Mirzə bala məmmədzadə ermənilər və i ran
Bu torpaqlar, tarix boyu bilinən və ya bilinməyən qəhrəmanların çiynində dövlət olmuşdur. Bu torpaqlara əsrlər boyu min fitnə, min şər toxumları əkilsədə, hər zaman son nəfəsində “Can Azərbaycan” diyəcək oğullar yetişdirmişdir. Bu gün bu torpaqların üstündə azad gəzə biliriksə, bu torpaqlar üçün səssizcə can verib, altında yatanların sayəsindədir. Kimiləri azadlığımızın, hürlüyümüzün, böyüklüyümüzün toxumlarını əkənlər, kimiləri bu toxumu cücərdib, filizləndirib, gələcək nəsillərə ərmağan edənlərdir. Kimilərinin adları bu gün dillər əzbəri, kimilərinin isə heç bir məzarıda mövcud deyil. Bu cür qəhrəmanlardan biridir Mirzə Bala Məmmədzadə.
Xankəndi
1920-ci ilin aprelin 27-də Bakıya daxil olan bolşevik ordusunun ilk hücum hədəfləri dövlətin idarə olunduğu qurumlar idi. Azərbaycan Cümhuriyyətinin Parlamenti də bolşeviklərin silahlı basqınlarına tuş gəlmişdi.
Azvision.az xəbər verir ki, bunu AzərTAc-a Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, sosiologiya elmləri doktoru Əfqan Vəliyev deyib. O qeyd edib ki, 1920-ci il aprelin 27-də bolşevik əsgərləri parlament binasına girərək üç rəngli bayrağımızı asıldığı yerdən endirib yırtmağa çalışıblar. Bu zaman parlamentdə stenoqraf vəzifəsində işləyən Mirzə Bala Məmmədzadə bolşeviklərə mane olaraq bayrağı onların əlindən alıb.
Bayrağımız üzərindəki qan ləkəsi həmin hadisələrin faciəviliyini sübut edən izlərdəndir. Azərbaycan Xalq Cümhuriyyəti dövrünü araşdıran Əfqan Vəliyev bildirib ki, bolşevik işğalı nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti nümayəndələrinin əksəriyyəti Türkiyəyə mühacirət edib. İctimai xadim Mirzə Bala Məmmədzadə də onlardan biri idi. O, 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağını da özü ilə qardaş ölkəyə aparıb. Bayraq onunla birlikdə İran, Polşa, Almaniyada da olub. Mirzə Bala Məmmədzadə ömrünün axırlarına yaxın yenidən Türkiyəyə qayıdıb. Həmin vaxtlarda o, bayrağı şəxsi köməkçisi Eldəniz Kurtulana verib.
Əfqan Vəliyev 1992-ci ildə Türkiyədə Azərbaycan Cümhuriyyəti ilə bağlı tədqiqat işi apardığı zaman Eldəniz Kurtulanla tanış olub. Mirzə Bala Məmmədzadənin yaxın dostu 1918-ci ildə parlamentdə asılan həmin bayrağı ona verib. Tədqiqatçı qeyd edib ki, 1918-ci ildə bayrağı gizlədən Mirzə Bala Məmmədzadə Bakı qoçularının köməkliyi ilə İranın Sulduz şəhərinə gedib. Çox keçmir ki, bolşeviklər onun harada gizləndiyini öyrənirlər. İranda yaşayan Şirvanşahlar nəslinin davamçıları mühacir stenoqrafçını qorumaq üçün bolşevik agentlərinə yüksək məbləğdə rüşvət verərək onun Türkiyəyə getməsinə kömək edirlər.
Mirzə Bala Məmmədzadə dünyasını dəyişəndə günümüzə kimi qorunub saxlanılan bayrağı yenidən Azərbaycana qaytarılmasını vəsiyyət etmişdi və onun bu arzusu 90 ildən sonra yerinə yetdi. Əfqan Vəliyev 97 ildən sonra 3 rəngli bayrağımızı Azərbaycan dövlətinə təqdim edib. Bayraq hazırda Dövlət bayraq muzeyində qorunub saxlanılır və indi hər kəs bu tarixi gözləri ilə görə bilir.
Mirzə bala məmmədzadə ermənilər və i ran
Çağırır indi bütün milləti imdada Vətən, Dəyişilməz ey oğul, cənnətə dünyada Vətən.
B.Vahabzadə
You are here
İstiqlal Mücahidi Mirzə Bala Məmmədzadənin “Azərbaycan tarixində Türk Albanya” əsəri
Mirzə Bala Məmmədzadənin ən dəyərli elmi əsərlərindən biri də 1951-ci ildə Ankarada nəşr olunan “Azərbaycan tarixində Türk Albanya” adlı əsəridir. “Giriş” və dörd bölmədən ibarət bu əsərində müəllif Albaniyaya dair özünəqədərki tədqiqat əsərlərini incələyərək qısa, lakin sanballı bir əsər meydana gətirmişdir.
Əsərinin “Giriş”ində müəllif qədim yunan, latın, suryani, erməni və Klassik İslam müəlliflərinin əsərlərinə, arxeoloji qazıntılar nəticəsində o dövrdə əldə edilən elmi məlumatlara əsaslanaraq göstərir ki, Albaniya bir türk məmləkəti olmuş və bu məmləkətdə yaşayanlar “Turani bir qövm” olmuşdur. Klassik müəlliflərin Turani bir qövm olaraq təsvir etdikləri bu məmləkətin xalqı haqqında başqa bir hökm vermək qeyri-mümkündür. Belə bir hökm Albaniyanın guneyə doğru davamı və yaylasını təşkil edən Atropatenaya (Azərbaycana- müəllif) və ya ümumiyyətlə, Midya haqqında da verilmiş, Medya üçün də “Turan Medyası” deyilmişdir.
Alban xalqından bəhs edərkən müəllif Strabona əsaslanaraq qeyd edir ki, gözəllikləri, boyları, dürüstlükləri, doğruluqları ilə tanınan Albanlar at minməkdə, ox atmaqda, qılınc işlətməkdə məharət sahibi idilər. Yaxşı cins atlar yetişdirirdilər. Köçəri olmaqla bərabər, əkinçiliklə də məşğul olurdular. Albanlar Günəşə və Aya tapınırdılar( Seçmələr bizimdir- A.M. bax : Mirzə Bala, Azərbaycan tarihində Türk Albaniya, Ankara, Yeni Cezaevi Matbaasi, 1951, səh. 3)
Mirzə Bala Heredota, Çin mənbələrinə, Deqiuqnesə və digər mənbələrə əsaslanaraq Massaget Türkləri, Saka Türkləri, Hun Türkləri və Göy Türklərlə Alban Türkləri arasındakı oxşarlıqları şərh etdikdən sonra göstərir ki, Xristianlığın zühurundan və ondan daha öncədən başlayıb altı yüz il sürən Turani Arsakalıların( Arsakların) hakimiyyəti dövründəki müştərək bir həyatın təsiri altında Alban Türkləri ilə erməni və digər xalqlar arasında bir çox müştərək mədəni müəssisələr meydana gəlmişdi. Albaniyadan ən çox bəhs etmiş olan erməni mənbələrində Albanya “Arqvanya, Aqvank və Aquank” yunan və latın mənbələrində isə “Albanya” kimi göstərilmişdir. Qədim erməni müəllifləri yabancı xüsusi isimlərdə “l” hərfinin “q” ilə ifadə edildiyini açıq şəkildə göstərmişlər. Erməni müəllifləri “Aqu”nu “lətif və dadlı” mənasında “Ank” və “Vank” ədatlarını da “məmləkət və diyar” mənasında şərh etməyə çalışmışlar. Albaniyalı müəlliflərdən Kaqankatvatsinin “Aqvanlar tarixi” adlı əsərinə 1860-cı ildə bir müqqədimə yazan Şahnəzəryan ermənicə, yunanca, latınca, keltcə və almanca “Aq, Alb, Albus və Alp” kimi “dağlıq və ağlıq(bəyazlıq)” mənasına gələn sözləri qarşılaşdıraraq Albanların “açıq rəngli saça və gözlərə” malik olduqları və yaxud dağlıq bir yerdə sürü bəsləməklə məşğul olduqları üçün belə ad almış olduqları nəticəsinə varmışlar. Müəllif qeyd edir ki, əslində bu nəzəriyyə orijinal olmayıb çox qədim zamanlara aiddir. Belə ki, vaxtilə Plinius və Hellnus göstərmişdilər ki, təbiət bura əhalisinin gəncliklərinin ilk çağlarında acıq rəngdə saçlarla boyadığı üçün Albanya öz adını “Ab Ablus Cabillis”-dən almışdır.
Mirzə Bala daha sonra göstərir ki, bu fərziyyə və nəzəriyyələr arasında Azərbaycan və Ermənistanda səyahət etmiş olan Euqene Boreyə aid orijinal olan bu nəzəriyyə də vardır. Bu cəsarətli nəzəriyyəyə görə, “Albanya” sözü türkcədən latıncaya tərcümə edilmiş bir kəlimədir. 1848-ci ildə irəli sürülən bu nəzəriyyəyə görə, Albaniyanın mərkəzində axan “Ağsu” çayı Romalılar tərəfindən “Fluvius Albus” və yaxud “Aqua Alba” olaraq latıncaya çevrilmiş və məmləkətə bu ad verilmişdir. Vaxtilə “Albanus” adını daşıdığı təxmin edilən bu çayın Türkcədən Latıncaya tərcümə edilmiş olması iddiası mühüm bir iddiadır. Lakin bu iddia həqiqətin tamamilə ifadəsi sayıla bilməz. Biz(Mirzə Bala özünü nəzərdə tutur-A.M) “Albanya” adının mənşəyini araşdırdığımız zaman “dağlıq, yüksəklik, bəyazlıq, parlaqlıq, qəhrəmanlıq, hurriyyət və hakimiyyət” kimi bir çox mənaları da içinə alan xalis Türkcə bir kəlimə olduğunu və bütün digər bənzər kəlimələrin də (“sönməz odlar ölkəsi”, “od yeri, od yurdu”, “lətif” və “dadlı”, “dağ” və s.) bundan nəşət eyləmişdi. Buna baxmayaraq Azərbaycandakı Albanyaya (Bəllidir ki, Albanya həm də Balkanlardakı Arnavutun və Britaniya adalarındakı Şotlandiyanın qədim adıdır-Mirzə Bala, göstərilən əsəri, səh.6) “Türk Albanya” dediyimizin səbəbi yalnız bu deyildir. Albanyanın etnik təşəkkülü, təkamülü və tarixi müqəddəratını tədqiq etdiyimiz zaman bu məmləkətin Türklərə məxsus olduğunu tamamilə anlaşılacaqdır- deyən Mirzə Bala sonrakı bölmələrdə Albanyanın coğrafi durumunu, etnik təşəkkülünü, tarixini və “Albanya” adının mənşəyini elmi dəlillərlə sübut etmişdir.( seçmələr bizimdir-A.M.Bax: Mirzə Bala, göstərilən əsəri, səh.3-32)
Əsərinin “Albaniyanın coğrafi durumu” adlı birinci bölümündə Mirzə Bala Abbasqulu Ağa Bakıxanovun “ Gülüstani-İrəm” adlı əsərinə, Ptolomeyin və Xorenatsinin “Coğrafiya”larına, Plinus və VII əsr Alban tarixçisi Moyses Kaqankatvasinin əsərlərinə əsaslanaraq Albaniyanın coğrafi sərhədləri, Albaniyanın tərkibində olan prensliklər və Albaniyanın təbii sərvətləri haqqında məlumat vermiş və göstərmişdir ki, V əsrdə Hun Türklərinin dünyaya yayıldığı və Albanyaya bir neçə dəfə səfər etdikləri, Ermənistanda hakimiyyətdə olan Arsakli Türk sülaləsinin süquta uğradığı dövrdə Albanlar Kür ilə Araz çayları arasındakı əraziləri içinə alan Arana yerləşmiş, VI-VII əsrlərdə şimaldan gələn digər Türk axınlarının basqıları nəticəsində isə Dərbənd ətrafındakı Albanya paytaxtı da o zamankı adı “Partav” olan Bərdəyə köçmüş və Bərdə Albanya dövlətinin yeni “Böyük Mərkəzi” halına gəlmişdi( Seçmələr bizimdir-A.M. Bax: Mirzə Bala, göstərilən əsəri, səh.8-11)
“Albanyanın etnik təşəkülü” adlı ikinci bölümdə müəllif göstərir ki, Albanların Araz ilə Kür arasına çəkilməsi Dərbənd keçidi ilə güneyə axın edən Hun, Bulqa, Sabir, Xəzər və s. Türklərin basqısı altında baş vermişdi. Və hələ VII əsrin əvvəlində Albaniya tamamilə xəzərləşmişdi ki, həmin əsrin ortalarında ərəblər Azərbaycanı istila etdikləri zaman bütün Qafqaz ilə bərabər Albanyaya da “Xəzər məmləkəti” adını vermişlərdi. X əsrdə Azərbaycanda bulunmuş Müqqəddəsi Araz, Savalan və Ərdəbil bölgəsində müxtəlif dillərdə danışıldığını İbn Havkal bu dillərin nə azəri farscasına və nə də xalis farscaya bənzədiyini, Asəmülkufi isə Ərdəbilin şimalında Ars və Baykalın bölgələrində Xəzər Türkcəsinin yayqın olduğunu, hətta fars əslindən olanların belə təmiz Xəzər Türkcəsində danışdıqlarını açıq şəkildə qeyd edirlər.
VII əsrdə yaşamış olan Alban katolikosu Viro tərəfindən qeyd edilən Xəzər orduları baş komandan Cebu Xaqanın oğlu Şadın şərəfinə 6 şəhər inşa etdiyini və XIII əsrdə Gəncəli Kirakosun bu şəhərlərin Şatar, Şaki, Şirvan, Şamaxı, Şabran və Şamxordan ibarət olduğunu qəbul etməyən Mirzə Bala göstərir ki, bu şəhərlərin bəziləri Alban katolikosu Virodan çox daha öncə mövcüd olduğu üçün bu
məlumatlar bu şəhərlərin inşasından daha çox onların abadlaşdırılması mənasında qəbul edilməlidir. Həmçinin bu məlumatlarda Xəzərlərin bu bölgədə VII əsrdə artıq yerləşdikləri və Şirvanın Xəzərlərə aid bir Türk şəhəri olaraq göstərilməsi xüsusi əhəmiyyətə malikdir. Zira, “Şirvan dövlətinin” öz adını “ Şirvan” şəhərindən aldığı haqqında dəlillər vardır. Lakin bəzi fars tədqiqatçılarının “Şirvan”ı farsca “Şir” sözünə və ya Firdovsiyə dayanaraq “Ənuşirəvana” bağlamaları heç bir ciddi elmi əsasa dayanmır. Bir qövm adı olaraq “Şirvan” təbirinə Ənuşirəvandan əsrlərcə əvvəl rast gəlirik. Belə ki, əsərini III əsr süryani müəllifi Mar-Aras-Katinanın əsərlərindən tərcümə etmiş olduğu isbat edilmiş olan V əsr müəllifi Xoranatsi hökmdarlarına “xaqan” deyən və bugünki Şimali Qafqaz ilə Şərqi Avropanın Don-Aral bölgələrini də içinə alan “Asya Sarmatyası” əhalisindən bəhs edərkən bu əhalini təşkil edən Hun, Xəzər, Barslı və Masaget Türkləri ilə bir arada 44-cü millət olaraq “Şirvanlar”dan bəhs etmişdir. Sasani hökmdarı I Xosrovun ləqəbinin ərəbcə şəkli olan “Ənuşirvan” isə X əsrdə Firdovsi tərəfindən uydurulmuşdur. Bu ləqəbin Sasanilər dövründəki əsil şəkli pəhləvicə “Enoşek” və “Ruan” kəlimələrinin birləşməsindən ibarətdir. Firdovsi bu “Enoşek-Ruan”ı “Nuşirəvan” şəklinə salmışdır.
Nə olursa olsun “Ənuşirəvan”ın mənşəyini təşkil edən “Enuşek-Ruan” təbiri hələ mövcud olmadan və bu ləqəbi işlədən Sasani hökmdarlarından əsrlərcə əvvəl qaynaqların “Şervan” şəklində qeyd etdiyi “Şirvan” mövcud bulunurdu. Bu “Şirvan” ilə bu günkü Bakı və Quba arasındakı “Şabran” şəhəri arasında bir əlaqə arayanları haqlı bulmamaq imkansızdır. Qədim qaynaqların Türk xaqanı Əfrasiyabın paytaxtı olaraq zikr etdikləri bu “Saberan” ilə Alban katolikosu Vironun Xəzər şahzadəsi “Şat” üçün yapdırılan bir şəhər kimi göstərdiyi “Şaporan” arasındakı münasibət isə gözə batacaq dərəcədə açıqdır. (Seçmələr bizimdir-R.Ə.Bax: Mirzə Bala, göstərilən əsəri, səh.12-14)
Mirzə Bala tarixi mənbələrə əsaslanaraq bu əsərində belə bir elmi fikir irəli sürür ki, Sakaların miladdan öncə V əsrdə yapdıqları axılar əsnasında bu əraziyə gələn Barslı Türkləri bu günkü Borçalı Türklərinin əcdadlarıdır. Onların yaşadıqları Albaniyanın Qərb ucundakı ərazi Strabonun “Kambizenə”, Xorenatsinin isə Albaniyanın üçüncü əyaləti olaraq göstərdiyi “Kambeca”nın qərbə dogru davamını təşkil edirdi. Kaqankatvatsi tərəfindən “Kapiçan” olaraq şərh edilən “Kambizenə-Kambeçan” isə savaş geyimləri- zireh yapan mənasında türkcə “Köbəçi” demədir. Və bu gün eyni məsləkdə davam edən “Kubacıların” bu Türklərin nəvələri olduqları qəbul edilməkdədir. (Bax: Mirzə Bala, göstərilən əsəri, səh.15)
Tarixi mənbələrə əsaslanaraq Mirzə Bala göstərir ki, Albaniyanın dördüncü əyaləti olan Şəkidən ibarət bu Şəki prensliyinin səkkiz vilayətindən birini təşkil edən və “Sakalar yurdu” mənasına gələn “Şəki” “Sakaşenin” qısaldılmış bir çəkli idi. Bu Saka-İskit adlarına Albaniyanın digər yerlərindədə sıx-sıx rastlanmaqdadır. Mənası qədim erməni, süryani, qədim və yeni farsca, yunanca və latınca izah edilməyən “Si” qövmi də bu cümlədən idi. Bu ad böyük və kiçik Siuni (Sisakan) prensliklərinin başında gəlir və şəkilçiləri ilə birlikdə “Si millətinin məmləkəti” mənasını vücuda gətirirdi. Farslar bu məmləkətlərə “Sisakan” deyirdilər. Bu kəlmə Plinusda “Sasani” şəklində qeyd edilir. Burada ayrıca “Sisakan” şəhəri və “Sakalar qayası” mənasına gələn “Şisakar” mahalı da bulunurdu. Erməni müəlliflərinin kimliyini təyin edə bilmədikləri “Si” qövmünü məşhur tədqiqatçı Aristov özünün “Türk qövmlərinin etnik tərkibi” adlı əsərində bu “Si”lərin Saka Türklərindən ibarət olduğunu açıq şəkildə göstərmişdir. Çin mənbələrinin “Si,Su, Şe, Şu və Çu” şəklində zikr etdikləri bu Saka Türkləri vaxtilə Tanrı dağlarının ətrafında yaşarlardı. Bunların birər qol halında buradan Hindistana, İrana, Azərbaycana və Avropaya yayıldıqları məlumdur. Şərqi İran yaylası üzərində “Şi-Stan” dövlətini qurmuş olan bu Türklərin bir qolu olan Hunlar, Göy Türklər və Moğollar zamanında olduğu kimi Şərqi Avropanı istila etdilər. Yunan müəllifləri və daha başqa bir çox qövmləri ehtiva edən “Skit” (İskit ) camiasının ən qüdrətli zümrəsi bilirdilər. Bunula bərabər “Saka” adı isə Orta Asiyada hakim milləti və onların Ön Asiyaya, indiki Azərbaycana keçən qismini qəsd etməkdə idilər. Doğu Avropada olanlarını isə sadəcə “Skit” adlandırırdılar. Sakalar Şərqi Avropaya gələrkən ŞimaliQafqazda yaşayan Kimmeriləri Qafqazın cənubuna, yəni o zamankı Albanyaya, oradan da Kiçik Asyaya doğru sürükləmişdilər. Yunan müəlliflərinə görə Skitlər Türk qövmü kimi qımız içər, südü qurudaraq “qurut” yapardılar. Əqidələri Samani idi. Düşmənlərinə qarşı mərdcəsinə savaşar, mal-mülk toplamaqdan qaçınar, daxilən sakit, səmimi, sadə insanlar kimi tanınardılar. Heredotun bəhs etmiş olduğu “Hökmdar İskitlər” Türklərdən başqa qövmləri də içinə aldığı anlaşılan bu camiada hakimiyyəti əllərində tutan bu Barslı Türklər olduğu anlaşılmaqdadır. Miladdan öncə VII əsrin ortalarında bu Sakaların Qafqaz dağ silsiləsini təqibən Dərbənd boğazına yaxınlaşdıqları və Albanya ərazisi üzərindən Midyaya yayıldıqları məlumdur. Son zamanlarda (Müəllif 1940-cı illəri nəzərdə tutur-R.Ə.) Şimali Azərbaycanda aparılan arxeoloji araşdırmalar nəticəsində əldə edilən əsərlər bu Sakaların tamamilə bu ərazilərdən çəkilmiş olmayıb Albanya daxilində böyük kütlələr halında yerləşmiş olduqlarını göstərir. Məhz “Si, Sisakan, Sakasan, Ski” və sairə coğrafi adlar bu yerləşmənin bir əsəri idi. (Seçmələr bizimdir-R.Ə. Mirzə Bala, göstərilən əsəri, səh.15-17)
Mirzə Bala məşhur tətqiqatçı alim Zəki Vəlidi Toğana əsaslanaraq göstərir ki, Sakalar miladdan öncə 665-ci ildə Aşşur kitabələrində adı “Qoqu” və ya “Qoq” şəklində keçən hökmdarların komandası altında Kür çayını keçərək Gəncənin qərbində “Qoqaren” dedikləri, şərqində isə “Sakasen” adını verdikləri yerlərdə yerləşmişdilər. “Sakasen” adı “Saka” kəliməsinin “şəhər və türbə” mənasına gələn türkcə “sin” sözü ilə birləşdirilməsindən ibarət olub aşağı İdildəki “Saksın” şəhərinin adı ilə eynidir. Uzaq Şərqdə “Xatun-Sin” və Monqolustandakı “Balqasın” da bu cümlədəndir. (Seçmələr bizimdir –A.M. Bax: Mirzə Bala, göstərilən əsəri, səh.17-18).
Herodotun, Strabonun və digər yunan müəlliflərinin əsərlərinə əsaslanaraq Kür çayının mənsəblərində yaşayan Kaspilərlə bu günkü Hinduquşda yaşayan “Buruşaklar”ın əcdadı sayılan Kaspilərin eyni kökdən olduqlarını qeyd edən Mirzə Bala göstərir ki, Kaspilərin eyni kökdən olduqlarını qeyd edən Mirzə Bala göstərir ki, Kaspilər Miladdan öncə 9000-4500-cü illərdə yaşamış olduqları təxmin edilən və Türküstanın Aşqabad bölgəsində aşkara çıxarılan “Anau” mədəniyyətinin də yaradıcıları olduğu təxmin edilməkdədir. Bu Kaspilərin vaxtilə Şumerlərlə bərabər Altayların qonşuluğunda yaşamış olduqları qüvvətlə təxmin edilməkdədir. Bu Burusakların(Kaspilərin) ancaq son zamanlarda tədqiq edilməyə başlayan dillərində xeyli miqdarda türkcə sözlər bulunmuşdur.( Seşmələr bizimdir-A.M. Bax: Mirzə Bala, göstərilən əsəri, səh. 18-19)
Əsərinin üçüncü bölməsini «Albaniya tarixinə ümumi bir baxış adlandıran Mirzə Bala Kaqankatvatsinin «Aqvanlar tarixi» və Vəsr müəllifi Xoranatsinin III əsr süryani müəllifi Mar-Aras-Katinadan əxz etdiyi məlumatları ümumiləşdirərək göstərir ki, Böyük Arsak Albaniyanın şimal sərhədlərini təyin edərkən Qafqaz ətəklərində, dağ boğazlarında və keçidlərində yaşayan qövmləri özünə tabe etdirərək onları vergi verməyə məcbur etmiş, ondan sonra onlara bəylər və valilər təyin etmiş və bunların başına da Nuhun oğlu Yafəs nəslindən Sisakanın soyuna mənsub Aranı hökmdar təyin etmişdi.
Hökmdar Aran Araz çayından Qnarakert qalasına qədər Aqvanyanın bütün düzlərinə və dağlarına sahib olmuş və aranın şirin və lətif xarakterinə görə bu məmləkətə də «Aqvaniya» deyilmişdi. Çünki dadlı təbiətinə görə Arana «Aqu», yəni dadlı deyilmişdi. Parfiyalı Böyük Arsak, Aranın cəsur və qəhrəman nəslindən məmləkətə 10 min ordulu valilər təyin etmişdi. Miladdan öncə 256-cı ildən miladdan sonra 214-cü ilə qədər 470 il hakimiyyət sürən Saka, Kuşan və yaxud Eftalit – Ağ Hun türklərindən olan Parfiyalı Arsaklılar Kiçik Qafqazdan Mesopatamiya və Suriyaya qədər olan dağlıq ərazilərdə sayları 900-ə varan müxtəlif bəylikləri birləşdirərək «Ermənistan» (Armeniya) adı altında bir konfederasiya qurmuşdular. Sülalələrin qurucusu Saka türklərinin soyundan olan Arsak miladdan öncə Oqurca yanında Xəzər dənizinə tökülən Amu-Dərya çayının Sarıqamış çökəkliyinin aşağı hissəsində, yəni indiki Aday qəbiləsi yaşayan yerdə yaşamış olan köçəri və heyandarlıqla məşğul olan Dahac qövmünün Aparın, yaxud Parın qəbiləsindən nəşət etmişdi. Bu sülalənin qurduğu yeni dövlətin adı «dağlıq məmləkət» mənasına gələn «Armeniya» idi. Əhalisinin etnik tərkibi isə başqa-başqa qövmlərə və irqlərə mənsub olub, xüsusilə şimal bölgələri, yəni Araz və Kür hövzəsi Saka və Hun kimi türk ünsürləri ilə məskun bulunurdu. Bu türk sülaləsi miladdan sonra 428-ci ilə qədər bu ərazidə hökm sürmüşlər. Məhz Albaniyanın bir dövlət halında yenidən təşəkkülü də bu sülalənin bir əsəri olaraq zikr edilməkdədir. Burada ən əhəmiyyətli nöqtə Parfiyalı Arsaklıların «Saka» demək olan Sisakanın soyuna mənsub olmalarıdır. Bu cəhət Albaniyanın mənşəyinin türklüyə bağlanması baxımından çox əhəmiyyətlidir. Bu sülalənin Ermənistanda süqutu üzərinə albanların Aranı işğalı da tarixi haqqa istinad etməklə izah edilə bilər».
Mirzə Bala həmçinin Xoranetsi , Sebos və s. kimi qədim erməni müəlliflərinin əsərlərinə istinad edərək göstərir ki, Böyük İsgəndərin ölümündən 60 il sonra Antiox Teosun hökmranlığının on birinci ilində Parfiyalılar Kuşanlar məmləkətində qəhrəman Arsakın komandası altında üsyan etdilər. Kuşanlar məmləkətində «Tetal» yəni Eftalet və yaxud Ağ Hun kralının oğlu Arsak üsyan etdi. Onun dörd oğlundun birincisi Kuşanların, ikincisi Kilikiyalıların, üçüncüsü Parfyalıların, dördüncüsü də Ermənistanın kralı oldu. Arsakoğulları arasında birinci yeri İran kralları, ikinci yeri Ermənistan kralları, üçüncü yeri HindistanKuşan kralları, dördüncü yeri də Qafqazın şimalındakı Masaget kralları tutur. Firdovsinin xor baxdığı bu sülalənin türk olduğu haqqında erməni müəllifləri vahid fikirdə bulunurlar. Kaqatkatvatsinin ruscaya tərcüməsinə əlavə yazan Pankanyan bu haqda deyir ki, erməni müəlliflərinin Kuşan, Tetal, Fetal və Eftalet, iranlıların Hayatele və ya Ağ Hun dedikləri millət Ceyhun boyunda yaşayan türklərdir. Qədim erməni müəllifi Sebeos «Maskut» və ya «Masayetlər»ə də Tetal və hökmdarlarına «Xaqan» ünvanını verməkdədir. Erməni müəlliflərində dağınıq bir halda bulunan bu xüsusdakı məlumatlar bir araya toplanınca bu nəticəyə varırıq ki, Arsaklılar bütün Asiyada böyük bir nüfuz sahibi idilər. Bir səltənəti əllərinə keçirmək üçün kiçicik bir arzu izhar etmələri kifayət edirdi. Onlar qonşu məmləkətlərdə öz soylarından olan kralların hakimiyyətdə qalmalarına çalışmışlar. İranda, Ermənistanda, Albaniyada, Gürcüstanda və Masagetlərdə bu soya mənsub sülalələr hökm sürürdülər. Arsaklılar dövründə bu ərazilərdəki dövlətlər arasında hakim olan sülh, yaxşı qonşuluq və dostluq münasibətləri yalnız onların bir soydan olduqları ilə izah oluna bilər. Bu dövrdə İrandakı Arsaklılarla Romalılar arasında müharibələr davam etdiyi müddətdə, Albaniya və digər qonşu məmləkətlərin daima arsaklılar tərəfində olmaları da eyni qohumluq səbəbindən irəli gəlirdi. Halbuki Arsaklıları əvəz əvəz edən Sasanilər dövründə bu sülh və dostluq alt-üst olmuşdu. Strabon yazır ki, Albanlara və İberlərə yabançı istilaya qarşı yapdıqları müharibələrdə köçəri çobanlar yardım edirdilər. Şimali Qafqaz çöllərindəki köçəri türklərdən ibarət olan bu çobanların Albanlara və İberlərə yardım etməsi Arsaklı sülaləsi ilə olan qohumluğun və birliyin bir nəticəsi idi. (Seçmələr bizimdir – R.Ə. Bax: Mirzə Bala, göstərilən əsəri, səh. 22-25)
Əsərin bu bölümündə Mirzə Bala həmçinin «Aqvanlar tarixi» əsərinə, 1916-cı ildə əldə edilən Urartu kitabələrinə, Göyçə gölü ilə Xəzər dənizi arasındakı ərazidə qazıntılar nəticəsində kəşf edilən Urartu-Xaldea yazılı əsərlərə istinad edərək, müasir dövrdəki erməni müəlliflərinin uydurma fikirlərini rədd edərək göstərir ki, «Aqvanlar tarixi» müəllifi Kaqankatvatsinin Arandan sonra gəlmiş olan on arsaklı hökmdarının adlarını çəkir. Bunlar miladdan sonra III əsrin sonundan V əsrin sonuna 488-ci ilə qədər hakimiyyətdə olmuş hökmdarlardır.
Buna müqabil Yafəsdən etibarən Böyük Arsaklılar sülaləsinə qədər 47 hökmdarın adını çəkməkdə və bəzilərinin zamanını da açıq göstərməkdədir. Məsələn, Yafəsdən etibarən 11-ci hökmdar olan Aran zamanında Həzrəti İbrahimin, 12-ci hökmdar «Gözəl Aray» zamanında İshaq peyğəmbərin, 32-ci hökmdar Perç zamanında isə Davud peyğəmbərin gəldiyini söyləyir. Erməni müəllifləri Arsaklılardan öncə Albaniyada erməni-haik sülaləsinin hakimiyyət sürdüyü mənasını çıxarmağa çalısalar da, bunu Aran məmləkəti Albaniyaya bağlamaq kimi uydurma bir şəcərə olduğu şübhəsizdir. Buna baxmayaraq, bu şəcərə tarixin dərinliklərinə gömülmüş olan parlaq bir keçmişin boşluğunu doldurmaq ehtiyacından ola bilər. Çünki Albaniyanın Arsaklılardan öncəki tarixi heç də boş deyildir. Bunu miladdan öncə 9000-4500-cü illərə aid Xəzər dənizinin şərq sahilində kəşf olunan «Anau» mədəniyyətinin qurucularından kaspilərin misalı ilə də bildiyimiz kimi bu hadisə xüsusilə Azərbaycanda yapılmış arxeoloji qazıntılarla üzə çıxmışdı.
1916-cı ildə qədim Urartu dövlətinin mərkəzi Van ətrafında meydana çıxarılan kitabə, daha sonra qədim Albaniya, xüsusilə Göyçə gölü ilə Xəzər dənizi arasındakı ərazidə kəşf olunan urartu mixi yazılı, oyma yazılı əsərlər, Albaniyanın qonşuları İberiya və Ermənistandan, hətta İran Yunan və Latunlardan xeyli əvvəl mövcud olduğunu göstərmişdir.
Miladdan öncə X-VIII, hətta bir qənaətə görə miladdan öncə XIV əsrə aid olan bu yazılarda Urartu hökmdarı Göyçə ilə Xəzər arasında fəth etdiyi 125 abad şəhər və qaladan və 25 zəngin vilayətdən bəhs edir ki, bunların arasında Kukxa-Albana ölkəsi də vardır. Azərbaycanda arxeoloji araşdırmaları idarə etmiş olan professor Meşçaninovun 1925-ci ildə Bakıda bir konfransda etdiyi çıxışa görə bu ad ilə (Kuxxa-Albana adı ilə) Albaniya qəsd edilmişdir. Əsərlərdə abad şəhər, qala, saray, qəsəbə, sıx insandan və heyvan sürülərindən bəhs etmiş olması professor Meşçaninova bu ölkənin Urartu-Xaldeadan çox daha əvvəl yüksək bir mədəniyyətə sahib olduğu qənaətinə gəlmişdir. Bu qənatə görə tarixdən öncəki bu Albaniya mədəniyyəti ilk öncə Kür və Araz çaylarının qovşağında və Xəzər sahilində, Kaspilər yurdunda təşəkkül edib buradan dağ yamaclarına doğru yayılmışdır. Gerçəkdən Albaniya dil və mədəniyyət baxımından da Mesopatamiyada yüksək bir mədəniyyət qurmuş Anau mədəniyyəti ilə bağlı olan Sumer və Elam zümrəsi ilə eyniyyət təşkil etməkdədir. Anlaşılan Albaniyanın Türküstan və Altay bölgəsi ilə olan münasibətləri yalnız iqtisadi olmayıb, qövmü mədəni bir mahiyyət də daşımışdır.
Mirzə Bala əsərinin «Albaniya adının mənşəyi haqqında» dördüncü bölməsində özünəqədərki müəlliflərin fikir və mülahizələrini şərh etdikdən və bir çox müəlliflərin, xüsusilə də erməni tədqiqatçılarının fikir və mülahizələrini elmi şəkildə rədd etdikdən sonra belə bir nəticəyə gəlmişdir.
«Albaniya» dağlıq, yüksəklik, parlaqlıq, igidlik , dövlət məmləkət, millət və hakimiyyət məfhum və mənalarını bildirir;
–«Albaniya» türkcə bir kəlmədir;
–Bütün digər bənzər kəlmələr «Alban» kəliməsindən nəşət etmişdir;
–«Albaniya»nın həm Balkanlardakı Arnavutun, həm də Britaniya adalarındakı Şotlandiyanın qədim adlarından biri olmasına baxmayaraq, tarixdə məşhur «Albaniya» türk məmləkətidir.
–Albanlar türkdür. Albaniyanın etnik təşəkkülü, təkamülü və tarixi türklərlə bağlıdır;
–Albaniyanın Türküstan və Altay bölgəsi ilə olan münasibətləri yalnız iqtisadi münasibət deyil, daha çox qövmü və mədəni bir mahiyyət daşıyır.
–Alban dili qədim türk dillərindən biridir. Albaniya dil və mədəniyyət baxımından Mesopatamiyada yüksək bir mədəniyyət qurmuş olan və kökləri Turan (Anau) mədəniyyətinə bağlı olan Sume r və Elam zümrəsi ilə eyniyyət təşkil edir.
Müəllif əsərinə yekun vuraraq göstərir ki, bu qısa tədqiqat işi, tarixin qaranlıqlarına gömülmüş olan milli mənşəyimizin bulunmasıdır./GATDB/
Aydın Mədətoğlu QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru, dosent
ADSIZ QƏHRAMAN, MİRZƏ BALA MƏMMƏDZADƏ
Bu torpaqlar, tarix boyu bilinən və ya bilinməyən qəhrəmanların çiynində dövlət olmuşdur. Bu torpaqlara əsrlər boyu min fitnə, min şər toxumları əkilsədə, hər zaman son nəfəsində “Can Azərbaycan” diyəcək oğullar yetişdirmişdir. Bu gün bu torpaqların üstündə azad gəzə biliriksə, bu torpaqlar üçün səssizcə can verib, altında yatanların sayəsindədir. Kimiləri azadlığımızın, hürlüyümüzün, böyüklüyümüzün toxumlarını əkənlər, kimiləri bu toxumu cücərdib, filizləndirib, gələcək nəsillərə ərmağan edənlərdir. Kimilərinin adları bu gün dillər əzbəri, kimilərinin isə heç bir məzarıda mövcud deyil. Bu cür qəhrəmanlardan biridir Mirzə Bala Məmmədzadə.
Mirzə Bala, 1898-ci ildə Bakı şəhərində anadan olmuşdur. Kiçik yaşlarından atasını itirən Mirzə Bala, həm oxumaq, həm də işləmək məcburiyyətində qalmışdır. Orta təhsilinin bitirdikdən sonra Bakı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Oxumağı, yazmağı çox sevən Mirzə Bala, müəllimlərinin diqqətini çəkmişdir. Ən çox isə, gənc yaşlarında Məmməd Əmin Rəsulzadənin diqqətini çəkmişdi. Onun, Bakıda nəşr etdirdiyi “Açıq söz” qəzetində yazılar dərc etdirməyə başlamışdır. Rəsulzadənin təşviq və himayəsi ilə jurnalistlik fəaliyyətinə başlamışdır. Təhlil qabiliyəti, ifadələrin axıcı və açıq olması, üstün bir mübarizə gücünə sahib olması diqqətlərdən qaçmırdı. Qısa zaman ərzində aranan, axtarılan imzalardan birinə çevrildi. Mətbuat həyatına “Açıq söz” qəzetində başlasada, eyni zamanda “Bəsirət” qəzetində də baş yazılar yazmağa başladı. Azərbaycan Milli Demokratik Cumhuriyyəti dövrünün rəsmi qəzeti olan “Azərbaycan”da yazar olaraq çalışmış və bir müddət baş yazarlıq etmişdir. 1917-ci ildə, Rus ixtişaşları zamanı Bakıda tələbələrin mətbuatı olan “Gənclər Sədası” adlı qəzetdə xalqı birliyə, oyanışa çağıran yazılarla çıxış etmişdir.
Mirzə Balanın daima ilham qaynağı Məmməd Əmin Rəsulzadə olmuşdur. Mirzə Bala hər tərəfi ilə M.Ə. Rəsulzadəni tamamlayan, eyni fikirə sahib bir şəxsiyyət idi. Gənc yaşlarından Azərbaycanın siyasi və sosial həyatında da rol almağa başlamaışdır. Azərbaycanın istiqlal və hürriyyət mücadiləsini yürüdən Müsavat partiyasına qoşularaq siyasi fəaliyyətdə də iştirak etmişdir. Müsavat partiyasının Bakı Komitəsinə üzv qəbul edilmişdir. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra, Müsavat partiyasının fəaliyyətini gizli davam etdirmək üçün, dostları A. Vəhab Yurdsevər, Cəfər Cabbarlı, Məmməd Sadiq Quluzadə, Məmməd Həsən Baharlı və Rəhim Vəkilli ilə birlikdə İstiqlal komitəsini hərəkətə keçirərək, bu komitənin başına keçdi. Bir tərəfdən bu hətrəkəti vətənə yaymağa çalışarkən, digər tərəfdən də Bakıda müəllim işləyir. Sabir kitabxanasının idarə heyyətinə keçərək, buranı milliyətçi Azərbaycan Türk gəncliyinin mədəni, siyasi və milli mərkəzi halına gətirmişdir. Bir müddət həpis olunsa da, azadlığa çıxdıqdan sonra yenə fəaliyyətini davam etdirmişdir. Bu gizli fəaliyyətin bütün vətənə sürətlə yayıldığını görən Sovet Rusiyası xalqa gözdağı vermək məqsədi ilə 1923-cü ildə Müsavatçıları qruplar halında həps etməyə başladılar. Təşkilatın başçısı olan M. B. Məmmədzadəni qorumaq məqsədi ilə təşkilat üzvüləri onun, Cənubu Azərbaycana keçməsinə köməklik etdilər. Bir müddət Ənzəli şəhərinə yerləşərək burdan təşkilatı təlimatlandırır, digər tərəfdən də müəllimlik edərək yaşamağa çalışmışdır. Mirzə Bala, Cənubi Azərbaycana keçdikdən sonra M.Ə.Rəsulzadə ilə əlaqə qurmuş, ondan aldığı təlimatları komitə üzvülərinə çatdırmışdır. İstanbula getdikdən sonra M.Ə.Rəsulzadə, Azərbaycan Milli Mərkəzini quraraq, bütün ziyalıları bir yerə toplamağı başarmışdı. Çap etdirdikləri “Yeni Qafqa” adlı jurnalda Mirzə Bala da öz məqalələri ilə çıxış edirdi. 1927-ci ildə oda İstanbula gedərək, daha aktiv fəaliyyət göstərmiş, eyni zamanda İstanbul Hüquq Fakultəsinə qəbul olaraq təhsilini davam etdirmişdir. 1931-ci ildə M.Ə. Rəsulzadə ilə birlikdə milli təşkilat və mətbuatın Avropaya köçməsi ilə, Mirzə Balada 1932-ci ildə Varşavaya köçərək təşkilatda fəaliyyətini davam etdirir. O, Rəsulzadədən sonra mühacirətdəki Azərbaycan Milli nəşriyatı olan “Yeni Qafqaz”, “Azəri Türk”, “Odlu Yurd”, “Bildiriş”, “İstiqlal”, “Qurtuluş” və.s. bir çox mətbuat orqanlarında çıxış etmiş, eyni zamanda “Türk İslam ensklopediyası”ndabir çox maddələri əhatə edən elmi məqalələr yazmışdır. M.Ə.Rəsulzadənin vəfatından sonra Müsavat partiyasının lidrliyini üstələnmiş, dörd il bu şərəfli vəzifəni layiqli şəkildə yerinə yetirmişdir. 1959-cu ilə qədər Münihdəki “Sovetlər birliyini öyrənmə İsnustutu”nda çalışmış və inustudun nəşr etdirdiyi “Dərgi” məcmuaəsində başməqalə və məqalələr yazmışdır. İnustudun “Elimi Şurası”na iki il rəhbərlik, iki ili isə müavinlik etmişdir. Mirzə Bala iki mindən çox məqalə və yazıların müəllifidir. O, yazılarında M.Bala, Nuhoğlu, A.Kut, M.M.Məmmədzadə, M.B.Daşdəmir və Əli Qutluq imzalarından istifadə etmişdir. Onun, “Azərbaycan Misak-ı Millisi” (Azərbaycan İstiqlal Bəyanaməsinin təhlili, İstanbul 1927), Ermənilər və İran (İstanbul 1927), “Milli Azərbaycan Hərəkatı” (Milli Azərbaycan Müsavat Xalq Partiyası tarixi, Berlin 1938), “Azərbaycan tarixində Türk Albaniya” (Azərbaycan Kültür dərnəyi yayınları, Ankara 1951) kitabları nəşr olunmuşdur. M.B.Məmmədzadə, 8 mart 1959-cu ildə İstanbulda vəfat etmişdir.
Mirzə Bala, Türkçülüyü müqəddəs bir ideal olaraq mənimsəmiş ziyalılarımızdan biridir. O, Türkçülük hərəkətlərinə gerçəkci bir görüşlə yaxınlaşmış, hədəfə çatmaq üçün hansı mərhələdən keçməyimizin vacibliyini müxtəlif yazılarında, məqalələrində ortayay qoymuşdur. Azərbaycan İstiqlalçıları kimi o da, Türk ellərinin ilk öncəliklərinin öz istiqlal və hürriyyətlərinin bərpası və milli hökümətilərinin qurulması olduğunun təbliğçisi olmuşdur. 31 mart 1918-ci il hadisələrindən Nəriman Nərimanovu sorumlu tutan Mirzə Bala xatirlərində yazır: “…və bu şəkildə həyata keçən qanlı işğal Azərbaycanın “sovetləşmə” və yaxud “sovetləşdirilməsindən” sonra Bakı vağzalından qurultay küçəsinə (sonradan kominist küçəsi) qədər yolun hər iki tərəfini işğal edən qızıl Rus nəfərlərinin arasından keçib parlamento binasına yerləşmiş olan “inqılab komitəsinə” gələn Nəriman Nərimanov, ilk sovet hökümətinin başına keçdi. Nərimanov mart qətliamından sonra qurulan Bakı Sovet hökümətinin üzvü sifəti ilə, İstiqlal ordusunun təziqi nəticəsində Masqıvaya qaçmış, bu dəfə daha böyük bir ordu ilə Bakıya dönmüşdü. Nərimanovun ilk tarixi səhfi qızıl işğal ordusuna “Azərbaycanı mənəvi övladlıq” verməsi oldu”. Mirzə Bala işğal dövründə Çeka tərəfindən vətən övladlarının məhkəməsiz necə şəhid edildiklərini isə bu cür qeyd etmişdir: “30 aprel 1920 ilin sonlarına qədər müsafiri olduğum və bir təsədüf nəticəsində qurtulduğum Bakının Bayıl həpisxanası qəssabxananı andırırdı. Rütbəli, sıradan yüzlərlə hərbiçi, prafesorlar, dövlət adamları, müəllimlər, jurnalistlər, yazarlar dəstə-dəstə birbirinin ardınca siyasətghı ziyarət edirdilər. Hamısıda həpisxananın dəniz tərəfindəki küçəsində güllələnirdi. Bu şəhidlər arasında işçilər daha çox idi. işçilər komitəsinin rəisi Hüseyin Müzəffəri hələ də unuda bilmirəm. Yazar dostum Piri Mürsəlzdə “yaşasın Azərbaycan” diyə hayqıraraq can vermişdi”.
- ← ALBAN KİLİSƏLƏRİNİN SİRRİ
- CENGIZ DAĞCI QIRIMTATAR ROMANCI VE ŞAİRI →
Comments are closed, but trackbacks and pingbacks are open.