Press "Enter" to skip to content

Münasibətin tipləri

GÖRÜNÜŞÜNƏ ÖNƏM VERMƏYƏN QADINLAR;
Tər qoxusu gələn, geyimləri çirkli, əl-ayaq təmizliyinə fikir verməyən qadınların kişilərin dünyasında heç şansı yoxdur. Kişilər daxili gözəllik qədər xarici gözəlliyə, ən azından təmizliyə önəm verirlər.

KİŞİLƏRİN XOŞLANMADIĞI QADIN TİPLƏRİ

Hər kişinin və qadının beynində canlandırdığı, münasibət qurmaq istədiyi və xəyallarını qurduğu insan obrazı var.
Bəs kişilər hansı qadınları xoşlamırlar?

Əlbəttə, göstərilən tiplər insana görə dəyişə bilər. Birinin tamamilə xoşlamadığı bir xüsusiyyət, başqa biri üçün münasibəti davam etdirməyə səbəb ola bilər. Bir də kişilərin heç vaxt yaxınlaşmaq istəmədiyi tiplər var:

ÇOX DANIŞAN QADINLAR;
Danışdıqları ilə kainatın sirlərini vermiş olsalar belə, kişilərin birlikdə olmaqdan nifrət etdikləri qadın tipləri arasında çox danışan qadınlar ilk sıradadır. Hələ eyni səs tonu ilə, bəzən qışqırıq şəklində hər hadisəni bütün detalları ilə, bitməz-tükənməz bir uzunluqda danışırlarsa… Əslində, bu tip qadınlar təkcə kişiləri deyil, bütün sosial həyatlarını itirmə riski ilə qarşı-qarşıya qala bilərlər.

ÇARƏ; Bu qadınlar özlərini və yaşadıqlarını hər kəsin maraqla dinləmək istədiyini düşünər və heç kimə danışmağa imkan verməzlər. Amma insanları maraqlı edən, həmsöhbətinin diqqətinə səbəb olan danışmaq deyil, dinləmək.. ifadə etmək deyil, qarşısındakına ifadə etmək imkanı yaratmaqdır.

UŞAQ XASİYYƏTLİ QADINLAR;
Nə qədər sevimli xüsusiyyətlərə sahib olsalar da, kişilərin gözünə girməyi bacarmayan digər bir qadın tipi də özünü uşaq kimi aparan, daim naz-qamzə göstərən qadınlardır. Uşaq kimi danışan, kaprizli, çox hərəkətli bu qadınlar, bu cəhətlərlə əks cinsin diqqətini çəkmək istər. Lakin əksinə, uzaqlaşdırar. Həddən artıq uşaq kimi, ərköyün davranışlarla sevgi münasibətini valideyn-uşaq münasibətinə çevirən bu tip qadınlar, onsuz da məsuliyyətdən, ata olmaqdan qorxan kişilərin uzaqlaşmasına səbəb ola bilər.

ÇARƏ; Yalnız qadınlar deyil, bütün insanlar yaşlarının tələb etdiyi şəkildə, yetkin biri kimi davransalar, daha gözəl təsir bağışlaya bilərlər. Olduğundan böyük və ya kiçik görünmək istəyən insanlar cəlbedici deyil, uzaqlaşdırıcı təsir bağışlayırlar. Əgər davranışlarınız 5 yaşında uşağı xatırladırsa, bunu təcili dəyişin, hər yaşın öz gözəlliyi var, bu gözəlliyi yaşayın.

HƏR ŞEYİ BİLƏN QADINLAR;
Hər söhbətə qarışan, özünü hər işin biləni kimi göstərən qadınlar da kişilər tərəfindən arzu olunmaz. Kişinin bütün həyatına, işinə qarışmaq, onu idarə etmək istəyən qadınlar bu davranışla onları olduqca narahat edər. Həm də bu vəziyyət, sevgi enerjisini yox edən bir haldır. Hər şeyi bildiyini zənn etmənin bir addım sonrası günahlandırmaqdır. Bu tip qadınlar günahlandırıcı rolu öz üzərlərinə götürürlər.

ÇARƏ ; Müşavir davranışı əgər professional bir müşavir olsanız, işə yaraya bilər. Amma bunun xaricində münasibətlərdə belə bir missiyanı üzərinizə gotürmək, həm yersiz, həm də qeyri-kafi bir davranışdır. Hər mövzuda fikir yürütmək, hətta mövzunu əla bilsəniz belə yersiz görünər, qarşınızdakı insanı sizdən uzaqlaşdırar. Bildiyiniz söhbətdi də dinləməyə üstünlük verin, ağıl verməkdən çəkinin.

PUL HƏRİSİ QADINLAR;
Kişilərin uzaq durmağa çalışdığı tiplərdir. Pulu olan kişilərlə münasibət qurmağa çalışar, yaxın olduğu insanın bu münasibət əvəzində onlara hədiyyələr almasının vacib olduğunu düşünərlər. Çox zaman bunu əldə etməyə bacarıqları da olur. Amma əsasən kişilərin sevmədiyi qadın tipidir. Kişilər bu qadınların onları sevmədiyini , yalnız ondan faydalanmaq üçün bu münasibəti davam etdirdiyini düşünürlər. Bu tip qadınlar artıq kişilərin də müstəqil, öz karyerasını qurmuş, şəxsi həyatını öz imkanları hesabına davam etdirə biləcək gücdə olan qadınları seçdiklərini bilməlidirlər.

ÇARƏ ; Münasibətlərdə əvəz ödəmək deyə bir şey olmaz, tərəflər bir-birlərinə içdən gələn jestlər edə bilərlər, amma bu bir məcburiyyət deyil. Bu cür düşünə bilirsinizsə, öz münasibətinizdə hər şeyi qarşı tərəfdən gözləməməli, ortaq nöqtənin sevgi olmasına şərait yaratmalısınız.

İSRARÇI QADINLAR;
Kişilərin ən qorxduqları qadın tipidir. Kişilər onlarla birlikdə olsalar, həyat boyu qurtula bilməyəcəklərini düşünürlər. Bu tip qadınlar qarşılıq görmədikdə hətta zərərverici ola bilirlər. Davamlı olaraq zəng edər, görüşmək istəyər, ayrılıq olarsa bunu qəbul etməz, problem çıxarmağa çalışarlar.

ÇARƏ ; Hər insan qarşısında hörmətə, sevgiyə layiq insan görmək istəyər. Obsesiv (israrçı) qadınlar əks cinsin sevgisini, eyni zamanda hörmətini itirərlər. Əgər bu tip xüsusiyyətləriniz varsa, münasibətinizi başqa bir yönə çevirib, həyatınızdakı sevgini hədəf halına çevirməməyi öyrənməlisiniz.

DEPRESSİV QADINLAR;
Kişilərin anlaya bilmədiyi və birlikdə olanda çox sıxıldığı qadın tipidir. Daim bir dərdləri, yana-yana danışacaqları bir problemləri olur. Davamlı olaraq diqqət mərkəzində olmaq istəyər, bir an diqqət çəkilən kimi tragik bir vəziyyət yaradar, diqqəti yenidən üzərlərinə çəkmək istəyərlər. Daim qaş-qabaqlı, kimsənin anlamadığı bir dərdləri olan “dərin” qadınlardır.

ÇARƏ; Əgər həqiqətən depressiyadasınızsa, bir psixoloqa müraciət edin, probleminizi həll etməyə çalışın. Yox, əgər ancaq diqqət görmək üçün belə davranırsınızsa, yanılırsınız. Çünki kişilər adətən xoşbəxt, şən, birlikdə əylənəbiləcəyi qadınlara üstünlük verirlər, bütün insanlar kimi…

GÖRÜNÜŞÜNƏ ÖNƏM VERMƏYƏN QADINLAR;
Tər qoxusu gələn, geyimləri çirkli, əl-ayaq təmizliyinə fikir verməyən qadınların kişilərin dünyasında heç şansı yoxdur. Kişilər daxili gözəllik qədər xarici gözəlliyə, ən azından təmizliyə önəm verirlər.

ÇARƏ; Görünüşünüzə, geyimlərinizə önəm vermək şəxsiyyətinizin bir hissəsi, özünüzə verdiyiniz dəyər, göstərdiyiniz sevgi və hörmətin nəticəsidir. Dünya gözəli olmağa ehtiyac yoxdur, sadəcə ola biləcəyinizin ən yaxşısı olmağa çalışın.
Mənbə: Hürriyyət.com.tr
Hazırladı: Psixoloq R_M

Iqtisadiyyat

Insanların bir məqsədə nail olmaq üçün birgə fəaliyyətlərinə bir-biri ilə qarşılıqlı asılı olan təşkilati vahidlər kimi baxmaq olar və effektiv idarəetmə dedikdə bu qarşılıqlı asıllığın bacarıqla idarə edilməsi kimi baxmaq lazımdır. Təşkilati vahidlər arasındakı münasibətlər bu vahidlərin birgə fəaliyyətinə böyük təsir güstərir.

Təşkilatda qrupların (bölmələrin) münasibətlərinin aşağıdakı dörd tipini fərqləndirirlər: [1]

Güc və asılıq arasındakı nisbət . Təşkilatdakı insanlar müəyyən səviyyədə bir-birinə təsir göstərirlər, bununla da onlar özlərinin və fəaliyyət göstərdikləri sahədə imkanları gücləndirmək və genişləndirmək istəyirlər, eyni zamanda bununla da öz mövqelərini gücləndirməyə çalışırlar.

Danışıqların aparılması zamanı münasibətlər . Məhdud resurslarla baglı qərarların qəbulunda işçilər adətən öz hissələrinin (qərarın qəbul edilməsi, işin görülməsi ) əldə edilməsində biri-birindən asılı olurlar.

İşgüzar münasibətlər. Müasir qarşılıqlı asılı istehsalda işçilər bir-biri üçün “istehsal vasitələri” vəziyyətindədirlər. Belə qanunauyğun vəziyyət hər bir qrup işçilər üçün texnoloji əlaqələrin səbəbi kimi çıxış edir. Məsələ ondadır ki, müəyyən sahədə istehsalın təşkili zamanı işçilər digər işçi qruplarının fəaliyyətinə əsaslanırlar. Bu halda qarşılıqlı surətdə asılı olan işçilərin fəaliyyəti təşkilatın ümumi nəticələrini əldə etməyə bir tərəfdən onlar arasında ziddiyyətlərin olmaması əsasında, digər tərəfdən təşkilat daxilində qrupların fəaliyyət nəticələrinin mübadiləsi əsasında imkan yaradır..

Sosial-emosional münasibət . Əksərən özünü müəyyən dövrlərdə simpatiya və antipatiya kimi göstərir (bir çox hallarda fərdin qrupa və ya təşkilata).

Göstərilən münasibət tiplərinin uyğun tendensiya (inkişaf meylləri) və əsas problemləri var. Narazılıqların təbiətindən asılı olaraq ( əsas və ya davranış) münaqişəyə müdaxilə forması müəyyənləşir. Bu halda münaqişəli tərəflərə narazılıqların konstruktiv aradan qaldırılmasına yönəldilmiş xarici təsir nəzərdə tutulur. Bununla yanaşı konfliktin müəssisənin məqsədləri əsasında həll edilməsi səmərəsiz sayılır.

Tədqiqatçılar tərəfindən təşkilatlarda daha çox rast gəlinən münaqişə növlərini qeyd edək: [2]

Birinci – işverən və işçi arasında (şəxsiyyətdaxili) O, müxtəlif formalar ala bilər. Ən geniş yayılmış formalarından biri rollarla əlaqədar münaqişədir ki, bu zaman bir insana onun işinə zidiyyətli tələblər qoyulur. Məsələn: mağazadakı müəyyən şöbənin rəhbəri satıcıdan həmişə həmin şöbədə olmağı və alıcılara əmtəələri təklif etməyi tələb edə bilər. Sonradan isə şöbə rəhbəri narazılığını bildirir ki, satıcı alıcılara həddən artıq çox vaxt sərf edir və şöbənin əmtəələrlə təmin olunmasına diqqət ayırmır. Və satıcı təlimatları nəyi etmək lazımdır və nəyi etmək lazım deyil ifadəsində dərk edir və şöbə rəhbərinin sözlərini uyğunsuz qəbul edir. Analoji hal: istehsal bölməsinin rəhbərinə onun birbaşa müdiri istehsalın miqdarını artırmaq barədə tapşırıq verib. Kefiyyət işinə nəzarət edən yüksək səlahiyyətli şəxs isə istehsal vaxtını uzadılması vasitəsi ilə məhsulun kefiyyətinin artırılmasını təkid edərdi. Hər iki hal onu göstərir ki insana ziddiyyətli təlimatlar verilib və bir-birini inkar edən nəticələr tələb olunur. Birinci halda münaqişə bir insana verilən ziddiyyətli təlimatlar əsasında yaranacaq, ikinci halda isə münaqişənin səbəbi kimi vahid idarəçiliyin olmaması çıxış edəcək.

Bu münaqişə növü eyni zamanda istehsal tələbatının insanın şəxsi tələbatı ilə uzlaşmadığı halda meydana gələ bilər. Məsələn: qadın rəhbər altıncı və bazar günü həyat yoldaşı ilə birlikdə istirahətə getməyi planlaşdırır. Çünki, onun işə həddən artıq diqqət yönəltməsi onun ailəsində problemlər yaradır. Amma, beşinci gün onun birbaşa rəhbəri hər hansı bir problemin istirahət günləri həll edilməsində israrlıdır. Bir çox təşkilatlarda işçilər rəhbərlərin onların digər ölkədə işləməsinə narazılığı ilə qarşılaşır. Belə olduqda işçinın vəzifəsi və əmək haqqı artırılmış olacaq. Bu adətən ər və arvadın rəhbər vəzifələrdə çalışdığı hallarda yaşanır. Şəxsiyyətlərarası münaqişə həmçinin həddən artıq böyük yükləmə və ya normadan aşağı yükləmə hallarında cavab olaraq yaranır. Tədqiqatlar göstərir ki, belə münaqişə işdən məmnunluq hissinin aşağı olması ilə bağlı yaranır.

İkinci – böyük təskilatların bölmələri arasında ( qruplararası) Təşkilat çoxlu sayda qruplardan ibarədir. Bunlar formal və qeyri-formal ola bilər. Hətta, ən yaxşı təşkilatlarda belə bu qruplar arasında münaqişələr yarana bilər. Rəhbərin onlara qarşı ədalətli olmadığını fikirləşərən qeyri-formal təşkilatlarda birləşən işçilər mütəşəkkil şəkildə iş kefiyyətini aşağı salaraq rəhbərlə “hesablaşa” bilərlər. Qruplararası münaqişə nümunəsi olaraq rəhbərlik və həmkarlar ittifaqı arasında olan, bitməyən münaqişəni də göstərmək olar. Təəssüflər olsun ki, bu münaqişə növünə tez-tez göstərilən nümunə kimi ştab və xətti heyət arasında münaqişələrin yaranmasıdır. Ştab heyəti adətən daha cavan və daha yüksək təhsillidir və nitqdə texniki ifadələrdən geniş istifadə edir. Xətti rəhbərlər isə ştat işçilərinin tövsiyyələri ilə razılaşmır, onlardan məlumat cəhətdən asılı olduqlarına görə narazılıq bildirirlər. Mürəkkəb vəziyyətlərdə xətti rəhbərlər işin icrasının elə bir metodunu seçə bilərlər ki, təşəbbüs uğursuzluqla nəticələnsin. Bunun əsas səbəbi isə mütəxəssisə “yerini göstərmək”dir. Ştab heyəti də öz növbəsində onun nümayəndələrinə öz qərarlarını verməyə imkan yaratmırlar və xətti heyətin informasiya asıllığında saxlamağa çalışarlar. Bu disfunksional münaqişənin [3] nümunəsidir.

Tez-tez məqsədlər arasındakı fərq nəticəsində təşkilatda funksional qruplar arasında münaqişələr yaranır. Məsələn: satış bölməsi bir qayda olaraq alıcıya istiqamətlənib, amma, istehsal bölmələri xərclər, səmərəlilik və qənaətə istiqamətlənib. Ticarət bölməsinə uyğun olaraq sifarişləri vaxtında yerinə yetirmək üçün böyük əmtəə ehtiyatlarını saxlamaq xərcləri artırır və bu da istehsal bölmələrinin fəaliyyətinə ziddir.

Üçüncü – səxsiyyətlərarası münaqişələrdir. Münaqişənin bu növü demək olar ki, ən geniş yayılmış münaqişə növüdür. Təşkilatlarda o, müxtəlif cür özünü göstərir. Bir çox hallarda bu rəhbərlərin kapital, işçi qüvvəsi avadanlıqlardan istifadə müddəti kimi məhdud resurslardan istifadəyə görə və ya layihənin təsdiq olunmasına görə mübarizəsidir. Rəhbərlərdən hər biri fikirləşir ki, o özündən yuxarıda duran səlahiyyətli şəxsləri məhdud resursları məhz onun üçün ayırmağa inandırmalıdır (yəni başqasına ayırmamalıdırlar ). Şəxsiyyətlərarası münaqişə həm də iki şəxsin toqquşması kimi də meydana çıxa bilər. Müxtəlif xarakterlərə, dünya görüşünə malik insanlar bir-biri ilə yola gedə bilmək iqtidarında deyillər. Bir qayda olaraq belə insanların baxışları və məqsədləri əsaslı fərqlənir.

Dördüncü – insan və qrup arasında münaqişə istehsal bölmələri davranış və hasilat ( istehsal ) normaları müəyyən edirlər. Hər bir insan qeyri formal qrupa daxil olmaq üçün bu normalara uyğun hərəkət etməlidir. Amma, əgər qrupun ümidləri şəxsin ümidləri və ya fikirləri ilə ziddiyyət təşkil edirsə münaqişə yarada bilər. Məsələn: kimsə daha çox qazanmaq istəyir və buna görə də normadan daha artıq iş görür və qrup isə bunu “həddən artıq səy göstərilməsi” kimi qiymətləndirir və buna neqativ hərəkət kimi baxır.

Fərd və qrup arasında münaqişə fərdin və qrupun maraqlarına uyğun olmayan mövqedə olduğu halda da yarana bilər. Məsələn: iclasda satış həcmini artırmaq imkanlarını müəyyən edərkən əksəriyyət buna qiyməti aşağı salmaqla nəticəyə nail olmağı təklif edir. Amma bir insan (fərd) inanır ki, bunun nəticəsində mənfəətin miqdarı aşağı düşəcək və belə bir fikir yaranacaq ki, müəssisənin istehsal etdiyi məhsul kefiyyətsizdir. Baxmayaraq ki, bu insan müəssisənin maraqlarına uyğun hərəkət etməyə və müəssisəyə xeyirli bir fəaliyyət göstərməyə çalışır, bu vəziyyət münaqişəyə gətirib çıxara bilər. Səbəb onun sadəcə qrupa qarşı çıxmasındadır.

Temperament, temperamentin növləri

1. Temperament haqqında anlayış.
2. Temperament haqqında təlimlər tarixindən.
3. Temperamentin xassələri və tipləri.

1-ci sual. Temperament sözünün latın dilində hərfi tərcüməsi “hisslərin lazımi qarşılıqlı nisbəti” deməkdir.Yunan həkimi Hippokrat (V-IV əsr) tətbiq etmişdir. Temperament dedikdə o insanın həm fərdi anatomik-fizioloji, həm də psixoloji xüsusiyyətlərini nəzərdə tutmuşdur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, xolerik, fleqmatik və melanxolik adları müasir psixologiya indi də işlənilməkdədir.
Temperament psixi fəaliyyətin dinamik xarakteristikası kimi təzahür edir. Psixi fəaliyyətin və ya davranışın dinamik xarakteristikası çoxcəhətlidir. Onun xüsusiyyətlərini təhlil etmək üçün sürət, temp (tezlik dərəcəsi), ritm, intensivlik, plastiklik, dözümlülük və s. kimi müxtəlif anlayışlardan istifadə olunur.
İnsanlar psixi fəaliyyətin dinamik xarakteristikasına görə bir-birindən fərqlənirlər.
Temperament xüsusiyyətlərini düzgün xarakterizə etmək üçün biz bir mühüm cəhəti dəqiqləşdirməliyik: psixi fəaliyyətin dinamik xüsusiyyətləri çoxdur. Onlar təkcə temperamentlə deyil, həm də fəaliyyətin motivləri, insanın adətləri, psixi halətləri, situasiyanın tələbləri və s. ilə şərtlənir.
Temperament insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavab vermə sürətinin dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.

2-ci sual. Temperament haqqında təlimlər qədim tarixə malikdir. Müxtəlif dövrlərdə insan orqanizminin aşağıdakı bioloji sistemləri temperamentin əsası kimi irəli sürülmüşdür:
1. Humoral sistem; Qədim yunanlara (Hippokrat və b.) görə insan orqanizmində insan üçün lazım olan 4 cür maye var. Bu mayelər insanların hamısında eyni cürə paylanmayıb. Onlar insanları 4 tipə bölürdülər: sanqvinik -qan bunlarda daha yüksəkdir; xolerik – san öd çox üstündür; melanxolik – qara öd
üstündür; fleqmatik – selik üstündür.
2. Somatik sistem; XX əsrin 20-ci illərində temperamentin bioloji əsaslarının şərhində köklü surətdə dəyişikliklər baş verdi. E.Kreçmer, İ.Şeldon və S.Stivens temperamentin xüsusiyyətlərini insanın bədən quruluşunun xüsusiyyətləri ilə izah etməyə başladılar:

  • Atletiklər – gözəl bədən quruluşuna malik adamlardır.
  • Asteniklər – hündür, ucaboy, arıq adamlardır.
  • Pikniklər – alçaq boy, piyli adamlardır.

Kreçmerin fikrincə, piknik bədən quruluşuna malik olan şəxslər affektiv pozuntular verməyə meyllidirlər, astenik bədən quruluşuna malik olanlar isə təfəkkür pozuntularına daha çox məruz qalan şəxslərdir və şizoid qrupuna aiddirlər.
3. Sinir sistemi; İnsanın temperamentini İ.P.Pavlov ASF-nin tipləri ilə izah edirdi. Pavlov sinir sisteminin 3 xassəsini müəyyən etmişdir.

  • Oyanma və ləngimənin qüvvəsi (beyin qabığı hüceyrələrinin iş qabiliyyətini, onların dözümlüyünü müəyyən edir);
  • Onların müvazinət dərəcəsi (oyanma qüvvəsinin ləngimə qüvvəsinə müvafiq dərəcəsi və ya onların tarazlığı);
  • Oyanma və ləngimənin mütəhərrikliyi (onların bir-birini əvəz etmə sürəti).

Pavlov 4 əsas tip müəyyən etmişdir: I tip zirək, II tip sakit, III tip coşqun, IV tip zəif.
Həmin təsnifata görə bu tipin aşağıdakı xassələri vardır:

  • Zirək tip – qüvvətli, tarazlı (müvazinətli), cəld – sanqvinik.
  • Sakit tip – qüvvətli, tarazlı, asta – fleqmatik
  • Coşğun tip- qüvvətli, müvazinətsiz – xolerik.
  • Zəif tip – zəif – melanxolik.

Temperamentin psixoloji xarakteristikası getdikcə genişlənmişdir. Roma alimi Tolen (II əsr), Hippokratdan fərqli olaraq, temperament tiplərini fizioloji, psixoloji və hətta əxlaqi xassələrilə birlikdə şərh etmişdir. XVIII əsrin sonlarında alman filosofu E.Kaum temperamenti yalnız psixoloji xassə kimi xarakterizə etmişdir. Son zamanlara qədər temperament əsasən psixoloji baxımdan izah olunurdu. Temperamentə belə münasibət temperament tipləri haqqında mövcud olan təsəvvürləri dəyişirdi. Temperament tipləri artıq fizioloji deyil, psixoloji xassələrin nisbəti kimi səciyyələndirilməyə başladı. Kosta görə temperament müyəssər cisimlərin və fəaliyyətin fəallıq dərəcəsinin nisbətindən ibarətdir. Vunta görə temperament «ruhi hərəkətlərin» qüvvə və sürəti arasından nisbətdir.

3-cü sual. İnsanın psixi fəaliyyətinin dinamikasını əks etdirən xassələrə temperament xassələri deyilir.
Temperament tiplərinin psixoloji xarakteristikası onun aşağıdakı xassələri ilə müəyyən edilir.
Aktivlik. Bu xassə insanın məqsədə çatmaq üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsini, xarici və daxili maneələri necə aradan qaldırmasını nəzərdə tutur. Temp, ritm, sürət, intensivlik, plastiklik, dözümlülük və s. aktivliyin əsas göstəricisidir.
Reaksiyaların tipi. Bu xassə haqqında biz müxtəlif psixi reaksiya və proseslərin sürətinə, o cümlədən hərəkətlərin sürətinə, iqlim tempinə görə fikir yürüdürük.
Plastiklik və onun əksi olan rigidlik keyfiyyəti: Bu xassənin insanın iqlimin xarici təsirlərinə nə qədər tez uyğunlaşması (plastiklik) və ya əksinə, davranış, adət və mülahizələrin nə qədər ətalətli və süst (rigid) olmasından bilmək olar.
Emosionallıq. Müxtəlif hiss və emosiyaların, o cümlədən affektlərin və əhvalların əmələ gəlmə, cərəyan etmə və kəsilməsi xüsusiyyətlərini xarakterizə edən xassə və keyfiyyətlərlə bağlıdır. Əsas göstəriciləri mütəəssirlik, impulsivlik, emosional labillikdir.

TEMPERAMENTİN TİPLƏRİ:
Sanqvinik. Bu cür adamlar yüksək reaktivliyə malik olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri canlı və ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun müddət işləyə bilir. Sanqviniklər həddən artıq qayda-qanunlara əməl edən olur. Sürətli hərəkətə, çevik təfəkkürə, sürətli nitq tempinə malik olurlar. Onlarda plastiklik yüksək olur. Hissləri asanlıqla bir-birini əvəz edə bilir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilirlər. Onlarda ekstravertlik yüksək olur.
Xolerik. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də senzitivlik aşağı, reaktivlik və aktivlik yüksək olur. Lakin xoleriklərdə reaktivlik aktivliyi üstünlük təşkil edir. Ona görə də xoleriklər həddən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar. Onlarda plastiklik zəif, rigidlik yüksək olur. Onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük mövcud olur. Başladıqları işi axıra qədər yerinə yetirməyə meylli olurlar. Diqqətlərini keçirməkdə çətinlik çəkirlər. Ekstravertlik yüksəkdir. Müvazinətsiz olurlar.
Fleqmatik. Özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Onlarda plastiklik aşağı, rigidlik yüksək olur. Mimikaları kasıb, ifadəsiz olur. Diqqətlərini çətinliklə keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə daxili əks olunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişə bilirlər. Bunlarla yanaşı olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ ala biləndirlər. Onların asanlıqla özlərindən çıxması halları olmur. Yeni adamlara çətin alışırlar.
Melanxolik. Onlarda senzitivlik, həssaslıq həddindən artıq yüksək olur. Kiçik bir işdən, hərəkətdən dərindən təsirlənirlər. Hədsiz dərəcədə küsəyəndilər. Mimika və hərəkətləri dərin və ifadəli deyil. Səsləri zəif, hərəkətləri süstdür. Onlarda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Kiçik uğursuzluq onlarda dərin, bəzən ciddi əhval pozğunluğu yaradır. Həmişə başqalarının onların halına yanmalarını gözləyirlər.
Həddindən artıq təkliyə qapanırlar. Tez ruhdan düşür, bəzən gücü çatan işi belə axıra qədər yerinə yetirmirlər. İntrovertlik yüksək olur.

  • Teqlər:
  • temperament
  • , temperamentin tipləri
  • , xolerik
  • , sanqvinik
  • , melanxolik
  • , fleqmatik

Comments are closed, but trackbacks and pingbacks are open.