Press "Enter" to skip to content

Qdim dövr azrbaycan dbiyyatı

İncitmə qəlbini avarə gülün.

Qdim dövr azrbaycan dbiyyatı

QƏDİM DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI

(ən qədinm zamanlardan XIII əsrə qədər)

Azərbaycan ədəbiyyat tarixinin ayrı –ayrı dövrləri, mərhələləri xalqın tarixinin ayrılmaz tərkib hissəsidir.Tarixin ən qədim dövrlərində türk xalqlarının eyni məkanı, coğrafiyanı bölüşdürməsi ortaq ədəbi-bədii dəyərlərin, bədii söz örnəklərinin də yaranmasını şərtləndimişdir. Ədəbiyyatın keçdiyi tarixi yol göstərir ki, bir kökdən olan xalqların coğrafi məkan ümumiliyi, eyni dilin daşıyıcısı olması öz əksini onların dünyagörüşü, təfəkkür, həyat tərzi, adət-ənənə, mənəvi dəyərlər, əxlaqi sifətlərlə yanaşı, söz sənəti nümunələrinin də ortaqlığında tapmışdır. Bu ortaqlıq türk xalqlarının ədəbiyyatlarının bir-birini qarşılıqlı surətdə zənginləşdirməsinə, humanist, insansevər səciyyə daşımasına, əxlaq gözəlliyini əks etdirməsinə zəmin yaratmışdır. Bu baxımdan Azərbaycan xalqının zoykökündə duran ortaq türk xalqlarının yaratdığı, mifoloji örnəklər, Orxon-Yenisey daş kitabələri öz humanizmi, milli məhdudluq tanımaması ilə seçilir. “Törəyiş”, “Oğuz xaqan”, ”Alp Ər Tonqa”, “Ərgənəkon”, “Köç” dastanları uzun illər dildən-dilə keçərək yayılmış, sonradan müxtəlif mənbələrdə qısa məzmunu yazıya alınaraq qorunub saxlanılmışdır.

Eramızdan əvvəl I minilliyin ortalarında yaradılmış “Alp Ər Tonqa” dastanı vaxtilə irihəcmli nəzm əsəri olmuş, ozanlar tərəfindən əzbər söylənilmişdir. Dastanda Turan hökmdarının oğlu, türklərin ilk əfsanəvi qəhrəmanı Alp Ər Tonqa atasından izn alıb xalqına edilən zülmlərin əvəzini düşməndən çıxmaq üçün ordu ilə İrana hücum edir.Düşməni məğlub edərək hökmdarı əsir alır. Qardaşı Alp Aruzun satqınlıq etdiyinui bilən Alp Ər Tonqa onu öldürür. Yeni müharibədən sonra sülhə razılaşan Alp Ər Tonqa İranin şimal hissəsindəki torpaqları Turana qatır. Lakin sonradan müharibələr davam edir. Kabul padşahı Zal, İran taxtına çıxan Zev, Zalın oğlu Rüstəm, Keykavusun oğlu Siyavuşla müxtəlif vaxtlarda döyüşə girən Alp Ər Tonqa qara qayğulu yuxu görəndən sonra sülhə razılaşır. Alp Ər Tonqaya sığınan Siyavuş onun qızı Firəngizlə evlənir. Çuğullar Siyavuşla Alp Ər Tonqanın arasını vuraraq Siyavuşun öldürülməsinə nail olur.Rüstəm Turana hücum edərək Alp Ər Tonqanı məğlub etdi, oğlunu öldürdü. Qisas almağa and içən Alp Ər Tonqa yeni ordu toplayıb müharibədə İranı məğlub etdi.

Keykavus hökmdarlığı Siyavuşun birinci arvadından olan oğlu Keyxosrova verdi. O, hücum edərək türk-Turan ordusunu məğlub etdi.Alp Ər Tonqanı öldürmək istəsə də, o, qaldığı qaladan ona sadiq bəylərlə Çin padşahının yanına getdi. Ordusu ilə onun ardınca gələn Keyxosrova təkbətək döyüşməyi təklif etsə də, o razılaşmadı. Döyüşdə türk-Turan ordusu yenə məğlub oldu. Dərin sarsıntı keçirən Alp Ər Tonqa öz ölkıəsinı qayıtdı. Düşmənlər dağdakı mağarada yaşayan Alp Ər Tonqanın türkcə dediyi ağılardan onu tanıyıb Keyxosrova xəbər verdilər. Düşmənin əlinə keçməmək üçün suya atılan Alp Ər Tonqanı hiylə ilə sudan çıxarıb öldürdülər. Vətənpərvər, qəhrəman Turan hökmdarının ölümü xəbərini türklər böyük faciə kimi qarşıladılar, ağı deyib ağladılar:

Alp Ər Tonqa öldümü,

İzsiz amin qaldımı,

Ödək öcün aldımı,

İmdi yürək yırtılır.

Tarixi qaynaqlarda atəşpərəst azərbaycanlıların dini kitabı olan, on iki min öküz dərisi üzərində qızıl hərflərlə yazılmış “Avesta”nın Midiya dövrünə aid olduğu qeyd edilir. Zərdüştün yaratdığı, ilkin formada 21 hissədən ibarət olmuş bu tarixi-ədəbi, dini –fəlsəfi abidənin üç hissəsi qalmışdır.Vəndidad, Vispered, Yəsna. “Vendidad”da divlərə, düşmən qüvvələrəqarşı qanunar, paklıq və doğruluq, günahlardan üzülüşmək, saflaşmaq haqqında fikirlər öz əksini tapmışdır. Əkinçliyi müqəddəs sayan Zərdüştililik dininin qaydalarına görə, mömin insan əkin-biçin, bağçılıqla məşğul olmalı, bataqlıqları qurutmalıdır.O, yurd salmalı, ev tikməli, mal-qara saxlamalı, aiə qurmalı, övlad böyütməlidir.

“Yəsna”ya daxil olan 17 “Qat” qurban, ibadət zamanı söylənən alqış, müqəddəs sayılan su, torpaq, ot, abadlıqlara dualar, allahlara tərif, müraciətlərdən ibarətdir. “Qat”larda dünyanı idarə edən iki qüvvə – xeyir allahı Hörmüz (Ahura-Məzda) və şər allahı Əhrimən (Anqra-Manyu) arasında gedən daimi mübarizədən bəhs edilir.Hörmüz işığı, xeyiri, Əhrimən –qaranlığı, şəri təmsil edir.Zərdüşt insanları xeyirli fikir, xeyirli söz, xeyirli əməllə xeyirin şər üzərində qələbəsinə kömək etməyə səsləyir:

Ey Ahura. Yaxşı fikir, yaxşı əməl insanları

Verdim sənə özün qoru öyrət mənə öz dilinlə,

Öyrət necə olacaqdır, bəs gələcək həyat necə?

Atəşpərəstlər günəşi Hörmüzün gözü sayaraq oda sitayiş edir , odun vasitəsilə şərdən, pislikdən qorunmağın mümkünküyünə inanırdılar. “Avesta” dakı odun müqəddəsliyi, Novruz bayramında şam yandırılması, səməni göyərdilməsi, odun üstündən atlanmaq və s. bu gün də xalqımızın bayram adətlərində yaşamaqdadır.

Qədim dövrlərdən Azər­bay­can ərazisində yaşayan, köçəri həyat keçirən oğuzlar öz qəh­rə­manlıq tarixini «KitabiDədə Qorqud» da əbə­diləş­dirmişdir. Dastanda xalqımızın müdrikliyi, tarixi, qəhrəmanlığı geniş epik lövhələrlə, incə, zərif qəlb dünyası lirik bədii nümunələrlə ifadə olunmuşdur. Təsadüfi deyil ki, bu dastan özündən sonra yaranan şifahi ədəbiyyatımıza, nağıl və dastan­ları­mıza, orta əsr­lərin yazılı ədəbiyyat nümunələrinə güclü təsir göstərmişdir. Dastanın əlyazması ilk dəfə Almaniyanın Drez­den kitab­xanasından tapılmışdır. 1815-ci ildə alman şərqşünası Frid­rix Dits əsərin əlyazmasının surətini Berlin kitabxanasına gətir­miş­dir. Dastanın ikinci əlyazma nüsxəsi Vatikan kitabxanasından tapıl­mışdır. İtaliya şərqşünası Ettore Rossinin tapıb üzə çıxardığı bu əlyazması bir müqəddimə və on iki boydan ibarətdir. Dastanın hər boyunda bir oğuz igidinin göstərdiyi hünərdən, qəhrəmanlıqdan bəhs edilir.

«Kitabi-Dədə Qorqud» dastanının formalaşma dövrü 10-11-ci əsrlərə aiddir. Əsərdə təsvir edilən hadisələr real şəkildə 6-9-cu yüzilliklərdə baş vermişdir. Burada Gəncə, Bərdə, Naxçıvan, Şə­rur, Əlincə qalası, Dərbənd, Qaraçuq dağı, Göyçə, Qaradağ, Bayat, Dərəşam və başqa Azərbaycan torpaqlarının adı çəkilir. Əsərdə ulu babalarımız olan oğuzların doğma Vətənimizə göz dikmiş düşmənə qarşı mübarizəsindən, yurdumuzun hər qarış torpağını şərəflə qorumasından söz açılır. Soykökünə bağlı oğuz igidləri mərd, cəsarətli, hünərlidir. Dədə Qorqudun qarı düşmənin dost olmaması nəsihətini unutmayan oğuzlar düşmənin hiyləsinə uymur, Vətənin keşiyində ayıq-sayıq dururlar. Güclü düşmən qarşısında geri çəkilmək, ölümdən qorxub təslim olmaq, öz canını Vətəndən əziz tutmaq oğuz qəhrəmanları tərəfindən şərəfszlik sa­yı­lır. Onlar oğuz qəbilələri arasındakı birliyi, əmin-amanlığı göz bəbəyi kimi qoruyurlar. Dastanın on bir boyunda bu birlik qorunub saxlanılsa da, sonuncu – on ikinci boyda Qazan xanın dayısı, at ağızlı Aruz Qoca birliyi pozmağa cəhd edir. Lakin onun bu səyi nəticəsiz qalır. Oğuz elinin məşhur qəhrəmanı Bey­rək xaincəsinə öldürülsə də, Qazan xan bu qanı yerdə qoymur. O, doğma dayısı olsa da, Oğuz birliyinə əl qaldıran, Beyrəyi qətlə yetirən, düşmən dəyirma­nı­na su tökən Aruz Qocanı döyüşdə məğlub edib öldürür.

Dastanda oğuzların düşmənlərinin də obrazları yaradılıb. Şöklü Mə­lik, Qara Tükən Məlik, Buğacıq Məlik, Trabzon və Düzmurd təkur­ları oğuzların tarixi düşmənləri olan qıp­çaqlardır. Qıpçaqların oğuzlardan çox sonra, ancaq XII əsrin ikin­ci yarısından etibarən islam dinini qəbul etməyə başla­dıq­ları mə­lumdur.

Əsərdə Bayat soyundan olan Dədə Qorqud el ağsaqqalı, keçmişdən, gələcəkdən xəbər verən müdrik bir şəxsiyyətdir. Dədə Qorqud ozandır, el aşıqlarının ümumiləşmiş obrazıdır. Əsərdə hər boyun öz süjet xətti vardır. Lakin Dədə Dorqud dastandakı bütün boyları birləşdirən obraz kimi çıxış edir. Bəziləri Dədə Qorqudu əfsanəvi şəxsiyyət olduğunu söyləyir. Bir sıra mənbələrdə isə onun tarixi şəxsiyyət olması söylənilir. Mənbələrdə onun Məhəmməd peyğəmbərin zamanında yaşadığı qeyd edilir. Alman səyyahı Adam Oleari 1637-ci ildə Dərbənddə Dədə Qorqudun qəbrini gördüyünü bildirir.

VII-IX əsrlərdə yaranan ərəbdilli saray ədəbiyyatı sonrakı yüzilliklərdə yaranan ədəbiyyatımız üçün zəmin yaratmışdır. Ərəb mühitində yaşayan azərbaycanlı şair İsmayıl ibn Yəsarın coşqun ruhlu, döyüşkən poeziyasında vətəndaşlıq hislərinin tərənnümü mühüm yer tutmuşdur. Siyasi məzmunlu şeirlərinə görə o, dəfələrlə sürgünə göndərilmiş, xəlfənin əmri ilə qamçılanmışdır. Şairin məhəbbət mövzusunda əsərlərində, qəsidələrində təbiilik, həyatilik, bədii ümumiləşdirmə güclüdür.

Musa Şəhəvat vətənindən uzaqlarda – Mədinədə yaşasa da, tez-tez Azərbaycana səfər etmiş, öz doğma yurdu ilə sıx əlaqə saxlamışdır. O, öz əsərlərində ictimai həyatda müşahidə etdiyi nöqsanlara, hakimlərin zülmkarlığına, özbaşınalığına, valilərin, qazilərin rüşvətxorluğuna, riyakarlığına barışmaz münasibət bəsləmişdir.Əbül Abbas –Əl Əma azərbaycanlı şairlər arsında öz fərdi üslubu, yaradıcılıq özünəməxsusluğu ilə seçilən sənətkar olmuşdur. Qüdrətli şair kimi nüfuz qazanmış Əma Məkkədə yaşamış, daha çox mədh və həcvlər yazmışdır. Onun yaradıcılığında saxtakar, fırıldaqçı din xadimlərini, hakimlərin ədalətsizliyini tənqid edən şeirlərlə yanaşı, əxlaqi mövzuda əsərlər də diqqəti cəlb edir.

XI-XII əsrlərdə Azərbaycanda mədəni yüksəliş şəraitundə farsdilli saray ədəbiyyatı inkişaf etmiş, Şəddadilər və Rəvvadilər sarayında Qətran Təbrizi, Eldəgizlər sarayında Mücirəddin Beyləqani, Şirvanşahlar sarayında Əbül-üla Gəncəvi kimi şöhrəti Yaxın Şərqə yayılmış sənətkarlar yazıb-yaratmışlar. Təsadüfi deyil ki, tədqiqatlarda XI-XII yüzilliklər öz poetik kamilliyi, mövzu-süjet əlvanlığı, həyatın müxtəlif sahələrini əhatə etməsi, mühüm ictimai problemləri sənətin predmetinə çevirməsi baxımından yazılı Azərbaycan ədəbiyyatının ilk məhsuldar və zəngin mərhələsi sayılır, Azərbaycan renessansı ədəbiyyatı kimi səciyyələnir.

Saray ədəbiyyatında qəsidə janrı mühüm yer tuturdu. Hökmdarlara yazılmış mədhiyyələrlə yanaşı, ölkədə gedən abadlıq, quruculuq işləri, sadə insanlara qayğı, vətənpərvərlik mövzusunda yazılmış əsərlərə geniş yer verilirdi. Saraylarda tez-tez ədəbi məclislər təşkil edilir, poeziya nümunələri dinlənilir, müzakirə edilirdi. Saray şeirinin bir istiqamətini də təbiətin gözəlliklərinin tərənnümü, hökmdarları vətənpərvər, ədalətli olmağa, xalqa qayğı ilə yanaşmağa çağırış motivləri təşkil edirdi. Mütəfəkkir şairlərin yaradıcılığında vətənpərvərlik, insanpər­vər­lik, xeyirxahlıq, mərdlik, əməksevərlik, dostluq, mənəvi saflıq yüksək insani dəyər kimi tərənnüm edilir, şər əməllərə, alçaqlığa, riyakarlığa nifrət hissi oyadılırdı.

XI yüzillikdə ədəbiyyatımızı zənginləşdirmiş Qətran Təbrizi Azərbaycanla yanaşı, Yaxın Şərq ölkələrində qüdrətli şair kimi tanınmışdır. Təbriz yaxınlığındakı Şadiabad-Pinəşalvar kəndində əkinçi ailəsində doğulan Q.Təbrizi Azərbaycan, ərəb, fars ədəbiyyatı ilə yanaşı, bir sıra ülmləri öyrənmiş, gənc yaşlarından şeir yazmağa başlamışdır. Bir müddət Təbrizdə Rəvvadilər sarayı ilə bağlı olmuş, sonra Şəddadilər saryında yaşayıb-yaratmış şair zəngin yaradıcılıq yolu keçmişdir. Şairin lirik şeirlər “Divan”ı, fars dilində mənası çətin anlaşılan sözlərin ilk izahlı lüğətindən ibarət olan “Ət- təfasir” (Şərhlər) kitabı onun yaradıcılığının bizə gəlib çatan hissəsidir.

Saray mühiti ilə bağlı olan Q.Təbrizi bir çox tarixi hadisələrin şahidi olmuş, mənzumə səciyyəli əsərlərində həmin hadisələrdən söz açmışdır.Təbriz zəlzələsi haqqında şairin doğma şəhərinə məhəbbəti, zəlzələdən sonrakı dağıntıları, insan faciələrini gördükdə duyduğu kədər hissi əks etdirilmişdir:

Bu varda, həm də gözəllikdə söylə kim görmüş

Cahanda Təbrizə tay qeyri yerdə özgə mahal.

Fənaya uğradı Təbriz qəzanın əmri ilə,

Bir anda yetdi fələkdən bu şəhrə gör nə zaval.

Şəhərdə hər tərəfin döndü altı üst oldu,

Kiçildi qum kimi dağlar, qum oldu dağ misal.

Şəhərdə bircə nəfər yoxdu söyləsin yemə qəm,

Bu yerdə kim deyəcəkdir ki, səbri bir yada sal.

Əzildi çoxları. Onlar cahanı tərk etdi,

ölənlər öldü , qalan qaldı çox pərişan. (Tərc edəni X.Yusifli)

O, əsərlərində hökmdarların fikir və düşüncələrindən, apardığı müharibələrdən, xalq üsyanlarından, o dövrdəki xalq adət-ənənələrindən, insanların dini baxışları, həyat tərzi, məişəti və s. məsələlərdən də bəhs etmişdir. Şairin məhənbbət, təbiət lirikası da yüksək ideya-bədii dəyərə malikdir. Qəsidələrinin girişində verdiyi “Bahariyyə” lərdə təbiətin füsunkar gözəlliklərini tərənnüm etmiş, təbiəti şəxsləndirərək gözəllik aşiqi bülbülün gülün qarşısında fəryad etməsindən, nərgizin oğrun aşiq kimi çəmənə boylanmasından söz açmışdır.

Q.Təbrizi real, dünyəvi səciyyə daşıyan sevgi şeirlərində vüsal sevinci və ayrılıq yanğısından, özünün hicrana dözməyə taqəti olmamasından söz açır. Şair mənzumələrində olduğu kimi, lirik şeirlərində də ictimai-siyasi mətləblərə toxunmuş, elmə, idraka yüksək qiymət vermiş, zəmanəsinin hökmdarlarını zülmdən əl çəkməyə, xalqa münasibətdə ədalətli olmağa səsləmişdir.

XII yüzillikdə ədəbiyyatımızın inkişafında mühüm xidmətləri olan şair Məhsəti Gəncəvinin həyatı haqqında günümüzə qədər az məlumat gəlib çıxmışdır. Mənbələrdə əsl adı Mənicə xatın olan Məhsətinin Gəncə şəhərində yaşaması, Atabəy Məhəmmədin sarayına yaxın olması haqqında məlumat verilir. Əsərlərindən göründüyü kimi, o, kamil təhsil almış, bir sıra elmləri dərindən öyrənmişdir. Sənətkarların, elm, incəsənət adamlarının məskəni olan Xərabat məhəlləsində yaşayan Məhsəti yığıncaqlarda, el şənliklərində məclis aparmış, bədahətən şeir demiş, müxtəlif musiqi alətlərində çox gözəl çalmışdır. Gözəlliyi, ağlı, şairliyi ilə məşhurlaşn Məhsəti Gəncə hökmdarının sarayına dəvət edilmiş, yaradıcılığı hökmdar tərəfindən yüksək qiymətləndirilmişdir. Saray mühitinin ab-havasında da, yenilikçi, insansevər şairə öz azadlığını, sərbəstliyini, düşüncə müstəqilliyini qorumuşdur.

Məhsəti rübainin böyük ustadıdır. Onun məhəbbət və ictimai mövzuda qəzəlləri haqqında məlumat olsa da, yalnız bir qəzəli və bir neçə qəzəlindən parçalar üzə çıxarılıb. Şairin məhəbbət mövzusunda, fəlsəfi düşüncələrini əks etdirən rübailəri daha məşhurdur. Sənətkarlar məhəlləsi olan Xərabatın sakinləri –dərzi, papaqçı, dülgər, çəkməçi və digər peşə sahiblərindən şair əsərlərində rəğbətlə söz açmış, onların zəngin daxili aləmini tərənnüm etmiş, öz sənətinin kamil ustası olmasını , sərbəstliyiniyüksək dəyərləndirmişdir:

Xərabat yeridir igid ərlərin,

Burda yeri yoxdur bədgövhərlərin.

Hörmətlə qədəm qoy bu yola, çünki

Yeri deyil bura hiyləgərlərin.

Sarayda mədhiyyə səciyyəli əsərlər yazsa da, bütün yaradıcılığı xalq tərəfdarı, haqq-ədalət tərəfdarı olmuş, həyatın sərt həqiqətlərini cəsarətlə əks etdirmişdir:

Xalqının başında olsan da, bir tac,

Ağladar səni də bir gün ehtiyac.

Xalqın dərdinə qal, ona yaxın ol,

Qorx o gündən özün olasan möhtac.

Məhsətinin məhəbbəti, gözəlliyi tərənüm edən rübailərində hıssas, sevən qəlbin keçirdiyi təzadlı hislər, duyğular öz əksini tapır:

Toxunma könlünə biçarə gülün,

İncitmə qəlbini avarə gülün.

Səbanın eşqiylə olmuşdur, ey dost,

O qanlı köynəyi sədparə gülün.

XII əsrdə yazıb-yaratmış böyük Azərbaycan şairi Xaqani Şirva­ni Şamaxıda dülgər ailəsində anadan olmuş­dur. Anası Rabiə onun tərbiyəsi ilə ciddi məşğul olmuş, öz öyüdləri ilə oğluna həyatda doğru yol tutmağın, şərə qarşı mübariz olmağın vacibliyini başa salmışdır. Əmisi, görkəmli alim Ömər Osman oğlu Kafiyəddinin onun təlim –tərbiyəsində böyük əməyi olmuş, gənc İbrahimə dərs deyərək bir çox elmləri öyrətmişdir. Dərin bilikli alim olan əmisi oğlu, Vəhidəddin Osman Ömər oğlu da ona böyük qayğı göstərərək bir alim, şair kimi yetişməsinə nail olmuşdur. Xaqani Şirvanşah Mənuçehr və Axsitanın sarayı ilə bağlı olmuş, saraydakı çəkişmələri, riyakarlığı gördükdən sonra oradan uzaqlaşmaq qərarına gəlmişdir. Bunun bir səbəbi də şairin hökmdarları zülmdən çəkinməyə, ədalətə dəvət edən şeirləri hakim təbəqənin narazılığına səbəb olması idi.

Xaqaninin “Divan” ına humanist ideyalatını əks etdirən qəsidə, qəzəl, qitə, rübailəri daxildir.“Töhfətül İraqeyn” (İki İraqın töhfəsi) poemasında və “Mədain xərabələri” qəsidəsində şair saraylara, zalım hökmdarlara, hakim təbəqəyə tənqidi münasibətini, cəmiyyətdə haqq-ədalət tərəfdarı olduğunu açıq bildirmişdir.

Şairin vətən möv­zu­sun­da, gənclərə xitabən yazdığı əsərlərdə xalqımıza xas olan mənəvi də­yərlər bədii dillə əks olunmuşdur. O, Vətənə bağlılıq hissinin vacibliyini, insanın yalnız öz vətənində xoşbəxt olması fikrini dönə-dönə vurğulayır. “Şirvanın tərifi” şeirində şair rastlaşdığı haqsızlıqları, şər xislətli insanların fitnə-fəsadını unudub öz vətənindən, onun gözəl təbiətindən, alicənab insanlarından iftixar hissi ilə söz açır, doğma yurdun şəninə təriflər yağdırmaqdan yorulmur:

Şirvan ki var, hər cəhətdən ülviyyətin anasıdır,

Onun hər cür səhər yeli dərdlərimin davasıdır.

Mən vətənə qurban olum, qurulmuşdur düzgünlüklə,

Bağdadı da dolandıran onun bollu qidasıdır.

Şirvan əhli alicənab yaranmışdır başdan-başa.

O yer gözəl təbiətli bir lətafət məvasıdır.

. Vətənimin fəqirləri dözümlüdür hər zəhmətə,

Gözləri tox, ürəkləri sanki kərəm dəryasıdır.

Çörəkləri arpadan da olsa, yenə qanedirlər,

Düyü qədər pulu olsa qürrələnməz, ədasıdır.

Ana saydığı doğma şəhərini- Şamaxını tərk etməyə məcbur olan şair Təbrizi ata, özünün «ümidi, pənahı» adlandırır:

Şamaxı! Ey mənim sevimli yurdum,

Mən sənin qoynunda xaniman qurdum.

İndisə acığın tutmuşdur mana,

Sənin qucağından ayrılsam, ana, –

Ümidim, pənahım Təbrizdir, Təbriz,

O şəhər də mənə mehriban, əziz.

Siz mənə həyatı etdiniz əta,

Sən mənə anasan, Təbrizsə ata.

Anasından küsən körpə bir uşaq –

Ata ağuşunda yer tapar ancaq!

«Savalan dağının tərifi” şeirində şair Savalan dağını səadət qib­ləsi, müqəddəs sayır, onu Kəbə ilə müqayisə edir:

Səadət qibləsi Savalan dağı,

Kamalda Kəbətək qazanıb şöhrət.

Kəbə yaşıl geyər, ağ bürünər o,

Çünki ehram tutan geyər ağ xələt.

Bir yerdə oxudum fəzilətindən,

Üç ildir çəkirəm görməyə həsrət.

Azərbaycan yazılı ədəbiyyatımızın ilk məhsuldar və zəngin dövrü sayılan XI-XII yüzilliklərdə bədii-estetik fikir intibahı –renessans Nizami Gəncəvinin yaradıcılığı ilə öz yüksək zirvəsinə çatdı.

Qdim dövr azrbaycan dbiyyatı

Fəlsəfi fikrin təşəkkülü və inkişafının ideya əsasları

“Azərbaycan fəlsəfəsi” anlayışı tarixən Azərbaycanda və ölkə xaricində yaşayan müxtəlif dil, din və mədəniyyətlərin daşıyıcıları olan azərbaycanlıların fəlsəfi irsinin təşəkkül və təkamülünü əhatə edir. Müasir elmi məlumatlara görə, Azərbaycanda fəlsəfi fikrin inkişafı dördüncü minilliyinə qədəm qoyub. Bu ölkədə qədim dövrlərdən başlayaraq yüksək sivilizasiyaların bir-birini əvəz etməsi, müxtəlif dil, din, həyat tərzlərinin çulğalaşması Azərbaycan etnosunun mənəvi mədəniyyətinin məhvəri olan fəlsəfi fikir və dünyagörüşünün təşəkkül və təkamülü üçün münbit zəmin yaradıb. Ölkənin fəlsəfi mədəniyyətinin inkişafında onun coğrafi mövqeyi, təbii zənginliyi, tarixən yüksək şəhər mədəniyyəti, daim müxtəlif dil və din daşıyıcıları olan regionlarla əlaqələrinin mövcudluğu mühüm rol oynayıb. Bunların sayəsində artıq e.ə. I minilliyin I yarısından ictimai şüurda varlığın başlanğıcı və sonu, təkamülü, insan və mühitin, maddi və qeyri-maddinin, rasional və irrasionalın münasibətlərinin, həqiqət, xeyir, şər və ədalətin çoxçalarlı əlaqələrinin dərkinə yönəlmiş fəlsəfi mülahizələr, onları ehtiva və təmsil edən mifologiya və dinlə bağlı, kökləri keçmiş minilliklərə gedib çıxan müxtəlif ideoloji cərəyanlar olub.
Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçün keçmişin mühüm yazılı abidələri – “Avesta”, qədim yunan filosofları və tarixçilərinin əsərləri, orta əsr yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır. Fəlsəfi dünyagörüşünün təşəkkülü insanın təbiətə münasibətində fetiş, totem, ruh, ilahilər və s. bu kimi təzahür formaları ilə bağlı olub. Bu təsəvvür və təlimlər, müxtəlif kultlarda və insanin mühitdən özünümüdafiəsinə yönəlmiş magiyada da öz əksini tapıb. Müasir elm e.ə. I minilliyin I yarısında Azərbaycanda zərvanilik, zərdüştilik fəlsəfəsi və maqlar (muğlar) təliminin geniş yayıldığını göstərir.
Ölkədə yayılmış qədim fəlsəfi-mifoloji təlimlərdən biri zərvanilik idi. Bu təlimin əsas prinsipləri haqqında Avesta, qədim pəhləvi mətnləri, Quran, Orta əsr Şərq yazılı abidələri və çoxsaylı tədqiqatlar məlumat verir. Zərvanilikdə zaman, bəzi hallarda zaman ilə məkan varlığın yaradıcısı, bütün mövcud şeylər sonsuz zamanın – Zarvana akarananın təzahürləri, mövcudatın fenomenləri isə od və suyun müxtəlif mütənasiblikdə birləşməsi kimi təqdim edilir. Həmin təlimə görə, keyfiyyət iki dərəcəlidir: birinci keyfiyyəti təmsil edən işıq ruhu, əzəli və əbədi Hörmüz maddi varlıqları və həyatı yaradır, ikinci keyfiyyəti təmsil edən zülmət ruhu Əhrimən isə hər şeyi ölümə məhkum etdiyindən, əzəli olmadığı kimi, daimi də deyil.
Azərbaycan fəlsəfi fikrində digər mühüm cərəyan zərdüştilik idi. Zərdüştiliyin görkəmli abidəsi “Avesta” əsərində dövrün sosial-mədəni, xüsusilə fəlsəfi fikri haqqında ensiklopedik məlumat toplanıb. Qədim və Orta əsr mənbələri, eləcə də bir çox sonrakı tədqiqatlar Zərdüştün tarixi Azərbaycan ərazisində yaşaması, “Avesta”nın bizə çatan mətninin əslinin isə Atropatena və Raqadan olan maqlar tərəfindən yazıya alınması barədə məlumat verir. Erkən zərdüştilik öz əksini Qatalarda tapıb. Bu dövrdə geniş yayılmış politeist təsəvvürlərdən fərqli olaraq, Zərdüşt mövcudatın ilk səbəbini monoteistcəsinə izah edərək Ahura Mazdada görürdü. Qatalarda Kainatın tərkibi – yer, göy, okean, işıq, dağ və dənizlərin zaman daxilində yaranmasına, cənnət, həqiqət, xeyir, sülh, əməksevərlik və s. fəlsəfi, sosial, etik və estetik məsələlərə toxunulur.
“Avesta”ya görə Ahura Mazda öz nurundan göy cisimlərini, ruhundan isə 6 ölməz Xeyir ilahəsini yaradır ki, bunlar Ahura Mazdanın ayrılmaz keyfiyyətlərini təşkil edir. Bu, Yaradılışın birinci dövrü idi. İkinci dövrdə Ahura Mazda maddi, hisslərlə qavranılan, kamilliyi və Xeyiri təmsil edən mövcudatın əsasını yaradır. Maddi aləm yarandıqdan sonra bura Şər ruhu daxil olur və Şərlə Xeyir arasında mübarizə başlayır. Bəşəriyyətin vəzifəsi Ahura Mazda və Xeyir ruhları ilə birgə Xeyiri Şərdən ayırıb Şər ruhuna qalib gəlməkdir. Bu qələbə insanların xoşbəxt yaşayacağı üçüncü dövr olacaq.
“Avesta”da Şər ruhuna qarşı Həqiqət, Ədalət və İşıq rəmzi olan Arta qoyulur. Ruhların mübarizəsində Kainatda konkret nəfslərin daşıyıcıları (insan, heyvan, bitki, mineral və s.) fəal iştirak edir. Kainatın daxilindəki bütün şeylər canlıdır. Nəfs həm konkretə, həm də mücərrədə xasdır. İnsanın nəfsi – onun inamı, dünyagörüşü, mənəvi prinsipləri ilə yanaşı davranış tərzidir. Bunlar bütövlükdə insanın mahiyyətini təmsil edir və o, öz azad iradəsinə uyğun Xeyir və ya Şər yolunu seçir. Qatalarda mühüm yeri müharibəyə və hər növ zülmə qarşı etiraz, sosial problemlər, kəndlilərin və kasıb təbəqənin mənafeyinin müdafiəsi, təbiətin – torpaq, su, bitki və heyvanların mühafizəsi məsələləri tutur, bu işdə insanın rolu vurğulanır, Ahura Mazdanın keyfiyyətlərinə yiyələnmiş insanlar ailəni, məskunlaşdıqları yeri, ölkəni möhkəmləndirməyə sövq edilir.
Zərdüştiliyin mənəvi prinsipləri Humata (xeyirxah fikir, düşüncə), Huxta (xeyirxah söz), Hvarşta (xeyirxah əməl) sülhü, əmin-amanlığı qorumaq, əməksevərlik, qənaətcillik, xeyirxahlıq, ədalətlilik tələblərini ifadə edirdi. Zərdüştilik sosial fikir tarixində məhz bu arzu, təklif və tələblər üzərində qurulmuş, maddi və mənəvi cəhətdən bizə məlum olan ilk kamil cəmiyyətin təsvirini verir.
. Zərdüştiliyin iki başlanğıcın vəhdəti, onun əksliklərin qarşıdurması və mübarizəsi üzərində yüksələn mövcudatla bağlı təsəvvürləri, təbiətə və insana yönəlmiş humanizmi, azad iradəli insanın fəallığı, utopik cəmiyyət haqqında ideyaları, gözəlliyə münasibəti, fəlsəfi təliminə məxsus mücərrəd məfhumlar – ilk başlanğıc, işıq, zülmət, Xeyir, Şər, həqiqət və s. kateqorial anlamları minilliklər ərzində ictimai fikirdə müxtəlif formalar alaraq dünya fəlsəfi mədəniyyətinin ənənəsi kimi yaşamaqdadır. Sonralar, ilk növbədə Azərbaycan və Orta əsrlər İslam Şərqinin zərdüştilikdən də qaynaqlanan mistik fəlsəfəsi, demokratizmi və humanizmi ilə fərqlənən ideoloji cərəyanları zərdüştilik ideyalarının yaşaması üçün münbit zəmin oldu.
E.ə. I minilliyin I yarısında Azərbaycan fəlsəfi fikrinin inkişafında Midiya kahinləri nəslindən olan maqların təlimi mühüm yer tutur. Səciyyəvidir ki, kahin silkindən olan maqlar mədəniyyət tarixinə yalnız din, fəlsəfə, elm təmsilçisi kimi deyil, həm də təlim yaradıcısı kimi daxil olmuşlar. Mədəniyyət tarixində “maqlar dini”ndən deyil, daha çox “maqlar təlimi” və “maqlar elmi”ndən bəhs edilib. Buna səbəb isə maqlar təliminin mənəvi mədəniyyətin müxtəlif sahələrini ehtiva etməsidir. Maqların dünyagörüşü o dövrün yüksək inkişaf etmiş elmlərinə – astronomiya, riyaziyyat və təbabətə əsaslanırdı. Onların öz biliklərindən istifadə edərək təbiət və cəmiyyət həyatına müdaxilələri çox vaxt sehr kimi dəyərləndirilirdi. Mədəniyyət tarixində “maq” anlamı altında zərdüştiliyin təmsilçilərini və ümumiyyətlə, müdrikliyi ilə seçilən şəxsiyyətləri nəzərdə tutmuşlar. Şərqdə “pir-i muğan” anlamı alim, müəllim, müdrik mənasında işlənir.
Zərdüştiliklə bərabər maqlarin təliminin qədim yunan mədəniyyəti və fəlsəfəsinə təsirini Demokrit, Pifaqor, Anaksarx, Pirron, Platon, Aristotel, Laertli Diogen, Evdoks, Feopomp, Rodoslu Evdem, Gekatey öz əsərlərində göstərirlər. Zərvanilik, zərdüştilik və maqlarin təməl ideyaları Azərbaycan fəlsəfəsinin gələcək inkişafına xeyli təsir göstərib. Yeni eranın ilk əsrlərində digər fəlsəfi cərəyanlara da rast gəlinir. Qədim dövrün sonu və erkən Orta əsrlərdə zərdüştilik, astral dinlər, tanrıçılıq (Göy Tanrı), şamanizm və xristianlıqla bağlı cərəyanların içində manilik və məzdəkilik fəlsəfi görüşləri xüsusi yer tutur. E.ə.I minilliyin sonundan və yeni eranın ilk yüzilliklərindən başlayaraq Azərbaycanın şimal ərazisi olan Albaniyada bir-birinə zidd iki siyasi və məfkurə təmayülü – maqların yaydığı zərdüştilik təmayülü və politeizmə, sonra isə xristianlığa söykənən yunan-Roma və Bizans təmayülü mövcud idi.
Azərbaycanda manilik b.e.nın III əsrinin sonundan yayılıb. Özünü Zərdüşt, Budda və İsanın davamçısı adlandıran, təlimini İran, Orta Asiya, Qərbi Çin və Hindistanın ənənələrinə uyğunlaşdıraraq yayan Mani (216-277) “Sirlər kitabı”, “İki prinsip haqqında kitab”, “Praqmataya” (“Nəsihətnamə”), “İncil” adlı əsərlərində özünün yeni təlimini şərh edib. Manilik zərdüştilikdən ardıcıl dualizmi ilə fərqlənirdi. Maniliyə görə, Xeyir və Şər (Nur və Zülmət) hər ikisi ilkindir. Əzəmətin atası Sroşav (bəzən Mani onu Zərvan da adlandırır) işıq aləmində yerləşir ki, bu aləm “dahi ruhu” ehtiva edir və efirlə əhatə olunub. Sroşavın beş məkanı və eyni zamanda beş təzahürü var. Bunlar zəka, əql, təfəkkür, refleksiya və iradədir. Maniyə görə, dünya və insana Nur və Zülmətin, Xeyir və Şərin, Allah və Şeytanın mübarizəsi xasdır. Əsas məqsəd Nuru Zülmətdən azad etməkdir.
Zərdüştilikdən fərqli olaraq, Maniyə görə, insan bu yolda dünyəvi nemətlərdən imtina etməlidir. Sosial təlimində insanların hüquq bərabərliyinə üstünlük verən maniliyin dini-fəlsəfi və sosial ideyaları hakim qüvvələrin təqibinə baxmayaraq həm Atropatenada, həm də Albaniyada, sonralar isə Şərqdə və Avropada məzdəkilərin, pavlikianların, albiqoyçuların, katarların və başqalarının ideoloji təlimlərində geniş yer tapmışdı. Hər işdə mötədillik tələb edən məzdəkilik sosial ədalət uğrunda üsyana qalxmağı və qan tökülməsini mümkün hesab edirdi. Məzdəkin əsərləri yandırıldığından onun dünyagörüşü haqqında məlumatı orta əsr mənbələrindən (Əbu Reyhan Biruni, əş-Şəhristani və b.) almaq mümkündür.
Qədim dövr və erkən Orta əsrlərdə yanğın, müharibə, siyasi və dini münaqişələr nəticəsində yazılı abidələrin məhvi bəhs olunan dövrlərə aid fəlsəfi fikrin tam zənginliyi ilə təsvir və tədqiqinə imkan vermir. Buna baxmayaraq, əldə olan məlumatlar aşağıdakı qənaətə gəlmək üçün əsas verir: qədim dövr və erkən orta əsrlərdə Azərbaycanın mədəni irsində fəlsəfi problemlərin qoyuluşu və şərhi metodları, fəlsəfi kateqoriyalardan – mövcudat, başlanğıc, son, maddə, ruh, nəfs, zaman, məkan, həqiqət, ədalət, Xeyir və Şərdən, onların qarşılıqlı əlaqələrindən bəhs edilməsi Azərbaycan fəlsəfəsini Qədim dövr dünya fəlsəfi fikrinin ayrılmaz hissəsi kimi səciyyələndirir.

Zümrüd Quluzadə,
fəlsəfə üzrə elmlər doktoru

Comments are closed, but trackbacks and pingbacks are open.