Press "Enter" to skip to content

Sərbəst şeir

Bir muğamat çalaram,

Qismən bölgülü, qafiyəli sərbəst şeir

Ə.Kərim
Bölgüsüz, qafiyəli sərbəst şeir. Sərbəst şeirin bu növünə “qafiyəli nəsr” də demək olar. Burada bölgülərin olması tələb olunmur. Bölgülər yalnız təsadüfi, qeyri-iradi olaraq alına bilər.

Gözlərim sənə heyran olub.

Baxışlarım meridian olub

Sancılıb dünyanın ən uzaq yerinə

Baxışımda ölkələr

Baxışım dönüb meridiana

təyyarəylə yan-yana gedir,

Gah burulur yana.

Gah dağ olub ucalır,

Gah çırpınır okean kimi.

Könlüm bunu necə anlar.

Qırılıb tökülür meridianlar.

Ə.Kərim
Xüsusi hal kimi bu növün seyrək qafiyəli variantını – bölgüsüz, seyrək qafiyəli sərbəst şeiri fərqləndirmək olar. Burada misraların çoxu, bəzən böyük əksəriyyəti qafiyələnmədən azad olur və qafiyədən çox az istifadə edilir. Xüsusən Mikayıl Rəfili (1905-1958) və Rəsul Rza (1910-1981) yaradıcılığının böyük qismini bölgüsüz, qafiyəli sərbəst şeirin məhz bu xüsusi halına aid etmək olar. Misal:
İştə

Mavi tumanlı bir elektrik lampası.

Divarda sapılcalı saat.

Tık-tıttık. tık-tırrık. səsi.

Boçkada qırmızı lentli invalid ayağını qızdıran

Bir xurma ağacı

Qırıq qanad kibi sallamış geniş budaqlarını

Bir çit parçası sarmış qarnını,

Baxır küncdə oturan lal üzlü bir qıza.

Bir qamış kibi incə, kiçik gərdanını o qızın

Sarı rəngli bir sandalya qucaqlamış.

Mavi bir işıq, halqalı gözlərini

Cırıq bir kisə kibi yamamış.
Yağlı qalın dodaqlarını marçıldadan

Top kibi yumru üz

Yumru vücud bir ayı,

Dörd pəncəsiylə işğal etmiş qarşımdakı masayı.

Baxır o qıza,

Yağlı gözləri axır o qıza.

Eyni bölgülü, qafiyəsiz sərbəst şeir. Bu növ, eyni bölgülü, qafiyəli sərbəst şeirdən yalnız qafiyənin olma-ması ilə fərqlənir. Nəzəri olaraq müəyyən etmişik. Hələlik praktiki olaraq istifadəsinə rast gəlməmişik.

Fərqli bölgülü, qafiyəsiz sərbəst şeir. Bu növ, fərqli bölgülü, qafiyəli sərbəst şeirdən yalnız qafiyələnmə-nin olmaması ilə seçilir. Az da olsa praktikada rast gəlinir. Aşağıdakı misalda sərbəst şeirin 6-lıq və 5-lik bölgü-lərdən ibarət olduğu aydın hiss olunur. Qafiyələnmə isə yoxdur:
Hara gedirəmsə. /6

Mən Kür görürəm/5.

Qızıl dalğasını/6 doğma kürümün/5

İndi hər otaqda/6

Mən Kür görürəm/5

Kürün özünə də/6 Kür işıq saçır/5;

Mən Kür görürəm/5.

Ə.Kərim
Qismən bölgülü, qafiyəsiz sərbəst şeir. Bu növ, qismən bölgülü, qafiyəli sərbəst şeirdən yalnız qafiyənin olmaması ilə fərqlənir. Bu növü də törəmə növ kimi qəbul etmək olar. Yəni, bölgüsüz, qafiyəsiz sərbəst şeirə də aid etmək olar. Belə ki, bölgüsüz, qafiyəsiz sərbəst şeirdə də təsadüfən, qeyri-iradi olaraq bölgülər hiss oluna bilər.

Qismən bölgülü, qafiyəsiz sərbəst şeirə misal (böl-güsüz misralar kursivlə verilmişdir):

Maşınların şüşəsini yuyan

pencəyinin qolları çırmalı

o balaca/4 oğlanı/3

siz bir də üsyanlar başlayanda görün.
Yerdən daş götürüb

hayqıranda görün.
Hər kəsin qa/4/paz vurub/3

o balaca/4 oğlanı/3

siz bir də ə/4/lində alov/4

“haydı arxam/4/ca” deyib/3

bağıranda görün.

R.Qaraca
“Qismən bölgülü, qafiyəsiz sərbəst şeir” növünə praktiki misal kimi Dədə Qorqud şeirlərinin müəyyən parçalarını da göstərmək olar (bax, səh.-103-106).

Bölgüsüz, qafiyəsiz sərbəst şeir (mənsur şeir). Bu növ, bölgüsüz, qafiyəli sərbəst şeirdən yalnız qafiyə-nin olmaması ilə fərqlənir. Yəni burada nə bölgünün, nə də qafiyənin olması tələb olunmur. Bölgü və ya qafiyə yalnız təsadüfi, yəni qeyri-iradi olaraq yarana bilər. Bu növ, müasir şairlərin yaradıcılığında çox geniş yayılıb və sürətlə inkişaf edir. Bəzən sərbəst şeir dedikdə məhz bu növ nəzərdə tutulur. “Mənsur şeir” adlandırılan bədii yara-dıcılıq nümunələri də mahiyyətcə elə bölgüsüz, qafiyəsiz sərbəst şeirdir. Sadəcə olaraq mənsur şeirdə mətn nəsr formasında yazılır, yəni misralara ayrılmır. Lakin mənsur şeirləri də asanlıqla misralara ayırmaq olar.

Misal:
Məftildəki ayaqaltı yellənir;

üzüm yarpağı qızılgülə təzim edir;

söyüd saçlarını qarışdırır;

almagülü qarışqaya vida edir;

qumluqdakı bir parça çəmən “yox” deyir kəpənəklərə;

birələr başına kül sovurur küllükdə;

çobanyastığı çapar salır dörd tərəfə;

bir çöp diyirlənir bir kötük üstə;

səsi qatardan tez çatır stansiyaya;

relslərin arasında vurnuxur qıc olmuş sevgi məktubu-

əslində külək əsir,

və sən daha yalan danışmaq istəmədən susursan.

S.Babullaoğlu
Bəzən heca vəzninin standart (adətən 11-hecalı) misralarının dövri təkrar olunan bölgülərini ayırıb ayrı-ayrı misralar kimi, səpələnmiş formada yazmaqla onu sərbəst şeir kimi təqdim edirlər. Lakin bu doğru deyil. Bu cür şeirlər sərbəst şeirə yox, heca vəzninə aid edilməlidir. Belə şeirlərdən bir misala baxaq.

Nə gözəl səslənir bu söz.

Yəni – bir Vətənin övladıyıq biz.

Qardaşıq, demək.

Mən sənə arxayam,

Sən mənə kömək

B.Vahabzadə
Birləşdirilmiş variantda:
Vətəndaş! Nə gözəl səslənir bu söz.

Yəni – bir Vətənin övladıyıq biz.

Anamız eynidir, qardaşıq, demək.

Mən sənə arxayam, sən mənə kömək

Qarışıq vəznli şeir
Qarışıq vəznli şeirə müəyyən parçaları heca və ya əruz vəzninin, müəyyən parçaları isə sərbəst şeirin xüsusiyyətlərini daşıyan nümunələr aiddir (sərbəst şeirin xüsusiyyətlərini daşıyan parçalar kursivlə verilmişdir):
O zaman кi, üfüqlərə bəziniz dalar

Qəlbən sizi pəк sеvərim, yolçu buludlar.

Bu gün yеnə

Əllərimi sizə doğru qaldırdım,

Bu əməldən nə saldırdım?

Əvət, hеç nə!
Tutqunsunuz, qəlbinizdə yoхsa varmı sancınız?

Bu hərcayı gəzişdən nədir ya qazancınız?

Buludlar, buludlar,

Pərişan buludlar,

Yarışan buludlar!

Bəziniz çoх кəsif,

Bəziniz pəк хəfif

Buludlar, еy dolğun qədəhlər,

Göylərin ovcunda bir yеl əsincə titrər,

Əsərsiniz

Nədən siz?

Sizi ruzgarmı çaldı, onunçunmu soldunuz?

Onunçunmu dəyişdiniz, darmadağın oldunuz?

Qaçdınız ağlaya-ağlaya,

Döndünüz bir şəffaf parçaya.
Bəziniz çoх yunul еfir qanadlı,

Bəziniz paslanmış dəmir qanadlı,

Nə bu qədər göy üzündə gəzərsiniz?

Özünüzdən çıхan zaman,

İzinizdən çıхan zaman

Həqiqətən sеvgilimə bənzərsiniz!

Еy coşqun gəncliyim, еy havalı quş,

Oхuduğum şərqi dinlənməz olmuş.

Еy şеir yazmaqla кеçən günlərim,

Siz кi ən vəfalı günlərimsiniz.

Baхıb buludlara gülümsəməкçin,

Sеvgi nəğmələri bəstələməкçin

Mənə müsaidə vеrərmisiniz?

Çünкi кеyfim кöкdür, damağım çağdır,

Şimşəк çaхdırmaya mən də hazırım,

Buludlar başında patlayacaqdır

Кönlümdə qıvrılan böyüк ildırım

M.Müşfiq
Müstəzadlı (ayaqlı) şeirləri də qarışıq vəznə aid etmək olar. Belə ki, məsələn, əruz və ya heca vəznində olan şeirlərdə istifadə olunan müstəzad (ayaq) misranın bütöv yox, son bölgüsünün (və ya bölgülərinin) təkrarıdır. Yəni müstəzad hissəciyi bütöv misra yox, əvvəlki misra-nın son bölgüsü və ya bölgülərindən ibarət qısa misradır. Bu isə məhz sərbəst şeirə (bölgülü, qafiyəli sərbəst şeirə) məxsus olan xüsusiyyətdir. Bu baxımdan müstəzadlı – ayaqlı şeiri adi şeirdən sərbəst şeirə keçid kimi də qiy-mətləndirmək olar. Müstəzad hissəciyi adətən özündən əvvəlki bütöv misra ilə və ya özündən əvvəlki müstəzadla qafiyələnir.

Müstəzadlı (ayaqlı) şeirin müxtəlif variantlarına mi-sallar:

Bir çarşıda dörd dərvişə uğradım,

Dördü bir-biriylə еylər ixtilat.

Dördünün də dili ayrı, dini bir,

İki də biz onlar ilə şеş cahat,

Əsli-kainat.
Bir şəhrində gördüm padişahını,

Qulun, yasovulun, hər dəsgahını,

Üç yüz altmış altı xoş süpahını,

Onlar bir kişidən istədi sursat,

Xoş çəkir səffat.
Altı, səkkiz, doqquz idi binası,

Otuz calalı var, bəyaz sinəsi,

Altı min altı yüz məddi-mənası,

Ərəb idi, əcəm idi, türkü tat,

Bir ismə fəryad.

Altıdan qırxadək sərgərdanıdı,

İki yüz otuzda özün tanıdı.

Altı min altı yüz pasibanıdı,

Kimi “ya hu” çəkir, kimi – “əssəlat”,

Kim istər nicat.

İki dərya xoş görünmür gözünə,

İki qırx dörd çıxmaz ərin dizinə.

Bu Xəstə Qasımın şərən sözünə

Alim, molla, müctəhidlər qaldı mat,

Xəstə Qasım
Bilməm nə görübdür bizim oğlan oxumaqdan?

Dəng oldu qulağım.

Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan

. Bəsdir oxudun, az qala canın tələf oldu,

Bu kardən əl çək!

Yazmaq, oxumaq, başına əngəl-kələf oldu,

Min elm oxuyub söz biləsən hörmətin olmaz

Söz bəhrinə gövhər olasan qiymətin olmaz

Xasə bu zamanda.

Yox, yox, baxıram fıkrinə, səndən oğul olmaz,

Mırt-mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz!

Qıl elm fərahəm,

Ol qüssəyə həmdəm;

Ömrün olacaq kəm;

Düşmən sənə aləm.

M.Ə.Sabir
Şeir şəkilləri

Azərbaycan poeziyasında əsasən aşağıdakı şeir şəkillərindən istifadə olunur (burada bütün şeir şəkillərinə praktiki misallar gətirməyə ehtiyac görmədik və yalnız az rast gəlinən xüsusi hallar və izah üçün zəruri olan digər hallar üçün misallar göstərmişik):

Məsnəvi. Misraların cüt-cüt (aa, bb, cc, çç və s.) qafiyələndiyi şeir şəklidir. Məsnəvi istənilən uzunluqlu misra üzərində qurula, həm heca, həm də əruz vəznində yazıla bilər. Bu şeir şəkli nəzmlə yaradılan epik əsərlərdə (poemalar, dram əsərləri və s.) daha geniş istifadə olu-nur.

Çarpaz qafiyəli şəkil. Misraları bəndlər üzrə abab, cçcç, dede və s. şəklində qafiyələnən şeir şəklidir. Şeir uyğun olaraq 4 misralı bəndlərə ayrılır. Bəndlərdə 1-ci misra ilə 3-cü misra qafiyələnməyə də bilər. Bu hal məz-munun daha gözəl olmasına imkanını artırır. Bu şəkil də istənilən uzunluqlu misra üzərində qurula, həm heca, həm də əruz vəznində ola bilər. Müasir müəllif ədəbiyya-tında çox geniş yayılıb.

Bayatı. Misrasının uzunluğu 7 heca, qafiyə quruluşu aaba kimi olan, 4 misralı, birbəndli şeir şəklidir (həm də janrdır). Bir qayda olaraq heca vəznində olur. Folkloru-muzda ən geniş yayılmış şəkildir (janrdır).

Rübai. Qafiyələnmə qaydası aaba kimi olan, 4-misralı, birbəndli şeir şəklidir. Misrada heca sayı adətən 11 və daha çox olur. Həm heca, həm də əruz vəznində yazıla bilər. Daha çox klassik müəllif ədəbiyyatında isti-fadə olunmuşdur.

Gəraylı. Misrası 8-hecalı, qafiyə quruluşu abab (bə-zən abcb) cccb, çççb və s. kimi olan, 3 və daha çox 4-misralı bəndlərdən ibarət şeir şəklidir (janrıdır). Bəzən birinci bəndin qafiyələnməsi sonrakı bəndlərlə eyni olur. Əsasən heca vəznində, bəzən də əruz vəznində yazılır. Klassik və müasir müəllif ədəbiyyatında, xüsusən də aşıq yaradıcılığında geniş yayılmışdır. Klassik aşıq havalarının xeyli hissəsi məhz bu şəkil üzərindədir.

Gəraylı şəklində, əruz vəznində (həzəc-3 qəlibində) yazılmış şeirə misal kimi S.Vurğunun M.Füzulinin “Usan-mazmı” qəzəlinə nəzirə yazdığı coxbəndli “Füzulinin dərdi” şeirini misal göstərmək olar:

Sən ey sevdalı sən’ətkar,

Səsində min sikayət var.

Duyanlar hər zaman ağlar,

Desəm, bir böhtan olmazmı?

…Xəyalə qərq olub hərdən,

O qansız, daş ürəklərdən

Könül rəncidə qalmazmı?

Nə odlar görmüsən bilsən,

Əzəldən aşiq oldun sən,

Böyük ruhunla bir türksən,

Muradın şəmi yanmazmı?

…Nədir Leyli, nədir Məcnun?

Nədir aşiq, nədir məftun?

Gəzirsən daima məhzun.

Sınıq qəlbin – sınıq sazmı?

Yıxılmış gördüyun dövran,

Dəyişmiş, başqadır insan,

Böyük dahilərin azmı.

S. Vurğun
Qoşma. Misrası 11-hecalı, qafiyə quruluşu abab (bəzən abcb) cccb, çççb və s. kimi olan, 3 və daha çox 4-misralı bəndlərdən ibarət şeir şəkidir (janrıdır). Bəzən birinci bəndin misralarının qafiyələnmə qaydası sonrakı bəndlərdəki kimi olur. Əsasən heca vəznində, bəzən də əruz vəznində yazılır. Klassik və müasir müəllif ədəbiyya-tında geniş yayılmışdır. Aşıq yaradıcılığında isə ən geniş yayılmış şeir şəklidir. Klassik aşıq havalarının böyük qismı məhz bu şəkil uzərindədir. Ümumiyyətlə, ritmik aşıq havaları əsasən qoşma və gəraylı üzərində olur.

Qoşma şəklində, əruz vəznində (həzəc-2 qəlibində) yazılmış şeirə misal:

Aya, Nəvvab(ı) valayi-süxəndan,

Yetişdi naməniz dilşad(ı) oldum.

Qəmü dərdim firavan idi, amma

Behəmdullah kenun azad(ı) oldum.

Sərasər şeriniz əzruyi-hikmət,

Qamu məzmunları mehrü-məhəbbət,

Möyübbə rəhmətü ədvanə zillət,

Bu şirin ləhcəyə mötad(ı) oldum.

Sizə lütfi-xuda olsun müraqib,

Əta qılsun dəxi əla məratib,

Yenə bədxahə gər əşhabi-saqib,

Xarab olsam da gər abad(ı) oldum.

Qəmi-əyyamidən çox natəvanəm

Əliləm, naxoşam, əfsurdə canəm,

Bu təsildən özüm də bədgümanəm

Məgər kuhi-qəmə Fərhad(ı) oldum.

Unutma sən duadan Natəvanı,

Əlilü naxoşu əfsurdə-canı,

Cənabından səva yoxdur gümanı,

Əgər yaddan çıxam bərbad(ı) oldum.

X.B.Nətavan
M.Ə.Sabirin məşhur “Tək səbir” şeirini də qoşma şəklində, əruz vəznində (səri-1 qəlibində) yazılmış şeirə misal göstərmək olar.

Qəzəl. Qafiyələnmə qaydası aa, ba, ca və s. şək-lində olan, 3 və daha artıq beytdən ibarət şeir şəklidir (janrıdır). Misraları adətən uzun (14÷16-hecalı) olur. Lakin 1011-hecalı qəzəllərə də rast gəlmək olar. Əsa-sən əruz, bəzən də heca vəznində yazılır. Klassik ədəbiy-yatda çox geniş istifadə olunmuşdur.

Heca vəznində yazılmış qəzələ misal:

Dünyamızda nə qansız, nə nadan şöhrət tapar,

Nə tüfeyli, nə yaltaq, nə filan şöhrət tapar.

Zəhməti, məbəbbəti vətənə rövnəq verən

Könlü arzular dolu mərd insan şöhrət tapar.

Darda vətən yolunda, şirin canından keçən

Alnı açıq, üzü ağ qəhrəman şöhrət tapar.

Kim ki andını pozmaz, süngülər arasında,

Adı olar dillərdə bir dastan, şöhrət tapar.

Nə dükanda satılır şöhrət, nə də bazarda,

Millətinin qəlbinə yol tapan şöhrət tapar.

Yarı yolda qalmasa, qələmi kütləşməsə

Mahnısı al bayraqlı Süleyman şöhrət tapar.

Qəsidə. Qafiyələnmə qaydası və misraların uzun-luğu qəzəldəki kimidir. Qəzəldən fərqi isə ondan ibarətdir ki, burada beytlərin sayı daha çox (adətən 15-dən yuxarı) olur. Həmçinin müxtəlif məzmunlarda ola bilir. Qəsidənin məzmununa görə müxtəlif növləri var: Minacat – Allahın tərifi, Nət – peyğəmbərin tərifi, Fəxriyyə – şairin özünütə-rifi, Mədhiyyə – dövlət xadimlərinin tərifi, Mərsiyə – faciəvi şəkildə həlak olmuş şəxslərə (din şəhidlərinə və s.) yazıl-mış matəm xarakteri qəsidədir. Janr kimi qəbul olunan bu şeir şəklindən klassik əruzvəznli ədəbiyyatda geniş isti-fadə olunmuşdur.

Qitə. Qafiyə quruluşu ab, cb, çb və s. şəklində olan, 3 və daha artıq beytdən ibarət, ictimai-siyasi məzmunlu şeir şəklidir (janrıdır). Misraları adətən uzun (14÷16-hecalı) olur. Bir qayda olaraq əruz vəznində yazılır.

Mürəbbe. Qafiyə quruluşu aaaa bbba ccca və s. kimi olan, 3 və daha çox 4-misralı bəndlərdən ibarət şeir şəklidir (janrıdır). Əsasən əruz vəznində yazılır. Misraları adətən 14÷16-hecalı olur. Əsasən klassik ədəbiyyata xas şeir şəklidir.

Divani. Qafiyə quruluşu aaba bbba, ccca və s. kimi olan, 3 və daha çox 4-misralı bəndlərdən ibarət şeir şəklidir. Misraları adətən 15-hecalı olur və heca vəznində yazılır. “Mürəbbe” şəklinə yaxın olan bu şəkil aşıq yaradıcılığına xasdır. Eyni adlı aşıq havası üstündə oxu-nur. Bu aşıq havasının musiqisi əsasən bəhrsizdir.

Müxəmməs. Qafiyə quruluşu aaaaa bbbba, cccca və s. kimi olan, 3 və daha çox 5-misralı bəndlərdən ibarət şeir şəklidir. Həm əruz, həm də heca vəznində ola bilər. Misraları adətən uzun (14÷16-hecalı) olur. Bu şeir şəkli də klassik müəllif ədəbiyyatda, o cümlədən aşıq yaradıcı-lığında geniş yayılmışdır. Aşıq yaradıcılığında müxəm-məslər adətən 16-hecalı olur və 8-liklərə ayrılaraq eyni adlı ritmik aşıq havası üstündə oxunur.

Müsəddəs. Qafiyə quruluşu aaaaaa bbbbaa, ccccaa və s. kimi olan, 3 və daha çox 6-misralı bəndlərdən ibarət şeir şəklidir. Əruz vəznində yazılır. Misraları adətən uzun (14÷16-hecalı) olur. Klassik müəllif ədəbiyyatda istifadə olunmuşdur.

Müsəbbe. Qafiyə quruluşu aaaaaab, ccccccb, ççççççb və s. kimi olan, 3 və daha çox 7-misralı bənd-lərdən ibarət şeir şəklidir. Əruz vəznində yazılır. Misraları adətən uzun (14÷16-hecalı) olur. Klassik müəllif ədəbiy-yatına xas olan bu şəklə az rast gəlinir.

Müsəmmən. Qafiyə quruluşu aaaaaaab, cccccccb, çççççççb və s. kimi olan, 3 və daha çox 8-misralı bəndlərdən ibarət şeir şəklidir. Əruz vəznində yazılır. Misraları adətən uzun (14÷16-hecalı) olur. Klassik müəllif ədəbiyyatına xas olan bu şeir şəklinə çox az rast gəlinir.

Müəşşər. Qafiyələnmə qaydası aaaaaaaaab, cccccccccb, çççççççççb və s. kimi olan, 3 və daha çox 10-misralı bəndlərdən ibarət, klassik ədəbiyyata xas şeir şəklidir. Əruz vəznində yazılır. Misraları adətən uzun (14÷16-hecalı) olur. Yazılması çətin olduğundan bu şəklə də çox az rast gəlinir.

Tərcibənd. Qafiyələnmə qaydası aaaaaaaaaaaa, cccccccccaa, çççççççççaa və s. kimi olan, 3 və daha çox 12-misralı bəndlərdən ibarət şeir şəklidir. Birinci bəndin son beyti sonrakı bəndlərin sonunda təkrarlanır. Əruz vəznində yazılır. Misraları adətən uzun (14÷16-hecalı) olur. Yazılması çətin olduğundan bu klassik şəkildən də çox az istifadə olunmuşdur.

Tərkibbənd. Çoxmisralı bəndlərdən ibarət klassik şeir şəklidir. Bu şəklin vahid qaydası yoxdur. Bəndlərdə misraların sayı 6-dan 14-ə, hətta 24-ə (19) qədər ola bilir. Adətən bəndin son iki misrası (beyti) bir, qalan misraları bir qafiyələnir. Sonrakı bəndlərin son beytinin qafiyəsi birinci bəndinki ilə eyni olur. Yəni misraların qafiyələnmə qaydası müsəddəs şəklinə oxşardır. Bəzən misralar qəzəl kimi də qafiyələnə bilər. Misralar adətən uzun (14÷16-hecalı) olur. Bir qayda olaraq əruz vəznində yazılır. M.Füzuli, S.Ə.Şirvani və b. şairlərin əsərlərində rast gəlinir.

Sərbəst şəkil. Misraların qafiyələnmə qaydasının və bəndlərə ayrılmanın sərbəst olduğu və ya heç olmadığı şeir şəklidir. Sərbəst şeir formasının şəkli sərbəstdir. Eyni zamanda həm heca, həm də əruz vəznində olan şeirlər də sərbəst şəkildə ola bilər. Müasir poeziyada geniş yayılmışdır. Misal:
Vətən mənim bu günüm,

Sabahkı toy-düyünüm.

Haqqım var ki, öyünüm

Ürəklərdə döyünüm,

Ləpələr şairləşir.

Qara gözlü körpələr

Pələngləşir, şirləşir.

Müdrik qocalar kimi

Dağlar da fikirləşir.

Verənlərə ar olur.

Qeyrətsizlər xar olur.
Azərbaycan deyəndə!

Dostdan sovqat, muştuluq,

Düşməndən bac alaram,

İşıq sütunu kimi

Sabaha ucalaram,

Sinəmlə parçalaram.

Bir muğamat çalaram,

Azərbaycan deyəndə!
Azərbaycan! – Bu nida

Qayaları silkələr.

Sal daşların köksündə

Çiçək bitər, gül bitər.

Təbim coşar, sel gələr,

Sanma şöhrət pərdəsi,

Ürəyimi kölgələr,

Bütün xalqlar, ölkələr,

T.Bayram
Qeyd etdiyimiz şeir şəkilləri yalnız xüsusi adla tanınan, ənənəvi şəkillərdir. Poeziyamızda müəllifin zövqündən və istəyindən asılı olaraq bu şəkillərə bənzər və fərqli çoxsaylı şəkillərdən, həmçinin aşıq yaradıcılığında bu şəkillərin forma və məzmunca çoxsaylı növlərindən (təcnis, dodaqdəyməz, cığalı qoşma, dildönməz və s.) də istifadə olunur.

Şeir formalarının yaranma tarixi

haqqında
Ədəbiyyat nəzəriyyəsində ümumilikdə şeirin mah-nıdan yarandığı qəbul olunur (20, 40 və s.). Bu baxışa görə öncə musiqi və mahnılar yaranmış, sonra isə mah-nıların mətni tədricən şeirə çevrilmişdir. Bu prinsipdən çıxış edərək bəzi tədqiqatçılar heca vəzninin bölgülənmə qaydalarının formalaşmasının da məhz musiqinin təsirin-dən yarandığını iddia edirlər. Lakin bu fikri tam mənada qəbul etmək olmaz. Belə ki, musiqidə bölgülənmə de-mək olar ki, istənilən kimi ola bilər. Lakin onların hamısı heca vəzni üçün keçərli deyil. Başqa sözlə, mahnıların mətni heca vəzninin qaydalarına tabe olmaya da bilər (bunu aşağıda verilmiş misallardan daha aydın görəcəyik). Deməli heca vəzninin bölgüləri musi-qili yaradıcılıqda yox, musiqisiz, ayrıca şeir deyilişin-də və məhz şeir deyilişi üçün formalaşıb. (Məmməd Əliyev (İracoğlu), Tərlan Quliyev və b. müəlliflər məhz bu yanaşmaya üstünlük verirlər). Yəni heca vəzninin bölgü qaydalarını birbaşa musiqi ilə əlaqələndirmək olmaz. Əksinə, heca vəznində yazılmış şeirlər üstündə sonradan mahnı oxunduqda, mahnının musiqisinin bölgüləri şeirin bölgülərinə uyğun ola bilər. Necə ki, ritmik aşıq havaları şeirlər üstündə oxunduğundan onların musiqisinin bölgü-ləri heca vəzninin bölgülərinə (əsasən 4-4, 6-5 və 4-4-3) uyğun olur.

Beləliklə, ehtimal etmək olar ki, mahnı mətnindən ilk olaraq bölgüsüz (sərbəst) şeir yaranmış, sonradan musi-qisiz şeir demə ənənəsi inkişaf etdikcə ayrıca deyiliş üçün ahəngdarlıq, axıcılıq, gözəllik yaradan qaydalar – heca vəzni bölgüləri formalaşmışdır.

Lakin şeirin mənşəyini yalnız mahnı mətnləri ilə əlaqələndirmək doğru deyil. Belə ki, xalq yaradıcılığının ən sadə, ən elementar və çox qədim tarixə malik olduğu ehtimal edilən nümunələrində (atalar sözləri və məsəllər, tapmacalar, ovsunlar və s.) belə, mükəmməl qafiyələrə və hətta heca vəzninin müəyyən elementlərinə (ənənəvi heca sayları və bölgülər) rast gəlirik. Görkəmli folklor-şünasımız Sədnik Paşa Pirsultanlı (1928-2013) mindən artıq mənzum (qafiyəli) atalar sözü və məsəl nümunəsini toplayaraq tədqiqata cəlb etmişdir. Onun topladığı mən-zum atalar sözlərindən 316-sı qeyri-bərabər hecalı, 235-i 7-hecalı, 128-i 5-hecalı, 86-sı 4-hecalı, 83-ü 8-hecalı, 45-i 6-hecalı, 38-i 9-hecalı, 32-si 3-hecalı, 25-i 11-hecalı, 20-si 10-hecalı, 9-u 2-hecalı, 7-si 12-hecalı, 6-sı 14-hecalı, 5-i 13-hecalı, 3-ü 16-hecalı, 2-si 15-hecalıya aid olmuşdur (44, s.46). Əlbəttə, misralarda heca saylarının bərabər olması hələ heca vəzni demək deyil. Heca vəznində diləyatımlı bölgülənmə də olmalıdır. Toplanmış nümunə-lərdən bu tələblərə uyğun olan və olmayanları var. Lakin şifahi xalq deyimlərində bu uyğunluq da təsadüfi xarakter daşıya bilər. Çünki, xalq deyimi üçün heca sayının bəra-bərliyi, bölgü və eləcə də qafiyə o qədər də vacib olma-mışdır. Təsadüfi deyil ki, prof. Sədnik Pirsultanlının topla-dığı qafiyəli xalq deyimlərində fərqli hecalı nümunələr sayca birinci yerdədir. Amma hər halda təsadüfi də olsa heca vəzninin əlamətlərini özündə daşıyan nümunələr xalqın yaddaşında sonrakı inkişaf üçün həmin vəznin mənşəyi rolunu oynamış ola bilər.

Aşağıda həmin deyimlərdən mümkün qədər qafiyə-ləri türk sözlərindən düzəlmiş və heca vəzninin tələblərinə uyğun bölgüləri olan nümunələri seçib vermişik (burada 1-hecalı və sonuncu fərqli hecalı nümunəni biz əlavə et-mişik, S.P.Pirsultanlının siyahısındakından fərqli variant-da verdiyimiz nümunələr kursivlə yazılmışdır):

Gör, gör.
Yüz ölç,

Bir biç.
3-hecalı: Az danış,

Düz danış.
El gücü

Sel gücü.
Gec olsun,

Güc olsun.
4-hecalı: Gecə qara,

5-hecalı: Uşağı buyur,

6-hecalı: Açaram sandığı,

Bir ayağı burda,

Bir ayağı gorda.

7-hecalı: Al da geysə yaraşır,

Şal da geysə yaraşır.

Arvadı əri saxlar,

Pendiri dəri saxlar.

Dama-dama göl olar,

Göl də daşar sel olar.

Kor nə istər? İki göz,

Biri əyri, biri düz.

Meymun baxdı güzgüyə,

Adın qoydu özgüyə.
Yaxşılığa yamanlıq,

Kor eşşəyə samanlıq.

Nə yoğurdu, nə yapdı,

Hazırca kökə tapdı.

8-hecalı: Usta yanında əl saxla,

Alim yanında dil saxla.

Çox yemə ağırlıq etsin,

Az yemə, can əldən getsin.

9-hecalı: Ev gördüm evimə küsəndim,

Ev gördüm evimdən usandım.

10-hecalı: Ölmə eşşəyim, yonca bitincən,

Yonca tökülmə, torba tikincən

Arvad qohumu ocaq başında,

Kişi qohumu çax-çax başında.

11-hecalı: İgid odur, atdan düşə, atlana,

İgid odur, hər əzaba qatlana.

Ağılsız cavanı kirşan aldadar,

Sayğısız igidi düşman aldadar.

12-hecalı: Gəlinim paltar yusun, üzü bozarsın,

Qızım çörək bişirsin, üzü qızarsın.

13-hecalı: Alanda necəsən? Bir alıcı quş kimi,

Verəndə necəsən? Dəyirmanda daş kimi.

14-hecalı:Mərd ilə yoldaş oldum – dağlar qədər ucaldım,

Namərdlə yoldaş oldum – bircə gündə qocaldım.

15-hecalı: Arxalıya arxa olma, deməsinlər yamaqdır,

Arxasıza arxa ol ki, qoy desinlər dayaqdır.

16-hecalı: Gətirəndə: El gətirər, yel gətirər, sel gətirər,

İtirəndə: El itirər, yel itirər, sel itirər.

Fərqli hecalılar: Aldatmasın səni üz gözəlliyi,

İlanın da var öz gözəlliyi.

Dədəm mənə kor deyib

Gəlib-gedəni vur deyib
Verdiyi qədəh,

Suyun lal axanı,

Adamın yerə baxanı.

Sən ağa, mən ağa,

İnəkləri kim sağa?

Süfrənin yaraşığı qonaqdır,

Evin yaraşığı uşaqdır.

Soruşan dağ aşar,

Soruşmayan düzdə çaşar.

Olanda halay, halay,

Olmayanda halı qolay.

Kor olduq tüstüsünə.

Qabaqda gedirəm – bic deyirlər,

Dalda qalıram – gic deyirlər.

Əl-ayağı düz olsun.
Özümə yer eləyim,

Gör sənə neyləyim.
Ac ölməz, gözü qaralar,

Borclu ölməz, rəngi saralar.

Önümüz qovurğa qovurur,

Arxamız saman sovurur.

Müəllif çox doğru olaraq şeirimizin formalaşmasının başlanğıcını məhz bu nümunələrdən götürür. Bunu qəbul etdikdə şeirin mənşəyini yalnız mahnı ilə əlaqələndirmək özünü doğrultmur. Ehtimal etmək olar ki, şeirin mənşəyi həm mahnılar həm də şifahi xalq deyimləri olmuşdur. Yuxarıdakı fikrimizə uyğun olaraq deyə bilərik ki, mahnı mətnləri şeir üçün bir söz bazası rolunu oynamışdırsa, şifahi deyimlər söz bazası rolunu oynamaqla bərabər həm də vəznin və qafiyənin əsasını qoymuşdur. Beləliklə, şeir bölgülərinin mənşəyinin musiqi yox, məhz şifahi söyləmə olması fikri bir daha öz təsdiqini tapmış olur.

Lakin dəyərli folklorşünasımız 11-hecalı şeirin ya-ranmasını (7 və 8-hecalıdan fərqli olaraq) bir çox başqa-ları kimi məhz sazla əlaqələndirərək musiqiyə bağlayır. Bu fikri mücərrəd bir tərzdə – 11-hecalı şeirin sazın pər-dələrinə uyğun olması (?) ilə izah etməyə çalışırlar. Hal-buki, musiqi nəzəriyyəsindən azacıq məlumatı olanlar bilir ki, sazın, həmçinin bütün simli alətlərin pərdələri səsin tonunu müəyyən edir, mahnı mətnindəki hecaların sayı isə qətiyyən ondan asılı deyil. Bir pərdədə misranın müxtəlif hecaları və əksinə, misranın bir hecası müxtəlif pərdələrdə səslənə bilər.

11-hecalı şeirin sazla bağlı yaranması fikrini saz alətinin yaranma (qopuzun saza çevrilməsi) dövrünün 11-hecalı şeirin (qoşma şəklinin) meydana çıxması dövrü ilə üst-üstə düşməsi ilə də izah edirlər. Bu arqumentə qarşı da kifayət qədər tutarlı faktlar var. Belə ki, aşağıda misal gətirəcəyimiz uyğur mətnində (səh.-116-117) 11-hecalı şeirə yaxınlaşmanı artıq görürük. Həmçinin 11-he-calı nümunələrə normal bölgülənməsi hələ formalaşmış olmasa da “Divanü luğat-it-türk” şeirlərində də rast gəlinir (səh.-111). Daha tutarlı fakt isə ondan ibarətdir ki, 11-hecalı türk şeirinin və sazın meydana çıxması dövründən bir neçə əsr öncə yaradılmış əruzun 11-hecalı səri-1, həzəc-2, mütədarik-3 və mütəqarib-2 qəliblərinin bölgüləri 11-hecalı heca vəzni bölgüləri ilə tam eynilik təşkil edir. Deməli bu qəliblər yaradılan dövrdə həmin bölgülərə malik 11-hecalı şeir və ya onun haqqında təsəvvür artıq mövcud olmuşdur. Yəni 11-hecalı şeir musiqinin və ya hansısa musiqi alətinin təsirindən yox, şifahi nitqdə, şifahi şeir deyilişində, deyilişin diləyatımlılığına, ahəngdarlığına uyğun olaraq formalaşmışdır.

Şeir formalarının yaranmasının öyrənilməsində mü-hüm məsələlərdən biri məhz qafiyənin yaranması məsə-ləsidir. Bəzi müəlliflərin fikrincə, qafiyə türk şeirinə, həm-çinin digər şərq xalqlarının şeirinə ərəb şeirindən keçmiş-dir. Lakin yuxarıdakı qafiyəli şifahi xalq ədəbiyyatı nümu-nələri həmin fikrin yanlış olduğunu göstərən kifayət qədər tutarlı faktdır.

Metrik (metro-ritmik) vəznə gəldikdə, məlumdur ki, bu növ vəzn şərq xalqları içərisində ilk dəfə ərəblər tərəfindən VI-VIII əsrlərdən şeirə tətbiq edilməyə başla-mışdır. Belə ki, ərəblərin sillabik şeir forması olan “rəcəz” üzərində əruz vəzni yaradılmış və inkişaf etdirilmişdir. Sonradan farslar, türklər və b. şərq xalqları da əruzdan istifadə etməyə başlamışlar. Heca vəzni qaydaları xalq yaradıcılığı (başqa sözlə kütləvi, spontan, qeyri-iradi, öz-özünə yaradıcılıq), əruz qaydaları isə fərdi iradə (başqa sözlə şüurlu və məqsədli) yaradıcılığı kimi meydana çıxmışdır. Çünki, heca vəznindən fərqli olaraq dəqiq əruz qaydaları müəllifdən şüurlu və məqsədli yanaşma (fəa-liyyət) tələb edir (bax, 13).

“Stopa” adlanan bölgü qəlibləri üzərində yaradılmış qədim yunan şeirini də məhz əruz kimi metrik vəznə aid edirlər (45 və s.). “Stopa” anlayışından həmçinin tonik vəznin qəliblərində də istifadə olunur (19).

Adətən heca vəznini “türk dilinin doğma (milli) vəzni”, “türk dilindən doğan vəzn” kimi qiymətləndirirlər. Doğrudur, heca vəzni mahiyyətcə xalq yaradıcılığı məh-suludur, yəni konkret müəllif tərəfindən yaradılmayıb, xal-qın dilində öz-özünə formalaşıb. Lakin yuxarıda dediyimiz kimi bu kimi fikirlər deyilərkən mütləq nəzərə alınmalıdır ki, eyni xüsusiyyətlərə (bərabər heca sayına və bölgülərə) malik vəzn başqa xalqların da folklorunda (rus, fars, fransız, italyan və s.) var. Təsadüfi deyil ki, bir çox əruz qəliblərində heca sayı və bölgülər heca vəznindəki ilə eynidir. Görünür, məhz belə əruz qəliblərinin mövcudlu-ğuna əsaslanaraq türk şeirində heca vəznininin formalaş-masını mənşəcə əruzla da bağlayırlar (20, s. 277).

Sərbəst şeir formasına gəldikdə bu forma adətən daha yeni və müasir şeir forması kimi qəbul olunur. Belə ki, bu şeir formasının XIX əsrin sonu, XX əsrin əvvəllərin-də Avropa xalqlarında yarandığı və ilk dəfə Belçikada meydana çıxdığı qeyd olunur (45). Türk xalqlarında sər-bəst şeir yazmış ilk şair kimi N.Hikmətin (1902-1963), Azərbaycanda isə M.Rəfilinin (1905-1958) adı çəkilir. Lakin burada sərbəst şeir dedikdə əsasən bölgüsüz, qafiyəsiz (və ya seyrək qafiyəli) şeir nəzərdə tutulmuş-dur.

Əslində isə, heca və əruz vəznləri formalaşana qədər mövcud olmuş şeir formalarının xüsusiyyətləri məhz müasir sərbəst şeir formasının xüsusiyyətlərini özündə daşımışdır. Məsələn, yuxarıda misal gətirdiyimiz şifahi xalq yaradıcılığının fərqli hecalı nümunələri, Dədə Qorqud və əski uyğur şeirləri (“Maniçi” poeziya), ərəb şeirinin “səc” forması (54, 13) və s. Yəni öncə məhz sər-bəst şeir forması yaranmış, sonra tədricən sillabik vəzn, daha sonra isə vahid metro-ritmik quruluşlu vəzn – əruz formalaşmışdır.

Bildiyimiz kimi Dədə Qorqud mətnləri də əslində mahnı mətnləridir, yəni müsiqi alətinin müşayiəti ilə oxunmuşdur. Bu mətnləri Azərbaycan-türk şeirinin məhz heca vəzninəqədərki sərbəst forması kimi qəbul etmək olar. Dədə Qorqud mətnləri formaca qismən bölgülü, qafiyəsiz sərbəst şeirə uyğun gəlir. Belə ki, burada mis-raların bir qismində bölgülər hiss olunsa da, bütün mis-raların bölgülənməsi vacib şərt olmamışdır. Misraların ço-xu bölgüsüzdür.

Dədə Qorqud mətnlərində 4-hecalı bölgülərin bö-yük üstünlük təşkil etdiyi açıq-aşkar görünür. Bu fakt türk şeirində 4-hecalı bölgünün ən ilkin, ən əsas bölgü olduğunu deməyə əsas verir. Mətnlərdə daha az təsadüf olunan 3-hecalı bölgülər ikinci yerdə dayanır. Ehtimal etmək olar ki, şeir bölgüsü kimi formalaşan ilk bölgü məhz dördlük bölgü və daha sonra üçlük bölgü olmuşdur. 4-lüklərlə 3-lüklərin yanaşı işlənməsi 7-hecalı (4-3) və 11-hecalı (4-4-3) misraların formalaşmasına sə-bəb olmuşdur. Təsadüfi deyil ki, ən sadə xalq şeiri şəkli (janrı) olan bayatı da məhz 4-3 bölgülü, 7-hecalı misralar-dan ibarət formalaşmışdır. Dədə Qorqud şeirlərində bə-zən 4-4-5 qaydasında bölgülənmə ilə müşahidə olunan misralara da təsadüf olunur.

Dədə Qorqud mətnlərində qafiyələnmə hələ forma-laşmamışdır. Burada qafiyə əvəzinə misraların sonunda eyni sözlərin və ya eyni şəkilçilərin təkrarını (leksik və qrammatik paralellər) görürük. Normal qafiyələnmə isə ya təsadüfi xarakter daşıyır, ya da nadir hallarda istifadə olunur. Belə qafiyələrə ayrı-ayrı parçalardan misallara baxaq:

Başım baxtı,

Evim taxtı.
. Şahbaz atlar içdiyi su!

Qızıl dəvələr gəlib keçdiyi su.

. Məgər sənin ağan yox olubdur?

. Beyrək gedəli Bambam təpə başına çıxdınmı, qız?!

Qarılatıb dörd yanına baxdınmı, qız.

. Mərə Əzrayıl, aman

Tanrının birliyinə yoxdur güman.

. Ucalardan ucasan!

Kimsə bilməz necəsən.

. Ey qırx eşim, qırx yoldaşım,

Qurban olsun sizə mənim başım.

Lakin bir çox parçaların (“bəndlər” də deyə bilərik) son iki misrası bir qayda olaraq “mənə” və “sənə” (“maña” və “saña”) sözləri ilə bitməklə qafiyələnir. Bunu da sonradan formalaşmış bir çox şeir şəkillərində (qoşma, gəraylı, müxəmməs, divani və s.) bəndlərin sonunun eyni qafiyə, rədif və ya misra ilə bit-məsi xüsusiyyətinin ibtidai forması kimi qəbul etmək olar.

Bütün bu əlamətləri praktiki müşahidə etmək üçün Kitabi-Dədə Qorqud mətnlərindən misallara baxaq.

Bölgülü misraların çoxluq təşkil etdiyi parça (bölgü-lərin müşahidə olunmadığı misralar kursivlə verilmişdir; səğir [n] səsi “ñ” kimi göstərilmişdir):
Allah-Allah/4 deməyincə/4 işlər oñmaz/4.

Qadir Tañrı/4 verməyincə/4 ər bayımaz/4.

Əzəldən yazılmasa/7, qul başına/4 qəza gəlməz/4.

Əcəl vədə/4 irməyincə/4 kimsə ölıməz/4.

Ölən adam dirilməz/7.

Çıxan can gerü gəlməz/7.

Bir yigidin qara dağ yumrısınca malı olsa,

yiğar-dərər/4 tələb eylər/4,

nəsibindən/4 artuğın/3 yeyə bilməz/4.

Ulaşıban/4 sular daşsa/4 dəniz olmaz/4.

Təkəbbürlük/4 eyləyəni/4 Tañrı sevməz/4.

Köñlün uca/4 tutan ərdə/4 dövlət olmaz/4.

Yad oğulu/4 saxlamaqla/4 oğul olmaz/4, –

böyüyüəndə/4 salur gedər/4, gördüm deməz/4.

Kül təpəcik olmaz.

Güyəgü oğul olmaz.

Qara eşşək/4 başına/3 uyan ursan/4, qatır olmaz/4.

Qaravaşa/4 don geyirsəñ/4 qadın olmaz/4.

Yapa-yapa/4 qarlar yağsa/4, yaza qalımaz/4,

Yapağlu gögcə çəmən güzə qalmaz.

Əski panbuq bez olmaz/7.

Qarı düşmən dost olmaz/7.

Qarağuca/4 qıymayınca/4 yol alınmaz/4.

Qara polad/4 uz qılıcı/4 çalmayınca/4 qırım dönməz/4.

75, səh.-19-20.
Aşağıdakı parçada da bölgülü misralar daha çoxdur:
Oğul, oğul/4, ay oğul/3,

Mənim ünüm añla, sözüm diñlə!

Ol kafiriñ/4 üçün atıb/4 birin yazmaz/4 oxçusu olur/5,

“Hı” demədin/4 başlar kəsən/4 cəlladı olur/5,

Adam ətin/4 yaxnı qılan/4 aşbazı olur/5.

Sən varası/4 kafir deyil/4,

Qalxıbanı/4 yerimdən mən/4 durayım/3

Qoñur atıñ/4 belinə mən/4 minəyim/3,

Gələn kafir/4 mənimdir mən/4 varayın/3,

Qara polad/4 üz qılıcım/4 çalayın/3,

Azğın dinli kafirdir, başların kəsəyin,

Dönə-dönə/4 savaşayın/4, dönə-dönə/4 çəkişəyin/4.

Qılıc alıb baş kəsdigim görgil, öyrəngil,

Qara başıña düşəndə gərəklidir.

75, səh-82.
Aşağıdakı parçada isə bölgülü və bölgüsüz misrala-rın sayları eynilik təşkil edir:

Qalxıbanı/4 yerindən/3 duran yigit/4!

Yelisi qara Qazlıq atıın butun minən,

Arqubeli/4 ala dağdan/4 dünin aşan/4,

Axıntılı/4, görklü suyu/4 dəlib keçən/4

Qəribliyə gələn yatırmı olur?

Mənciləyin/4 qarusından/4 ağ əllərin/4 bağladıban/4

doñuz damında yatarmı olur?

Ağ saqqallı/4 babasını/4, ağ birçəkli/4 anasını/4

Ağladıban bozladarmı olur?

Niyə yatırsan, yigit /7?

Qafil olma/4, görklü başıñ/4 qaldır yigit/4!

Ala gözüñ/4 açğıl, yigit/4!

Qadir verən/4 dadlı canıñ/4 uyxu almış/4,!

Yigit, qarusundan qollarıñı bağlatmağıl!

Ağ saqqallı babañı, qarıcıq anañı ağlatmağıl,

Nə yigitsən, Qalın Oğuz elindən gələn yigit?!

Yaradan haqqıyçün duru gəlgil!

Dörd yanıñı kafir bağladı, bəlli bilgil!

75, səh.-151.
Aşağıdakı parçalarda isə bölgüsüz misralar əksəriy-yət təşkil edir:
A bəy baba/4, eşidirəm/4.

Amma ərafatda erkək quzu qurban üçün

Baba oğul qazanır ad üçün,

Oğul da qılıc quşanar baba qeyrətiyçün.

Mənim də başım qurban olsun səniñçün!

75, səh.-82,
Oğul, oğul/4, ay oğul/3,

Yağıya girib baş kəsmədiñ,

Adam öldürüb qan tökmədiñ,

Ala gözlü/4 qırx yigidi/4 boyuña alğıl/5,

Köksü gözəl/4 qaba dağlar/4 başına çıqğıl/5,

Mənim savaşdığım, mənim dögüşdügüm,

Mənim çəkişdigim, mənim qılıclaşdığım

görgil, ögrəngil!

Və həm bizə pusu olğıl, oğul!

75, səh.-82-83.
Mərə Əzrayıl, aman/7!

Tañrınıñ birliginə yoxdur güman!

Mən səni böylə bilməz idim.

Oğurılayın can aldığıñ duymaz idim.

Dügməsi böyük bizim dağlarımız olur,

Ol dağlarumızda bağlarımız olur,

Ol bağlarıñ qara salxumları, üzümi olur.

Ol üzümi sıxırlar, al şərabı olur.,

Ol şərabdan içən əsrük olur.

Nə söylədim/4, bilmədim/3,

Bəgligə usanmadım/7, yigitligə doymadım/7.

Canım alma, Əzrayıl, mədəd!

75, səh.-97.
Göründüyü kimi bu dövrdə dördlük, qismən də üçlük bölgülər kifayət qədər inkişaf etmişdir. Fikrimizcə, belə sabit bölgülənmə musiqinin təsirindən yarana bilməz-di. Ehtimal etmək olar ki, bu mətnlər tam ritmik musi-qi üzərində oxunmamış, simli alətin musiqisi altında əsasən şeir deyilişi şəklində söylənmişdir ki, bu da sabit şeir bölgülərinin formalaşmasına səbəb olmuş-dur. Yəni şeir demə musiqidən qismən ayrı olmuşdur (və ya artıq ayrılmışdır). Çox güman ki, müasir aşıqların da şeirləri ritmik hava üstündə oxuduqdan sonra şeir kimi təkrarlaması, həmçinin müasir dövrdə şeir söyləyənin simli alətin həzin musiqisi ilə müşayiət olunması ənənəsi məhz qədim ənənələrin qalığıdır.

Azərbaycan poeziyasında sərbəst şeir vəzni

Azərbaycan poeziyasında istifadə olunub, şairlərimiz tərəfindən tez-tez işlədilən vəznlərdən biri də sərbəst şeir vəznidir. Sərbəst şeirin adından da göründüyü kimi, hecavəznində tələb olunan texniki şərtlərə burada tam şəkildə əməl olunmur. Sərbəst şeirdə yazan şair şeirin ölçü, bölgü,qafiyə sistemindən sərbəst şəkildə istifadə edir. Əlbəttə, bu demək deyildir ki, sərbəst şeirdə bölgüdən, qafiyədən istifadə olunmur. Sadəcə olaraq, sərbəst şeirdə qafiyə, ölçü, bölgü, misraların həcmi, hecaların misralardakı sayı, ahəngi tamamilə formal səciyyə daşıyır. Belə ki, qafiyə heca vəznində iki və daha artıq misralar arasında və ya çarpaz şəkildə işləndiyi halda, sərbəst şeirdə qafiyə ardıcıl şəkildə deyil, bir neçə misradan sonra da gələ bilər. Bəzən qafiyə sərbəst şeirdə dalbadal da işlənə bilər.

Sərbəst şeirdə bənddəki misraların və hecaların sayı da müxtəlif olur. Şair sərbəst vəzndə müxtəlif ölçülü misralardan, misradaxili fasilələrdən və hecalardan istifadə edə bilər. Lakin şeirin hansı vəzndə yazılıb yazılmamasından asılı olmayaraq orada hisslərin tərənnümü, poetik fikrin emosional təsviri əsas olmalıdır. Odur ki, sərbəst vəzndə yazılan şeirlərdə poeziyanın bu ən mühüm qanunlarına əməl olunmalıdır. Buradan belə nəticəyə gəlmək olar ki, sərbəst şeir anlayışının özü də formal olub, şairin bir sənətkar kimi tam sərbəstliyi, azadlığı demək deyildir. Çünki sərbəst şeirdə misraların, hecaların sayı, qafiyə sistemi konkret bir ideyaya, məzmuna tabe tutulur. Şübhəsiz, sərbəst şeirlərin özündə də qüvvətli bir ritm, ahəng olmalıdır. Hisslərin lirik tərənnümü,poetik sistem və qanunauyğunluq, ritm bütün vəznlərdə yazılan şeirlər üçün əsasdır.

Azərbaycan şeirində sərbəst vəznin inkişafı, əsasən, 1920-1930-cu illərdən başlayır. Lakin sərbəst şeir yarandığı vaxtlardan müxtəlif mübahisələrə səbəb olmuşdur. Sərbəst şeirdə yazan bir sıra şairlər bunun adından istifadə edir və ən zəif şəkildə yazılmış nəzm nümunələrini də poetik fikrin uğuru kimi qələmə verirdilər. Ritm, ahəng, bölgü, qafiyə kimi şərtlərdən uzaq olub, məzmunca dağınıq, qarışıq olan belə sərbəst şeir nümunələri hələ o zaman tənqid və ədəbiyyatşünaslıqda etirazla qarşılanırdı. Sərbəst şeir sahəsində yaranan mübahisələr tamamilə haqlı və təbii idi. Belə ki, 1920-1930-cu illərdə S.Vurğun, R.Rza, M.Müşviq, O.Sarıvəlli kimi şairlər istisna olmaqla, bir çox gənc yazarlar sərbəst şeirə onun adına uyğun olaraq tam sərbəst yanaşır, formalist mövqedə dururdular. Zahiri, formal cəhətlərinə əsas önəm verən bir çox sərbəst şeir yazanlarının əsərləri solğun, sönük, bədii cəhətdən zəif, dil nöqteyi-nəzərdən qüsurlu, ən başlıcası isə məzmunsuz idi.

Hər cür söz yığınından ibarət nəzm nümunələri sərbəst şeir hesab olunurdu. Bütün bunlar isə sərbəst şeirin poetikasını kifayət qədər bilməməkdən, gənc şairlərin ifrat dərəcədə formalizmə, zahiri effektlərə uymasının nəticəsi idi. Sərbəst şeirin ilk təşəkkül dövrlərində S.Vurğun«Aprel», «Məktub», «Şairin andı», «Zərərçilər», «Raport»,«Ölən şeirlərim», «Cavabımız», «Şeir və xaltura», «Tikanlı sözlər», «Fanar» və s. kimi şeirlərini sərbəst vəzndə yazmışdır. Lakin S.Vurğunun şeirlərində hansı vəzndə yazmasından asılı olmayaraq qüdrətli şairin duyğularının, hisslərinin yüksək poetik dillə ifadəsini görürük. «Hansı vəzndə yazmasından asılı olmayaraq S.Vurğunun şeirləri həmişə coşğun bir ilhamın və odlu bir ürəyin çırpıntılarından yaranırdı».

«Dürrənin səsi»,
«Dilcan dərəsi»,
«Gözəllərim»,
«Qəzəllərim»,
… lərim…, lərim…
və nələrim…
Artıq gözlərimdən uzaqlaşdınız;
Ölən bir cahanla siz
gülüşsüz qucaqlaşdınız…

S.Vurğun burada «səsi», «dərəsi», «Qəzəllərim», «lərim», «nələrim», «uzaqlaşdınız», «qucaqlaşdınız» kimi sözlərdən istifadə edərək, qüvvətli qafiyələr yaratmışdır. Əsas cəhət budur ki, şair sərbəst şeirin formalist tərəflərinə uymamış, misraları, qafiyələri poetik fikrin ifadəsinə tabe tutmuşdur.

Sərbəst şeir yarandığı ilk illərdə vəznin tələblərinə uyğun olaraq orada müraciət, bədii xitab, tribunluq özünü daha çox göstərirdi. Sərbəst şeirdə özünü göstərən bu çağırış ruhu, şüarçılıq daha çox ictimai-sosial tələbdən irəli gəlir və məzmuna çevrilirdi. Lakin hər hansı amildən asılı olmayaraq poetik sənətkarlıq, fikrin şairanə, obrazlı ifadəsi hər şeydən əsas olmalıdır. Hələ gənc yaşlarından fitri istedadı ilə parlayan S.Vurğunun sərbəst şeirləri məhz poetik dil baxımından diqqəti cəlb edirdi.

Sərbəst vəzn şeirimizdə yeni olduğu üçün bəzi gənc qələm sahibləri yenilik axtarmaq, yenilik yaratmaq naminə inadkarlıq göstərir, şeiri eksperimentə çevirirdilər. Belə şeirlərdə hisslərin təsvir və tərənnümündən daha çox formalizmə, abstrak düşüncəyə, rabitəsiz fikirlərə üstünlük verilir. Odur ki, 1920-1930 və hətta 40-50-ci illərdə belə qələmə alınan sərbəst şeirlərdə ənənə və novatorluqprinsipi pozulur və şeir klassik dəyərlərdən, milli-xəlqi hisslərdən uzaqlaşırdı. Sonralar gördüyümüz kimi, S.Vurğun sərbəst şeir yazmaqdan uzaqlaşmış və ən dəyərli əsərlərini də heca vəznində yazmışdır.

Tədqiqatçıların doğru qeyd etdikləri kimi, sərbəst şeir, demək olar, XX əsrin 50-ci illərinə qədər özünün tam xəlqi-milli formasını tapa bilməmişdi. Bir sıra sərbəst şeir yazarları sərbəst şeiri qafiyənin olmaması, misraların bilərəkdən sındırılması, ahəngin olmaması kimi başa düşürdülər. Onların bir çoxu unudurdular ki, sərbəst şeirdə qafiyə bədii fikrin daha vurğulu, emosional ifadəsi üçün gərəkli olan başlıca faktordur. Bu zaman şair poetik fikri qafiyələrin axınında məhdudlaşdırmır, əksinə, qafiyəni fikrə tabe tutur. Hətta bəzi gənc şairlərin şeirlərində sərbəstlikdən sui istifadə edilərək, təfsilata, əhvalatçılığa, uzunçuluğa yol verilirdi. Bu isə şeiri hansı vəzndə yazılmasından asılı olmayaraq zəif, sönük şəklə salırdı. Bunun nəticəsi idi ki, sərbəst şeirdə yazmağa başlayan şairlərin demək olar, çoxu ümumiyyətlə, bədii yaradıcılıqdan uzaqlaşdılar. Poetik istedadın azlığı, şeirdə formalizm cəhdləri, sərbəst şeiri tam sərbəstlik kimi anlamaq yaradıcılıqda uğursuzluqla nəticələndi.

Sərbəst şeir vəznindən istifadə edən nümayəndələrdən biri də M.Müşviq olmuşdu. O, sərbəst vəzndə qələmə aldığı şeirlərində də heca vəzninin poetik xüsusiyyətlərindən müvazi şəkildə istifadə edirdi. O, həm sərbəst şeirin forma cəhətlərindən istifadə edir, həm də, ahəng, bölgü, qafiyə baxımından şeirdə axıcılıq, oynaqlıq yaradırdı:

… Nə xoşdur bir hiss kimi qəlblərə girmək
səssiz – sorğusuz.
Bütün fənalıqları yıxıb devirmək
qara-qorxusuz
Mən qarşımda yamyaşıl çollər görürəm,
Qeyrətli, bacarıqlı ellər görürəm.
Görürəm o dağdakı toyu, düyünü
yeni səhnədə.
Fərəhlə seyr edincə, şeirimdən əvvəl
axır göz yaşım.

Sərbəst şeirə aid yuxarıda verilən nümunələrdən də göründüyü kimi, ictimai həyatın tələblərinə uyğun olaraq bu vəzndə yazılmış şeirlərdə tendensiyaçılıq, sinfi mübarizə ruhu, gələcəyə çağırış motivləri daha güclüdür. Lakin istedadlı sənətkar təkcə məzmunu tribunçuluğa, şüarçılığa çevirməklə kifayətlənmir, bu ideyanın obrazlı dillə çatdırılmasına çalışırdılar.

Azərbaycan şeirində sərbəst vəznin ən yaxşı nümunələrini R.Rza yaratmışdır. Görkəmli şair hər hansı bir hadisəni, əhvalatı, etdiyi müşahidəni asanlıqla sərbəst şeirin məzmununda verə bilirdi. Görkəmli aktyorumuz H.Ərəblinskinin xatirəsinə həsr etdiyi şeirində olduğu kimi:

Danimarka prinsi
nələr gördü,
nələr çəkdi.
Xəyanət riya.
Şəhvət düşkünlüyü.
Ümid, sevinc beşgünlüyü.
Yazıq sənə, Hamlet,
Yazıq, qəmli, filosof!
Bir dəfə öldürdülər səni
uzaq-uzaq keçmişdə.
Bir də böyük aktyorla
bir gündə;
sirri açılmayan
günah üstündə.

Şeirdəki sənətkarlıq göz qabağında olub, açıq-aydın sezilir. Adi hadisəyə, hadisə ilə bağlı aldığı təəssürata R.Rza bədii-fəlsəfi məna vermişdir. Şeirdə istifadə olunan qafiyələr söz yaradıcılığı və poetik fikrin məqamında işlənməsi baxımından diqqət çəkir. Şeirdə «düşkünlüyü»sözünə tapılan «beşgünlüyü» şair tərəfindən şeirimizdə ilk dəfə işlədilən ən uğurlu qafiyədir. Burada sözlər, ifadələr, misralardakı fikirlər məntiqi ardıcıllıqla verilir və bədii mətnin tamamlanmasında, fikrin yığcam, lakonik verilməsində mühüm rol oynayır. Şeirdə yenilik, yeni söz yaratmaq, onu qafiyədə işlətmək, fikrin bədii-fəlsəfi yozumu, adini qeyri-adi şəkildə vermək R.Rzanın sərbəst şeirlərində ən əsas sənətkarlıq xüsusiyyətidir. Şair hamının dediyini təkrarlamır, başqa cür deyir, həm də gözlənilməz tərzdə deyir. Bu isə onu göstərir ki, şair sərbəst şeirin imkanlarından uğurla, maksimum sənətkarlıqla istifadə edir. Şair yalnız sözdə, qafiyədə, vəzndə yox, fikirdə, onun ifa tərzində yenilik edir.

Bəsti – Bəsti idi,
Sürəyya – Sürəyya!
Adları yazmaq olsa da bir sıraya,
hər insan təkraredilməz bir fərddir.
Nə bir-birinin eyni,
nə surəti, nə əvəzidir.
Bu şərtdir.

Göründüyü kimi, şeirin yeddi misrasında cəmi iki qafiyə işlənmişdir. «Fərddir», «şərtdir» qafiyələri poetik fikrin tamamlanmasında istifadə olunan ən uğurlu qafiyələr kimi diqqəti cəlb edir. R.Rzanın sərbəst vəzndə yazdığı şeirlərinin sənətkarlıq xüsusiyyətləri çoxçeşidlidir. Onun şeirləri sadəcə olaraq vəzndə zahiri yenilik deyil, dildə, fikirdə, fonetik kombinasiyalarda, bədii təsvir və ifadəninyeniliyində,novatorluğundadır. Şairin şeirlərində poetik fikrin episentrində işlədilən qafiyələr bir-birini izləyir, səslərin alliterasiyası şeirə ritmik-melodik ton gətirir.

Nə payızdı,
nə qışdı…
Bir çinar qurumuşdu.
Nə suyunu kəsdilər onun,
nə üstünə kölgə düşdü.
Ağac ayaq üstə qurumuşdu.
Nə yarpaqları saraldı,
saplağı sınmış kimi.
Nə xəzəli töküldü
Yuvasından uçan quş kimi.
Elə bil ki, gövdəsi üşümüşdü.
Çinar, beş yüz ildən bir az,
bircə yaz,
az yaşadı.

Müasir dövrdə Ə.Kərim, F.Qoca, F.Sadıq və başqa onlarla gənc şairlərimiz sərbəst vəzndə ən gözəl şeirlərini yazıb yaratmışlar. Lakin sərbəst vəznin sərt tələblərindən hamı uğurla çıxa bilməmişdir. Çünki ənənəvi poeziya qanunlarını pozub onun əsasında, onun əvəzində sərbəst şeir yazmaq, formalistik etmək yox, novatorluq etmək deməkdir. Bu isə ənənəvi formada – heca vəznində yazmaqdan qat-qat çətindir. Ə.Kərimin «Şair» adlı şeiri həm onun özünün, həm də R.Rzanın sərbəst şeirdə orijinal bir sənətkar olduğunu bir daha göstərir.

  • Teqlər:
  • Azərbaycan ədəbiyyatı
  • , şeir vəznləri
  • , sərbəst şeir

Comments are closed, but trackbacks and pingbacks are open.