Press "Enter" to skip to content

Uşaqlarda qızdırma olanda nə etməli

Ayşən Rəhimova

Uşaq kilidini upc kanallarından necə çıxara bilərəm

Cizgi filiminə 3 yaşına qədər olan uşaqlar gün ərzində 15-17 dəqiqə, 3 yaşdan 6-7 yaşa qədər olan uşaqlar 40-45 dəqiqə, daha böyük yaşlı uşaqlar isə 1 saat baxa bilərlər

-Aidə xanım, sizcə, Azərbaycanda uşağın böyüdülməsi zamanı valideynlərin doğru zənn etdiyi, lakin yanlış olan səhvlər hansılardır?

-Çox maraqlı sualdır. Valideynlər tərbiyədə ənənəvi üsullardan daha çox istifadə edirlər. Həmin üsullardan bəziləri sonradan çox böyük yanlışlıqlara da gətirib çıxara bilir. Sözü gedən üsullardan biri qorxutma üsuludur. Valideyn düşünür ki, qorxutma üsullarından istifadə etsə, tərbiyədə daha tez nəticə əldə edəcək. Bu da öz növbəsində uşaqlarda müəyyən qorxuların yaranmasına gətirib çıxarır. Digər üsul uşaqları öz keçmiş təcrübələrinə əsasən tərbiyə etməyə çalışmalarıdır. Məsələn, anam mənə bu cür davranmışdısa, bu normaldır, biz də belə böyümüşük kimi. Bu da yanlış üsuldur. Üsullardan biri də “uşağa çox tərif demərəm” düşüncəsidir. “Çox təriflənən uşaq tərbiyəli olmaz”, “uşağın tərbiyəsində tənqid önəmli yer tutur” kimi fikirlər də ənənəvi yanlış üsullardandır. Təəssüflər olsun ki, valideynlər tərbiyədə müqayisə üsulundan da çox istifadə edirlər. “Görürsənmi, bacın bunu səndən yaxşı edir, sən də onun kimi elə, onun kimi ol” kimi cümlələr də öz növbəsində yanlışlıqlara gətirib çıxara bilir.

Daha sonra, uşaqlarının yaşıdlarından qabağa getməsini istəyən valideynlər var. Məsələn, 13 yaşlı qızını ən az 17 yaşlı qız kimi geyindirir və onun o yaşdaymış kimi davranmasını, saçının dizaynını, aksesuarlarını o yaşdakı qızlar kimi seçməsini istəyir. Bu da yanlışdır. Çünki yaş inkişafla uyğun getməlidir. Çox vaxt valideynlər uşaqlarının onlarla eyni otaqda, özlərinə daha yaxın yatmalarını istəyirlər. Bu da müəyyən problemlər yaradır. Uşağın otağını mümkün qədər tez dəyişmək lazımdır ki, müstəqilləşsin, özünə əmin olsun, özünü rahat hiss edə bilsin. Ənənəvi yanlışlıqlardan biri də uşağı ayaq üstə yedizdirmə prosesidir. Nənələrdən qalma bir fikir var: “Yemirsə, yedizdir”. Məcbur yedizdirmə fikri də 7 yaşına qədər davam edir. Bu da həmin uşaqda uşaqlıq fikirlərinin çoxalmasına gətirib çıxarır, özünə güvənsizlik yaradır. Şəxsiyyətin formalaşmasında çox ciddi maneə törədən amillərdən biridir.

-Bəzən uşaq çox hiperaktiv olur və ciddi səbəb olmadan evdə nələrisə dağıtmağa və ya qırmağa çalışır. Buna səbəb nədir və valideyn belə hallarda nə etməlidir?

-Hiperaktiv uşaqlar əsasən davranış problemləri ilə müşahidə olunurlar. Onlar qaydaları pozmağı, diqqət çəkməyi xoşlayırlar. Bu yolda onlar ən lazımsız hərəkətləri belə edə bilərlər. Sındırmaq, dağıtmaq, tökmək. Belə situasiyalarda valideyn birinci səbr eləməli, ikinci yaxınlaşmalı, “niyə elədin?” sualını verməlidir. Uşaq niyə elədiyini dərk edəndə, bəlkə də mənasız bir səbəb deyəcək, amma bunu belə düşünüb deməsi terapiya üsullarından çox kömək edən məsələlərdən biridir. Daha sonra valideyn uşağın qırdığı və ya dağıtdığı əşyaları özünə yığdırmalı və ya düzəltdirməlidir. Belə üsullarla yanaşsalar, daha yaxşı, daha effektli olar. Mən düşünürəm ki, ümumiyyətlə, istənilən valideyn uşağına qarşı səbrli, təmkinli davransa, xüsusi pedaqoji və psixoloji üsullardan istifadə etsə, daha yaxşı olar.

-Bəzi valideynlər azyaşlı olmasına baxmayaraq, uşağı tərbiyə etmək üçün onu necəsə qorxutmağa və ya döyməyə üstünlük verirlər. Bu, uşaqların psixologiyasına və gələcəyinə necə təsir göstərə bilər?

-Əslində, o üsullarla tərbiyədə daha tez nəticə əldə eləmək olur, sürətli şəkildə kömək edir. Amma ortada bir məsələ var ki, çox pis fəsadlara gətirib çıxarır. Məsələn, qorxutma üsulu. Hər hansısa bir əşyanı bir yerdən götürüb başqa yerə qoymasını istəyirsizsə, qorxutma üsulu ilə buna 2 dəqiqədə nail olacaqsız. Amma danışıq üsulu, nağıl terapiyası üsulu, səbrlə onu dinləmək, hekayə danışmaq, özündən sitat gətirmək və ya keçmişə qayıtmaq bir 40 dəqiqə çəkəcək. Mənə elə gəlir ki, bizim valideynlər bir qədər səbrli olsalar, ikinci variantı seçsələr, daha yaxşı olar. Çətin olsun, amma daha yaxşı üsul olsun. Sürətli nəticəyə nail olmaq istəyiriksə, mütləq ki, onun fəsadları olacaq.

-Xüsusilə, məktəb yaşına çatana qədər valideyn öz övladına gündə ən az neçə saat zaman ayırmalıdır? Valideynin uşağıyla söhbət etməsi, onunla hansısa bir oyun oynaması uşağın tərbiyəsində nə qədər önəmlidir?

-Təbii ki, valideyn gün ərzində çalışmalıdır ki, övladına maksimum vaxt ayırsın. Xüsusən, işlək xanımlara axşamlar 2-3 saat məşğul olmaq tövsiyə olunur. Amma evdar xanımlara gün ərzində daha çox ünsiyyət qurmaq tövsiyə olunandır. Bilirsiz necədir, elə olur ki, valideyn bütün gün ərzində uşağının yanında olur, amma heç nə eləmir. Uşağın yanında olmaq yetmir, onunla birlikdə nələrsə etmək lazımdır. 1 saat elə keçə bilər ki, 12 saatdan daha çox effekt versin. Bu baxımdan işlək analar digər analara nisbətən, uşaqla ünsiyyətdə daha aktiv olurlar. Çünki vaxtları azdır deyə, hər şeyə qənaət etməyi bacarırlar. Məktəbə qədərki dövrdə valideynlərin uşaqlarla ünsiyyəti onların gələcək həyatının təşkilində çox önəmli rol oynayır.

-Bağçaya getmək uşaqların sosiallaşması və ünsiyyət qabiliyyətlərinin artması üçün nə dərəcədə əhəmiyyətlidir?

-Təbii ki, bağça çox önəmli hesab olunur. Çünki sosial adaptasiya problemində, cəmiyyətə uyğunlaşmada, ünsiyyət çətinliyinin aradan qaldırılmasında bağçadakı qruplar çox önəmli rol oynayır. Bağça qruplarında uşaqlar bir-biriləri ilə danışır, açılışır, ünsiyyət qururlar. Amma evdə qapalı şəkildə saxlanılan uşaqlarda 100 % ünsiyyət çətinliyi və sosial adaptasiya problemi olacaqdır.

-Bəzən uşaqlar gecə öz yataqlarında deyil, valideynləri ilə birgə yatmaq üçün ağlayır və ya hansısa şəkildə bu məsələdə israr edirlər. Əslində, psixoloji cəhətdən doğru olan hansıdır?

-Doğru olan odur ki, uşağın öz otağı olmalıdır və yavaş-yavaş tək yatmağa adaptasiya olmalıdır. Uşağın öz otağı varsa, tək yatırsa, o, müstəqilliyə, özünə əminliyə, sərbəstliyə gətirib çıxarır. “Mən artıq böyümüşəm, tək yatıram” kimi fikirlər yaradır. Anası ilə eyni yataqda çox yatması uşaqda anaya qarşı həddən artıq bağlılıq yaradır və həmin uşaq uşaqlıq hislərindən qopmayacaq. Bu da mənfi təsirlərdən biridir.

-Uşaqların məntiqi cəhətdən inkişafı üçün hansı oyunlara və ya məşğuliyyətlərə daha çox önəm verilməlidir?

-Valideynlər uşaqları üçün inkişaf məşğələlərinə önəm verməlidirlər, inkişafı sürətləndirməyə kömək edir. Biz ayrıca olaraq valideynlərə mütləq üzgüçülüyü, gimnastikanı, rəqsi, qrup terapiyalarını və bu tip digər məşğuliyyətləri məsləhət görürük. Bu tip vasitələrlə məşğul olsalar, təbii ki, həm inkişaf sürətlənər, həm də psixi emosional sfera daha çox inkişaf edə bilər.

-Bəzən cizgi filminə baxmaq uşaqlarda asılılıq yaradır. Gün ərzində cizgi film izləməyə əslində nə qədər vaxt ayrılmalıdır?

-Əslində, uşaqlar cizgi filmlərə yaş dövründən asılı olaraq baxmalıdırlar. Məsələn, 3 yaşına qədər olan uşaqlar üçün 15-17 dəqiqə, 3 yaşdan 6-7 yaşa qədər olan uşaqlar üçün 40-45 dəqiqə, daha böyük yaşlı uşaqlar üçün 1 saata qədər baxmaq tövsiyə olunur. Uşaqların minimal diqqət səviyyəsi aşağı olduğu üçün, cizgi filmlər də onların diqqətini maksimum saxlamağa çalışdığı üçün beyində gərginlik yaradır. Valideynlər düşünürlər ki, cizgi filmlər faydalıdır, uşağım burdan çox şey götürə bilər. Amma diqqətin səviyyəsi nə qədərdirsə, o qədər götürəcək. Əlavə saatlarda isə uşaqlar fəal, aktiv işlərlə məşğul olsalar, daha yaxşı olar.

-Aidə xanım, sizə müraciət edən valideynlər uşaqlarda daha çox hansı problemlərlə bağlı şikayətlənirlər?

-Bizə daha çox aqressiya, sosial adaptasiya, inkişaf, emosional qapanma kimi problemlərlə bağlı müraciət edirlər. Bunlar Azərbaycanın tipik problemləridir. Bunlardan əlavə qorxularla bağlı müraciətlər də daha çox olur.

-Hazırda uşaqlarda artan və təhlükəli hal alan psixoloji problemlər varmı? Bunun səbəbi və çıxış yolları nələrdir?

-Artan problemlərdən biri depressiya və stresdir. Durmadan artan bir problemdir. Uşaq inkişaf problemləri, xüsusən autizm sahəsi daha da ciddi bir şaxələnmə yaradıb. Uşaqlarda bəlli bir yaşdan sonra davranış problemləri çox ciddi fəsadlar törədir. Çünki biz uşaqların nazıyla bir balaca oynayan insanlardanıq. Ünsiyyət çətinliyi də həmin problemlərdəndir. Xüsusən də, yeniyetmələrdə, gənclərdə artıb və bu da məni çox narahat edir. Bundan əlavə yüngül özünəqapanmaları da qeyd etmək olar.

-Bəzən ailədə yeni uşaq doğulanda, evdəki ilk uşaq onu qəbul edə bilmir. Bu problemi valideynlər necə həll edə bilərlər?

-İlk növbədə qeyd edim ki, yeni uşaq dünyaya gələrkən əvvəlki uşağı hazırlaşdırmaq lazımdır. “Sən ona necə qulluq edəcəksən”, “o sənin bacın və ya qardaşındır”, “ona sən baxmalısan, onu çox istəməlisən” kimi cümlələrdən istifadə etmək olar. Yeni uşağın hər bir şeyini böyük uşaqla birlikdə hazırlamaq lazımdır. Hərdən ona sürprizlər də etmək lazımdır ki, bunu sənə yeni doğulacaq olan bacın və ya qardaşın göndərib. “Bu sənin qardaşın-bacındır, bu mənim qızım-oğlum deyil, bu səninkidir” deyə tanıtmaq daha yaxşı olacaqdır.

-Uşaqlar bəzən içərisində zorakılıq olan cizgi filmləri də izləyirlər. Bu onların psixologiyasına necə təsir edir və belə məqamlarda valideynin üzərinə düşən vəzifə nədir?

-Valideynlər təbii ki, çalışmalıdırlar ki, uşaqlar o tip cizgi filmlərdən uzaq olsunlar. Çünki o tip cizgi filmlər birbaşa məqsəd daşıyır. Yəni, onların efirə verilməsində bəzən xüsusi məqsədlər ola bilər. Uşaqlarını uzaq tutsalar, daha yaxşı olar. Çünki uşaqlarda hərəkətliliyi, aqressiyanı artırır, diqqəti yayındırır, daxili emosional gərginlik yaradır. Mümkün qədər uzaq olsalar, yaxşıdır. Bir şeyi də yadda saxlayaq ki, mənfi təsir uşaqlarda həmişə qalıcıdır, o, insanı heç vaxt tərk eləmir. Həmişə qalır və öz fəsadlarını göstərir.

Ayşən Rəhimova

Foto: Seymur Kərimli

Uşaqlarda qızdırma olanda nə etməli?

“Yüksək qızdırma zamanı nə etməliyik? Hansı dərmanları verməliyik? ” deyə qısa bir məlumat vermək istəyirəm.

İlk öncə onu deyim ki, valideynlərimizin çoxu əlini uşağın alnına qoyaraq qızdırmanı ölçürlər. Amma bu düzgün metod deyil. Bəli, bəzən çox da haqlı çıxırlar. İndividualdır, bilirlər. Bu zaman mütləq termometrlərdən istifadə etmək lazımdır. Termometrlər özləri bir neçə formada ola bilər və biz qızdırmanı qoltuqaltı – akselyar, ağız içi – oral, bağırsaqdan – rektal və qulaqdan baxa bilərik.

Qızdırma ölçmək üçün termometr seçimi

Bunun üçün elektron və civəli termometrlərdən istifadə edirik.

Civəli termometrləri hal-hazırda çox da geniş istifadə etməməyə çalışırıq. Çünki uşaq onu qıra bilər, civəni ətrafa yaya bilər, şüşə qırıntılarını ağzına sala bilər.

Amma elektron termometrləri də düzgün seçmək lazımdır. Çünki çox həssas termometrlərdir və bu zaman temperaturu düzgün göstərməyə bilərlər.

Qızdırmanı dəmansız salmaq üsulları

Amma biz qızdırmanı ölçdükdən sonra əgər dəyər 38-ə qədərdirsə, o zaman heç bir dərman verməyə gərək yoxdur. Bu zaman uşağın əynini nazik eləməli, soyundurmalı, ətraf mühitin temperaturunu soyutmalı, əgər yay ayıdırsa konsioner içəridə yandırıla bilər və bu zaman mexaniki üsulla uşağın bədən temperaturunu aşağı salmağa çalışırıq. Yəni o saat dərmana qaçmırıq.

38 olduqda belə uşağı hamama salıb çimdirmək, soyuq su altında deyil, ilıq suda çimdirmək çox gözəl effekt verir. Analarımız bəzən 2-3 dəqiqə ərzində hamamdan çıxardılar. Elə deyil. 20 dəqiqəyə qədər ilıq suyun altında saxlamaqda fayda var. Həqiqətən bu zaman dərəcə 1 dərəcəyə qədər aşağı enir.

Tutaq ki, bu dediyimiz şeylər kömək etmədisə, o zaman biz dərmanlardan istifadə etməliyik.

Qızdırma salan dərmanlar

Mən körpə uşaqlara tablet formasında dərmanların verilməsini məsləhət görmürəm. Ən çox şam və siroplardan istifadə edə bilərsiniz. Şamları isə 3 yaşına qədər uşaqlarda istifadə etməyə tövsiyə edirik. Cinsi tərbiyə yönümündən onların 3 yaşından sonra istifadə edilməsi məsləhət deyil. Siropları istifadə etdikdə diqqətli olun. Əgər uşağın çiyələyə qarşı allergiyası varsa, bu zaman çiyələk tərkibli təbii ki, sirop vermək olmaz. Bunları nəzərə alın.

Parasetamol və ibuprofen tərkibli dərmanlar

İki cür forma dərman mövcuddur.

Parasetamol və ibuprofen tərkibli dərmanlar mövcuddur.

Ən çox birinci üstünlük verdiyimiz dərman parasetamol tərkibli olacaq. Belə ki, onu uşaqlara acqarına, daha kiçik yaşlı uşaqlara vermək olar və təbii ki, onun dozasını doktorla mütləq məsləhətləşmək lazımdır. Belə ki, əgər düzgün verməsəniz qızdırma salıcını, o zaman qızdırma etməyəcək və daha mənfi xüsusiyyətlərə gətirib çıxara bilər. Ona görə uşağın yaşına görə deyil, mütləq çəkisinə görə dərman verməyi, preparatı təyin etməyi tərcih edirik.

Əgər əlimizin altında ibuprofen tərkibli dərmandırsa, o zaman diqqət edəcəyimiz məqamlar mütləq uşaq 6 aydan böyük olmalıdır. 7 kilodan çox olmalıdır və acqarına olmamalıdır. Çünki bu tərkibli dərmanlar verdikdə mədəyə ziyan etmiş oluruq. Bunları mütləq nəzərə alın.

Əgər evdə verdiyimiz bu dərmanlar sayəsində uşağın qızdırması edərsə, uşaq suyunu içərsə, müayinə qəbul etməyi normal olarsa, yeməyini az yesə belə, 3 sutka, yəni 72 saat ərzində ev şəraitində gözləmək olar.

Amma xeyr, uşaq suyunu içmirsə, qızdırmalar çox yüksək davam edirsə, qızdırmanı ev şəraitində sala bilmiriksə, bu zaman mütləq həkim nəzarəti altında müayinə olunmalı və lazımi tədbirlər uşaq üçün görülməlidir.

Antibiotiklər qızdırma salıcı dərman deyil

Bir şeyi də qeyd edim ki, antibiotik qızdırma salıcı dərman deyil.

Bəzi valideynlər antibiotik verən kimi qızdırmanın düşməsini gözləyir. Ümumiyyətlə, çalışıb özbaşına aptekdən antibiotik alıb uşaqlara verməyin. Çünki çəkiyə görə düzgün hesablanmalıdır, yerində verilməlidir, düzgün verilməlidir. Antibiotik qızdırma salıcı preparat deyil və hər qızdırmada o dərman təyin edilməz.

2 dərman arasında neçə saat keçməlidir?

Qeyd etmək istədiyim məqamlardan biri də biz qızdırma salıcıları verdiyimiz zaman parasetamol və ibuprofen tərkibli dərmanları mütləq surətdə 4 saat ara ilə verilməsini tövsiyə edirik. Yəni bir dəfə ibuprofen tərkibli dərman verdikdə 4 saatdan sonra eyni tərkibi dərman verməyi tərcih etmirik. Ondan sonra parasetamol tərkibli sirop və ya şamlardan istifadə edə bilərsiniz.

Əgər yox, əlimizin altında ancaq parasetamol varsa, o 6-8 saatda bir, ibuprofen tərkibli dərmanlar isə, yalnız 8 saatdan bir istifadə oluna bilər. Və biz “çarpaz qanun” deyilən qayda ilə o dərmanlar verdiyimiz zaman 2 ibuprofen arasında zaman fərqi 8 saata bərabər olacaqdır.

Əgər qızdırma ev şəraitində düşmürsə…

Amma bəzən qızdırmalar o qədər yüksək ola bilir ki, bu qaydaya heç tabe olmur və bu zaman təbii ki, ev şəraitində deyil stasionar şəraitində venadaxili mayelər, dərmanlar, həkim nəzarəti altında köçürməklə qızdırmanın nəzarətə alınmasına kömək edirik.

Bir də qeyd edəcəyim məqam, əgər uşaqda keçmiş anamnezində febril qıcoma, yəni qızdırma yüksək olduğu zaman el arasında dediyimiz “sudurqa” keçirilibsə, o zaman ehtiyatlı olmaq lazımdır. Çünki bu hal altı yaşa kimi təkrarlana bilər.

Dr.Gülnar Abdullayeva, Pediatr

  • Tags 37 qizdirma sebebleri, Dr.Gülnar Abdullayeva, Qizdirma 39 olarsa, Usaqlarda basda qizdirma, usaqlarda qizdirma salan dermanlar

Comments are closed, but trackbacks and pingbacks are open.