Press "Enter" to skip to content

Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci IL tarixli

Peşəyönümü elə bir problemdir ki, burada şagirdlərin müs­tə­qilliyinə və seçim qarşısında sərbəstliyinə əsaslanmaq lazımdır. Əks halda seçilən peşə nə onun sahibinə, nə də cəmiyyətə elə bir fayda gətirməz.

Muasir azerbaycan edebiyyati 2 cild

Yeni dövr Azərbaycan ədəbiyyatı

II mərhələ (XIX əsr)

XIX əsr Azərbaycanın mədəni, iqtisadi inkişafında, o cümlədən ədəbiyyat tarixində mürəkkəb, ziddiyyətli, ictimai-siyasi hadisələrləzəngin, bir mərhələdir. Ölkənin iki yerə parçalanması, Rusiya və İran arasında bölüşdürülməsi, feodal münasibətlərinin sarsılması, kapitalist münasibətlərinin inkişafı Azərbaycan xalqının taleyinə ciddi təsir göstərdi.

Əsrin əvvələrində Rusiyanın tərkibinə daxil edilmiş Azərbaycanda vöəziyyət ağır olaraq qalırdı. Rusiyanın iqtisadi həyatında baş verən in­ki­şaf Azər­­baycanda həələ müşahidə olunmurdu. Sənayedə artım yox dərəcəsində idi, kəndli təsərrüfatı məh­dud, əmək alətləri isə ibtidai idi.Əsrin 30–40-cı illərində iqtisadi vəziyyət nisbətən dəyişdi. Rusiyanın to­xu­culuq sənayesi üçün göndərilən xammalın həcmi artdı, Azərbaycana müx­təlif parşa növlərinin idxalı çoxaldı. Lakin bu, əhəmiyyətli irəliləyişə səbəb olmadı.

Rusiyanın müstəmləkə kimi baxdığı Azərbaycanda yürütdüyü siyasət də özü­nü doğrultmadı; bəylik hüququnun ləğv edilməsi, bəylərin ölkənin idarə edil­məsi işin­dən uzaqlaşdırılması mülkədarlar tərəfindən kəndli üsyanlarının qı­zış­dırıl­ma­sına səbəb oldu. Rusiya hökuməti səhvini dərhal düzəltdi, bəylə­rin, mülkə­darların imti­yazları bərpa edildi, kəndlilərin vəziyyəti isə daha da ağır­laşdı. Belə bir vəziyyətdə, çar hökuməti ölkəni idarə etmək üçün yerli kadrlara ehtiyac duyduğundan yeni tipli məktəblərin açılmasına, dünyəvi təhsilə, rus dilinin öyrənilməsinə xüsusi diqqət ayırmağa başladı.

Əsrin ortalarından etibarən iqtisadiyyatda inkişaf meyilləri güclənməsi təhsil, elm, mədəniyyət, ədəbiyyat sahəsində də canlanmaya səbəb oldu. Yeni tipli məktəblərin, realist ədəbiyyatın, milli dramaturgiya, teatr, mətbuat, peşəkar ədəbi tənqidin yaranması məhz bu dövrlə bağlıdır.

XIX əsrdə ölkədə yaranmış yeni şəraitlə əlaqədar olaraq elm, mədəniyyətdə, ictimai və fəlsəfi fikirdə, ədəbiyyatda müasirlik meyllərinin güclənməsi xüsusi qeyd olunmalıdır. Bu dövrdə bədii ədəbiyyatda da yeni xarakterli əsərlər yaranmağa başlayır.

XIX əsrdə xalqımızın Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov kimi görkəmli ziyalıları, ədəbiyyat xadimləri yaşayıb yaratmışlar. Bu qüdrətli sənətkarlar öz əsərlərində xalqın mənafeyini müdafiə etmiş, həyatı, onun ziddiyyətlərini, müasirlik meyllərini, azadlıq ideallarını əks etdirmişlər.

1875-ci ildə görkəmli maarifçi H.Zərdabinin redaktorluğu ilə ”Əkinçi” qəzetinin nəşri ölkənin ictimai-mədəni həyatında böyük hadisəyə çevrildi. Qəzetin qarşıya qoyduğu başlıca məqsəd xalqın maarifləndirilməsi, sosial-mədəni inkişaf, xalqın tərəqqi yoluna qədəm qoyması idi. Xalq kütlələru atasında mütərəqqi, demokratik ideyaları yayan bu qəzetdə geriliyi, cəhaləti tənqid olunur, oxucu millətin inkişafı barədə düşünməyə, müasirliyə, yeniləşməyə dəvət edilirdi. H.Zərdabinin fikrincə, xalqın zülmdən, əsarətdən xilas yolu elm və təhsildən keçirdi. Qəzetdə ölkınin iqtisadi, siyasi, mədəni, sosial həyatına, təbiətşünaslıq elminə, kənd təəsəeeüfatına dair məqalələr dərc olunur, köhnə həyat tərzi, cəmiyyətin inkişafında maneəyə çevrilən vaxtı keçmiş adət-ənənələrin aradan qaldırılması ilə bağlı əhalinin maarifləndirilməsi məsələlərinə geniş yer verilirdi.

Ölkənin müxtəlif şəhərlərində təşkli olunan ədəbi məclislərdə Firovsi, Nizami, Nəvai, Füzulinin əsərləri oxunur, müzakirə edilirdi. Məclisdə oxunan əsərlər üzrə qızğın mübahisələr gedir, klassiklərin şeirlərinə yazılmış nəzirələrin yarışı keçirilirdi.

XIX əsrin əvvəlləri realist ədəbi cərəyanın ilk rüşeymləri qoyulur. A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazehin yaradıcılığı ilə ədəbiyyatımızda realist – maarifçi ədəbiyyatın nümunələri yaranır.

Böyük mütəfəkkir alim və yazıçı A. Bakıxanovun (1794- 1847) elmi və ədəbi irsi zəngin, rəngarəng, çoxşaxəlidir. Xalqımızın ictimai, mədəni fikir tarixində böyük yer tutan A.Bakıxanov ədəbiyyatımızda maarifçiliyin əsas nümayəndəsi sayılır. XIX əsrin birinci yarısında yeni maarifçi-realist ədəbi cərəyanını yaranması ilk növbədə bu böyük sənətkarın adı ilə bağlıdır. Ədibin bədii irsinin mühüm br qismini şeirlər külliyyatı təşkil edir. Ədib öz əsərlərini Qüdsi təxəllüsü ilə yazmışdır. Onun nəzm əsərlərinə «Mişkatül – ənvar» poeması, avtobioqrafik səciyyəli şeirləri, mənzum hekayələri, qəsidə, qəzəl, qitə, rübai, məsnəviləri daxildir. Bu şeirlər Abbasqulu ağa Bakıxanov Qüdsinin lirik və epik şerin böyük ustadı olduğunu sübut edir.

A. Bakıxanov gənc nəslin təlim – tərbiyəsi ilə bağlı iki fəlsəfi məzmunlu əsərin müəllifidir. «Təhzibül – əxlaq» (əxlaqın təmizlənməsi), «Kitabi – nəsihət» adlı bu əsərlərdə ədibin pedaqoji görüşləri öz əksini tapıb. ”Təhzibül-əxlaq” əsərində elm və təhsilin insan həyatında rolunu yüksək qiymətləndirən sənətkar yazırdı ki, dünyada olan şeylərin hamısı əmələ, əməl isə bütün fəzilətlərin dövləti olan elmə bağlıdır. Əlbəttə, bu fikirlər ilk növbədə A.Bakıxanovun böyük maarifçi olması, cəmiyyətin çıxış yolunu, inkişafını elm və təhsildə, ölkədə maarifin tərəqqisində görməsi ilə bağlı idi. A. Bakıxanovun «Kitabi – nəsihət» («Nəsihətnamə») əsəri də bilavasitə gənc nəslin tərbiyəsinə həsr olunmuşdur. Buraya 102 nəsihət daxil edilmişdir. Əsər müəllifin dini səciyyəli müraciəti ilə başlayır.

A. Bakıxanovun yaradıcılığında böyük yer tutan «Miratül – cəmal» («Surətin aynası») poeması fars dilində yazılmışdır. 1844-cü ildə yazılmış bu poemada ədibin fəlsəfi fikirləri öz əksini tapmışdır. Avtobioqrafik səciyyəli bu əsərdə yazıçının Polşaya səfərinin təəssüratları əks olunmuşdur.

Əsərdə sənətkarın öz vətəninə məhəbbəti diqqəti cəlb edir. A.Bakıxanov əsərdə Şirvanı, Quba qəzasındakı Gülüstanı tərifləyir, doğma yurdun bu dilbər guşələrindən heyranlıqla söz açır. Ədib Polşada elm və təhsilin İran və Türkiyə kimi Şərq ölkələrinə nisbətən daha çox inkişaf etdiyini qeyd edir.

Şair öz vətəninə məhəbbətini aşağıdakı mənalı misralarla ifadə edir:

Ey Qüdsi, çox gözəldir öz məskənin,

Hər bir yerdən xoşdur sənin vətənin.

Bakıxanovun XIX əsrin 30-cu illərində Azərbaycan dilində yazdığı «Kitabi – Əsgəriyyə» hekayəsində iki gəncin bir-birinə bəslədiyi səmimi, saf duyğulardan söz açılır. Əsər nəzm və nəsr hissələrindən ibarətdir. Qəhrəmanların başına gələn hadisələr nəsrlə, onların hiss və duyğuları, iztirabları isə nəzmlə verilmişdir. Nəsr dili nisbətən çətin, mürəkkəb olduğu halda, şeir dili bədiiliyi və sadəliyi ilə seçilir.

XIX əsrdə klassik poeziya ənənələrini davam və inkişaf etdirən Mirzə Şəfi Vazehin ((1794- 1852) yaradıcılığında dövrün ruhunu, yeni tələblərini əks etdirən mövzu və ideyalar başlıca yer tuturdu. Şair lirik şeirlərində məhəbbətin nə olduğunu bilməyən insanı susuz çeşməyə bənzədir, dünyəvi məhəbbəti, lirik qəhrəmanın təbii sevmək-sevilmək istəyini, səmimi duyğularını əks etdirirdi. Vazeh gözəlliyi, məhəbbəti tərənnüm edən, aşiqin təzadlı ovqatını, sevgi iztirablarını, kədəri, əziyyətini əks etdirən əsərlərində də nikbin ruh vardır. Bütün əzablara qatlaşan aşiq əhdinə vəfasız çıxmır, ayrılıq əzabına əzmlə dözür, vüsal ümidini itirmir:

Nigarım, vaxt gəlib çatdı, bu xəstə aşiqi yad et,

Mən öylə xəstəyəm, ancaq sənin vəslindi dərmanım.

Beş bəndlik “Süsəni” rədifli müxəmməsində Süsəni adlı qızın gözəlliyi tərənnüm edilir. Süsəniyə xitabında şair onun “bir baxışla yüz can aldığını” söyləyir, çəməndə gəzməyə çıxan bu gözəlin öz yerişi, hərəkətləri ilə təbiətin gözəlliklərini kölgədə qoyduğunu bildirir.

İsmayıl bəy Qutqaşınlının (1809-1861) “Rəşid bəy və Səadət xanım” hekayəsinin qəhrəmanları Rəşid bəy və Səadət xanımdır. Əsərdə zadəgan nəslindən olan Rəşid bəy təhsilli, yüksək mənəviyyatlı bir gənc kimi təsvir olunur. Onun kəndlilərə xeyirxah, qayğıkeş münasibət bəsləyir, ehtiyacı olanlara öz yardımını əsirgəmir. Köhnə adət-ənənələrə qarşı çıxan Rəşid bəyin arzusu qarşılıqlı məhəbbət əsasında ailə qurmaqdır.

Qonşuluqdakı digər kübar ailənin gözəl, ağıllı qızı Səadət xanımla tanışılığı böyük məhəbbətə çevrilir. Səadət xanım da öz təhsili, təbiyəsi , xeyirxah təbiəti ilə hamının hörmətini qazanmışdır. Ailəsinin onu varlı bir xan oğluna vermək nyyətindən xəbər tutan Səadət xanım bədbinləşir, bu qismətlə barışmaq istəmir. Rəşid bəylə tanışlıqdan sonra ona vurulan Səadət xanım sevgilisi ilə birlikdə öz məhəbbəti yolundakı bütün çətinlikləri dəf edir, hər iki gənc xoşbəxt ailə həyatı qurmaq arzusuna çatır.

“Səfər qeydləri” əsərini ədib Şərq ölkələrinə etdiyi səyahət zamanı yazmışdır. Əsərdə yazıçının müşahidələri, səfər təəssüratları ilə yanaşı, həyatı, fəaliyyəti, dünyagörüşü barədə dəyərli məlumat vardır. O, müxtəlif dövlət xadimləri, hərbçilər, din xadimləri ilə görüşlərindən söz açır, səfər boyu qaldığı yerlərin corafi vəziyyətini, mənzərəli yerlərini, əhalisinin vəziyyətini, həyat tərzini təsvir edir.

XIX əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın (1832-1897) Qarabağ xanı İbrahimxəlil Cavanşirin nəslindəndir. O, fars dilini mükəmməl öyrənmiş, klassik ədəbiyyatımıza, Nizami, Sədi, Hafiz, Füzuli kimi sənətkarların bədii irsini dərindən öyrənmişdir. Natəvan xeyriyyəçiliklə məşğul olmuş, ehtiyacı olan insanlara yardım əli uzatmış, İsa bulağından Şuşaya su kəməri çəkdirmişdir. O, uzun müddər Şuşada fəaliyyət göstərən məşhur “Məclisi-üns” ədəbi məclisinə hamilik etmişdir.

Şairin yaradıcılığında M.Füzulinin yaradıcılığının təsiri ilə yazılmış saf, insanı ucaldan sevgini, xeyirxahlıq, insanpərvərlik, dostluğu tərənnüm edən qəzəllər mühüm yer tutur. Məhəbbət mövzusunda qəzəllərində sevən, vüsal həsrəti ilə yaşayan, iztirab çəkən aşiq obrazı diqqəti cəlb edir.

Şeirlərinin lirik qəhrəmanı öz sevgilisinə qovuşmaq üçün hər cür fədakalığa, hətta həyatından keçməyə hazır olan gəncdir. Məcnun kimi dərd əlindən çöllərə üz tutan, tənhalığa qapılan bu gənc ah-fəğan edərək ürəyini boşaldır. “Ey dust”, “Xudahafiz” qəzəllərində br-birini sevən gəncləri ayırmağa çalışan bəd xislətli insanları- əğyarı, rəqibi pisləyir, belə xain insanlardan uzaq durmağı tövsiyə edir.

Natəvanın humanist baxışlarını əks etdirən şeirlərində dövrandan narazılıq, ictimai ədalətsizliyə, bərabərsizliyə etiraz motivləri də öz əksini tapmışdır. Şairin təbiət mövzusunda şeirlərində Qarabağın əsrarəngiz təbiəti, gülü-çiçəyi, bülbülü vəsf olunur.

Oğlu Mir Abbasın ağır xəstəlikdən sonra ölümü Natəvanı sarsıtmış, bu gaciəli hadisə onun yaradıcılığında da dərin iz qoymuşdur. “Ölürəm”, “Neçin gəlməz” rədifli qəzəllərində və digər əsərlərində oğul həsrəti, kədər motivlərinin, dərdli ana obrazının yaranmasına səbəb olmuşdur:

Nə yaxşı günlər idi kim, səninlə munis idim,

Zəmanə indi edib sinədağlı lalə məni.

Vüsalə yetməyibən zarü Natəvan qaldım,

Edib fələk yenə həsrət o məhcəmalə məni.

Natəvanın əsərləri bədii lik və ahəngdarlığı, dil-üslub xüsusiyyətləri ilə diqqəti cəlb edir. Əruz vəznndə yazdığı şeirlərdə hiss və duyğuların təbiiliyi, səmimiliyi, qafiyə, rədif, bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə əsərlərinin ahəngdar, oxunaqlı olmasını təmin etmiş, sənətkara oxucu məəhəbbəti qazandırmışdır.

XIX əsr ədəbiyyatımız da aşıq şeirinin məzmun, janr, bədii sənətkarlıq baxımından dəyərli nümunələri yarandı. Göyçə, Şəki, Şəmkir, Urmu mahallarında aşıq şeirinin görkəmli nümayəndələri yetişdi. Onların yaradıcılığında ictimai motivli əsərlər, xalqın arzu və istəklərini, mənəviyyatsızlığa, haqsızlığa, zülmə etirazı ifadə edən əsərlər mühüm yer tuturdu. Aşıq sənətinin inkişafı yazılı ədəbiyyatda da aşıq şeiri üslubunda və janrlarında əsərlərin yaranmasına səbəb oldu. Qasım bəy Zakir və Baba bəy Şakirin satirik şeir yaradıcılığı bu baxımdan diqqəti daha çox cəlb edir.

XIX əsr ədəbiyyatımızda realist satirik şeir, nəsr, dramaturgiya inkişaf edir, söz sənətində maarifçilik, realizm üstün mövqe tutur, demokratik ideyalar geniş əks olunurdu. M.F.Axundzadə, Q.Zakir, N.Vəzirov, Ə,Haqverdiyev, N.Nərimanov, C.Məmmədquluzadə, Aşıq Alı, Aşıq Ələsgər kimi görkəmli səənətkarların yaradıcılığı bu dövr ədəbiyyatımızın inkişafına, ideya-bədii cəhətdən zənginləşməsinə səbəb oldu. Ədəbiyyatımızda dramaturgiyanın əsasının qoyulması, dram, komediya, faciə, yeni tipli nəsr nümunələri olan povest, roman janrlarında əsərlərin yazılması ədəbiyyatımızın bu inkişaf mərhələsində əldə edilmiş diqqətəlayiq nailiyyətlər idi.

Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci IL tarixli

Əmək tərbiyəsi sistemli və məqsədyönlü şəkildə təlim-tərbiyə müəssisələrində aparılır. Əmək tərbiyəsi müəllim və tərbiyəçinin rəhbərliyi altında böyüyən nəsildə, ümumiyyətlə insanlarda həyat üçün zəruri olan əmək, bacarıq və vərdişlərin, əməyə, əmək adam­la­rı­na məhəbbət hissi formalaşdırılması prosesidir. Ona görə də əmək tərbiyəsi, əmək təlimi və əmək tərbiyəsi olmaqla iki hissəyə ayrılır.

Əmək təlimi xüsusi əmək dərslərində aparılır. Bu dərslərdə əmək fəaliyyətinin maddi istehsal prosesi haqqında zəruri elmi mə­lumatlar verlir, müvafiq bacarıq və vərdişlər formalaşdırlır. Birinci sinifdən başlayaraq uşaqlar əmək dərslərində əməyə hazırlanırlar. Orta ümumtəhsil məktəblərində əmək təlimi xüsusi proqram əsasında aparılır. Bu proqram təhsil nazirliyində təsdiq edilir və res­publikanın bütün məktəbləri üçün eyni və zəruri olub bütün siniflər üzrə əmək təliminin məzmununu əhatə edir. Kiçik siniflərdə əmək təlimi əsasən öyrədici xarakter daşıyırsa, yuxarı siniflərdə artıq yeniyetmə və gənclər məhsuldar əməkdə iştirak edirlər. Belə ki, IX-XI siniflərdə yeniyetmələr istehsalat təcrübələrində istehsalın müəy­yən sahəsində məhsuldar əməkdə bilavasitə iştirak edir, məhsul istehsal edir, öz əməklərinin bəhrəsini görürlər. Orta məktəb­lərdə əməyə düzgün və şüurlu münasibət tərbiyə edilməsi imkanları genişdir. Bura uşaq və yeniyetmələrin təlim əməyi, əmək dərsləri ictimai-faydalı işlərdə iştirakı və s. aid etmək olar. Səmərəli təşkil olunmuş təlim prosesində tərbiyə olunanlar əməyə alışır, biliklərinin qiymətləndirilməsi ilə əməklərinin nəticəsini görür, əmə­yi sevir, kiçik yaşlardan əməyə hazırlanırlar. İstənilən şəraitdə əmək təlim işi ilə əlaqələndirilməlidir; bu həm əməyi, həm də təli­min şüurluluğunu təmin edir. Kənd təsərrüfatına aid təcrübələr za­manı aqrotexniki üsullardan, üzvi və mədəni gübrələrdən vaxtında və yerində istifadə edilir, kənd təsərrüfatı maşınları işlədilir. Bu za­man müəllim uşaq əməyinin elmiliyini, elmlə təcrübəni əlaqələn­dirməyi tərbiyə olunanların diqqət mərkəzinə gətirməlidir.

Əmək tərbiyəsi müəyyən pedaqoji tələblər əsasında aparıl­malıdır:

1. Əmək fəaliyyətindən tərbiyə vasitəsi kimi istifadə edil­məlidir. Əmək insanda müəyyən əxlaqi, mənəvi keyfiyyətlərin forma­laşmasına istiqamətlənməlidir. İstehsal fəaliyyətində (kiçik və ya böyük) iştirak elə şəkildə qurulmalıdır ki, bu prosesdə iştirak edən hər kəs əməyinin nəticəsini görərkən özünü cəmiyyət üçün faydalı şəxs hesab edə bilsin. Əməyinin nəticəsinin əhəmiyyətini dərk etsin, bununla fərəhlənsin. Qarşıya çıxan əmək çətinliklərindən qorxmasın, bu çətinliyi aradan qaldırmaq istiqamətlərini arasın.

2. Əmək uşağın yaşına, gücünə uyğun qurulmalıdır. Bu tələb əmək proqramlarında öz əksini tapır. Əmək təlimi uşaqların fiziki, intellektual, psixoloji inkişaf səviyyəsinə uyğun qurulur. Əmə­yin bütün sahələrində, yəni sinifdənxaric, ictimai-faydalı və di­gər tədbirlərdə bu tələb nəzərə alınmalıdır. Bu tələb həmçinin mə­də­niyyət müəssisələrində, məktəbdənkənar təhsil müəssisələ­rində təş­kil edilən əmək fəaliyyətlərində, texniki və yaradıcı, tikişçilik və s. dərnəklərin təşkilində də nəzərə alınmalıdır. Bu müəssisələrdə təşkil edilən yaradıcı əmək fəaliyyəti zehni əməklə fiziki əməyi birləş­dirməli, iştirakçıların yaradıcılq qabiliyyətlərini inkişaf etdirməli, on­­larda yeni əxlaqi keyfiyyətlər formalaşdırmalı, özünətəhsili stimul­­laşdırmalıdır.

3. Əmək tərbiyəsi uşaq və gənclərin fiziki inkişafına təkan verməlidir. Əmək prosesində işlədilən alətlər, görülən işlər onların əzələlərini inkişaf etdirib, möhkəmləndirməlidir. İş şəraiti elə qurulmalıdır ki, bədəninin quruluşu, qaməti, mütənasibliyi, görmə qabiliyyəti və s. düzgün inkişaf etsin.

4. Əmək təlimi və tərbiyəsində sistematiklik və ardıcıllığa xüsusi fikir verilməlidir. Uşaq və yeniyetmələrdə əmək adətləri formalaşdırmaq üçün onların hər gün əmək fəaliyyətində iştirak etməsini təmin etmək lazımdır. Yaradılmış əmək adətləri isə böyüyən və inkişaf edən insanı əməyə psixoloji cəhətdən hazırlayır, onlarda ictimai fəallıq formalaşdırır.

5. Əmək tərbiyəsi prosesində fərdi əməklə kollektiv əmək əlaqələndirilməlidir. Fərdi əmək tərbiyə olunanlarda müvafiq əmək vərdişləri, fərdi məsuliyyət formalaşdırır, iradəni inkişaf etdirib möhkəmləndirir. Kollektiv əməkdə isə bu cəhət kollektiv səylə birləşir, ictimai əhəmiyyət kəsb edir, daha səmərəli şəkil alır. Kollektiv əməkdə əsas cəhət ondan ibarətdir ki, ümumi əmək kollektiv üzvləri arasında bölüşdürülür, kollektiv üzvləri fəaliyyət baxımından bir-birindən asılı olur, kollektiv əməyin müvəffəqiy­yət­li nəticəsi hər fərdin əməyindən asılı olması hər fərdin məsuliyyətini birə-iki qat artırır, onlar daha diqqətli olmağa çalışırlar. Əgər fərdi əmək zamanı fərd yalnız öz işinin nəticəsi üçün məsuliyyət daşı­yır­sa, kollektiv əmək zamanı isə bütün kollektivin əməyi üçün məsu­liy­yət daşıyır.

Əməyin müxtəlif növləri mövcuddur:

1) özünəxidmət əməyi; 2) ictimai-faydalı əmək; 3) məhsul­dar əmək .

Ailədə özünəxidmət əməyinin əsası qoyulur, məktəbəqədər tərbiyə müəssisələri və təhsil müəssisələrində isə bu iş davam etdirilir. Həmçinin özünəxidmət əməyi bütün istehsal müəssisələri, fəaliyyətin bütün sahələrində mövcuddur və hər kəsdən tələb olunan zəruri fəaliyyət növlərindən biridir. Əməyin bu növünə gigiyenik qaydalar, şəxsi əşyaları, dərs və iş ləvazimatlarını təmiz və səliqəli saxlamaq və s. aiddir. Özünəxidmət əməyi ictimai faydalı əməyin ilk mərhələsidir. Özünəxidmət əməyi şagirdin, tələbənin, işçinin bilavasitə özü, iş yeri, ailəsi, onu əhatə edən mikromühitlə bağlıdır.

İctimai-faydalı əmək isə cəmiyyətin xeyrinə pulsuz əməkdir. Əməyin bu növü rayon, şəhər üzrə keçirilən kampaniya xarakterli fəaliyyət növüdür. Nəticədə maddi nemət əldə edilən fəaliyyət məhsuldar əmək adlanır. Bu əmək fəaliyyətin ən geniş formasıdır. Əvvəli ümumtəhsil məktəblərindən başlanır. Əmək dərslərində uşaq və gənclər müxtəlif məişət əşyaları (stol, stul və s. əmək alətləri) düzəldir, məktəbyanı sahələrdə müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirir və s. məhsuldar əmək sahələrində çalışırlar.

Məktəbdənkənar təhsil müəssisələrində isə müxtəlif dərnək­lərdə bu və ya digər əmək sahəsini öyrənməklə maddi məhsul isteh­sal edirlər. Məsələn texniki dərnəklərdə texniki sahədə yaradıcılıq işlərini tətbiq edərək, yeni texniki vəsait hazırlanır və sınaqdan keçirilir. Bu isə yeni texniki tərəqqilərinin əmək məhsuldarlığının artırılmasının əsası və ya vasitəsi olur.

Əmək tərbiyəsinin məzmunu müxtəlif təlim-tərbiyə müəs­si­sə­ləri üçün müvafiq nazirliklər və baş idarələr tərəfindən müəyyən edilir. Orta məktəblərdə əmək tərbiyəsi Təhsil Qanununda, Mili Təh­sil Konsepsiyasında (kurikulum) və digər məktəblə bağlı sənədlərdə göstərilmişdir.

Məktəblilərin peşəyönümü

Əmək tərbiyəsinin yeniyetmə və gənclərin peşə yönümü sahəsində böyük və əhəmiyyətli rolu vardır. Peşə – xalq təsər­rü­fatının bu və ya digər konkret bir sahəsinə aid bilik, bacarıq və vər­diş­lərə yiyələnmə və həmin sahədə fəaliyyətə qoşula bilmək üçün və fəaliyyət göstərmək üçün yiyələnmiş zəruri əmək bacarıq və qabi­liyyətləridir.

Böyüyən nəslin sənətə yiyələnməsinin zəruriliyi hələ yazılı ədəbiyyatımız meydana gəlməmişdən çox əvvəllər xalqın ağıllı, müdrik adamları tərəfindən yüksək qiymətləndirilmiş və xalq yara­dı­cılıq nümunələrində oz əksini tapmışdır. Nağıllarımızda, bayatı­ları­mızda, atalar sozlərimizdə, dastanlarımızda və digər bir sıra şifahi xalq ədəbiyyatı janrlarında sənət və peşəseçmə işinin vacib­li­yini əks etdirən çoxlu sayda nümunələr sübut edir ki, xalqımız hər hansı bir peşə və sənət öyrənməyi bir çox titullardan, var-dövlətdən, mal-sərvət toplamaqdan üstun tutmuş, bu işə xüsusi diqqət yetir­mişdir. Bir xalq deyimində olduğu kimi:

Günləri bir-bir sаnа,

Yаr vеrdi bir sir sаnа

Bir еlm, bir də sənət,

Хəzinədir insаnа.

Güllərin həşəm оlsun,

Gün vursun həşəm оlsun

Vаr-dovlətin оluncа,

Sənətin, pеşən оlsun.

Şərqin böyük ədəbi abidələrindən olan “Qabusnamə” də deyilir:

“Sənəti olmayan adamlar gövdəsi olub, kölgəsi olmayan Muğilana ağacı kimi faydasız olurlar, nə özlərinə xeyir verirlər nə başqalarına. “Elm və sənət oyrənmək, istər böyük olsun, istərsə kiçik, hamıya vacibdir, çunki insan öz tay-tuşları arasında üstünlüyü yalnız elm və sənətə görə əldə edə bilər”.

Böyük Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi peşə və sənət seçməyin faydasını yüksək dəyərləndirmiş və onu halal yaşamağın əsas amili kimi qiymətləndirmişdir.

Оnuncun öyrətdim ki, əlimi bu sənətə,

Bir gün sənə əl аçıb düşməyim хəcаlətə –

Deyən şair insanın oz zəhməti hesabına yaşadığı sadə həyatı, başqalarının hesabına yaşanan cah-cəlallı həyatdan üstün tutur. Ni­zami insanın bir sənət, peşə sahibi olmasını yüksək qiymətlən­dirir, keyfiyyətli əməyi yüksək dəyərləndiri:

Kаmil bir pаlаnçı оlsа dа insаn,

Yахşıdır yаrımcıq pаpаqçılıqdаn deyərək insanları seçdikləri sənəti hərtərəfli öyrənməyə çağırır.

Nəsirəddin Tusi müdrik bir filosof və pedaqoq kimi tövsiyə edir: “Kim hansı sənətkar adlanırsa, o sənətdə aşağı mərtəbə ilə razı­laşmayıb irəliləməli, daha yüksək dərəcəyə qalmayıb, iqtisadiy­yatda səhlənkarlığa yol verməməlidir”. N.Tusi peşə seçmək prob­le­mi­nin mahiyyətində daha da dərinə gedərək hər bir şəxsin bacarıq və qabiliyyətlərinin nəzərə alınmasını, məhz bunlara istinad edil-məsini zəruri hesab edirdi.

Marağalı Əvhədi cəmiyyətin inkişafında faydalı və yaxşı peşələrin mühüm rol oynadığını xüsusi qeyd edir və göstərirdi ki, yaxşı peşə insanı qüsurlardan xilas edir və cəmiyyətin inkişafına xidmət edir. Əvhədi hər bir peşə, sənət adamının həmçinin peşəkar olmasını yüksək qiymətləndirir, peşəkar insan haqqında yuksək fikir soyləyərək oan hörmət bəsləyir, peşəkarları həyatda ən faydalı, gərəkli və mötəbər insanlar kimi dəyərləndirir. Görkəmli ədib belə bir qənaətə gəlir ki, dunyada ən yaxşı iş elm öyrənmək və ən yaxşı vəzifə peşəkarlıqdır. Əvhədi bu munasibətlə özünün məşhur “Cami-cəm” əsərində yazır:

Ən böyük nеmətdir, аnlаsаn, pеşə,

Pеşəkаr düz yоllа gеdər həmişə.

Dünyаnı nizаmа pеşəkаr sаlаr,

Hər nizаm pеşədən, hünərdən оlаr.

Ə.Marağalı uşaqları əməklə böyütməyi, ona müəyyən iş, sənət öyrətməyi onların sonrakı inkişafı üçün əsas hesab edir, çətinliklərə qalib gəlmək, möhnət və bədbəxtliklərdən xilas etmək ucun uşağı iş-gücdən azad etməməyi məsləhət bilir:

Nаzlа boyuməsin qоy cох dа övlаd,

Оnu iş-gucdən də еyləmə аzаd.

Sоnrа cətinliyə duşərsə əgər,

Bir möhnət, bədbəхtlik оnu məhv еdər.

Dahi Azərbaycan şairi və mütəfəkkiri M.Füzulinin olməz əsər­ləri icərisində uşaqların elm öyrənməsi, sənət secməsi kimi məsələlər də xususi yer tutur. Onun bu fikirləri xüsusən “Rindu-Zahid” adlı əsərində daha qabarıq şəkildə özünü göstərir. Füzuli gös­tərir ki, yeniyetməlik dövründə düzgün seçilməyən sənət insana bütün ömrü boyu öz mənfi təsirini göstərir.

XIII – XIV əsrlərdə yaşayıb yaratmış görkəmli Azərbaycan mütəfəkkiri Məhəmməd ibn Hinduşah Naxçıvani də öz əsərlərində uşaq və gənclərin peşə və sənət seçməsinə geniş yer vernişdir.

O “Dəsturlül-katib fi təyinil-məratib” adlı əsərində dövlətxah­lar­dan tələb edir ki, yalnız elmdən deyil, sənət və sənətkarlıqdan da faydalansınlar.

Peşəseçməyə XIX-XX əsr maarıfçilər tərəfindən də xüsusi diqqət yetirilmişdir. Bu baxımdan Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani, Məmməd Tağı Sidqi, Mirzə Mahmud İrəvani, Uzeyir Hacıbəyli və başqaları bu gün də oz əhəmiyyətini saxlayan qiymətli fikirlər söyləmişlər.

Böyüyən nəsil dərin bilik və dunyagörüşə, yuksək milli və bəşəri dəyərlərə, mənəvi keyfiyyətlərə malik olmaqla bərabər, özü­nün arzusuna, qabiliyyət və bacarığına, həmçinin cəmiyyətin kadr­la­ra olan cari və perspektiv tələbatlarına müvafiq olaraq peşə və ix­ti­sas secməyə hazırlanmalıdır. Bunun üçün ümumtəhsil məktəb­lərin­də təlim-tərbiyə işi elə səviyyədə aparılmalıdır ki, şagirdlər əsas təhsili bitirdikləri vaxt hansı peşə və ixtisas ardınca gedəcəklərini dəqiq bilsinlər.

Yeniyetmə və gənclərin peşə marağının öyrənilməsi, qabi­liyyətlərin müəyyənləşdirilməsi, peşələrə aid məlumat, peşəyə aid bilik, bacarıq və vərdişlər, seçilmiş peşə üzrə işə düzəlmə, peşəyə uyğunlaşma, yenidənoriyentasiya məktəbdə peşə yönümü­nün məzmununu təşkil edir.

Peşə yönümü işi aşağıdakı istiqamətlərdə aparılmalıdır:

1) Peşə maarifi; 2) peşə məsləhəti; 3) peşə təmayülü.

Peşə yönümü yeniyetmə və gənclərin peşə nöqteyi-nəzərindən öyrənilməsindən başlayaraq yenidən oriyentasiyasına qədər olan bütün işlər sistemini əhatə edir. Peşənin səhv seçilməsi, peşə üzrə yenidən iş aparılaraq qabiliyyətə uyğun peşə seçilməsi prosesi yenidənoriyentasiya adlanır.

Peşə ilə ixtisas məfhumu bir-birinə oxşar olsa da hər məf­humun öz mahiyyəti vardır. Peşə daha geniş anlayış olub, bir neçə ixtisası əhatə edir və s. Məsələn, müəllimlik peşəsi fənlərin tədrisi üzrə bir neçə ixtisasları əhatə edir: Ədəbiyyat müəllimi, riyaziyyat müəllimi, ibtiadi sinif müəllimi və s. Mühəndislik peşəsi fəaliyyət sahələrinə görə xeyli ixtisasları əhatə edir.

Peşəyönümü – təlim-tərbiyənin mühüm tərkib hissəsi oldu­ğun­dan onun təşkili və aparılmasında ənənəvi prinsip və metodların rəhbər tutulması vacibdir.

Peşəyönümü işində aşağıdakı prinsiplərə əməl edilməlidir:

1. Peşəyönümünün dövlət əhəmiyyətliliyi prinsipi.

Dövlətimiz yeni nəslin yüksək səviyyədə hazırlanmasına bö­yük əhəmiyyət verir və bunu cəmiyyətin gələcəyinin təmin edil­mə­si­nin əsas amillərindən biri sayır. Respublikamızın “Təhsil sahə­sin­də islahat Proqramı”nda deyilir: “Cəmiyyət öz gələcəyini təmin etmək məqsədi ilə yeni nəslin yüksək səviyyədə hazırlığına nail olmalı və buna görə də təhsil üstün sahəyə çevrilməlidir”.

Təlim-tərbiyənin mühüm tərkib hissələrindən biri peşəyö­nümü işidir. Peşəyönümü dövlət əhəmiyyətli işdir. Bu iş elə bir istiqamətə yönəldilir ki, onun müvəffəqiyyətlə həll edilməsi nəticə etibarilə dövlətin kadr hazırlığı siyasətinin həyata keçirilmə­si­nə kömək olur. Bu baxımdan peşəyönümü işində dövlət maraq­la­rının olması və onun bu maraqlara uyğun şəkildə qurulması fəaliy­yət prosesində əsaslanılan əsas prinsiplərdən birinə çevrilməlidir.

2. Peşəyönümü işində elmilik prinsipi.

Bu prinsip təlimin prinsiplərindən olsa da, peşəyönümü işində daha yeni məzmun kəsb edir. Bu prinsip hər şeydən əvvəl peşə-yö­nü­mü işinə elmi şəkildə yanaşmağı tələb edir. Onun əsasında for­ma­lizmə yol verməmək, şagirdlərin maraq göstərdikləri peşələrin məz­munu, peşələr sistemində yeri, gələcək perspektivləri haqqında əsaslı biliklər vermək, elmin və texnikanın son nailiyyətləri və isti­qa­mətləri ilə bağlı meydana çıxan yeni peşələr və peşə sahələri ilə tanışlıq, işə düzəlmə imkanları haqqında məlumatlar, şagirdlərin ma­rağı ilə real seçmə imkanları arasında nisbətin nəzərə alınması və digər bir sıra məsələlər durur. Peşə seçimində elmilik prinsipi elə bir seçimin müəyyən edilməsini tələb edir ki, seçilən peşə birincisi, insanda xoş hisslər yartsın, ona zövq versin və xoşbəxtlik gətirsin, ikincisi, bacarıq və qabiliyyətə uyğun olsun, üçüncüsü, cəmiyyət və insanlar üçün faydalı, lazımlı olsun. Bunlar peşəseçmədə üç mühüm baza amillərini -“İstəyirəm”, “Bacarıram”, “Lazımdır”əlaqələndirir ki, bu da peşəseçiminin elmi surətdə həllini nəzərdə tutur.

3. Peşəyönümü işində əxlaqi keyfiyyətlərin, mənəvi tələb­lə­rin nəzərə alınması prinsipi.

Peşeçimində şəxs seçəciyi peşəyə əxlaqi, mənəvi yöndən ya­naş­malıdır. O peşəseçimində gələcəkdə bu peşədən müxtəlif qanun­suz yollarla pul qazanmaq, gəlir əldə etmək düşüncəsi ilə peşə seç­mə­məlidir.

4. Peşəyönümü işində şüurluluq prinsipi

Peşəyönümü işində məktəblilərin şüurluluğu təmin olunma­dan müvəffəqiyyətli nəticəyə nail olmaq olmaz. Şagirdin maraq gös­tərdiyi peşənin mahiyyətini, çətinliklərini, tələblərini, ona yiyə­lən­məyin mümkünlüyünü, gələcək perspektivlərini şüurlu olaraq dərk etməsi peşəyönümü işində kortəbiiliyin, təsadüfiliyin qarşısını alır, onlarda bu sahəyə inamlı münasibətin yaranmasına, peşə yönü­mü­nün və həyat yolunun dəqiqləşməsinə və əqidənin forma­laş­ma­sına səbəb olur.

Təcrübə göstərir ki, peşəyönümü işi məhz şüurlu surətdə ye­ri­nə yetirildikdə seçilən peşə fərəh mənbəyinə cevrilir və onun sahibi bu sahədə müvəffəqiyyətlə fəaliyyət göstərə bilir. Bu baxımdan da məktəbdə və ailədə aparılan peşəyönümü işlərində şüurluluq prin­sipinin gözlənilməsi vacibdir.

5. Peşəyönümündə məktəblilərin yaş xüsusiyyətlərinin nəzərə alınması prinsipi. Təlim və tərbiyə üçün xarakterik olan bu prinsipin peşəyönümü işində nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Hər yaş dövrü insan şəxsiyyətində özünəməxsus xüsu­siy­yətlərlə müşayiət olunduğundan peşəyönümü işində bunları nəzərə almadan heç bir müvəffəqiyyətə nail olmaq olmaz. Psixologiya və fizioligiya elmləri sübut edir ki, məktəbli şəxsiyyətində hər bir yaş dövrü müxtəlif üzvlərin və onların funksiyalarının yetkinləşməsi ilə xarakterik olur. Buna görə də ayrı-ayrı yaş dövrlərində müəyyən fəaliyyət növləri daha qabarıq formada nəzərə çarpır. Bu məsələ peşələrə olan münasibətlərdə də özünü aydın şəkildə göstərir. Bununla əlaqədar olaraq məktəbdə təşkil edilən peşəyönümü işi özünün məqsədi, məzmunu, formaları və üsulları ilə məktəblilərin yaş dövrlərinin xüsusiyyətlərini və dinamik inkişafını nəzərə almaqla aparılmalıdır. Müəllim kiçik yaşlı məktəblilərin peşə maraq və münasibətlərinin keçici, dəyişkən olmasını, yeniyetmələrin peşələrin romantikasına daha çox maraq göstərməsini, müəyyən sahə üzrə bacarıq və qabiliyyətlərinin tam formalaşmamasını, gənc­lərin isə peşə seçməyə daha realist, bəzən praqmatik movqedən ya­naş­ma­sını və artıq bacarıq və qabiliyyətlərinin qabarıq şəkildə üzə cıxmasını, bu sahədə ozünütərbiyə meylinin güclənməsini yaddan cıxarmamalı, peşəyönümü işində hər bir yaş dövründə nəyə istinad etməyi, nəyə əsaslanmağı bilməlidir.

6. Peşəyönümü işində şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması prinsipi.

Peşəyönümü işində heç də az əhəmiyyət kəsb etməyən bu prinsip hər bir şagirdin fərdi xüsusiyyətlərini -maraqlarını, tempe­ra­men­tini, bacarığını, qabiliyyətlərini və digər bir sıra psixoloji xüsu­siyyətlərini nəzərə almağı tələb edir. Burada ən əvvəl hər bir şagirdin psixoloji, intellektual, fiziki və mənəvi inkişaf səviyyəsi, maraqların qabiliyyətlərə müvafiqlik səviyyəsi və şəxsiyyətin digər xarakterik cizgiləri nəzərə alınmalıdır. Hər bir şagirdin öz səviy-yəsinə, gücünə, qabiliyyətinə müvafiq peşə seçməsi üçün bu prin­sipə ciddi riayət olunmalı və peşəyönümü işinin diferensial şəkildə, fərdi xüsusiyyətləri nəzərə almaqla aparılmasına nail olunmalıdır.

7. Peşəyönümü işinin diferensiallaşdırılması prinsipi.

Şagirdlərin peşə seçməyə hazırlanması işində diferensiallaş­dırma prinsipini əldə rəhbər tutmaq və belə iş üsullarından hərtərəfli şəkildə istifadə etmək müasir dövrdə peşəyönümü probleminin həl­lində olduqca mühüm əhəmiyyət kəsb edir. Buna görə də onun bir prinsip kimi irəli sürülməsi müasir dövrdə peşəyönümü işinin elmi şəkildə həll edilməsində əsaslı yer tutur. Bu da səbəbsiz deyildir. Məlum olduğu kimi, hər bir şagirdin özünəməxsus fərdi psixoloji xüsusiyyətləri, inkişaf səviyyələri vardır. Bununla əlaqədar olaraq onların həyat planları, peşə, sənət, ixtisas yönümlərində də müxtə­lif­lik vardır. Belə olduğu təqdirdə bu işin hər bir şagirdin psixofi­zi­o­loji xüsusiyyətlərinə müvafiq diferensial şəkildə aparılmasına ehti­yac yaranır.

8. Peşəyönümündə sistemlilik və ardıcılıq prinsipi.

Peşəyönümü işində sistemlilik və ardıcıllığın gözlənilməsi onun səmərəliliyinin təmin olunmasının əsas şərtlərindən biridir. Bu prinsipin gözlənilməsi istər nəzəri şəkildə aparılan işlərdə, istərsə də praktik formada həyata keçirilən tədbirlərdə şagirdlərin aldıqları bilik, bacarıq və vərdişlərin formalaşmasına gətirib cıxarır. Digər tərəfdən isə, aparılan peşəyönümü işlərindən hansı tədbirin, nə vaxt, harada, kimlərlə keçiriləcəyi, hansı məqsədə nail olunacağı və s. haqqında tərbiyəçidə əvvəlcədən aydın təsəvvürlər olur. Eyni zamanda problemin həllində fasiləsizlik kimi mühüm bir amil öz həllini tapmış olur.

9. Peşəyönümündə varislik prinsipi

Peşəyönümü işlərində sistemliliyin və ardıcıllığın gözlənil­məsi bu prosesdə varislik kimi mühüm bir prinsipin də gözlənil­mə­sinə və həyata keçirilməsinə gətirib cıxarır. Buna görə də sistemli və ardıcıl şəkildə həyata keçirilən tədbirlər elə təşkil edilməlidir ki, əvvəlki tədbirlər sonrakıların aparılmasına zəmin yaratsın və sonra aparılan müəyyən işlər əvvəlki tədbirlərin məntiqi davamı olsun. Orada alınan informasiya və məlumatları, bilik, bacarıq və vərdiş­ləri daha da genişləndirsin, möhkəmləndirsin və bu sahədə şagird­lərin inkişafına kömək etsin. Aparılan konkret bir tədbir qarşıya qoyulmuş ümumi məqsədin həyata keçirilməsinin bir ünsürü olsun.

10. Şəxsiyyətin imkan və qabiliyyətlərinin, bilik və ba­ca­rıqlarının seçilmiş peşənin tələblərinə uyğunluğu prinsipi. peşəyönümü prosesində nəzərə alınması vacib olan prinsiplərdən biridir. Hər bir peşənin tələb etdiyi müəyyən amillər, göstəricilər vardır ki, onları nəzərə almadan peşəyönümü işini müvəffəqiyyətlə aparmaq mümkün deyildir. Peşə seçimində proses birtərəfli olmadı­ğından bu prosesdə hər iki tərəfin gostəriciləri bir-birinə uyğun gəlməlidir. Başqa sözlə desək, peşənin verdiyi tələblərə şagirdin psixoloji, fiziki, əqli, mənəvi və s. keyfiyyətləri cavab verməlidir.

11. Peşəyönüm işində müstəqillik və sərbəstlik prinsipi.

Peşəyönümü elə bir problemdir ki, burada şagirdlərin müs­tə­qilliyinə və seçim qarşısında sərbəstliyinə əsaslanmaq lazımdır. Əks halda seçilən peşə nə onun sahibinə, nə də cəmiyyətə elə bir fayda gətirməz.

Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci mad­də­sin­də deyilir: “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır”. Buna görə də şagirdlərin bu konstitusiya hüqu­qun­dan düzgün istifadə edə bilməsi ucun onlara peşəyönümü pro­se­sin­də elə bir mənəvi-psixoloji şərait yaradılmalıdır ki, şagird sevdiyi, maraq göstərdiyi, qabiliyyət və bacarığına müvafiq olan peşəni sərbəst, müstəqil surətdə seçə bilsin. Belə olduqda şagirdlərə öz imkanlarını dəfələrlə ölcüb-biçməyə, qabiliyyətlərinə müvafiq əmək sahəsi seçməyə imkan yaranar və seçilən peşə həm özünə, həm də dövlətə, xalqa daha çox xeyir verər. Dahi Nizami Gəncəvi deyirdi:

Hər kəs sənətdə olmasa azad,

Dünya bu gedişlə olurmu abad!

Peşəyönümündə müstəqillik və sərbəstlik prinsipinin gozlənil­məsi şagirdləri eyni zamanda valideynlərin çox vaxt əsassız təhrik­lərindən, ali təhsil almaq xatirinə hər hansı bir ali məktəbə daxil olmaq məcburiyyətindən azad edir. Valideynlər də, muəllimlər də, yaxın qohum-tanışlar da öz məsləhət və tövsiyələrini verir, peşə seçmək sərbəstliyi isə şagirdin özünə həvalə edilir. Belə olduqda peşəyönümü işi elmi şəkildə, konstitusiyanın tələbləri səviyyəsində həll edilmiş olur.

12. Peşəyönümündə kadrlara olan tələbatın nəzərə alın­ması prinsipi.

Bu prinsipin əsas mahiyyəti respublikamızın iqtisadiyyatının başlıca inkişaf istiqamətlərini nəzərə almaqla əmək bazarına tələ­bat­ların formalaşdırılmasıdır. Bu problemin həlli ücün iqtisadi inki­şa-fın kadr təminatı tələb və təklif prinsipinə uyğun proqnozlaşdırma, cari və perspektiv planlar əsasında qurulmalı, pedaqoji kadr poten­sialının formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Bu zaman respublika iqtisadiyyatının üstün inkişaf etdirilməli sahələrinin müa­sir tələblərə cavab verən kadrlarla təmin olunması onların hazır­lığının aparıcı istiqaməti olmalıdır. Peşə seçilməsində əsas məsələ xalq təsərrüfatının, ölkənin peşələrə olan tələbatını nəzərə almaqdır. Peşəyə istiqamətləndirmədə həm müasir sənayenin inkişafı, onun tələbləri, həm də ölkənin inkişaf perspektivləri, dövlətin və xalqın mənafeyi nəzərə alınmaldır. Bu prosesdə həmin məsələlər yüksək vətəndaşlıq hissi əsasında həyata keçirilməlidir.

Qədim dövr Azərbaycan ədəbiyyatı

Qədim dövrlərdə geniş coğrafi ərazidə yayılmış türk xalqlarının ədəbiyyatı ortaq səciyyə daşımış, Azərbaycan ədəbiyyatı ümumtürk ədəbiyyatının tərkib hissəsi kimi yaranmışdır. Qədim dövrlərə getdikcə türk ədəbiyyatları arasında dil, üslub, obraz baxımından ümumiliyin, əlaqənin daha güclü olduğunu görmək olur. Qədim türk bədii düşüncə nümunələrini bizə ilk tanıdan Çin qaynaqlarıdır. Çin dilinə tərcümə olunmuş, eradan əvvəl II əsrə aid nümunələr — şeir parçaları ideya-məzmununa görə bugünkü türkü düşündürür, onda həzin, hüznlü ovqatın yaranmasına səbəb olur. Bu parçalarda ifadə olunmuş hiss-düşüncə min il sonra Orxon-Yenisey abidələrində təkrar olunur, türkün öz dilindən eşidilir, türkün öz əlifbasında, yazısında oxunur.

Qədim türklərin ortaq ədəbiyyatının əsasında duran epos yaradıcılığı — “Dünyanın yaranması”, “Türklərin törəyişi”, “Oğuz xaqan”, “Alp Ər Tonqa”, “Ərgənəkon”, “Köç” onların tarixini, qəhrəmanlığını əks etdirən qiymətli bədii nümunələrdir. Ortaq məkanda, coğrafiyada, mənəvi mühitdə yaradılmış bu əsərlərdə ulu babalarımızın təfəkkürü, dünyaya, həyata baxışı, mədəni ənənələri bədii ifadəsini tapmışdır. Bizə çatan nümunələrdən məlum olur ki, onlar məzmunca fərqli, rəngarəng olmuşdur.

Məsələn, “Yaradılış” dastanında qədim türklərin əvvəllər kainatın mənzərəsinin necə olması barədəki təsəvvürləri öz əksini tapıb. Əsərdə Tanrı Qara xan obrazı yaradılıb. Dünya Tanrının iradəsinə tabedir. Dünyada xeyirxahlıqla yanaşı, bədxahlıq da mövcuddur. Tanrı bədxahlığın xeyirxahlığı üstələməsinə, dünyanı idarə etməsinə imkan vermir. Göyün yeddinci qatında oturub kainatı idarə edən Tanrı türklərin yaşadığı torpağın da, cəmiyyətin də taleyini müəyyənləşdirir.

Qədim türklərin soykökünü təşkil edən el və tayfa birləşmələri Yaxın Şərqdə yaşayan xalqlarla sıx iqtisadi, mədəni əlaqədə olmuşlar. Bu əlaqə eyniköklü xalqların birində yaranmış söz sənəti nümunələrinin digər xalqlar arasında da geniş yayılmasına səbəb olmuşdur. Belə əsərlərdən biri olan “Avesta” atəşpərəst Azərbaycan türklərinin də dini kitabı idi. “Avesta”nın müəllifi Zərdüşt peyğəmbərdir. Əsərin özəyi sayılan, bədii təfəkkürün məhsulu olan “Qatlar”da ilk insanın yaranması, insan həyatının müxtəlif məqamları, insanla təbiət arasında mübarizə, müharibədə qələbə və məğlubiyyətin doğurduğu hislər bədii dillə əks etdirilir. Əsərdə Xeyir allahı Ahura Məzda (Hörmüz) ilə Şər allahı Əhrimənin (Anqramanyu) mübarizəsindən söz açılır. Xeyir allahı Hörmüz bütün yaxşılıqların — işığın, sağlamlığın, odun, həyatın yaradıcısıdır. Yalan, zülmət, ölüm, xəstəlikləri isə Şər allahı Əhrimən yaratmışdır. Onların mübarizəsi işığın qaranlıq, xeyirin şər üzərində qələbəsi ilə nəticələnir. “Avesta”da insanlar humanizmə, xeyirxah əməllərə, həyatda bolluğun əsası hesab edilən əkinçiliyə, maldarlığa çağırılırdı. Atəşpərəstlər müqəddəs saydıqları oda sitayiş edir, onun vasitəsilə pisliklərdən qurtulmağın mümkünlüyünə inanırdılar. Zərdüştiliklə bağlı olan bir sıra adətlər — odun müqəddəs sayılması, səməni göyərdilməsi, odun (tonqalın) üstündən atlanma və s. dövrümüzə gəlib çatmışdır.

Eposun yaranma tarixi kimi, nə vaxt yazıya alınması da fərqli şəkildə izah olunur. Azərbaycan türklərinin qədim qəhrəmanlıq salnaməsi, bədii söz sənətimizin ilk mükəmməl ədəbi-bədii hadisəsi olan “Kitabi-Dədə Qorqud” islamiyyətdən çox-çox öncəki “Oğuznamələr” silsiləsinə daxil olsa da, ana dilimizin abidəsidir. Onun yazıya alınması yazılı ədəbiyyatımızın yalnız ərəb, yaxud fars dilində deyil, həm də doğma dilimizdə inkişaf etdiyini göstərirdi. Bu qiymətli abidə təkcə dilimizi, tariximizi yox, bütövlükdə xalqımızın mənəviyyatını, psixologiyasını, həyata baxışını və s. öyrənmək, dəyərləndirmək üçün mötəbər mənbədir.

VII əsrin ortalarından Ərəbistanda yaranan güclü islam dövləti bir çox ölkələri islam bayrağı altında istila etdi. Azərbaycan da kənarda qalmadı. Ölkəmizə hücum edən ərəblər xalqın ciddi müqaviməti ilə qarşılaşdılar. Çətinliklə də olsa, ölkə işğal olundu. İslamın qəbulundan sonra müxtəlif bölgələrdə mədrəsələr açıldı. Məqsəd islam dininin əsaslarını və ərəb dilini mənimsətmək idi

Ərəb dilində mükəmməl sənət əsərləri yaradan Musa Şəhəvat, İsmayıl ibn Yəsar, Əbül-Abbas əl-Əma kimi sənətkarlarımızın yaradıcılığında vətənpərvərlik, doğma yurda bağlılıq hislərinin ifadəsinə geniş yer verilirdi.

Ədalət — zülm qarşıdurması, ictimai mühitdəki yaramazlıqlara etiraz onların əsərlərində əksini tapan məsələlərdən idi. Bu sənətkarların təbiət mövzusunda yazılmış əsərlərində yenilik axtarışları, səmimilik, lirizm özünü aydın göstərirdi.

Ərəb xilafəti zəiflədikdən sonra Yaxın və Orta Şərq ölkələrində, saraylarda fars dili geniş yayılmağa başladı. Azərbaycanda XI əsrin ortalarından başlayaraq, farsca yazmaq ənənəsi yarandı. Saray ədəbiyyatında qəsidənin mədhiyyə, həcv, mərsiyə, fəxriyyə kimi növlərinə geniş yer verilir, dini mövzularda əsərlərin yazılmasına xüsusi diqqət yetirilirdi. Mədhiyyələr hökmdarların qüdrətinin, əməllərinin tərifi ilə məhdudlaşmır, onlar xeyirxah, mərhəmətli olmağa, ölkədə quruculuq işləri aparmağa, əmin-amanlıq yaratmağa dəvət edilirdi. Sarayda yaşayan mütərəqqi görüşlü sənətkarlar tarixi hadisələrə, ictimai-fəlsəfi məsələlərə həsr etdikləri əsərlərlə saray ədəbiyyatının mövzu, məzmun baxımından zənginləşməsinə istiqamət verirdilər. Əsərlərini farsca yazsalar da, təbliğ etdikləri ideya baxımından türk-Azərbaycan dünyagörüşünü, mənəviyyatını əks etdirən Qətran Təbrizi, Əbül-üla Gəncəvi, Fələki Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani kimi şairlər məhəbbətin, təbiətin tərənnümünə, eləcə də dərin fəlsəfi düşüncələrin ifadəsinə lirik şeirlərində geniş yer verirdilər. Bu sənətkarların yaradıcılığında ictimai-siyasi problemlər, humanist ideyalar da əksini tapırdı.

XI əsr saray ədəbiyyatının görkəmli nümayəndəsi kimi şöhrət qazanmış Q.Təbrizinin irsi “Divan”dan və “Ət-təfasir” adlı farsca lüğətdən ibarətdir. Şairin “Divan”ına mədhiyyələrlə yanaşı, məhəbbət, vətən, insan taleyi, təbiət mövzusunda, eləcə də saraydan narazılığı əks etdirən lirik şeirləri daxildir. Gəncədə və Təbrizdə yazıb-yaratmış şairin Təbrizdə baş vermiş zəlzələ haqqında iki mənzuməsi bu qədim şəhərlə bağlı məlumat verən mənbə kimi dəyərlidir.

M.Gəncəvi XII əsr ədəbiyyatımızda ictimai-fəlsəfi məzmunlu rübailəri ilə şöhrət tapmışdır. Bu şeirlərin lirik qəhrəmanı dərin məhəbbətlə sevən, iztirab çəkən, gözəlliyi dəyərləndirən aşiqdir. Rübailərində müxtəlif peşə sahiblərindən söz açması şairin əməkçi insana verdiyi yüksək dəyəri əks etdirir. Bu nümunələrdə insanın taleyi, həyatı, sevinci, kədəri ilə bağlı humanist düşüncələr yüksək poetik ifadəsini tapmışdır.

Ə.Xaqaninin “Divan”ındakı ictimai-fəlsəfi məzmunlu şeirlərdə, “Töhfətül- İraqeyn” poeması, “Mədain xərabələri” qəsidəsində saraydan narazılıq motivlərinin əks olunması ədalətsizliyə etiraz edən ədibin vətəndaşlıq mövqeyi ilə bağlı idi. Ədəbiyyatımızda ilk poema olan “Töhfətül-İraqeyn” əsərində şairin öz həyatı, uşaqlıq illəri, təhsili, dostları ilə bağlı xatirələri də əksini tapmışdır. Üsyankar təbiətli şair saraydan, hökmdarlardan üz çevirmiş, öz xalqına, sadə insanlara dərin məhəbbət bəsləmişdir:

İstəmirəm, adımı çağıralar Xaqani,
Mən yoxsullar şairi, xəlqaniyəm, xəlqani.

“Mədain xərabələri” qəsidəsində şair Sasani hökmdarlarının paytaxtı olmuş Mədain şəhərinin xarabalıqlarını təsvir etməklə dövrünün şahlarına ibrət dərsi vermək məqsədini güdmüşdür.

Şairin əsərlərində doğma yurduna məhəbbət, ondan ayrılığın doğurduğu şikayət motivləri güclüdür:

Şamaxı! Ey mənim sevimli yurdum!
Mən sənin qoynunda xaniman qurdum.
İndisə acığın tutmuşdur mana,
Sənin qucağından ayrılsam, ana,
Ümidim, pənahım Təbrizdir, Təbriz.
O şəhər də mənə doğmadır, əziz.

Saray həyatından uzaq olmağı üstün tutan Nizami Gəncəvinin “Xəmsə”si məzmunu, bədii forma kamilliyi, humanist ideyaların ifadəsi baxımından qədim dövr Azərbaycan ədəbiyyatının, intibah dövrünün zirvəsi sayılır. Nizami yeni bir ədəbi məktəbin əsasını qoymuş, poemaları ilə Yaxın Şərq ədəbiyyatının inkişafına istiqamət vermişdir.

  • Teqlər:
  • ədəbiyyat tarixi
  • , ədəbiyyatşünaslıq
  • , ədəbiyyat
  • , Azərbaycan ədəbiyyatı
  • , ədəbiyyat nəzəriyyəsi

Comments are closed, but trackbacks and pingbacks are open.