Press "Enter" to skip to content

Maddi mənəvi ümumxalq sərvət

Qiyas Qurbanov,
AMEA Naxçıvan Bölməsinin Coğrafiya şöbəsi

Maddi mənəvi ümumxalq sərvət

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi Azərbaycanın maddi-mənəvi sərvətlərinin tanıdılması və qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması layihəsi çərçivəsində bu gün növbəti tədbir keçirib.

İctimai Birliyin sədri Mütəllim Rəhimov əsas məqsədin maddi-mədəni sərvətlərimizin xarici ölkələrə daşınmasının qarşısını almaq və xarici muzeylərdə olan sərvətlərimizlə bağlı maarifləndirmə işləri aparmaqla, ölkəmizə və xalqımıza qarşı aparılan şər, böhtan, qarayaxma kampaniyalarına faktlarla cavab verə biləcək məlumatlı vətəndaşlar yetişdirmək olduğunu bildirib. O deyib ki, “tariximizə, maddi-mənəvi, milli dəyərlərimizə, yad məmləkətlərdə “qolu qandallı” qalan abidələrimizin taleyinə biganə qalmaq olmaz. Bütün vasitələrlərdən istifadə edərək onlar haqda müfəssəl məlumata malik olmaq hər birimizin borcudur. Onları öyrənməsək, barələrində geniş məlumat əldə eləməsək yadlar onlara sahib duracaq”.

Daha sonra ekspert Ayaz Əfəndiyev çıxış edib. Onun sözlərinə görə, fəxrlə demək olar ki, bu gün dünya xalqları Azərbaycanın mənəvi dəyərləri ilə tanışdır. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq miqyasda apardığı təbliğat işləri, həyata keçirilən davamlı tədbirlər milli-mənəvi dəyərlərimizin dünyada tanınmasını təmin edir. Söz yox ki, bu istiqamətdə işlər gələcəkdə də davam etdirilməlidir.

Maddi-mənəvi sərvətlərimizə müasir dövrdə olan münasibətdən danışan ekspert Vüqar Əliyev isə bildirib ki, “narahatedici faktor budur ki, cəmiyyətimizdə tarixi maddi, mədəniyyət nümunələrimizə qarşı sevgi də kifayət qədər deyil. Apardığımız müşahidələr göstərir ki, insanlar əllərində olan tarixi əhəmiyyət daşıyan maddi-mədəni sərvətlərimizi xaricə aparmağa və yaxud xarici vətəndaşlara daha yüksək qiymətə satmağa meyllidirlər. Onlar əslində əllərində olan bu sərvətlərin qiymətini real olaraq dəyərləndirə bilmir, onun milli maraqlarımız üçün nə qədər əhəmiyyət kəsb etdiyini dərk etmirlər. Ona görə də bu əvəzsiz sərvətlər yalnız bir neçə gün yaxşı yaşamaq naminə və yaxud biznes maraqları üçün pula dəyişdirilir. Beləliklə, vətəndaşlarımız satdığı əşyanın yalnız fiziki qiymətini alır, halbuki ölkəmiz üçün çox böyük, ölçüyəgəlməz mənəvi dəyəri qiymətləndirilmir.”

Daha sonra V.Əliyev xarici muzeylərdə saxlanılan Azərbaycanın maddi-mənəvi sərvətləri haqqında iştirakçılara ətraflı bilgi verib.

Modern.az

Maddi mənəvi ümumxalq sərvət

Təbiət zaman etibarilə sonsuzdur. Yer kürəsində təbiətin yaşı cəmiyyətin yaşından ölçüyəgəlməz dərəcədə çoxdur. Min illər boyu insanlar həyatda yaşamaları üçün vacib olan maddi və mənəvi tələbatlarının ödənilməsi məqsədi ilə təbiətlə əlaqədə olmuşlar. Bu da təbiətlə cəmiyyət arasında qarşılıqlı iqtisadi əlaqələri formalaşdırmışdır.

Müəyyən edilmişdir ki, cəmiyyət təşəkkül tapandan sonrakı dövr ərzində ümumilikdə meşələrin 2/3 hissəsi qırılmış, 200 – dən çox bitki və heyvan növü məhv edilmişdir. 200 milyon hektardan çox əkin sahəsi dövriyyədən çıxarılmışdır. Ötən əsr və yeni minillikdə elmi-texniki tərəqqinin sürətli inkişafı insanların təbiətə olan iqtisadi təzyiqini dəfələrlə artırmışdır. Hesablamalara görə,XXI əsrə qədəm qoyduğumuz bir vaxtda hər gün dünyada 44 ha torpaq sahəsi öz münbitliyini itirir, təxminən 28 min ha meşə məhv edilir. İnsanların təsərrüfat fəaliyyəti nəticəsində təbii ehtiyatların tükənməsi prosesi sürətlənir.

Dünyada hər il adambaşına təxminən 20 tondan çox tullantı düşür. Təbii ki, bu kimi təsirlər ekoloji tarazlığın pozulmasına, nəticədə insan həyatı və bütövlükdə bəşəriyyət üçün təhlükəli ekoproseslərin inkişafına şərait yaradır. Ekoloji tarazlığın pozulması atmosferdə karbon qazının miqdarının normadan çox artmasına səbəb olur ki, bu da Yer və Kosmos arasındakı istilik mübadiləsi prosesinin pozulması ilə nəticələnir. Elmdə “parnik effekti” kimi adlandırılan bu proses Yerin ümumi temperaturunun artması və okean sularının səviyyəsinin normadan artıq qalxmasını, həmçinin səhralaşma prosesini daha da sürətləndirir. Hər il təxminən 6 milyon hektar ərazi səhralığa çevrilir. Atmosferdə oksidlərin ( kükürd, azot) miqdarının artması nəticəsində yaranan “turşulu yağışlar” balıq ehtiyatlarının azalmasına, kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Eyni zamanda, ekoloji tarazlığın pozulması ətraf mühitin, atmosferin çirklənməsi Yer kürəsini öldürücü ultrabənövşəyi şüalardan qoruyan ozon qatına dağıdıcı təsir göstərir. BMT-nin rəsmi məlumatlarına görə, ozon qatının cəmi 1% azalması dünyada 100 min insanda katarakt (göz xəstəliyi), 10 min insanda isə dəri xərçənginin yaranmasına səbəb ola bilər.

Ətraf mühitin çirklənməsi, təbii sərvətlərin tükənməsi və nəticədə ekolji tarazlığın pozulması qorxusu təbiətlə cəmiyyət arasında əlaqələrin tənzimlənməsi zərurətini yaratmışdır. Çünki ekoloji tarazlığın qorunması yalnız bu yolla mümkün ola bilər. Yəni, insanların ətraf mühitə qarşı apardığı dağıdıcılıq fəaliyyətinə yönəlmiş əks reaksiya forması tətbiq olunmalı, cəmiyyət və dövlətin köməyi ilə bu münasibət daha şüurlu şəkildə tənzimlənməlidir. İnsan və ətraf mühit, təbiət və cəmiyyət əlaqələrinin mahiyyəti isə müxtəlif zamanlarda ayrı-ayrı fəlsəfi məktəb və cərəyanların diqqətini cəlb etmişdir. Odur ki, XX əsrin 70-ci illərində yeni bir konsepsiyanın yaranması reallıq idi. “Alariəm” adlandırılan bu konsepsiya müasir istehsal prosesləri nəticəsində ətraf mühitin deqradasiyası prosesinə qarşı insanların reaksiyasıdır.

Beləliklə, XX əsrin II yarısından başlayaraq “ekologiya” termini daha geniş anlamda gündəmə gətirildi. Bir ölkə ərazisi çərçivəsində qlobal məsələyə çevrildi. Mövcud ekoloji proseslərin həlli məqsədilə beynəlxalq ekoloji təşkilatlar yaradıldı. Bu sahədə beynəlxalq əməkdaşlıq, dünya təbiətinin qorunması, onun sərvətlərindən səmərəli istifadə, ətraf mühitin sağlamlaşdırılmasına dair problemlərin daha çox millətlər arası bir məsələyə çevrildi. Buna görə də əhali arasında ekoloji şüurun genişləndirilməsi və ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsi məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən-hər il iyun ayının 5-i Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur.

Ölkəmizdə də ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ekoloji məsələlərə dövlət səviyyəsində diqqət artırılmış, bu sahədə qanunvericilik bazası formalaşdırılmış, ekoloji fəaliyyətin istiqamətləri müəyyənləşdirilmişdir.“Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir” deyən Ümummilli Lider siyasi fəaliyyətinin bütün mərhələlərində ekoloji məsələlərə xüsusi diqqət göstərmişdir. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi ekoloji strategiya ölkəmizin hər bir regionunda olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Muxtar respublika ərazisində son 25 ildə ekoloji tarazlığın qorunması və əlverişli təbii mühitin yaradılması məqsədilə ən mühüm amil olan yaşıllıqların, meşə ehtiyatlarının sahəsi 20%-dək artırılmışdır. Torpaqların geobotaniki tərkibinin qorunması, səhralaşmanın qarşısının alınması sahəsində görülən işlər çərçivəsində 40 min hektardan çox ərazinin suvarılması üçün yeni sututarlar, su kanalları tikilmiş, torpaqların eroziyaya uğramasının qarşısını almaq üçün tədbirlər görülmüşdür.

Ekoloji mühitin sağlamlaşdırılması, biomüxtəlifliyin qorunması üçün ətraf mühitə olan neqativ təsirlər minimuma endirilmiş, iqtisadi inkişafda müasir texnologiyalar tətbiq edilmiş, alternativ enerji mənbələrindən istifadəyə üstünlük verilmişdir. Əlverişli ekoloji mühitin yaradılmasında mühüm amillərdən biri də təbiət abidələrinin, bitki və heyvan ehtiyatlarının qorunması və bərpa edilməsidir ki, bu da xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması hesabına mümkündür. Muxtar respublikada bu sahədə də mühüm tədbirlər görülmüş, xüsusi mühafizə olunan təbiət ərazilərinin şəbəkəsi xeyli genişlənmişdir. Hal-hazırda muxtar respublika ərazisinin 27%-ə qədəri xüsusi mühafizə olunan təbiət ərazilərinə daxildir.

İnkişaf etmiş, ekoloji məsələlərə diqqət göstərən ölkələrdə bu göstərici ərazilərinin yalnız 15%-ə qədərini təşkil edir. Muxtar respublikada həyata keçirilən uğurlu siyasət, sosial-iqtisadi inkişaf, ekoloji strategiya nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir.

Qiyas Qurbanov,
AMEA Naxçıvan Bölməsinin Coğrafiya şöbəsi

Maddi mənəvi ümumxalq sərvət

Maddi-mənəvi xəzinəmiz zənginləşir

YUNESKO-nun təşəbbüsü ilə 1978-ci ildən 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Muzey əslində elm, maarif müəssisəsidir. Ona sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyildir. Yaxşı ki, müstəqilliyimizi qazandıqdan sonra muzeylərə münasibətdə də müsbət dəyişikliklər baş verib.

Azərbaycanda muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus inkişaf yolu keçmişdir. Muzeylər mahiyyətinə görə müxtəlif təmayüllü olurlar. Məsələn, dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq və sairə. Qoruq muzeylər adətən açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər, qalalar sayılır. Azərbaycanda belə möhtəşəm muzeylərə Şəki Xan sarayını, Qobustan qayalıqlarını, Şirvanşahlar kompleksini, Möminəxatun məqbərəsini, eləcə də Şuşa şəhərini göstərmək olar.

Təəssüf ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz işğalçı erməni quldurları tərəfindən zəbt edilərək ya qarətə, ya da dağıntıya məruz qalmışdır. Yeraltı, yerüstü sərvətlərimiz, var-dövlətimiz, tarixin daş yaddaşı sayılan abidələrimiz, muzeylərimiz, mədəniyyət ocaqlarımız, Azərbaycan qadınının duyğu və düşüncələrinin əksi olan qədim xalça məmulatları talançıların əlinə keçərək mənimsənilmişdir. İşğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını məhv etmişlər.

Bu gün Azərbaycanda 180-ə yaxın muzey var. İlk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb. AMEA-nın Tarix Muzeyi ötən əsrin 20-ci illərindən millətin ixtiyarına verilib. Maraqlıdır, bu muzey məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşir. Həmin binanın özü də Azərbaycan tarixinin keçmişindən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də Tarix Muzeyinə bəzən “Muzey içində muzey” deyirlər. Fərəhli haldır ki, dövlətin xüsusi qayğısı nəticəsində bu qədim muzey yüksək səviyyədə bərpa və təmir edilərək yenidən öz qapılarını seyrçilərin üzünə açmışdır. Bu il ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən Tarix Muzeyinin 90 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

O cümlədən maddi-mənəvi sərvətlərin başqa bir ünvanı olan N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyinin də ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən dövlət səviyyəsində keçirilməsi nəzərdə tutulub. Nizami Muzeyi əslində indi özünün renesans dövrünü yaşayır. Bildiyimiz kimi, bu möhtəşəm muzeyimiz də dövlətin qayğısı ilə həyatının yeni mərhələsini yaşamaqdadır. Əsaslı təmirdən sonra fəaliyyətə başlayan muzeyin ekspoziyası bütünlüklə təzələnmişdir. Bu gün muzeyə dünyanın neçə-neçə ölkəsindən saysız-hesabsız qonaqlar gəlir. O, dünyada yeganə muzeydir ki, elm ocağı kimi fəaliyyət göstərir. AMEA-nın mədəniyyət məbədi adlanan bu ünvanda söz sərvətimizi qədim dövrlərdən bugünə qədər əks etdirən mükəmməl ədəbiyyat, əlyazmalar və digər sənədlər var.

Ölkədə muzey işinin inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən lazımi tədbirlər görülür. Yalnız Bakıda deyil, regionlarımızda yerləşən muzeylərdə də əsaslı yenidənqurma və təmir işləri aparılır.

Ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında” 2006-cı il 18 dekabr və “Müasir İncəsənət muzeyinin yaradılması haqqında” 2006-cı il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür. Prezident milli-mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması işinə xüsusi diqqət göstərərək artan iqtisadi potensialın tempinə uyğun olaraq mədəniyyət sahəsində də yeni mərkəzlərin yaradılmasını, fəaliyyət göstərm əsini, millətə xidmət etməsini zəruri sayır.

Ölkə muzeylərinin mövcud vəziyyətini daha da yaxşılaşdırmaq üçün bu sahədə bir sıra əlavə tədbirlərin həyata keçirilməsi zərurəti də özünü göstərməkdədir. Bu, bir tərəfdən maddi-mənəvi abidələrin mühafizəsi üçündürsə, digər tərəfdən də inkişaf edən, gündən-günə gözəlləşən məmləkətimizin hər bir mədəniyyət ocağının dünya standartlarına uyğun şəkildə həyata qaytar ılması, bərpa edilməsi və yaşamasıdır.

Ölkə başçısının sərəncamına əsasən tikilən Müasir İncəsənət Muzeyinin ötən ilin martında açılış mərasimi keçirildi. Bu muzeydə Azərbaycanın görkəmli, eləcə də gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanıb. Maraqlı bir fakt da var ki, bu muzey binasının layihəsinin müəllifi Jan Nuveldir. Dünyada məşhur olan bu memar vaxtilə Parisdə tikilən Ke Branli Dünya Mədəniyyət Muzeyinin layihəsini hazırlamışdır.

Prezident İlham Əliyevin 2007-ci il martın 6-da “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” imzaladığı sərəncamda deyilir: “Azərbaycanda muzey işinin yaxşılaşdırılmasının ölkəmizin mənəvi həyatının inkişafı baxımından əhəmiyyətini və perspektivlərini nəzərə alaraq elmi və mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarını genişləndirmək üçün Azərbaycan ın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı hazırlansın”. Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti təşkilatlar dövlət başçısının göstərişinə əsasən Azərbaycanda muzeylərin fəaliyyətinin müasir prinsiplər əsasında müvafiq olaraq yenidən qurulması və onun bütün ekspozisiyalarının azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılması yolunda işə başladılar.

Həmin sərəncama əsasən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyinin müasir tələblərə, beynəlxalq standartlara cavab verməsi üçün yeni binada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmişdir.

Bu günlərdə dənizkənarı Milli Parkın ərazisində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyinin təməlqoyma mərasimi olmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun dəstəyilə inşa olunacaq bu bina çox qeyri-adi bir formada – bükülmüş xalçanı xatırladacaq şəkildə inşa olunacaqdır. Ümumi sahəsi 18 min 446 kvadratmetr olacaq üçmərtəbəli binanın birinci qatında Şərq salonu, kitabxana, elmi xalçaçılıq toxuma v ə tikmə mərkəzi, suvenir və kitab köşkü, ikinci qatda mərasimlər və audiovizual təqdimatlar salonu, üçüncü qatda isə sərgilər keçiriləcəkdir. Binanın zirzəmisində arxiv, anbar, laboratoriya və başqa şöbələr yerləşəcəkdir. Açıq havada heykəllərin və xalçaların nümayişi üçün də sərgi nəzərdə tutulmuşdur.

Təməlqoyma mərasimində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, YUNESKO-nun Baş direktoru Koişiro Matsuura, eləcə də YUNESKO-nun digər xoşməramlı səfirləri iştirak edirdilər. Mərasimdə geniş nitq söyləyən Prezident İlham Əliyev dedi: “Xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir hissəsidir. Azərbaycan xalçası öz gözəlliyi, keyfiyyəti ilə həmişə seçilmişdir. Azərbaycan xalçaları dünyanın ən məşhur muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Əfsuslar olsun ki, Azərbaycanda Xalça Muzeyi uyğunlaşdırılmış binada yerləşirdi və əlbəttə ki, Bakıda gözəl Xalça Muzeyinin tikintisi böyük zərurət idi. Mən çox şadam ki, bu gün bu böyük işə başlayırıq. Ümid edirəm ki, qısa müddət ərzində Azərbaycan xalçasına xas olan, gözəlliyi ilə seçilən Xalça Muzeyi tezliklə tikilib başa çatacaqdır”.

YUNESKO-nun Baş direktoru Koişiro Matsuura Azərbaycanın milli sərvəti olan xalçaçılığın qorunmasına və inkişafına göstərilən qayğıdan razılıq edərək bildirmişdir: “Mən yeni tikiləcək Xalça Muzeyinin çox gözəl layihəsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Mən burada fotoşəkilləri seyr etdim, eyni zamanda maketlərlə tanış oldum. Deyə bilərəm ki, tikiləcək Xalça Muzeyi Muğam Mərkəzi ilə tam ahəngdar formada olacaqdır. Azərbaycan xalçaları həmişə hər zaman mənim çox ürəyimcə olubdur. Prezident Heydər Əliyevin YUNESKO-ya hədiyyə kimi təqdim etdiyi çox böyük və gözəl Azərbaycan xalçası daimi olaraq binamızda nümayiş etdirilir”.

Bu da fərəh doğurur ki, 2005-ci ilin avqust ayında ölkə Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzinin təməlqoyma və açılış mərasimlərində də YUNESKO-nun Baş direktoru Koişiro Matsuura iştirak etmişdir. Məlumdur ki, Azərbaycan muğamları YUNESKO-nun Dünya Mədəni İrsinin şah əsərləri sırasına daxil edilmişdir. Muğam Mərkəzi də əslində muzeylərimizin sırasında əzəmətlə dayanan maddi-mənəvi xəzinəmizin ən möhtəşəm ünvanlarından biridir. Bəllidir ki, bu məbədin də binası qeyri-adi üslubda, qədim tar alətinin formasında tikilib. Məqsəd odur ki, Azərbaycanda tikiləcək yeni mədəniyyət ocaqlarının binaları həm qədim ənənələrə malik olsun, həm də müasirliyi əks etdirsin. Bu mənada ölkədə ucaldılacaq binaların özü də açıq səma altında yerləşən qiymətli abidə kimi diqqət çəkir.

Belə maraqlı ünvanlardan biri də Bakının Qala kəndində istifadəyə verilmiş Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə açıq səma altında yaradılan bu muzeydə Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanaraq bərpa olunub. Bu ərazidə eramızdan əvvəl III-II minilliklərə aid kurqanlar, yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulub. Muzey kompleksi qədim və orta əsrlərdən üzü bəri sakinlərin məişəti, təsərrüfatı, sənətkarlıqları haqqında ətraflı məlumat almağa imkan verir.

Bakının özü də həqiqətən bu gün səma altında bir muzeyə bənzəyir. Qədim tarixi abidələr, binalar bərpa edilərək ikinci ömrünü yaşayır. Müxtəlif park və xiyabanlarda tarixi keçmişimizi əks etdirən müxtəlif eksponatların yerləşdirilməsi diqqət çəkir. Paytaxtın müxtəlif ünvanlarında qədim memarlıq üslubunda kiçik hasarların hörülməsi, ətrafında araba və küplərin düzülməsi, qədim əkinçilik mədəniyyətini əks etdirən alətlərin nümayişi həm şəhər sakinlərinə, həm də qonaqlara xoş t əsir bağışlayır. Elə əşyalar var ki, onların öz görüntüsü tarixin müəyyən məqamından xəbər verir. Daha əlavə izahata ehtiyac duyulmur. Bu mənada qədimliklə müasirliyi özündə ustalıqla qovuşduran Bakı həm klassik, həm də modern görkəmli şəhərdir.

Azərbaycan.- 2010.- 18 may.- S. � 11.

Comments are closed, but trackbacks and pingbacks are open.