Milli-mənəvi dəyərlər və müasirlik
Yeniliklər bizi uzaqlaşdırır
Milli mənəvi dəyərlər
“Milli-mənəvi dəyərlər və müasirlik”
“Xristianlıq Afrikaya gəldiyi zaman afrikalıların torpağı,
xristianlarınsa İncilləri var idi. Xristianlar bizə gözlərimizi
bağlayaraq,dua və ibadət etməyi öyrətdilər. Gözlərimizi açdıqda
onlar bizim torpaqlarımızı, biz də onların İncillərini almışdıq”
Kenyanın ilk baş naziri Cono Kenyatta
“Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini,dinini,milli ənənələrini unutmamalıdır.Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.Azərbaycanda dövlət quruculuğunun ilk zamanlarında ümumilli lider Heydər Əliyevin dediyi bu sözlər əslində,milli-mənəvi dəyərlərimizin qorunmasının başlıca prinsipinə çevrildi.
Çünki inteqrasiya,qloballaşma, sivilizasiyaların fərqliliyi dünya siyasətində yeni addımlayan dövlətlərin,millətlərin milli dəyərlərinə təsirsiz ötüşmürdü. Məlum olduğu kimi,yad mədəniyyətlər,fərqli dini cərəyanların Azərbaycana axınının şahidi olduq və bu özlüyündə keçmişdən qopmaya münbit şərait yaradırdı.Amma Heydər Əliyevin bu yanaşması və mövcud yanaşmanın azərbaycançılıq ideologiyası ilə sütunlaşması Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına müstəsna müsbət təsirini göstərdi.Bu gün isə Azərbaycan tolerantlığın, mədəniyyətlərarası dialoqun bir mərkəzinə çevrilməkdə,öz genetik kodlarını qorumaqdadır. Hələ bir neçə il öncə Azərbaycan tolerantlığın, mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmə xətti tutanda bir çox ekspertlər düşünürdü ki, Azərbaycanın milli-mənəvi dəyərləri istər Şərqdən, istərsə də Qərbdən gələn baxışların, mədəniyyətin təsiri ilə sıradan çıxacaq.Amma o zaman Heydər Əliyev Fondunun prezidenti,millət vəkili Mehriban Əliyeva maraqlı bir fikirlə çıxış etdi: “Azərbaycan bütün mədəniyyətlərə açıq olmalıdır. Öz mədəniyyətinə inamı və genetik kodlarını qorumaq səbəbiylə”.Əslində,bu, ümumilli lider Heydər Əliyevin Azərbaycan üçün cızdığı yaşam xəritəsinin bir hissəsi idi.Və bu məqam sübut etdi ki, Azərbaycan Ermənistan və digər dövlətlər kimi yad təsirlərdən qorunmaq üçün qapalı cəmiyyətə çevrilmək niyyətində deyil və dünyaya açılmaqla əslində, Azərbaycanın milli və mənəvi dəyərlərini təbliğ etmək,müasir dünyaya inteqrasiya etmək niyyətindədir.Və bu proses heç də pərakəndə şəkildə yox, ciddi fəlsəfi yanaşmalara, praktik təcrübələrə əsaslandı. Elə götürək Azərbaycanda dini tolerantlığı,sirr deyil ki, milli-mənəvi dəyərlərin formalaşması və müasir dünyaya inteqrasiyası zamanı dini məqamlar bəzi hallarda fəsadlar yaradır və bu düzəni pozur. Bu gün inkişaf etmiş Avropanın özü belə sivilizasiyaların toqquşmasından qurtula bilmir, islamafobiya az qala, yaşam tərzinə çevrilib.Azərbaycana gəldikdə isə bunun tam əksini görürük.Bu məqamda isə filosof Spinozanın bir fikri yada düşür: “Peyğəmbərlərin etikası müdrikliklə sinonimdir, insanlar onlara dərin ehtiram zamanı Tanrıya intellektual məhəbbət səviyyəsində yüksəlirlər”.
Hesab etmək olar ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasında,dini tolerantlığın formalaşmasında bir prinsip əhəmiyyətli rol oynayır və bu səbəbdən ümumilikdə cəmiyyətdə bir aqnostik yanaşma var. Bu yanaşma əslində, genetik kodlarımızın zənginləşməsinə müsbət təsirini göstərir. Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və müasir dünya ilə ayaqlaşmasının başlıca səbəblərindən biri də dövlət və din arasında məsafənin olması, milli-mənəvi dəyərlərin qorunması üçün isə dövlətin himayədarlıq etməsidir. Əslində, bu, Tolstoyun maraqlı bir fikrini yada salır: “Yarıya qədər yaxşı olmaq olmaz, necə ki, yarıya qədər hamilə olmaq olmur”. Həqiqətən də bu gün dinin dövlətdən kənarda olması, milli-mənəvi dəyərlərin isə dövlət tərəfindən himayəyə götürülməsi bir bütövləşmədir və bu səbəbdən hansısa yarımçıqlığın şahidi olmur və qloballaşmada Azərbaycan modelini qoruyub saxlaya bilirik.
Ekspertlər hesab edir ki,bu gün bu sahədə tam bir şəffaflığın olmasının,inteqrasiyaya açıq olmağımızın başlıca səbəblərindən biri məhz, yuxarıda göstərdiyimiz kimi, dinin dövlətdən ayrı olmasıdır. Hələ yüz illər öncə filosof Kant hesab edirdi ki,din özlüyündə əxlaqi kodeksi mühakimə edə bilməz.Din sadəcə, insan nəslinin əxlaqi inkişafına kömək etməlidir. Hesab etmək olar ki, əsası ümumilli lider Heydər Əliyev tərəfindən formalaşan və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən milli-mənəvi dəyərlərin qorunması konsepsiyasının kökündə bu amil dayanır.Başqa cür desək, mövcud olan bütün yeniliklər, cəmiyyətin tanış olduğu yeni konsepsiyalar dərindən öyrənilir və milli-mənəvi dəyərlərimizin inkişafına doğru istiqamətləndirilir. Prezident İlham Əliyev məhz bu səbəbdən açıq şəkildə bəyan edir:”Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik,bu dəyərləri qoruyuruq, saxlayırıq, ənənələri yaşadırıq və bizim gücümüz də bundadır”.
Apardığımız araşdırmalar onu da təsdiqləyir ki, bu gün prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət,daha çox ikitərəfli əməkdaşlığa maraq göstərməsi ümumilikdə mənəvi baxışlarımıza da müsbət təsir edir.Ən azından ona görə ki, bütün ideyalar,bütün baxışlar diqqət mərkəzinə gəldikdə ilk növbədə,Azərbaycanın çıxarları nəzərə alınır və filosof Artur Şopenhauerin “Dünya mənim ideyamdır” – fikri diqqəti cəlb edir. Çünki prezident İlham Əliyev fəaliyyəti müddətində Azərbaycanın çıxarlarını və insan faktorunu əsas götürərək Azərbaycan xalqının iradəsini nümayiş etdirir.Elə filosof Artur Şopenhaurun bir fikrini də indi yada salmaq yerinə düşərdi: “İradə-ruhun daimi dəyişməz elementidir.İradə məqsədin fasiləsizliyi ilə şüura bütövlük,vəhdət gətirir, bütün ideyaları və fikirləri bir yerə toplayır,onları fasiləsiz harmoniyaya çevirir”.
Onu da unutmayaq ki, milli-mənəvi dəyərlərin inkişafı, müasir dünya ilə vəhdətinin təşkili özlüyündə cəmiyyətdə insanların aktivlik şkalasına da müsbət təsir göstərir.Çünki milli-mənəvi dəyərlərin inkişafı fərdlərin indivudal inkişafına müsbət təsir edir və nəticədə kütlə psixologiyasının təsir imkanları zəifləyir. Bu cəmiyyətdə kütlə psixologiyasının zəifləməsi, insan resursunun nəzərə alınması və beyin mərkəzlərinin formalaşması ilə nəticələnir. Məhz,bu faktoru nəzərə alaraq deyə bilərik ki, possovet məkanındakı dövlətlər sırasında Azərbaycan özünəməxsus yer tutur.Çünki milli-mənəvi dəyərlərin inkişafı,beyin mərkəzlərinin formalaşması istər-istəməz kapitalın intellektual kapitala keçidini tənzimləyir.
Bu baxımdan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Bilik Fondunun, Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması xüsusi olaraq vurğulanmalıdır.Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasında,dini tolerantlığın təmin olunması baxımından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rolunu xüsusi olaraq qeyd etmək lazımdır.Mübariz Qurbanlının komitəyə sədr təyinatından sonra qurumun fəaliyyətində bir neçə sahəyə xüsusi diqqət ayrıldı və bu kifayət qədər peşəkar yanaşma oldu. Bu sahələr hansılardır?
1. Beynəlxalq konfransların, simpoziumların keçirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi
2. Bölgələrdə dini maarifləndirmənin artırılması üçün tədbirlərin, maarifləndirici kursların təşkili
3. Milli və mənəvi dəyərlərimizə daxil edilmiş süni vərdişlərin aradan qaldırılması
4. Azərbaycanda müxtəlif dinlərin,təriqətlərin təmsilçiləri arasında normal mühitin formalaşması
5. Din və dövlət münasibətlərinin tənzimlənməsi
6. Dini etiqad azadlığı haqqında qanunun icrasına nəzarət
Yada salaq ki,bu günlərdə Bakıda 500 nüfuzlu dövlət və ictimai xadimin iştirakı ilə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi və Prezident İlham Əliyev,həmçinin əcnəbi dövlət xadimləri Azərbaycandakı dini tolerantlığın durumundan razılıqlarını bildirdilər.
Bu gün milli-mənəvi dəyərlərin qorunması istiqamətində QHT-lərin də fəaliyyətinə xüsusi diqqət ayırmaq vacibdir. Azərbaycanda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılandan sonra dövlət tərəfindən QHT-lərə maliyyə yardımı ayrıldı və demək olar ki,təklif olunan qrand layihələrin böyük əksəriyyəti milli-mənəvi dəyərlərimizin təbliğinə, inkişafına yönəlib.Bu baxımdan,Heydər Əliyev Fondu əhatə dairəsini daha çox genişləndirərək Azərbaycanın milli-mənəvi dəyərlərini dünyaya tanıtdı və bu proses davam etdirilməkdədir. “Xocalıya ədalət”kampaniyası, Azərbaycan muğamının, xalçaçılığının dünyaya tanıdılması vacib faktor kimi nəzərə alınmalıdır.Həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın YUNESKO və İSESKO kimi təşkilatların xoşməramlı səfiri olaraq mədəni irsimizin,bir çox tarixi abidələrimizin bu təşkilatlarda qeydiyyata alınmasına nail olması da tarixi uğur hesab olunmalıdır.
Onu da xüsusi ilə vurğulamaq lazımdır ki, bu gün Azərbaycan hakimiyyəti həmçinin,tarixi köklərimizə bağlı olan Ərdəbil, Təbriz, Dərbənd, İrəvan,Göyçə mədəni irsinin də qorunması və əxlaqi tərbiyəmizdə səmərəli istifadəsinə nail olub.
Beləliklə, çıxara biləcəyimiz nəticə budur ki, Azərbaycan elə xalqlardandır ki, bu xalqın məhz, özünəməxsus milli-mənəvi dəyərləri, xarakterləri var. Bu dəyərlər müxtəlif sivilizasiyaları belə özündə cəmləşdirə bilir. Bununla bağlı ümumilli lider Heydər Əliyevin bir deyimini yada salmaq doğru olardı: “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir. Biz bunları qiymətləndirməliyik”.
Sonda isə filosof Spenserin bir fikri ilə bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması üçün atılan addımların yekununu təqdim etmək istəyərdim: “Bir elm, yüzlərlə elmə çevrilir,folklor ədəbi sənətin minlərlə formasına çevrilərək mədəniyyəti bəzəyir.Fərd inkişaf edir, unikal xarakter alır.Hər bir irq və hər bir xalq öz dahisini yaradır və inkişaf edir”.Bu gün Azərbaycan xalqının yaratdığı Heydər Əliyev liderliyi və İlham Əliyev siyasəti ortadadır.Və bir xalq olaraq inkişaf etməyimiz, milli-mənəvi dəyərlərimizi qorumaq üçün heç bir maneəmiz yoxdur.
Yazı Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb
Milli-mənəvi dəyərlər və müasirlik
Bir millət üçün ən böyük, ən qiymətli dəyərlər nələrdir? – Təbii ki, dini və dili, tarixindən miras qalmış mədəni-mənəvi irsi və sairə.
Bir milləti digərlərindən fərqləndirən də əslində elə milli-mənəvi dəyərləridir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır”. O həmçinin deyirdi: “Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”. Yeri gəlmişkən, qeyd edək ki, milli-mənəvi dəyərlərimizin qorunmasında, həmçinin təbliğində ulu öndərin kifayət qədər xidmətləri olub. Təkcə bir faktı qeyd edək ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə hələ sovet dönəmində Azərbaycan SSR-in Konstitusiyası qəbul olunarkən orada ana dilimizin dövlət dili statusu təsbit olunmuş, Novruz bayramı daha geniş şəkildə təbliğ edilmişdir.
İtirə-itirə gedirdik
Bu gün cəmiyyətimiz inkişaf edir və müasirləşir. Müxtəlif təsirlər içərisində yaşadığımız bir zamanda milli dəyərlərimizi qorumaq getdikcə çətinləşir. Bu mənada milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması hazırda da öz aktuallığını qoruyub saxlamaqdadır.
Bəli, bir zamanlar milli-mənəvi dəyərlərimizi kifayət qədər qiymətləndirməkdə çətinlik çəkirdik. Salam verib-salam almaqdan başlamış hədiyyələşmək, bayramlaşmaq, qonaq getmək və ya qonaq qəbul etmək, hətta yas mərasimlərimiz kimi milli və mənəvi dəyərləri itirə-itirə gedirdik. Məsələn, bizim üçün ən böyük bayramlar Ramazan, Qurban və Novruz olub, amma Yeni il bayramı onlardan qat-qat təntənəli qeyd edilirdi. Müstəqillik əldə etdikdən sonra bu bayramları da rəsmi şəkildə qeyd etməyə başladıq. Daha bir misal; rus dilinə elə aludə olmuşduq ki, hətta ana dilimizə ikinci dil kimi baxanlar zümrəsi də formalaşmışdı. Elə bilməyin ki, mən dil öyrənməyin əleyhinəyəm. Əksinə, qeyri dilləri bilmək çox yaxşı haldır, bir şərtlə ki, öz dilinə arxa çevirməyəsən. Yaxud da bir zamanlar din deyəndə, ilan vurmuş kimi sıçrayan birindən hansı mənəvi dəyərləri öyrənəcəkdik ki? Məhz bu mənəvi dəyərimizə də müstəqillik illərində sahib çıxmağa başladıq.
Yeniliklər bizi uzaqlaşdırır
Nə qədər qəribə olsa da öz milli-mənəvi dəyərlərimizə hələ də yetərincə sadiq qala bilmirik. Onlara Avropa, başqa sözlə desək, müasirlik çalarları əlavə etməyə çalışırıq. Onu da qeyd edim ki, heç bir millətin milli-mənəvi dəyərləri pis deyil (Təbii ki, söhbət, sözün əsl mənasında, normal adətlərdən gedir). Amma fərqinə varmadığımız hər şeyi tətbiq etməyin özü də bir yanlışlıqdır. Adi bir misal: İslami dəyərlər aləmində yeməyi, ümumiyyətlə, bütün müsbət, təmiz işləri sağ əllə görmək qəbul edilib. Amma bu gün Avropa bizə “solu” təbliğ edir. Mahiyyətini, mənasını bilmədən onları təqlid etməklə bizə aid dəyəri qurban vermiş olmuruqmu? Onda, təbii ki, biz biz olmuruq, kimi təqlid ediriksə, ondan oluruq. Başqa bir misal: Bizdə alt paltarını göstərmək ən böyük ayıb hesab olunub. Hətta qadınlarımız alt paltarları elə sərərdilər ki, görünməsin. Amma bu gün küçələrdə, dükanlarda qadınlara aid alt paltarlarını açıq-saçıq nümayiş etdirilir.
Bizdə gəlinin başına bakirəlik simvolu olan qırmızı rəngli duvaq salmaq dəyər idi. Amma indi duvaq gəlinliyin bir hissəsi olmaqdan başqa, hər hansı məna ifadə eləmir. Üstəlik, bu dəyərin rəngi də dəyişdirilib ağ olub. İndi bəylə gəlin nikaha girərkən əllərinə şampan qədəhi alaraq şəkil çəkdirir, sonra da bir-birilərinə sarılaraq qayınata və qayınanalarının, yüzlərlə qonağın qarşısında müasir dünyanın rəqslərini ifa edirlər. Ailə kimi müqəddəs bir yuvanın qurulmasında ağsaqqallar, ağbirçəklər xeyir-dua verər, bütün davranışlarında ismət, həya, abır nümunəsi ilə yeni ailəyə necə olmaq lazım gəldiyini göstərərdilər. İndi bu dəyər dəbdən düşüb, qəribə görünür, çünki indi ağsaqqallar da yüz-yüz vurur, sonra da atılıb-düşməklə işlərini bitmiş hesab edirlər. Bütün bunlar isə ailəyə məxsus dəyərlərin artıq, müəyyən mənada məcrasından çıxması deməkdir. Yəqin razılaşarsınız ki, bəzi milli ənənələrimiz insanlar tərəfindən heç də birmənalı qarşılanmır. Məsələn, valideyn qızlarına daha çox açıq-saçıq geyimləri qadağan edirsə, oğlanlarına müəyyən məhdudiyyətlər qoyursa, bu, bizim gənclər tərəfindən “geridəqalmışlıq” hesab olunur. Bəlkə də, cəmiyyətimizdəki avropalaşma meylinin əsas səbəbi də məhz bu kimi faktorlardır.
Bu sözləri yas mərasimlərimiz haqqında da demək olar. Məsələn, cənazənin önündə mərhumun portretini aparmaq, yas mərasimi keçirilən salonlara həmin portreti asmaq, hər cür nemətlə təmin olunmuş süfrələr açmaq, məzar daşlarına şəkil həkk etdirmək, heykəllər qoydurmaq adi hala çevrilib. Milli-mənəvi dəyərlərimizə, əgər belə demək mümkünsə, bu kimi yeniliklər bəxş etmək isə bizi onlardan uzaqlaşdırır.
Bu bizə lazımdırmı?
Bəli, dünyaya inteqrasiya etməyimiz milli-mənəvi dəyərlərimizi böyük təhlükələrlə üz-üzə qoyub. Bu gün dünyanın müxtəlif ölkələrində nəyi isə görənlər onu bizdə də təbliğ etməyə cəhd göstərirlər. Bu bir həqiqətdir ki, günümüzdə milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərdən təcrid vəziyyətdə təsəvvür etmək çətindir. Ona görə də mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə məsələsinə ciddi fikir verilməlidir. Amma bu və ya digər yeniliyi kor-koranə tətbiq etmək bizə bu sahədə heç bir perspektiv vəd etmir. Bu yerdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sözlərini xatırlatmaq istərdim: “Kənar ideya, kənar adətlərin cəmiyyətə nüfuz etməsi onun məhvinə gətirib çıxara bilər. Kənar adət-ənənələrə milli adət-ənənələrimizin nüvəsinə girməyə imkan versək, özəyə daxil olan kənar ideya, kənar adət bizim adəti dağıdacaq. Onun yerinə özününkünü gətirəcək”. Bir də yaxşı olardı ki, gətirdiklərimizi diqqətlə saf-çürük etməyi bacaraq: heç olmasa “nəyi mənimsəyirik?, “bu bizə lazımdırmı?” kimi suallara cavab verə bilək. Axı bu da bir həqiqətdir ki, üz tutduğumuz Avropanın özü bu gün öz dəyərlərindən narahatdır. Yəni Avropanın özü bu məsələdə inteqrasiyaya, yenilənməyə ehtiyac duyur.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Milli-mənəvi dəyərlərimiz sərvətimizdir
Milli-mənəvi dəyər anlayışı özündə böyük bir mənanı ehtiva edir. Mənəvi dəyər dedikdə əsrlər boyu xalqımızın yaratdığı əxlaqi və maddi dəyərlər sistemi nəzərdə tutulur. Təbii ki, hər bir xalqın varlığı, onun milli kimliyi ilk növbədə onun milli-mənəvi dəyərlərində ehtiva və əks olunur. Hər hansı bir etnosun milli-mənəvi dəyərlər sistemini onun əlindən tamamilə almış olsaq, o zaman həmin etnosun adından savayı heç nəyi qalmaz. Bu həqiqətdir ki, bir toplumun varlığının qorunub saxlanması üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən milli-mənəvi dəyərlərini qoruyub saxlanması lazımdır. Amma təəssüflər olsun ki, 21-ci əsrdə qloballaşma dediyimiz proses müxtəlif xalqların milli-mənəvi dəyərlərinə müxtəlif formalarda, gizlin və aşkar şəkildə təcavüz edir və onu məhv etməyə, sıradan çıxarmağa çalışır. Bəs biz necə, öz milli-mənəvi dəyərlərimizi qoruya bilirikmi? Qloballaşma, müasirləşmə, urbanizasiya dəyərlərin yox olması deməkdirmi?
Sosioloq Asif Bayramov deyir ki, hansı xalq qloballaşma dövründə milli dəyərlərə qarşı olan təcavüzə qarşı özünün milli-ideoloji cəbhəsini qura bilibsə və onu qorumağı bacarıbsa, həmin xalqın bu dalğadan salamat çıxma ehtimalı var. Onun sözlərinə görə, müasir gənclərin mənəvi dəyərlərimizə olan münasibətinə və onların özlərində daşıdığı dəyər anlayışına nəzər salsaq, bugünkü səhnənin bir o qədər də ürəkaçan olmadığını görə bilərik: “Lakin bununla yanaşı, digər xalqlarla müqayisədə daha yaxşı vəziyyətdə olduğumuzu da etiraf etməliyik. Hər halda, bu gün Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərə yönələn hissəsi çox olduğu kimi, bu dəyərlərə biganə olan və qismən kosmopolitləşən hissəsi də kifayət qədər çoxalıb. Bunun isə özlüyündə müxtəlif səbəbləri var. Gənclərimizin xarici ölkələrdə təhsil alması, Qərb düşüncəsinin, Qərb şüurunun Azərbaycan gerçəkliyinə təsir göstərməsi mühüm faktorlar sırasındadır”.
Sosioloqun sözlərinə görə, bu gün milli-mənəvi dəyərlərimizin vəziyyətində ümumi dəyərləndirmə aparsaq, görərik ki, hələlik biz zərərin ortasına da çatmamışıq: “Ziyanın yarısından qayıtmaq böyük işdir. Lakin biz hələ heç ziyanın ortasına çatmamışıq. Bunun geniş şəkildə yayılmasının qarşısını almaq üçün dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunmasının proqram və mexanizmi üzərində düşünməliyik. Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları və universitetlərimizin müvafiq kafedraları bir araya gələrək gəncliyimizin milli-mənəvi dəyərlərinin qorunmasını müəyyən edən proqram üzərində işləməli və bu proqramı dövlətə təklif edib onun tətbiq olunmasına, maliyyələşməsinə nail olmalıdırlar. Çünki bir çox inkişaf etmiş xalqların təcrübəsi bizə bunu öyrədir və diktə edir. Belə düşünürəm ki, bunun üzərində hər şeydən öncə bizim ziyalılarımız, yaradıcı və daha çox humanitar bilik sahəsində çalışan insanlarımız bir araya gəlməlidir. O cümlədən bizim filosofların, sosioloqların, kulturoloqların, ədəbiyyatşünasların, etnoqrafların, tarixçilərin və folklorşünasların üzərinə daha çox məsuliyyət qoyulmuş olur. Çünki onlar millətin mənəvi, əxlaqi, milli dəyərlərini araşdırdıqlarına, tədqiq elədiklərinə görə, onun qorunması vasitələrini yəqin ki, digər peşə sahibləri ilə müqayisədə daha düzgün tapa bilərlər”.
Bu problemləri dünyanın əksər xalqlarının yaşadığını deyən sosioloq bildirdi ki, qloballaşma prosesindən uğurla çıxan bəzi xalqlar da var: “Məsələn, biz Yaponiyanın timsalında bunu aydın şəkildə görə bilərik. Bu gün Qərb özünün texniki inkişafına və texnoloji səviyyəsinə görə dünya lideridir. Ancaq bu günə qədər bir cəmiyyət olaraq bir çox hallarda Qərbdən alacağımız rasional biliklər sistemini analiz etmirik. Ona görə də Qərb məqsədyönlü şəkildə bizim cəmiyyət üçün zərərli olan irrasional dəyərlərini bizə ötürür. Yəni mənəvi-əxlaqi dəyərlər sistemi, milli-mədəni dəyərlər sistemi hər bir xalqın daha çox rasional dünyasına aiddir. Yaponiyanın adını isə ona görə xüsusilə vurğuladım ki, məhz Yaponiya özünün milli-mənəvi dəyərlərini bütün varlığı ilə qoruyaraq və Qərbin texniki düşüncəsini, texniki kəşflərini bütövlükdə götürərək mənimsədi. Və qısa bir müddətdə Yaponiya texnologiyası hətta Qərbin özünü dünya bazarında sıxışdırmağa başladı. Onun üçün biz Qərbdən nəyi almalı, nəyi almamalıyıq sualını cəmiyyətimiz üçün aydınlaşdırmalıyıq. Yəni cəmiyyət bilməlidir ki, Qərbin elmi-texniki nailiyyətlərini öyrənmək olar, ancaq onun ailə modeli bizim əxlaqi-mənəvi dəyərlərimizlə uzlaşmır”.
A.Bayramov qeyd etdi ki, əsrlərlə formalaşmış əxlaqi görüşlərimizlə Qərbinki çox hallarda uzlaşmır. Bu da çox normal və təbii bir haldır: “Hər kəsin ata-anası özünə doğma olduğu kimi, hər bir xalqın milli-mənəvi dəyərləri də onun özü üçün əzizdir, müqəddəsdir və doğmadır. Bu gün Qərb texniki cəhətdən inkişaf etsə də, mənəvi cəhətdən onların əxlaqi dəyər anlayışı bizimki qədər mükəmməl deyil. Bu əxlaqı yaratmaq üçün, onu bir millətdə formalaşdırmaq üçün yüz illər lazımdır. Niyə biz xalqımızın belə gözəl və mükəmməl əxlaqını digər xalqların barbarlığı xatırladan həmin mənəvi dəyərlərinə qurban verək?”
Sonda sosioloq onu da qeyd etdi ki, inkişafı mənəvi-əxlaqi dəyərlərin vəziyyəti və məzmunu müəyyən etmir. Bu gün bəzilərinin inkişaf anlayışı daha çox bizim cəmiyyətin tarixi yaddaşının onun düşüncəsi və beynindən silinməsinə yönəlib: “Məhz qloballaşma dediyimiz proses, yaxud beynəlxalq standartlar dediyimiz anlayış, Avropa standartları adı altında bizə sırınan bir çox dəyərlər bilavasitə bizim tarixi yaddaşımızın silinməsinə xidmət etmirmi? Bu göz qabağındadır. Yəni tarixi yaddaşı silinmiş bir insan, Çingiz Aytmatovun ifadəsi ilə desək, bir manqurtdur. Beynindən tarixi yaddaşı silinmiş bir millət artıq onu silən xalqın köləsidir. Bu cəmiyyət çox rahat idarə olunan kütləyə çevrilir. Bu gün bu strategiyanı Qərb çox gözəl mənimsədiyinə və araşdırdığına görə yaxşı bilir ki, artıq millətləri, torpaqları, coğrafiyaları, insanları fiziki cəhətdən işğal etməyə heç bir ehtiyac yoxdur. Bunun üçün insanların beynini işğal etmək lazımdır. Bu gün beyni, düşüncəsi zərərli düşüncələr tərəfindən işğal olunmuş gəncliyimizin həmin hissəsi bizim deyil. Onlarla Azərbaycançılıq, Qarabağ münaqişəsi, vətənpərvərlik haqqında hər hansı bir söhbət etmək olmur. Çünki onlar bu mövzulara artıq yad və yabançıdırlar. Bunun çox rahat, çox sınaqdan çıxarılmış mükəmməl formaları və layihələri var. Dünyaya gələn hər bir uşaq ailədən sonra cəmiyyətdə böyüyür, tərbiyə alır. Əgər hər hansı bir gəncimizin beynini, düşüncəsini, şüurunu yuya biliblərsə, deməli, artıq bizim təhsil şəbəkəmizdə boşluqlar həddən ziyadə çoxdur. Əgər biz 11 il ərzində bir məktəbdə o gənci milli insana çevirə bilməmişiksə, biz bir insanı mili şəxsə çevirə bilmiriksə, bizim təhsil sistemimiz ideoloji baxımdan, mənəvi baxımdan son dərəcə bərbad vəziyyətdədir. Bunu birdəfəlik etiraf etməliyik ki, bizim əlimizdən alınan gənclərimiz və gəncliyimiz daha çox bizim təhsil şəbəkəmizin boşluğundan zəifləyirlər”.
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, ümumilikdə dünyada gedən qloballaşma prosesi və informasiya əsrinə daxil olmaq milli- mənəvi dəyərlərimizin bir qədər itirilməsinə səbəb oldu. Bunun əsası isə 80-ci illərin sonu-90-cı illərin əvvəlində qoyuldu: “Bu istiqamətdə müxtəlif profilaktik işlər aparılmalıdır deyə düşünürəm. Milli-mənəvi dəyərləri qorumaq bu gün əslində heç də asan deyil. Nəzərə almaq lazımdır ki, bu gün gənclərin bir çoxunun internetə çıxışı var. İnformasiya isə bir istiqamətdə ötürülmür. Xarici filmlər, sosial şəbəkələr vasitəsilə dünyaya inteqrasiya gənclərin psixologiyasına təsir edən mühüm amillər sırasındadır. İnsanlar arasındakı gərginlik və stress də təsir edən faktorlar qisminə aid olunur. Bu isə istər milli-mənəvi, istər ailə dəyərlərinin itməsinə, istərsə də müəllim-şagird, valideyn-övlad münasibətlərinə öz təsirini göstərir. Milli-mənəvi dəyərlərimizi gənclərə təlqin etmək üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Bundan başqa, milli-mənəvi dəyərlərimiz dərindən təhlil edilib araşdırılmalı və bu istiqamətdə əsaslı tədbirlər görülməlidir. Yalnız bu halda hansısa nailiyyət əldə bilərik”.
E.Rüstəmov qeyd etdi ki, milli-mənəvi dəyər anlayışını gənclərə təlqin etməyin müxtəlif üsulları var: “Örnək olaraq qardaş ölkə Türkiyəyə baxmağımız yetərlidir. Türkiyə Avropaya bizdən daha tez inteqrasiya edib. Lakin bununla yanaşı, onlar üçün mühüm olan ilk növbədə vətənpərvərlik və milli-mənəvi dəyərləridir. Onlar vətənpərvərliyi təkcə müharibə etməkdə görmürlər. Onlar gənclərdə bayrağa, vətənə, millətə sevgini kiçik yaşlarından aşılayırlar. Onlar bununla bəzi şeylərin müharibəsiz də mümkün ola biləcəyini dünyaya bəyan edirlər. Bu gün Azərbaycan gəncinə milli-mənəvi dəyərlərimiz təlqin edilməlidir. Düşmən zatən bəllidir. Ona görə də bu istiqamətdə hər bir gənc öz üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu dərk etməlidir. Əgər bu gün gənclərimizin bir hissəsi cəbhədə vuruşursa, digər bir hissəsi elm, təhsil sahəsində irəli getməlidir. Hər kəs əlinə silah ala bilməz. Ancaq hər kəs olduğu yerdə öz dövlətini, dəyərlərini müxtəlif üsullarla müdafiə edə bilər. Mühüm olan gənclərimizə bunun öyrədilməsidir. Bu gün dünyanın bir çox ölkələrində gənclərimiz təhsil alır, işləyir. Onlar bizim milli-mənəvi dəyərlərimizi dünya müstəvisində tanıtmalıdır. Bunun üçünsə valideynlər öz övladlarına bu ruhda, bu istiqamətdə tərbiyə verməyi bacarmalıdır. Uşaq öz dövlətini, bayrağını tanımalı, adət-ənənəsinə, milli dəyərlərinə yaxından bələd olmalıdır”.
Şəbnəm Mehdizadə
Bu məqalə “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasına dair təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.
Comments are closed, but trackbacks and pingbacks are open.