MÖVLANA CƏLALƏDDİN RUMİ MƏNƏVİYYAT MƏSNƏVİLƏRİ 2
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, geniş ictimaiyyətin istifadəsinə təqdim olunmuş üçcildlik əsərin birinci cildinin tərcümə prosesində fars və türk nəşrlərindən müqayisəli-qarşılaşdırma yolu ilə istifadə edilmiş və nəşr zamanı “Məsnəvi” kitabında müasir oxucu üçün çətin anlaşılan bir sıra termin və xüsusi isimlərin şərhi və izahı da verilmişdir.
Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” əsərinin Azərbaycan dilinə tərcüməsi nəşr edilmişdir
Bakı, 1 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin Cəlaləddin Ruminin “Mənəviyyat məsnəviləri” və “Məsnəviye-Şərif” adlandırılan qiymətli didaktik xarakterli hikmət xəzinəsi olan poemasının Azərbaycan dilinə tərcüməsi Naxçıvandakı “Əcəmi” nəşriyyatında işıq üzü görmüşdür.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, geniş ictimaiyyətin istifadəsinə təqdim olunmuş üçcildlik əsərin birinci cildinin tərcümə prosesində fars və türk nəşrlərindən müqayisəli-qarşılaşdırma yolu ilə istifadə edilmiş və nəşr zamanı “Məsnəvi” kitabında müasir oxucu üçün çətin anlaşılan bir sıra termin və xüsusi isimlərin şərhi və izahı da verilmişdir.
Şərq İslam dünyasının görkəmli klassikinin təxminən 26 min beytdən ibarət olan bu əsərinin əlyazması 6 dəftərdən ibarətdir. Mövlana “Məsnəvi” kitabında maarifləndirici, dini bilikləri, yaşadığı illərə qədər cəmiyyət üçün keçərli olan anlayış və davranışları, mənəvi-əxlaqi dəyərləri, iman sahibi, mömin bir bəndə olaraq inandırıcı bir üslubla, həm də bədii və axıcı dillə vəsf etmişdir. Dünya ədəbiyyatının incisi sayılan bu əsərdə sufiliklə bağlı elmi və əxlaqi fikirlər kiçik, lakin yaddaqalan ibrətamiz əhvalatlar şəklində təqdim olunur.
“Məsnəvi” eyni zamanda müqəddəs kitabımız “Qurani-Kərim”in şərhi, təfsiri kimi də diqqəti cəlb edir. Burada 1.221 beytdə “Quran” ayələrindən, 745 beytdə isə hədislərdən istifadə edilmişdir. Onun fikrincə, dünyada var olan bütün elmlər, sənətlər və varlıqlar insanı bəxtiyar etmək üçün mövcuddur. İnsan Allahı dərk etdiyi, onun hökmlərini yerinə yetirdiyi zaman mənəvi cəhətdən paklaşır, ruhən kamilləşir. Bu keyfiyyətlərinə görə “Məsnəvi” beynəlxalq miqyasda diqqəti cəlb etmiş, əsrlər boyu çox geniş bir sahədə üzərində şərh, tərcümə, seçmə, mövzulara görə təsnif və lüğət çalışmaları aparılmışdır.
“Məsnəvi”nin mindən artıq əlyazma nüsxəsi İstanbul, Tehran, Bombey, Təbriz, Münhen, London kimi şəhərlərdə tapılmış, yüzə yaxın nəşri məlumdur. Bu əsərin daha çox türkcə və farsca olmaq üzrə çeşidli dillərdə yazılmış 40-dan artıq şərhi mövcuddur. Mənəvi dəyərlərimizdən olan “Məsnəvi”nin ön sözünü və ilk 18 beytini Mövlana öz dəst-xətti ilə yazmış, qalan qismini, yəni təxminən 25 mindən artıq beytini isə o demiş, urmiyalı Hüsaməddin Çələbi qələmə almışdır. Bu yazı prosesi və onun üzərində düzəlişlərin aparılması on beş ilə yaxın sürmüş və nəhayət, dünya ədəbiyyatının şedevrləri sırasına daxil olan qiymətli mənəviyyat xəzinəsinə çevrilən dərin məzmunlu fəlsəfi bir əsər – “Məsnəvi” meydana çıxmışdır.
Bir çox dünya dillərinə tərcümə olunmuş XIII əsr islam sufizm ədəbiyyatının ən qiymətli incisi olan “Məsnəvi”nin ilk dəfə Azərbaycan dilinə tərcüməsinin nəşri milli –mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsi kimi ədəbiyyatsevərlərə, geniş oxucu kütləsinə layiqli bir hədiyyədir.
Bu nəşrin təşəbbüsçüsü və kitabın baş məsləhətçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, elmi redaktoru isə akademik İsa Həbibbəylidir.
MÖVLANA CƏLALƏDDİN RUMİ MƏNƏVİYYAT MƏSNƏVİLƏRİ 2
XIII əsrin ən məşhur sufi şairlərindən biri olan Movlana Cəlaləddin Ruminin «Mənəviyyat məsnəviləri»nin ikinci dəftərini də bitirdim. Bu əsər altı «dəftər»dən ibarətdir. Əsər təsəvvüf ədəbiyyatının ən mükəmməl nümunəsidir.
Cəlaləddin Rumi 30 min beytlik divanın, «Mənəviyyat məsnəvi»ləri adlandırılan 47-min beytlik farsca yazılmış əsərin, «Fihi mafihi» («Əşyaların mahiyyəti») fəlsəfi və dini fəlsəfi əsərlərin müəllifidir. Cəlaləddin Rumi əsərlərinin demək olar ki, əksər hissəsini fars dilində yazmışdır. Lakin onun Türk dilində də şerləri vardır. Cəlaləddin Ruminin ədəbi irsi bütün Şərq aləmində, həmçinin Avropada geniş yayılmışdır.
Qeyd etdiyimiz kimi, Cəlaləddin ədəbi irsinin əksər hissəsi fars dilində yazılmışdır. Lakin bu görkəmli şairin əsərləri son illərə qədər Azərbaycan dilinə tərcümə olunmamışdır. Yalnız Ruminin «Mənəviyyat məsnəvi»lərindən bəzi parçalar, yarımçıq şəkildə XX əsrin əvvəllərində ayrı-ayrı müəlliflər tərəfindən tərcümə olunmuşdur.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
“Mövlana” sözünün mənası nədir və Mövlana kimdir?
Ərəb dilində “mövla” sözünün bir neçə mənası vardır ki, bunların içində ən geniş yayılanı “başçı, ağa, rəhbər” mənasıdır. Qədir-Xüm günündə də Həzrət Mühəmməd Peyğəmbər (s) İmam Əlinin (ə) barəsində “mövla” sözünü məhz bu mənada işlətmişdi. Sözün sonuna əlavə edilən “na” şəkilçisi “bizim” mənasını verir. Yəni “mövlana” – “bizim ağamız, rəhbərimiz” deməkdir. İslam tarixi boyunca bəzi şəxslərə ehtiram əlaməti olaraq onları “mövlana” adlandırmışlar. Xüsusilə, Hindistanda və Şimali Afrikada yaşamış müsəlman alimlərinə “mövlana” deyə müraciət etmək ənənə şəklini almışdı. Azərbaycan ədəbiyyatında da dahi şair Füzulini bəzən “mövlana Füzuli” adlandırırlar. Lakin bu ləqəb, konkret ad göstərilmədiyi halda XIII əsrdə yaşamış məşhur təsəvvüf xadimi və şair Cəlaləddin Rumiyə aid edilir. Mənbələrdə onu “Mövlana Rumi” və qısa şəkildə “Mövlana” kimi xatırlayırlar. Sələfi əqidəli bəzi alimlər Allahdan və peyğəmbərdən başqasını “mövlana” adlandırmağı günah sayırlar.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.