Press "Enter" to skip to content

Beynəlxalq hüquq tarixinin ədalətli zəfəri”

8.Sosial Hüquqlar üzrə Avropa Komitəsinin rəyinə görə əmək hüquqları sahəsində ayrı-seçkiliyə məruz qalmış şəxslərə təqdim olunan müdafiə vasitələri adekvat olmalı, onların müdafiəsini və hüquqlarının pozulması hallarının gələcəkdə təkrarlanmamasını təmin etməlidir. Ayrı-seçkiliyə məruz qalmış şəxsin işdən azad edilməsi ilə bağlı məcburi işə çıxmama halında həmin müddət üçün itirilmiş əmək haqqı ilə yanaşı vurulmuş mənəvi zərər də ödənilməlidir. Lakin məhkəmələrin müəyyən etdiyi mənəvi zərərin məbləği çox zaman Sosial Hüquqlar üzrə Avropa Komitəsinin tələblərinə uyğun gəlmir. Bu baxımdan ABŞ-da tətbiq olunan “Cərimə kompensasiyası” modelinin tətbiqi məqsədəmüvafiq olardı. Həmin model məhkəmə tərəfindən əmək hüquqlarının pozulması faktı aşkar edildikdə əmək hüquq pozuntularının müxtəlif növləri üçün bəlli məbləğlərdə müəyyən edilmiş kompensasiyanın ödənilməsini nəzərdə tutur. Məsələn, qanunsuz işdən azadetmə halında orta aylıq əmək haqqının 12 misli məbləğindən az olmayan əlavə cərimə kompensasiyasının alınması nəzərdə tutulur.

Dövlətlər tərəfindən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq birliyin mövqeyi universal müqavilə olan “Beynəlxalq müqavilələr hüququ haqqında” 1969-cu il Vyana Konvensiyasının “Daxili hüquq və müqavilələrə riayət olunması” adlanan 27-ci maddəsində ifadə olunmuşdur: hər hansı müqavilənin iştirakçı dövləti müqaviləni yerinə yetirməmək üçün özünə bəraət qazandırmaq məqsədilə daxili hüquqa istinad edə bilməz (8). Bu normanı daxili hüquqda müvafiqmüddəanın olmamasına istinad edilməsinin yolverilməzliyi mənasında da təfsir etmək olar.

Milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılmasını müqavilənin yerinə yetirilməsinin zəruri şərti və müqavilə göstərişlərinin həyata keçirilməsi mexanizminin mühüm elementi kimi xarakterizə etmək olar.

Beynəlxalq səviyyədə unifikasiya, qloballaşma, bütün dünyada iqtisadi münasibətlərin sürətli inkişafı insan fəaliyyətinin müxtəlif sahələrində təcrübə mübadiləsinin zəruriliyini şərtləndirir. Bu proseslər hüququn inkişafına da öz təsirini göstərir. Unifikasiya prosesi çərçivəsində beynəlxalq hüquqi aktların milli hüquq sisteminə təsirinin müxtəlif üsulları uzlaşdırılır. Beynəlxalq müqavilə normalarının milli hüquq sisteminə daxil edilməsi hüquq sisteminin daha da təkmilləşdirilməsinin səmərəli mexanizmlərindən biri kimi çıxış edir.

Beynəlxalq hüququn əsas mənbəyi və milli hüququn təkmilləşdirilməsi vasitəsi kimi beynəlxalq müqavilələrmilli qanunvericiliyin inkişafına müsbət təsir göstərməklə yanaşı dövlətlər arasında etimadı möhkəmləndirir, onların qanunvericilikləri arasında fərqləri, ziddiyyətli məqamları və uyğunsuzluqları xeyli dərəcədə azaldır, qloballaşan dünyada vahid və uzlaşmış, harmoniya prinsipinə əsaslanan hüquqi məkanın formalaşmasına, dövlət hakimiyyəti orqanlarının fəaliyyətində qanunçuluğun təmin olunmasına və hüquqtətbiqetmə təcrübəsinin səmərəliliyinin artmasına əlverişli zəmin yaradır.

Ümumiyyətlə, beynəlxalq hüquqla milli hüququn qarşılıqlı əlaqəsinə dair iki əsas nəzəriyyə vardır. Monizm nəzəriyyəsi və dualizm nəzəriyyəsi. Monizm nəzəriyyəsinə görə beynəlxalq və milli hüquq oxşar sistemlərdir və hər ikisi tənzimetmə xüsusiyyətinə malikdir. Dualizm nəzəriyyəsinə görə isə onlar fərqli sistemlərdir və milli hüquq beynəlxalq hüquq normalarının həyata keçirilməsini təmin edir. Məsələn, A.L.Movçan qeyd edir ki, beynəlxalq və milli hüquq normaları obyektiv mövcud olan vahid normalar məcmusu kimi çıxış etmir, çünki özünün sosial və hüquqi təbiətinə görə onlar fərqli və ayrıca hüquq sistemləridir (18, s. 17-18). Müasir dövrdə monizm nəzəriyyəsi daha geniş yayılmışdır. Çünki beynəlxalq hüquq normalarının əhəmiyyəti, tənzimləyici və milli hüquqa münasibətdə təkmilləşdirici rolu artmışdır və onlar standart və ya prinsip xatrakteri kəsb edirlər və hamılıqla qəbul edilirlər (xüsusən də, insan hüquqları sahəsində).

Beynəlxalq və dövlətdaxili (milli) hüququn qarşılıqlı təsiri daxili və xarici siyasətin qarşılıqlı əlaqəsi kimi obyektiv faktorla şərtlənir. Belə qarşılıqlı təsirin möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün dövlətin norma yaradıcılığı proseslərində eyni zamanda həm dövlətdaxili normaların, həm də beynəlxalq hüquq normalarının yaradıcısı kimi çıxış etməsi faktoru mühüm əhəmiyyət kəsb edir. Buna müvafiq olaraq dövlətin öz maraqlarını ifadə edən milli qanunlar və dövlətlərin birgə, uzlaşmış və razılaşdırılmış maraqlarını ifadə edən dövlətlərarası müqavilələr yaranır. Dövlətdaxili və beynəlxalq hüquq sistemləri bir-birinə münasibətdə müstəqil hüquq sistemləri olduqlarından, dövlətdaxili münasibətlərdə beynəlxalq hüquq normalarının tətbiqinə qədər fəal qarşılıqlı əlaqədə fəaliyyət göstərdiklərindən bir sistemin normalarının digərinə keçməsi ideyası yaranmışdır. Belə ideyalar isə öz növbəsində beynəlxalq hüquq normalarının dövlətdaxili (milli) hüquq normalarına, beynəlxalq müqavilələrin milli qanunvericiliyə transformasiyası konsepsiyasını formalaşmışdır. Nəzərə almaq lazımdır ki, beynəlxalq müqavilə yalnız faktiki olaraq həyata keçirildikdə real əhəmiyyət kəsb edir. Əks halda onun mövcudluğu mənasızdır.Bu baxımdan beynəlxalq müqavilə normalarının həyata keçirilməsi üsulları ilə bağlı məsələnin aktuallığı artır. Belə həyata keçirilmə dövlətdaxili hüquq vasitəsilə mümkün olur.

Müasir hüquq elmində beynəlxalq müqavilələrin həyata keçirilməsi çox zaman “implementasiya” termini ilə əlaqələndirilir. İmplementasiya ingiliscə “implementation” sözündən olub mənası “həyata keçirmə, yerinə yetirmə, reallaşdırma” deməkdir. Implementasiya konsepsiyası geniş yayılmış hüquqi nəzəriyyələrdən biri olmaqla beynəlxalq hüquq normalarının hüquqi qüvvəsinin tanınmasına və həmin normaların dövlət daxilində həyata keçirilməsinin təşkilati təminatına yönəlmiş kompleks tədbirləri özündə ifadə edir (9, s. 62; 16, s. 12; 4, s. 49). Beynəlxalqmüqavilələrin implementasiyası səlahiyətli orqanlarının şəxsində dövlətin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərindən irəli gələn beynəlxalq hüquqi öhdəliklərinin həyata keçirilməsinə yönələn normayaradıcılığı və təşkilati-icra fəaliyyətidir.

Beynəlxalq hüquq nəzəriyyəsində beynəlxalq hüquq normalarının dövlət daxilində həyata keçirilməsi və belə həyata keçirilmənin milli-hüquqi mexanizminin inkişaf istiqamətləri ilə bağlı məsələlər ətarflı şəkildə tədqiq edilsə də,hüquq ədəbiyyatında dövlətdaxili hüququn beynəlxalq hüquqa uyğunlaşdırılması mexanizmi, üsul və ya formaları ilə bağlı vahid fikir formalaşmamışdır.Bəzi müəlliflər göstərirlər ki, beynəlxalq müqavilələr milli hüququn özünəməxsus mənbələri kimi çıxış edir. Həmin müəlliflər beynəlxalq hüquq normalarının milli hüquq normalarına çevrilməsi ideyasına əsaslanan “transformasiya” konsepsiyasını əsas götürürlər (11, s. 226).L.X.Minqazov qeyd edir ki, təcrübədə dövlətlər istinad, inkorporasiya və transformasiya formasında implementasiyanın müxtəlif üsul və vasitələrindən istifadə edirlər. Onun fikrincə, transformasiya dedikdə, xüsusi aktın qəbul edilməsi yolu ilə beynəlxalq hüquq normalarının dövlətdaxili hüquq normalarına çevrilməsinin forma və metodlarının məcmusu, beynəlxalq hüquq normalarının milli hüququn ümumi prinsiplərinə uyğun olaraq yenidən işlənməsi başa düşülür. Istinad zamanı beynəlxalq hüquq normalarının məzmunu dəyişmir və o, milli hüquqa inkorporasiya olunmadan beynəlxalq hüquqda olan həcmdə tətbiq edilir. Resepsiya zamanı qanunverici beynəlxalq hüquqdan davranış modelini mənimsəyir və dövlətdaxili hüququn subyektləri üçün ona məcburi hüquqi qüvvə verir (19, s. 187-195). Q.V.İqnatenkoya görə istinad zamanı davranış modeli vahiddir. O, beynəlxalq hüquq sistemində formulə edilir. Milli hüquq sistemində isə yalnız həmin modelin mənbəyi göstərilir (12, s. 44-52).R.A.Müllerson inkorporasiya və istinadı beynəlxalq və dövlətdaxili hüququn uyğunlaşdırılması üsulları kimi xarakterizə edir. O, göstərir ki, istinadzamanı dövlət öz milli hüququna beynəlxalq hüquqa göndəriş edən norma və ya normalar daxil edir ki, onlar ölkə daxilində fəaliyyət göstərsin, milli hüququn subyektləri arasında münasibətləri tənzim etsin. Inkorporasiya zamanı dövlət beynəlxalq hüququn göstərişlərinin icrasına şərait yaradan milli hüquq normaları qəbul edir (21, s. 58). F.Ə.Hüseynov qeyd edir ki, beynəlxalq hüquq normalarının milli hüquq sistemində implementasiyasının iki əsas üsulu mövcuddur: I. İnkorparasiya (incorporation – daxil etmə) üsulu. Bu üsula görə beynəlxalq hüquq normaları, dövlət həmin normaların məcburiliyini tanıdıqdan sonra heç bir dövlətdaxili akt olmadan birbaşa milli hüquqa daxil edilir və beynəlxalq müqavilələr milli hüququn tərkib hissəsi hesab olunur. II. Transformasiya (transformation – çevirmə). Bu üsula görə beynəlxalq hüquq milli hüququn tərkib hissəsi sayılmır. Beynəlxalq müqavilənin milli məhkəmələr tərəfindən tətbiqi üçün qanunverici orqan tərəfindən ayrı bir hüquqi aktın qəbul edilməsi tələb olunur (2, s. 47-52). İ.İ.Lukaşuk qeyd edir ki, beynəlxalq hüquq normalarının milli hüquq sisteminə birbaşa təsiri benəlxalq hüquqdan inkorporasiya olunmuş, mənimsənilmiş normaların xüsusi xarakteri ilə şərtlənir (15, s. 228).

Dövlətdaxili hüququn beynəlxalq hüquqa uyğunlaşdırılması predmeti kimi konstitusiya, qanunlar, inzibati və məhkəmə aktları çıxış edə bilər (7, s. 218). Ona görə də həm normayaradıcılığı, həm də normatətbiqi fəaliyyəti sahəsində uyğunlaşdırma həyata keçirilə bilər.

S.V.Çerniçenko göstərir ki, dövlət öz daxili hüququnu milli hüquq sistemlərinə şamil olunan beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq vəzifəsi daşıyır (25, s. 32). Q.İ.Tunkin isə qeyd edir ki, dövlətdaxili hüquq normaları ilə beynəlxalq hüquq normaları arasında uyğunsuzluq (kolliziya) yarandığı hallarda dövlət öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir, həm də daxili qanunvericiliyə istinad dövləti bu öhdəlikləri yerinə yetirməkdən azad edə bilməz (22, s. 11).

Dövlət və onun orqanları tərəfindən yaradılan hüquq normalarının və hüquqi aktların məcmusu mənasında hüquq anlayışı ilə dövlətdaxili münasibətlər sahəsində həyata keçirilməli olan bütün hüquq normalarının və hüquqi aktların məcmusu mənasında hüquq anlayışlarını fərqləndirmək lazımdır. İkinci anlayış birincidən genişdir, çünki milli hüquqla yanaşı həmin dövlət tərəfindən tanınan beynəlxalq hüquq normalarını, habelə milli qanunvericilikdə və ya beynəlxalq müqavilədə nəzərdə tutulduğu halda xarici dövlətlərin ayrı-ayrı hüquq normalarını da özündə əksetdirir. Təbii ki, fərqli hüquq sistemlərinə aid olan normaların belə tətbiqi hüquqi uzlaşma tələb edir. Müasir beynəlxalq hüquq normalarının dövlətdaxili hüquq normalarının da yönəldiyi tənzimləyici funksiyaları yerinə yetirə bilmək xüsusiyyəti bu hüquq sistemlərinin uzlaşmış, birgə tətbiqinə şərait yaradır. Hüquq sistemlərininqarşılıqlı təsiri birgə tənzimetmə predmetinə aid olan münasibətlərin uzlaşmış tənzimində təzahür edir.Bu baxımdan Q.V.İqnatenko haqlı olaraq göstərir ki, beynəlxalq müqavilələrin milli qanunvericiliyə təsirinin məqsədi onun müqavilə göstərişləri ilə uyğunluğunun təmin olunmasından ibarətdir (13, s. 70).

Hüququn həyata keçirilməsi mərhələsində dövlətdaxili hüququn beynəlxalq hüquqa uyğunlaşdırılması xüsusilə aktuallıq kəsb edir. V.Q.Butkeviç qeyd edir ki, beynəlxalq müqavilənin icra edilməsi milli qanunvericilik normalarının qəbul olunması ilə məhdudlaşmamalı, müqavilədə nəzərdə tutulduğu qədər və ya hüququn həyata keçirilməsi şərtlərinin tələb etdiyi qədər davam etməlidir (6, s. 55). İ.P.Blişenko hesab edir ki, beynəlxalq müqavilə ilə milli qanun arasında ziddiyyət yarandıqda onu iki dövlətdaxili normanın kolliziyası kimi həll etmək lazımdır (5, s. 105). Lakin beynəlxalq hüquq normalarınının dövlətdaxili hüququn subyektləri tərəfindən həyata keçirilməsi üçün onları milli qanunvericiliyə implementasiya etmək lazımdır. Çünki yalnız dövlətdaxili hüquq normaları həmin subyektlər üçün məcburi xarakter daşıyır (20, s. 16; 14, s. 247-250; 23, s. 57-90).

Milli hüququn beynəlxalq hüquqa uyğunlaşdırılması beynəlxalq hüququn üstünlüyü prinsipinə əsaslanır. Lakin bu o demək deyildir ki, istənilən dövlətlərarası müqavilənin normaları dövlətdaxili hüququ müəyyən edə bilər. Xüsusən də bu, ikitərəfli müqavilələrə aiddir. Tarix göstərir ki, onlar özləri tez-tez beynəlxalq hüququn prinsiplərini pozurlar (24, s. 158).

Xarici dövlətlərdə milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması müxtəlif cür həll edilir. Məsələn, ABŞ-da, Fransada, Hollandiyada və bəzi digər dövlətlərdə milli qanunvericilik beynəlxalq müqavilələri ölkə hüququnun tərkib hissəsi kimi elan edir. Həmin ölkələrin konstitusiyalarına uyğun olaraq beynəlxalq müqavilələr milli hüququn təsir sahəsində fəaliyyət göstərə bilər. Bəzi ölkələrin konstitusiyasında isə beynəlxalq hüququn milli hüquqa münasibətdə aliliyi elan olunur. Məsələn, AFR Konstitusiyasına görə beynəlxalq hüququn ümumi normaları qanunlar üzərində üstünlüyə malikdir (17; 10).

Beynəlxalq hüquq baxımından dövlətin öz üzərinə götürdüyü öhdəlikləri milli səviyyədə necə həyata keçirməsi və beynəlxalq hüququn milli hüquqla qarşılıqlı münasibəti problemini daxili qanunvericilikdə necə həll etməsi vacib deyildir. Vacib cəhət ondan ibarətdir ki, dövlətlər beynəlxalq hüquq normalarına əməl etsinlər. Bu, eyni zamanda beynəlxalq hüququn imperativ tələbidir. Həmin tələbin yerinə yetirilməsinin forma və vasitələrinin seçilməsi hər bir dövlətin öz qanunvericiliyində və praktikasında müəyyən olunur (3, s. 65).

Respublikamızda qanunvericiliyin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə, beynəlxalq müqavilələrin tələblərinə uyğynlaşdırılması üçün məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir.Azərbaycan Respublikasının qanunvericiliyində beynəlxalq hüquq normalarının yeri, beynəlxalq hüquqla dövlətdaxili (milli) hüququn qarşılıqlı əlaqəsi Azərbaycan Respublikasının Konstitusiyasında dəqiq şəkildə tənzimlənir. Konstitusiyanın “Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar” adlanan 148-ci maddəsinin II hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir (1, s. 55). Bu müddəa Azərbaycan Respublikasının beynəlxalq müqavilələrin və ya beynəlxalq hüquq normalarının həyata keçirilməsində inkorporasiya yolunu seçdiyini göstərir. Beynəlxalq aktların hüquqi qüvvəsini təmzimləyən 151-ci maddədə qeyd edilir ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir (1, s. 57). Göründüyü kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr respublikanın hüquq sisteminə daxil olan normativ aktların iyerarxiyasında hüquqi qüvvəsinə görə Konstitusiyadan və referendum yolu ilə qəbul edilmiş aktlardan sonra üçüncü yerdə durur. Konstitusiyamızda insan hüquqları üzrə beynəlxalq standartlara münasibətdə beynəlxalq hüquqla milli hüququn nisbəti məsələsi uğurla həll edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin ikinci hissəsində birbaşa göstərilir ki, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları vəazadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir (1, s. 7).

Beləliklə, milli qanunvericiliyin təkmilləşdirilməsində beynəlxalq hüquq normalarının rolu və əhəmiyyəti ilə bağlı araşdırılan məsələlərin, habelə yuxarıda qeyd edilən bütün fikirlərin təhlili və ümumiləşdirilməsi əsasında aşağıdakı nəticələrə gəlmək olar:

1. Milli hüquq normaları ilə beynəlxalq hüquq normalarının qarşılıqlı təsiri beynəlxalq müqavilələr hazırlanarkən milli hüquq normaları və prinsiplərinin nəzərə alınmasında, habelə milli qanunvericiliyin qüvvəyə minmiş beynəlxalq müqavilələrə uyğunlaşdırılmasında özünü göstərir.

2. Beynəlxalq müqavilələrin implementasiyası beynəlxalq hüququn daxili qanunvericiliyə gətirilməsi prosesinin və üsullarının məcmusu olmaqla, səlahiyətli orqanlarının şəxsində dövlətin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərindən irəli gələn beynəlxalq hüquqi öhdəliklərinin həyata keçirilməsinə yönələn normayaradıcılığı və təşkilati-icra fəaliyyətində, habelə beynəlxalq hüquq normalarının birbaşa qanunvericilikdə əks olunmasında, yaxud daxili qanunvericilikdə beynəlxalq hüquq normalarına uyğun normaların müəyyən edilməsində təzahür edir. İmplementasiyanın əsas üç üsulu fərqləndirilir: inkorporasiya, istinad və resepsiya.

3. Müasir dövrdə milli qanunvericiliyin insan hüquqlarına dair beynəlxalq aktlara uyğunlaşdırılması üçün əsasən aşağıdakı üsullardan istifadə olunur:

– beynəlxalq normanın dövlətdaxili normativ hüquqi akta daxil edilməsi;

– ratifikasiya olunmuş beynəlxalq aktların bilavasitə tətbiq edilməsi.

İkinci üsul daha təsirlidir. Çünki, bu zaman dövlətin müvafiq beynəlxalq aktın tələblərinə riayət etmək öhdəliyi yaranır və bu öhdəliyin icrasına nəzarət mexanizmi mövcud olur. Bu isə insan hüquqlarının və azadlıqlarının daha səmərəli və hamılıqla qəbul olunmuş beynəlxalq standartlara uyğun təmin olunması üçün əlverişli zəmin yaradır. Konvensiyanın ratifikasiyası ilk növbədə dövlətin öz üzərinə götürdüyü beynəlxalq öhdəliyi yerinə yetirmək vəzifəsi ilə bağlı olur.

4. Hüquq o zaman inkişaf edir və səmərəli həyata keçirilir ki, onun tərkib elementləri, ilk növbədə hüquq normalarının özü daxilən harmonik, ziddiyyətsiz və uzlaşmış olsun. Hüquq normalarının ziddiyyətli olması hüquqi tənzimetmənin sistemliliyini pozmaqla onun səmərəliliyini azaldır. Dövlətdaxili hüquqda bütün hüquq normaları Konstitusiyaya uyğun olmalıdır. Belə uzlaşmış sistem olmadan hüququn funksiyalarının səmərəli yerinə yetirilməsi qeyri-mümkündür. Bu, normalarının bir hissəsi dövlətdaxili hüquqda tətbiq edilən beynəlxalq hüquqa da aiddir. Müasir dövrdə dövlətdaxili münasibətlərin səmərəli və uğurlu hüquqi tənzimi milli hüquq normalarının beynəlxalq hüquq normalarına uyğunluğundan xeyli dərəcədə asılıdır. Bu insan hüquq və azadlıqlarının ali dəyər, bütün insanları birləşdirən universal meyar kimi qəbul edilməsi, beynəlxalq hüququn tənzimləyici rolunun artması, beynəlxalq hüquq normalarının dövlətlər üçün standart, insan hüquqlarına münasibətdə ədalət ölçüsü kimi çıxış etməsi, habelə dünya miqyasında demokatikləşmə və qloballaşma prosesləri və s. bu kimi amillərlə bilavasitə bağlıdır.

5. Hazırda dövlətdaxili hüquq münasibətlərinin tənzimlənməsində beynəlxalq hüquq normalarının rolu və əhəmiyyəti getdikcə artır. Milli hüququn beynəlxalq hüquqa uyğunlaşdırılması qloballaşma şəraitində dövlətin beynəlxalq birliyə daha yaxından inteqrasiya etməsi, dövlətdaxili qanunvericiliyin təkmilləşdirilməsi və inkişafı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının daha dolğun və səmərəli şəkildə reallaşdırılması üçün vacib əhəmiyyət kəsb edir. Bu baxımdan dövlətdaxili qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması üzrə ayrıca milli institutun yaradılması məqsədəmüvafiq olardı. Həmin institut həm beynəlxalq müqavilələrin bağlanması (ratifikasiya olunması), həm də həmin müqavilələrdən irəli gələn öhdəliklərin icrası ilə bağlı müxtəlif dövlət orqanlarının fəaliyyətini əlaqələndirə, dövlətin beynəlxalq öhdəliklərinin vaxtında və lazımi şəkildə icrasına dövlətdaxili nəzarəti həyata keçirə, milli hüququn beynəlxalq hüquqa uyğunlaşdırılması üzrə təklif və tövsiyələr hazırlaya bilər.

6. Azərbaycan Respublikasının əmək və sosial təminat qanunvericiliyinin təhlili bu sahədə bir sıra müddəaların beynəlxalq müqavilələrin tələblərinə uyğunlaşdırılmasının zəruriliyini göstərir. Eyni zamanda, Azərbaycan Respublikasının insan hüquqları sahəsində bəzi beynəlxalq sənədlərə qoşulması Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli, 1938 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müvafiq (xüsusən də, 1.2-ci və 1.3-cü) bəndlərinin tələblərinə uyğun olmaqla respublikamızda insan hüquqlarının təminat səviyyəsinin daha da artmasına şərait yarada bilər. Ümumiyyətlə, bu sahədə aparılan araşdırmalar aşağıdakı nəticələrə gəlməyə imkan vermişdir:

1. Beynəlxalq sənədlərin təhlili göstərir ki, BƏT-in qəbul etdiyi sənədlərdə (konvensiyalarda, bəyannamələrdə (məsələn, 10 iyun 2008-ci il tarixdə Cenevrədə keçirilmiş Sessiada BƏT-in qəbul etdiyi “Ədalətli qloballaşma məqsədləri üçün sosial ədalət haqqında BƏT Bəyannaməsi”) və s.) öz əksini tapan əsas pinsiplərinə aşağıdakılar aiddir: birləşmək azadlığı və kollektiv danışıqlar aparmaq hüququnun tanınması; məcburi əməyin bütün formalarının qadağan edilməsi; uşaq əməyinin qadağan edilməsi; əmək və məşğulluq sahəsində ayrı-seçkiliyə yol verilməməsi.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Görndüyü kimi, Əmək Məcəlləsində BƏT-in yuxarıda göstərilən rəhbər prinsipləri öz əksini tapmamışdır. Ona görə də AR ƏM-nin 2-ci maddəsinin BƏT-in bu sahədə müvafiq normalarına uyğunlaşdırılması baxımından həmin maddənin bəhs olunan hissəsinin aşağıdakı redaksiyada verilməsi məqsədəmüvafiq olardı:

“Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində aşağıdakı rəhbər prinsiplərə əsaslanır:

hüquq bərabərliyinin təmin edilməsi;

ədalət və qanunun aliliyi yolu ilə maraqların müdafiəsi və təmin olunması;

birləşmək azadlığı;

kollektiv danışıqlar aparmaq hüququ;

məcburi əməyin bütün formalarının qadağan olunması;

uşaq əməyinin qadağan olunması;

əmək və məşğulluq sahəsində ayrı-seçkiliyin qadağan olunması;

maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatların təmin edilməsi məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə olunmasının təmin edilməsi”.

2. Azərbaycan Respublikası 11 may 2010-cu il tarixdə müvafiq qanunlarla Beynəlxalq Əmək Təşkilatının «Kişi və qadın işçilər-ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar» haqqında 1981-ci il iyunun 23-də Cenevrə şəhərində qəbul edilmiş 156 nömrəli Konvensiyasına və «Analığın mühafizəsi haqqında» 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında» 2000-ci il iyunun 15-də Cenevrə şəhərində qəbul edilmiş 183 nömrəli Konvensiyasına qoşulmasına baxmayaraq Azərbaycan Respublikasının əmək qanunvericiliyinin yuxarıda qeyd olunan Konvensiyaların tələblərinə uyğunlaşdırılması hələ də həyata keçirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının» 1.2.9-cu bəndi ilə aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilmişdir ki, Azərbaycan Respublikasının qoşulduğu yuxarıda qeyd olunan Konvensiyalarla əlaqədar əmək qanunvericiliyinin milliləşdirilməsi həyata keçirilsin. Ona görə də bu məqsədlə Azərbaycan Respublikasının qüvvədə olan Əmək Məcəlləsinin qeyd olunan Konvensiyaların tələblərinə uyğunlaşdırmaq üçün ona aşağıdakı əlavə və dəyişikliklərin edilməsi məqsədəmüvafiq olardı:

Azərbaycan Respublikası BƏT-in «Kişi və qadın işçilər–ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında» 156 №-li Konvensiyasına (1981-ci il) qoşulmasına baxmayaraq qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsində «Ailə vəzifələri olan işçi» terminindən istifadə olunmur və onun leqal anlayışı verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsindəki bu boşluğun aradan qaldırılması baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin «Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları» adlanan 3-cü maddəsinə aşağıdakı redaksiyada müvafiq hissənin əlavə edilməsi: «Ailə vəzifələri olan işçi – himayəsində olan uşaqlarla, eləcə də həkim məsləhət komissiyasının rəyinə əsasən qulluğa və köməyə həqiqətən ehtiyacı olan digər yaxın qohumu (atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları) ilə münasibətdə ailə vəzifələri olan kişi və qadın işçi», habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin X bölməsinin «Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatlar» adlanan 37-ci fəslinin adının dəyişdirilərək «Qadınların və ailə vəzifələri olan işçilərin əməyinin tənzimlənməsinin xüsusiyyətləri» kimi adlandırılması zəruridir.

3. Əmək qanunveiciliyində əməyin mühafizəsi şərtlərinin yaxşılaşdırılması üçün işəgötürənlərin iqtisadi cəhətdən stimullaşdırılması mexanizmi öz əksini tapmamışdır. 1989-cu ildə 89/391/EEC avropa çərçivə Direktivinin qəbul edilməsindən sonra bir çox Avropa dövlətlərində həyata keçirilən və peşə təhlükəsizliyi və sağlamlığa dair avropa standartlarını özündə əks etdirən iş yerlərində peşə risklərinin aşkar edilməsi, qiymətləndirilməsi və idarə edilməsi metodologiyasının Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər edilməklə tətbiqi, əmək şəraiti, iş yerlərində zədə təhlükəsi, habelə orada çalışan işçilərin sağlamlıq vəziyyəti arasında əlaqələrin müəyyən və təsbit olunması zəruridir. Bu, əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, həmçinin əməyin mühafizəsi sahəsində profilaktik tədbirlərin səmərəliliyinin artırılmasına və işləyən əhalinin sosial müdafiəsinin gücləndirilməsinə müsbət təsir göstərə bilər.

4. BƏT-in «Analığın mühafizəsi haqqında» 1952-ci il (yenidən baxılmış) yenidən baxılması haqqında 183 №-li Konvensiyasının (2000) (Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 1004 III Q nömrəli Qanunu ilə ratifikasiya olunmuşdur) 4-cü maddəsinin beşinci hissəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşaqədərki hissəsi doğuş gözlənilən vaxtdan uşağın faktiki doğulduğu tarixədək ötən günlər qədər uzadılır və bu halda doğuşdan sonrakı müddət məzuniyyətin heç bir hissəsi azaldılmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsini BƏT-in yenidən baxılmış «Analığın mühafizəsi haqqında» 1952-ci il Konvensiyasına yenidən baxılması haqqında 183 nömrəli Konvensiyasının (2000-ci il) tələblərinə uyğunlaşdırılması baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinə aşağıdakı redaksiyada 3-cü hissə əlavə edilə bilər: «Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşa qədərki hissəsinin müddəti doğuş gözlənilən vaxtdan uşağın faktiki doğulduğu vaxtadək ötən günlər qədər uzadılır və bu halda doğuşdan sonrakı məzuniyyətin heç bir hissəsi azaldılmır».

5. Uşaq hüquqlarına dair beynəlxalq normaların tələbləri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinə “Uşaq əməyinin qadağan olunması” adlı aşağıdakı məzmunda yeni maddənin əlavə edilməsi məqsədəmüvafiq olardı:

“1. Bu Məcəllədə nəzərdə tutulmuş hallar və şərtlər istisna olmaqla uşaq əməyinin tətbiqi qəti qadağandır.

2. Əməyə cəlb olunan an 18 yaşı tamam olmamış şəxslər uşaq hesab olunur.”

6. BƏT-in “İşə qəbul edilmənin minimum yaş həddi haqqında” 138 №-li Konvensiyasının (1973) 8-ci maddəsinə uyğun olaraq uşaqların bədii çıxışlarda iştirakına münasibətdə işə qəbul üçün minimal yaş həddi ilə bağlı qaydadan istisnaya yol verilə bilər. Lakin belə halda işçi və işəgötürənlərin təşkilatları ilə məsləhətləşdikdən sonra müvafiq dövlət orqanı tərəfindən verilən xüsusi icazənin olması zəruridir. Belə icazədə iş vaxtının müddəti azaldılır və işin yerinə yetirilməsi şərtləri öz əksini tapır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “İşə qəbul zamanı yol verilən yaş həddi” adlanan 249-cu maddəsində isə heç bir əlavə şərtlər və istisnalar nəzərdə tutulmadan bir cümlədən ibarət norma şəklində göstərilir ki,yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Göründüyü kimi bu maddə 138 №-li Konvensiyanın tələblərinə uyğun gəlmir. Çünki həmin maddədə istisnalar, uşaq əməyinin əsas şərtlərini əks etdirən müvafiq dövlət orqanının icazəsi ilə bağlı müddəlar təsbit edilməmişdir. Ona görə də hesab edirik ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 249-cu maddəsinin nəzərdən keçirilən Konvensiyanın 8-ci maddəsinin tələblərinə uyğunlaşdırılması, yəni həmin maddədə Konvensiyanın 8-ci maddəsində öz əksini tapan istisna ilə bağlı müvafiq normaların təsbit edilməsi fenomenal talanta, istedada malik olan vunderkind uşaqların potensialından səmərəli istifadə olunması baxımından zəruri əhəmiyyət əsb edir.

7. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 98-ci maddəsinin BƏT-in «Kişi və qadın işçilər-ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında» 156 nömrəli Konvensiyasının (1981-ci il) tələblərinə uyğunlaşdırılması və ailə vəzifələri olan işçilər üçün təminatların müəyyən edilməsi baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 98-ci maddəsinə aşağıdakı məzmunda hissənin əlavə edilməsi məqsədəmüvafiq olardı:«Əlil uşağı olan, qanunvericiliklə müəyyən olunmuş qaydada verilmiş tibbi rəy əsasında ailənin xəstə üzvünə qulluq edən beş yaşına qədər uşağı təkbaşına böyüdən işçilər (analar və ya atalar), bu yaşda olan uşaqları övladlığa götürənlər və ya onların qəyyumları gecə vaxtı görülən işlərə ancaq onların razılığı ilə cəlb edilirlər».

8.Sosial Hüquqlar üzrə Avropa Komitəsinin rəyinə görə əmək hüquqları sahəsində ayrı-seçkiliyə məruz qalmış şəxslərə təqdim olunan müdafiə vasitələri adekvat olmalı, onların müdafiəsini və hüquqlarının pozulması hallarının gələcəkdə təkrarlanmamasını təmin etməlidir. Ayrı-seçkiliyə məruz qalmış şəxsin işdən azad edilməsi ilə bağlı məcburi işə çıxmama halında həmin müddət üçün itirilmiş əmək haqqı ilə yanaşı vurulmuş mənəvi zərər də ödənilməlidir. Lakin məhkəmələrin müəyyən etdiyi mənəvi zərərin məbləği çox zaman Sosial Hüquqlar üzrə Avropa Komitəsinin tələblərinə uyğun gəlmir. Bu baxımdan ABŞ-da tətbiq olunan “Cərimə kompensasiyası” modelinin tətbiqi məqsədəmüvafiq olardı. Həmin model məhkəmə tərəfindən əmək hüquqlarının pozulması faktı aşkar edildikdə əmək hüquq pozuntularının müxtəlif növləri üçün bəlli məbləğlərdə müəyyən edilmiş kompensasiyanın ödənilməsini nəzərdə tutur. Məsələn, qanunsuz işdən azadetmə halında orta aylıq əmək haqqının 12 misli məbləğindən az olmayan əlavə cərimə kompensasiyasının alınması nəzərdə tutulur.

9. Məlum olduğu kimi BƏT-in bir çox rəhbər prinsipləri işəgötürənlərlə bağlı olmaqla onların üzərinə aşağıdakı vəzifələri qoyur: işçilərə könüllülük əsasında birləşmək, kollektiv danışıqlar aparmaq imkanının verilməsi; məcburi və uşaq əməyinin, habelə əmək və məşğulluq sahəsində ayrı-seçkiliyin bütün formalarının qadağan olunması. Bu baxımdan AR ƏM-nin “İşəgötürənin əsas vəzifələri və məsuliyyəti” adlana 12-ci maddəsinə aşağıdakı vəzifələri əks etdirən bəndlərin artırılması həmin sahədə milli və beynəlxalq hüquq normalarının uyğunluğunun təmin olunması baxımından əhəmiyyətli olardı:

– könüllülük prinsipi əsasında birləşmək azadlığına heç bir məhdudiyyət yaratmamaq;

– kollektiv danışıqlar aparmaq hüququnun həyata keçirilməsinə mane olmamaq;

– məcburi əməyin heç bir formasına yol verməmək;

– uşaq əməyinin tətbiqinə yol verməmək;

-əmək və məşğulluq sahəsində ayrı-seçkiliyə yol verməmək.

10. Konstitusiyamızın 12-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Əhalinin layiqli həyat səviyyəsinin təmin olunmasının vacib şərtlərindən və mühüm vasitələrindən biri kimi əksər vətəndaşların gəlirlərinin əsas hissəsini təşkil edən əmək haqqı çıxış edir. Bütövlükdə əmək haqqının məbləği isə minimum əmək haqqının məbləği ilə sıx surətdə bağlıdır. Bu baxımdan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsində təsbit edilən “minimum əmək haqqı” anlayışının (“Minimum əmək haqqı— iqtisadi, sosial şərait nəzərəalınmaqla qanunvericilikləixtisassız əməyəvəxidmətəgörəaylıq əmək haqqının ən aşağısəviyyəsini müəyyən edən sosial normativdir”) Beynəlxalq Əmək Təşkilatının “Minimum əmək haqqının müəyyən edilməsi haqqında” 131 nömrəli Konvensiyasında (1970) verilən tərifə uyğunlaşdırılması zəruri əhəmiyyət kəsb edir.Belə ki, həmin Konvensiyanın 3-cü maddəsinə görə minimum əmək haqqının səviyyəsi müəyyən edilərkən ölkədəki əmək haqqının, yaşayış minimumunun, sosial müavinətlərin ümumi səviyyəsi və digər sosial qrupların müqayisəli həyat səviyyəsi nəzərə alınmaqla əməkçilərin və onların ailələrinin tələbatları, habelə iqtisadi inkişafın tələbləri, məhsuldarlıq səviyyəsi və məşğulluğun arzu olunan yüksək səviyyəyə çatdırılması və saxlanılması da daxil olmaqla iqtisadi mülahizələr nəzərə alınmalıdır.Lakin bu meyarların bir çoxu qanunvericilikdə hələ də öz əksini tapmamışdır.

11. Respublikamızda uşaq hüquqlarının daha dolğun təmin olunması üçün Uşaq hüquqları Konvensiyasına 3-cü Əlavə Protokolun ratifikasiya edilməsi zəruri əhəmiyyət kəsb edir.

12. BƏT-in sosial təminat sahəsində əsas sənədlərindən biri respublikamızın hələ ratifikasiya etmədiyi “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasıdır (1952).Orada sosial təminatın 9 əsas növü: tibbi yardım, xəstəliyə görə müavinət, işsizliyə görə müavinət,qocalığa görə müavinət, əmək xəsarətləri və peşə xəstəlikləri zamanı nəzərdə tutulan müavinətlər, ailə müavinətləri, hamiləlik və doğuşa görə müavinətlər, əlilliyə görə müavinətlər, ailə başçısının itirilməsinə görə müavinətlər müəyyən edilir, habelə milli sosial təminat sisteminin qurulmasının, onun maliyyələşdirilməsinin ümumi prinsipləri, əsas sosial risklər, sosialtəminatın əsasları və şərtləri təsbit edilir. Azərbaycanın bu Konvensiyaya qoşulması ölkə vətəndaşlarının rifahının və layiqli həyat səviyyəsinin xeyli yüksəlməsinə, bütövlükdə sosial təminat sahəsində hüquqlarının daha dolğun təmin olunmasına şərait yarada bilər.

13.Beynəlxalq Əmək Təşkilatının “Əlilliyə, qocalığa və ailə başçısının itirilməsinə görə müavinətlər haqqında” 128 №-li Konvensiyasının 11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada üzvlük haqqı ödəməklə 15 illik stajı olan şəxslərə və ya muzdla işləyənlərə, yaxud həmin ölkədə yaşamaqla 10 illik staja malik olanlara əlilliyə görə pensiya təyin olunur. Sığorta haqqının ödənilməsi ilə əlaqədar minimum stajla bağlı müəyyən olunmuş məbləğdən az olmamaqla azaldılmış məbləğdə əlilliyə görə pensiya ödənilir. Sığorta haqqını 3 illik müddətə ödəmiş, əmək qabiliyyətli yaşda olduğu dövrdə müəyyən edilmiş illik və ya orta illik sığorta stajına malik olanlar da əlilliyə görə pensiya təminatında olan şəxslər dairəsinə daxil edilirlər. Qüvvədə olan pensiya qanunvericiliyinə görə isə 52 yaşına çatmış şəxslərə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün onlar 12 ildən artıq sığorta stajına malik olmalıdırlar. Halbuki yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin 12 il sığorta stajına malik olması yetərlidir. Eyni zamanda bu növ pensiyanın təyin edilməsi üçün şəxsin əlilliyinin səbəbi heç bir hüquqi əhəmiyyət kəsb etmir. Yəni pensiya təyinatı üçün müharibə əlilləri, hətta əmək zədəsi və peşə xəstəliyi nəticəsində əlil olan şəxslər də onların yaşından asılı olaraq sığorta stajına malik olmalıdırlar. Göründüyü kimi belə qayda BƏT-in 128 №-li Konvensiyasının normaları ilə ziddiyyət təşkil edir və qüvvədə olan qanunvericilikdə öz əksini tapan əlilliyə görə əmək pensiyasının təyin edilmə şərtləri ona hüquq qazanılmasını çətinləşdirir. Bu baxımdan sosial təminat qanunvericiliyində müddətindən asılı olmayaraq sığorta stajına malik olan şəxslərə əlillik müəyyən edildiyi hallarda əlilliyə görə əmək pensiyası təyin oluna bilməsi ilə bağlı normanın təsbit edilməsi məqsədəmüvafiq olardı.

14. Respublikamızda sosial-iqtisadi hüquqların təminat səviyyəsinin beynəlxalq tələblərə uyğun olaraq daha da artırılması baxımından «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın Fakültativ Protokolunun ratifikasiya edilməsi əhəmiyyətli olardı.

15. Avropa Şurasının “Qadınlara qarşı və məişət zorakılığının qarşısının alınması və onunla mübarizəyə dair” Konvensiyanın ratifikasiya edilməsi günümüzün aktuallıq kəsb edən vacib tələblərindən birini təşkil edir.

Ədəbiyyat

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Biznes xəbərləri, 2012

2. Hüseynov F.Ə. Beynəlxalq müqavilələrin milli məhkəmələr tərəfindən tətbiqi // Qanunçuluq, 2009, № 2, c. 47-52

3. Hüseynov L.H. Beynəlxalq hüquq. Dərslik. Bakı: Hüquq ədəbiyyatı, 2000

4. Абдулаев М.И. Согласование внутригосударственного права с международным (теоретические аспекты) // Правоведение,1993,№ 2, с. 45-53

5. Блищенко И.П. Действие международного договора на территорий СССР // Правоведение, 1968, № 6, с. 105-113

6. Буткевич В.Г. Советское право и международный договор. Киев: Вища школа, 1977

7. Буткевич В.Г. Соотношение внутригосударственного и международного права. Киев: Вища школа, 1981

8. Венская конвенция о праве международных договоров 1969 г. / Международное публичное право. Сборник документов. Т.1. М.: БЕК, 1996

9. Гавердовский А.С. Имплементация норм международного права. Киев: Вища школа, 1980

10. Дубровин В.Н. Конституции зарубежных стран. М.: Юрлитинформ, 2006

11. Зивс С.Л. Источники права. М.: Наука, 1981

12. Игнатенко Г.В. Взаимодействие внутригосударственного и международного права. Свердловск: УрГУ, 1981

13. Игнатенко Г.В. Советское законодательство и международные договоры: опыт, тенденции и проблемы взаимодействия // Правоведение, 1987, № 5, с. 70-76

14. Левин Д.Б. Актуальные проблемы теории международного права. М.: Наука, 1974

15. Лукашук И.И. Международное право. Общая часть. М.: БЕК, 1996

16. Лукашук И.И. Нормы международного права в правовой системе России. М.: Спарк, 1997

17. Маклаков В.В. Конституции зарубежных государств. Учебное пособие. М.: БЕК, 1999

18. Международное воздушное право. Кн. 1 / Отв. ред. А.Л.Мовчан. М.: Наука, 1980

19. Мингазов Л.С. Эффективность норм международного права. Казань: Издательство Казанского Университета, 1990

20. Миронов Н.В. Правовые формы социалистической интеграции. М.: Международная отношения, 1977

21. Мюллерсон Р.А. Соотношение международного и национального права. М.: Международная отношения, 1982

22. Тункин Г.И. Основы современного международного права. М.:Издательство «ВПШ», 1956

23. Усенко Е.Т. Теоретические проблемы соотношения международного и внутригосударственного права // Советский ежегодник международного права. М.: Наука, 1979, с. 57-90

24. Усенко Е.Т. Формы регулирования социалистического международного разделения труда. М.: Международная отношения, 1965

25. Черниченко С.В. Вопрос о соотношении международного и внутригосударственного права как правовых систем (размышления по поводу некоторых книг коллег) // Правоведение, 2009, № 1, с. 6-35

Milli və beynəlxalq hüquq

“Beynəlxalq hüquq tarixinin ədalətli zəfəri”

Beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərindən fərqlı olan və onlardan asılı olmayaraq mövcud olan hüquqi normalar sistemidir. Beynəlxalq hüquq məhz dövlətlər arasındakı müxtəlif xarakterli münasibətləri hüquqi çərçivəyə salmaq üçün yaranmışdır.

Beynəlxalq hüquq normaları dövlətlərarası münasibətlər sisteminin, demək olar ki, hər bir aspektini əhatə edir. Beynəlxalq hüquq dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında yaranan münasibətləri nizama salır. Son 30 il ərzində beynəlxalq hüquq normalarının icrasını tətbiq etməyə vəzifəli olan subyektləri – beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı Ermənistanın Azərbaycana qarşı oan təcavüzkar, işğalçı siyasətini pisləyən qərar və qətnamələri oldu. Ancaq təssüf ki, bu qərar və qətnamələrin heç biri icra olunmadı, kağız üzərundə qaldı, əksinə işğal olunmuş ərazilərdə Ermənistan qanunsuz əməllər – narkoticarət, erməni vandalizmi həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev rəşadətli ordusu və milli həmrəylik siyasəti ilə beynəlxalq hüququn kağız üzərində olan ədalətini təmin etdi. Düz bir il bundan əvvəl uğurlu Silahlı qüvvələrimizin əks-həmlə əməliyyatı ilə Azərbaycanın suverenliyinə qəsd edən, ölkəmizə və xalqımıza qarşı silahlı qüvvələrdən istifadə edərək sərhədlərimizi pozan, ərazi bütövlüyümüzü tanımadığını dəfələrlə beynəlxalq əhəmiyyətli tədbirlərdə nümayiş etdirərək təcavüzkar əməlləri ilə bunu təsdiqləyən, bir milyona qədər qaçqın və məcburi köçkünün hüquqlarını tapdalayan, millətlərin bərabərliyi anlayışına hörmət etməyən, azərbaycanlıları, eyni zamanda bütün türkləri düşmən kimi qəbul etdiyini əməlləri ilə sübuta yetirən, erməni xalqının bir dəfə öz müqəddəratını təyin edərək dövlət yaratdığını bilə-bilə ikinci dəfə bu xalqın öz müqəddəratını təyin etməsini bəhanə gətirərək xalqımıza qarşı görünməmiş vəhşiliklərə rəvac verən, beynəlxalq hüquqa dair heç bir öhdəliyi yerinə yetirməyən beləliklə, beynəlxalq hüquq normalarını tapdalayan, Birləmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 və BMT Baş Assambleyasının 48/11, 60/285, 62/243, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 1059,1119, 1416, 1553, 2085 o cümlədən, Avropa Parlamentinin (AP) 2216, 2315 saylı qətnamələrinin və digər qərarlarını görməməzdikdən gələn Ermənistana dövlət başçımız hərb və diplomatiya dərsi keçərək, Azərbaycanın ərazi bütövlüyünun təmin etməklə həm də beynəlxalq hüququn – beynəxalq təşkilatların qərarlarını təkbaşına icra etdi. Məhz Azərbaycan Ordusunun şücaəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəlik məharəti ilə torpaqlarımız qısa müddətdə – 44 gündə minimum itkilərlə düşmən işğalından azad edilməsi xalqımızda böyük sevinc və qürur hissi yaşatdı.

Bu gün xalqımız 27 sentyabrı bütün şəhidlərimizin Anım Günü kim ehtiramla yad edir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezidentimiz cənab İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişikliklər Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsidir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.

Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Hərbi quruculuq işi dövlət siyasətimizin strateji prioritetlərindəndir. Artıq Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Zaur Adıgözəlov,

fəlsəfə doktoru, hüquqşünas

BƏƏ milli və beynəlxalq səviyyədə qadın hüquq və imkanlarının genişləndirilməsi baxımından bölgədə aparıcı modeldir – Səfir Mohamed Alqubaisi

Qadınların hüquq və imkanlarının genişləndirilməsi perspektivlərinə Birləşmiş Ərəb Əmirliklərinin yanaşması dünyada təqlid olunacaq unikal bir modeldir. BƏƏ qadınları inkişaf prosesində olduğu kimi, gələcək nəslin tərbiyəsi prosesində də önəmli rol oynayır və dövlətin gələcək inkişafına rəvac verən planlarında xüsusi pay sahibidirlər. Qadınların hüquq və imkanlarının genişləndirilməsinin bu qabaqcıl modeli mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın bu prosesə yanaşmasına və ölkənin tərəqqisində və gələcək nəslin yetişməsində mühim rol oynayan qadınlara müdrik idarəçiliyin etimad edilməsinə əsaslanır.

BƏƏ konstitusiyası kişi ilə qadının bərabər hüquqa malik olduqlarını bəyan edir. Qadınlar və kişilərin bərabər hüquqlara malik olması, qadınların qazandığı uğurlar, təhsil, savadsızlığın ləğvi və qadınların məşğulluq sektorunda payı və qadınla ehtiramla davranma kimi göstəricilər üzrə BƏƏ regional və beynəlxalq sahələrdə lider mövqeyində qərarlaşıb.

Birləşmiş Ərəb Əmirlikləri qadınların qərar qəbuletmə prosesində iştirakını dəstəkləyir, çünki bu ölkənin iqtisadi gücləndirilməsinin əsas amilidir. Ölkənin Nazirlər Kabineti 2014-cü il 9 dekabr tarixində bütün dövlət qurumları və orqanlarının idarə heyətlərinə qadınların daxil edilməsini zəruri hesab edən bir qərar qəbul edib. BƏƏ-də hökumət müəssisələrində qadınların təmsil edilməsi 15% təşkil edir. Federal Milli Şuranın qadın üzvlərin sayı 9-a çatıb ki, bu da ümumi sayı 40-a çatan bütün üzvlərin 22,5%-ni təşkil edir. 2016-cı ildə yeni formalaşan nazirliklərin əməkdaşlarının isə 27%-ni qadınlar təşkil edir.

Qadınlar məhkəmə orqanlarında da fəaliyyət göstərirlər. Onlar polis sıralarına da daxil olmuş və hərbi korpuslarda çalışmağa başlamışlar. Diplomatiya sahəsində də qadınların rolu danılmazdır. Hazırda Beynəlxalq Əməkdaşlıq Nazirliyinin diplomatik korpusunda çalışan əməkdaşların 30%-ni məhz qadınlar təşkil edir.

Bynəlxalq səviyyədə qadınların hüquq və imkanlarının genişləndirilməsi sahəsində BƏƏ-nin verdiyi töhfələr və əldə etdiyi nailiyyətləri danılmazdır.

Bu vacib məsələni dəstəkləmək üçün xarici yardım layihələri həyata keçirilir. Onlar qadınların peşə hazırlığının təkmilləşdirilməsi, aşağı və orta gəlirli ölkələrdə qadın sahibkarlara dəstək sahələrini əhatə edir.

Qadın və uşaqlar üçün səhiyyə sektorunda 100-dən çox layihənin dəstəklənməsindən əlavə, BƏƏ Əfqanıstanda zəfəran sənayesinə dəstək nümayiş etdirib. Nəticədə zəfəran istehsalı ilə məşğul olan qadınların 80 faizini indi məhz qadınlar təşkil edir. Şri-Lankada qadınların hüquq və imkanlarının genişləndirilməsi üçün də maliyyə dəstəyi göstərən BƏƏ ümumən öz üzərinə qadınlara və gənc qızlara sahibkarlıq sahəsində dəstək verilməsi öhdəliyini götürüb. Hökumət Beynəlxalq Bankın qadın liderlərin maliyyələşdirilməsi təşəbbüsünə böyük töhfə verərək bu sahəyə 50 milyon dollar ayırb. Ümumilikdə bu təşəbbüs çərçivəsində sahibkarlar üçün 1 milyard dollardan çox maliyyə vəsaiti səfərbər edilib. “1000 lider” təşəbbüsü çərçivəsində dövlət qadınlar üçün yeni perspektivlər yaradacaq və onların istedadlarını tam parlaqlığı ilə üzə çıxaracaq. Bir sözlə, onlar gələcəkdə liderlərə çevirəcəklər ki, bu da keçmişin stereotiplərinin məhvi anlamına gəlir.

Qadınlar BƏƏ-də bu gün deyil, gələcəkdə də böyük rol oynayacaqlar. Dövlət müasir və tolerant bir cəmiyyətin qurulması üçün qadın hüquqları sahəsində irəliləyişlərin vacib olduğunu düşünür. Yeni faydaları, bilik və təcrübəsi ilə BƏƏ dünyanın digər yerlərində də qadınların eyni qiymətləndirilməsi və daxili imkanlara malik olmasını təmin etmək üçün səylə çalışmağa davam edəcəkdir.

Milli.Az
Mohamed Alqubaisi

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.