq mümkün deyildir. Ölkə əhalisinin cəmi 20%-i çin icmasından (konfusiliyə etiqad edən) ibarət olmasına baxmayaraq, ölkə biznesinin əksəriyyəti bu icmaya məxsusdur, eyni zamanda ixracyönlü istehsal sahələrinə çox böyük həcmdə xarici investisiyalar qoyulmuşdur.

İslam ölkələrinin son onilliklərində təcrübəsi göstərir ki, onların modernləşmə, siyasi-iqtisadi islahatlar yolunda inkişafı daha çox problemlərlə üzləşir. Keçmiş sovet islam respublikalarından ancaq Qazaxıstanın və Azərbaycanın, qismən də Qırğızıstanın bu sahədə problemləri daha az olacaqdır.

Azərbaycanda Konstitusiyaya görə prezident idarə üsulunun mövcudluğu ölkədə icra orqanlarının rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Ölkədə hakimiyyət bölgüsünün tam reallaşdırıldığını, yəni qanunvericilik, məhkəmə və icra orqanlarının səlahiyyətlərinin tam ayrılmadığı bir şəraitdə istisnasız olaraq bütün icra orqanları öz fəaliyyətlərindəki özbaşınalıqlara da qanuni formada legitimlik vermək imkanı vardır. Belə şəraiti sovet dövründə xalqımızda formalaşan mütilik, hüquqlarını qorumadakı qətiyyətsizlik, bürokratlar, məmurlar qarşısında asanlıqla təslimçilik və s. yaradır. Başqa sözlə, xalqın özü də ölkədə avtoritar rejimin möhkəmlənməsi üçün əlindən gələni edir, bürokratiya isə heç bir məsuliyyət daşımadan daima səlahiyyətlərini artırmağa müvəffəq olur və təbii ki, bu səlahiyyətlər dövlət mənafelərinə yox, daha çox şəxsi mənafelərin reallaşmasına, rüşvətxorluğun daha da genişlənməsinə xidmət edir.

Bütün bunların nəticəsi olaraq vətəndaşların dövlətə və hakimiyyətə inamı heçə enir. Bu gün yalnız ölkə prezidentinin xalq arasında yüksək reytinqi vardır. İstənilən ranqda dövlət məmurunun, Milli Məclis deputatlarının, müxalifət liderlərinin, elm, təhsil, mədəniyyət nümayəndələrinin reytinqləri, nüfuzları müqayisə olunmaz dərəcədə aşağıdır.

Bu gün Azərbaycanda təşəkkül tapan ənənələrin real bazar iqtisadi münasibətlərinə söykənmədiyini və bazar iqtisadiyyatının sovet iqtisadiyyatından fərqli olaraq, iyerarxiyasız yaşamağa qabil olduğunu qəbul etsək, onda, hakimiyyətdən istifadə mexanizmlərinin təkmilləşdirilməsini önə çəkməliyik. Bununla, xalqın inam radiusunu da xeyli genişləndirmək olar.

Azərbaycan hakimiyyəti qarşısında real olaraq, tabeçilik və avtoritarizm iyerarxiyasının həllində çox çətin problemlər durur. Bu – ilk növbədə, vətəndaşların passivliyi, onların paternalizmə meylliyi, öz hüquq və azadlıqlarını müdafiə etmək əvəzinə itaətkar olmaqla daha çox oğurlamağa üstünlük vermələri ilə bağlıdır. Bu zaman, praktikada vətəndaşları özfəaliyyət əvəzinə – güclə, qorxu və əmrlə istədikləri hərəkətə məcbur etmək daha asandır. Lakin hamıya aydın olmalıdır ki, sovet dövründən qalma, bəlkə də, milli mentalitetimizin özəyində duran bir sıra mənfi ənənələrin aradan qaldırılması üçün təkcə məlum idarəetmə vasitələri kifayət deyildir. Bu, ancaq ölkəmizin iqtisadi inkişafına, onun sosial-mədəni tərəqqisinə mane olan və ya ləngidən institutların güclənməsinə, yaxud yenidən bərpasına xidmət edər.

Bu gün ölkəmizdə sovet dövrü ilə müqayisədə cinayətkarlığın artması faktı arxasında bir sıra amillər durur:

1) demokratik hərəkatın güclənməsi fonunda dövlətin və onun repressiv aparatın nüfuzunun zəifləməsi;

2) sosial məsuliyyətin azalması və ya gecikməsi şəraitində vətəndaş azadlıqlarının genişlənməsi;

3) ölkənin malik olduğu və ya yeni yaradılan sərvətlərə geniş əhali təbəqəsinin leqal yolla əlçatma imkanlarının məhdudluğu və sosial fərqlərin güclənməsi. Məsələn, yeni həyata qədəm qoyan gənclər, öz artan ehtiyaclarını leqal yolla təmin etmək üçün hansı şanslara malikdir? İş yerləri məhdud, əmək haqqı aşağı olan şəraitdə gənc oğlanın, çox sürətlə varlanması üçün daha cəlbedici yol mütəşəkkil cinayətkarlıq, narkotik alveri və s.-dir.

Lakin tam əminliklə demək olar ki, bu qüsurlar daha keçid dövrünün özü ilə bağlıdır və cəmiyyətdəki keçid prosesləri başa çatdıqca, tədricən aradan qalxacaqdır.

Korrupsiya – daha ağır və çətin həll olunan problemdir. Bu fenomen inkişafın səviyyəsindən asılı olmayaraq, bütün ölkələr üçün xasdır və bütün dünyada həmin bəlaya qarşı ciddi mübarizə aparılır. Burada əsas problem – əhalinin korrupsiyaya laqeyd, etinasız münasibətidir, onların əksəriyyəti belə düşünür ki, rüşvətsiz onlar heç nəyi həll edə bilməzlər, yaxud rüşvət verməsələr işləri tamam dolaşa bilər. Bəzən vətəndaşlar qanunazidd hərəkətlərini (cinayət və s.), yaxud qanunla qadağan olan müəyyən işlərini də (torpaq sahələri, mənzil tikintisi və ya alqı-satqısı, işədüzəlmə, ali məktəblərə qəbul və ya sessiya imtahanları və s.) rüşvətlə həll etməyə üstünlük verirlər. Buna görə də, korrupsiyanın aradan qaldırılmasında, bütün cəmiyyət iştirak etməli, hər bir vətəndaş korrupsiyaya qarşı dözümsüzlük göstərməlidir. Bu isə ancaq bütün cəmiyyət üzvlərinin hakimiyyətə inamının güclənməsi əsasında mümkündür.

Gizli iqtisadiyyat da vətəndaşların və biznesin keçid dövrünə uyğunlaşması mülkiyyətin qanunsuz ələ keçirilməsinin və vergidən yayınmasının bir üsulu kimi mövcuddur. Lakin son dövrlərdə ölkədə gedən proseslər gizli iqtisadiyyatın leqallaşmasına imkan verdiyindən, onun miqyası bir qədər azalmışdır.

Azərbaycanın XXI əsrə uyğun rifahı üçün iqtisadiyyatımız postindustrial cəmiyyətin tələblərinə cavab verən, yəni innovasiya və yüksəkixtisaslı əməyi özündə əks etdirən mal və xidmətlər istehsal etməyi və onu dünya bazarında satmağı öyrənməlidir.

Əlbəttə, bu gün dünya bazarına çıxardığımız, mahiyyətcə rəqabətqabiliyyətli sayılan neft-qaz sərvətlərimizin əhəmiyyəti az deyildir. Allahın bizə verdiyi bu nemətlərin ehtiyatı çox olsa da, əbədi deyildir, uzağı 30 ildən sonra bu ehtiyatlar da tükənəcəkdir. Həm də bu ehtiyatlardan istifadə üçün xüsusi mədəniyyət və dəyərlər sistemi yaratmağa da ehtiyac yoxdur. Lakin neft-qaz məhsullarından əldə edilən gəlirlər sabit deyildir və onun həcmi dünya bazarlarındakı qiymətlərdən, həmin məhsullar tələbdən asılı olaraq daima dəyişir. 2008-ci ilin mayında başlayan maliyyə böhranı nəticəsində, qısa müddətdə dünya bazarında neftin qiyməti – 1 barrel üçün 147 dollardan 70 dollara, ilin sonuna – 40 dollara qədər aşağı düşmüşdür. Bunun nəticəsində, Azərbaycanın dövlət büdcəsi 2008-ci il üçün 3 mlrd. dollara qədər vəsaitdən məhrum olmuşdur və bu proses indi də davam etməkdədir. Dünyanın inkişaf etmiş ölkələrində inkişaf tempinin azaldığı, yaxın vaxtlarda dünya üzrə orta illik artım tempinin 2-3%-dən yuxarı olmayacağı bir şəraitdə neft xammalına tələb də təxminən o səviyyədə qalacağı bir şəraitdə, neft gəlirlərinə ümid etmək mənasızdır. Düzdür, hələlik dünya böhranının ən azı toxunduğu və bu böhranın nəticələrinin ən tez aradan qaldırılacağı ölkələrdən biri Azərbaycan sayılır.

Buna görə də, ölkəmizin digər ölkələrlə müqayisədə stabil inkişafını təmin etmək, dünyanın iqtisadi və texnoloji tərəqqisinin iştirakçısı olmaq üçün rəqabətqabiliyyətli məhsul istehsal etməyi öyrənmək lazımdır. Belə məhsullar Azərbaycanın ixrac etdiyi məhsullar içərisində çox cüzidir və çox məhdud bazalar üçün nəzərdə tutulmuşdur. Hazırda yerli kənd təsərrüfatı istehsalına və onun emalına əsaslanan rəqabətqabiliyyətli və ekoloji cəhətdən təmiz qida məhsulları ixrac etmək üçün böyük imkanlar vardır. Ölkəmizin mövcud büdcə imkanları neft maşınqayırması, kənd təsərrüfatı maşın və mexanizmləri istehsalını təşkil etməyə imkan verir. İnformasiya texnologiyalarının inkişafı, onun həm ölkədə geniş yayılması, həm də ixraca yönəldilməsi üçün də ölkəmizin böyük intellektual və kadr potensialı vardır.

Rəqabətqabiliyyətli məhsul – əslində, modernləşmənin məqsədidir. Belə məhsulun mənimsənilməsi və xarici bazarlarda reallaşması ölkənin gələcəyini, əhalinin yaşayış səviyyəsini müəyyən edən ümumdövlət, ümummilli məsələ olmalıdır.

İqtisadiyyatın bütün sahələrini əhatə edən modernləşmə xəttinin reallaşmasında xarici və daxili investisiyalardan geniş istifadə edilməlidir. 2000-2007-ci illər ərzində ölkə iqtisadiyyatına 27,8 mlrd. dollar xarici, 13,6 mlrd. dollar daxili investisiya yönəldilməsinə baxmayaraq, onların böyük əksəriyyəti neft sektoruna və infrastrukturun inkişafına yönəldilmişdir. Maliyyə bazarlarının inkişafına, əhalinin əmanətlərinin investisiyalara çevrilməsinə hər cür şərait yaradılmalıdır.

Təbii ki, xalqımızın dəyərlər sisteminin dəyişmə yolunda da ciddi addımlar atılmalıdır. Bunu hər hansı sərəncam, qanun və ya proqramla həyata keçirmək mümkün deyildir. Hər şeydən əvvəl, instusional islahatlar müəyyən ardıcıllıqla, qətiyyətlə davam etdirilməlidir. Bu islahatların ardıcıllığı da məlumdur: 1) bürokratik əngəllərin və müdaxilələrin, hər cür süni inzibati tənzimləmə metodlarının aradan qaldırılması; 2) inzibati idarəetmə dövlət sektoru, hərbi, hüquq-mühafizə, məhkəmə, təhsil, səhiyyə islahatlarının aparılması;) təbii inhisarlarda, mənzil-kommunal təsərrüfatında qeyri-bazar sektoru ixtisar olunmalı, natural güzəştlər ləğv edilməklə əhalinin pul gəlirləri artırılmalıdır, ən başlıcası, məhsuldar dəyərlərin formalaşması üçün rəqabətin gücləndirilməsi və ona bərabər şəraitin yaradılması təmin olunmalıdır; 4) demokratikləşmə prosesi ardıcıl olaraq, heç bir istisnalar olmadan, yəni «hələ xalq o səviyyəyə çatmayıb», «rəhbərimiz bilən yaxşıdır» və s. demokratik qayda və prosedurlara əməl etməklə davam etdirilməlidir.

Demokratiya bərqərar olmadan xalqın inamını qazanmaq mümkün deyildir, bunsuz, azadlıq hərki-hərkiliyi, hər cür özbaşınalığı əvəz edə bilməz. Bunsuz, hakimiyyətdən «vizantiya ənənələri» ilə istifadədən də imtina etmək müyəssər olmayacaqdır. Bunun sayəsində, yerli özünüidarəetmənin səviyyəsi, təbii ki, burada yerli əhalinin təmsil edənlərin də orta mədəniyyəti yüksələcəkdir. Bununla, hakimiyyətin kütləvi informasiya vasitələri üzərində daimi təzyiqlərinə də yer və ehtiyac qalmayacaqdır; 5) hakimiyyətin, siyasətin və ictimai həyatın humanizasiyasına diqqət artırılmalıdır. Hakimiyyətin vətəndaşlarla sərt davranışlarına son qoyulmalıdır. Hazırda ölkədə əhalinin gəlirləri və maddi təminatında böyük fərqlər vardır. Belə vəziyyətdə cinayətkarlıq, korrupsiya və gizli iqtisadiyyatla mübarizədən heç bir şey gözləməyə dəyməz. Əlbəttə, əmək haqqı və sosial təminatların artımı iqtisadiyyatın artma imkanlarını qabaqlaya bilməz, lakin vətəndaşların aldığı maaş və müavinətlər onların ləyaqətli, ən azı yaşayış minimumunu təmin etməlidir. Humanizasiya – vətəndaş cəmiyyətinin ən başlıca şərti, cəmiyyətdə həmrəyliyin, ümumiliyin, inamın artmasının əsasıdır. Vətəndaşlara qarşı tələbkarlıq onların sosial məsuliyyəti və insani yaşantıları ilə əlaqələndirilməlidir.

Bütün bu deyilənlər, dünyada baş verən hadisələr, Qarabağ probleminin getdikcə daha möhkəm düyünə düşməsi, Azərbaycanın «Əsrin müqaviləsi»ndə çox güzəştlərə getdiyi «böyük və kiçik» ölkələrin dönüklüyü, cəmiyyətimizdə iqtidar müxalifət münasibətlərinin barışmaz düşmənçilik səviyyəsinə çatması fonunda daha da aktuallaşır. İqtisadiyyatda modernləşmənin növbəti vəzifələri – Azərbaycan cəmiyyətinin gələcək inkişafını və tərəqqisini təmin etməyə qadir müvafiq sosial strukturlarının yaradılmasını tələb edir ki, bunu da nə mədən-mənəvi dəyərlər sistemini dəyişdirmədən, nə də cəmiyyətin humanizasiyasını reallaşdırmadan mümkün deyildir.

«Elm» qəzeti 29 may 2009, № 17-18 (916-917), s.10, 22 iyun 2009, № 19-20 (918-919), s.10, 15 iyul 2009, №21-22(920-921), s.10, 30 iyul 2009, №23-24(922-923), s.10.

[1] Альтернативы модернизации российской экономики. – М., 1997.

[2] Большой экономический словарь. Автор и составитель А.Б.Борисов. Изд. 2-е. М., «Книжный мир», 2007, с. 403.

Iqtisadiyyatın əsasları

Elşən Nəsibov

Siyasətşünas alim

Vergi fəlsəfəsi dövləti saxlanc, cəmiyyəti və özünü qorumaq düşüncələri kompleksidir. Vergi fəlsəfəsi iqtisadiyyat fəlsəfəsində tənzimləyici amildir, tənzimləyici tərkibdir. Vergi fəlsəfəsi ictimai şüurun, iqtisadi formasiyanın dayağıdır. Vergi fəlsəfəsi həm sərbəst fəaliyyətin, həm də asılı fəaliyyətin düşüncələrini özündə cəmləşdirən dəyərlər fəlsəfəsidir. Dövlətin maddi dayağı həm də vergi ilə formalaşır. Vergi sərbəstliyi və vergi fəaliyyətinin şəffaflığı dövləti gücləndirir və dövlətin cəmiyyət və əhali üzərində sərbəst idarəçiliyini yaradır. Dövlətin liberal, yumşaq idarəçiliyi və nəzarəti dövlətlə vətəndaşlar arasında harmonik uyğunluğu, vəhdəti meydana gətirir.

Dövlət vergilərlə təkmilləşən vəhdətdir. Vətəndaşlar, xaricilər üzərində vergilərlə (daxili vergi və idxal-ixrac vergisi) öz təsirini yaradır. Dövlət vergiləri rüsumlarla müəyyən edir. Rüsumlar iqtisadi sistemin dayağını təşkil edir, iqtisadi sistemdə ayırmaları, təsnifatı, çeşidləri meydana gətirir. Dövlət qeyri-hökumət qurumları ilə yanaşı, öz obyektinə də sahib olur. Dövlətin vergi ödəyən özünəxas, özünəməxsus obyektləri (sahibi dövlət olan) də mövcud olur. Bu obyektlərin qazancları da dövlətin maddi vəsaitlərini formalaşdırır. Deməli, dövlətin vahid büdcəsi həm dövlət, həm də qeyri-dövlət adlanan subyektlərdən cəmləşir.

Vergi fəlsəfəsi ehtiyat iqtisadiyyatı, fond iqtisadiyyatı fəlsəfəsini, büdcə fəlsəfəsini formalaşdırır. Vergidən də büdcə xərcləri, məxariclər, sosial-humanitar xərclər fəlsəfəsi meydana gəlmiş olur. Vergi mədaxil və məxaric fəlsəfəsini tənizmləyən ortaq predmetdir, dayaq düşüncə elementidir. Dövlət iqtisadiyyatın gəlirlər dərəcəsini vergi ilə müəyyən edə bilir. Vergi ilə istehsal və xidmət prosesləri müəyyənləşə bilir. Burada vergi iqtisadi qiymətləndirmədə statistik rol oynaya bilir, müəyyənedici amil kimi əhəmiyyət kəsb edir. Vergi qiymətləndirmədir, qiymət müəyyən etmədir. Vergi bir kriteriya olaraq öz qiymətləndirmə dərəcələri ilə iqtisadi sahələrin təsnifatını meydana gətirmiş olur. İstehsalatı maliyyədən, xidmətlərdən, ticarətdən ayırır və ümumi gəlir vergisi ilə iqtisadi vəhdəti meydana gətirir.

Vergi ödəmək proses olaraq bir mədəni hadisədir. Ona görə ki, şəxs vergi ödəməklə həm özünü, həm də ətrafını tənzim edir. Sağlam həyat üçün sığortalayır. Sağlam əlaqələr qura bilir. Ona görə ki, sağlam həyat maddiyyatı güclü olan həyatdır. Bu həyatı da dövlət və cəmiyyət bəxş edə bilir. Dövlət zəngin olduqda kapitalını yönəldir, təkrar dövriyyə yaradır. Dövlət vergidən yığılan vəsaitlə, fondla, büdcə ilə ehtiyac meyarlarını müəyyən edir və ehtiyacı olanları təmin edir. İnsanlar (qazanc əldə edənlər) vergi ödədikcə ətraf üzrə maraqlarını bölüşür və birləşdirir. Vergi insanı asılılıqdan, məsuliyyətdən də azad edir. Ona görə ki, dövlət və cəmiyyət önündə qazancı olan hər bir şəxsin vergi ödəmək məsuliyyəti, mükəlləfiyyəti mövcud olur. İnsanlar vergi ödəməyə ona görə borclu olurlar ki, dövlətlərini saxlamış olsunlar. Dövlət vergi ilə insanların sosial-maddi həyatlarını tənzim etmiş olur. Vergi dövlətin, dövlətçiliyin sağlam yaşamasının, dövlətin sağlam funksiyasının əsasları üçün vəsaitlər, kapital demək olur. Dövlət vergi toplamaqla və insanları saxlamaq üçün fondlar yaratmaqla əslində gəlirlər və çıxarlar arasında bir uyğunluq və balans yaratmış olur. Dövlət vergi toplamaqla, fond və büdcələr yaratmaqla, vəsaitləri xərcləməklə həm öz mövcudluğunu təmin etmiş olur, həm də insanların istehsal, qeyri-istehsal, sağlamlıq, sosial həyat, təhsil və digər bu kimi sahələrini əhatələndirmiş, əlaqələndirmiş formalı maddi balans yaratmış olur. Vergi siyasəti sayəsində əmək və məşğulluq, qeyri-əmək və qeyri-məşğulluq sahələri arasında bir uyğunluq yaranmış olur. Dövlət öz vergi yığmaq maraqlarına görə istehsalı genişləndirmək, istehsal sahələrini stimullaşdırmaq məqsədlərini güdmüş olur. İstehsal və bazar arasında olan əlaqələrin harmonik tənzimlənməsi və bu tənzimləmədə sağlam vergi siyasəti məhz sağlam dövlətçiliyin əsaslarını meydana gətirmiş olur. Vergi siyasətinin saflığı cəmiyyətdə “Arxayın dövlət” düşüncələrini yaratmış olur. Dövlətə sağlam inam sağlam vergidən yarana bilir. Sağlam şəkildə vergi ödəmək də dövlətin vətəndaşlar və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üzərində, xarici ölkədə işləyən və öz dövlətinə vergi ödəyən şəxslər üzərində inam və etibarını meydana gətirmiş olur.

Vergi sayəsində (burada vergi ödəyən şəxslər) insan cəmiyyətdə və dövlətdə özünə sağlam mövqe qazanır. Ona görə ki, ona məxsus olan cəmiyyəti və dövləti qorumuş olur. Maddi qazancları olan şəxs vergi ödəməklə dövləti və cəmiyyəti sağlamlaşdırır. Sabit, davamlı inkişaf edən cəmiyyət və dövlət formalaşdırır. Vergi insan tərəfindən ödənən və özünə yönələn kapital məzmunlu aktdır, predmetdir, vəsaitdir.

İqtisadiyyatın təşkili və fəaliyyəti elementlər kompleksini yaradır. Məhsul elementləri artdıqca iqtisadiyyatda yeni münasibətlər və əlaqələr meydana gəlir. Yeni münasibətlər və əlaqələr yeni iqtisadi ruhu yaradır. Bu ruh bərk və yumşaq məzmunlu ola bilər. Bərk ruh iqtisadi uğurların əldə edilməsinə də səbəb ola bilər.

İqtisadiyyatda gəlir vergisi əslində fövqəladə iqtisadiyyatın, tarazlı iqtisadiyyatın, ehtiyat və yığım iqtisadiyyatının tərkibini təşkil edir. Vergi özü qayğı iqtisadiyyatının əsasında dayanır. Vergi fəlsəfəsi dəyərlər fəlsəfəsinin tərkibi olaraq şərəfli vergi ödəyicisi amilini meydana gətirir. Vergi ödəyicisi öz dövlətinə və qazanc əldə etdiyi başqa ölkənin dövlət büdcəsinə vəsaitlər ödəməklə həm öz ölkəsini şərəfləndirir, həm də öz ölkəsi ilə əmək fəaliyyəti ilə məşğul olduğu, həmçinin yaşadığı başqa ölkənin arasında uyğunluq yaradır. Bu baxımdan da vergi xalqların mədəni baxımdan birləşməsinin əsaslarını meydana gətirmiş olur.

İqtisadiyyat insanlar üçündür. İqtisadiyyat cəmiyyət və dövlət üçündür. Sübuta yetirilib ki, hakimiyyətin, cəmiyyətin saxlanması üçün maddi resurslar lazımdır. Cəmiyyətin maddi resursları ilə mənəvi sağlamlıq arasında üzvi bağlılıq var. Bu baxımdan da iqtisadiyyat lazımdır. İqtisadiyyat dövlətin öz məkanında saxlanılması (bir siyasi struktur kimi) və beynəlxalq aləmdə (beynəlxalq aləmdə tanınan tərəf kimi) saxlanılması məqsədiylə lazım olan vəsaitləri əldə etmək üçündür. İqtisadi kapital dövlətlə insanlar, sakinlər arasında əlaqələrin yaranması üçün şərtdir. Dövlət öz vətəndaşları ilə daha çox maddi kapital əsasında əlaqələr qurur. Dövlət vergiləri tənzim etməklə, əhalidən, sahibkarlardan pay əldə etmiş olur. Bu pay əhalinin aztəminatlı təbəqəsinin ehtiyaclarını ödəmək üçün əldə olunur. Dövlət resursları ona görə əldə edir ki, hakimiyyətini saxlasın. Hakimiyyət də dövlətin dayağıdır. Vətəndaşları və əcnəbiləri idarə edən tərəfdir. Deməli, iqtisadi vəsaitlər, maddi ehtiyatlar dövlətlə vətəndaşlar və qeyri-vətəndaşlar arasında gündəlik, cari, taktiki və strateji əlaqələri və münasibətləri təmin etmək üçündür. Dövlət əhalidən vergiləri ehtiyat və cari fondlar üçün toplayır. Əhalinin məşğul təbəqəsi ilə qeyri-məşğul təbəqəsi arasında tarazlığı və insan, cəmiyyət bütövlüyün təmin etmək məqsədilə vergilər toparlanır. Mərkəzləşmiş fondlar şaxəli və sistemli qaydada ehtiyacların ödənilməsinə yönləndirilir. Vergi fəlsəfəsi ictimai, iqtisadi, sosial, humanitar, mədəni təfəkkürün əsasını formalaşdırır. Vergi fəlsəfəsinin dayağında iqtisadi –siyasi vəhdətlik və komplekslilik dayanır. Dövlət ictimai və hüquqi münasibətlərdə və əlaqələrdə özünü iqtisadi sistemlə, iqtisadi resurslarla sübuta yetirir, təsdiqləyir.

Vergi fəlsəfəsi dövlətin ehtiyaclarını ödəmək fəlsəfəsidir. Bu fəlsəfə həm də insanların bəşəri məfkurəsidir, düşüncəsidir. Çünki bəşəriyyətin saxlanılması maddi elementlərdən asıldır. Maddi elementlərin harmonik və sistemli qaydada əldə olunması bəşəriyyətin harmonik yaşam tərzini təşkil edir. Vergi fəlsəfəsi dəyərləri qorumaq və nəsillərdən-nəsillərə ötürmək fəlsəfəsidir. Vergi fəlsəfəsi mədəniyyət və yaradıcılıq, əməklə məşğul olmaq fəlsəfəsidir. Belə ki, hər bir şəxs (əmək qabiliyyəti olan şəxs) öz dövlətini saxlamaq və bu qurumu dayağa çevirmək üçün əməklə məşğul olmalı və qazanclar əldə etməli və cəmiyyətə dəyərlər bəxş etməlidir.

Vergi prosesləri dövlətlə ödəyici, eləcə də istənilən sakin arasında (vergi ödəyicsi olmayan şəxs) sağlam əlaqə və münasibətlərin əsaslarını təşkil edir.

Vergi ödəyərkən insan öz cəmiyyətinə, mədəniyyətinə və xalqına, dövlətinə bağlanır. Eləcə də xarici ölkədə kommersiya ilə məşğul olarkən vergi ödəməklə həm də o ölkəyə hörmətini ifadə edir. Ölkənin şərəfinə hörmət edir. Ona görə ki, bütün ölkələrdə ölkə və dövlət üçün (ölkə və dövlət ifadələri əslində iqtisadi, siyasi, mədəni, coğrafi kriteriyalar üzrə ayrılıqda işlənilir. Məsələn, turizm ölkəsi, idman ölkəsi, texniki nailiyyətlər ölkəsi, tranzit ölkə, təbii sərvətlər ölkəsi, Avropa ölkəsi, Asiya ölkəsi və s. kimi sözlər işlənilir. Eləcə də super dövlət, böyük dövlət, möhkəm dövlət, sağlam hakimiyyətli dövlət, zəngin dövlət, parlament idarəçilikli dövlət və s. kimi sözlər də ifadə olunur) statuslar iqtisadi göstəricilərlə (siyasi güc, hərbi güc, fövqəladə güc, quru gücü, dəniz gücü, kosmik güc, maliyyə gücü, ticarət gücü və s.) müəyyən olunur.

Vergi fəlsəfəsi hər iki tərəf üçün: vergi yığan və vergi ödəyən tərəf üçün ümumən vahid amallara xidmət edir. Bu amallar dövlətin və ölkənin saxlanılmasından ibarət olur.

İqtisadiyyatın humanitar funksiyaları – humanizm iqtisadiyyatı

Humanizm iqtisadiyyatı iqtisadiyyat fəlsəfəsinin əsaslarını özündə əks etdirən ali məzmunlu təsərrüfat strukturudur. İqtisadiyyatın ali düşüncələri, xeyirxah məqsədləri məhz bu iqtisadiyyatda öz əksini tapır. İqtisadiyyatın xarakteri onu deməyə əsas verir ki, burada bütün məqsədlər sabitliyə, dincliyə, xeyirxah amallara yönəlir. Hədəflərdə məqsəd mənəvi-maddi kompozisiyanı təmin etməkdən, humanizm bütövlüyünü təşkil etməkdən ibarət olur. Humanitar iqtisadiyyat daha çox əhatəli təminata yönələn iqtisadiyyatdır. Humanitar iqtisadiyyat kompromisləri (iqtisadi münasibətlərdə və iqtisadi əlaqələrdə güzəştli dialoqları) özündə cəmləşdirən iqtisadiyyatdır.

İqtisadiyyat insanların özləri tərəfindən özlərinin təminatını həyata keçirmək üçün struktur şəkilində təşkil olunur. İqtisadiyyatın forması onun strukturudur. Məzmun isə təminatdır. İqtisadi struktur genişləndikcə tələbatlar artır, yeni ehtiyaclar meydana gəlir. İqtisadiyyatın genişlənməsi ehtiyacların və tələbatların artması ilə xarakterizə olunur. İqtisadiyyat daima yeni münasibətləri və əlaqələri şərtləndirir. Yeni münasibətlər yeni iqtisadiyyatın, yeni iqtisadi cərəyanların yaranmasını əsaslanıdırır. Humanitar iqtisadiyyat liberallaşan, yumşalan, dərinləşən və yayılan iqtisadiyyatdır. Humanitar iqtisadiyyat mərkəzlərdən ətraflara doğru yayılan iqtisadiyyatdır.

İqtisadiyyatın tələbatı təmin etmək funksiyası onun məzmunudur. İqtisadiyyatın funksiyası böyüdükcə məzmunu da genişlənir və dərinləşir. İqtisadiyyatın funksiyaları onun humanitar funksiyasında ümumiləşə, məxsusiləşə, universallaşa bilir. İqtisadiyyat insanların bir-birilərinə yardım etmək məqsədləri üçün də təşkil olunur. Məhsul mübadiləsi, əmək və pul mübadiləsi, ticarət və maliyyə sistemi özü-özlüyündə humanitar və tarazlı iqtisadiyyatın əsaslarını formalaşdırır. Humanitar iqtisadiyyat cəmiyyətin və dövlətin maddi-material xeyriyyəçilik fəlaiyyətindən formalaşır. Burada münasibətlər və əlaqələr kollektivdir, güzəştlidir.

Humanitar iqtisadiyyat dövlətin və cəmiyyətin dəyərlər hasil edən pozitiv amallara xidmət edən iqtisadiyyatıdır. Humanitar iqtisadiyyat daima öz kapitalını özünə yönəldir və kənara yayır. Burada məqsəd daxili və xarici ehtiyacların ödənilməsindən ibarət olur. Humanitar iqtisadiyyat zəruri tələbatları ödəməyə yönələn iqtisadiyyatdır. Humanitar iqtisadiyyat formaca dağınıq, yaylı, tarazlı iqtisadiyyatdır. Həm də liberal və yumşaq iqtisadiyyatdır. Buna rəhmli iqtisadiyyat da demək olar. Humanitar iqtisadiyyat güzəştli və imtiyazlı iqtisadiyyatdır. Dövlət təsərrüfat elementlərindən istifadəni asanlaşdırmaq üçün sadələşmiş iqtisadi tənzimləmə siyasəti yürüdür. Bunun sayəsində fondlardan istifadə olunur. Humanitar iqtisadiyyatın tətbiqi zamanı dövlət öz iqtisadiyyatını genişləndirir, geoiqtisadiyyat sferasını böyüdür. Nəticədə regional tələbatlar ödənilir. Daxili elementlər və xarici elementlər iqtisadiyyatın yayılmasına gətirib çıxarır. İqtisadi sfera genişlənir. Humanitar iqtisadiyyat yaylı və diqqətli, qayğılı iqtisadiyatdır. Dövlət humanitar fəlakətlər zamanı öz iqtisadiyyatını genişləndirir, səfərbər edir, problemlərin və fəsadların aradan qaldırıılmasına yönəldir. Bu zaman yeni ruh meydana gəlir. Humanitar iqtisadiyyat kömək, yardım ideologiyası üzərində qurulan ali düşüncəli, müdrik iqtisadiyyat formasıdır. Humanitar iqtisadiyyatın amalları təbii resurslardan və məhsullardan, bu baxımdan da xammaldan və nəticə məhsulundan xeyirxah əməllərlə istifadəyə yönəlməkdən ibarətdir. Xeyirxah iqtisadiyyat anti-müharibə, anti-münaqişə iqtisadiyyatıdır. Belə ki, dövlət iqtisadi resurslarını daxili sabitliyə yönəldir, həmçinin regionun kasıbçılığının aradan qaldırılmasına səfərbər edir. Münaqişələri və böhranları qabaqlayır, önləyir. Humanitar iqtisadiyyat regionun tarazlı ruhuna xidmət edən iqtisadiyyatdır. Dövlətin humanitar fəaliyyəti onun maraqlarını genişləndirir. Bu baxımdan da humanitar iqtisadiyyat dövlətin təhlükəsizliyinə və sabitliyə xidmət edir. Bu iqtisadiyyat dövlətin daxili iqtisadi ruhunu onun regional xarici ruhu ilə tənzimləyir. Eyni zamanda sistemli harmoniya yaradır. Dövlətin kənar, sərhəd ölkələrə kapital qoyuluşunu həyata keçirməsi, eləcə də maddi yardımları sərhəd iqtisadiyyatının inkişafına təkan vermiş olur. Bu da öz növbəsində dövlətin təsirlərini artırır. Deməli, humanitar iqtisadiyyat həm genişlənən, həm də dərinləşən iqtisadiyyat kimi funksiya kəsb edir. Humanitar iqtisadiyyat mərkəzləşdirici, cəlbedici iqtisadiyyatdır. Bu iqtisadiyyat humanizm ideologiyası ilə cəmiyyətin münasibətlərini və əlaqələrini yaradır. Yumşaq və dəyərli iqtisadiyyat insanların ruhuna da müsbət təsirlər edir. Humanizm iqtisadiyyatı cəmiyyətin yumşalmasına xidmət edir.

İqtisadiyyatın humanitar funksiyası qayğını təmin etməkdən ibarət olur. Burada bütün insanlar (iqtisadiyyatda iştirak edən və edə bilməyənlər daxil) əhatə olunur. Buna görə də tarazlı pay iqtisadiyyatı ilə təminat humanitar iqtisadiyyatın əsaslarını meydana gətirmiş olur. Humanitar iqtisadiyyatın funksiyaları kapitalı daima hərəkətə gətirməkdən ibarət olur. Sistemli məzmun kəsb edir.

İqtisadiyyatın Əsasları haqqında dərs: Tom Harridən avtomobil satın alır

Tom ikinci əl avtomobil almaq üçün bazara gəlib. Harri isə avtomobilini satmaqda maraqlıdır. Tom və Harri görüşür və onlar 7500 dollar qiymətinə razılaşırlar. Tom Harrinin avtomobilini, Harri isə Tomun 7500 dollarını alır. Böyük ehtimalla, Tom avtomobilə sahib olmağı 7500 dollarla edə biləcəyi hər şeydən daha çox qiymətləndirir. Eyni şəkildə, Harri 7500 dollarla edəcəklərini avtomobilindən daha üstün qiymətləndirir. Burada Tom yaxşı vəziyyətdədir. Eləcə də Harri.

Onlar nə qədər qazandı? Toma görə bu, Tomun avtomobilə verdiyi istifadə dəyərləri ilə 7500 dollar arasındakı fərqdən ibarətdir. Harriyə görə isə bu, Harrinin avtomobillə müqayisədə 7500 dollara verdiyi istifadə dəyərləri arasındakı fərqdir. Tom və Harrinin qazanclarının bərabər olması üçün heç bir səbəb yoxdur.

“Qeyd etmək lazımdır ki, həm Tom, həm də Harri üçün məqsəd idxal əldə etmək üçün istifadə etdikləri ixrac deyil, əldə etdikləri idxaldır”

Tom 7500 dolları “ixrac edir” və avtomobili “idxal edir”, Harri isə avtomobili “ixrac edir” və 7500 dolları “idxal edir”. Bununla belə, Tomun avtomobildən əldə etdiyi istifadə dəyəri 7500 dolları keçdiyinə görə onun həqiqi idxalı 7500 dollardan artıqdır. Eyni şəkildə, Harri üçün onun nağd idxalına verdiyi istifadə dəyəri 7500 dolları keçir, yəni o, həqiqətən, 7500 dollardan çox idxal edir.

Əslində, Tom və Harrinin hər ikisində mühasibatlıq baxımından deyil, iqtisadi baxımdan ticarət defisiti var. Əgər onlar olmasaydı, onda ticarət baş tutmazdı! Tomun “defisiti” idxal etdiyi avtomobilin istifadə dəyəri və avtomobilin ödənişi üçün ixrac etdiyi 7500 dollar arasındakı fərqdən ibarətdir. Harrinin “defisiti” idxal etdiyi 7500 dollarla 7500 dollara satdığı avtomobilin istifadə dəyəri arasındakı fərqdir.

“. biznes və iqtisadi mədəniyyətimizin qaydalarına görə, ixrac mahiyyətcə faydalı hesab olunur. ”

Qeyd etmək lazımdır ki, həm Tom, həm də Harri üçün məqsəd idxal əldə etmək üçün istifadə etdikləri ixrac deyil deyil, əldə etdikləri idxaldır. İdxal yoxdursa, onların ixracında mahiyyət etibarilə faydalı heç nə yoxdur. Həqiqətən də, Tom avtomobili əldə etmədən yalnız 7500 dolları ixrac etsəydi, o, ziyana düşə bilərdi. Eyni şəkildə, Harri 7500 dolları idxal etmədən yalnız avtomobili ixrac etsəydi, ziyana düşərdi.

Sonuncu müşahidə mühüm əhəmiyyət kəsb edir, çünki biznes və iqtisadi mədəniyyətimizin qaydalarına görə, ixrac mahiyyətcə faydalı hesab olunur, idxal isə ən yaxşı halda həvəssiz şəkildə qəbul edilir. Bunun yaxşı nümunəsi bu mədəniyyətin beynəlxalq ticarəti artırmaq məqsədi daşıyan beynəlxalq danışıqları necə təsvir etməsidir. İdxallara çıxışı artıran fəaliyyətlər “güzəştlər” haqqında danışıqlar adlandırılır. Başqa sözlə, insanların daha çox idxal etməsinə şərait yaratmaq, ABŞ ixracatı üçün müqayisə edilə bilən xarici “güzəştlər”in təmin olunması üçün sövdələşmə vasitəsidir.

Bu, Tomun daha çox ixrac edə bilməsi üçün razılaşdıqları 7500 dollardan yuxarı qiymət təklif edərək Harrinin avtomibilini həvəssiz olaraq almasına bənzəyir. Bu, Harri üçün də belədir. O, daha az idxal edə bilmək üçün diqqətini daha aşağı qiyməti qəbul etməyə yönəldərdi. Bu, məntiqli səslənirmi? Xeyr. Həqiqətən də, belə bir davranış maliyyə fəlakətinə doğru bir yoldur. Hər ikisi öz şəxsi işlərini bu işgüzar və iqtisadi mədəniyyətə uyğun təşkil etsələr, ölməsələr belə, evsiz qolacaq, pis vəziyyətdə geyinəcək və az qidalanacaqlar.

Tom və Harri kimi, bu biznesin və iqtisadi mədəniyyətin tədarükçüləri şəxsi işlərini ölkə üçün tövsiyə etdiklərinə uyğun şəkildə təşkil etmirlər. Saxta təhlillərini eşitməyək deyə onların fəaliyyətləri çox səs-küylü olur.

Bu məqalə “Creative Commons Attribution 4.0” beynəlxalq lisenziyasının şərtləri əsasında T. Norman Van Cott və İqtisadi Təhsil Fondunun icazəsi ilə istifadə edilib. Məqalənin orijinalını burada tapmaq mümkündür.

Comments are closed, but trackbacks and pingbacks are open.