Press "Enter" to skip to content

Bağırsaq xəstəlikləri

Qazlı içkilər, bəzi tərəvəzlər, dənli bitkilər – lobya, mərci yedikdə qarında köp yaranır. Lakin bu narahatlıq ciddi xəstəliyin əlaməti də ola bilər. Ardını məqalədə oxuyun.

Düz bağırsaq xəstəlikləri

Babasil (hemorroy) – düz bağırsaq xəstəlikləri arasında ən çox rast gəlinən formadır. Hemorroy düz bağırsaq venalarının genişlənməsi nəticəsində düyünlərin əmələ gəlməsi ilə xarakterizə olunur. Onun 2 forması mövcuddur: daxili və xarici. Daxili düyünlər arxa dəlikdən xaricə çıxa və qanaxma verə bilər. Xarici düyünlər isə qanamır, lakin bir çox hallarda tromblaşır. Belə vəziyyətlərdə ağrı və anal nahiyədə qaşınma müşahidə olunur.

Anal çat

Rastgəlmə tezliyinə görə düz bağırsaq xəstəlikləri arasında babasildən sonra 2-ci yerdə dayanır. Düz bağırsaq çatı – anal dəlik divarının 1-2 sm uzunluğunda olan defektidir. İlk öncə kəskin fazada olur, müalicə aparılmadıqda xronikləşir. Kəskin çat zamanı defekasiyadan (nəcis ifrazından) əvvəl ağrı meydana çıxır. Xroniki çatlarda isə ağrı defekasiyadan sonra baş verir. Ağrı hissi bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər. Xroniki çat zamanı adətən nəcis ifrazından sonra 1 neçə damcı al qan müşahidə edilir. Ağrı bəzən o qədər şiddətli olur ki, xəstə bilərəkdən defekasiya aktını gecikdirir. Nəticədə qəbizlik yaranır. Bu da öz növbəsində çatın daha da ağırlaşmasına səbəb olur. O üzdən xəstəlik xroniki mərhələyə keçmədən həkimə müraciət etmək lazımdır.

Proktit

Proktit – düz bağırsağın selikli qişasının iltihabıdır. Əksər xəstələr qarnın aşağı hissəsində, arxa dəlikdə ağrılardan şikayət edir. Belə şəxslərdə ishal halları yarana, nəcisdə selik, bəzən qan aşkarlana bilər.

Paraproktit

Paraproktit – mikroorqanizmlərin təsirindən düz bağırsağın ətrafındakı dərialtı toxumanın iltihabıdır. Onun kəskin və xroniki formaları vardır. Kəskin paraproktit qəflətən başlayır. Xəstədə şiddətli ağrılar, temperatur yüksəlməsi müşahidə edilir. Bu formada təcili olaraq cərrahi müdaxilə aparılmalıdır. Xroniki formada fistul formalaşır. Belə xəstələr müalicəni gecikdirməlidir.

Düz bağırsağın polipləri və şişləri

Təəssüflər olsun ki, polip və şiş kimi təhlükəli düz bağırsaq xəstəlikləri xarakterik şikayətlərə malik olmur. Bu törəmələr yalnız iri ölçülərə çatdıqdan sonra düz bağırsaqdan qanaxma, qəbizlik və ağrı meydana çıxır. Əgər xəstə öz sağlamlığının qayğısına qalıb vaxtında həkimə müraciət edərsə, proqnoz qənaətbəxş olur.

Düz bağırsaq sallanması

Sallanma düz bağırsağın anal dəlikdən xaricə çıxması ilə özünü büruzə verir. Xəstəliyin inkişafı 3 mərhələyə bölünür:
I mərhələ – defekasiya zamanı yalnız selikli qişa sallanır. Nəcis ifrazından sonra isə əvvəlki vəziyyətinə qayıdır;

II mərhələ – bağırsaq yalnız defekasiya aktında deyil, fiziki gərginlik zamanı da xaricə çıxır. Öz-özünə yerinə qayıtmadığından xəstə onu barmağı ilə içəri itələməyə məcbur qalır;

III mərhələ – bağırsaq hətta yüngül fiziki hərəkət zamanı sallanır. Yerinə salındıqdan sonra yenidən xaricə çıxır.

Düz bağırsaq xəstəlikləri aşağıdakı əlamətlərə malikdir:

  • Arxa dəlik və aralıq nahiyəsində ağrılar

– Heç bir şiş olmadan müşahidə edilən düz bağırsaq ağrıları anal çat , proktit, proktalgiyaya xasdır.

– Müayinə əsnasında barmaqla palpasiya zamanı yaranan ağrılar babasil xəstəliyi, paraproktit, düz bağırsağın polipləri və şişləri üçün xarakterikdir.

  • Arxa dəlikdən selik və irin ifrazı, aralıqdakı fistuldan gələn axıntılar paraproktit, Kron xəstəliyi, xoralı kolit, proktit zamanı aşkarlanır.
  • Qanlı ifrazat, defekasiyanın (nəcis ifrazının) 48 saatdan çox gecikməsi hemorroy, anal çat, yoğun bağırsağın qıcıqlanma sindromu, düz bağırsağın polip və şişlərində qeydə alınır.
  • İshal zamanı nəcisdə çoxlu miqdarda selik, bəzən irin, hətta qan ola bilər. Bu hal düz bağırsaq xəstəlikləri sırasından olan proktit, xoralı kolit, yoğun bağırsaq qıcıqlanması zamanı müəyyən edilir.
  • Tenezm – yalançı defekasiya çağırışları. Bu zaman nəcis ifrazının baş verməməsi və ya çox az miqdarda olması, selik, bəzən qan ifrazı proktit, xoralı kolit, düz bağırsaq şişlləri üçün səciyyəvi hal hesab edilir.
  • Nəcisi və qazı saxlaya bilməmə düz bağırsaq sallanmasında baş verir.

Düz bağırsaqda ağrılar (proktalgiya)

Əksər düz bağırsaq xəstəlikləri zamanı ağrı hissiyatı müşahidə edilir. Ağrılar çox vaxt defekasiya zamanı, bəzi hallarda isə də nəcis ifrazından sonra əmələ gəlir. Proktalgiya hər hansı xəstəlik olmadan psixoloji səbəblərdən düz bağırsaqda qısa müddətli spazmlar şəklində də yarana bilər.

Proktalgiyaya daha çox orta yaşlı kişilərdə rast gəlinir. Ağrılar əsasən gecə saatlarında müşahidə edilir. Orta hesabla 3-30 dəqiqə davam edir. Bu da yuxunun pozulmasına səbəb olur. Xəstələrdə qanaxma, selikli qişanın eroziyası müşahidə edilə bilər. Proktalgiyanın səbəbini müəyyən etmək və müalicəyə başlamaq üçün mütləq proktoloq müayinəsindən keçmək lazımdır.

Qəbizlik

Qəbizlik defekasiya aktının 48 saatdan çox gecikməsidir. Onun yaranma səbəbləri aşağıdakılardır:

  • qeyri-düzgün qidalanma: rasionda lifli qidaların çatışmazlığı, kifayət qədər maye qəbul olunmaması;
  • psixoloji səbəblər: stress, gərginlik, yuxusuzluq;
  • hipodinamiya (az hərəkətli və ya oturaq həyat tərzi);
  • yoğun bağırsaq xəstəlikləri: divertikulyoz, meqakolon, dolixosiqma, babasil, anal çat;
  • nəcisin hərəkətinə mane olan mexaniki amillər: yoğun bağırsaq şişləri ;
  • bəzi dərman vasitələrinin təsiri: antidepressantlar, atropin, kodein, yuxu dərmanları, bəzi sidik qovucular;
  • endokrin xəstəliklər: miksedema, hiperparatireoz, şəkərli diabet, feoxromositoma, hipofiz pozğunluqları.

Anal qaşınma

Anal nahiyədə qaşınma xəstəlik kimi birincili və hər hansı digər düz bağırsaq xəstəlikləri fonunda ikincili ola bilir.

İkincili qaşınmanın səbəbləri:

  • Düz bağırsaq xəstəlikləri – babasil, anal çat, itiuclu kondiloma, düz bağısaq şişi, xroniki proktosiqmoidit;
  • Ginekoloji xəstəliklər – uşaqlıq yolu pH-nın pozulması, vulvovaginit;
  • Cinsi əlaqə ilə yoluxan xəstəliklər xlamidioz, trixomoniaz, qeyri-spesifik uretrit;
  • Dəri xəstəlikləri psoriaz, kontakt dermatit;
  • Daxili orqanların xəstəlikləri şəkərli diabet, xroniki qaraciyər xəstəliyi;
  • Göbələk infeksiyası;
  • Antibiotiklərin əlavə təsiri kimi – tetrasiklin, eritromisin, penisillin qəbulundan sonra;
  • Bəzi qida növlərinə allergik reaksiya – acılı ədviyyatlar, pomidor, sitrus meyvələri, şokolad;
  • Psixogen səbəblər – gərginlik, depressiya.

Sadalanan əlamətlərdən hər hansısa biri Sizdə varsa, həkim-proktoloqa müraciət etməyiniz məsləhətdir.

Bağırsaq xəstəlikləri

Küçələrdə satılan hər hansısa bir qidanı alaraq, vaxtı bitmiş konserv yeyərək, gəzintiyə gedərkən və ya sadəcə unudaraq əlləri, meyvə-tərəvəzi yumadıqda bağırsaq infeksiyası tutma riskiylə qarşılaşa bilərik. Ən yaxşı halda bu vanna otağında saatlarla qalma ehtimalını, pis halda isə infeksion xəstəxanası və ya ölümlə nəticələnmə halını verə bilər.
Bağırsaq infeksiyaları – əsasən ilk növbədə həzm traktını zədələyən zərərli bir xəstəlik “qrupudur”. İnfeksiya adətən ilk növbədə zəhərlənmiş su və qidalardan ağız vasitəsilə keçir. Bu xəstəliyin 30-a yaxın növü vardır. Onlardan ən zərərsizi – qidadan zəhərlənmə, ən təhlükəlisi isə – vəba, qarın yatalağı, botulizm və s.

SƏBƏBLƏRİ
Bağırsaq infeksiyalarının törədiciləri: bakteriyalar (salmonella, qarın yatalağı, vəba), onların toksinlerin (botulizm) və viruslar (enterovirüs, rotavirüs) və s. Xəstə və infeksiya mikroblarının daşıyıcılarından ifraz və qusma halları ilə yayıla bilər. Praktik olaraq bu infeksiyalar son dərəcə çox yaşayan infeksiyalardır. Beləki, onlar torpaq, su və hətta müxtəlif əşyalar üzərində uzun zaman mövcud ola bilirlər (məsələn qaşıq, boşqab, qapı tutacaqları, mebel üzərində). Bağırsaq bakteriyaları soyuqdan qorxmur, lakin isti və rütubətli yerlərdə yaşamağa üstünlük verirlər. Xüsusilə onlar daha tez süd məhsullarında, ət qiyməsində, jele, kisel və eləcə də suda (əsasən yay mövsümündə) çoxalırlar.
Sağlam insanın orqanizminə bu infeksiyalar ağız vasitəsilə yemək yaxud sudan, eləcə də çirkli əllərdən keçir.
Mikroblar öncə ağızdan mədəyə sonra isə bağırsağa düşərək çoxalırlar. Orqanizmə düşdükdən sonra mikrobların inkubasiya dövrü başlanır, bu da 6-48 saat ərzində baş verir.
Mikroblardan əlavə onların toksinləridə xəstəliyə səbəb olur. Bağırsaq infeksiyaları kəskin qastrit (qusma və mədə ağrısı), (ishal ilə) enterit, qastroenterit (qusma və ishal), enterokolit şəklində baş verə bilər. Bağırsaq infeksiyaları zamanı ən xoşagəlməz nəticələrdən biri – qusma və ishal zamanı orqanizmin susuzlaşmasıdır. Bu xəstəliklər əsasən uşaqlar və yaşlılar üçün ağır ola bilir. Orqanizmdə qəfil susuzlaşmaya səbəb böyrək çatışmazlığı və digər ağır fəsadlar ola bilər.

NECƏ AŞKAR ETMƏK OLAR?
Bağırsaq infeksiyaları, bütün digər yoluxucu xəstəliklər kimi həmişə gözlənilmədən baş verir. Öncə insanı zəiflik, halsızlıq, baş ağrıları, iştahsızlıq, yüksək temperatur (qripdə olduğu kimi) narahat edir. Bir müddət sonra ürək bulanma, qusma daha sonra isə ishal baş verir. Susuzluq və titrəmə də narahat edə bilər.
Bu qrupda infeksiyalar aşağıdakı simptomları ilə xarakterizə olunur (tək və ya bir-biri ilə birləşərək):
– yüksək temperatur;
– ürək bulanma, qusma;
– qarında sancılar;
– ishal;
– bağırsaqlardan həddindən artıq köp.

Bəzən bağırsaq infeksiyaları heç bir görünən əlamətlər göstərmir, lakin xəstəlik törədən mikroblarla müşayiət olunurlar. İnfeksiyanın yayılması üçün bu daha təhlükəlidir. Heç bir şeydən xəbəri olmayan insan ətrafı yoluxduran daimi mikrob daşıyıcısına çevrilir.
Hər bir halda mütəxəssisə müraciət etmək mütləqdir.

PROFİLAKTİKASI:
Kəskin bağırsaq infeksiyalarına yoluxmamaq üçün bir neçə sadə qaydalara riayət etmək kifayətdir: su və ya südü qaynadılmış halda içmək, meyvə-tərəvəzi isti suyla (lazım gələrsə sabunla) yumaq, qidaların istifadə tarixinə diqqət etmək, yeməkdən öncə əlləri yumaq, dırnaqları yeməkdən vaz keçmək.

Bağırsaq xəstəlikləri

Statistik məlumatlara əsasən dünya əhalisinin 90%-i mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkir. Həzm traktında gedən patoloji proseslərin əksəriyyəyi məhz bağırsaqla bağlıdır. Bağırsaq həyati vacib funksiyaları yerinə yetirir. Burada qida ilə qəbul olunan faydalı maddələr qana sorulur, toksinlər orqanizmdən xaric edilir. Bağırsaq xəstəlikləri bu proseslərin pozulması ilə müşayiət olunur. Nəticədə sağlamlığa ciddi ziyan dəyir.

Bağırsaq xəstəlikləri hansı səbəblərdən yaranır?

  • irsi meyllik
  • həzm sisteminin digər xəstəlikləri ( qastrit , pankreatit)
  • bəzi dərman vasitələrinin (məsələn, antibiotiklərin nizamsız qəbulu)
  • qeyri-düzgün qidalanma (yağlı, qızardılmış, duzlu, acı yeməklər, yarımfabrikatlar)
  • vitamin və mineral çatışmazlığı
  • artıq çəki və azhərəkətlilik
  • stress amilləri

Bağırsaq xəstəlikləri necə təzahür edir?

Bağırsaqda gedən patoloji proseslər adətən qarın ağrısı və nəcis ifrazının pozulması (ishal, qəbizlik və ya onların növbələnməsi) ilə özünü büruzə verir. Həmçinin xəstələrdə qarında köp , iştah pozğunluğu, nəcisdə selik və qan, çəkinin azalması müşahidə olunur.

Xəstəlikdən asılı olaraq, ağrının xarakteri dəyişir. Məsələn, nazik bağırsağın patologiyalarında göbək ətrafında dartıcı, güclü ağrılar yaranır. Yoğun bağırsaq xəstəliklərində isə ağrı küt olur, nəcis və qaz ifrazından sonra zəifləyir, hətta bəzən itir.

Nəcis ifrazı gün ərzində 3-4 dəfədən çox baş verdikdə bu vəziyyət ishal kimi qiymətləndirilir. Nazik bağırsağın patologiyalarında nəcis duru konsistensiyalı, köpüklü olur. Orada həzm olunmamış qida qalıqları izlənilir. Yoğun bağırsaq xəstəlikləri üçün duru nəcis xarakterik deyil. İfrazatlar az miqdarda, bəzən qan və selik qarışıqlı olur.

Qəbizlik adətən yoğun bağırsaq xəstəliklərinin əlaməti sayılır. Bu hər zaman bağırsaqda gedən dəyişikliklərlə əlaqəli olmur. Sağlam insanlarda qidalanma pozğunluğu, oturaq həyat tərzi, bəzi preparatların yanaşı effekti kimi qəbizlik meydana çıxa bilər.

Ən çox rast gəlinən bağırsaq xəstəlikləri

Enterit

Nazik bağırsağın selikli qişasının iltihabı olub, kəskin və xroniki formalara bölünür. Kəskin enteritin əlamətlərinə qida zəhərlənmələri, bəzi infeksion xəstəliklər (qarın yatalağı, «bağırsaq qripi» və s.) təsadüf olunur. Kəskin forma ishal, qusma, göbəkətrafı nahiyədə ağrı ilə başlayır. Zamanla simptomlara qızdırma, halsızlıq, baş ağrıları da qoşulur. Xroniki enteritin inkişafı üçün uzun müddət tələb olunur. Əksər hallarda qastrit fonunda yaranır. Xəstəlik göbək ətrafında küt ağrılar, köp, qurultu ilə gedir. Ağır formalarda ishal sutka ərzində 20 dəfə təkrarlanır.

Bağırsaq xəstəlikləri – Kolit

Yoğun bağırsağın selikli qişasının iltihabıdır. Kəskin forma əsasən infeksion (dizenteriya) mənşəli olur. Onun əlamətlərinə qarında sancışəkilli ağrı, selik və ya qanlı nəcis, halsızlıq aiddir. Xroniki qeyri-infeksion kolit adətən qastrit, enterit və ya pankreatitin ağırlaşması hesab olunur. Xəstəlik qarnın sağ, sol və ya aşağı hissəsində sızıltılı ağrılar, uzunmüddətli qəbizlik və ya ishal, iştahsızlıq, köplə təzahür edir. Pasiyentlərdə tez-tez depressiya, psixoemosional pozğunluqlar qeydə alınır.

Bağırsaq xəstəlikləri – Qeyri-spesifik xoralı kolit

Ayrıca forma kimi təsnif edilir. Xəstəliyin səbəbi sona qədər müəyyən edilməmişdir. Onun genetik mənşəli olması irəli sürülür. Xoralı kolitdə ilk növbədə düz bağırsaq zədələnir. Proses uzun sürdükdə iltihab yoğun bağırsağın digər şöbələrinə də yayılır. Xəstəliyin əsas əlaməti qanaxmadır. Xoralı kolit ishal, qarnın sol tərəfində ağrılarla müşayiət olunur.

Bağırsaq xəstəlikləri necə müalicə olunur?

Pasiyent qastroenteroloqun qəbuluna gələrkən ilk növbədə onun şikayətləri dinlənilir. Həkim əlamətləri aydınlaşdırdıqdan sonra kolonoskopiya təyin edir. Müayinənin nəticələrinə əsasən konservativ (dərman preparatları) və ya cərrahi yolla müalicə aparılır.

Xəstəliyin ağırlaşmasını gözləmədən ilkin mərhələlərdə həkimə müraciət olunduqda müalicə çox asan başa gəlir. Odur ki, sadalanan əlamətlərlə qarşılaşdıqda dərhal mütəxəssisə müraciət edin.

Bağırsaq xəstəlikləri 2360

Bağırsaq həkimi

Hansı əlamətlərlə qarşılaşdıqda mütləq bağırsaq həkiminə müraciət etmək lazımdır? Ümumiyyətlə, bağırsaq həkimi kimdir? Bu mövzuda yaranan suallara məqalədə cavab tapın.

Bağırsaq xəstəlikləri 1888

Qarın ağrısının səbəbləri

Qarında yaranan ağrılar qeyri-düzgün qidalanma və ya stress mənşəli ola bilər. Bəzən isə ağrı hər hansı bir xəstəliyin əlaməti kimi meydana çıxır. Bu barədə məqalədə oxuyun.

Bağırsaq xəstəlikləri 2677

Qarında köp

Qazlı içkilər, bəzi tərəvəzlər, dənli bitkilər – lobya, mərci yedikdə qarında köp yaranır. Lakin bu narahatlıq ciddi xəstəliyin əlaməti də ola bilər. Ardını məqalədə oxuyun.

Saytda dərc olunan məlumatlar sadəcə maarifləndirici xarakter daşıyır və ixtisaslaşmış tibbi yardımı əvəz etmir. Bu səbəbdən həkimlə məsləhətləşməyiniz vacibdir!

Sayt xəritəsi

Sosial şəbəkələr

Bizi həmçinin yuxarıda qeyd olunan sosial şəbəkələrdən də izləyərək ən son paylaşımlarımızdan xəbərdar ola bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.