Press "Enter" to skip to content

Фарман Керимзаде Çaldıran döyüşü

«Ey tanrı, axı mənim günahım nəydi ki, öldürüb dəfn eləyəndən sonra diriltmisən. Bəs qəbirdə də adamı dirildərlər? İndi mən buradan necə çıxım?»

Caldiran Doyusu Ferman Kerimzade – Wikipedia

Çaldıran döyüşü — Fərman Kərimzadənin Xudafərin körpüsü dilogiyasının ikinci hissəsi olan və 1988-ci ildə nəşr edilən tarixi romanı. Əsərin adı 1514-cü ildə Səfəvilərlə Osmanlılar arasında baş vermiş Çaldıran döyüşündən götürülmüşdür.

Çaldıran döyüşü
Romanın 2016-cı il nəşrinin üz qabığı
Müəllif Fərman Kərimzadə
Janr Roman
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan SSR
Orijinalın nəşr ili 1988
Nəşriyyat Bakı Kitab Klubu (2016)
Səhifə 368 (2016)
Tiraj 100
Əvvəlki Xudafərin körpüsü
ISBN ISBN 978-9952-8278-7-3

Mündəricat

  • 1 Məzmun
  • 2 Nəşr və tərcümə
  • 3 İstinadlar
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Roman görkəmli dövlət xadimi, sərkərdə və şair, ulu tariximizdə xüsusi yeri olan Şah İsmayıl Xətainin həyatından, çoxcəhətli ictimai fəaliyyətindən bəhs edən “Xudafərin körpüsü” dilogiyasının ikinci hissəsidir. Siyasət meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və qüdrətli Azərbaycan uğrunda apardığı gərgin mübarizələr, ağıllı dövlət xadiminin mədəniyyətin və sənətin yüksəlməsinə göstərdiyi qayğı, xalqımızın orta əsr məişət tərzi romanın əsas mövzusudur.

Xəbərdarlığın sonu.
Nəşr və tərcümə

Roman 2016-cı ildə Bakı Kitab Klubunda 368 səhifədə, 100 tirajla çap olunmuşdur. [1]

Фарман Керимзаде
Çaldıran döyüşü

Roman görkəmli dövlət xadimi, sərkərdə və şair, ulu tariximizdə xüsusi yeri olan Şah İsmayıl Xətainin həyatından, çox-cəhətli ictimai fəaliyyətindən bəhs edən “”Xudafərin körpüsü”” dilogiyasının ikinci hissəsidir. Siyasət meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və qüdrətli Azərbaycan uğrunda apardığı gərgin mübarizələr, ağıllı dövlət xadiminin mədəniyyətin və sənətin yüksəlməsinə göstərdiyi qayğı, xalqımızın orta

əsr məişət tərzi romanın əsas mövzusudur.

«Hər yer zülmətdi. Bəlkə gecədi? Bəlkə hələ səhər açılmayıb? Bir səs-ün də yoxdu. Mən hardayam? Niyə belə olsun? Yaxşı, axı, adam çox idi… Dayan… dayan… Mən müharibədə deyildim bəyəm? Hə… Hə… Əbih Sultanı gətirib Cəbonidə İsmayıla təhvil verdim. Günün günorta vaxtı müharibə başladı. Dağın üstündəki cığırla çapıb gələn Şirvanşah atlılarının başı üstündə qızılı işləməli yaşıl ələmlər vardı. Bax ondan sonra heç nə yadıma gəlmir. Bəlkə mən ölmüşəm? Bəlkə qəbirdəyəm? Əgər qəbirdəyəmsə, bəs onda niyə inkir-minkir məni sorğu-suala tutmur? Yox, bura nə cənnətdi, nə cəhənnəm…»

Qaçaq Muradın huşu özünə qayıdırdı. Başının üstünü almış ölüm qəbirdə onu tərk eləmişdi. Döyüşdən sonra onun kimi xeyli adamı dəfn eləmişdilər, özləri də çıxıb getmişdilər. Dədə bəyin bilmədən vurduğu nizə zərbəsindən Qaçaq Murad xeyli qan itirmişdi və onu ölmüş bilib dəfn etmişdilər.

Üstündən xeyli keçəndən sonra o, özünə gəlmişdi. Bədəni selin-suyun içindəydi, nəfəs almaq çox çətin idi. Ağzı da, burnu da parça ilə sarınmışdı. Qollarını tərpətmək istədi. Yox, qolları da həmin parça ilə bədəninə sarınmışdı. Qalxmaq istədi, mümkün olmadı. Yalnız indi başa düşdü ki, qəbirdədir, onu kəfənə büküblər.

«Ey tanrı, axı mənim günahım nəydi ki, öldürüb dəfn eləyəndən sonra diriltmisən. Bəs qəbirdə də adamı dirildərlər? İndi mən buradan necə çıxım?»

Çiynində ağrı vardı. Amma qəbirdə olduğunu hiss eləmək o ağrıdan qat-qat dəhşətli idi və bu dəhşəti dərk edəndən sonra heç bir ağrı onunla müqayisə edilə bilməzdi.

Barmaqlarını tərpətdi. Barmaqları salamat idi. Orta barmağını bədənindəki kəfənə ilişdirib dartdı. Bir şey çıxmadı, ikinci dəfə dartanda cırılan kəfənin səsini eşitdi. Yox, o, qəbirdədi. O, yuxu görmür. Barmağı kəfəni cırdıqca, qolu rahatlığa çıxırdı. Sonra qolunu qatlaya da bildi, sifətini də kəfəndən xilas elədi. İndi bir az rahat nəfəs ala bilərdi. Əlini qaldırıb yuxarı toxundurdu. Ağac döşəmişdilər. Daş olsa, işi əngəl ola bilərdi. Yaxşı, indi neçə eləsin? Ağacı haradan çıxartsın ki, torpaq tökülüb onu basmasın. Hər halda baş tərəfdən olmaz. Onda nəfəsi təngiyər, torpaq altdan çıxa bilməz. Ortadan ağacın birini qanırıb qəbrin içinə saldı və üstünə torpaq tökülməyə başladı. İkinci, üçüncü ağacları da çıxartdı. «Qoy torpaq tökülsün, onun altından çıxa bilərəm. Çətin deyil. Yəqin ki, qəbri çox da dərin qazmayıblar. Müharibə yeridi, kimdi kəmali-səliqəylə qəbir qazan».

Torpaq oyulub qurşağına töküldükcə, onu aşağı, ayaqlarının üstünə itələyirdi. Qəbir torpaqla dolanda deyəsən işığa bənzər nəsə göründü. Qaçaq Muradın ümidi artdı. Ağacları bir-bir çıxardırdı. Torpaq onun üstünü alanda ikiəlli bu torpağı eşdi, eşdi və nəhayət, qalxıb otura bildi. Bir az da dözüm, bir az da səbr. Birdən-birə o, sinədolusu nəfəs aldı və sərin, təmiz hava onun başını gicəlləndirdi, gözünün qabağında qığılcımlar oynadı. Bu qığılcımlar bir yerə yığılıb böyük kürə şəklini aldı.

Kənardan baxan olsa görərdi ki, təzə qəbrin batmış torpağı içindən lopa bığları, iri burnu, piyalə gözləri olan bir baş çıxıb, ölümcül vəziyyətdə dayanıb. Qıyılmış gözləri üfüqdən qalxan qan rəngli aya baxır.

Qulağına səs gəldi. Bu səs onu özünə gətirdi. Aralıda çaqqallar ulaşırdı.

«Əzrayılın çəngindən çıxıb çaqqala qismət olmaq lap gülünc olar. Qəbirdən çıxmaq lazımdı». O, torpağı eşib sinəsinə qədər çölə çıxartdı. Artıq əlləri çöldəydi. Daha xilas olmuşdu. «Bir dəfə qəbirdə uzananın ömrü əlli il uzanır. Belə yerdə ki, tanrı məni diriltdi, çaqqal nədi, heç canavara, şirə, pələngə də can vermərəm». Birdən onun ağlına dəhşətli bir fikir gəldi. «Olmaya mən xortdamışam? Xortdamaq ölməkdən betərdi. Xortdayan ən vəhşi heyvandan da pisdir. Əgər belədirsə, onda ölüm yaxşıdı. Mən xortdamışam. Nə bilim xortdayan necə olur?»

Bu fikir onu tez tərk elədi. Qəbirdən çıxanda tərliydi, indi sərin hava onu üşütdü. Lüt-üryan idi. Kəfən qəbirdə qalmışdı. Heç o kəfəni çıxarmaq fikrinə də düşmədi. «Xortdayanlar ağ kəfəndə gəzirlər. Yaxşı, bəs mən indi əynimə nə geyəcəm? Hanı ordugah? Bir səs-ün eşidilmir axı…»

Qəbirdə olanda onun bircə fikri vardı. Necə olursa-olsun bayıra çıxmaq. İndi işıqlı dünyaya çıxanda min dənə dərd onu götürmüşdü. Əyninə paltar tapmaq, harada olduğunu öyrənmək, bir kənd-kəsəyə çatmaq.

Ayağa qalxdı. Amma əlləri ilə qabağını tutdu. Qaçaq Murad hamamda fitə ilə çiməndə də utanırdı. İndi bu aylı gecədə, düzün ortasında lüt, anadangəlmə dayanmağına elə xəcalət çəkirdi ki…

Çiyni bərk sızıldayırdı. Amma onun hayında deyildi. Qəbirdən çıxmış ölü hansı ağrıya fikir verəcək? Təzə qəbirlərin yanından keçdi. Artıq ayın işığı da çoxalmışdı. Bir az aşağıda nəsə parıldayırdı. Yaxınlaşdı. Bu ölmüş döyüşçünün sinəsinə düşüb qalmış qalxan idi. Bura ki lap döyüş meydanıdı.

Murad qaçaqlıq eləyəndə, karvan qabağı kəsəndə heç adamların əyninin paltarını soyundurmamışdı. İndi ölmüş döyüşçünü soyundurmaqdan başqa əlacı yox idi. Əvvəl döyüşçünün məstlərini çəkib çıxartdı. Sonra şalvarını və çuxasını soyundurdu.

İndi hara getsin? Bu döyüşdə kim qalib gəlib? Şirvanşahmı, İsmayılmı? Onun heç nədən xəbəri yox idi. Yəqin ki, İsmayıl. Yoxsa onda Muradı heç kim dəfn eləməzdi. Bu soyundurduğu da Şirvanşah qoşununun döyüşçüsünə oxşayırdı. Onda İsmayıl Şamaxıda olar.

«Yox, mən onların yanına gedəsi deyiləm. Onlar artıq məni dəfn eləyiblər. Bir daha onların gözünə görünsəm, məni xortdamış bilərlər. Bu zəhrimara qalmış yara məni incidir. Buna bir əlac eləyə bilsəydim, çıxıb öz ellərimizə gedərdim. Bəsdi, böyüklərdən gördüyümü görmüşəm.»

Qaçaq Murad paltar dərdindən qurtarandan sonra onu təzə bir dərd aldı: hara getsin? Dərdini kimə desin? Yarasını harda sağaltdırsın? İndi yara daha bərk göynəyirdi, ürəyi oyulurdu. Bir daşın üstündə oturdu. Çənəsini yumruqlarına söykədi. Sonra adəti üzrə sol əlini bığına çəkdi. Bığından torpaq tökülürdü. «Qəbrə girib çıxan adamın bığından düyü tökülməyəcək ki…»

Sonra onun gözü ayın zəif işığında paltarını soyundurduğu meyitə sataşdı. «Görəsən kimdi, haralıdı bu bədbəxt? Yazığı dəfn də eləməyiblər. Dünyanın işinə bax, qəbirdən çıxan dəfn olunmayanın paltarını geyir. Bu paltar, sahibinə nə xoşbəxtlik gətirdi ki, mənə də gətirsin?!»

Murad hiss eləyirdi ki, halı heç yaxşı deyil. Bədənində süstlük, qollarında və biləklərində gücsüzlük var. Belə getsə, onu dəfn eləyən də tapılmayacaq, meyiti bu düzlərdə qalıb qarğa-quzğuna yem olacaq. Burda ona kim sahib duracaq? Şirvanın öz oğullarının meyitləri tökülüb qalıb.

Səs gəldi, addım səsləri. Bu, at ayağının tappıltısına oxşayırdı. Həm də cidarlı at ayağının səsinə. Ürəyində yeni bir ümid işığı yandı. Əgər o, insan ayağının səsini eşitsəydi, bütün ümidləri alt-üst olardı. Atdan ziyan gəlməz. Qalxanda azacıq səndirlədi. Sərxoş adamlar kimi başı gicəlləndi. Ayaqlarını torpaqda hiss eləməyə çalışdı. Gözlərini bir anlıq yumub açdı. Başını silkələdi ki, bu zəiflik keçsin. Deyəsən indi bir az özünə gəldi.

«Atı tutmaq lazımdır», – fikirləşdi və səs gələn tərəfə yeridi. At onu görüb qaçmadı. Qulaqlarını cütləyib oxrandı. Murad yavaşca əl atıb atın yalından yapışdı. Heyvanın belində yəhər, çul da yox idi. Əyilib bir əlli cidarını açıb başına keçirdi, ayağını daşın üstünə qoyub birtəhər atın belinə qalxdı. Üzüüstə düşdü. At onu götürüb aparacaqdı. Bu atın sahibi kimdi? Onu necə qarşılayacaq? Bu daha ondan asılı deyildi. Hər şey Muradın bəxtindən asılıydı…

«Səkkiz behişt» sarayının həyətindəki çinarın yarpaqları qızıl kimi saralıb tökülmüşdü. Çinarın çılpaq gövdəsi neçə rəngə çalırdı. Qırmızı, göy, yaşıl, sarı.

Şah İsmayıl şəbəkə pəncərəni yuxarı qaldırıb, altındakı dayağını vurdu. Rənglər itdi. Qabığı ordan-burdan soyulmuş, ağ, gövdəli çinarın yuxarı budaqlarında bir neçə yarpaq qalmışdı. Çinarın dibindəki mərmər hovuzun içərisində isə xəzəllər suyun üzünü örtmüşdü.

O, çinara niyə bu qədər diqqətlə, zəndlə baxırdı? Əvvəl özü də bilmirdi. Çinar həmişə gözəldir. Yarpaqlayanda da, xəzəlini tökəndə də. Amma elə buna görəmi? Neçə vaxtdı gözü bu ağacda qalıb? Yox, deyəsən…

«Bu çinarı babam, qüdrətli Həsən padşah əkdirib. Bu ağ gövdəli ağac Ağqoyunlulardır… Bəli, sülalədir. Amma dövranını sürmüş sülalə. Onun başında bir neçə yarpaq qalıb. Onlar da Əlvənd Mirzədir, Murad Mirzədir. Daha sülalədən heç bir kömək gözləməyə ümidləri yoxdur. Ona görə də yüngül bir meh lazımdır ki, onlar da qopub torpağa düşsünlər və çürüməyə başlasınlar.

Bəs mən kiməm? Bu çinarla qohumluğum olsa da, mən onun budaqlarında bitmədim. Çinar çinarla qohum olsa da amma hərəsi ayrı-ayrı bitir. Mən yeni bir sülalənin başlanğıcıyam. Hansıdır o sülalə? Şah İsmayıl sülaləsi? Yox!»

Gənc şah bir neçə saatdır ki, heç kimi yanına buraxmır, fikirləşir, düşünüb-daşınırdı. Əvvəlcə sevincini öz-özü ilə bölüşmək üçün tək qalmışdı. Onun gözləri də dolmuş, dəsmalla gözünün nəmini silmişdi. Bu ana yetişmək üçün o nələrdən, hansı müsibətlərdən keçib gəlmişdi. Təklikdə qalıb sevinməyə haqqı vardı. Sevincini kimlə bölə bilərdi ki? Ana yox, qardaş yox… Ata barəsində düşünməyə da dəyməzdi. Onun ölümü o qədər uzaq idi ki… Sevincini isə sərkərdələrlə, bəylər, əmirlər, vəzirlərlə bölüşmək istəmirdi. Onsuz da onlar sevinir, onlar əylənir, məclislər düzəldirdilər. Ən böyük sevinc onun özününkü idi. Həmin sevinci o babaları Şeyx Səfiyyəddinlə, Şeyx Əli, Şeyx Sədrəddin, Şeyx Cümeydlə bölüşərdi. O, atası ilə günlərlə diz-dizə oturub sevincini izhar eləyərdi. Axı bu yolu onlar qoymuş, onlar çarpışmış, onlar qılınc çalıb, qurban getmişdilər. Cəsarətli, cürətli, inamlı igidlər bu günü nə qədər gözləmiş, nə qədər arzulamışdılar ki, parça-parça olmuş Vətənin başını bir yerə yığsınlar, gücünü, qüdrətini artırsınlar. Həmin əqidə yolunda Vətən torpağına qanlar tökülmüşdü. Kim bilərdi ki, o böyük məqsədi, bu nəsildən aman-zaman ilişib qalmış on üç yaşlı oğlu İsmayıl həyata keçirəcəkdi. İndi atası və babaları başlarını qaldırıb bu günü görəydilər. Onda o da ürək dolusu sevinər, bilər ki, əcdadlarının onun bu böyük işindən xəbərləri var.

Yox, bu sevinc də yarımçıqdır.

Yaxşı, yeni çinarın adını nə qoysun? heydərilər sülaləsi? Yox. Tədbiri tökən, yolu göstərən ulu babadır. Şeyx Səfidir. Kaş o ulu babası indi onun yanında olaydı və öz məsləhətlərini verəydi. Yazılan bir ayrı. Hər saatın öz hökmü var. Onun, saatbasaat, günbəgün görəcəyi işlər üçün babasından alacağı məsləhətlər necə də yerinə düşərdi. Həmin çinar demək hələ neçə nəsil bundan əvvəl əkilib. O çinar bu həyətdəkindən də böyükdür. Bəs nə qədər davam edəcək? Axı nəsildə o təkdir, yeganədir. Bu gənc yaşında başına bir iş gəlsə, kim o çinarı bəsləyib böyüdəcək?!

Yerdəki iri, kətəbə naxışlı xalçanın üstü ilə məstlərini asta-asta basaraq yeridi. Başını qaldırıb qızılı naxışlarla işlənmiş səqfə, sanki insan əli toxunmamış nəfis divarlara, baş tərəfdə qoyulmuş, qızıl ayaqlı taxta baxdı. «Biz qalanın hücrəsində əzab çəkəndə, dayım Sultan Yaqub burada hökmlər verirdi. Bizim anamızla bərabər həbsə alınmağımızın, Sultanəlinin öldürülməsinin fərmanları da burada verilib. Dünya, çərxi-fələk çevrildi. Həbsdəki saraya gəldi, saraydakı torpaq altına gömüldü!»

Gördüyü müsibətlər, çəkdiyi ağrılar onun fikrini vaxtından əvvəl yetişdirmiş, İsmayıl on səkkiz, iyirmi yaşlı bir igid kimi bişmişdi. Boyu hələ çox qalxmasa da o, qılınc çalıb, ox atmağı, at oynatmağı öyrənmişdi.

Yenə dönüb taxta baxdı. Onun sarı parıltısından gözlərini xeyli ayıra bilmədi. Necə də rahat, təmkinli hökmlüdür. Cansızdır, cəsədsizdir, amma üstündə oturanlara hikkə verir, hakimiyyət verir. Asa da bilir, kəsə da bilir. Sorğusuz-sualsız, dünyanın altını üstünə çevirir, ölkələri qana da çalxayır. Əsl tilsim, əsl möcüzə bu taxtdır. Çağırdığı şəxs illərlə döyüşlərdən, qırğınlardan keçib ona tərəf gəlir. Özü isə heç kimə sona qədər etibar göstərmir. Necə də rahat, necə də cazibəli və gözəldir. Təbriz bazarından bir gədanı tutub gətirib onun üstündə əyləşdirsən, dönüb əjdaha olar.

Dilsiz-ağızsız taxt ona çox şeylər deyirdi. Çox şeylər vəd edirdi. İsmayıl isə hələ də onun üstündə oturmamışdı. Başına gələn bu qədər əzab-əziyyətdən qorxmamışdı, amma taxtdan qorxurdu. Elə bilirdi ki, oturan kimi taxt onu öz hakimiyyəti altına alacaq, onun niyyətlərini unutduracaq, babasının qoyduğu yol-ərkandan çıxarıb üzünü biyabana çevirəcəkdir.

Yox, dayısının əsarətinə dözmüşdü, ancaq taxtın əsarətinə dözməyəcəkdi. Bu taxt qızıldan olsa da, onu yaxşı suvarılmış Dəməşq qılıncına döndərəcək. Onu öz əqidəsinə tabe edəcək, əmrini taxta verəcək. Qoy taxt Ələddinin çırağı kimi, o çırağın qulu kimi onun əmrlərini yerinə yetirsin.

O, taxtda oturmaqdan bir də ona görə qorxurdu ki, yeri rahat olar, arxayınlaşar. Arzularının başa çatdığına inanar, o biri hökmdarlar kimi kefə, mey-məzəyə qurşanar. Onun yeri anadan olandan bəri nə qədər narahat idisə, indi də elə narahat olmalıdır. Bir ana bətnində rahat olmuşdu, bir də bu fani, vəfasız dünyadan keçəndən sonra rahat olar.

Onun əsl taxtı yəhərdir. İldırım kimi irəli şığıyan atın üstündəki yəhər. Onun arzularını, əməllərini həyata keçirəcək bir vasitə varsa, o da odu.

Bu fikirdən İsmayıl rahatlıq tapdı. Amma onu heç kimə açmayacaqdı. Bu onun özünə lazım idi. Yəhər üstündə oturan sərkərdə düşmən qoşunu ilə üz-üzə gələndə taxt gücsüz olur. Onda yəhərdəkinin hökmü bütün taxtdan verilən şah fərmanlarından irəlidir. Onun isə yəhər üstündə görəcəyi işlərin sayı-hesabı yox idi: günbatanda Sultan Bayazid kimi qüdrətli bir hökmdar var. Şirvanda işlər yoluna qoyulmayıb. Əlvənd Mirzə Diyarbəkrdə oturub, yeni məqam gözləyir. Murad Mirzə Şirazı, İsfahanı, Bağdadı, əlində saxlayır. Təkcə Mavərənnəhrdə sakitlikdir. Teymur nəslindən olan Babur Səmərqəndi, Buxaranı tutmaq istəyir. Orada hələlik qüdrətli hökmdar yoxdur. Xorasanda Hüseyn Bəyqara çox güclüdür. Ondan qorxmağa, çəkinməyə dəyməz. Mir Əlişir Nəvainin vəzirlik etdiyi Heratda xəzinə orduya, hərbi səfərlərə yox, tikintilərə, şeirin, elmin, sənətin fərəc tapmasına xərclənir.

Əbrguh rəis Məhəmməd Kerrenin, Səmnan, Xarə və Firuzguh Hüseyn Qiya Çələbinin, İraqi-ərəb Barik bəy Pərnakın, Kaşan Qazı Məhəmmədin, Diyarbəkr Qasım bəyin, Girman Əbülfət bəy Bayandurun əlindədir. Hamısı da düşmən, hamısı da Murad Mirzənin, Əlvənd Mirzənin tərəfdarı.

Ona, Şah İsmayıla tabe olan tək Azərbaycandır. Əlvənd Mirzə ilə Murad Mirzə ölkəni iki yerə parçalayanda, Əlvənd Mirzəyə Şirvan, Naxçıvan, Muğan, Qarabağ, bir də Arazdan aşağıda Təbriz, Xoy, Mərənd, Salmas, Ərdəbil qalmışdı. Alma kimi iki yerə bölünmüş ölkənin sərhədi Qızılüzən çayından keçirdi. Ağqoyunluların bu iki şahzadəsinin ölkə bölməsini fikirləşəndə, İsmayılın yadına kökə üstündə ağlayan iki uşaq düşürdü. Kökəni bölüb uşaqları sakitləşdirən kimi, ölkəni də bölüb könlünü almışdılar.

İndi bu torpaqları birləşdirmək üçün nə qədər qanlar axacaq. Ölkə bir olmasa onun qüdrətindən, gücündən danışmağa dəyərmi?! Güclü qonşu dövlətlər yanında gərək qorxaq uşaq kimi danışmayasan. Bir də gözünü açıb görərsən ki, səni udublar. Hələ ölkənin heç bu yarısında da əmin-amanlıq yoxdur. Ölkədən yox, saraydan, Təbrizin özündən başlamaq lazımdır.

O, əlini əlinə vurdu. Xidmətçi içəri girib ikiqat oldu.

– Nəcməddin Gilanini və Hüseyn bəyi yanıma çağırın.

Fərman Kərimzadə – “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, “Qarlı aşırım”.

deyən Azərbaycanın tanınmış tarixi romanlar müəllifi, Xalq yazıçısı, kino-redaktor, bir çox filmlərin ssenari müəllifi FƏRMAN KƏRİMZADƏ.

Xatırlayaq. Ruhu şad olsun.
O ömrün aşırımlarını aşa bilməsə də, tarixin aşırımlarını aşacaq və ədəbiyyatımızda əbədi qalacaq.

Cəmi 52 il yaşadı Fərman Kərimzadə – indi ruhu Azərbaycan torpağını, Vedini, Gəncəbasarı, Beyləqanı, Təbrizi, Dərbəndi, Bakını dolaşan böyük yazıçı, dostlarının və oxucularının xatirindən heç vaxt silinməyəcək ipək xasiyyətli İnsan.

1937-ci ilin 3 mart günündə qədim Azərbaycan torpağı Vedidə dünyaya göz açmışdı. Yarandığı gündən müharibələr meydanına çevrilən Vedi torpağı XX əsrdə ən faciəli tarixini yaşadı. Təkcə Vedi yox, İrəvan xanlığının digər Azərbaycan torpaqları da bu cür müsibətlə, xəyanətlə üzləşdilər. Ancaq Vedinin o zaman Abbasqulu bəy Şadlinski kimi nadir, bəlkə də bir daha dünyaya gəlməyəcək sərkərdə, ağsaqqal oğlu vardı. Öz döyüşçü məharəti və ağıllı tədbirləri ilə Abbasqulu bəy iki il erməni generalları ilə vuruşdu, vedililəri mühasirədən çıxarıb Cənubi Azərbaycana apardı, ara sakitləşəndən sonra 1921-ci ildə geriyə-öz doğma torpaqlarına qaytardı. Sonralar Fərman Kərimzadə Abbasqulu bəyin bu tarixi xidmətini “Vedinin yanı dağlar” publisistik yazısında qeyd edəcəkdi.

İllər keçəcək,taleyin sərt qılıncı həmişə Vedinin başı üzərində dolanacaqdı. Nəhayət, 1951-ci ildə sonuncu köçürülənlərdən olacaqdılar.

Onlar səfalı Vedidən Azərbaycanın isti, qızmar bir aran rayonuna – Beyləqana,

Şahsevən kəndinə gəldilər. Yerli şəraitə, təzə iqlimə alışa bilməyənlərin çoxu buradaca ömürlərini tapşırdılar.

Sonralar Fərman Kərimzadə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil aldı. (1955-1960).

3 il İsmayıllı və Beyləqan rayonlarında orta məktəbdə müəllimi kimi fəaliyyət göstərib (1962-1965).

Sonrakı illərdə “Yüksəliş” rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul katib işlədi (1962-1965). Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirib (1965-1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, “Abşeron”, “Ədəbiyyat və incəsənət” qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966-1970), C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kollegiya üzvü (1970-1977), “Ədəbiyyat və incəsənət” qəzetinin xüsusi müxbiri (1977-1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) oldu.

Qələmini də yerə qoymadı.

Ötən əsrin 80-ci illərində onun kitabları əldən- ələ gəzirdi. İlk dəfə Şah İsmayıl Xətaini bizə o, tanıtdırdı, Abbasqulu ağa Şadlinskini o sevdirdi. Əsərləri çoxumuzun evində masaüstü kitab idi.

Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi” povestləri böyük uğur qazansa da, yazıçı daha çox “Qanlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanların, “Təbriz namusu”, “Qoca qartalın ölümü” əsərlərinin müəllifi kimi tanınıb.

Onu yaxından görməyi, onunla ünsiyyətdə olmağı hər bir kitabsevər arzulayırdı…

O, İbtidai təhsilini doğma yurdda alsa da, orta məktəbi Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdi. 1955-1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxumuşdu.

Rəssamlıq Məktəbini bitirən Fərman Kərimzadə bir müddət orta məktəbdə dərs deyib. Müxtəlif illərdə Dövlət Teleradio Verilişləri Komitəsində, “Azərbaycanfilm” kinostudiyasında, “Ədəbiyyat və İncəsənət” qəzeti redaksiyasında çalışıb.

Fərman Kərimzadənin “Qarlı aşırım” romanı əsasında çəkilmiş “Axırıncı aşırım” filmi Azərbaycan kinosunun ən gözəl nümunələrindən hesab olunur.

Yazıçının “Xudafərin körpüsü” və “Çaldıran döyüşü” tarixi romanları, digər povest və hekayələri bu gün də maraqla oxunur.

Yaradanın işinə qarışmaq olmaz, hər kəsə var olmaq üçün möhlət verib. Biz ona ömür deyirik. Xoşbəxt o kəslərdir ki, ömrünü xalqa xərcləyə bilir, özündən sonra yadigar saxlamağı bacarır.

Fərman Kərimzadə kimi.
O, 1989-cu il mart ayının 17-də, 52 yaşında vəfat etdi.
Allah rəhmət eləsin.
Ruhu şad, məkanı cənnət olsun!

Jurnalist Hidayət Elvüsal: “Dostumuz, qardaşımız. Kəlbəcərə, Sücaətlə görüşməyə gələrdi. Ən əziz qonaqlardsn, əzizlərdən idi. Böyük olduğu qədər də sadə Fərman Kərimzadə.

Sonuncu dəfə ermənistan sərhədinə getdi. Qarlı bir gündə. Doğulduğu qədim Azərbaycan torpağının havasını uzaqdan ciyərlərinə çəkdi. Səhəri gün Tərtərə qayıdıb qaçqın düşmüş yurddaşları ilə görüşəndə, ürəyi dözmədi.

Nur içində yatsın.”

Xatirələrdən:

Atası İsmayıl Şeyx Əlioğlu hüquq işçisi, qatı kommunist, sovet ideologiyası daşıyıcısı olub.

Fərman Kərimzadənin anası Qəmər xanım təhsilsiz qadın olub. Amma Azərbaycan bayatılarını, mahnılarını, folkloru gözəl bilirmiş. Fərman Kərimzadə də digər övladlar kimi, o nağıllarla və bayatıların avazı ilə böyüyüb.

Deportasiya olunandan sonra ağır günlər yaşayıblar. O, yazılarından birində yazır ki, Beyləqandan ayağımda qaloşla Bakıya üz tutdum, oxumaq üçün.

Orta məktəbdə yaxşı rəssamlıq qabiliyyəti olduğu üçün hamı onun rəssam olacağını zənn edirmiş. Yazıçı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. Rəssamlığı başa vurandan sonra 3 il İsmayıllıda, Beyləqanda orta məktəblərdə dərs deyib. Bu dövrlərdə onun ilk hekayələri artıq müxtəlif qəzetlərdə çap olunmağa başlayır. Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirir.

Həyat yoldaşı Xalidə xanımla Bakıda tanış olublar. Xalidə xanım Tibb Universitetində təhsil alırmış. Fərman Kərimzadə Tibb Universitetinə bir kəndçisi, orta məktəb yoldaşı olan qızın ziyarətinə gedib-gəlirmiş. Xalidə xanımı da o zaman görüb. Görən kimi də vurulub. Heç ləngimədən bir neçə günün içində elçilərini göndərib.

Qız evi imkanlı olduğundan Xalidəni kasıb yazıçıya vermək istəməyiblər. Bəhanə gətiriblər ki, yemək bişirə bilmir, hələ uşaqdır. Fərman Kərimzadənin dostu Məmməd Aslan qızın “hə”sini alacağına boyun olsa da, elçilər evdən qovulur. Başqa yolu qalmayan Fərman qızı götürüb qaçırır.

Heç bir etiraz etmədən yazıçıya qoşulub qaçan qızın gözlərindən bircə damla yaş axır. Xalidə xanım müsahibələrində o günləri belə xatırlayır: “Mən oxuduğum Tibb məktəbində Fərmanın kəndçiləri də vardı. Tez-tez gələrdi onları görməyə. Qızlar bizi küçədə tanış etdilər. Görürdüm, hər gün məktəbin qabağında dayanıb, bizə baxırdı. Elə bilirdim rəfiqəm Gülçöhrəni istəyir. Bir dəfə mənə məktub verdi ki, Fərman sənə göndərib. Məktubu oxuyanda gördüm ki, mənə yazılıb.”

Ssenarisi əsasında çəkilmiş “Axırıncı aşırım” filmi ekranlara çıxandan sonra yazıçı xeyli əziyyət çəkib.

Qızı Yeganə xanımın dediyinə görə, atasını öldürməklə hədələyirmişlər. “Bir dəfə bibimgilə getmişdim, bir kişi gəlib dedi ki, o uşaqları niyə bura göndərirlər, indi atalarının heyfini uşaqlarından alaq? Çox qorxdum. Sən demə, Qəmlonun qohumlarından imiş. Onlar deyirdilər, guya Qəmlonu qəsdən mənfi qələmə verib. Atam heç nəyi yalan yazmayıb. Qəmlo,həqiqətən, elə adam olub. Nənəmdən də eşitmişəm. Qəmlonu qadınlar yabayla öldürüblər. Kişilər güllə vurub, görüblər ölmür, özünü samanlığa vurur, qadınlar yabayla düşüblər üstünə. Amma erməniyə qarşı döyüşüb. Bizim babamızla bir yerdə vuruşublar. Mərdlikləri də varmış”.

Filmdəki Xəlil obrazı Fərman Kərimzadənin doğmaca dayısı oğlu olub. Deyilənə görə yazıçının anası ölənə qədər Xəlil deyə-deyə bayatılar deyirmiş. Abbasqulu bəy isə yazıçının atasının ən yaxın silahdaşı, qohumu, dostu olub. Kərbəlayi İsmayıl da yaxın adamı olub.

Qəmlonun əsl adı Qəmbəralı imiş, Qəmlo deyirmişlər. Yaxın adamlar nə qədər israr etsələr də, yazıçı onun adını Qəmbəralı kimi yox, Qəmlo kimi yazır.

Nəsrəddin Tusi haqqında əsər yazıbmış. Yazıb bitirəndən sonra əsər yaşadığı evdən yoxa çıxıb. Andranik haqqında yazdığı əsər də eyni taleyi yaşayıb.

Günlərin birində isə gecə hamı yatandan sonra onların evinə naməlum bir qadın gəlir. Onun gəlişini qızından başqa heç kim görmür. Səhəri gün bu əhvalatdan xəbər tutan valideynlər uşağa gülsələr də, bir neçə saatdan sonra məlum olub ki, yazıçının Andranik haqqında yazdığı əsər evdən oğurlanıb.

Yuqoslaviya müharibəsi ilə bağlı daha bir roman 1993-cü ildə oğurlanıb. Fərman Kərimzadə sonradan yazıb ki, onların KQB tərəfindən götürüldüyünü öyrənib.

Qızı Yeganə xanım danışır ki, 1986-cı ildə Naxçıvana bacısının toyuna gediblər. Ordan da Vediyə baş çəkiblər: “Məni də apardı. Bir-bir ata-baba yurdumuzu bizə göstərdi. Dedi, ölüb qalmaq istəyirəm burda.

Orda bir ağız da “Apardı sellər Saranı” mahnısını oxudu.

“Qarlı aşırım” romanı Fərman Kərimzadəyə çox böyük şöhrət gətirib. Təkcə “Xudafərin körpüsü”nə görə 32 min rubl alıb. Film çəkiləndən sonra ona kinostudiyanın binasından 5 otaqlı ev də veriblər. Həmin vaxt Şahmar Ələkbərovun iki qızı vardı, bölgüdə erməni ilə eyni kommunal mənzilə düşüb. Fərman Adil İsgəndərova deyir ki, mənim evim dörd otaqlı olsun, əvəzində Şahmara ayrıca ev verin.

1989-cu ilin martında Fərman Kərimzadə Tərtərdəki həmyerlilərinə yardım üçün gedəndə oradakı insanların acınacaqlı vəziyyətinə dözə bilməyib yıxılıb. Həkimlər gələndən sonra məlum olub ki, yazıçının beyninə qan sızıb. Elə həmin gün yazıçı dünyasını dəyişib.

Son söz yerinə:
Qızı Yeganə Kərimzadə:

Bu gün dünyaya gəlmişdi Fərman Kərimzadə, canım atam!

Xüsusi qeyd etmələri sevməsə də, anam, üç qızı pərvanə olub dayanmadan hazırlıqlar görərdik onun doğum günü üçün. Qonşu qadınlar da bizə qoşulardı. Bilirdik ki, axşama ev dolu olacaq, gələnləri çağırmağa ehtiyac yox idi hamı 3 mart gününün Fərman günü olduğunu bilirdi, özündən başqa.

Özü çox vaxt unudardı bu günü, amma etdiklərimizi görəndə sevinirdi, çünki dostları, insanları çox sevirdi. Bu səbəbdən evimiz həmişə qonaqlı-qaralı olardı. Kimlər olmamışdı o evdə. Xatirələrimi oyatmağa belə qorxuram, o səslər yenidən əks-səda verib geri, ata ocağımıza səsləyir.

Xalq artisti Alimin səsini ilk dəfə evimizdə eşitmişəm. Onu eşidən hamı heyrətlənib, atamın gözləri dolub.

Sevimli kino aktyorlarımız Həsən Məmmədovun sakit, təmkinli səsi, Rasim Balayevin parodiyaları, Şahmar Ələkbərovun unudulmaz səsi, Bayram Bayramovun, Abbas Abdullanın ağayana görünüşü, əmimin, dayılarımın, bibilərimin, xalalarımın doğma baxışları, qonşumuz Lumu xalanın “ləvəngilərimi bəyəndilər görəsən?” deməyi və daha nələr.

Ev telefonu da susmaq bilmir, Moskvadan ədəbiyyat fondundan zəng edib təbrik edirlər. Ukrayna, Qazaxstan, Qrğızstan, Özbəkstandan tanınmış yazıçılar zəng edib, təbrik edir.

Məktublar, teleqramların ardı-arası günlərlə kəsilmir.

Onu çox sevirdilər. Onu çox sevirdik. Bir günümüzü atasız təsəvvür etmədiyimiz halda artıq 32 ildi onsuzuq.

Evimiz isə onsuz tamam boşalıb sanki.
Dünən bacılarımla birgə yad etdik atamızı, anamızı, bu gün isə təkcə oturub, xatirələrdə azmışam.

Xalq yazıçısı Fərman Kərimzadəni, o qüdrətli, vətənini canından çox sevən insanı zamanında – dünən də hər kəs sevdi və bu gün də çox sevirlər.

O ömrün aşırımlarını aşa bilməsə də, tarixin aşırımlarını aşacaq və ədəbiyyatımızda əbədi olaraq qalacaqdır.

Comments are closed, but trackbacks and pingbacks are open.