Fikret Seyidov – Wikipedia
Mükəmməl təhsil sistemini və şəxsiyyəti formalaşdıran tərbiyə üsullarını araşdıran ilk alimdir.
Qazax Information Centre
Erkən – dörd yaşında atasını itirmişdi. Anasının himayəsində böyümüş və təhsil almışdı. Əhməd Seyidov Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirmiş (1917), kənddə, evlərinin ikinci mərtəbəsində qızlar və oğlanlar üçün məktəb açmışdı. Və ilk “Əlifba” dərsliyini də gözəl maarifçi, şair H.K.Sanılı ilə birgə yazmışdı. Böyük yazıçımız Mehdi Hüseynin atası Ə.Hüseynovun təklifilə otuzuncu illərdə Bakıya gəlmiş, az sonra onu Lənkəran qəzasına maarif müdiri göndərmişdilər. Bu bölgədə müdir kimi təhsilin təşkilində, xüsusilə yetim uşaqların məktəbə cəlb olunmasında əməyini əsirgəməmişdi. Yenidən Bakıya qayıtmış, Azərbaycan Pedaqoji İnstitutunda “Pedaqogika” kafedrasına 40 il rəhbərlik etmişdir. Professor Əhməd Seyidov elmi kadrların yetişdirilməsi məsələsini ön plana çəkmiş və bu sahədə misilsiz iş görmüşdür. Qırxıncı illərdən vəfatına qədər (1977) 100-dən artıq elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olmuşdur. Bəlkə də müasir nəslə bu rəqəm və illər sadə görünər, amma elə deyil. Bir faktla kifayətlənəcəyəm: görkəmli pedaqoqlarımızdan akademik Hüseyn Əhmədov və professor, əməkdar elm xadimi Nurəddin Kazımov məhz Ə.Seyidovun yetirmələridir. Onlar da xeyli sayda pedaqoqlara elmi rəhbərlik etmişlər. Əhməd Seyidov Azərbaycanda pedaqoji fikrin inkişafında bilavasitə xidmət göstərməklə yanaşı, vaxtilə SSRİ məkanında, xüsusilə Moskvanın pedaqoq elitasında milli irsimizi yüksək səviyyədə tanıtmışdır. Akademiklərdən Y.M.Medinski, N.K.Qonçarov, D.İ.Konstantinov onun pedaqoji yaradıcılığını yüksək qiymətləndirmişlər, Ə.Seyidovun mühitində Mirzə İbrahimov, Mirzə Məmmədov, Yusif Qasımov, Əli Hüseynov (Mehdi Hüseynin atası), Mehdi Mehdizadə, Mehdixan Vəkilov, Mir Cəlal Paşayev və digər sayılı simalar olmuş və onlar böyük pedaqoqun nüfuzunu gözləmişlər. Müharibə illərində Ə.Seyidova APİ-nin rektorluğunu təklif edirlər. O vaxt Maarif Komissarı olan Mirzə İbrahimov M.C.Bağırovun bu tapşırığını çatdıranda Əhməd Seyidovdan “Mirzə müəllim, mən kommunist deyiləm, bunu MK-da bilirlər” cavabını alır. Ə.Seyidov 1941-1949-cu illərdə bu vəzifəni daşıyır. Dəfələrlə milli müəllim kadrların yetişməsi üçün tələbə qəbulunda erməni funksionerləri ilə üzləşir. Hətta məsələlər MK səviyyəsinə qədər qalxır. Lakin ədalətli və xalqını sevən Əhməd müəllim qalib çıxır. Onun həyatında bu cür siyasi-əxlaqi faktlar istənilən saydadır… Professor Ə.Seyidov tarixi şəxsiyyətlər sırasında daha çox yeri görünənlərdən biridir. Onun sağ qalmasının və 85 il ömür sürməsinin səbəbləri ibrətlidir: dövlət intizamından çəkinən, vəzifəsindən və nüfuzundan sui-istifadəni rədd edən, məsuliyyət hissinə tabe olan, elmi öz idealı seçən xeyirxah bir fenomenal şəxsiyyət olması. Daha doğrusu, pedaqoji fikir tarixinin “məktəb”ini yaradan, onu inkişaf etdirən bir alim idi. Sovet rejimində, klassiklərimizə hörmət qoyulmayanda, hər şeyi rus şovinizminə bağlayan vaxtda Nizami və Füzulini orijinaldan araşdırdı, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirı, Mirzə Cəlili pedaqogika dərsliklərinə gətirdi. Firudin bəy Köçərlinin pedaqoji görüşlərini tədqiq etməklə öz müəlliminə borcunun sanki bir qismini qaytardı.
Professor Ə.Seyidovun pedaqoji yaradıcılığında bir idealı da o idi ki, milli pedaqoji fikir tariximizi araşdırsın, qeyri-xalqlar yəqinləşdirsinlər ki, zəngin keçmişimizi və təhsil-tərbiyə ənənələrimizi gizlətməyə ehtiyac qalmır. Otuzuncu illərdən belə bir elmi missiyanı üzərinə aldı və klassiklərimizdən A.A.Bakıxanov, M.Ş.Vazeh, H.B.Zərdabi, M.F.Axundov irsinə də müraciət etdi. Bununla yanaşı, dünya pedaqoqlarından Con Lokku, K.D.Uşinskini, S.Disterveqi, J.J.Russonu, N.Pestalotsini və başqalarını araşdırdı. Maraqlı bir fakt: Ə.Seyidov Moskvaya məşhur akademik Y.M.Medinskinin yanına gəlir və ingilis Con Lokku dissertasiya mövzusu kimi tədqiq etmək fikrini ona söyləyir. Bu söhbətdən sonra Əhməd Seyidov Abbasqulu ağa Bakıxanovun pedaqoji irsini layiqincə tədqiqata qoşdu və ilk dəfə pedaqoji elmlər namizədi dissertasiyasını müdafiə etdi. Digər maraqlı fakt: Bir gün Mikayıl Müşfiq Əhməd Seyidovun evinə gəlir və xahiş edir ki, onun poeziyasındakı tərbiyə məsələləri haqqında məqalə yazsın (Artıq 37-ci il yaxınlaşmışdı, şairə hücumlar da güclənmişdi). Və qələmə alır: 12 səhifə. Məqalə M.Müşfiqin şeirlərini xilas etsə də, şairin xilasına gücü çatmadı. Ə.Seyidov rejimi gözləyən inadkar alim olub və bu hissdən yorulmayıb. Akademik Y.M.Medinskinin məsləhətindən sonra “Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri” mövzusunda doktorluq işini başa çatdırdı (1945) və az sonra (1947) uğurla müdafiə etdi. Daha bir fakt: vaxtı ilə, yəni 2-3 il əvvəl rektor işləyərkən institutda sıxışdırdığı erməni kommunistlər Azərbaycan MK-ya və hətta SSRİ-nin yuxarı təşkilatlarına məktublar ünvanladılar. Xeyli çək-çevirdən sonra Əhməd Seyidov qalib çıxdı və əsərin çapını məsləhət gördülər. Ə.Seyidovu bu proseslərdə ermənilərdən müdafiə edənlərdən biri də böyük ədəbiyyatşünas, professor Mikayıl Rəfili olmuşdur. Onun tribunadan cəsarətlə erməniləri ifşa etməsi – özü də dəlillərlə – qeyri-adi səs salır. Hətta bu çıxış yuxarılara da gedib çıxır və heç bir mənfi reaksiya doğurmur… Tarix yerində saymır, siyasi mühit hər şeyi özünə tabe edirdi. Ona görə ki, ideologiya sərt qanunları ilə başqa cür davranır: 30-50-ci illərdən çıxanlar hər iki münasibəti yaşamışdılar; birinin payına az, digərinə çox – hər halda təsəlli o idi – qara buludlar dağılmalı, çən-duman çəkilib getməliydi. Və getdi də. Amma 60-70-ci illər siyasi-əxlaqi konturlarını cızdı, ziyalılara başqa yöndən yanaşıldı. O da sələfi qədərində yeni “davranış xətti”nə imza atdı. Yeni iddialar yaranmışdısa, bunlar professor Əhməd Seyidovdan yan keçirdi. Qırxıncı illərdən başlayaraq, pedaqoji fikrin tədqiqinin unudulduğu bir dövrdə vətənpərvər alim öz milli irsimizi seçdi: “A.Bakıxanovun fəlsəfəsi onun pedaqoji sisteminin əsasıdır”, “A.Bakıxanovda əxlaq tərbiyəsi və təhsil”, “S.Ə.Şirvani müəllimin rolu haqqında”, “XIX əsrin əvvəllərində Azərbaycanda pedaqoji fikrin inkişafı” əsərlərini çap etdirdi. Qonşu respublikaları qabaqlayan professor Əhməd Seyidov artıq ittifaq miqyasında tanınmalı oldu. Məşhur rus akademiki Y.Medinskinin bir fikri bu gün də əhəmiyyətli səslənir: “Ə.Seyidovun tədqiqatı, şübhəsiz, bir başlanğıcdır. Bundan sonra SSRİ-nin ayrı-ayrı xalqlarının pedaqoji fikirlərinin inkişafını işıqlandırmaq məqsədini daşıyan dissertasiyalar yazılmalıdır. Bu səpkili elmi işlər pedaqogika tarixini zənginləşdirməkdə çox şey verir, yeni məsələlər qaldırır, hətta pedaqogika sahəsində çalışan təcrübəli işçilərin görüş dairəsini genişləndirir”. Bir həqiqətdi ki, xalqımız, digər xalqlar kimi, pedaqoji fikir tarixində məhz bu sahədə araşdırmaların aparılması məsələsini üzərinə götürdü və son nəfəsinədək elmi əqidəsinə sadiq qaldı. Təsadüfi deyil ki, bu gün pedaqogika sahəsində səmərəli fəaliyyət göstərən H.Əhmədov, N.Kazımov, F.Seyidov, Ə.Ağayev, S.Şəfiyev, S.Quliyev, İ.İsayev, İ.Musayev, S.Orucov və digərləri böyük pedaqoqun yetirmələridir. Ə.Seyidov güclü şəxsiyyət idi və heç bir siyasi-əxlaqi mühit, hakim elita onun əqidəsini az da olsa, əyə bilməmişdir. Ermənilərin tüğyan etdikləri vaxtda, M.C.Bağırovla üzbəüz görüşündə də bu millətçi və yaltaq fərdləri ifşa etmiş, haqlı olduğu üçün qalib çıxmışdır. Azərbaycan Pedaqoji İnstitutunun direktoru vəzifəsində çalışarkən milli müəllim kadrların yetişməsində erməni partiya funksionerlərin amanını kəsmiş, küncə sıxışdırmışdır. Unutmayaq ki, bu proses 46-48-ci illərdə baş vermişdir. Professor Əhməd Seyidov “Pedaqogika” kafedrasının müdiri olarkən bu mikroelm mərkəzinin səviyyəsini nəinki institutda, hətta o vaxtkı SSRİ respublikalarının pedaqogika kafedraları sırasında fərqləndirmişdir. Hər il Zaqafqaziyadan, Moskvadan, Daşkənddən, Düşənbədən təcrübə mübadiləsinə (stajirovkaya) onlarca pedaqoq gəlirdi. Onlar arasında professorun elmi rəhbəri olduğu gənclər, orta yaşlılar da vardı. Bu sətirlərin müəllifi bunların şahidi olmuşdur. Xatırlayıram: D.Harunov, B.Həmzətova (Dağıstan), B.İsmayılov, F.Ustoyev (Tacikistan), K.Kolba (Abxaziya), C.Urumbayev (Karakalpak) və başqalarını. Bu şəxslər Pedaqoji İnstitutda dissertasiya müdafiə etmişlər. Professor Əhməd Seyidov görkəmli alimlərimizdən Mehdi Mehdizadənin, Ziyəddin Göyüşovun, Ağamməd Abdullayevin, Şövqi Ağayevin, Bəşir Əhmədovun rəsmi oppenenti olmuşdur. Görkəmli pedaqoq unudulmaz şəxsiyyətlərimizdən İsmayıl Şıxlının, Şıxəli Qurbanovun müəllimi kimi, onlardan qürurla danışırdı. Xüsusilə, İsmayıl Şıxlı “Dəli Kür” romanını yazanda Qori Müəllimlər Seminariyası ilə əlaqədar bəzi məlumatları Əhməd Seyidovdan almışdı. Yeri gəlmişkən xatırladaq ki, İ.Şıxlı Qori Seminariyasındakı ictimai-siyasi mühiti, Semyonov, Çernyayevski kimi pedaqoqların azərbaycanlı tələbələrə münasibətini byrənmək istəyirdi. “Rus Əhməd” obrazı da yaranmalı idi. Professor gələcək roman müəllifinə materiallar verir, maraqlı əhvalatlar söyləyirdi. Amma Əhməd Seyidov bir arzusunu gizlətmədi: insan xarakterinin mənfi, yaxud müsbət xüsusiyyətlərində doğulduğu, böyüdüyü təbiətin rolunu əyaniləşdirsin. Müdrik İsmayıl Şıxlı müəlliminə nikbin cavab verdi, əsəri tamamladı və bir nüsxəsini avtoqrafla professora bağışladı. Ə.Seyidov isə seminarist Əşrəf Cahandar ağa oğlunu bir obraz olaraq alqışladı, Kürü ilə, Qarayazı ilə… Ə.Seyidov 1958 və 1970-ci illərdə çoxcildlik “Pedaqogika tarixi” və “Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən” monoqrafiyalarını qələmə aldı. Bu gün də həmin əsərlərdən bir dərslik kimi ali məktəblərdə istifadə olunur. Professor Əhməd Seyidov səhhətilə bağlı Bakıdan doğma Aslanbəyli kəndinə gəldi. Torpaq idi onu çəkən. Onun gəlişini eşidənlər, qonşu kəndlərdən – Şıxlı, Kosalar, Salahlı, Daş Salahlı, Orta Salahlı, Muğanlıdan axışır, qocaman pedaqoqun görüşünə can atırdılar. Maraqlı həm də o idi ki, 20-ci illərdə Qazaxda dərs dediyi uşaqlar daha çoxdu, indi onların özü yaşa dolmuşdularsa, “uçitel Əhməd Seyidova” qulluq göstərmək səadətinə nəsib olmuşdular. Professor, əməkdar elm xadimi, pedaqoji fikir tarixinin patriarxı Əhməd Seyidov 1977-ci ildə gözlərini əbədiyyətə yumdu və Aslanbəyli kəndində dəfn edildi.
Fikret Seyidov – Wikipedia
Fikrət Əhməd oğlu Seyidov — alim, müəllim, pedoqoji elmlər doktoru, professor, Azərbaycan Dillər Universitetinin 2 illik xarici dillər kursunun ilk direktoru, İngilis dili fakültəsinin dekanı, Qori (Qazax) Müəllimlər Seminariyasını ardıcıl araşdırmış və nailiyyət qazanmış ilk alim. Mükəmməl təhsil sistemini və şəxsiyyəti formalaşdıran tərbiyə üsullarını araşdıran ilk alimdir. Xarici dil üzrə texniki vasitələrin tətbiqi sahəsində öncüllərdən biri, ingilis dili dərsliklərinin (5, 6, 7 və 8-ci siniflər üçün) müəlliflərindən biri olmuşdur. Universitetdə Xarici dil kafedrasının müdiri və fakültə dekanı vəzifələrində çalışmışdır. Bir çox dövlət mükafatlarına layiq görülmüşdür. Əhməd Seyidovun oğlu, Səməd Seyidovun əmisidir. Seyidovlar soyundandır.
| Fikrət Seyidov | |
|---|---|
| Fikrət Əhməd oğlu Seyidov | |
| Doğum tarixi | 9 may 1930 |
| Doğum yeri | Aslanbəyli, Qazax rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
| Vəfat tarixi | 2011 |
| Vəfat yeri | Bakı, Azərbaycan |
| Vətəndaşlığı | SSRİ → Azərbaycan |
| Atası | Əhməd Seyidov |
| Elm sahəsi | pedaqoji (ingilis dili) |
| Elmi dərəcəsi | elmlər doktoru |
| Elmi adı | professor |
| Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Mündəricat
Fikrət Seyidov 1930-cu ilin 9 may tarixində Qazax qəzasının Aslanbəyli kəndində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin xarici dil (İngilis dili) fakültəsinə daxil olmuşdur. 1950-ci ildə universiteti fərqlənmə diplomi ilə bitirmişdir. Universiteti bitirdikdən sonra Şamxor (Şəmkir) rayonuna təyinat verirlər. Lakin hərbi çağırışçı olduğundan və Bakıda qeydiyyata düşdüyündən geri qayıtmaq məcburiyyətində qalır və Bakının 193 saylı orta məktəbində müvəqqəti müəllim işləyir (2 ay). Sonra Ukraynanın Lvov şəhərində hərbi xidmətdə olmuşdur. Əsgərlikdən qayıtdıqdan sonra həmin məktəbdə bir neçə ay dərs dedi və sonra 199 saylı məktəbdə dərs deməyə başladı. Pedoqoji sahə üzrə Aspiranturanı bitirmişdir. Sonralar 1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində işləməyə başladı, ancaq bununla yanaşı, xeyli vaxt orta məktəbdədə çalışıb. 2011-ci ildə vəfat etmişdir. [1]
Elmi fəaliyyəti
1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində işləməyə başladı. Qori (Qazax) Müəllimlər Seminariyasını ardıcıl araşdırmış və nailiyyət qazanmış ilk alimdir. 1988-ci ildə Tbilisidə “Qori seminariyası və onun məzunları” mövzusu ilə dissertasiyanı müdafiə edərək Elmlər namizədi elmi dərəcəsi alır. Elə həmin il müsabiqə elanı ilə Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasına keçdi. Azərbaycan Dillər Universitetinin 2 illik xarici dillər kursunun ilk direktoru, fakültə dekanı, kafedra müdiri, məktəblə əlaqə komissiyasının üzvü olmuşdur. Dərsliklərin (xarici dillər) yaranması ilə əlaqədar ümumdünya seminarında Azərbaycan Respublikasının təmsilçisi olmuş, Moskva, Almatı, Tbilisi və s şəhərlərdə elmi məruzələrlə çıxış etmişdir. Tədris sahəsində ictimai vəzifələr aparmışdır.
Mükəmməl təhsil sistemini və şəxsiyyəti formalaşdıran tərbiyə üsullarını araşdıran ilk alimdir.
Professor Fikrət Seyidov 100-dən artıq elmi-metodik əsərin, bir çox elmi məqalələrin, “Qori semenariyası və onun məzunları” (1988), “Türk xalqlarının tərbiyə və məktəb tarixinə dair” (1998), “Xarici dil dərslərində maqnitafon” (1968), “İngilis dilində şifahi nitq çalışmaları” (1966), “İngilis dili dərslikləri üçün metodik rəhbərlik” (1964), “Nitq inkişafına dair metodik izahat” (1965), “Səkkizillik məktəblərdə xarici dillərin metodikası” (1967) və.s monoqrafiya və orijinal dərsliklərin müəllifidir. Bir çox elmi kadrların hazırlanmasında iştirak etmiş, uzun illər tələbə elmi işlərinə rəhbərlik etmişdir. Pedaqogika tarixi, İxtisasa giriş, Tərbiyə işlərinin metodikası, Peşə oriyentasiyası fənlərindən mühazirələr oxuyub, seminar və praktik məşğələlər aparıb. Sonralar ölkənin ən qabaqcıl ali məktəblərindən olan Odlar Yurdu Universitetində və Təfəkkür Universitetindədə çalışıb.
- “Azərbaycan pedaqoji fikir tarixindən səhifələr”
- “Aslanbəylidən başlanan xatirələr”Bakı: 2000, 350 səh.
İstinadlar
Comments are closed, but trackbacks and pingbacks are open.