Press "Enter" to skip to content

Kitabi dədə qorqudda şəxs adları

Birisi evin dayağıdır,

Kitabi Dədə Qorqud: gizlədilən həqiqətlər – ARAŞDIRMA – II YAZI

Birinci mərhələyə aid olan qədim türk dastanları əsas etibarilə e.ə. I minilliyin ortalarından eramızın I minilliyinin ortalarına qədər olan dövrləri əhatə edir. Bu dastanlar əsasən Saka, Hun, Göytürk, Uyğur tarixinə aid dastanlardır.

Bu dastanlar içərisində xüsusilə Kitabi-Dədə Qorqud xüsusi olaraq seçilir. O, türk toplumunun bir mükəmməl təfəkkürdən (mifologiya dövründən) digər mükəmməl təfəkkürə (tarixi dövrə) qədəminin yeni formasıdır. Kitabi Dədə Qorqud türk xalqlarının yaratmış olduğu milli mədəniyyət abidələri içərisində ən zəngin və ən möhtəşəm sənət əsəridir. Məşhur tədqiqatçı alim M.F.Köprülüzadənin dediyi kimi, “türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, Kitabi-Dədə Qorqud o biri gözünə qoyulsa, yenə də Kitabi-Dədə Qorqud tərəfi ağır gələr”.

V.V.Bartold dastanın coğrafi koordinatlarını məhz Qafqaz mühiti ilə əlaqələndirir və belə qənaətə gəlir ki, Dədə Qorqud adı ilə bağlı olan dastanın Qafqaz mühitindən kənarda yaranması qeyri-mümkündür (“Турецкий эпос и Кавказ. Книга моего Деда Коркута. М.-Л., 1962, стр.19-129).

Oğuzların tarixi coğrafiyası, Sibiri çıxmaqla, təxminən bugünkü türk dövlətlərini əhatə edir. “Türk sistemli dillərdə bulunan epik mahiyyətli və “Şahnamə” ilə, bizə görə, daha konkret və sıx əlaqə saxlayan əsərlərdən də qədim Azərbaycan türk dilində yazılmış olan “Dədə Qorqud” kitabıdır. Əvvələn, “Şahnamə” adının da göstərdiyi kimi, əsas etibarilə İran şahlarının dastanı olduğu halda, “Dədə Qorqud” oğuz xanlarının dastanıdır”. (Şahnamə və dünya epik ədəbiyyatı. İnqilab və mədəniyyət, 1934, N 9-10; səh.27-29).

“Dədə Qorqud” dastanının 2 orijinal nüsxəsi məlumdur. Bunlardan birini 1815-ci ildə alman şərqşünas H.F.Dits Drezden kitabxanasında, digərini isə 1952-ci ildə italyan alim Ettori Rossi Vatikan kitabxanasında ortaya çıxarmışdır. Berlində hər səhifəsində 34 sətir olan 37 səhifəlik başqa bir əlyazma da tapılmışdır. Berlin nüsxəsi kimi tanınan bu abidə əslində Drezden nüsxəsindən köçürülmədir.

“Dədə Qorqud”da xalq idrakı və təfəkkür tərzi, gözəllik və əxlaq kateqoriyaları, psixologiya və etnopsixologiya məsələləri, hərbi və sosioloji sistem, toponimiya və coğrafiya, arxitektura və s. məsələlər öz əksini tapmışdır.

E.Əlibəyzadə də dastanın VI-VII əsrin ədəbi yadigarı olduğunu və Dədə Qorqud tərəfindən yazıldığını iddia edir. Dastanda verilən qədim oğuz-türk adət-ənənələrinə, əxlaq normalarına əsaslanaraq, abidənin V-VI əsrlər və ondan əvvəlki əsrlərlə səsləşdiyini söyləyir. O, müəyyən faktlara əsasən Dədə Qorqudun tarixi şəxsiyyət olduğunu, VI-VII əsrlərdə yaşadığını və onun əfsanəvi bir şəxsiyyət olduğu haqda söhbətləri illüziya hesab edir.

Azərbaycan və türk dillərində Qorqud sözünün QorQurd kimi səslənməsinə çox rast gəlinir. Hətta Azərbaycanda qədim xalq mahnısı “Dədə qorqurd” da var.

Qoru Qurdu kimi izah edilən bu məna kitabənin lap qədim dövrlərə gedib çıxmasının göstəricisidir.

İ.Şıxıyevanın statistik hesablamalarına görə, “Dədə Qorqud”da işlədilən 77 şəxs adından 50-si türk, 24-ü ərəb və 2-si fars mənşəlidir.( İ.Şıxıyeva. Kitabi Dədə Qorqudda şəxs adlarının linqvostatistik xüsusiyyətləri. “Azərbaycan ədəbiyyatşünaslığı problemləri”. Bakı, 1993, s.111).

Yaxşı, bu ərəb adları tarixi islamın Qafqaza gəlişindən çox-çox öncəyə gedən kitabda necə əks olundu? Oğuz qəhrəmanlarının dilində məgər dini adlar, Məhəmməd, Həsən, Hüseyn və s. necə işlənə bilərdi?

Kitabi-Dədə Qorqud dastanından görünür ki, müxtəlif dinlərin hakim olduğu zamanlarda dastana yeni boylar əlavə olunub. Burada biz şamanizm, totemizm əlamətlərinə də rast gəlirik. Dastan X-XI əsrlərdə yazıya alınarkən islam dininin təsirinə məruz qalıb. Dastanda təsvir olunan adət-ənənələr, əxlaq normaları və s. də abidənin islam dininin qəbulundan əvvəl yaranmasını sübut edir. Məsələn, qızın ova çıxması, at çapıb ox atmaqda yarışması, gürz tutub güləşməsi, ərə getmək istədiyi oğlanı yoxlaması, döyüşdə ərinə kömək etməsi islamdan qabaqkı adətdir. Dastanın üzünü köçürən şəxslər islam dini ilə bağlı bəzi epizodlar əlavə ediblər. Hətta onlar Dədə Qorqudu daha çox diqqətəşayan etmək istədiklərindən onun Məhəmməd Peyğəmbərlə görüşməsi anından bəhs etmişlər. Onlar bunu etməklə Dədə Qorqudun əsl kimliyini gizlətmişlər.

Bir maraqlı məqam: Kitabi-Dədə Qorqud kimi ensiklopedik bir abidədə oğuzlar yalnız monoqamiya vəziyyətində təsvir edilmişdir. Kitabda çoxarvadlılıq yoxdur. Bizim əlimizdə olan on iki boydan heç birində heç bir oğuz igidi nə çoxarvadlı, nə də ikiarvadlıdır. Burdan sual meydana çıxa bilər: islam dövründə baş verən bir eposun qəhrəmanlarının nədən heç bircə nəfəri də islamın yaratdığı bu imkandan istifadə etmir?

Ərəb tarixçiləri yazır ki, guya Dədə Qorqud islamı qəbul edib və islam haqqında şeirlər yazıb, nəğmələr qoşub, Məhəmməd peyğəmbər haqqında xalq arasında dastan söyləyib. Bu qədər yanlış fikirləri tarixə yazan ərəblərin bir məqsədi var idi. Türkçü kimliyi, tenqriçilik ruhunu xalqda yoxa çıxarmaq. Dədə Qorqud dastanlarında Qurani-Kəri­min İxlas surəsinin bədii və müəyyən qədər sərbəst tərcü­məsinin yer alması ərəblərin türk dastanına birbaşa müdaxiləsinin göstəricisidir. Məlumdur ki, Kitabi-Dədə Qorqudun Vatikan nüsxəsi Qahirədə yaşamış Sidqi təxəllüslü müəllifin (əsl adı Seyid Əhməd bin Həsən Bali əd-Dəvədaridir) XVI əsrin ortalarında üzü köçürülmüş “Hekayəti-lətifeyi-ücubə və məhcubeyi-zərifə” adlı əsəri ilə eyni məcmuədədir (Adilov M. “Kitabi – Dədə Qorqud”un Vatikan nüsxəsinin bəzi paleoqrafik xüsusiyyətləri haqqında, Kitabi – Dədə Qorqud-1300, Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri, VI, “Örnək” nəşriyyatı, Bakı, 1999.).

Bu faktın özü Vatikan nüsxəsinin Misirdə (Qahirədə?) köçürülməsi barədəki bizim ehtimalımıza qüvvətli şəkildə dəstək verir. Yəni, bu gün bizə təqdim edilən Vatikan və Drezden nüsxələri əsl əlyazmalar deyil. Bu nüsxə Ağqoyunlular dövründə Uzun Həsənin tapşırığı ilə Aşıq tərəfindən qələmə alınıb. Vatikan nüsxəsində “Qorqud Ata Ağzından, Ozan Aydır” yazısının olması bunun sübutudur.

Dədə Qorqud nağıllarını qələmə alan Ağqoyunlu aşıq, hər halda, yüksək ədəbi biliyə və bacarığa malik idi. O, yeni dastan üzərində islam-türk sintezi formasında işləmişdir. “VII əsrdə yazıldığı iddia edilən bir əsərdə XIV əsrə aid məlumatlar hardandır?” kimi suallara da elə burada cavab tapılır. Dastanın bizə məlum olan nüsxələri Ağqoyunlular dövründə yazılıb. Bəs Kitabi-Dədə Qorqudun orijinal əlyazması hardadır? Dastanın tarixi ilə bağlı bilgili mütəxəssislərin iddiasına görə, orijinal əlyazma Misirdədir və hətta bəzi iddialara görə, piramidalardan birində ciddi-cəhdlə qorunur.

Prof. İ.Vəliyev Kitabi-Dədə Qorqudla Şumer tarixinin epik izləri, o cümlədən Şumer eposu “Bilqamıs” arasında süjet, ideya, fikir, poetik üslub, obraz paralelləri aşkarlamışdır. Bu fikri təsdiqləmək üçün deyək ki, adı çəkilən kitab dünyada yeganə kitablardan sayılır ki, türk kodu ilə işarələnmiş işarələr sistemi kimi qeyd edilir.

E.Əlibəyzadə 2007-ci ildə işıq üzü görmüş “Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları” kitabında “Bilqamıs” dastanı və Kitabi-Dədə Qorqud eposu arasında uğurlu paralellər aparıb, müqayisəli təhlillər verib, maraqlı nəticələr çıxarıb. Şumer və onun ətrafında yaranan ədəbiyyatın və mədəniyyətin gil lövhələrə köçürülüb saxlanılması, onların dövrümüzə qədər gəlib çıxması göstərir ki, xalq ədəbiyyatında yaşayan bir çox sözlərin, əsatir və mifik anlamların, əfsanə motivlərinin bizim minilliklərdə “Dədə Qorqud” boylarında, oğuznamələrdə və ümumən ozan-aşıq sənətində izləri, əlamətləri qalmışdır.

Alman şərqşünası Fridrix Dits yazır: “Homer Asiya səyahətində Təpəgöz əfsanəsini eşitmiş və Polifemin əsas həyatını oradan almışdır. Kim bilir, bəlkə o, əfsanəni hər hansı bir oğuz qəbiləsi arasından eşitmişdir? Çünki bu qəbilə Primanın müttəfiqləri olaraq yunanlara qarşı Troya müharibəsində hərb etmişdir”.

Məntiq ortadadır: Kitabi-Dədə Qorqud bizə təqdim edilən kimi islam dövründə deyil, eramızdan öncəki illərdə yaranıb.

Qədim türk inancında Günəş kultu vardı ki, bu da Azərbaycanın ən qədim kultlarındandır. Bu kult tunc dövründə çox böyük tərəqqi tapmışdı. Dədələr (atalar) kultu ortaya çıxandan sonra, dədələr də günəş qüdrətli, onun kimi himayəkar hesab edilir və ona görə də onların adı çox zaman günəş sözü ilə yanaşı çəkilirdi. Sonralar pir şəklinə düşmüş qədim abidənin (Dədə Günəş) hər iki kultun adı ilə adlanması göstərir ki, onlar çox yaxın və bir-birini əvəz edən ən qədim kultlar olmuşdur. Dədə Qorqudu Günəş Ata kimi də qəbul etmək olar. Dastanın Basatın Təpəgözü öldürdüyü boyunda onun adı Günəş Ata kimi gedir. Burada “Qorqud” adının etimologiyası haqqında bizdən əvvəl söylənmiş bəzi fikirlərlə öz fikirlərimizi bildirməyi də vacib sayırıq. O. Süleymenovun fikrincə, “Qorqud” sözü qədim Şumerlə bağlıdır ki, bu ad daha sonra Misirə və s. ölkələrə yayılmışdır. O, eyni zamanda bu adın qədimdən “Görgüt” şəklində söylənmiş olduğunu iddia edir. O. Süleymenov həmçinin “gör” sözünün izahın vermişdir. “Gör” sözü isə onun fikrincə, Şumer “hör” (günəş) sözündən törəmişdir: Günəşin səmadakı hərəkəti ilə bağlı müxtəlif şəkillər almasını Şumerlər heroqlifləri ilə göstərmiş, sonradan isə Türk kahinləri bu heroqlifləri “günəş” kimi izah ediblər. (O.Süleymanov. “Az-Ya”. Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2007, 272 s. 213.)

Kitabi-Dədə Qorqudda Qorqud adındakı “qor” sözü ilə bağlı daha bir mülahizə. V əsrdə Albaniyada şimaldan Qor və Qazan adlı iki elbəyi öz tayfaları ilə gəlib Syuni əyalətində (indiki Zəngəzurda) məskunlaşmışlar. (Georec A. Bourkoutian. Eastern Armenia in the Lase Pekades of Persian Rule 1807 – 1828. A. Political and socioeconomic Studu of the khanate of Erevan on the eve of the Ryssian conquest. Undena pulecations. Malibu California, 1982, səh. 147 – 194.)

Hər iki elbəyin adlarının türk mənşəli olduğu şübhəsizdir. Albaniyada Qoroz qalasının olması faktı da var ki, bu qalanın adı indiyədək Ermənistanda Qoris (əslində Gorus) formasında qalmışdır. QOR-is isə QOR-ATA, türklər demişkən Dədə QOR QURDun yaşadığı yer kimi də qeyd edilə bilər.

Oğuz xaqanın, Bayandır xaqanın, Sunkur bəyin, Şəktur xanın, habelə Qıpçaq xanın və başqalarının fəaliyyət mərkəzi – onların əsas məkanları, başlıca oylaqları Göyçə gölü ətrafı, Qarabağ qışlağı, Alagöz yaylaqları, Əlincə qalasının olduğu yerlər, qədim Azərbaycan torpaqlarıdır. Hər iki bölgə tarix boyu oğuzların sıx-sıx yaşadıqları coğrafi məkan sayıldığından o yerlərdə Dədə Qorqud boylarına məxsus çeşid-çeşid adlar və ünvanlar dövrümüzdə də özünü qoruyub yaşatmaqdadır. Kitabi Dədə Qorqud eposunda Uruzbek adı çəkilir. Bu ad albanlarda geniş yayılmışdır və e.ə. I əsrin 60-cı illərində alban çarı Oroz, Oroys başqa qədim türkdilli xalqlardakı Oruz, Uruz, Orus şəxs adları ilə müqayisə oluna bilər.

V əsr Roma müəlliflərinin qeydlərində Albaniyanın köklü sakinləri abdallardan danışarkən onları mənşəcə Hun tayfalarından hesab edirdilər. Qədim türkcədə abdal “ov Tanrısı” anlamında işlənib. Kitabi-Dədə Qorqudda albanlardan türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi təqdim olunur. Şərqşünas-alim Süleyman Əliyarov bu barədə yazır: “Türkiyəli tədqiqatçı Ergin “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsindəki əlyazmada hər iki halda “alpanlar” yazıldığını bildirmişdir. Kitabda “alpanlar” etnoniminə rast gəlinməsi onun Azərbaycanda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda ərsəyə gəldiyini sübut edən dəlildir. Bu xalq eramızdan əvvəl lV əsrdən etibarən X yüzilliyə qədər 1500 illik bir vaxt ərzində Azərbaycanda yaşamışdır.

Kitab 24 boydan ibarətdir. Bu Albaniyada olan 26 tayfadan iki irandilli tayfanı çıxmaq şərtilə 24 türk tayfasının sayı ilə eynidir. 24 oğuz boyu Oğuz xaqanın bu 24 nəvəsinin adı ilə bağlıdır. Hər boyun öz onqonu, öz damğası varmış. Professor Qəzənfər Kazımov qeyd edir ki, Oğuz boyları “Sağ qanad”və “Sol qanad” deyilən iki qanada ayrılırmış. Bunlar Üç Oq və Boz Oq adlarını daşıyırmış. Sağ qanaddakı ilk boyun adı Qayı olmuş və bu boy öz əsasını Oğuzun böyük oğlu Gün xandan almışdır; Sol qanadda əsas boy Bayat boyudur. Bu boy öz əsasını Göy xandan götürmüşdür. Dastanlarda aparıcı şəxs Bayat boyundan Bayındır xandır.

Qəzənfər müəllim fikrimizi təsdiq edən “Bayındır tayfasının – Sol qanadın hakimiyyətini təsvir edir” fikirləri göstərir ki, Qayı türklərinin dastanları sayıla biləcək həmin 12 boy gizlədilib. Keçən yazımda (http://news.lent.az/news/210483) Məhəmməd Peyğəmbərin (s) nəslinin türk soylu Qayı boyuna gedib çıxması fikrini əsas tutaraq belə qənaətə gəlmək olar ki, məhz ərəblərin ciddi-cəhdlə gizlətdiyi 12 boy Qayı tayfasına da aid ola bilər.

Lakin bizə məlum olan 12 boydur. 13-cü boyu Bəkir Çobanzadə Leninqrad Şərqşünaslıq İnstitutunun arxivində tapıb. Sonradan bu hekayətin Azərbaycanda dərcinə izn verilməyib və onu gizli arxivə köçürüblər.

Misirli müəllif Əbu Bəkr ibn Abdullah Aybek Ed-Devadarinin “Dürerüt-Tican” adlı ümumi tarixində Dədə Qorqud hekayələri ilə bağlı çox vacib bir qeyd vardır. Əslən Səlcuq sülaləsindən olan alim yazır ki, Çingiz Xana məxsus müqəddimədə Oğuznamə haqqında məlumat verib. Oğuz Türklərinin yanında “Oğuznamə” (Dədə Qorqud dastanı) deyilən bir kitab var ki, əldən-ələ keçirdirlər. Çingiz xan bu kitabın bir nüsxəsini özündə saxlayardı. (Kırzıoğlu Fahrettin Neşri, Osmanlı Tarihleri, İstanbul 1949, s.388-389)

“Kitabi-Dədə Qorqud”da qadın kultu

Əsrlərin yadigarı “Kitabi-Dədə Qorqud” xalqın ağsaqqal bir dühasının məhsulu, mədəni dəyərlərin xəzinəsi, milli – sosial həyatın rəngli və təfərrüatlı tablosu, igidlik, qəhrəmanlıq salnaməsi, bir tarixin həqiqəti, vahid coğrafiyası ilə indiki türk övladının ruhunu, psixologiyasını, düşüncəsini sağlam şəkildə inkişaf etdirəcək bir gücə, qüdrətə malik əvəzedilməz xalq eposudur.

Türklər dünyada ulu əcdadlara malik, tarixi çox uzaq keçmişlərə dayanan bir xalq olduğu üçün təfəkkür və sivilizasiya baxımından çox inkişaf etmişdir. Türkün milli-mənəvi dəyərləri müqəddəslik və toxunulmazlığını bugünümüzə qədər mühafizə etmişdir. Toxunulmazlığın ən yüksək zirvələrində isə qadın dayanır. Türk qadını türk təfəkküründə həm ana, həm tərbiyəçi, həm evinin xanımı, həm mübariz döyüşçü, həm ailənin dayağı kimi ətrafa işıq saçan nurdur. Analıq oğuz elində, xüsusilə övladların nəzərində dəyərli bir məfhumdur. ”Kitabi-Dədə Qorqud” un boylarında dəfələrlə işlədilən “ana qadın”, “qadınum ana”(Bərü gəlgil,aq südin əmdigüm, qadunum ana! Ağ birçəklü, izzətlü, canım ana!) qədim türk yazılarında “Öküm qatun” ifadələri, “Ana haqqı, Tanrı haqqı” deyən oğuzların təfəkküründə ana-qadın kultunun izlərinin orta əsrlərə qədər gedib çıxdığını göstərir. “Ana haqqı, Tanrı haqqı” qəbul edilərək bu məfhuma müqəddəs bir anlam verilmişdir. Kafirlər Burla xatunun hansı olduğunu bilmək istərkən Uruzun anasına söylədiyi bu sözlər onun ləyaqətini əslində necə uca tutduğunun sübutudur: “Uruz aydır: ” Ağzun qurısun, ana! Dilun çürüsün, ana! Ana haqqu-Tanrı haqqu denilməsəydi, qalqubanı yerimdən duraydım, yaqanla boğazından tutaydım, qaba ökcəm altına salaydım, ağ yüzini qara yerə dəpəydim, ağzun ilə burnundan qan şorladaydım, can datlusın sana göstərəydim”

Dastanda hörmətli bir məqamda təsvir olunan qadınların ən dəyərlisi və müqəddəsi yenə də analardır. Hətta bir oğuz kişisinin elindəki hörməti onun xanımının ana olaraq qız və ya oğlan övlad verməsilə ölçülür. Elə bu səbəbdən, ”Oğlı olanı ağ otağa, qızı olanı qızıl otağa qondurun, oğlı-qızı olmayanı Allah-Taala qarğayıbdır, biz dəxi qarğarız, bəllü bilsün.”- deyə söyləyən Bayandur xan bir ailədə övladın olmasının vacibliyini nəzərə çatdırır.

Anaların və analığın müqəddəsliyini Təpəgöz belə axırda etiraf edir. Övlad dərdinə məruz qoyduğu anaların göz yaşlarının özünə bəla olduğunu söyləyir:

Ağ birçəklü qarıcıqları çoq ağlatmışam,

Gözi yaşı tutdı ola, gözüm, səni?

Ananın müqəddəsliyi, ona verilən dəyərin təcəssümü kimi Qazan xan evi yağmalanan zaman bütün mal-dövlətindən keçərək ilk öncə anasını istəməsi diqqəti cəlb edir:

Qarıcıq anamı gətürüb durursan,

Mərə kafir, anamı vergil mana

Savaşmadın ,uruşmadın qayıdayum gerü,

Dönəyim, gedəyim, bəllü bilgil.

Bu abidədə də qadın üçün övladının dünyaya gəlməsi ən böyük xoşbəxtlikdir. Bir çox sıxıntılara düşən ananın bütün dərdləri övladının dünyaya gəlməsi ilə bir anda yox olur.

Quru-quru çaylara suçu saldım

Qara donlu dərvişlərə nəzirlər verdim.

Ac görsəm, doyurdum .

Yalıncıq görsəm, donatdım.

Doquz ay dar qarnımda götürdügüm oğul,

On ay deyəndə dünyaya gətürdügüm oğul,

Dolması altun beşikdə bələdügüm oğul.

Anaya olan sevginin ifadə olunduğu ən gözəl səhnələrdən biri Buğacın anasını gördükdə içi ümidlə dolduğu andır. Buğac onun köməyinə gələn anasına bu sözlərlə müraciət edir:

Bərü gəlgil,aq südin əmdigüm.qadunum ana!

Ağ birçəklü, izzətlü canım ana!

“Kitabi-Dədə Qorqud”da qadın bir övlad, gələcək nəsil yetişdiricisi kimi tərbiyədə müxtəlif üsullardan istifadə edirdi. Bu yeri gələndə nəsihət, yeri gələndə cəzalandırma, yeri gələndə isə övlada yaxşı işlərinə görə edilən tərif, verilən ləyaqətli adlar ola bilərdi. Əsrlərin təcrübəsindən bəhrələnərək bugünkü günümüzdə də böyüyə, kiçiyə hörmət, əldən öpmə, baş endirib bağır basmaq və s. kimi əxlaq qaydaları yaşamaqda davam edir.

Dastanda çoxarvadlılıq olmamış, kişi evin dirəyi, qadın ürəyi, övlad isə bəzəyi hesab edilmişdir. Ata evi tərbiyə ocağı idi, övlad ailədən kənar böyüdülmür, məhz ailədə qadın tərəfindən tərbiyə olunurdu. Bəli, övlad əziz idi, lakin nənə-babalarımızın dediyi kimi, ”Tərbiyəsi ondan da əzizdir uşağın”.

Müqəddimədə bu fikirlər də xüsusi yer tutur:

Qız anadan görməyincə öyüt almaz.

Oğul atadan görməyincə süfrə yaymaz.

Qızlar ananın verdiyi mükəmməl tərbiyə sayəsində səliqəliliyi, qoçaqlığı, ərə sədaqəti, ədəb-ərkanı ilə seçilir. Həqiqətən də, Oğuz elində qızlar döyüş məharətinə görə heç də kişilərdən geri qalmırlar. Belə ki, burada qadınların əksəriyyəti uşaqlıqdan aldıqları tərbiyənin, alışdıqları ailə ənənələrinin təsiri nəticəsində elə formalaşmışlar ki, lazım gələndə nəslin şərəfi və ədalət uğrunda kişi üçün silaha sarılır və ağıllı, tədbirli, təmkinli, qəhrəman kimi çıxış edirlər.

Qadını həyat yoldaşı kimi səciyyələndirərkən isə öncə Dədə Qorqudun bu sözləri ilə başlamaq istərdim: “Ozan aydır:

Qarılar dört dürlüdür:

Birisi solduran soydur.

Birisi dolduran toydur.

Birisi evin dayağıdır,

Birisi necə söylərsən,bayağıdır.

Dədə Qorqud qadının xarakteristikasını verərkən “evin dayağı” olan qadınları uca tutur və hər bir igidə də belələrini arzulayır və deyir: “Ozan, evin dayağı oldur ki, yazıdan-yabandan evə bir qonuq gəlsə, ər adam evdə olmasa, ol anı yedirər-içirər, ağırlar-əzizlər, göndərər. Ol Ayişə, Fatimə soyıdır, xanım. Anun bəbəkləri yetsün. Ocağına buncılayın övrət gəlsün.

Onu da qeyd edək ki, qadına həyat yoldaşı olaraq “halal” deyə müraciət bir çox boylarda rast gəlinir. “Salur Qazanın evi yağmalandığı” boyda kafir Qaraca Çobana Burla xatunun ələ keçirildiyini bildirmək üçün belə deyir: “Qırq incə bellü qızla Qazanın halalını biz gətirmişüz.”

Dastanda qadınların həyat yoldaşı kimi qonaqpərvərliyi və gülərüzlülüyü yenə ənənədən irəli gələn gözəl əxlaqın davamıdır. Bir türk qadını ərinin namusu olaraq ən yüksək zirvələrdə dayanır.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, “ Kitabi-Dədə Qorqud” nəinki öz dövrünün mədəniyyətini, həm də özündən əvvəlki türk təfəkkürünü əks etdirmişdir. Burada qadına dərin hörmət, ana müqəddəsliyi o qədər gözəl səhnələşdirilmişdir ki, oxuyarkən xalqımızın necə yüksək mənəvi dəyərlərə malik olduğunu görürük.

1. Abdullayev K. “Dədə Qorqud” nəsrinin spesifik xüsusiyyətləri. Azərbaycan jurnalı, 1981, 6 iyun.

2. Kitabi-Dədə Qorqud. Əsl və sadələşdirilmiş mətnlər. Bakı, 2004.

3. Quliyev A. “ Kitabi-Dədə Qorqud” ictimai-siyasi fikrimizin möhtəşəm abidəsidir. Bakı, 1999

4. Məmmədzadə H. “ Kitabi-Dədə Qorqud” və soykökümüzün qaynaqları. 2000.

5. Nəbiyeva Ü. “ Kitabi-Dədə Qorqud” və folklor ənənələri. Dissertasiya. Bakı, 1999.

Məstəlili Şəbnəm

Türkün şəxsiyyət vəsiqəsi – “Kitabi-Dədə Qorqud” dastanı!

APA TV-nin “Səsli tarix” proqramının son buraxılışı tariximizin çağlayan bulağı hesab edilən Dədə Qorqud eposuna həsr olunub. “Dədə Qorqud” eposu dövrümüzə “Kitabi Dədəm Qorqud ala lisani tayfeyi oğuzlar” adı ilə gəlib çıxıb. Yəni, “Oğuz tayfalarının dilində olan Dədə Qorqud dastanları” Bu yaxınlara qədər dastanın tapılma tarixi XIX yüzillik hesab edilirdisə, son tədqiqatlar göstərir ki, hələ XVIII yüzillikdə Avropada bu əsərlə Fleyşer tanış olmuşdu. Sonradan isə dastanın 12 qolu, yəni “Drezden nüsxəsi” və keçən əsrin 50-ci illərində Vatikanda Etoro Rossi tərəfindən aşkar edilən Vatikan nüsxələri gəlib çıxıb. Bu nüsxələrdəki 6 boy Drezden nüsxəsindəki 12 boyla demək olar ki, eynidir. Lakin istər dil üslubu baxımından, istərsə də bəzi əlavələrə əsasən demək olar ki, Vatikan nüsxəsi nisbətən sonrakı dövrlərdə, yəni XV-XVI yüzilliklərdə qələmə alınıb. Hadisələr isə təbii ki, nə XI-XII əsrlərdə, nə də XV-XVI əsrlərdə cərəyan etmir. Dastanın giriş hissəsində belə bir cümlə ilə rastlaşırıq: “Peyğəmbər Əleyhissəlam zamanına yaxın Bayat boyunda Qorqud ata deyilən bir boy qopdu” Bu isə onu göstərir ki, dastanın əsas personajı olan Dədə Qorqud Məhəmməd peyğəmbərlə eyni əsrdə, yəni VI-VII yüzilliklərdə yaşayıb. Hətta bu da qeyd olunur ki, “dövrünün o ki bilicisi idi, qeybdən dürlü xəbərlər söyləyərdi”. Bu baxımdan inam kompleksinə görə ola bilsin ki, Dədə Qorqud eyni zamanda qədim türk inanclarında mühüm yer tutan şaman funksiyasını yerinə yetirən bir şəxsiyyət olub. Biz onu “alqışı alqış, qarğışı qarğış olan” bir şəxsiyyət kimi də tanıyırıq.

“Dədə Qorqud” eposu ilə eyni adlı film arasında hansı fərqliliklər var?

Çox təəssüf ki, bizim nə qədər ki, dastanı oxumamışdıq, epos haqqında təsəvvürlərimiz eyni adlı film əsasında formalaşmışdı. Təbii ki, o dövr üçün həmin filmin çəkilməsi çox mühüm bir hadisə idi. Sovet hakimiyyəti illərində, xüsusilə 50-ci illərdə “Dədə Qorqud” dastanına burjua dastanı damğası vurulmuşdu, belə tərif edilən bir dastan əsasında film çəkilməsi müsbət qiymətləndirilməlidir. Film 70-ci illərdə milli ruhun yüksəlməsinə müəyyən rol oynasa da, bəzən filmdə bədiiliyin artırılması ilə dastanın əsas məğzi üst-üstə düşmür. Hətta personajların özündə də dastanla fərqlilik çoxdur. Məsələn, filmdə Tural obrazı var, dastanda isə belə obraz yoxdur. Qazan xanın oğlunun adı Uruzdur. Digər tərəfdən düşmən obrazının seçilməsi. Oğuzların düşməni kimlərdir? Dastanda oğuzların əsas düşməni Sası dinli adamlar kimi təqdim olunur, filmdə isə düşmən obrazında başqa bir türk xalqını – qıpçaqları görürük. Düzdür, qıpçaqlarla oğuzların arasında toqquşmalar çox olub. Lakin onu dastan səviyyəsinə yüksəltmək, təkcə qıpçaqları oğuzlara düşmən olaraq göstərmək təbii ki, düzgün deyildi. Niyə? Çünki dastanda görürük ki, oğuzların daim döyüşdükləri adamlar ya Qan Abxaz elinin adamlarıdır, ya Sası dinlilərdir. Əsas rəqib də Şəkili Məlikdir. Düzdür dastanın özündə bu ad nədənsə Şöklü Məlik olaraq gedir, əslində bu Şəkili Məlikdir. Bu Şəki də indi bizim Nuxa deyilən ərazi deyil, indi Ermənistan ərazisində qalan Zəngəzurdakı Şəkidir. Bəllidir ki, Məlik titulu haylara aid bir şey deyil. Bu da dastanın mühüm tarixi mənbə kimi dəyərini artırır ki, bu 12 boyun heç birində biz Hay etnosuna, ərmən etnosunun adına rast gəlmirik.

Oğuzlarda idarəetmə sistemi: Doqquzlar Şurası, İxtiyarlar Heyəti.

Dədə Qorqud dastanlarını təhlil edərkən, birinci növbədə etnik tariximizdən baxımından hadisələrə diqqət yetirməyimiz lazımdır. Bütün dastan boyu Xanlar Xanı və Bəylər Bəyi titulundan söz açılır. Xanlar Xanı deyəndə Bayandur xan nəzərdə tutulur, Bəylər Bəyi deyilərkən isə Qazan xan nəzərdə tutulur. Digər tərəfdən idarəçilikdə 9 qoca iştirak edir. O qocalardan sadəcə ikisinin adını deyək ki, tamaşaçılara aydın olsun. Uşun qocadan “Səkrək Əkrək” boyunda, Kanqlı qocadan isə “Qanlı Qoca oğlu Qanturalı” boyunda söhbət açılır. Bunlar qoca titulu ilə xatırlanırlarsa, deməli bunlar xaqanın, yəni Xanlar Xanı olan Bayandurun Doqquzlar Şurasının üzvləri olub. Biz bilirik ki, bu cür idarə sistemi türk xalqlarının əksəriyyətində mövcud idi. Həmin tayfalar, məsələn usunlar barədə tamaşaçılarımıza danışmışıq. Mərkəzi Asiyada Uşun xaqanlığı çox böyük xaqanlıqlardan biri idi və Uşun Xaqanlığının varisi olaraq biz sonradan qıpçaqları görürük. Kanqlıların adı isə Fəzlullah Rəşidəddinin kitabında çəkilir, digər tərəfdən isə Kanqlılar peçeneq tayfalarının adlarından biri idi. Yəni Dədə Qorqud dastanları eyni zamanda türkün etnik tarixini ortaya qoyur.

“Kitabi Dədəm Qorqud”un tarixi coğrafiyası – BÜTÖV AZƏRBAYCAN

Dastanda Dəmirqapı Dərbənd adı çəkilir və “Qazan xanın evinin yağmalanması” boyunda qeyd olunur ki, Qazan xanın Dəmirqapı Dərbənddə çobanı vardı və qoyunları çox idi. Söhbət Qaraca çobandan gedir. Çox vaxt tədqiqatçıları çaşdıran məqam dastanda ikinci bir Dərbəndin adının çəkilməsidir. O da Qara Dərbənd adıdır. Çox təəssüf ki, uzun müddət Qara Dərbənd dedikdə indi Hərbi Gürcüstan yolundakı o aşırım nəzərdə tutulurdu. Lakin son tədqiqatlar da göstərir ki, Qara Dərbənd deyərkən, Anadolu ilə Azərbaycanın tarixi sərhədləri olan Qara Dərbənd nəzərdə tutulur. Yəni bugünkü Ərzurum-Qars istiqamətində olan ərazilər. Yer adlarına fikir versək, Dəmirqapı Dərbənd, Qara Dərbəndlə yanaşı Dərəşan-Naxçıvan xatırlanır. Digər tərəfdən Gökçə dəniz xatırlanır. Qazılıq dağı xatırlanır. Onu da deyim ki, Qazılıq dağı dedikdə, dastanlarda həm böyük Qafqaz, həm də Kiçik Qafqaz nəzərdə tutulur. Hətta çox vaxt qızlar və gəlinlər üzlərini o dağa çevirəndə, ağzına yaşmaq alardılar. Və bu da qədim türklərdə dağ kultunun olması, dağa inancla bağlı hadisədir. Hətta Avropa qaynaqlarında belə Qafqaza Qazılıq dağları deyiblər. Qədim yunan müəllifləri Prometey ilə bağlı əfsanədə bu əraziləri Qas dağları adlandırırlar. Biz bilirik ki, Kaspi Kas Xəzər tayfaları, yəni Kasların adı ilə olan bir bölgədir. İndi isə tarixi coğrafiyadan danışanda oğuzların fəth elədikləri torpaqların adına fikir verək. Məsələn Bamsı Beyrək haqqında danışlarkən, Hamit və Mardini Basubanalan ifadəsi işlənir. Bugünkü Hamit və Mardin bilirik ki, Anadolu ərazisində yerləşir. Diyarbəkirin adı çəkilir, digər tərəfdən Gəncənin adı xüsusi qeyd edilir. Məsələn “Bəkil oğlu Əmran boyu”nda biz bilirik ki, o Gəncəyə bəy olaraq göndərilir. Gürcüstan tərəfindən gələn xəraclar da buna verilib. Və Dədə Qorqud dastanında deyilir: “Sası dinli Gürcüstan ağzında oturursan”. Burada konkret Azərbaycanın şimal-qərb qonşusu olan Gürcüstan nəzərdə tutulur. Trabzonun adı çəkilir, Trabzon Təkru olaraq. Dumanın qalası olaraq bugünkü Dimanisin adı çəkilir. Bu əraziləri biz təxmini xəritə üzərində təsvir etsək, bu təbii ki, bütöv Azərbaycanı özündə əks etdirir və Azərbaycanın özünün qədim oğuzlar yurdu olmasını bir daha təsdiq edir.

“Kitabi Dədəm Qorqud”da türk xalqları – oğuzlar, türkmanlar, peçeneklər, kəngərlər, qayılar.

Dastanda adı çəkilən etnoslar böyük bir qismi türk xalqlarıdır. Bunların sırasında usunları, oğuzları xüsusi qeyd etmək lazımdır. Hələ indinin özündə də həll edilməmiş bir məsələ – türkman və oğuz məsələsi dastanda xüsusi qabarıq şəkildə nəzərə çarpır. “Qanlı qoca Qanturalı” boyunda belə bir epizod var. Qanturalı evlənmək istəyərkən, atası buna qız axtarır və evlənmək təklif edəndə, Qanturalı orijinal bir söz işlədir. Deyir ki, “baba, gedib birdən cici-bacı türkman qızı alarsan, nagahani qarnı üstə yıxaram, qarnı partlayar”. Fikir verirsinizsə, burada Oğuz və Türkman fərqliliyi var. Və yaxud “Oğuzun arsızı, türkmanın dəlisi” deyə bir müqayisə aparılır. Bu da çox güman ki, oğuzlar arasında müəyyən bir differensiasiyanın baş verdiyinin sübutudur. Düzdür, onlar ümumi adla Oğuz adlandırılırsa, içlərində artıq bir türkmən obrazı da görməyə başlayırıq. Bu gün türkman adı ilə oğuzların yayılma areallarının üst-üstə düşdüyü bəllidir. Dastanın təhlili göstərir ki, keçmiş sovet konsepsiyasında iddia edildiyi kimi, oğuzlar bura XI-XII əsrlərdə gəlməyiblər, elə buranın aborigen əhalisi olublar. Çünki indinin özündə də çox təəssüf ki, bizdən qoparılmış Göyçədə, Oğuz xaqanının Göyçə gölünün ətrafındakı dağın başında dəfn edildiyi haqqında bilgilər vardır. Bu isə bizim etnogenezimizin məhz Dədə Qorqud çərçivəsində cızılmış tarixi-coğrafiya içərisində baş verdiyini bir daha sübut edir.

“Dədə Qorqud” dastanlarında oğuzların bölünməsinə, yəni Anadolu və yaxud Azərbaycan deyə bölgüsünə rast gəlmirik. Eposda belə bir ifadə işlədilir, o da çox güman ki, sonradan əlyazmanı yazan tarixçinin əl xəttidir. Deyir ki, “gün gələr yenə hakimiyyət qayı boyuna gələ, su dediyin Osman nəslidir, işdə sürüyüb gedeyüdür”. Burada fikir verirsinizsə, Osmanlı ilə Qayı arasında da differensiasiya baş verir. Faktiki tarixdən bəllidir ki, Osmanlı boyu qayı tayfasından gəlir, amma Dədə Qorqudda nədənsə deyilir ki, “hakimiyyət yenidən qayı boyuna gələ, işdə dediyin osman nəslidir, sürüyüb gedeyindir” deyə” Bu da çox güman ki, dediyimiz kimi XV-XVI əsrlərdə kitabın üzü köçürülərkən, ola bilsin ki, xəttat tərəfindən əlavə edilmiş bir cümlədir.

Dədə Qorqud tarixi şəxsiyyətdirmi?

Dədə Qorqudun tarixi şəxsiyyət olması daim mübahisə mövzusu olub. Dastanda olan personajların əksəriyyətinin tarixi Azərbaycan torpaqlarında bir neçə yerdə məzarlıqları var. Hətta Adam Oleari Dərbənddə olarkən, Qazan xanın həyat yoldaşı Burla xatunun burada dəfn edildiyini, Dədə Qorqudun Dərbənddə qəbrinin olması haqqında məlumat verir. Bu da görünür ki, türklərin həyat tərzi olan yaylaq-qışlaqla bağlı idi. Çox güman ki, qışlaq vaxtı Aran yerinə qayıdılardı, yay vaxtı isə yaylaqlara çəkilərdilər. Dərbənddə bu cür tarixi şəxsiyyətlərin qəbrinin olması, bu o qədər də yaxın tarixin məhsuludur. Bilirik ki, Adam Oleari XV-XVI əsrin tarixi şəxsiyyətlərindən biridir. O xüsusi olaraq qeyd edir ki, Dərbənddə Dədə Qorqudun məzarı var. Digər tərəfdən bayaq qeyd etdiyimiz kimi Oğuz xaqanın qəbrinin Gökcə dəniz ətrafında olması tarixi faktdır. Dastanın özündə də yenə Dədə Qorqudun tarixi şəxsiyyət olması xüsusi olaraq vurğulanır, yəni Məhəmməd Peyğəmbərin zamanına yaxın yaşadığı xüsusi qeyd edilir.

“Kitabi Dədəm Qorqud”da dini inanclar

Dastanlarda oğuzların həm maddi, həm mənəvi mədəniyyəti haqqında geniş məlumat verilir. Dastanın qollarını Vatikan və Drezden nüsxəsi olaraq deyil, İslama qədərki və İslamdan sonrakı boylar formasında təsnif etmək mümkündür. Dastanın iki boyu var ki, o boylarda daha çox mifik, mifologiya ilə bağlı olan boylardır. “Dəli Domrul boyu”nda Oğuz igidinin islam dinində Əzrayıl başqa dinlərdə Arxangel formasında işlənən mələyə qarşı çıxdığı qeyd olunur. Orada bir epizodda deyilir: “Bizim dağlarımız olur, ol dağlarımızda bağlarımız olur, bağlarımızda qara üzüm yetişir, o üzümün suyundan sıxdım, içdim və əsrük oldum”. Əsrük olmaq, sərxoş olmaq deməkdir. Oğuz igidi əsrik olduğuna görə Əzrayıla qarşı çıxdığını söyləyir. Bu isə türklərin, oğuzların həm mənəvi, həm də maddi mədəniyyətini təsvir edən səhnədir. Burada göstərilir ki, oğuzlar təkcə maldar tayfa deyillər. Onlar eyni zamanda əkinçilik, bostançılıq, bağçılıqla da məşğul olan bir xalqdırlar. “Təpəgöz boyu”nda əksər xalqalrın mifologiyası ilə uyğun cəhətlər var. Vaxtilə bu dastanı araşdırmış Fondiks bu boyu alman eposu Ziqfrid ilə müqayisə eləmişdi. Təpəgöz personajı eyni zamanda qədim yunan mifologiyasında da var. Kimin kimdən qaynaqlandığı müəyyənləşdirmək filoloqların işidir. Həmin Təpəgöz obrazında dini inancların, yəni totemçiliyin bir qalığına rast gəlirik, o da dastanın əsas qəhrəmanlarından olan və Alp Aruzun itkin oğlu sayılan Basatdır. Basatdan soruşanda ki, sənin atan-anan kimdir? Basat çox orijinal bir cavab verir. Deyir ki, atam Qaba Ağac, anam Kaban Arslan. Aslanı totem kimi götürən xalqaır nədənsə İrana bağlayırlar, lakin dastanda nda görünür ki, türk xalqlarında analarını aslan, atalarını isə bozqurd kimi görən xalqlar var. Onlardan biri barsil tayfalarıdır. Barsillərin simvolikasında aslanla bozqurd yanaşı təsvir edilib. Lakin Basatın atam dediyi Qaba Ağaca gəldikdə, istər-istəməz Fəzlüllah Rəşidəddinin qıpçarların törəyişi ilə bağlı əfsanəsini xatırlayırıq. Fəzlüllah Rəşidəddin qeyd edir ki, Oğuz xaqan döyüşə getməmişdən əvvəl hamilə qadını ağac koğuşunda saxladı və döyüş qurtarandan sonra gördü ki, qadın ağac koğuşunda doğub və doğulan uşağa “qabucqun, “qabucqun”, qıpçağım deyə qucağına almışdı. Bu da yenə də türkün qədim inancını göstərir. Digər tərəfdən nə qədər islamlaşsalar da, bir tərəfdən dastan boyu tez-tez “Peyğəmbərin üzü-suyu hörmətinə, Həzrəti Fatimə, Həzrəti Aişə soyu naminə” fikirləri səslənir, digər tərəfdən biz əski türk inanclarının izlərini görürük. Məsələn, Qazan xan öz ailə haqqında məlumat toplayanda, axırda bozqurdla rastlaşır və çox gözəl bir ifadə işlədir. Deyir ki, qurd üzü mübarək olar.

Və maddi mədəniyyətin bir elementinə də xüsusi fikir vermək lazımdır. Bir tərəfdən deyir ki, Xanlar Xanı Bayandır xan alaçığını qurmuşdu qurmuşdu. Bu onu göstərir ki, hələ müəyyən mənada yarımköçərilik qalıb. Qazan xan haqqında söhbət gedəndə isə deyilir ki, “Ağban evlərim talana gedib”. “Ağban” indinin özündə də Azərbaycanın bir sıra bölgələrində dam mənasında işlənir, yəni Ağ damlı evlər. Dastanın elə əvvəlində də ağ çadır, qara çadır, qırmızı çadır ifadələri işlənir. Bu isə artıq oturaq yaşayış tərzini göstərir.

Eyni zamanda Dədə Qorqud indiyə qədər etnogenizimizdə hələ həll edilməmiş bir məsələnin açarını vermiş olur. O da dastanın ən azı iki yerində alban adının çəkilməsidir. Onu da deyim ki, günümüzə qədər gəlib çatsa da, vaxtilə hay tarixçiləri tərəfindən müxtəlif təhriflərə məruz qalmış alban tarixinin orijinal adı “Ağban tarixi” şəklində gedir. Həmin alban tayfalarının adı isə ən azından iki yerdə çəkilir. Onun birində belədir – Əkrəh yatarkən, yuxuda gördü ki : “Boz atlar çapdıran albanlar gördüm”. Başqa bir epizodda isə albanlar başı Qazan xan haqqında söhbət gedir. Bu isə onu göstərir ki, hazırda müxtəlif dillərdə danışdıqları güman edilən albanların məhz türk dilində danışdıqları və alban tayfalarının Azərbaycan ərazisində aborigen olduqları, üstəlik Qazan xanın albanlarbaşı olduğunu qeyd etməsi, tariximiz üçün çox mühüm bir açar rolunu oynayır. Digər tərəfdən bəzən tarixi mənbələrdə ciddi araşdırılmamış bulqarların adı “Kitabi Dədəm Qorqud”da çəkilir. Boylardan birində deyilir ki, “qarşıdakı Qara Dənizi dəlibən keçdim və bulqarları gördüm”. Bulqarlar təbii ki, Qara Dəniz sahilində yaşamış qədim türk tayfalarından biridir və “Səsli Tarix”dəki verilişlərimizin birində biz qeyd elədik ki, Qars şəhərini də vaxtilə salan həmin o bulqarlar olub.

Xalqımızın tərcümeyi-halı – “Kitabi Dədəm Qorqud” dastanı

“Dədə Qorqud” elə şah əsərlərdən biridir ki, hər dəfə oxuyanda orada mütləq yeni bir şey tapılır. Niyə? Çünki bu soyumuzdan, kökümüzdən, sapımızdan süzülüb gələn bir dastandır. Biz bəzən ümumtürk dastanı deyirik, əslində “Dədə Qorqud” dastanları Anadoluda və Azərbaycanda yaşayan və daha çox ağırlığı məhz Azərbaycan türklüyü üzərinə düşən, eyni zamanda bizim tərcümeyi-halımız olan bir dastandır. Ona görə də tamaşaçılara təklif edərdim ki, onu dönə-dönə bir də oxusunlar. Niyə? Çünki bu bizim tarixi keçmişimizdir. Düzdür, başqa xalqlarda da belə dastanlar olub, məsələn rusların “İqor polku haqqında dastan”ı var, amma biz bilirik ki, o dastanın orijinalı günümüzə gəlib çıxmayıb və nə qədər uydurmalar edilib. Və yaxud İrandilli xalqların fəxrlə söylədiklərin “Avesta”nın özünün orijinalı yoxdur, amma “Kitabi Dədəm Qorqud ala lisani tayfeyi oğuzlar”ın çox şükürlər olsun ki, orijinalı dövrümüzə qədər gəlib çıxıb və hər bir Azərbaycan türki təbii ki, o dastandan bəhrələnməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.