Press "Enter" to skip to content

Məmməd Səid Ordubadi Qılınc Və Qələm cild 2 PDF

− Vardır, Şəmsəddin İbn Süleyman bizimlə həmfikir bir gəncdir.

Текст книги “Qılınc və qələm”

Öz evlərinə qapanıb xısın-xısın ağlayanların sayı küçələrə çıxıb şadlıq edənlərin sayından bir neçə qat artıq idi. Zahirdə şadlıq edən gəncəlilər bu şadlığı dərin bir kədər kimi qarşılayırdılar.

Azərbaycan hakimi Şəmsəddin Eldəniz təzəcə ölmüşdü. Onun yerinə oğlu Cahan Pəhləvan keçən gündən bəri Azərbaycan xalqının həyatı daxili müharibələrdə keçirdi. Cahan Pəhləvan Atabəy Məhəmməd iş başına keçdiyi zaman Azərbaycanın ən mühüm hissələri olan Marağa və Təbriz şəhərləri Ağ Süngər Əhmədin əlində qalmışdı. Buna görə də Atabəy Məhəmməd azərbaycanlıları, xüsusən, aranlıları səfərbərliyə alaraq Təbrizlə Marağanı qurtarmaq üçün uzunmüddətli müharibə təşkil etmişdi. Atabəy Məhəmməd Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib rəiyyətlərinə böyük qələbənin xəbərini elan edirdi.

Bu gün Atabəyin qasidi Gəncəyə gəlmişdi. Eyni zamanda illər uzunu cəbhələrdə yaşayan Aran ordusu Arana qayıdırdı. Gəncə hakimi Əmir İnanc bu qələbənin böyük bir şadlıqla qarşılanması üçün Gəncə xalqına qəti fərman vermişdi. Xalq cəbhədən qalib bir surətdə qayıdan ordunu qarşılamaq üçün küçələrə çıxmışdı. Lakin çoxları öz oğul və qardaşlarını qalib qayıdan ordunun cərgəsində görmürdü. Mizraqdan, nizə və qılıncdan salamat qurtaranların çoxu aclıqdan və xəstəlikdən məhv olmuşdu. Matəm və kədəri qələbənin saxta və aldadıcı pərdəsi ilə gizlətməyə çalışanlar küçələrdə böyük bir fəaliyyət göstərirdilər. Nə ağlamağa, nə də ölənlərdən danışmağa imkan var idi. Bu barədə Gəncə hakimi qəti tapşırıq vermişdi. Gəncə xalqına ancaq küçələrə çıxmaq və ‘‘Yaşasın Atabəy Məhəmməd! Yaşasın zəfər!” − deyə qışqırmaq icazəsi verilmişdi.

Qəlbində ağlayanların hamısı yuxarıdakı kəlmələri təkrar edir və qışqırırdı, çünki bu kəlmələri təkrar etməyənlər təqib edilir və adları siyahıya alınıb hökumətə təqdim olunurdu.

Evindən çıxmayanlar ağac və qamçı zərbələri altında küçələrə çıxarılırdı. Əyinində təzə paltarı olmayanlar geri qaytarılır və təzə paltar geyindikdən sonra təkrar küçələrə çıxarılırdı. Ruhanilər, xətiblər dəstələrin qabağına düşüb Quranda yazılan zəfər ayələrini bir-birinin dalınca oxuyurdular. Hər kəs hökumət məmurlarının yanından keçdiyi zaman özünü şad göstərməyə və kədərini gizlətməyə çalışırdı, lakin hər kəs ‘‘yaşasın zəfər” sözünü ancaq hökumət məmurlarının və hökumətə casusluq edənlərin yanından keçəndə qışqırırdı.

Minlərcə Azərbaycanlının məhvi üzərində qurulmuş olan bu qələbənin bütün xalqın yox, ancaq bir nəfərin qələbəsi olduğunu xalqın simasından sezmək olurdu.

Küçələrə çıxanların içərisində iki gənc − İlyasla Fəxrəddin də var idi. Gəncə mühitini titrədən bu süni şadlığı görüncə bu iki yoldaşın ürəyində Atabəy Məhəmmədə və onun Gəncə hakimi Əmir İnanca qarşı dərin bir nifrət oyandı. Gənc İlyas küçələrdən sel kimi axıb Məlikşah meydanına tərəf gedən xalqı Fəxrəddinə göstərib dedi:

− Sən mənə boğazdan yuxarı ‘‘yaşasın” deyən bu xalqın içərisində bir nəfər də olsun xoşbəxt olan və Atabəy Məhəmmədin xoşbəxt olmasını istəyən adam göstərə bilərsənmi?

Fəxrəddin çox yavaşdan cavab verdi:

− Öz hökmranlığını möhkəmlətmək üçün onlar nə iraqlılardan, nə də iranlılardan istifadə edə bilərdilər. Buna görə də hər bir müharibədə azərbaycanlılar iştirak etməli və məhv olmalıdırlar.

Gənc İlyas ətrafını gözdən keçirərək yavaşdan dedi:

− Azərbaycan xalqı qırılıb azaldıqca məmləkətdə ərəb-fars nüfusu çoxalmaqdadır.

İlyasla Fəxrəddin bu sözləri danışa-danışa Toğrul bəy küçəsindən El Arslan və Məsudiyyə küçələrinə girir və Sultan Səncər camesinin qarşısındakı Məlikşah meydanına yaxınlaşırdılar.

Əhali meydanda durub Gəncə xətibinin gəlməsini gözləyirdi. İlyasla Fəxrəddin də məscidin qapısı qarşısındakı hovuzun yanında dayandılar və xətibi gözləməyə başladılar.

Fəxrəddin fikirli halda başını qaldırıb İlyasa dedi:

− Bəli, indi bu saat gələcək, Təbriz və Marağa fəthini elan edəcək, əvvəlcə xəlifənin, sonra da Toğrul və Atabəy Məhəmmədin adına xütbə oxuyacaqdır. Eyni zamanda təzə bir müsibətin elanını da verəcəkdir.

İlyas Fəxrəddinə əyri bir nəzərdə baxıb soruşdu:

− Nə kimi müsibət?

− Atabəy Rey məmləkətinə hücum etməyə hazırlaşır. Rey hakimi səlcuqilər zamanından bəri Atabəylərə verdiyi vergidən boyun qaçırıbdır. Lakin bu müharibə qorxulu bir müharibədir. Çünki Rey hakimi öz ağzı ilə yox, Xarəzm şahlarının ağzı ilə danışır. Gec-tez onlar Rey məmləkətini öz əllərinə alacaqlar.

İlyas yenə də ona sual verdi:

− Sən buna nə cür baxırsan?

− Nə cür baxacam? Azərbaycan torpağı deyil ki, müdafiə edək.

İlyas etiraz edərək dedi:

− Mən səndən bir qardaş kimi rica edirəm, bu fikrini başqalarının yanında demə, çünki tamamilə yalnış bir fikirdir.

Fəxrəddin təəccüblə soruşdu:

− Bu fikrin yalnışlığı harasındadır?

− Doğrudur, Rey bizimki deyil, Həmədan necə? Bizimdir, ya yox?

− Bizimdir, Azərbaycanın qədim paytaxtıdır.

− Elə isə onu bilməlisən ki, Rey Azərbaycan atabəylərinin əlində olmazsa, Həmədanı saxlamaq mümkün deyil, çünki bir çox hadisələrdə reylilərin Qəzvini əldə etdiyi və Təbrizlə Həmədanın əlaqəsinə maneə törətdiyi görülmüşdür. Heyif ki, mən qılınc və mizraq işlətmək işində savadsızam. Buna görə də sənə bir məsləhət görəcəyəm. İndi ki qılınc və mizraq işlətməyə, ox və kaman işlərilə məşğul olmağa həvəsin vardır, onları yaxşı öyrən. Mən də qələm işlərində yüksək mərtəbə əldə etməyə çalışacağam. Bunların ikisi də bizə lazımdır.

İlyasla Fəxrəddin bu söhbətləri edərkən Gəncə xətibi öz müridləri ilə Gəncə hakimi Əmir İnanc da öz əsgər və qulamları ilə bərabər Məlikşah meydanına daxil oldular. Lakin bunlar xalq tərəfindən çox da təntənə ilə qarşılanmadı.

İlyasla Fəxrəddin də əhaliyə qoşulub Səncər məscidinə daxil oldular. Xətib minbərə çıxıb birinci növbədə, Atabəy Məhəmmədin Marağa və Təbriz altındakı müharibələrdə qazandığı qələbənin xəbərini verdi. Lakin bu xəbər xalqı tərpədə bilmədi; əhali bu xəbəri çox soyuqqanlıqla qarşıladı. Xətib xəlifə və Atabəy Məhəmmədə dua etdiyi zamanda da xalqın bu iki ada qarşı bəslədiyi mənfi münasibət bir daha özünü göstərmiş oldu. Dualara qarşı deyilən “Amin… Amin!” kəlmələri də ürəkdən yox, boğazlardan çıxırdı. “Amin” səsləri o qədər zəif idi ki, camenin mərmər sütunları və qövsi tağları altında itib gedirdi. Ürəkdən “amin” deyənlər ancaq xətibin müridləri və Əmir İnancın nökərləri idi.

Bu vəziyyət həm Gəncə xətibinə, həm də Əmir İnanca çox pis təsir bağışladı.

Əmir İnanc xalqın soyuq münasibətini hiss edincə başını uzadıb Gəncə xətibinin qulağına nə isə pıçıldadı. Bu anda Fəxrəddin də ağzını İlyasın qulağına uzadıb:

− Müvəffəqiyyət! Müvəffəqiyət! Xalqdakı dönüşü hiss edirsənmi? Bunu haramzadə hakimdə də hiss etdi. Xətibin qulağına, şübhəsiz ki, bu barədə pıçıldadı, – dedi:

Əmir İnanc xətibin qulağına pıçıldadıqdan sonra xətib təzə səfərbərlik haqqında bir söz danışmayaraq xütbəsini bitirdi.

Xətib minbərdən yerə düşməmiş əhali hakimi və xətibi gözləməyərək məsciddən çıxdı. Bu hadisə Əmir İnanca və Gəncə xətibinə qarşı bir hörmətsizlik kimi nümayiş edildi. Meydanda yığılan xalq bu barədə danışmağa və pıçıldaşmağa başladı.

Məscidin qapısında Əmir və onun əyanları üçün yəhərlənmiş atlar saxlandığı kimi xətibin müridləridə ağ ulaqları hazır saxlamışdılar. Xətiblə Əmir məsciddən meydana çıxdıqları zaman yenə də pıçıldaşmaqda davam edirdilər.

Əmir xətibə olan hörmətini meydanda yığılan əhaliyə göstərmək üçün uzunqulağın üzəngisindən tutub xətibi mindirdi, sonra isə özü atına minib yola düşdü. Əmiri atlı nökərlər, əyanlar, xətibi isə yüzlərcə müridləri piyada olaraq müşayiət edirdi. Küçələr “Yol ver, çəkil! Başını əy!” səsləri ilə dolmuşdu.

Əmir İnanc Gəncə xətibini və Gəncənin əyanlarını Atabəy Məhəmmədin qələbə bayramı şərəfinə düzəlmiş ziyafətə dəvət etmişdi. Buna görə də şəhərin əyanları və xətibin müridləri xətibin və əmirin dalınca gedirdilər. Təntənə ilə keçən bu dəstə hökumət sarayına getmək üçün yaxın bir yol seçməyə məcbur idi. Onlar Xərabat 1 küçəsinin tinindən keçərək Əlmənsur 2 küçəsi ilə başıyuxarı qalxmalı idi.

Dəstələr birdən-birə dayandı. Keçməyə yol yox idi. Pir Osman 3 küçəsindən gələn dəstə Xərabat məhəlləsinin tinində durub ikimərtəbəli köşkün pəncərəsindən eşidilən musiqi və nəğmələri dinləyir və başqa küçələrdən gəlib keçmək istəyənlərə yol vermirdi.

Əmir atının, Gəncə xətibi isə uzunqulağının cilovunu çəkib dayandı. Minlərcə əhalinin heç birindən səs çıxmırdı. Pəncərədən eşidilən incə nəğmələr, musiqi səsləri kütlələri özünə cəlb etmişdi. Oxunan rübailərin hər bir kəlməsini və çalınan udun naləsini eşitmək mümkün idi.

Əmir və xətib dayanıb durmuşdular. Onlar qadın barmaqlarında inləyən pərdələrdən, qadın dodaqlarından çıxan misralardan ayrılıb gedə bilmirdilər. Onlar da xalqa qoşulub mənliyini itirmişdilər; onlar da pəncərədən eşidilən səsləri öz qanına yeritmək və onu öz ruhunda həzm etmək üçün bütün varlıqları ilə qulaq asırdılar.

Əmir və xətibin dəstəsi dayandığı zaman köşkün pəncərəsindən belə bir mahnı ətrafa yayıldı.

“Gər mülki tö Misr, Rum, Çin xahəd bud

Afaq türa ziru nikin xahəd bud.

Xoş baş ki, aqibət nəsibi mənu tü,

Yek gəz kəfən, se gəz zəmin xahəd bud”. 4

Pəncərədən eşidilən bu rübai küçədə duranlar tərəfindən böyük bir maraqla qarşılandı. Hökumətin zülmündən təngə gəlmiş xalq hökumətə qarşı yazılan bu rübainin təkrar edilməsini tələb etməyə başladı. Səs-küy ucaldı və dəstələrin hamısından: “Bir daha! Bir daha!” sözləri eşidildi.

Əmir İnanc Hüsaməddinə 5 sual verdi:

− Bu ev kimin evidir?

Hüsaməddin baş endirib:

− Bu ev məşhur şairə Məhsəti xanımındır,– dedi.

– Oxuyan Məhsəti xanımın özüdür. Musiqi və nəğmə müəlliməsidir. Bir ay əvvəl cənab xətibin şikayət etdiyi əxlaqsız qadındır. Xalqın qızları bunun yanına gəlib musiqi və nəğmə dərsi oxuyurlar.

Hüsaməddinlə Əmir İnancın söhbəti bitməmiş pəncərədən daha bir musiqi nəğməsi eşidildi:

“Yek dəst bə mushəfəm, yek dəst bə cam,

Gəh nəzdü həlaləmü, gəhi nəzdü həram.

Maim dər in günbədü nə püxtə, nə xam,

Nə kafəru mütləq, nə müsəlmanü təmam”. 6

Bu rübai eşidildikdən sonra iki səs ucadan:

− Əhsən, yüz əhsən! – dedi.

Bunlardan birisi Fəxrəddin, o birisi isə İlyas idi.

Dəstələrin içərisində də gurultu eşidilirdi. “Yaşa, yaşa!” səsləri bir-birini təqib edirdi.

Xətib uzunqulağın başını çevirib Əmir İnanca yanaşdı və dedi:

− Kafirdir, ədəbsizdir! Bunu Gəncə xalqının başından rədd etmək lazımdır.

Bu anda Məhsəti xanım da “yaşa, yaşa”! – qışqıranlara razılıq vermək üçün başını pəncərədən eşiyə çıxartdı. Onun ixtiyarlaşmağa başının ağarmağa başlamış saçları, gülümsər və təbəssümlü gözləri, minlərcə rübainin xəzinəsi sayılan sinəsi görünərkən xətibin müridləri belə gözlərinin pəncərəyə dirəyib böyük şairə və müəlliməyə baxmağa başladılar. Xətib bu vəziyyəti görüncə müridlərinə əmr verdi:

Daşa basın dağıdın bu fisq-fücurun yuvasını!

Pəncərə örtüldü, sanki bir günəş buludun altına çəkildi. Musiqi və rübai səslərini pəncərəyə və divarlara toxunan daşlar əvəz etdi. Lakin xalq dəstələri xətibin və Gəncə hakiminin bu kimi vəhşiliyinə qarşı öz nifrətini gizlədə bilmədi. Xətibin müridlərinə hücum etdilər. Onları döyüb Məhsəti xanımın qapısından kənara atdılar. Xətibin müridlərindən bir çoxu ölmüş və yaralanmışdı. Xətibin özü isə Əmir İnancın sarayında gizlənməklə yaxasını xalqın intiqamından qurtara bilmişdi…

Üç gün sonra İlyasla Fəxrəddin Pir Osman məhəlləsində görüşdülər. Fəxrəddin birinci növbədə İlyasın əlini sıxaraq sevincli bir səslə dedi:

− Biz düşünən kimi oldu. Kütlələr Əmir İnanca qarşı hörmət bəsləmirlər. İndi başqa bir məsələ də vardır.

− Nə kimi məsələ? – deyə İlyas soruşdu.

− Atabəyin təzə səfərbərliyinə əngəl törətmək məsələsi.

− Bu yalnız Gəncənin işi deyil, buna bütün Azərbaycanı hazırlamaq lazımdır. Sən getməsən də, Atabəy Cənubi Azərbaycanı səfərbərliyə ala bilər.

Fəxrəddin etiraz edərək dedi:

− Fikrinizlə şərik deyiləm. Rəhbərlik daima Şimali Azərbaycanın vəzifəsi olmuşdur. Paytaxt Həmədanda olduğu üçün Atabəy hökuməti zülmlərinin bütün ağırlığı Cənubi Azərbaycanın zərinə düşür. Biz onlara rəhbərlik etmiş olsaq, onlar üsyana tez qoşula bilərlər. Buna görə də şimalda başlanmış üsyanın xəbərini Cənubi Azərbaycana yaymaq lazımdır. Üsyan etmək üçün bu gündən sərfəli gün əlimizə düşməyəcək.

İlyas bir az düşünərək dedi:

− Doğru deyirsən. Lakin üsyan əsaslı və siyasi bir məqsəd daşımadıqca, xalqı vaxt ikən o məqsədlər ətrafında səfərbər etmədikcə, ümumi üsyan məsələsindən danışmaq artıqdır. Üsyanın arxasında silahlı qüvvə lazımdır. Bu qüvvə olmadan başıpozuq xalqla hökumət qarşısına çıxmaq savadlıqsızdır. Xüsusən, Cənubi Azərbaycan barəsində ehtiyatlı olmaq lazımdır. Çünki Atabəylər İraq və Bağdad qoşunlarının köməyilə Cənubi Azərbaycanı bir neçə günün içərisində xarabazara döndərə bilərlər. İndi de görüm, elə bir hadisədə sənin köməyə getmək üçün silahlı qüvvən vardırmı?

Fəxrəddin dərin-dərin düşünəndən sonra bir ah çəkərək dedi:

− Təəssüf olsun ki, o qüvvə bizdə yoxdur. Lakin mən onu düzəldəcəyəm. Bunun üçün də mən bütün fikrimi silah işlətməyə vermişəm.

− Belə də lazımdır. Lakin biliksiz və siyasi düşüncəsi olmayan adamların silahları da qələbə qazana bilməz. Qəhrəmanlıq yalnız silah deyil, bilik də tələb edir.

Fəxrəddin İlyasa bir sual verdi:

− Sənin Təbrizdə tanışın vardırmı?

− Vardır, Şəmsəddin İbn Süleyman bizimlə həmfikir bir gəncdir.

Mən səni onunla tanış edərəm.

Günəş Sultan Səncər camesinin minarəsinin mavi rəng qaşlarını işıqlandırmağa başladığı zaman quşlar da günəşi salamlamaq üçün zərdəşti nəğmələri oxuyurdu. İlyas adəti üzrə otağından çıxıb, qərənfil güllərini sulamaq istəyirdi. O, qızılgüllərin ətrafında dolaşan bülbülləri rahatsız etməmək üçün qədəmlərini çox ehtiyatla götürürdü. Birdən qapı bərk döyüldü. Bu, İlyasın qaçırmamağa səy etdiyi quşların qaçmasına səbəb oldu. İlyas çox narazı surətdə qapıya getdi, qapıda Fəxrəddini görüb:

− Öz ehtiyatsızlığın nəticəsində sakit bir cəmiyyətin rahatsızlığına səbəb oldun. Mən bu gündən etibarən qapının çax-çaxını çıxarıb atmalıyam. Mən quşlardan eşq və məhəbbəti öyrənirəm, onlar isə məndən ülfət və dincliyi öyrənir. Fəxrəddin ağızucu dedi:

− Bəli, elədir. Lakin…

Fəxrəddin sözünü yarımçıq qoyub daha danışmadı.

− Nə üçün sözünü bitirmədin?

– Ah İlyas, ülfət və dincliyi yalnız sənin həyətində yox, bütün məmləkətdə qurmaq lazımdır. Hazırda Atabəy Məhəmmədin cəza dəstələri Məlikşah meydanında dar ağaclarını qurmaqdadır.

İlyas evə gedib paltarlarını dəyişmək istərkən:

− Burda təəccüb yeri yoxdur, − dedi, – bu olacaq idi.

− Bəla burasındadır ki, Məhsəti xanım yaşayan məhəlləni dağıdırlar. Məhsəti xanımı bir tərəfə qaçırmaq lazımdır. Bütün fəlakət ancaq onun ətrafında dolaşır.

Onlar evdən çıxdılar. Pir Osman məhəlləsinə tərəf yollandılar. Xərabat məhəlləsinin tininə yetişərkən oranın hökümət qoşunları tərəfindən mühasirə edildiyini gördülər. Ətraf küçələr başıpozuq camaatla dolu idi. İrəli hərəkət etmək mümkün deyildi. Xətibin müridləri bütün təşəbbüsü əllərinə almışdılar. Məhsəti xanımı görmək və son kərə onunla görüşmək üçün şəhərin bütün şeir və musiqi maraqları Xərabat məhəlləsinin tininə yığışmışdılar.

Məhəllə qarət olunurdu. Evlər binasından sökülüb dağıdılırdı. Toz məhəllənin ətrafını bürümüşdü. Tozun içərisində nələr olduğundan kimsənin xəbəri yox idi. Oradan ancaq ağlamaq, qışqırmaq, qamçı səsləri eşidilirdi.

Bir neçə saatdan sonra toz təbəqələri parçalandı, bir neçə mürid tozdan ayrıldı. Onlar saçları bir-birinə qarışmış qadını, təhqirli söyüşlərlə söyə-söyə gətirirdilər. Qadın Məhsəti xanım idi. Lakin şairə öz vüqar və əzəmətini pozmamışdı. O, sıra ilə düzülən xalqın içərisindən ətrafa baxa-baxa gedir, göz gəzdirib öz dostlarını axtarırdı. Demək lazımdır ki, bir yığın mürid və mövhumatçılardan başqa, Xərabat məhəlləsi ətrafına yığılan xalq onun dostu idi. Məhsəti bir kərə üzünü xalqa tutaraq: – “Vurun bu alçaq mövhumatçıları! ” – desəydi, Gəncədə bir üsyan başlanacaqdı, ancaq Məhsəti qan tökülməsini istəmədi. O, gözlərini dolandırıb Əmir İnancı gördüyü zaman belini düzəldərək ona diqqətlə baxdı. Əmir İnanc atın üstündə durub məhəllənin dağıdılmasına tamaşa edirdi. Məhsəti xanım Əmir İnancın yanında durub bu rübaini oxudu:

Dünya bəməsəl çü kuzeyi zərrinəst,

Kəh ab dəru təlx, kəhi şirinəst.

To ğürrə məşov ki, ümri mən cəndinəst,

Çün əsbü əcəl həmişə ziru zinəst 7 .

Əmir İnanc heç bir cavab vermədi. O, əhalinin üsyanından qorxurdu. Məhsəti xanımı şəhərdən çıxarmağa məmur olanlar onu Əbubəkr kəndinin yanına qədər aparıb oradan qayıtdılar. Məhsəti xanımın yanında ancaq sadiq və səmimi xidmətçisi Yəqub qalmışdı. Onlar çox yorulmuşdular. Dincəlmək üçün “Çadır bulağ” adlı çeşmənin başında oturdular. Qaranlıq düşürdü. Məhsəti xanım bir daha dönüb Gəncədən gəldiyi yollara baxdı və Yəquba müraciət etdi:

− Deyəsən, uzaqdan qaraltılar görünür. Əmirin adamları olmasın?!

Yəqub bir neçə dəqiqə uzaqdan görünənləri nəzərdən keçirdi. Qaraltılar getdikcə böyüməkdə və canlı bir şəkil almaqda idi. Nəhayət, bir azdan sonra gələnlərin Fəxrəddin və İlyas olduğu anlaşıldı. Məhsəti xanım onların əlini sıxaraq:

− Sizin gəlişinizdən sanki mən öz vətənimə qayıtdım. Nə edim? Bu fəlakətə özümüz səbəb olmadıq. Bizim əsas düşmənimiz gənclərin düşdüyü mövhumatdır. Onlar hələlik musiqi sənətinin qiymətini xətiblərin tərəzisi ilə ölçürlər. Nə Əmir, nə də onun qoşunları bizə bir şey edə bilərdi. Bizi ancaq xalqın avamlığı və düşüncəsizliyi məğlub etdi. Lakin onlar mənim evimi dağıtsalar və mənim əsərlərimi cırıb yandırsalar da, xalqın qəlbini yarıb mənim rübailərimi ordan silməyi bacarmayacaqlar. Onlar məni qovsalar da, xalqın qulağını vətən etmiş səsimi bu məmləkətdən qova bilməyəcəklər.

Fəxrəddin və İlyas Məhsəti xanım üçün gətirdikləri yol tədarükünü, paltarları və yemək şeylərini Yəquba tapşırdıqdan sonra:

− Məktub göndər, biz də göndərəcəyik. Biz əminik ki, bu hadisələr sənin təbinə daha mühüm təkanlar verəcəkdir, − deyə ayrıldılar.

Məhsəti xanımla Yəqub yola düşdülər. İlyas durub Məhsəti xanımın dalınca baxırdı. Gedənlər qaranlığın qoynuna girib gözdən itərkən o:

− Gəncənin qəzəlxan bülbülü susdu, rübaimizin dahi sənətkarını bizdən ayırdılar, − deyərək Gəncəyə tərəf döndü.

Axşam idi. Əmir İnanc Gəncə çayına hakim olan uca köşkündə oturub dalını yumuşaq balışlara söykəmişdi. O, çox diqqətlə, oynamaqda olan rəqqasələrin titrək döşlərinə baxdıqca əlindəki inci təsbehin danələrini dolu kimi bir-birinin üstünə axıdırdı.

Sultan Səncər camesinin minarəsindən “Allahu əkbər” səsi eşidildi və “Allahu əkbər, kəbirən kəbira” – dedi.

Musiqi kəsildi. Rəqqasələr Əmirin qarşısında baş vurub çəkildilər. Sanki azançının minarədən yüksələn “Allahu əkbər” səsi ancaq rəqqasələrə istirahət vermək üçün bir işarə idi.

Əmir İnanc qalxıb fəvvarəli hovuzun kənarında dəstəmaz almağa başladı. Xalqın borcunu verməyənlər Allahın borcunu verməyə hazırlaşırdılar. Namaz otağına keçdilər. Canamazlar rəqqasələrin oynadığı xalçaların üzərində açıldı, namaz qılanlar Allahı xatırlayaraq gözəl rəqqasələrin qədəmləri dəyən yerləri öpmək üçün səcdəyə düşdülər. Şam və xüfdən namazı bitdi. Namazdan sonra canamazların yerində şərab süfrələri açıldı. Namazlarında istədikləri huriləri əvəz etmək üçün gözəl qızlar, gənc saqilər salona daxil oldular. Musiqi dəstəsi öz işinə başladı, rəqqasələr yenə gəldilər. Allahın borcunu verib bitirənlər öz şəhvətlərini söndürməyə başladılar.

Gecədən çox keçmişdi, şərab büsatı da yığışmışdı. Əmir İnanc, sevgili qadını xəlifənin qızı Safiyə xatun və gözəl qızı Qətibənin yanında idi. Xidmətçi içəri girib:

− Hüsaməddin cənabları gəlib səni görmək istəyir, − dedikdə Əmir:

− Buyursun! – deyə yenə də gözəl Qətibənin saçlarını oxşamağa başladı.

Hüsaməddin içəri girib baş əydi və dedi:

− Araz çayını keçmək istəyən bir nəfər qasid tutulub Gəncəyə göndərilmişdir.

− Hazırdır, ya Əmir!

Hüsaməddin getdi, az sonra yanında Məhsəti xanımın xidmətçisi Yəqub salona daxil oldu. Əmir Yaqubu başdan ayağa qədər gözdən keçirdikdən sonra dedi:

− Kimin tərəfindən qasidsən? Amma onu da bilməlisən ki, nicatın doğru danışmaqdadır.

Yəqub heç də təxir etmədən:

− Yalan demək üçün bir səbəb yoxdur. Mən Zəncandan Məhsəti xanım tərəfindən Gəncəyə göndərilmişəm. Məni tutmasaydılar da, bura gələcəkdim.

− Nə iş üçün göndərilmisən?

− Məhsəti xanımın anasına və İlyas adlı gənc bir şairə məktub gətirmişəm.

− Gətirdiyin məktublar hanı?

− Məktubları Araz çayından bu tərəfə keçdiyim zaman sizin adamlarınız aldı.

Hüsaməddin məktubları çıxartdı və:

− Ya Əmir, məktublar budur, − deyərək iki məktubu Əmirə uzatdı.

Əmir birinci məktubu açıb oxuyandan sonra ucadan:

Sübhanallah! − dedi, − bir qadın, özü də əxlaqsız bir qadın, gör nə məsələlərlə məşğuldur!

Bu sözləri dedikdən sonra Hüsaməddinə müraciətlə:

− Eşit, gör o xanəndə və şeir yazan əxlaqsız nə yazır, − dedi:

– “Əziz dostum İlyas! Çox zəhmətlərdən sonra gəlib Zəncan şəhərinə çatdım. İkinci gün “Əxi Fərruxun” 8 ziyarətinə getdim. Əxi Fərrux o qədər sevimli və xoş əqidə, xoşsöhbət bir adamdır ki, mən onunla görüşdüyümün birinci saatında Gəncə ruhanilərindən gördüyüm təhqirləri tamamilə unutdum. Əxi Fərruxun əqidəsi xalqların dostluğunu qurmaq əqidəsidir. Bu əqidə haqqında hərtərəfli məlumat yığdım. Bunun Şimali və Cənubi Azərbaycanda inkişaf etdirilməsinə çalışmaq lazımdır. Bu əqidəni daşıyanlar arasında qardaşlıq əlaqəsi mövcuddur. Ona görə də bunlar özlərinə “Əxi” adı veriblər. Sənin barəndə cənab Əxi Fərruxla danışdım. Sənin şeirlərindən də ona oxudum. O, sənin gələcəkdə zəki və məşhur bir şair olacağına inandı və mənə böyük ümidlər verdi.

Dostum İlyas! Mənim başıma gələn fəlakət sənin mətanətini qırmasın. Zəmanə bu məhvər üzərində uzun zaman davam edə bilməyəcəkdir. Bu günlər Zəncandan köçüb Bəlx şəhərinə gedirəm, oradakı şairlərlə görüşmək istəyirəm. Hərgah yolun düşərsə, bizim məhəlləmizə get, anamı axtar tap, ona təsəlli ver. O mənim şeir və musiqi sənətimdən bir həzz apara bilmədi; onu daima mənim səbəbimə təhqir etdilər. Məktubumun cavabını yazıb öz təzə şeirlərinlə bərabər Yəquba tapşır. Yazdığım rübailəri də sənin üçün göndərirəm. Fəxrəddinə salam.

Zəncan, Məhsəti Gəncəvi”.

Məhsəti xanım da öz ikinci məktubunu anasına yazmışdı.

Əmir İnanc məktubları oxuyub Hüsaməddinə acıqlandı:

− Məmləkət idarə edən adam sizin kimi olmaz! Ölkənin qadın və qızlarından başlamış gənclərinə qədər siyasi məsələrlə məşğuldurlar. Bəs siz nə işdəsiniz?! Bu nə deməkdir? “Zəmanə bu məhvər üzərində çox da davam edə bilməyəcəkdir”. Bunu kim deyir?! Şair və xanəndə bir qadın… Get bu saatda adına məktub gələn İlyası və məktubda adı çəkilən Fəxrəddini hüzurumda hazır et!

Hüsaməddin baş endirib getdi. Əmir yenə də qızı Qətibəni yanında əyləşdirib onun saçlarını oxşamağa davam etdi. Qətibə, Məhsəti xanımın məktub göndərdiyi gənc İlyasla çox maraqlanırdı. O, Məhsəti xanım kimi şöhrətli bir şairənin, öz gözəlliyilə bütün Şərq ölkələrində məşhur olan bir qadının adi adamlara məktub göndərməyəcəyinə əmin idi. Buna görə də gözəl Qətibə İlyası cürbəcür simalarda təsəvvürünə gətirir və ona müəyyən bir şəkil verməyə çalışırdı. O, İlyası gah bir qəhrəman kimi düşünür, gah sakit və aciz bir tələbə kimi xəyal edirdi, lakin yenə də bu təşbihin üzərində dayanmayaraq öz-özünə deyirdi: “Yəqin ki, o çox gözəldir. Gözəl və mərifətli bir gənc olmasaydı, Məhsəti xanım ona məktub göndərməzdi”.

Bu düşüncələrdən sonra Qətibə yenə də İlyasa verdiyi şəkilləri öz qəlbində araşdırır, bir-bir təhlil edir və deyirdi: “Qəhrəmanlıq o qədər də qiymətli bir şey deyildir. Dünyada pəhləvanlar çoxdur. Pəhləvanlarda axmaqcasına bir qorxusuzluq vardır. Məncə, qəhrəmanlıq bambaşqadır. İnsanlar öz güclü qolları, qılınc və nizələri sayəsində özlərini qəhrəman hesab etsələr də, həqiqi qəhrəmanlıq bu deyildir. Qəhrəmanlıq kişinin mətanəti, ağlı, fərasətilə ölçülür. Kişinin bir qadın kimi gözəl olması da faydasızdır. Kişinin gözəlliyi ona aid xüsusiyyəti azaldır. Məncə, ağıllı qızlar kişiləri gözəl olduqları üçün deyil, kişi olduqları üçün sevməlidirlər”.

Qətibə bundan sonra:

“İndi İlyas gələcək, bağışlanmaq üçün atamın ayaqlarına düşüb ağlayacaqdır”, − deyə − düşünürdü, – “Hərgah o ağlarsa və yalvararsa, qəhrəman deyildir. Əbəs yerə Məhsəti xanım kimi məşhur bir qadın onun adına məktub göndərmişdir”.

Qətibə bunları düşündükdən sonra atasına müraciət etdi:

− Ata, indi haman oğlan bura gətirilərsə, sən onu öldürəcəksənmi?

− Birisi sənin baban xəlifənin hökmranlığına qarşı xəyanət düzəldərsə, sən özün ona nə edərsən?

Qətibə bir az düşünərək yavaşdan dedi:

− Mən onun özünü görməmiş və nə cür gənc olduğunu bilməmiş heç bir söz deyə bilmərəm.

Qətibənin bu sözündən həm Əmir, həm də Qətibənin anası Safiyə xatun qəhqəhə ilə güldülər. Qətibə isə utandı və başını aşağı salıb heç bir söz demədi. Bir azdan sonra Hüsaməddin daxil olub Əmirə baş əydi və:

− İlyası tapıb gətiriblər, − dedi.

− Get yanıma gətir! – dedi. Qadınına müraciət edərək, − Siz də durub gedin, − dedi.

Safiyə xanım durub getdi. Qətibə isə Əmirin yanında qaldı.

İlyası Əmirin otağına gətirdilər. O, qapının qabağında durub nə baş əydi, nə də salam verdi. Bu, Əmirə təsir etdi. O, acıqlı bir vəziyyət aldı və soruşdu:

− Məmləkətdən sürgün edilmiş Məhsətinin fikirlərini Gəncədə intişar edən gənc şair İlyas sənsənmi?

İlyas başını qaldırıb:

− Hazırda mən öz fikirlərimi intişar etmək üçün özümə köməkçi axtarıram. Başqalarının fikrini yaymağa vaxtım yoxdur, − dedi.

− Sən nə ilə məşğulsan ki?

− Mən öz şerimi və öz əqidəmi intişar etməklə məşğulam.

Əmir İnanc acıqlı bir surətdə gülərək dedi:

− Hələ tezdir. Çox gəncsən. Əqidə intişarı ilə məşğul olmağının vaxtı deyil.

− Əqidə daşımayan şeir şairin simasını göstərə bilməz.

− Elə isə nə üçün Məhsəti xanımın fikirlərinə tərəfdar çıxmırsan?

− Məhsətinin şeir və musiqi aləmindəki fikirlərinə tərəfdaram.

− Onda sən onun hökumət əleyhinə olan fikirlərinədəmi tərəfdarsan?

− Mən Məhsətinin hökumət əleyhinə olduğunu indicə eşidirəm. Lakin Əmir burasını da bilməlidir ki, Məhsətinin buna haqqı var.

− Onun hökumət əleyhinə olmasına nə kimi bir səbəblə haqq qazandıra bilərsən?

− Məhsəti xanımın hökumət əleyhinə olmasında şeir və sənəti əxlaq pozğunluğu kimi təbir edənlər müqəssirdir. Hökumət onu nə üçün sürgün etdi? Yalnız və köməksiz bir qadını xalqa incəsənət öyrətdiyi üçün sürgün etmək onda hökumətə qarşı mənfi bir əqidə oyandırmazmı? Əqidələr belə doğur, Əmir həzrətləri! Hökumət bir nəfər xətibin haqsız tələblərini razı salmaq üçün böyük bir şəhərin məhəbbətini itirdi. Bir məhəlləni kökündən qazdırıb atmaq, xalqın ürəyində höku-mətə qarşı nifrət, haqsızlığa qarşı üsyan fikrindən başqa bir əqidə yarada bilməzdi. Mən də şairəm, mən də öz xalqımın iradəsini ifadə etməyə çalışıram.

Əmir İlyası diqqətlə dinlədikdən sonra:

– Əgər bu “xalqın iradəsi” sözünü bir də təkrar etsən, səni də Məhsətinin getdiyi yerə göndərəcəyəm.

− Məni haman yerə getməyə məcbur etmək lazım deyil. Həyat bu məhvər üzərində davam edərsə, siz sürgün etməsəniz də, xalq özü dağılıb gedəcəkdir. Yaxşı diqqət verin, Aranda kim qalmışdır? Xalqın bir hissəsi Abxaza, bir hissəsi Şirvana köçübdür. Qalanlarını isə siz sürgün edirsiniz.

Qətibə qolunu atasının çiyninə qoyub İlyası dərin diqqətlə dinləyirdi. O, öz qarşısında tam mənasilə ölüm və işgəncədən qorxu duymayan bir qəhrəman durduğunu hiss edirdi. O öz qəlbində: “Qəhrəmanlığın tələb edəcəyi hər bir xüsusiyyət bu gəncdə vardır. Belə bir gənci kim sevməz? Hətta mənim özüm də belə bir qorxmaz adamı sevə bilərəm. Bunda özünü dünyaya tanıtmaq qabiliyyəti vardır. Mən bununla tanış olacağam. Bunun cəzalanmasına imkan verməyəcəyəm. Atam bunu cəzalandırmaq istərsə, ağlayacağam və onun qəzəbini soyudacağam” – deyirdi.

Əmir xeyli sonra başını qaldırıb böyük bir təəccüblə İlyasdan soruşdu:

− Babam Məhəmməd, atam isə Yusifdir.

− Atan nə işdədir?

− O, mən uşaq ikən ölmüşdür.

− Demək ki, tərbiyəni anandan almısan?

− Anam da mən körpə ikən ölmüşdür.

− İndi kimin himayəsində yaşayırsan?

− Dayılarım vardır. Lakin öz himayəmdə yaşayıram.

− İndiyə qədər kimin himayəsində yaşayırdın?

− Onlar kimlərdir, adları nədir?

− Kürdlərin nücəbasındandır – Qafar ağa, Abdulla ağa və Seyfəddin ağa.

− Onlar hazırda nə işdədirlər?

− Onlar burda deyillər, Bağdadda yaşayırlar.

− Xəlifənin xüsusi mühafizə dəstələrinin rəisləridirlər.

− Dayıların xəlifənin sadiq qulları olduğu halda, nə üçün sən xəlifənin əleyhinə danışırsan?

− Mənim dayılarım xəlifənin qulları deyil. Nə ana, nə də ata nəslimizdə qul olmuşdur. Bizim dayılarımız xəlifə himayəsində yox, əksinə olaraq xəlifənin özü dayılarımın qılıncı himayəsində yaşayır.

− Bu da təzə bir xəbər! İndi bir az da Məhsəti ilə əlaqəndən danış.

− Əlaqə düzəltməyə çalışıram, təəssüf olsun ki, hələlik buna nail olmamışam.

− Sən bunu özün üçün bir iftixarmı bilirsən?

− Nə üçün də bu şərəfi daşımamaq? Məhsəti xanım olmasaydı, Şərqdə məşhur rübai sənətkarı Xəyyamın adı tək qalacaqdı.

− İndiyə kimi Məhsəti xanımdan neçə məktub almısan?

− Hələlik o cürə xoşbəxtlik mənim qapımı döyməmişdir.

Əmir gülərək dedi:

− Elə isə səni təbrik etmək lazımdır. Haman xoşbəxtlik qapını döyməyə başlamışdır. Məhsəti xanım sənin adına məktub göndərmişdir. Budur haman məktub mənim əlimdədir.

− Madam ki, ölkə xalqının bir-birinə məktub göndərməyə ixtiyarı yoxdur, o zaman başqalarını hökumət əleyhdarlığı ilə təqsirləndirməyin özü də haqsızlıqdır.

Bu sözlərdən sonra nə İlyas, nə də Əmir danışdılar. Qətibə isə böyük bir həyəcanla işin nə ilə qurtaracağını gözləyirdi. İlyas nə ətrafına baxır, nə də öz yerindən qımıldanırdı. O, Əmirin böyük salonunda qoyulmuş tunc heykəllər kimi bütün ağırlığı ilə durmuşdu.

Xeyli sonra Əmir başını qaldırıb dedi:

− Səni məhv etmirəm, çünki səni məhv etmək xəlifənin ən yaxın adamlarını təhqir etməkdir. Kübar tayfaların içərisində sənin kimi itaətsiz adamlar çox az tapılır. Mən bu gün onlara məktub göndərəcəyəm. Sənin Aranda yaşamağın böyük bir nəslin rüsvayçılığına səbəb ola bilər. İndi gedə bilərsən. Lakin sənin Arandan bir tərəfə getməyinə icazə vermirəm.

Əmir sonra da Hüsaməddinə müraciətlə tapşırdı:

− Bunu nəzarət altında saxlarsınız. İndi isə evinə buraxın.

Qətibə sevindi və atasını başını sığallamağa başladı.

Fəxrəddin bir qapıdan içəri girdiyi zaman Nizami də bu biri qapıdan dəhlizə çıxdı. İlyas Əmirin evindən küçəyə çıxdığı zaman artıq gecə idi. Çinarın dibində bir qaraltı durmuşdu. İlyas yolunu davam etdirərkən qaraltıdan belə bir səs eşidildi.

Страницы книги >> 1 2 3 4 5 6 7 8 9 10 | Следующая

Данное произведение размещено по согласованию с ООО “ЛитРес” (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Оплатили, но не знаете что делать дальше?

Məmməd Səid Ordubadi “Qılınc Və Qələm cild 2” PDF

İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu «Qılınc və qələm» romanı Məmməd Səid Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılmışdır. Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışmış, xalq həyatının geniş lövhələrini yaratmışdır. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq «Qılınc və qələm» adlandırılmışdır. Zəngin surətlər qalereyası ilə diqqəti cəlb eləyən romanda ilk sətirlərdən oxucuya xoş gələn cəhət müəllifin özünə məxsus bir məhəbbətlə qəhrəmanların düşdüyü vəziyyəti təsvir etməsidir. Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin süjet xətti ətrafında birləşdirən, oxunaqlı və yığcam quruluşlu «Qılınc və qələm», şübhəsiz, Ordubadi yaradıcılığında mühüm yer tutan, Nizami və dövrünü öyrənməyə böyük həvəs oyadan qiymətli tarixi romandır.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Məmməd Səid Ordubadi “Qılınc Və Qələm cild 2” PDF

Məmməd Səid Ordubadi

Ordubadi Məmməd Səid (24 mart 1872, Ordubad şəhəri – 1 may 1950, Bakı, Fəxri Xiyabanda dəfn olunmuşdur) — görkəmli azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi. Azərbaycanın Əməkdar İncəsənət xadimi (1938). “Qılınc və qələm” (1946-1948), “Dumanlı Təbriz” (1933-1948), “Gizli Bakı” (1940), “Döyüşən şəhər” (1938) kimi tarixi romanlarının müəlifidir.

Şair Fəqir Ordubadinin oğludur.

Fəqirin ailəsi həmişə çətinliklə dolanmışdır. Sonralar gözləri tutulmuş şairin ömrünün son günləri xüsusilə ağır ehtiyac içərisində keçmişdir. Atasının ölümündən sonra 7 yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlamış, lakin onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olmuşdur. O özünün ilk əmək fəaliyyəti haqqında belə yazır:

“Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt on dörd yaşım var idi. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim. Mən bu mövsümün altı ayını çalışıb, altı ayını oxudum”.

Ordubadi ilk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı bir müəllimin məktəbində almışdır. Şeir və ədəbiyyat maraqlısı olan Mirzə Baxşı Ordubadinin istedadını və oxumağa böyük həvəsi olduğunu görərək ona daha artıq diqqət verir, hətta ondan təhsil haqqı da almır. Lakin əsil təhsilini Ordubadi dövrünün qabaqcıl maarifpərvərlərindən olan şair Məmməd Tağı Sidqinin açmış olduğu yeni tipli məktəbdə – üsuli-cədid məktəbində alır. Öz dövrunə görə geniş məlumat və dərin bilik sahibi olan Sidqi Ordubadinin müasir dünyəvi elmlərin əsaslarına yiyələnməsində, beynəlxalq ədəbi hadisələr, elm və mədəniyyət yenilikləri ilə tanış olmasında, onun demokratizm və maarifçilik ruhunda tərbiyə almasında mühüm rol oynamışdır.

Məktəbdən kənar vaxtlarını Ordubadi mədrəsəyə gedərək ərəb və fars dillərini, sərf-nəhv və məntiqi öyrənməyə sərf edirdi.

Dördsinifli şəhər məktəbini bitirdikdən sonra daha oxumağa imkanı olmayan Ordubadi biliyini şəxsi mütaliə yolu ilə artırmaqda davam etmiş, eyni zamanda fabrik və zavodlarda çalışaraq ailəsini dolandırmışdır. Əvvəllər siyasi şüuru aydın olmadığından o istismarı və onun səbəblərini hələ dərk etmirsə də, getdikcə istismarçı quruluşun bütün ağırlıqlarını öz üzərində hiss edərək etiraz səsini qaldırmağa başlayır. Bu barədə xatirələrində yazır:

“. Sağlam bədənim var idi, yorğunluq nə olduğunu bilmirdim. Hər kəsdən əvvəl işə gəlib, hər kəsdən də sonra gedirdim. Zavod sahibi Karapet Babayev də “sağ ol” deyə hey fəaliyyətimi tərifləyirdi. Mən də bundan xoşlanırdım, çünki istismarın və istismarçının nə olduğunu bilmirdim. Mən 1901-ci ildən Rzayevin zavodunda çalışırdım. Rzayev çox böyük istismarçı idi. İşi illik olduğundan bütün əziyyətlərə dözməyə məcbur olurduq. Bu barədə mən bir şeir də yazmışdım:

Qorxuruq küləkdən, qorxuruq yeldən,
Ruzumuz asılmış incə bir teldən.
İşə çağırırlar ulduz batmamış,
İşdən buraxmazlar şəhər yatmamış.

Sahibkarların zülm və haqsızlıqlarını fəhlələrə başa salıb etiraz çıxışları təşkil etdiyindən Ordubadi tez-tez işdən qovulur və yeni iş yeri axtarmağa məcbur olurdu. Bu vəziyyət 1907-ci ildə Culfaya köçdüyü zamana qədər davam edir. Culfaya köçməsinə isə onun ədəbi fəaliyyəti səbəb olur.

Poeziya

Ordubadi ədəbi yaradıcılığa 14-15 yaşlarından başlamışdır. Müəllimləri Mirzə Baxşı və Sidqi onda şeirə, yaradıcılığa olan meyil və həvəsi daha da gücləndirmişdi. Bu barədə o öz xatirələrində deyir:

“Mən şeir demək və yazıçı olmağa heç də həvəslənmirdim. Atamın yazdığı şeirlərin palçıq içərisinə atılması heç də yadımdan çıxmırdı. Bir çox zamanlar anam da buna mane olurdu. Çünki atamın şeir sənətindən nə kimi fəlakətlər çəkdiyi onun gözünün qabağında idi. Lakin məktəb və şeirləşmə işi özüm də hiss etmədiyim bir surətdə məni şeir yazmağa öyrətdi”.

Aşiqanə parçalardan ibarət olan ilk şeirlərini Ordubadi Azərbaycan və fars dillərində yazmışdır. Bu ilk şeirlərə nümunə kimi aşağıdakı parçanı göstərmək olar:

Əzizim, hicri-qəmin aşiqə müsibət olur,
O sərv qamətini kerməsəm qiyamət olur.
Səfay-i-gülşənə çıxma, xəzanə görsənmə,
O gül camalı qızıl gül görüb xəcalət olur.

1903-çü ildə “Şərqi-Rus” qəzetində Ordubadinin qəzetin nəşrə başlanmasını alqışlayan şeri çap olunur. Bu, şairin mətbuatda çıxan ilk əsəri idi. Şerinin dərc olunması onu ardıcıl olaraq dövri mətbuatda çıxış etməyə həvəsləndirir. Xüsusilə 1905-ci il inqalabından sonra mətbuat səhifələrində onun imzasına tez-tez rast gəlmək olur. İnqilabdan ruhlanan şairin yaradıcılığında yeni dövr başlayır. O, azadlığa, mütləqiyyət üsuli-idarəsi ilə mübarizəyə çağıran əsərlər yazır. Cəhalət və nadanlıq əleyhinə yazdığı “Ədəbiyyat” adlı ilk mətbu şeri Tbilisidə çıxan “Şərqi-Rus” qəzetinin 13 iyul 1903-cü il tarixli 31-ci sayında dərc olunmuşdur. 1906-cı ildə Tbilisidə “Qəflət”, 1907-ci ildə isə “Vətən və hürriyyət” adlı şer kitabları çap edilmişdir. 1906-cı ilin aprelindən nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı gələcək ədibin yaradıcılıq inkişafına böyük təsir göstərmişdir. Ordubadinin “Politika aləmindən” adlı felyetonu jurnalın 2 iyun 1906-cı il tarixli 9-cu sayında çap edilmiş, beləliklə, o, jurnalın əsas əməkdaşlarından biri olmuşdur. O, Bakıda çıxan “İrşad”, “Səda”, “Sədayi-həqq”, “Tərəqqi”, “Tazə həyat” və s. qəzetlərdə, “Tuti”, “Babayi-Əmir” jurnallarında da yaxından iştirak edirdi.

1906-cı ildə şairin “Qəflət”, 1907-ci ildə isə “Vətən və hürriyyət” adlı şeir kitabçaları çapdan çıxır. Hər iki kitabda müəllifin maarifçi fikirləri öz əksini tapmışdır.

Molla Nəsrəddin

Ordubadinin istər ədəbi yaradıcılığında, istərsə də muhərrirlik fəaliyyətində “Molla Nəsrəddin” jurnalının böyük müsbət rolu olmuşdur. 25 il öz yazıları ilə jurnalda əməkdaşlıq etmiş yazıçının ilk yaradıçılığının realizm və demokratizm istiqamətində inkişaf etməsində, dünyagörüşündəki bəzi ziddiyyətlərdən azad olmasında jurnalın köməyi çox böyük idi.

1905-ci il inqilabından sonra Ordubadinin həyatında ədəbi yaradıcılığı mühüm rol oynamağa başlayır. “Əsərlərim artdıqca, xüsusən “Molla Nəsrəddin” məcmuəsindəki iştirakını sıxlaşdıqca düşmənlərim də artırdı” – deyə Ordubadi Culfaya köçməsinin səbəbini belə izah edir. Vəziyyət doğrudan da, belə idi. Dini, mövhumatı, ayrı-ayrı molla, seyid və başqa cəhalətpərəstləri tənqid etdiyindən qatı mövhumat yuvası olan o zamankı Ordubadda yaşamaq şair üçün çox çətinləşmişdi. Buna görə də o, Culfaya köçməyə məcbur olmuşdu.

İran inqilabı

Culfa mühiti Ordubadinnn həyatına bir sıra yeniliklər gətirir. O, İran inqilabına kömək edən təşkilatın üzvləri ilə tanış olur və inqilabda iştirak edir, sosial-demokrat təşkilatı “Hümmət”in Culfa təşkilatına daxil olur. İran inqilabında iştirakı ədibə bir çox əsərlər yazmaq üçün mövzu verir. Xatirələrində ədib yazır:

“Biz İran inqilabına çox əhəmiyyət verirdik. Mən inqilabın gedişi ilə çox yaxşı tanış idim. Bu inqilabdan başqa, bir nəticə gözləmirdim. Mən bu inqilabdan ancaq torpaq məsələsinin həll olunması, maarifin irəli getməsi, bir də qadınların açıq gəzməsini gözləyirdim. Bu təsir altında olaraq iki əsər yazdım: birisi “Nisvani islam”, digəri isə “Bədbəxt milyonçu, yaxud Rzaqulu firənkiməab”.

Sürgün

Ədəbi və inqilabi fəaliyyəti genişləndikcə hökumət dairələrinin Ordubadiyə qarşı şübhələri də artırdı. Nəhayət 1914-cü ilin yanvarında ədib həbsə alınaraq Saritsin şəhərinə sürgün edilir. Sürgün illəri ədib üçün olduqca ağır keçmişdir. Qışın ən şiddətli soyuqlarında yatabla uzaq yol getməsi, həbsxanadan-həbsxanaya aparılması, aclıq, dözülməz sürgün həyatı onun səhhətini pozmuşdu. Buna baxmayaraq, imkan tapan kimi Ordubadi vətəndəki dostları ilə əlaqə yaradaraq yazdığı yeni əsərlərini çap etdirməyə müvəffəq olurdu.

1914-cü ildə Bakıda ədibin “Bədbəxt milyonçu” və “Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi” əsərləri çapdan çıxır, daha sonra “Babayi-Əmir”, “Tuti”, “Qardaş köməyi” və s. jurnal və qəzetlərin səhifəlrrində şeir və felyetonları dərc olunur.

Bolşevik mətbuatı

Sürgündən Ordubadi 1917-ci il fevral inqilabı nəticəsində azad olur. Tezliklə bolşevik təşkilatları ilə əlaqəyə girərək o, inqilabi fəaliyyətini davam etdirir. 1918-ci ildə Kommunist partiyası sıralarına daxil olan yazıçı Həştərxanda çalışan Azərbaycan bolşeviklərinin dəvəti ilə Həştərxana gələrək orada “Hümmət” qəzetində əməkdaşlıq edir. “Hümmət” səhifələrində Ordubadinin şeir və məqalələri, “Bolşevizm və aləmi-islam” adlı iri publisistik əsəri dərc olunur. 1920-ci ildə Ordubadi XI ordunun sırasında Dağıstana gəlir, orada mətbəələrin milliləşdirilməsində, poliqrafiya bazasının yaradılmasında fəal iştirak edir, “Qırmızı Dağıstan” qəzetini nəşr etdirir, sonra isə Azərbaycana gəlir.

1920-ci ilin mayında Bakıya gələn ədib böyük bir sevinc və “enerji ilə ədəbi-ictimai işə qoşularaq maarif və mədəniyyətin müxtəlif sahələrində çalışır. Xüsusən mətbuat sahəsində onun böyuk fəaliyyət göstərdiyini qeyd etmək lazımdır. “Əxbar”, “Kommunist”, “Maarif işçisi”, “Yeni yol”, “Molla Nəsrəddin”, “Şərq qadını” kimi qəzet və jurnalların nəşrində Ordubadinin əməyi çox idi. O zamanlar yenicə təşkil olunmuş “Tənqid-Təbliğ” teatrında da Ordubadi fəal çalışırdı. O, teatr üçün günün mühüm məsələlərinə dair kupletlər, kiçik təbliği pyeslər yazırdı.

Ümumiyyətlə 20-ci illər Ordubadi fəaliyyətinin ən qaynar, dolğun illəridir. Bu illərdə o, dini, mövhumatı tənqid edən onlarla əsər — şeir, felyeton, məqalə və kitab yazır. “Məhərrəmlik və rövzəxanlıq” (1924), “Qurban bayramı bidəti” (1925), “Kərbəla hadisələrinin mənşəi” (1925), “Məhərrəmlik və mədəvi inqilab” (1929) kimi ateistik mövzuda yazdığı bir sıra əsərləri mövhumatla mübarizədə mühüm rol oynayır.

20-ci illərdə Ordubadinin lirik və satirik şeirlərdən, tərcümə və poemalardan ibarət bir neçə şeir kitabı da nəşr edilmişdir, “Şe’rlər”, “Leninə”, “Analıq”, “Köhnə adamlar” “Mənim şe’rlərim” və başqa kitablarının nəşri Ordubadinin şeir və bədii tərcümə sahəsində də ardıcıl çalışdığını göstərir.

Bu dövrdə ədəbiyyatın demək olar ki, bütün janrlarında yazıb yaradan sənətkar, mövzusu müasir həyatdan alınmış bir neçə dram əsəri də qələmə alır. Onun müvəffəqiyyətlə tamaşaya qoyulan “Sabotajniklər”, “Dinçilər”, “Oktyabr inqilabı” va başqa pyesləri bu dövrün məhsuludur.

Yaradıcılığının məhsuldar dövrü

Böyük Vətən müharibəsi illərində qocalığına və səhhətinin pozulmasına baxmayaraq vətənpərvər yazıçı, öz qələm yoldaşları ilə birlikdə yorulmadan çalışır, radio və mətbuatda faşizm əleyhinə əsərləri ilə çıxış edir, sovet adamlarının rəşadət, vətənpərvərlik kimi yüksək keyfiyyətlərini alqışlayan yeni-yeni əsərlər yazır. “Gənc çekistlər”, “Kiçik şəhər”, “Serjant İvanov adına körpələr evi” kimi roman və hekayələr, “Maral”, “İntizar çəkənlər” pyesləri həmin dövrdə yazılmışdır. “XII əsr Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri” əsəri ciddi tədqiqatın məhsuludur. Bütün bunlarla bərabər, o, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi şöhrət tapmışdır. O, 20-ci illərdən əvvəl yazmağa başladığı dörd cildlik “Dumanlı Təbriz” (1933-1948) roman-epopeyası ilə Azərbaycan ədəbiyatında bu janrın əsasını qoymuşdur. Nizami Gəncəvi dövründən bəhs edən “Qılınc və qələm” (1946-1948) romanında [1] ədib dahi şairin obrazını, o dövrün ictimai-siyasi mənzərəsini yaratmışdır. Onun “Döyüşən şəhər” (1938), “Gizli Bakı” (1940) tarixi romanları da var.

M.S.Ordubadinin “Həyatım və mühitim” əsəri təkcə ədibin həyatı və yaradıcılığı haqqında deyil, dövr haqqında geniş məlumat verən bir əsər kimi qiymətlidir və M.S.Ordubadinin geniş bilik sahibi olduğunu təsdiq edir.

Topluda ikinci əsər “Qanlı sənələr”dir. 1905-06-cı illərdə Qafqazda, xüsusən Azərbaycanda ermənilərin törətdiyi qanlı hadisələri M.S.Ordubadi özünün canlı müşahidələri və 245 müxbir məktubu əsasında tarixi faktlara əsaslanaraq qələmə almışdır.

“Qanlı sənələr”dən bəlli olur ki, müəllif ilk öncə Bakıda “İrşad”, “Təzə həyat” qəzetlərində bu hadisələrə dair yazdığı məqalələrdə qərəzsiz məlumat vermişdir. Müəllif “Mən çox fəxr edirəm ki, hər cür fitnəkar məqsədlərdən uzaq, hər növ şəxsi qərəzdən kənar olan məktublar alıb bu məcmuədə dərc etdim (Allah hamısından razı olsun). Ümidvaram, bitərəfanə yazılmış bu sadə və mükəmməl tarixinə müsəlman və ermənilərin hörmətli yazıçıları islah nəzəri ilə yanaşıb, saf ürək, pak qəlb, salim vicdanı ilə qəbul edib, onu başıuca edəcəklər. Əslində mən yazıçı deyiləm. Fəqət, zərrənin dünyanı işıqlandıran günəşə olan nisbəti qəbilindən möhtərəm yazıçıların arxasınca sürünürəm. Bunu da bütün Qafqaz millətləri bilməlidir: mənim bu əsəri yazmaqdan məqsədim millətimizi məsuliyyətdən qurtarmaq, insanpərvər kimi tanıtmaq, həmçinin erməni qonşuları məsul tutmaq, vəhşi və insaniyyətdən uzaq bir varlıq kimi nişan vermək də deyil. Bəs nədir? Mənim məqsədim müsəlman və ermənilərin iki il ərzində törətdikləri səhv və xətalarını söyləməkdir. Bəlkə, onların və bizim bu xətalardan ötrü təəssüfə layiq bir halda gələcək qarşısında xəcalət çəkəcəyimizi deyib durmaqdır”.

Müharibədən sonrakı illərdə Ordubadidə muasir mövzulara meyl daha çox nəzərə çarpır. Müharibə illərində sovet adamlarının ön və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlara həsr olunmuş “Təzə adam” romanı və Sumqayıt tikintisindən bəhs edən “Böyuk quruluşda” adlı dramı müharibədən sonra qələmə aldığı əsərlərdəndir.

1907-ci ildən Culfaya köçən Ordubadi bu illərdə ədəbi fəaliyyətini davam etdirməklə yanaşı, Cənubi Azərbaycanda Səttarxanın rəhbərliyi altında başlayan azadlıq hərəkatı ilə də yaxından maraqlanırdı. O, həmin illərdə “Molla Nəsrəddin” jurnalında, Bakıda nəşr olunan qəzetlərdə İran həyatına dair çoxlu felyeton, şer və digər yazılarla çıxış etmişdir. Ədib həmin illərdə “İki cocuğun Avropaya səyahəti” (1908), “Bədbəxt milyonçu, yaxud Rzaquluxan firəngiməab” (1914) romanlarını çap etdirmişdir. Həmin əsərlərdə maarifçilik ideyaları təbliğ olunur. 1911-ci ildə Bakıda milyonçu Murtuza Muxtarovun maddi köməkliyi ilə Haşım bəy Vəzirovun “Səda” mətbəəsində nəşr edilən “Qanlı sənələr” adlı kitabında müəllif real faktlar və sənədlər əsasında 1905-1906-cı illərdə çar hökumətinin himayəsi və erməni daşnaksütyun partiyasının fitvası ilə törədilən milli qırğın faciəsini qələmə almışdır. [2] 10-cu illərdə “Baği-şah, yaxud Tehran faciəsi” (1910), “Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi” (1914) pyeslərini də çap etdirmişdir. 1915-ci ilin yanvarında Culfada həbs olunaraq, Saritsına (indiki Volqoqrad) sürgün edilən ədib burada kommunistlərlə yaxınlaşmış, 1918-ci ildə Kommunist partiyası sıralarına girmişdir. O, 1920-ci il mayın əvvəlində Bakıya gələrək, “Əxbar” qəzeti redaktorunun müavini, bir qədər sonra isə redaktoru olmuşdur. 1925-1928-ci illərdə “Yeni yol” qəzetinin redaktoru, bir müddət “Molla Nəsrəddin” jurnalının müdiri vəzifələrində işləmişdir. 1920-ci ildən daha məhsuldar işləyən ədib şer, felyeton, publisistik məqalələr yazmış, tərcüməçiliklə məşğul olmuş, şer kitabları çap etdirmiş, “Koroğlu”, “Nərgiz”, “Nizami” operalarının, “Beş manatlıq gəlin”, “Ürək çalanlar” musiqili komediyalarının librettosunu, “Dumanlı Təbriz” pyesini yazmış, həmçinin Nizami Gəncəvi, Füzuli, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir və başqaları haqqında məqalələr dərc etdirmişdir.

Əsərləri müxtəlif dillərə tərcümə edilmişdir. Azərbaycan SSR Ali Sovetinin (1-3-cü çağırış) deputatı seçilmiş, Lenin ordeni və “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. Azərbaycanda bir sıra küçəyə, mədəni-maarif müəssisəsinə Ordubadinin adı verilmiş, Ordubadda və Bakıda ev-muzeyi yaradılmış, Naxçıvanda büstü qoyulmuşdur.

M. S. Ordubadi uzun sürən xəstəlikdən sonra 1 may 1950-ci ildə Bakıda vəfat etmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.