Press "Enter" to skip to content

Əlağa vahid

Eşqdən başqa nə dərd olsa yenə çarəsi var,
Ayrılıq dərdinə, bilməm necə dərman olacaq?

Əliağa Vahid həyatı və Sevgi qəzəlləri

Əliağa İsgəndərov Məmmədqulu oğlu (Əliağa Vahid) 18 fevral 1895-ci ildə Bakıda dünyaya göz açıb.

O, vərdiş edilməyən orijinal insan, şair tipi idi. Sovet dövrünün insanlarından çox fərqlənirdi: ütüsüz, qalstuksuz geyim-kecimdə, daim xalqın içində idi. Vahid özü isə bu böyüklüyünün fərqində deyildi. Amma bilirdi ki, istedadı ad-san verilənlərdən qat-qat böyükdür.

Babası böyük dərviş olub, özü isə 2 il yarım mədrəsə təhsili alıb. Olduqca güclü hafizəsi Vahidə sinə-dəftər olmaq imkanı qazandırmışdı.

Ölən günə qədər də bütün şeirlərini ərəb qrafikası ilə yazıb. O, yaş müdrikliyini qəbul etməzdi. Belə adamlar elə uşaqlıqdan seçilirlər, fəqli olurlar. Vahidin də istedadı elə onun ilk yaradıcılığa başlayan dövründən başlamışdı. Bu istedadı ilk görən insan da əvvəlcə ustad saydığı Əbdülxalıq Yusif, daha sonra nə qədər təəccüblü olsa da, böyük Nəriman Nərimanov olmuşdu.

İlk şeiri 1914-cü ildə çap olunub. Ona qədər “Məcməüş-şüara”da (Şairlər məclisi) Əbdül Xaliqin şeir gecələrinə gedir. Bura cavan şairlər yığışıb, bədahətən onlara verilən qafiyəni ustadların qarşısında böyük qəzələ çevirməli idilər. Vahid öz hazırcavablığı ilə elə seçilir ki, Əbdül Xaliq gənc Əliağaya “sən təbinlə Vahidsən” deyib Vahid ləqəbini ona verir.

Əliağa Vahidə “Əməkdar incəsənət xadimi” adını Mircəfər Bağırov, ilk dövlət mükafatını isə Nəriman Nərimanov verib.

Dahi Sabirin yubileyində gənc Əliağa “Biz verərik şairə qiymət ölümündən sonra” adlı yarımsaatlıq böyük qəzəl deyir. Nərimanovun diqqətini cəlb edir və tapşırır ki, əyin-başı pis olan bu oğlana bir dəst kostyum, 12 cüt corab, 1 botinka, 1 tufli versinlər.

Məşhur qəzəlxan bu yubileydən, hətta inqilabdan əvvəl bir dəfə Y.V.Çəmənzəminli ilə birgə Sabirin qəbrini xeyli axtarıb, böyük çətinlikdən sonra uçuq qəbrini tapmışdı.

Vahid özü də satira janrına çox müraciət etmiş, hətta “Molla Nəsrəddin” jurnalında, daha sonra “Kirpi” jurnalında ömrünün axırınadək sərt satiralarla çıxış etmişdi.

Müharibə illərindən sonra içkiyə meyillənmişdi, bu bir az da özünü qorumaq üçün idi. Mircəfər Bağırov onu heç vaxt ayıq olmadığı üçün repressiya obyekti etməmişdi.

Hətta bir dəfə Mircəfər Bağırov bütün şairləri – Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Vahid və başqalarını yığaraq Sovet İttifaqına qarşı çıxan Yaponiyanı kəskin pisləyən şeirlər yazmağı tapşırır. Tapşırığı alan şairlər dağılışsa da, Vahid Bağırovun köməkçisinə yaxınlaşaraq elə orada bədahətən 2 bənd söyüşlərlə dolu Yaponiyaya aid şeir yazır. Bağırov çıxıb qəbul otağında onu görür və hiss edir ki, Vahid “bir balaca da boğazını yaşlayıb” gəlib. Vahid şeirini ona oxuyan kimi başını yelləyir və belə bir tapşırıq verir: “Buna 200 manat verin, şeir yazmasın, lazım deyil”.

Oğlu Ramiz İsgəndərov atası barədə, “Son vaxtlar atamı qəsdən içirirdilər ki, o xalq şairi adını almasın. Ona deyəndə ki, sən içdiyin üçün yaxşı yazırsan, deyirdi onda gərək bütün Rusiya şair olsun.”

Xalq artisti Əlibaba Məmmədov isə, “Füzulinin 60 qəzəlini Vahidə verdilər ki, tərcümə etsin. Bir professor da ona təhkim etmişdilər. Bir gün eşitdim ki, Vahid “Semaşko”da yatır. Gedib onunla görüşdük. Başladı dizinə döyməyə ki, “Allah bu Füzulinin evini yıxsın, məni xəstəxanaya saldı”. Vahid Füzulini elə tərcümə edirdi ki, özü olurdu Füzuli. Bu hər tərcüməçinin işi deyil. Həmid Araslıdan belə çoxları Füzulinin qəzəllərini tərcümə edib, amma Vahidin tərcümələri tamam başqadır.”

Bəs daim sərxoş görünüşlü Vahidi Azərbaycan ədəbiyyatında sevdirən nə olmuşdu? Onun çoxsaylı ordenlər, medallar, dövlət mükafatı alan şairlərdən fərqi nədə idi? Rəsmi dairələrdə o qədər də təbliğatı aparılmasa, efirlərə çıxmasa belə niyə məhz Vahid çox sevilirdi?

Xalq artisti Əlibaba Məmmədov bu suallara belə cavab verir: “Ömrümdə xalq tərəfindən sevilən ikinci belə şair görməmişəm. Baxmayın ki, o birilərinin sinəsi orden-medalla doluydu, amma onun qiymətini xalq verirdi. Bir dəfə mənimlə “Passaj bazarı”na girdi. Camaat zənbilini doldururdu, taksinin pulunu verib onu evinə yola salırdılar. Bunu heç bir şairə eləməyiblər”.

Vahidin həyatında meyxana aləmi də vardı. Bu işlə sırf məşğul olmasa da, ona bir qazanc vasitəsi kimi baxardı. Bəzi insanlar qəsdən istəyirdi ki, ona qəzəlxan yox, elə meyxanaçı desinlər. Meyxananı da ilk dəfə yazılı ədəbiyyata məhz Əliağa Vahid gətirib.

Vahidin qəzəllərinin çox hissəsi gözəllərə aid idi. Daim eşq havasında yaşamaq onun həyatında da dərin izlər buraxmışdı. Onun 2 ailəsi olmuşdu, amma xanımlarının heç birindən ömrünün son günlərinədək ayrılmamışdı.

Uzun illər subay yaşayan Əliağa Vahid xəstə olarkən ona iynə vuran tibb bacısını bəyənir və tezliklə onunla evlənir. Bu xanımdan Vahidin oğlu Ramiz, qızı Firəngiz dünyaya gəlir. Dünyasını dəyişəndə Vahidin oğlunun 15, Firəngizin isə 10 yaşı vardı.

Xanımı ilə aralarında yaş fərqi çox idi. Bunu daim başına qaxınc edən arvadından Vahid sonralar üz döndərir və onun paltarlarını yuyan bir rus xanımla evlənir. Amma o xanımdan övladı olmur.

Uzun illər astma xəstəliyindən əziyyət çəkən Əliağa Vahid ömrünün sonlarında bu xəstəlikdən daha çox əziyyət çəkməyə başlayır.

Oğlu Ramiz İsgəndərov, “Həkimi Veysov dedi ki, ömrünə az qalıb. Son dəfə 120 rubl təqaüdünü mənə verdi ki, yarısını Fenyaya ver, yarısını özünüz götürün. Sonra getdi Mərdəkan sanatoriyasına. Bərk sancıları tutdu. Həyat yoldaşı ilə sonuncu dəfə 1965-ci il sentyabrın 29-da görüşdü. Ona qulluq edən tibb bacısı iynəsini gec vurduğu üçün, həmin gecə ağrılara dözməyən şair 1 oktyabr 1965-ci il Bakıda dünyasını dəyişir.

Əliağa Vahidin dünyasını dəyişməsi onu sevənləri çox sarsıtmışdı. O, böyük xalq məhəbbəti qazansa da, xalq şairi fəxri adını almadığı üçün dövlət rəsmiləri onun Fəxri Xiyabanda dəfn edilməsinə icazə vermək istəmirdilər. Amma xalq o zamankı rəhbərliyi qərarlarını dəyişməyə məcbur edə bildi. Yazıçı Salam Qədirzadə ölkə rəhbərliyini xalqın kəskin etirazlarından xəbərdar etdi. Azərbaycan SSR Mərkəzi Komitəsinin I katibi olan Vəli Axundov özü Bakıda olmadan xalqın bu qərarını rəsmi şəkildə təsdiqləməli oldu. Azərbaycan xalqı Vahidin tabutunu Yazıçılar İttifaqından Fəxri Xiyabana qədər piyada gətirib, burada dəfn etdilər.

Əliağa Vahiddən nə əvvəl, nə də ondan sonra heç bir şair bu cür dəfn edilməyib.

“Şerim sadə olsun” deyən şairin Sevgi Qəzəlləri:

Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir
Eşq olan yerdə bütün aqilü dana dəlidir.

Saldı Yusif kimi öz sevgilisin zəncirə
Qoydu rüsvalıqı aləmdə Züleyxa dəlidir.

Eşq zincirinin iftadəsi bir mən degiləm
Həvəs-i silsileyi eşq ilə dünya dəlidir.

Sarılır çiğninə gah qoynuna, gah qamətinə
Əjdəhalər kimi ol zülfi çəlipa dəlidir.

Bir vəfasız gül üçün naləsi dünyanı tutur
Aşiqin qəlbi kimi, bülbülü şeyda dəlidir.

Bircə Şirin ilə Fərhada məzəmmət yoxdur
Vadiyi eşqdə Varmiq dəli, Əzra delidir

Əl götürməz bu qara gözlülərin zülfündən
Hər yetən zənn eləyir Vahidi guya dəlidir.

Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.

Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün – elcari gözəldir.

Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.

Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.

Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.

Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?
Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim?

Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,
Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?

Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm?
Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?

Çırpınır quş kimi hər zülfünü gördükcə könül,
Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim?

Gözlərin həsrətini çəkməyən aşiq yoxdur,
Sənə mən afəti-dünya deməyim, bəs nə deyim?

Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!
Sənə güldən də mən əla deməyim, bəs nə deyim?

Eşqidən bir bu qədər söyləmək olmaz Vahid,
Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?

Dindir məni hərdən, gözəlim.

Dindir məni hərdən, gözəlim, fürsət olanda,
Vəslin bizə bir an, nə olar, qismət olanda?

Bax, gör, məni zülfün ne perişanliğa saldı
Bir gün açaram dərdimi cəmiyyət olanda.

Yüzlərlə cəfa etsən, unutmaz seni könlüm
Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda

Biganə əgər olmasa, tez vəslə yetərdik
Kim xeyr görüb düşməni kəmfürsət olanda?

Zülfün ki, tutub ruyini, çox qorxuram ondan
Aləm toxunar bir-birinə zülmət olanda

Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun
Bülbül dayanarmı gülünə həsrət olanda?

Vahid,hələ qarşında böyük bir gələcək var
Dünya bizə ləzzət verəcək cənnət olanda!

Məndən, könül , o nazlı nigarə nə dedin bəs?
Çəkdin o güləndamı kenarə,nə dedin bəs?

Əvvəl bunu bildim ki,dedin aşiqin öldü
Ondan sora ol şuxə dübarə nə dedin bəs?

Mən məst yıxıldım o dilaramı gorəntək,
Evlər yıxan o çeşmi-xumarə nə dedin bəs?

Meydənmi qızarmışdı onun arizi-ali,
Ziynət vərən ol baği-baharə nə dedin bəs?

Mən xəsteyi-eşq olduğumu sordumu səndən,
Göstərdimi bimarinə çarə,nə dedin bəs?

Dami-qəmi-hicranə nəhayət verəcəkmi,
Bu barədə ol laləuzarə nə dedin bəs?

Dərdindən ölən Vahidi heç bir soruşurmu,
Ol bikəsi kim qoydu məzarə, nə dedin bəs?

Könül, vəfasız olan nazlı yarə yalvarma!
Nə e’tibar ona, bi’etibarə, yalvarma!

Darıxma, yaxşı-yaman ruzgarımız keçəcək,
Bu beş gün ömrə görə ruzgarə yalvarma!

Sənin də bir gün olar novbaharın, ey bülbül,
Xəzan cəfasına səbr eylə, xarə yalvarma!

Faqirə, aciz, məzlumə ehtiram eylə,
Əduyə, qaniçənə, zülmkarə yalvarma!

Vətən uğrunda ölüm mərd üçün səadətdir,
Həyat üçün fələki-kəcmədarə yalvarma!

Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,
“Ənəlhəqq” üstə çəkilsən də darə yalvarma!

Məhəbbət əhlinə, Vahid, həmişə xidmət eylə,
Nə təcdarə, nə bir şəhriyarə yalvarma!

Ölməzdim əgər sən kimi bir dilbərim olsa,
Bir afəti-çan, şuxi-mələkmənzərim olsa.

Hər gun dolanıb başına qurbanin olardım,
Pərvanəsifət ucmağa balüərim olsa.

Mən də sevilərdim bütün aşiqlər icində,
Ahuləri Məçnun eləyən gözlərim olsa.

Kuyində mənə qoy nə bilir eyləsin əqyar,
Əlbəttə, çəzasın cəkər ALLAH kərim olsa.

Biganəyə mən bir belə minnətmi edərdim,
Könlüm kimi bir yari-vəfapərvərim olsa.

Vahid demərəm dərdimi mən başqa nigarə,
Yarım bilir eşgində nə dərdi-sərim olsa.

Yanında dilbərimin etibarım olmasa da,
Yenə qəmin çəkərəm, qəmküsarım olmasa da.

Bədəndə yarı canım qalmayıb, gedib yarım ,
Gərək dözəm qəmi – hicranə, yarım olmasa da.

Günüm ki, tar olub o zülf əlindən, ey tari,
Tərənnüm eylə, səni tari, tarım olmasa da.

Üzün xəyali bəsimdir behişti – kuyində,
Yüz il xəyalıma gəlməz, baharım olmasa da.

Ləbinlə məst gözün hər düşəndə xatirimə,
Şərabə rəğbətim artır, xumarım olmasa da.

Mənim bir ahim ilə şəmlər yanır gecələr,
Toxunma, şöleyi – eşqəm, şərarım olmasa da.

Kəməndi – zülfilə, Vahid, özüm şikar oldum,
Mənim o ahu baxışlı şikarım olmasa da.

İcazə ver, baxım ey gül, o qarə gözlərinə,
Vurulmuşam, nə edim , aşikarə gözlərinə.

Qəm etmərəm, məni yüz dəfə gündə öldürəsən,
Baxanda bir də dirilləm, dübarə gözlərinə.

Camalın açma, gülüm, qorxuram görüb üzünü,
Gün olsun hüsnünə aşiq, sitarə gözlərinə.

Olaydı qismət öpəydim o nazik əllərini,
Ürəkdən eyləmişəm ixtisarə gözlərinə.

Kəməndi – ah ilə səyyadlar dalınca düşər,
Bu naz ilə əgər etsən işarə gözlərinə.

Gözüm götürməyir əğyarlar baxanda sənə,
Bir ayrı gözlə edirlər nəzarə gözlərinə .

Şikəstə Vahidə olmaz təbiblərdən əlac,
Qalıbdır indi sənin bircə çarə gözlərinə

Nə qədər eşqimiz , ey gül , belə pünhan olacaq,
Aşikar eyləməyincə ürəyim qan olacaq?

Nə qədər gül üzünün həsrətin aşiq çəksin,
Nə zaman vəslinə bəs yetməyə imkan olacaq?

Bəs haçan rəhm edəcək bülbülü – biçarəyə gül
Nə qədər bəs o fəğirin işi əfğan olacaq?

Eşqdən başqa nə dərd olsa yenə çarəsi var,
Ayrılıq dərdinə, bilməm necə dərman olacaq?

Öz xoşumla o qarə zülfə əsir oldum özüm,
Bilmədim, xatirim eşqində pərişan olacaq.

Sən götürt məscidi zahid , bizə meyxanəni ver,
Kim bu işdə görək axırda peşiman olacaq?

Hələ Vahid , meyə meyl eyləmə , qoy gəlsin o gül,
Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.

Bəxtiyar aşiq odur ki, onu cananı sevir,
Binəva bülbülünu öz güli-xəndanı sevir.

Mən o zülfün azı yüz dəf`ə bəlasın çəkdim,
Dəli könlüm yenə ol zülfi-pərişanı sevir.

Etibar olmaz özün göstərən aşiqlərdə,
Əhsən ol aşiqə cananını pünhanı sevir!

Əsri-hazırkı gözəllikləri görmür zahid,
İndi də cəhlini gör, rövzeyi-rizvanı sevir.

Sevirəm mən o nəzakətli gözəl dilbəri ki,
Musiqi elmini, rəssamı, qəzəlxanı sevir.

Pir könlüm gəlir ilhamə görərkən, hərdən,
Bir nəcabətli gözəl qız, gözəl oğlanı sevir.

Vahidin ovçuluğu olsa da, insafı da var,
Öz kəməndinə duçar etdiyi ceyranı sevir

“Yansın dilim ağzımda, desəm nazını az et,
Naz et mənə, ey sevgili canan, mənə naz et”.

Əvvəl baxışında məni heyran elədin sən,
Bir incə gülüşlə ürəyim qan elədin sən,
Sonra məni bir lütf ilə xəndan elədin sən,
Kafər qızı, axır məni Sənan elədin sən.
“Yansın dilim ağzımda dəsti nazını az et,
Naz et mənə, ey sevgili canan, mənə naz et”.

Xəlq eyləmiş öz keyfi gələndə səni tari,
Öldür, bu bəladan məni qurtar, səni tari!
Rəhm et mənə, biganəyə naz eyləmə bari,
Alqış, elə bir aşiqə, var sən kimi yari,
İnsaf elə, öz aşiqini məhrəmi raz et,
“Naz et mənə, ey sevgili canan, mənə naz et”.

Ayinəni heyrətdə qoyub əksi-camalın,
Xurşidi xəcalətdə qoyub arizi-alın.
Aşiqləri həsrətdə qoyub zülf ilə xalın,
Bəlkə, ola qismət bizə gülzari-vüsalın.
Hərdən bu sınıq könlümü bir lütfilə saz et,
“Naz et mənə, ey sevgili canan, mənə naz et”.

Gördüm, gözəlim, özgəyə sən naz eləyəndə,
Az qaldı ki, ruhum uça, can qalmadı məndə,
Bu nazü nəzakət var ikən bir belə səndə,
Dərd əhli, inan, düşməyə bilməz bu kəməndə,
Daim bu gözəl xilqətə min razü niyaz et,
“Naz et mənə, ey sevgili canan, mənə naz et”.

Tiflis şəhərin eyləmiş hər kimsə ki icad,
Tari eləsin ruhini aləmdə görüm şad.
Cənnət ki, deyirlər edib icad onu Şəddad,
Burdan aparıb huriyi-qılmanü pərizad,
Yarəb, bu pəriçöhrələri bəndənəvaz et,
“Naz et mənə, ey sevgili canan, mənə naz et”.

Dünya üzünə yaxşı gözəllər gəlib hərçənd,
Olmaz sənə bir ölkədə nə misl, nə manənd,
Təbriz, Bakı, Tehran, Şəki, Şirvan, Quba, Dərbənd,
Gəncə, Qarabağ, şəhri-Buxaravü Səmərqənd.
İstərsən əgər, əzmi-rəhi-mülki-Hicaz et,
“Naz et mənə, ey sevgili canan, mənə naz et”.

Olma, gözəlim, surətinə bir belə məğrur!
Mən etmişəm eşqimlə səni aləmə məşhur,
Hicrində məni eyləmə qəm çəkməyə məcbur,
Bir dəm hərəmi-vəslilə et qəlbimi məsrur,
Dərgahə həmin qul deyə manəndi-Əyaz et,
“Naz et mənə, ey sevgili canan, mənə naz et”.

Vazi, elə zənn eyləmə, həqqi danıram mən,
Nə Kəbə, nə bütxanə, nə məscid tanıram mən,
Lakin özümü həqq sevən insan sanıram mən,
Dünyada fəqət bircə məhəbbət qanıram mən.
Sən get hələ, ölmüşlərə təklifi-namaz et,
“Naz et mənə, ey sevgili canan, mənə naz et”.

Vahid, demə, mən daimiyəm zövqü səfadə,
Mənsuri də yad etməliyik dari-fənadə.
Bu misrəi-nazi o demiş bir belə sadə,
Yarəb, sən ona rəhmətini eylə ziyadə,
Qəbr içrə onun ruhini lütfünlə fəraz et,
“Naz et mənə, ey sevgili canan, mənə naz et”.

Qəm çəkmə könül, məclisi cana yenə gəldi,
Bu qalibi-biruhə verən can yenə gəldi.

Bir neçə gün olmuşdu günüm tirə qəmindən,
Şad etdi məni ol məhi-taban yenə gəldi.

Ahəstə yağıb başına öz ləşkəri-zülfün,
Könlüm evini etməyə viran yenə gəldi.

Sal boynuma,canana dedim,həlqəyi zülfün,
Güldü,dedi,divanəyə-dövran yenə gəldi.

Fərhada deyin,eyləməsin dafidə fərhad,
Bu məclisi ol xosrovi-xuban yenə gəldi.

Qan ağlama,bülbül,dəxi gülzar həvəsində.
Əyyami-xəzan keçdi,gülüstan yenə gəldi.

Vahid,bilir aləm məni,ol zülfə əsirəm,
Sən çox demə məcnunu-biyaban yenə gəldi.

Narazıyam ey gül, mənə imdad eləsən də,
Naşad eləyən könlümü dilşad eləsən də.

Sındırmısan, əl vurma, sınıq könlümə zalım.
Viranə düzəlməz necə abad eləsən də.

Öz səhvinə bir gün peşiman olacaqsan,
Olmaz yetişən dadına, min dad eləsən də.

Vəslin həvəsi indi başımdan necə çıxsın?,
Zülfündə əsirəm, əgər azad eləsən də.

Sən bir mələk olsan da, inanmaz sənə könlüm,
Bülbül kimi yüz naləvü-fəryad eləsən də.

Öz yarına bax, başqa gözəllər səni sevməz,
Şəxsən özünü huri-pərizad eləsən də.

Əğyarə satıb Vahidə yadlar kimi baxma,
Yaddan o, çıxarmaz sən onu yad, eləsən də.

Zülfün kimi, ey gül , nə ətirli nəfəsin var
Yoxsa bu lətafətlə can almaq həvəsin var

Ruhum dirilir naz ilə hərdım ki,gələrsən,
Heyrətdəyəm, ey gül , nə məlahətli səsin var

Tavus kimi azadə gəzirsən bu зəməndə
Bülbül kimi nə xar qəmi,na qəfəsin var

Fəryadına etdiklərin imdadina yetməz
Fikr etmə,bu aləmdə,könül, dadı-rəsin var.

Vahid,mənim istəkli gözəl yarıma bənzər,
Axtar bütün aləmə,görək , hansi kəsin var?

Dedim : – Ey qönçə dehan, könlümü qan eyləmisən
Dedi : – Bica yere eşqimdə fəqan eyləmisən

Dedim : – İnsaf elə incitmə məni, aşiqinəm
Dedi : – Get, sirrimi dünyaya əyan eyləmisən

Dedim : – Ağlatma məni sərv boyun şövqündə
Dedi : – Göz yaşını bihudə rəvan eyləmisən

Dedim : – Axır, gözəlim, bagü baharım sənsən
Dedi : – Sən ömrünü həsrətlə xəzan eyləmisən

Dedim : – Az çəkməmişəm gözlərinin həsrətini
Dedi : – Öz könlünü yersiz nigaran eyləmisən

Dedim : – Eşqində əsirəm, mənə bes xeyri nədir…?
Dedi : – Əvvəldə bu sevdadə ziyan eyləmisən

Dedim : – Eşq atəşi neylər mənə, qorxan deyiləm
Dedi : – Biçarə, yanarsan, nə güman eyləmisən…?

Dedim : – Ey gül, mən əzəldən də gözəl aşiqiyəm
Dedi : – Sən ruhini eşq iylə cevan eyləmisən

Dedim : – Hər gün seri-kuyində dolqnmaqdır işim
Dedi : – Vahid, ne gözəl yerdə məkan eyləmisən…?

Xilqətdə sənin tək, gözəlim, can ola bilməz,
Əxlaqıgözəl,sevgili canan ola bilməz.

Minlərcə gözəllər yetirir gündə təbiət,
Amma, sənə bənzər gözəl insan ola bilməz.

Yüzlərcə əgər hüsnünə adəm ola heyran,
Bir kimsə mənim tək sənə heyran olabilməz.

Sən tərbiyədə, hüsndə bir başqa gözəlsən,
Rəftarına, əxlaqına nöqsan olabilməz.

Hürriyyətə, insanlığa layiq səni gördüm,
Hər kəs səni sevmişsə peşiman olabilməz.

Öz aşiqinin naz ilə qan eyləmə könlün,
Hürriyyet olan yerdə könül qan olabilməz.

Hər xoş görünən kimsəyə aldanma, heyifsən,
Hər xoş görünən kimsədə vicdan ola bilməz.

Bu hüsnlə çoxlar səni istər sevə, ey gül,
Vahid kimi eşqində qəzəlxan ola bilməz.

Hər kim mənə tən eyləsə meyxanələr içrə,
Qan olsun onun badəsi peymanələr içrə.

Öz xəlqinə hər kim mey içib versə əziyyət,
Olsun yeri bayquş kimi viranələr içrə.

Mümkünsə fəsad əhli ilə həmqədəh olma,
Nöqsan yetirər şəninə biganələr içrə.

Cəhd eylə o kəslərlə çalış, badəni qaldır
İnsan kimi zövq artıra məstanələr içrə.

Pərvanə əgər şəmə yanır atəşi qəmlə
Mən də yanıram hər gecə pərvanələr içrə.

Bir zülfü siyah dilbərə çoxdandır əsirəm,
Məhşuram o gündən bəri divanələr içrə.

Vahid biləcək qədrini sərraf əgər olsa,
Saxlar bu gözəl şerini dürdanələr içrə.

Yüzlərcə xəlq içində əgər əhli-naz ola,
Mümkün deyil ki, sen kimi bir sərvnaz ola.

Bülbül gülün sevir, səni mən, tutu şəkkəri,
Eşq əhli bir şeyə gərək əlbəttə baz ola.

Əsl gozəlliyinin iki şeydir nişanəsi,
Zülfü qaraysa sineyi-safi bəyaz ola.

Aşiq gərək düşüb qədəmi-yarə yalvara,
Aşiqlər içrə bəlkə o bir sərfraz ola.

Bülbül həmişə öz gülünə arizü çəkər,
Vay onda xardən buna da etiraz ola.

Yar inciyib kusəndə onun başqa zövqü var,
Hərdən bir ortalıqda gərək ərkinaz ola.

Dünyaya gəlməyib elə bir nazənin gozəl,
Dərd əhlinə təsəlli verə dilnəvaz ola.

Sultani-aləm olsa da,Vahid zamanədə,
Əvvel gərək əsiri kamali əyaz ola.

Qoyma gözəlim kuyinə əğyar dolansın
İnsaf mı gülzarı gəlip xar dolansın?

Razı deyiləm özgə ola mərhəmi vəslin
Gülzarı behiştin niyə küffar dolansın?

Könlüm quşu daim dolanır şövgi ruhunla
Əlbəttə gərək kabəni zəvvar dolansın

İkrah eləmə qamətinə zülf dolaşsa
Sərv üstünə bu rəsmdi şahmar dolansın

Rəhm et günümü eyləmə zülfün kimi qarə
Qoyma üzünə türreyi tərrar dolansın

Saldı məni peyvəstə qaşın fikrinə zalim
Daim bələ qoy çərxi cəfakar dolansın

Məhmur gözün fikri edip aləmi bixuş
Vahid nece bu zövq ilə xuşyar dolansın

O qarə zülfün əlindən bəlalıdır könlüm,
Batıb qəmə, elə bil ki, əzalıdır könlüm.

Bu eşq aləminin bilmirəm nədir sirri,
Əsiri-eşq olalı laübalıdır könlüm

Görəndə sevgilisini qönçə, gül kimi qızarır,
Əbədi bir qıza bənzər, həyalıdır könlüm

Ölüncə çəkməz əlin nazənin nigarından,
Rəqibə hərgiz inanmaz, vəfalıdır könlüm.

Fələk o zülmü mənə etməyib, rəqib etdi,
Yazılsa dərdü qəmim, macəralıdır könlüm.

Şikəstə ney kimi yarından ayrılan gündən,
Həvayə həmdəm olub, san yaralıdır könlüm.

Mənim də dərdimi, Vahid, deməzsən ol şuxə,
Deyəndə qanə dönər, iddialıdır könlüm

Səbr eylə könül, möhnəti hicranə tələsmə
Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.

Zahid çalışır yıxmağa meyxanə binasın
Məscid qalacaq, əksinə, viranə, tələsmə .

Gül zövqünü çəkmək əbədi xarə də qalmaz
Bülbül gələr əlbətdə gülüstanə tələsmə.

Gündən-günə artır bu gözəl huriliqalar
Dünya dönəcək cənnəti rizvanə tələsmə.

Vahid içəcəksən demə ki tövbələr olsun
Cəlb eyləyər axır səni meyxanə tələsmə

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Əliağa Vahid на Facebook. Если вам интересны новости Əliağa Vahid, регистрируйтесь на Facebook сегодня!

Əliağa Vahid на Facebook. Если вам интересны новости Əliağa Vahid, регистрируйтесь на Facebook сегодня!

Əliağa Vahid

@eliagavahid

О пользователе Əliağa Vahid

İsgəndərov Əliağa Məmmədqulu oğlu (Əliağa Vahid)(1895, Bakı – 1.10.1965, Bakı) – Azərbaycan şairi, qəzəlxan, Azərbaycan əməkdar incəsənət xadimi (1943).
Əliağa Vahid mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı «Məcməüş-şüəra» ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. «Tamahın nəticəsi» adlı ilk kitabı nəşr olunmuşdur.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer: «Əsgər və fəhlə yoldaşlarıma», «Məktəb nə deməkdir», «Ucal, mələyim» və s. yazmış, «Kommunist» qəzetində, «Molla Nəsrəddin» jurnalında əməkdaşlıq etmişdir. «Kupletlər» (1924), «Mollaxana» (1938) kitablarındakı şerlərdə yeniliyə mane olanlar, kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə («Döyüş qəzəlləri», 1943; «Qəzəllər», 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və b.-nın qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.

İlk yaratdığım qrupdur, ona görə bəzi nasazlıqlar ola bilər, digərlərini də dəvət etsəniz məmnun olardım.) Hər mövzu bir şeir olacaq) Bir də ki, istər-istəməz şeirlərin əksəriyyəti, bəlkə də hamısı məhəbbət mövzusunda olacaq, ona görə məni qınamıyın, sadəcə belə şairin bir qrupu olmasını istədim) İnanıram ki oxusanız peşman olmazsız, bir neçə il əvvəl bu ədibin bir kitabı keçdi əlimə, oxudum və çox sevdim, doğurdan da Fizulinin davamçısı olduğunun şahidi oldum.

Əliağa Vahid

Группой крупнейших российских правообладателей авторских и смежных прав, а именно: ООО «НЦА», ООО «ЛенГрад», ООО «Креатив Медиа», ООО «Новый мир», ООО «Медиалайн», ООО «Диджитал Прожект» и другими, в рамках заключенных с ООО «АдвМьюзик» лицензионных соглашений, вэб-сайту https://lightaudio.ru предоставлены разрешения на использование музыкального контента, принадлежащего данным Правообладателям, способом доведения до всеобщего сведения в цифровой форме через Интернет.
Вместе с тем, ООО «АдвМьюзик» не является владельцем, администратором или хостинг-провайдером сайта, не размещает, и не влияет на размещение на сайте любых авторских произведений и фонограмм.
По вопросам, связанным с использованием контента заявленных выше Правообладателей, просьба обращаться на support@advmusic.com.
По вопросам, связанным с использованием контента Правообладателей, не имеющих Лицензионных Договоров с ООО «АдвМьюзик», а также по всем остальным вопросам, просьба обращаться в службу технической поддержки сайта на mail@lightaudio.ru

© 2023 lightaudio.ru
Правовая информация
Описание услуг

Comments are closed, but trackbacks and pingbacks are open.