Press "Enter" to skip to content

Bağışlama, bağışlanan əşyaların geri qaytarılması və ondan imtina məsələləri necə həyata keçirilir

Zamanlı deyib ki, bağışlayan şəxs qarşı tərəf bağışlanan əşyanı qəbul edənədək istədiyi vaxt onu geri ala bilər. Hədiyyə verənin ölməsi halı üçün bağışlama isə vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir: “Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər. Hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. Hədiyyə verən hədiyyə alana hədiyyə ilə əlaqədar dəyən zərər üçün onun qarşısında yalnız o halda məsuliyyət daşıyır ki, zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmuş olsun. Qalan hallarda hədiyyə verən yalnız hədiyyə alana vəd etdikləri üçün məsuliyyət daşıyır.”

772 saylı batalyon

Artıq iki ildir, Birinci Qarabağ müharibəsinin qatı açılmayan səhfələrini vərəqləməkdəyəm. Qarabağ veteranları ilə işləmək həm qürur vericidir, həm də ağırdır. Veteranları dinləmək, onlara keçmiş günləri bir daha yaşatmaq və onlarla bu acını bərabər yaşamaq… Çox çətindir.
Bu gün Qarabağ müharibəsinə könüllü gedən döyüşçülərin bir qisminin doğma batayonunun yaradılış günüdür. Batalyonun komandir və əsgər kontingentinin xatirələrini qələmə alıb, oxucularımıza təqdim edirik. Onlarla bərabər batalyonun döyüş yolunu biz də addımlayacaq, onların yaşadıqlarını bərabərcə yaşayacağıq. Acılı-şirinli xatirələrlə şəhid olmuş dostlarını onlarla bərabər yad edəcəyik.
Allah Şəhidlərinizə rəhmət etsin, qazilərimizə can sağlığı versin!

Doğum gününüz mübarək!


– … Birinci Qarabağ müharibəsində bizim ordunun uğurlu əməliyyatları olsa da, bu gizli saxlanıldı. Bu əməliyyatda 15 xüsusi təyinatlı iştirak edib, 19-20 yaşlı əsgərlərimizin erməni səngərlərinə girib, öldürdükləri ermənilərin ən kiçiyinin 26 yaşı olub. Bu döyüşdə biz bir Şəhid vermişdik.

– Nə səbəbə uğurlu əməliyyatlar gizli saxlanmalı idi?
– Uğursuzluq çox olduğu üçün uğurlu əməliyyata elə də əhəmiyyət verilmədi. Həm də biz xüsusi təyinatlı batalyon idik, məxfilik bizim keçirdiyimiz bütün əməliyyatların tərkib hissəsi idi…

– Siz ümumi danışırsınız, yoxsa xüsusi bir əməliyyatı nəzərdə tutursunuz?
– Hə, bu, xüsusi bir əməliyyat olub. Onların Tərtər istiqamətində olan geniş miqyaslı hücumları zamanı düşmənə sarsıdıcı zərbə vurmaq üçün hazırlanmış xüsusi əməliyyat idi və biz bu əməliyyatı uğurla yerinə yetirdik.

– Təfərrüatı ilə danışmaq istəsəniz sevinərəm. Zaman, məkan, hərbi hissə, komandir?
– 20. 04. 94. Ağdərə. Qırmızıkənd. (Karmirovan). Xüsusi Təyinatlı batalyon. Komandir adının hallanmasını o vaxtdan xoşlamır. >>

Dörd ay öncə bir döyüşçü mənə müraciət edib, link yolladı və bu linkdə adı keçən hay canisinin onların batalyonu tərəfindən məhv edildiyini söylədi. Mövzu diqqətimi çəkdi və təfərrüatını soruşdum, ətraflı danışdı…
Xüsusi Təyinatlı batalyonun mənə müraciət edən döyüşçüsü Mehdi Cavadov idi. Onun döyüşdüyü hərbi hissə haqqında gərçəkdən məlumatım yox idi və araşdırma apardım, hərbi hissə və apardığı döyüşlər haqqında məlumat yox dərəcəsində idi. Bu məqamda o, məndən onların batalyonu haqqında yazmaq üçün yardım istədi:
>
Və mən sevə-sevə bu işə razılıq verib, onlarla məmuniyyətlə işlədim.
Sizə haqqında danışmaq istdiyim hərbi hissə:

772 saylı Xüsusi Təyinatlı batalyon.

Birinci hissə

Müsahibimi sizə dərindən təqdim etmirəm. Özü xatirələrini danışdıqca, siz onu tanıyacaqsınız. İlk müsahibim 772 saylı (əvvəl reyd dəstəsi formatında yaradılmış, sonradan xüsusi təyinaylı) batalyonda (XTB) xidmət etmiş kadr zabiti
Cəbrayıl Həbibovdur.

– Özünüzü oxucularımıza təqdim edin.
– 1981-ci ildə hərbi xidmətə çağrılmışam. 83-cü ildə xidmətimi bitirib, orduda qalmışam və bu səbəbdən Gizirlər məktəbinə daxil olub, sonradan eksterna ilə Leninqrad hərbi məktəbini bitirmişəm. 1987-ci ildə Xüsusi Təyinatlı briqadanın tərkibində rota giziri kimi Əfqanıstana xidmətə göndərilmişəm. Qardaşım Rafaellə birgə Əfqanıstanda xidmət etmişik. 1987-ci ildə SSRİ ordusuyla bərabər Əfqanıstanı tərk edərək Bakı şəhəri, Pirəkəşkül qəsəbəsində dislokasiya edilmişik. 1990-cı ildə xidmətimi davam etdirmək üçün Almaniyaya yola düşmüşəm. 1992-ci ildə isə Vətənə dönmüşəm.

– Sizin hərbi hissə nə zaman və necə yaradılmış, təşəbbüskar kim olmuşdu?
– 1992-ci il fevral ayında Kazlov Vladimir və Malinov Vladimir tərəfindən təşəbbüsü irəli sürülüb. Onlar televiziya vasitesiylə xalqa müraciət ediblər. Çağrışlarına Bakıda yaşayan müxtlif millətlərin nümayəndələri toplanıb. Bunlar rus, ləzgi, ukraynalı, tatar, yəhüdi və azərbaycanlılar olublar. Fevralın 25-ınə qədər 125 nəfər toplanmışdı. Azərbaycanlılar arasında “əfqan” döyüşçüləri də çoxdu. Onlar Əfqanıstanda xidmət keçmiş təcrübəli oğullarımız idi. 772-ci hərbi hissə reyd dəstəsi formasında yaradılmışdı.

– Sizin h/hissənin Əzizağa Qənizadənin yaratdığı reyd dəstələrinə aidiyyatı var idi?
– Xeyr. Onun dəstələri də bizimlə eyni zamanda yaranıb, amma bizim dəstənin onlara aidiyyatı olmayıb

– Komandirləriniz kim idi? Hərbi hissənin strukturu barədə daha ətraflı məlumat vermənizi istərdim. Düşünürəm, oxucularımız üçün də çox maraqlı olacaq.
– Dəstə düzəldikdən sonra Kozlov qeyri peşəkar insanları rəhbərliyə yaxın buraxmamışdı. O, rəhbərlikdə məhz kadr zabitlərinin olmasını tələb edirdi. Özləri isə sadə zavod fəhlələri idilər.
Bu zaman, qeyd etdiyim kimi, Pirəkəşküldə Əfqanıstanda döyüşlərdə olmuş və oranı tərk etmiş Sovet ordusunun xüsusi təyinatlı briqadası vardı. Orda olan azərbaycanlılardan Qəhrəmanov İlqar – sovet ordusunda 2 dəfə Qızıl Ulduz, Döyüş şücaətinə görə medallar almış zabit, ondan başqa hissədə Döyüş şücaətinə görə medal almış zabit Rafael Həbibov da vardı. Onlar dəstəni qəbul etmişdilər. Mən o zaman Almaniyada idim. Azərbaycan hökuməti tərəfindən azərbaycanlı zabit və gizirlərə Vətənə dönmək üçün müraciət olundu. Mənə də məktub gəldi. Qardaşım, Milli Qəhrəman Rafael Həbibov mənə məktub yazmışdı:
>
1992-ci ilin mart ayında mən Almaniyadan qayıtdım. Gəldiyimdə artıq dəstə formalaşdırılmışdı və tərkibi Azərbaycanda yaşayan etnik qrupların nümayəndələrindən və təbii ki, azərbaycanlılardan (türk mənşəli – K.S.) ibarət idi. Lakin əsas ideya məhz Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrindən ibarət çoxmillətli bir dəstə yaratmaq olmuşdu.
H/hissədə 3 qrup vardı, ikisində olan komandirlər Əfqanıstan müharibəsini keçmişdi.

  • 1-ci qrupun komandiri – Ryazan şəhər hərbi məktəbini bitirmiş gənc leytenant Rzayev Rafiq;
  • 2-ci qrupun komandiri – Həbibov Cəbrayıl. (Sovet ordusunda Qırmızı Ulduz və Döyüş sücaətinə görə medallarla təltif olunmuş həmsöhbətimiz – K.S.);
  • 3-cü qrupun komandiri – Sovet ordusunda Qırmızı Ulduz və Döyüş sücaətinə görə medallarla təltif olunmuş Həbibov Rafael (Ölümündən sonra – Milli Qəhrəman. – K.S.);
  • Minaatan dəstənin komandiri – Sovet ordusunun baş leytenantı Niyazəliyev Mustafa;
  • Kəşfiyyat dəstəmiz də vardı, komandiri – Mustafayev Xanlar.
  • Reyd dəstəsinin komandiri – Sovet ordusunda 2 dəfə Qırmızı Ulduz, Döyüş şücaətinə görə medallar almış zabit Qəhrəmanov İlqar.

Dəstəni adı çəkilən hərbçilər qəbul etdi, doğrusu, dəstədə olan döyüşçülər bizdən yaşlıydı və əlbəttə ki, vətənpərvər insanlardan təşkil olunmuşdu!
Fevral ayının 15-16-sı tərkib komplektləşdirilmişdi, mart ayının 1-2-si isə zabitlər dəstəni qəbul etdi.
Dəstənin yaradılması təşəbbüskarları – Kozlov və Malinov bir çox zabit və gizir içində seçimini adı gedən zabitlərin üzərində dayandırmışdılar.

– Demək ki, Müdafiə Nazirliyinə (MN) dəstənin yaradılması təşəbbüsü ilə məhz bu iki şəxs müraciət etmişdi?
– Bəli. Məhz 772-nin yaradıcısı və təşəbbüskari 2 zavod fəhləsi Kozlov Vladimir və Malinov Vladimir olmuşdular.

– Vətənpərvər iki zavod fəhləsinin sonrakı taleyi necə oldu?
– Onlar reyd dəstəsi mövcud olduğu qədər bizim yanımızda idilər. Əsasən təşkilatı və təsərrüfat işləriylə məşğul olurdular. Kəlbəcərdən biz Bakıya qaytarılandan sonra könüllülər buraxıldı, bizi 772 saylı xüsusi təyinatlı batalyon kimi formalaşdırdılar, Tərkibimizə çağırışçı əsgərlər verildi və biz onlarla təlimlərə başladıq.
İndi Malinov Bakıda yaşayır. Kozlov isə köçərək Rusiya Federasiyasına getdi.

– Sizin dəstə hərbi-döyüş hazırlığını harada keçdi və təlimləri kim aparırdı?
– Bizim dəstə təlimləri Bakı şəhərində – “Üçtəpədə” və sırf əfqanıstanı keçmiş azərbaycanlı zabit və gizirlərin rəhbərliyi ilə keçirdi.
Biz – Sovet ordusunun xüsusi təyinatlı briqadası 1989-cu il fevralın 14-ü Əfqanıstanın Termes şəhərindən çıxıb, Bakı şəhərinin Pirəkəşkül qəsəbəsinə gətirilmişdik. Azərbaycan hökumətinə tabe deyildik. Mən 1990-cı ildə Almaniyaya getmişdim, qalan azərbaycanlı zabit və gizirlər 1991-ci ilin axırı, 1992-ci ilin əvvəli Azərbaycanda müharibə şəraiti yaranmasıyla əlaqədar xidmət üçün Azərbaycan ordusuna keçmişdilər. Bizim briqadada xidmət etmiş zabit və gizirlər, arxasında Əfqanıstan müharibəsi təcrübəsi olanlar, bu dəstənin yaradılması və təlimləri üçün əlimizdən gələni etdik. Məhz azərbaycanlı komandirlərin seçilməsində isə dəstənin yaradıcıları Kazlov və Malinov təkid etmişdilər. Onlar dəstənin komandirlərinin Əfqanistan keçmiş azərbaycanlı zabitlər olmasını qarşılarına məqsəd kimi qoymuş və buna nail olmuşdular.

– İlk olaraq hansı bölgəyə göndərildiniz?
– Mart ayının 17-si biz 128 nəfərlik tərkiblə MN tərəfindən təsdiq edildik və bu gün 772-ci reyd dəstənin doğum günü oldu. Təlimlər davam etdi. May ayının 2-3-ü əmr gəldi və biz qalxdıq Kəlbəcərə.
Kəlbəcərə Xanlar rayonu və Murovdağdan keçərək gəldik. Kəlbəcərdə Civə zavodu vardı, onun yaxınlığında yerləşdik.

– Sizin Kəlbəcərə göndərildikdə döyüş tapşırığınız nədən ibarət idi?
– Bir başa Kəlbəcərin müdafiəsi. Bizdən əlavə Kəlbəcərdə Zaur Rzayevin briqadası, yerli-könüllü batalyonlar vardı. Biz daha çox müdafiə deyil, hücum üçün idik. Alınmalı olan kəndlərin üzərinə ilk biz gedirdik, həmlə-zərbə məqsədi daşıyırdıq. Hücum edib, kəndləri alırdıq, Z.Rzayevə və yerli batalyonlara təhvil verirdik. Getdiyimiz gündən etibarən 15 -16 kəndi alaraq, Z.Rzayevə və yerli batalyonlara təhvil vermişdik. Kəlbəcərdə: Kərəmli, Ağdaban, Cərəktar, Çapar, Qozlu körpü, Aterk, Zəylik, Zərdəxac, Vaquas, Alaqaya, Narınclar, Getavan, Qızılmədən (Laçın istiqamətində) və başqaları…

Zod kəndi, Qızıl mədənləri.

– Bizə 772 saylı reyd dəstəsinin ilk döyüşünü danışmanızı rica edirəm. Harada və necə ilk döyüşə girdiniz?
– Birinci döyüş Zod kəndi istiqamətində Qızıl mədənləri vardı Kəlbəcərdə, orada olmuşdu. Ermənilər hücum etmişdi və Rafael öz qrupu ilə əmr alaraq, döyüş ərazisinə köməyə getmişdilər.
Rafael qrupu ilə döyüş ərazisinə çatanda ermənilər döyüşdə üstünlüyə malik idi və bizimkilər müdafiəyə çəkilmişdilər. Bizim uşaqlar oraya 17 nəfərlə və özlərinə məxsus texnika – PDM və silahlarla getmişdilər. Rafaelin qrupu döyüş mövqeylərini tutduqdan sonra erməninin quldurlarıyla dolu 2 maşınını, bir traktor vurmuşdu. Vurulan URAL və ZİL markalı yük maşınlarıyla ermənilər döyüşən qüvvələrinə yardıma gəlirdilər. Ermənilərin yardıma gələn hissələrini məhv etdikdən sonra onların irəliləməsi dayandırıldı. Geri çəkilməyə məcbur edildi.
Sonradan ratsiya ilə ermənilər bizimkilərə – yerli batalyonlara demişdi ki, rus ordusunu köməyə çağırmışdınız. Biz Sovet ordusunda uzun zaman hərbi xidmət keçdiyimizə görə bütün əmrlər və ratsiya danışıqları rus dilində olurdu. Bizim üçün bu dildə biribirimizi anlamaq daha asan idi. Həm də 772-nin tərkibi çoxmillətli idi. Ratsiya ilə danışıqlarımız peşəkar səviyyədə aparılırdı. Erməni danışığımızı dil olaraq anlasa da məna olaraq anlaya bilməzdi. Biz hamımız – komandir kontinqenti Əfqanıstan keçmişdik və orada əldə etdiyimiz bacarıqları burada tətbiq edirdik.
Bizimkilər bu iddianı təkzib edəndə, ermənilər demişdi ki, onlar ruslardır, ratsiyada rusca danışırdılar. Həm də peşəkar döyüş aparmalarından azərbaycanlıya oxşamırlar, bu, rus ordusu olub.
Bir tərəfdən biz gərçəkdən Sovet (Rus) Ordusunda təlim və xidmət keçmiş zabitlər idik, lakin azərbaycan milliyətli zabitlər! Deyərdim ki, ilk kəs erməni Azərbaycanın gərçək kadr zabiti ilə üz-üzə durmuşdu və bundan şokdaydı. Yerli özünümüdafiə dəstələriylə vuruşmaq əlbətdə ki, onlara asan idi. Bildiyiniz kimi hələ Ordumuz qurulmamışdı və bizim tərəfdən döyüşlər peşəkar səviyyədə aparılmırdı. Ancaq vətənpərvər oğullarımızın cəsarəti və qorxmazlığı sayəsində erməniyə müqavimət göstərilirdi. Erməni isə bu müharibəyə tam hazır idi, həm peşəkarlıq, həm də silah-sürsat cəhətdən.
(Hərb elmini bilməyən döyüşcü nə qədər sücaətli və qorxmaz olsa da bu elmdən xali, fiziki cəhətcə, bəlkə dəfələrlə zəif döyüşcüyə məğlub olmağa məhkumdur. – K.S)
Döyüşdən sonra Rafael qrupuyla geri döndü. Bu uğurdan sonra Kəlbəcərin icra başçısı İlham Həsənov da bizimlə görüşdü. Bundan əvvəl biz təzə gəldiyimizdə bizə yerli özünümüdafiə dəstələrinin və əhalinin inamsızlığı vardı. Onlar bizə rus gözündə baxırdılar. Torpaqları verməyə gəlmisiniz, deyirdilər. Bu döyüşdən sonra çox şey dəyişdi, həm ermənilərin, həm də öz insanımızın nəzərlərində, Azərbaycan zabiti haqqında…
İlk döyüşdən sonra biz Kəlbəcərin kəndlərinin müdafiəsinə başladıq.
Təəssüf və ürəkağrısı ilə müşahidə edirdim ki, millətim hələ müharibəyə hazır deyildi. Mən artıq “Əfqanıstan” keçmişdim və müşahidələrim mənə çox şeyi öyrətmişdi. Xalqın müharibəyə hazır olub, olmamasını müəyyən etməyə təcrübəm yetirdi…

(772 saylı reyd dəstəsində olan xəritə – Kəlbəcərin xəritəsi)

Narınclar

– Sonra döyüşlər harada oldu?
– İkinci döyüşümüz Narınclarda oldu. Lacin istiqameti, Getevan.
Kəndə sol tərəfdən Rafaelin qrupu, sağ tərəfdən 1-ci qrup – Rafiqgil, mərkəzdən mən qrupumla girməli idik. Dumanlı gecə idi. Görüntü həddən artıq zəiflədiyi üçün əmr verdim ki, hər kəs öz yerində donub, qalsın. Səhər erkəndən kəndə girərik. Əlimizdəki xəritə çox qədim idi. Gözləmə məqamında Zaur Rzayev də oraya gəlib, çıxmışdı. Biz əlimizdəki xəritə və ətrafda gördüyümüz mənzərədən çaşqın vəziyyətdə idik. Xəritədə dağlar düz gəlirdi, amma kəndlər düz gəlmirdi. Z.Rzayevə sual etdik ki, bizə kordinatları kim verib və ümumiyyətlə ərazidən xəbəri vardımı, kordinat verənin? Biz tamamilə açıq ərazidə idik və bizi asanlıqla görmək mümkün idi…

Səhər erkəndən Təzəkənddən Narıcdara getdik.
Ermənilərlə aramızdakı məsafə 200 metr olardı. Döyüş başladıqdan sonra hücum qarşısında aciz qalaraq, müqavimət göstərə bilməyib, mövqeylərini qoyub qaçmışdılar. Ölü və yaralılarını belə aparmamışdılar. Biz, diri olaraq 3 ermənini Z.Rzayevə təhvil verdik.

Çərəktar

– Çərəktarda dəstənizin qəhrəmanlığı Kəlbəcərlilərin dilində əzbərdir. Kəlbəcər sakini Nizami müəllimin bu haqqda xatirələrini eşitmişəm. Sizdən də duymaq istərdim.
– May ayının sonları idi. Xəbər gəldi ki, Çərəktara hücum olub. Yerli batalyon müdafiə mövqeyləri tutaraq döyüşür. Belə bir xəbər yayılmışdı ki, Çərəktar kəndi ikinci Xocalı olmalıdır və kəndə üç tərəfdən hücum edərək əhalini ermənilər qıracaqlar.
Bizdən kəşfiyyat qrupu komandirlə bərabər 18 nəfər və Rzayev Rafiqin komandiri olduğu 1-ci qrup yerli batalyona köməyə getmişdilər.(Rafiqin 21 yaşı vardı, biz onu həmişə qorumağa çalışırdıq. O, bizdən fərqli olaraq “Əfqanıstan” keçməmişdi, müharibə təcrübəsinə malik deyildi. – C.Həbibov) Onlara Çərəktara çatanda irəlidə yerləşən fermada ermənilərlə vuruşan batalyonun mühasirəyə düşdüyünü demişdilər. Fermada vuruşan könüllülərin sayı isə 5-6 nəfər olub. Əgər yaddaşım məni aldatmırsa, orada vuruşanlar arasında Əli müəllim də olub. Ərazi dağlıq olduğundan onlar arxadakı döyüşçülərdən kəsilərək mühasirəyə düşmüşdülər.
Ermənilər bizim tərəfin Zenit qurğusunu və BTR-ini vurmuşdu. Bizim dəstədən artıq 2 şəhid və 17 yaralı vardı. Onlar ratsiya ilə bizimlə əlaqəyə çıxanda bu məlumatları çatdırdılar və mən çox əsəbləşdim. Biz həmən köməyə qalxdıq. Aramızda 12 km məsafə vardı və biz çatınca döyüş ərazisində demək olar ki, hamısı yaralı idi.
Erməni hiylə işlətmişdi. Fermada olan 5 nəfəri öldürdükdən sonra irəliləməmişdi. Oturub, gələcək köməyi gözləmişdi. Bizdən gedən texnikanı irəli buraxdıqdan sonra onları da mühasirəyə salmışdılar. Rafiq oraya girmişdi ona görə ki, fermada bir batalyon adamın olduğunu və yardımla ermənini geri ata biləcəklərini düşünmüşdü.
Əvvəldə qeyd etdiyim kimi, ermənilər hazırlıqlıydı və döyüşləri peşəkar səviyyədə qura bilirdilər. Bizim döyüşçülər isə əksəriyyəti hərbi təlim görməyən könüllülərdən ibarət idi.
Ermənilər çox əlverişli mövqeylər seçmişdi və bizim hissələr çıxılmaz vəziyyətdə idi. Bizim dəstənin qrupları isə əraziyə çatanda onlara səhv məlumat verilmişdi və onlar “fermada mühasirəyə düşmüş batalyona” kömək məqsədi ilə irəliləyərək açıq ərazidə döyüşə girmişdilər. Lakin qeyd etdiyim kimi, fermada cəmi 5-6 adam olub və bizim qruplar gəlmədən çox qabaq onlar şəhid olmuşdular. Bizim də dəstədən o döyüşdə 2 şəhidimiz oldu. Biri yəhudi Vadim Xanin, ikincisi azərbaycanlı İlham Həsənov. Rafiq sinəsindən yaralanmışdı, qəlpə sümüyü dələrək keçmişdi.

Vəziyyət çox qəliz idi. Hissəmizin komandiri ilə əlaqə yaradaraq kömək gərəkdiyini məruzə etdim. Qrupumu Çərəktar kəndinin girişinə, mövqelər təyin edərək, yerləşdirdim və kəndə düşmən girişinin qarşısını aldım. Bizə yardım üçün 3-cü qrup – Rafaelgil gələndən sonra, mən dağa qalxdım, yerləri dəyişdim. Rafaelin qrupu ilə ratsiyayla əlaqə saxladıq. Biz dağa qalxdığımızda erməni PDM2-si mənim PDM1-i vurdu. Bizdən qabaqda bizim bir BTR-i də vurmuşdular. Əraziyə erməni çox böyük qüvvəylə hücum etmişdi. Demək olar ki, erməni canlı qüvvəsi bizinkilərə qarşı 1-ə 10 nisbətində idi. Qarşılarını kəsməyə isə bizdən başqa kimsə yox idi.
Yerli sakinlərdən biri də mənə etirazını bildirdi ki, sən PDM-lə keçib, mənim sahəmi tapdalayırsan…
Yuxarı qalxarkən müavinim şəkili balası, gizir Mübarizi, onunla bərabər rəhmətlik Zauru da saxlamışdım. Beş nəfər idilər. Yolu kəsməli və oradan erməninin keçməsinə imkan verməməliydilər. Mən yüksəkliyə qalxdıqdan sonra ermənilər sanki ovcumun içində idi.
Mövqeləri deyişdikdən sonra ratsiya ilə üçüncü qrupla əlaqə yaratdım. Rafaelin pozivnoyu Raf, mənimki isə Cek idi. Bu, hele Əfqanıstandan beləydi. Biz onunla orada dəfələrlə bərabər döyüşlərdə olmuşduq. Rafael dedi ki, bizi qoruyun, hücuma keçirik. Çatdırıb, deyə bilmədim ki, o istiqamətdə, döngəni keçən kimi erməninin PDM2-si var. Biz irəli gedə bilmirdik, PDM2 bizi vururdu.
Amma Rafaelin dəstəsi cəld tərpəndi, erməniylə üz-üzə gəldiyindən PDM2-ni rahatlıqla vura bildilər. PDM2-nin lüləsi mənə tərəf olduğundan biz olduğumuz yerdən tərpənə bilmirdik (Rafaelin operatorunun adı Teymur idi – C.H.), amma məhz buna səbəb Teymur PDM1-i ilə düşmənin PDM2-ni rahatlıqla vurdu və mənə imkan yarandı ki, irəliyə çıxım. Mən onlardan təxminən 700 metr yuxarıda idim. Bizim dəstədə PDM2 də vardı. Operatorun adı Elbrus, mexanikin adı Ruslan idi. Onlara göstəriş verən kimi erməni PDM2-sini içindəki ekipajıyla məhv etdilər. Üçüncü qrup düşmən PDM-ni vurandan sonra əsl şiddətli döyüş başladı, onların bir Kamaz və bir BRDM-lərini də məhv etdik. Həmin gün ermənilərin sayca bizi dəfələrlə üstələməsinə baxmayaraq, hücum dəf olundu. Düşmən geri oturduldu və kənd qorunaraq, erməniyə verilmədi.
Kostya Fisov BTR-lə çox böyük qəhrəmanlıq göstərdi.
Döyüşdən sonra biz PDM2-nin içində 2 snayperçi qız meyidinə rast gəldik, onlar latış idi.
Ermənilərin ölü – 70 və çox sayda yaralısı vardı. Yaralılarını çıxarmışdılar. Ölülərini isə, biz toxunmadıq, izin verdik ki, gəlib aparsınlar.
Döyüşdən həmən sonra kəndə Z.Ryazev gəldi. Yerli camaat dedi ki, meşedə ermənilərin yaralıları var. İlqar Qəhrəmanov bizim onları izləməyimizə razı olmadı. Bizim iki qrupumuz yaralı olaraq döyüş qabiliyyətini itirmişdi. Mənim və Rafaelin dəstəsində də ekipaj tam deyildi, yaralılarımız vardı. İ.Qəhrəmanov Z.Rzayevə dedi ki, reyd dəstəsi həmlə dəstəsidir, yaralıları siz öz qüvvələrinizlə qovun. Həm də biz döyüşdən çıxmışdıq, yorğun idik.
Z.Rzayevlə birgə ANS telekanalından Mirşahin də gəlmişdi. O, çəkiliş aparmaq istəyirdi, biz izin vermədik. Hələ təəccübləndi də niyə başqaları çağırıb, çəkdirir, biz, öz ayağıyla gəlib çıxdıqları halda, çəklişə izin vermirik…
Biz ailəmizi həyacanlandırmağa alışıq deyildik. Zamanında Əfqanıstanda olanda da ailəmiz bizim Avropa ölkələrində məzuniyyətdə olduğumuz düşüncəsində olub… İndi də belə ağır döyüşdən çıxdığımızı bilmələri bizə gərək deyildi. Ata-anamızı narahat etməmək üçün çəkilişə izin vermədik. Amma yenə bizdən gizli Mirşahin çəkiliş aparmışdı. Əlaqə yarada bilsəniz onda 1992-ci ilin Çərəktar döyüşüylə bağlı çəkilişi olmalıdır. Bir neçə il öncə yəhudilər Xanin haqqında bir çəkiliş aparmışdı. Məndə də diski var.
Biz Çərəktarı Z.Rzayevə və yerli batalyona təhvil verdik. İcra başçısı da gəlmişdi. İlham Həsənov bizə pul mükafatı da gətirmişdi, lakin biz bunu qəbul etmədik. Vətəni qorumaq və əhalini müdafiə etmək bizim zabit və vətəndaş borcumuz idi!

(Ortada dayana n Cəbrayıl Həbibovdur)

xxxxxxxxxxxxxxxxxxxxxxxx xxxxxx xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

İkinci hissə

Qozlu körpü – Ağdaban döyüşləri

– Cəbrayıl bəy, Qozlu körpü döyüşü də sizin dəstə üçün ağır xatirələrdəndir, bu haqqda danışsaq olarmı?
– 1992-ci il, 4 iyun İlqar Qəhrəmanov səhhəti pisləşdiyi üçün Kəlbəcərdə hospitalda idi. Mən Xanlara getmişdim, şəhid və yaralıları aparmışdım. İki gün yerimdə olmadım. Rəhbər zabitlərdən hissədə Rafael və Qərargah rəisi kapitan Oqtay Kərimov olub. Zaur Rzayev onlara hücuma keçməyə əmr vermişdi. Qozlu körpü – Vaquaz – Drambon istiqamətində Kəlbəcər – Ağdərə yolu, ən ağır yol ilə. Z.Rzayev isə qüvvələri ilə Ağdaban tərəfdən keçib. Biz bu əmr haqqında eşidəndə dedik ki, hücuma keçməyin, zaman verin biz qayıda bilək. Mən hücuma cəmi bir neçə saat gecikmişdim. Gəldim ki, Z.Rzayev artıq əmr verib, hücum başlayıb. Rəhmətlik Rafael demişdi ki, mən kəşfiyyat olmadan hücuma keçə bilmərəm, Z.Rzayev isə ona əmr vermişdi ki, bu, döyüşlü kəşfiyyat olmalıdır. O da əsəbləşərək, Rzayevə cavab vermişdi ki, sən müəllimsən, heç döyüşlü kəşfiyyatın nə olduğunu bilirsənmi?! Amma Rzayevə ərazi üzrə tabeçilikdə olduqlarından əmri yerinə yetirməyə məcbur olmuşdular.
Qozlu körpüdən keçəndən sonra yol Drambona, Vaqauza və Ağdərəyə gedir. Orada ermənilər yolu kəsib, bizim hissəni pusquya salmışdılar. Sonda hissəmiz mühasirəyə düşmüşdü.
Rafael PDM-dən düşərək, dizini yerə qoyur və PDM-ə ratsiya ilə əmr edir ki, mən trasser (izləyici – işıqverici güllə) ilə haranı vururamsa, oranı vur!
Iki saatadan çox şiddətli döyüş gedib. Bizimkilərdən 4 nəfər şəhid olub. Ermənilərin qüvvəsi çox olduğuna görə Rafael dəstəni addım-addım geriyə çekib ki, nə erməniyə irəliləməyə imkan yaranmasın, nə də dəstə ortada qalıb məhv olmasın. Mənim müavinim Mübariz yaralıları dartıb, ərazidən çıxardıb. Rafaelin qrupundan iki şəhid olmuşdu: Elçin Şükürov və Aleksey Dementyev. Yaralı və şəhidləri çıxardıqdan sonra mənim dəstəmdən Mübariz və Oleq orada qalmışdılar ki, hücumun qabağını kəssinlər və dəstələr geri çəkilə bilsin. Mən dəstəyə özümü çatdıranda Mübariz və Oleqdən onlar 700 metr aralanmışdılar. Rafael yaralı idi. Dəstənin sürsatı bitmişdi. Mübarizlə Oleq isə son gülləsinə qədər vuruşduqdan sonra Mübariz qumbaranı başının, Oleq isə qarnının altında partlatmışdı…
Oleq Azərbaycan Bayrağı ordeni ilə təltif olunub. (AR-nın hərbi qulluqçularının və polis işçilərinin bir qrupunun təltif edilməsi haqqında AR. prezidentinin 15 yanvar 1995-ci il tarixli, 262 nömrəli Fərmanı ilə ölümündən sonra – K.S.)
Biz dəstəyə çatdıqdan sonra özümüzlə gətirdiyimiz silahla atışa-atışa yuxarıdan hərəkətə başladıq. Ola bilsin ki, Mübarizlə Oleq bizi görmürdü. Onları çıxarmaq imkanımız vardı, amma biz çatana qədər onlar özünü partlatmışdı çünki, sürsatları qurtarmışdı və əsir düşmək istəmirdilər.
Bunları xatırlamaq olduqca ağırdır…

– Sonradan siz Z.Rzayevdən bu əmrin nə üçün verildiyini soruşdunuzmu?
– Mən hələ də özümü o döyüşdə iştirak edə bilmədiyim üçün bağışlaya bilmirəm… Rafaelin ürəyi partlayırdı ki, bu əsgərlərin anasına mən nə cavab verəcəm?! O da özünü bağışlaya bilmirdi…
Z.Rzayevin yanlış qərarla verdiyi əmr nəticəsində reyd dəstəsinin 4 şəhid, qalanı yaralı olmaqla 60% döyüş qabiliyyətini itirmişdi. Əlbəttə, mən Z.Rzayevdən bunun nə əhəmiyyət daşıdığını soruşdum. Cavab verə bilmədi…

– Rzayev sizə cavab verə bilmədi, bu, aydındır. Bəs siz bir zabit kimi o əməliyyat haqqında nə düşünürsünüz? Onun həyata keçirdiyi əməliyyatın məğzi nədən ibarət idi?
– Mən analiz etdim və bu nəticəyə gəldim ki, Rzayev bizim reyd dəstəsini oraya göndərməklə ermənilərin bütün gücünü bizim istiqamətdə Kəlbəcər-Ağdərə yoluna yönəltmişdi.
Z.Rzayevin briqadasının tapşırığı Ağdərə yolunu təmizləmək və Drombona çıxmaq idi. Briqadasını daha təhlükəsiz yolla aparıb, bizim dəstəni isə ermənilərin qüvvələri toplaşan əraziyə yönəltmişdi.
Sonradan o, mənə dedi, mənim uşaqlarım hamısı yeni çağırışçıdır, 18 yaşında uşaqlardır. Mən bütün gücü sizin dəstənin boynuna salmağa məcbur idim. Sizdən 4 şəhid oldu, mənim uşaqlar o döyüşə düşsəydi, hamısı qırılacaqdı…
Bizim dəstənin, əsasən ağır yaralılar olmaqla, sıraları seyrəldi və bizdən sonra ərazidə müdafiə zəiflədi. Həmin ayın 6-7-si döyüşlər səngidi və biz artıq ərazidən çıxarıldıq. Dəstənin qalan 30-40% döyüşçüləri Bakıya geri çıxarıldı. Texnikanı İlqar Qəhrəmanov Zaur Rzayevin briqadasına təhvil verdi.
Bir kəlimə ilə doğru verilməyən qərar bizim dəstəni sıradan çıxardı.
—————————————————————————————-

772 saylı hərbi hissənin döyüşçüsü

Xairbekov Saidulla Axmedullaeviç (tabasaran milliyyətli)

– Özünüzü oxuculara təqdim edin. Saidulla Xairbekov kimdir?
– Bakıda doğulub, böyümüşəm. Mən Cəbrayıl Həbibovun komandanlığı altında ikinci qrupda PDM sürücüsü kimi xidmət etmişəm. Biz könüllü getmişdik, komandirlərimiz bizdən cavan idi, amma biz yaşca böyük olmamıza baxmayaraq, onlara güvənirdik. Komandirlərimiz peşəkar idilər və biz həmişə bilirdik ki, onlar ən doğru qərarı qəbul edəcəklər.

– Döyüşlərdən xatirinizdə daha çox nələr qalıb?
– Mən yerləri və tarixləri artıq unutmuşam, 55 yaşım var. Xatirimdə qalanları sizinlə bölüşməyə şad olaram. Məsələn, minaatan qrupun komandiri Tofiq vardı (XTB yaradıldıqdan sonra minaatan tağımın komandiri – K.S.), rəhmətlik, ixtisasca artilleriyaçı idi. Bir dəfə mənə dedi ki, Zaur Rzayevdən 120 mm-lik qaubiça götürərək qrupla gedib Xankəndini atəşə tutmuşdular. Bizdə qaubiça yox idi. Tofiq sonralar 1 mayda Ağdərə döyüşlərində şəhid oldu. Çox cəsarətli qorxmaz döyüşçü idi. O, xatirimdə həkk olunub…

Mənim xatirimdə qalan ən qanlı-ağır döyüş kimi Qozlu körpü döyüşü qalıb. Biz Vaquaza çatmadan pusquya düşdük və yarımmühasirə halında idik. Xatirimdədir, erməni artilleriyası bizi güclü atəşə tutmuşdu, həm də deyərdim ki, atəş tam peşəkar səviyyədə aparılırdı. Yerli döyüşən dəstələr bunu bacara bilməzdi. Yəqin bilirsiniz, o zamanlar onlara 366-cı alay çox kömək edirdi…

– Sizin könüllü olaraq döyüşə getmənizə səbəb nəydi? Deyənlər də tapılar ki, bu, sizin müharibə deyildi.
– Mən Bakıda doğulmuşam, azərbaycanlıyam! Həyatımı Bakısız və Azərbaycansız təsəvvür belə edə bilmirəm. Dincəlmək üçün Dənizkənarı bulvar (Dənizkənarı Milli Park – K.S.) mənə yetərlidir. Ruhum dincəlir orada gəzəndə…
Həm də mən Bakıda qaçqınları gördükcə və cəbhədən xəbərlər duyduqca, təəccüb edirdim! Erməni mənim üçün həmişə zəiflik və cəsarətsizlik assosasiyası yaradırdı. Mən inana bilmirdim ki, erməni bizə qalib gələr! Axı onlar həmişə bizdən zəif olub. Qərara aldım ki, gedib öz gözlərimlə hər şeyi görüm və gərçəkdən içimə sığışdıra bilmirdim ki, onlar biz dura-dura torpaqlarımıza sahiblik edələr. Elə bu səbəbdən də onlara qarşı vuruşmaq qərarına gəldim.

– Siz danışdıqca, qəlbim fəxarət hissiylə dolur. Sizin hər cümlədə “biz” kəliməsi işlətməniz qürur vericidir və örnəkdir. Biz – Azərbaycanlılar! Biz heç zaman axı azərbaycanlıları milliyətlərə parçalamamışıq.
– Elədir, biz milliyyətcə fərqli ola bilərik, amma ümumən bir xalqıq. Təbii ki, Azərbaycanın çətin günündə mən kənarda qalmazdım, həm də ermənilərə qarşı…
Mən cəbhəyə yollananda əmin idim ki, biz onları Qarabağdan 2-3 aya rədd edəcəyik. Amma anladım ki, onların arxasında Rusiya dayanır və onlar rus ordusundan böyük dəstək alırlar. Bir də doğrusunu desəm, bizi vuruşmağa da qoymadılar… Biz acız deyildik, hər halda!

– 772-yə necə gəldiniz?
– Mən Hərbi Komisarlığa gələndə 772-nin tərkibi formalaşdırılırdı. Mən orduda PDM sürdüyümə və bu döyüş maşını haqqında bütün məlumatlara malik olduğuma görə məni 772-yə götürdülər və mən bütün müharibəni bu hərbi hissənin tərkibində yoldaşlarımla bərabər döyüşdüm.
Müharibədən sonra da biz 772-nin döyüşçüləriylə görüşürük, toyda, yasda… Doğrusu qayğılar hamını məşğul edib.
—————————————————————————————-
Müsahibim 772 saylı reyd dəstəsinin komandir müavini

Azər Umudovdur.

– Özünüz haqqında oxucularımıza məlumat vermınizi rica edirəm.
– Mən hərbi təhsili Ukraynanın Desna şəhərində Gizirlər məktəbində almışam, 1985-ci ildə oranı bitirmışəm. Mən xidmət ərzində, orduda qalmaq arzusuyla bu məktəbə daxil olmuşdum. Oradan sonra məni Çexoslavakiyaya, Mərkəzi qoşunlara xidmətə göndərdilər. Xidmətə bölüyün baş çavuşu kimi başlamışdım. 61926 saylı hərbi hissədə 5 il xidmət etdikdən sonra məni Azərbaycanda yerləşən hərbi hissəyə keçirdilər. Azərbaycan Respublikası, Bakı şəhəri, Pirəkəşkül qəsəbəsində yerləşən hərbi hissədə xidmətimi davam etdirmişəm.

– Sizin məhz Bakıya göndərilməniz nəylə bağlı idi?
– Əslində Sovet Ordusunda belə bir qayda vardı, 5 ildən artıq bir ərazidə qulluq etməyə izin verilmirdi və mən 5 ilimi artıq başa vurmuşdum. Seçim azad idi. Hərbçiləri müqavilə əsasında başqa hərbi hissəyə qulluğa göndərirdilər.
Artıq 90-cı il idi. Bizi öz istəyimizlə keçmiş sovetlər ölkəsinin ərazisində yerləşdirirdilər. Mən də Vətəni seçdim.

(ayaq üstə, boz rəngli hərbi geyimdə Azər Umudovdur)
– 772-yə gəlməniz necə oldu?
– Mən Xocavənd rayonunun, Axullu kəndində doğulmuşam. Axullu mənim boya-başa çatdığım kənddir və mən Azərbaycana gəldiyimdə rayon erməni işğalı təhlükəsiylə üz-üzə dayanmışdı. Hərbi hissədə xidmətim ərzində məzuniyyətlər götürərək, könüllü olaraq, döyüş bölgəsinə gedir və döyüşlərdə iştirak edirdim.
1992-ci ilin yanvarın 10-da bizim kənd işğal olundu. O gecə mən kəndimdə döyüşlərdə könüllü döyüşçü kimi növbəti məzuniyyətimi götürərək iştirak edirdim. Bizi mühasirəyə almışdılar, mühasirədən çıxa bildik və mən hərbi hissəmə qayıtdım.
1992-ci ilin martında daha haqqsızlığa dözməyərək,Vətənin bilavasitə qorunmasında iştirak etmək üçün rus ordusunu tərk etdim, Azərbaycan ordusuna gəldim. Hərbi hissə yeni yaradılırdı və tərkibi komplektləşdirilirdi. Rus ordusunun sıralarını tərk edərək, 772-nin tərkibinə tək gəlmədim, oradan biz: İlqar Qəhrəmanov, Rafael Həbibov, Rövşən Melikov və mən bərabər gəldik.

– Siz 772-də neçənci qrupda xidmətə başladınız?
– Mən Milli Qəhrəman Rafael Həbibovun qrupunda, üşüncü qrup, tərkibində komandir köməkçisi (müavini) kimi xidmətə başladım.

Çərəktar.

– Oxucularımıza iştirak etdiyiniz döyüşlərdən biri, Çərəktar döyüşü haqqında ətraflı danışmanızı rica edirəm.
– Bizə məlumat verildi ki, ermənilər Çərəktar kəndinə hücum edib. Komandir bizi toplayaraq, vəziyyəti izah etdi, əmrlər verildi və reyd dəstəmizin tərkibini təşkil edən hər 3 qrup Çərəktara göndərildi. İlk öncə Xanlar Mustafayevin kəşfiyyat qrupu getdi. Onların bir BRDM-i vardı. Kəndə gəldiklərində onlara yerli əhali tərəfindən yanlış məlumat verilmişdi. Bu səbəbdən də kəşfiyyat dəstəsi açıq döyüşə girmiş və mühasirəyə düşmüşdü. Dəstə, bütün üzvləri yaralansa da mühasirədən çıxa bilmişdi. Elə bundan sonra biz kəndə girmək əmri almışdıq. İlk kəndə bizim birinci qrup – baş leytenant Rafiq Rzayevin qrupu girmişdi. Ermənilər kəndin demək olar ki, yarısına qədər irəliləyərək, əlverişli mövqeylərini tutmuşdular. Qüvvə nisbəti ermənilərin xeyrinə idi. Qeyri bərabər döyüşə girən birinci qrup çox sayda yaralılarla döyüş qabiliyyətini itirməkdə idi. Birinci qrupun komandiri R.Rzayev də yaralanmışdı, artıq döyüşü idarə edə bilmirdi, lakin əsgərlər özünü itirmədən döyüşü aparmışdılar, onlardan İlham və başqa əsgərlər özlərinə mövqe tutaraq döyüşü davam etdirmiş, geri çəkilmək fikirləri olmamışdı. Artıq bu məqamda bizim daha bir qrup kəndə özünü yetirmişdi. Bu, Cəbrayıl Həbibovun komandiri olduğu ikinci qrup idi.

Ərazi elədir ki, sağdan və soldan çay axır və çayı keçmək də çətin idi. Cəbrayıl Həbibovun dəstəsi çayın sağ tərəfinə hərəkət etmişdi. Orada yüksəkliyə qalxaraq mövqeləri tutmağa çalışmışdılar. Meşəlikdə elə mövqe seçmişdilər ki, düşmən onları görmürdü. Rafael Həbibov isə dəstəsi ilə, üçüncü qrup, Ağdərəyə gedən əsas şose yolu ilə hərəkət edirdi. Onun arxasınca mən PDM-lə hərəkət edirdim. Bu yolda böyük döngə var və döngədə Rafaelin PDM1-i erməni PDM2-si ilə üzbəüz çıxmışdılar. O, öz nişançısına atəş əmri vermişdi və həmən düşmən PDM-i vurulmuşdu. PDM1 və PDM2 çox fərli döyüş maşınlarıdır və PDM2 dəfələrlə üstündür. Onu yayındırmaq və Rafaelin PDM1-ini vurmasını əngəlləmək üçün Cəbrayılın PDM-lərindən erməni döyüş maşınına atəş açırdılar. Yolun sağ istiqamətində qoz ağacı vardı. Cəbrayıl PDM2-ni nişan ala bilmirdi, onun maşınının ilk atəşlə nişangahı vurulmuşdu. Onlar qarasına, əsasən yayındırıcı məqsədlə atəş açmağa məcbur idilər. Rafael bir dəfə düşmən PDM-ni vurdu, lakin maşın məhv edlməmişdi, içindəkilər kontuziya almışdı. Artıq onların da hərəkəti xaotik idi. Bu zaman Cəbrayıl PDM-lərdən birinin nişançısına əmr edərək, erməni PDM2-sini vurmaq göstərişi verdi və Elbrus 4-5 atəşlə PDM2-ni vurdu, o, alışdı.

(Erməni PDM2-sinin Çərəktar döyüşündə vurulandan sonra qalığı . / Döyüşçülərimiz danışır ki, PDM-in içindən partlayışla çölə atılan erməni meyidi PDM-in yanında olan ağacın üstünə düşmüşdü və oradaca qalıb çürüdü.)

Erməni piyadaları bundan sonra ferma istiqamətində geri çəkilməyə başladı. Həmən istiqamətdə sol tərəfdə açıq dağlar idi, sonra meşəliklər başlayırdı. Rafael o istiqamətdə dəstəni götürüb hərəkət etmək əmrini verdi və mən əmri yerinə yetirdim. Ermənilərin meşəliklərdə də yetərincə qüvvəsi yerləşirdi. Bizə açıqlıq, dağ ərazisini keçməyə imkan vermirdilər. Buna baxmayaraq, biz irəliləyə bildik və meşə istiqamətini güclü atəşə tutduq. Bizim zenit qurğumuz vardı, komandiri baş leytenant Saşa Simon (milliyyəti – maldovan, ləqəbi – Akademik – K.S.) idi. Zenitçimiz İlqar Məmmədov (ləqəbi – Mazuta – K.S.) peşəkarçasına atəş açaraq ermənilərin hərəkətini paralic edir və atəş açmalarına imkan vermirdi. O döyüşdə İlqar yaralandı.

Ermənilərin böyük qüvvəsi isə fermanın içinə cəmlənmişdi. Biz fermada bu qədər çox qüvvəylə ermənilərin ola biləcəyini düşünməmişdik. Xəbər tutanda ferma istiqamətinə güclü atəş açmağa başladıq. Zenit qurğusu, qumbaraatan və avtomatlardan fermanı atəşə tutaraq düşmən qüvvəsini məhv etdik. Onlar geri çəkilməyə, hətta deyərdim ki, xaotik olaraq geri qaçmağa başladı. Biz ferma istiqamətində irəliləyirdik. Nəhayət fermanın ərazisinə daxil olduq, erməni 60-dan çox meyidini orada qoyub, qaçmışdı, lakin yaralı yox idi, əlbət yaralıları çox və ağır olduğundan təkcə onları daşıma imkanları olmuşdu. Ardınca meşəyə qədər hərəkət edib, ərazini ermənilərdən tamamilə təmizləyərək, kəndi azad etdik.
Sonra ərazini öyrənərək, mövqeləri müəyyən etdik, səngərlər qazdıq. Müdafiəni təşkil etdik.
– Çərəktarın əhəmiyyəti nədən ibarət idi, niyə erməni bu qədər qüvvə yeritmişdi bir kəndə?
– Kənd Kəlbəcərə və kəndlərinə gedən yolda yerləşir. Çərəktar çox böyük strateji əhəmiyyət kəsb edən bir kənd idi və erməni onu aldığında bir neçə kəndimiz mühasirə vəziyyətində qalmış olacaqdı. Biz bu hücumun qarşısını almaqla Kəlbəcərə yolu erməni üzünə bağladıq və qalan kəndlərin asanlıqla zəbt edilməsi şansını erməninin əlindən almış olduq. Ermənilər üçün bu kəndin alınması böyük əhəmiyyət kəsb edirdi, bizim üşaqlar qəhrəmanlıqla ərazini işğaldan müdafiə etdi.
Xatirimdədir, Rusiyanın informasiya proqramlarından biri – “Vesti” bu döyüş haqqında xəbər vermişdi. Ermənilərin sözüylə ərazidə rus hərbçi muzdlularının vuruşduğunu demişdilər. Biz isə sovet ordusunun hərbi məktəbini keçmiş azərbaycanlı balaları idik, milliyyətindən asılı olmayaraq. Bildiyiniz kimi bizim reyd dəstəsi əsasən bakılılardan və Azərbaycanın başqa bölgələrindən gələnlərdən ibarət çoxmillətli tərkibə malik idi.

Qozlu körpü.

– 1992-ci ilin yaz-yay hücum kompaniyasında sizin reyd dəstəsi harada idi və hansı döyüşlərdə iştirak etmişdi?
– Azərbaycan ordusunda genişmiqyaslı hücum planı: Ağdərə – keçmiş Mardakert və Şaumyan rayonlarının işğaldan azad edilməsi planı hazırlanmışdı. Genişmiqyaslı işğaldan azad etmə hücum planının bir qolu da Kəlbəcər istiqamətində hücum planı idi.
O zaman bizim Qərargah rəisi kapitan Oqtay Kərimov idi. Bizə hücum haqqında əmr məktub vasitəsiylə çatdırılmışdı. Dəstəmizin komandiri İlqar Qəhrəmanov səhhətində olan problemlə bağlı Kəlbəcərə hospitala aparılmışdı, əvəz edən isə O. Kərimov idi.
Kərimov dəstə komandirlərini və komandir müavinlərini yığaraq, əmri bizə çatdırdı. İkinci qrupun komandiri Cəbrayıl Həbibov da yaralı və şəhidləri Xanlara aparmışdı, yerində yox idi. Birinci qrupun komandiri Rafiq Rzayev isə Çərəktar döyüşündə yaralanmışdı. Kərimov bizə dedi ki, məhz bizim dəstə, bütün qrupların iştirakı ilə, tam komplektdə Ağdərə-Kəlbəcər yolu ilə Getavan və Vaquaz istiqamətində hərəkət etməliyik. Bizə məlumat verdilər ki, Ağdərə və Şaumyana hücum var, biz də Kəlbəcər istiqamətindən irəliləməliyik ki, erməniləri tamamilə ərazidən vurub çıxararaq kəndlərimizi azad edək. Biz hücumun detallarını müzakirə etdikdən həmən sonra hərəkətə keçdik. Kəşfiyyat aparmağa bizə vaxt verilmədi və kəşfiyyat etmədən hərəkətə başlamağa məcbur qalmışdıq. Qruplardan bir tək üçüncü qrupun komandiri dəstədə olduğuna səbəb qərara alındı ki, bizim üçüncü qrup öndə getsin. Rəhmətlik Rafael öz PDM-i ilə birinci gedirdi. Ortada ikinci, arxada isə birinci qrup hərəkət edirdi. Biz bilirdik ki, bizim bu döyüşümüz çox ağır, ölüm-dirim döyüşü olacaq. Dəstə tamamilə hazırlıqsız: komandirlərsiz və kəşfiyyat məlumatları olmadan döyüşə atıldı. Elə bu səbəbdən də Rafael öndə getdi, bütün ağırlığı üzərinə almaq üçün.

– Bir sualım olacaq. Ağdərə və Şaumyan cəbhəsində vəziyyətdən nə dərəcədə xəbərdar idiniz?
– Məndə olan məlumata görə orada bizim ordu uğurla irəliləmişdi. Şaumyan istiqamətində bizimlə eyni zamanda paralel yaranan Əzizağa Qənizadənin reyd dəstəsi irəliləyirdi. Ərazi üzrə cavabdeh briqada – 703 də uğurla irəliləyirdi.
1992-ci il, iyunun 4-ü idi. Bizim əsas tapşırığımız adı gedən istiqamətdə olan hücum əməliyyatlarına dəstək və əsasən erməni qüvvələrinin bir hissəsinin diqqətini üzərimizə çəkərək, Ağdərə-Şaumyan istiqamətində hücum edənlərdən yayındırmaq idi. Bizimlə eyni vaxtda Zaur Rzayevin də briqadası hücuma keçməli idi. Lakin onların istiqaməti bizimkindən çox daha təhlükəsiz və asan idi.
Əraziyə 7 km dərinlikdə hərəkət etdik. Kəşfiyyatçılarımız irəlidə gedir və geri, bizə yolun təhlükəsiz olduğunu xəbər verirdilər. Bütün yol boyu ermənilərin heç bir dayaq nöqtəsinə və müqavimətinə rast gəlmədik. Bu, bizi biraz da diqqətli olmağa məcbur edirdi. Əvvəldən kəşfiyyat edilməyən ərazi haqqında heç bir məlumata malik olmamamız bizi kor vəziyyətinə salmışdı. Nə gözləyə biləcəyimizi bilmirdik. Sakitlik olması bizi daha da gərgin vəziyyətə gətirmişdı. Yol boyu hər bir-iki saatdan bir dayanıb, kəşfiyyatçıların məlumatlarını gözləyirdik. Amma birdən qəfil müqavimətə rast gəldik və mühasirəyə düşdük. Kəşfiyyatçılarımız səhv də edə bilərdi, biz sonra onlarla bu döyüşü heç müzakirə etmədik. Əgər siz onlardan kimləsə söhbət etsəydiniz vəziyyət haqqında tam mənzərəni anlayardınız.
Beləliklə, əraziyə 7 km girdikdən sonra qəfildən güclü müqavimətə rast gəldik. Biz Tərtər çayının sol tərəfində hərəkət edirdik. Qozlu körpü və Vaquaz istiqamətində sağ-sol erməni tərəfindən çoxsaylı qüvvələrin yerləşdirildiyi böyük qüvvə və güclü müqavimətlə üz-üzə qaldıq.
Onu da qeyd edim ki, ermənilər yolları partlatmışdı və biz özümüzlə bir buldozer götürmüşdük. Yollar eləydi ki, dağı partlatmaq yolu kəsməyə bəs edirdi. O, irəlidə hərəkət edərək yolu təmizləyirdi. Ermənilər elə ilk bizim buldozeri vurdular. Biz vəziyyəti dəyərləndirdik və anladıq ki, çayın sağ və sol tərəfi ermənilər tərəfindən tutulub. Biz mühasirə vəziyyətində idik, bir tək geriyə yolumuz vardı. Açıq ərazidə idik və ermənilər bizi görürdülər.

– Demək olarmı ki, ermənilər evvəldən qurulmuş puskuya salmışdı sizi və kəşfiyyatınız bu puskunu aşkar edə bilməmişdi?
– Əslində belə də görünürdü. Onlar bizi gözləyirdilər.
Mühasirəyə düşdüyümüzü anladıqda özümüzü itirmədik, biz komandirlər həmən vəziyyəti doğrü qiymətləndirərək, döyüşə girdik. Rafael PDM-i tərk edərək, irəli getdi və əlverişli mövqe tutdu. Əslində Rafael həmişə beləydi, qrupla döyüşə girdiyində də çalışırdı ki, ən ağır tapşırığı özü yerinə yetirsin, qrup üzvlərini qoruyurdu. Mənə həmişə deyərdi ki, sən ailəlisən, mən səni təhlükəyə ata bilmərəm. Özü subay idi və məni qorumağa çalışırdı. Təbii, bu, mənim ürəyimcə deyildi. Etiraz da edirdim, amma o, bildiyini edirdi. Deyirdi, sənə bir şey olsa iki balanın üzünə baxa bilmərəm, mən subayam, mən qabaqda gedim, mənə bir şey olarsa, müavin kimi onsuz da sən irəliyə getməli olacaqsan. Çox cəsarətli və qorxmaz şəxsiyyət, nümunəvi komandir idi. Əsgərlər onunla heç nədən qorxmurdu. Onu da əlavə etmək istəyirəm ki, bizim reyd dəstəsində, demək olar, hamı bizdən yaşca böyük idi. Mənim 27 yaşım vardı, könüllü əsgərlərimiz 30-40-50 yaşında idi. Buna baxmayaraq, Rafael ata qayğısıyla yanaşırdı əsgərlərinə.
Bu döyüşdə də irəlidə gedirdi, dəstəyə tapşırıqlarını verərək, önə atıldı. Ağacların arxası və ehtiyatla irəliləyirdi. Məqsədi qarşıda düşmən mövqelərini təyin etmək və geri PDM-lərə mövqeləri vurmaq üçün trasser ilə istiqaməti göstərmək idi.
Bizdə Şilka (4 Lüləli avtomatik atəş acan tırtıllı döyüş masini – K.S.) vardı, bir dəqiqədə 400 ədəd patron atırdı. O, şilkanın nişançısına irəlidə hərəkət edərək ermənilərin mövqelərini təyin edir və trasserlə işarə verirdi. Şilkanın nişançısı da Rafaelin trasserdən vurduğu istiqaməti atəşə tuturdu. Rafael mənə sol tərəfdən meşəyə girmək əmrini verdi. Mənim tapşırığım ermənilərin bizim arxamıza keçməsinin qarşısını almaq idi. Mən qumbaraatan və avtomatlarla 6 nəfər götürüb meşəyə girdim, meşəylə də dağın yüksəkliyinə qalxdıq. Yüksəklikdən baxanda demək olar ki, erməni ovcumun içində idi. Biz qumbaraatanla bir atəşə o istiqamətdə olan erməniləri susdurduq. Lakin ermənilər iriçaplı silahlardan istifadə edərək bizim istiqamətdə atəşə davam edirdilər. Yerimizi açdığımız atəşlə müəyyən edən ermənilər bizi atəşə tutdular, 4 nəfərim yaralandı. Mənim 4 nəfəri də götürüb aşağı enməm lazım idi, ancaq mən bunu etmədim. Müharibənin öz qanunları var… Mən atəşi daha da intensivləşdirdim, Rafaelin biraz arxaya çəkilməsini gözlədim çünki, onlar çox irəli getmişdilər və atəş köməyi olmadan zərbə altında qala bilərdilər.
Bu döyüşdə biz də itki verdik, hər bir əsgərimiz bizim üçün sonsuz böyük itki demək idi. Amma ermənilər də, baxmayaraq ki, bizi pusquya salıb, yarımmühasirə vəziyyətinə düşürmüşdülər, çox böyük itkiyə məruz qaldılar. Burada bir neçə saat döyüş getdi, çox ağır və qanlı döyüş oldu. Bizim PDM-lər dağ istiqamətində sağdan və soldan hərəkət etdilər və biz yaralıları döyüş meydanından çıxardıq. Oleq Dmitrenko, yaralıların çıxarılmasında sona qədər iştirak etdi. Rafaeli sağ tərəfdən qoruyan snayperimiz Elçin Şükürov da şəhid oldu, amma Rafael geri çəkilmədi. Sağdan çay axırdı, axın çox güclü idi və onu keçmək imkansız idi, ermənilərin oradan bizi yalnız atəşə tutmaq imkanları vardi, soldan isə meşəylə yüksəkliyə qalxaraq ermənilərin arxamıza keçməsini biz dayandırdıq. Uşaqlarımız qəhrəmancasına vuruşdu! Nişançı Dobinin gözləri zədə alaraq tutuldu. Bizim 12 nəfər yaralımız, 4 şəhidimiz oldu. Ağamirzəyev Mübariz (2-ci qrupun komandir müavini) və Oleq Dmitrenko (sürücü-mexanik) dəstənin geri çəkilməsinə atəşlə dəstək olmaq üçün döyüş ərazisində qaldılar. Sonda əsir düşməmək üçün biri başının, digəri qarnının altında qumbara partlatmışdı…
Biz yaralılarımızı ərazidən çıxardıqdan və bir qədər geri çəkildikdən 2 saat sonra ermənilər də ərazini qoyub qaçmışdılar. Çünki, itkiləri kütləvi idi, demək olar ki, dəqiq açılan atəşlə erməni mövqeylərini darmadağın etmişdik. Onlar da geri çəkilmək, ərazidən çıxmaq məcburiyyətində qalmışdılar. Sanıram, erməni şokdaydı itkilərinin kütləviliyindən!

– Siz necə müəyyən etdiniz ki, erməni tərəf kütləvi itki verib?
– Ermənilərin qaçması məlumatını aldıqdan sonra yaralıları arxaya göndərərək əraziyə yenidən qayıtdıq. Ermənilərin tutduğu mövqelərə daxil olduq, mən şəxsən bir neçə nəfərlə oradan çox sayda silah sursat götürmüşəm. Əgər düşmən döyüş meydanında bu qədər sayda silah atıb qaçırsa, demək ki, onu aparmağa imkan olmayıb, bu isə daşımalı başqa bir şeyin olduğu deməkdir, yəni yaralı və meyidlərin. Səngərlərdə dolu qan gölməçələri isə onların məhz ölü olaraq həddsiz itgisinin bariz sübutu idi. Az sayda meyidlər qalmışdı səngərlərdə, yəqin ki, onları daşımağa adam sayı imkan verməmişdi. Biz bir qədər geri çəkildikdən sonra döyüş dayanmışdı və ermənilərin meyid və yaralılarını aparmağa tam imkanları və zamanları vardı, lakin ortada qalan azsaylı meyid və çoxsaylı silah itkinin kütləviliyindən xəbər verirdi. Onu da qeyd edim ki, mən erməni dilini mükəmməl bilirəm və ardıcıl olaraq onların ratsiyalarlarını dinləyirdim. Ratsiya ilə verdikləri məlumat da bunu təsdiqlədi.

– Ərazini ələ keçirə bildiniz və şükür ki, itkiniz çox deyildi, daha sonra nələr oldu?
– Biz oranı ələ keçirdikdən sonra təyinat nöqtəsinə tərəf irəlilədik və İmarət-Qərvənd ərazisində Zaur Rzayevin briqadası ilə görüşdük.

– Milli Qəhrəman Rafayıl Həbibov bu ərazidə və bu döyüşdə şəhid olub, siz onu qeyd etmədiniz.
– Artıq tapşırıq tam və uğurla yerinə yetirilmişdi. Biz səhəri gün, 5 iyunda, ərazinin tam olaraq ələ keçirilməsi sonrası geri qayıdaraq, sıradan çıxmış PDM-lərimizi də götürdük. Məhz bu ərazidə ağır döyüşlərdən sağ-salamat çıxdıqdan sonra dəstəni peşəkar və qəhrəmancasına mühasirədən çıxarmış, əsgərləri xilas etmiş Rafael Həbibov minaya düşərək şəhid oldu. Biz əraziyə PDM-lərin arxasınca qayıtdığımızda maşın sürüşdü və tank əleyhinə minanın üzərinə düşdü. Rafaeli mina partlayışı 2 metr kənara atdı. Rafael maşında əyləşməmişdi, o, maşının çölündən ayaq yerində dayanaraq, maşının pəncərəsindən tutmuşdu və bu səbəbdən də partlayış onu tulladı. Mən özümü Rafaelə çatdırdım və qeyri ixtiyarı qışqırdım. Mənə dedi ki, qışqırma, hər şey yaxşıdır, mənə bir siqaret yandır. Mən siqareti yandırıb, ona verdim. Bu zaman Kəlbəcər tərəfdən bir UAZ gəlirdi. Biz həmən onu UAZ-a qoyub Kəlbəcərə göndərdik və ratsiya ilə qardaşı Cəbrayıl Həbibova Rafaelin minaya düşməsini xəbər verdik. Təxminən 40 dəqiqə sonra Rafaelin rəhmətə getdiyi xəbərini aldıq…

– Allah rəhmət etsin…
Sonradan bu ərazidə hansı erməni batalyonları ilə vuruşduğunuzu bildinizmi? Çox vaxt döyüşçülər üçün bu, maraqlı olur və hansı döyüşdə hansı qüvvələrlə üz-üzə vuruşduqları haqqda maraqlanırlar.
– Yox, mənim erməni tərəfin silahlılarının ad və nömrələrilə bağlı olan məlumatım yoxdur, amma sonradan öyrəndik ki, məhz bu istiqamətdə bizim hərəkətimizi gözlədiklərindən yerli quldur dəstələrindən əlavə oraya müqaviməti gücləndirmək üçün Ağdərə istiqamətindən bir briqada gətirilibmiş. Dəqiq məlumatları olub ki, məhz Vaquaz-Aterk istiqamətinə buradan keçərək bizim qüvvə irəliləyəcək. Ərazi strateji əhəmiyyətə malik idi və erməni oranı itirmək istəmirdi.

Üçüncü hissə

Müsahibim 772-ci hərbi hissədən deyil, amma onlarla bərabər Çərəktar və Qozlu körpü döyüşlərində iştirak edib. 844 saylı könüllülərdən ibarət hərbi hissənin döyüşçüsü Qurbanov Şaban Qurban oğlu

Çərəktar

– Oxucularımıza özünüzü təqdim edin.
– Mən Ağdərə rayonunun Çərəktar kəndində yaşamışam. Rayonun inzibati qurumları münaqişədən əvvəl ermənilərin əlində idi. Vəziyyət ağırlaşanda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı ilə ərazi üzrə yerlı əhali arasından könüllülərdən ibarət bir batalyon yaradıldı (844 saylı batalyon – K.S.) və 126 nəfər kənd sakini bu batalyonda birləşdi. Orada hərbi hissə adlandırılan qrumlar vardı, amma bilirsiniz ki, bizdə hələ ordu formalaşmamışdı. Batalyonu 172 və 712 saylı hərbi hissələrlə birləşdirib, briqada təşkil etdilər. Bizdən 12 -13 km yuxarı Kəlbəcərə doğru istiqamətdə haqqında yazdığınız reyd dəstəsinin dislokasiya ərazisi idi. Onu da qeyd edim ki, bizim kənd Ağdərə və Kəlbəcərin arasında Ağdərəyə məxsus sonuncu kənd idi və bizdən sonra Kəlbəcər rayonu başlayırdı.

– Siz 772 saylı reyd dəstəsi ilə Çərəktar döyüşündə olmusunuz. Bu döyüş haqqında xatirələrinizi bizimlə bölüşməniz maraqlı olardı.
– Bəli, biz onlarla iyun ayının 10-unda Çərəktar döyüşündə iştirak etmişik. Daha doğrusu onlar bizə yardıma gəliblər.
Həmin ayın 4 – 6-sı arası hərbi tapşırıqla Gəncə şəhərinə gedib, qayıtdım. Ayın 10-u Qərargaha gəldiyimdə dedilər ki, kəndin ətrafında hərbi geyimlilərin toplaşması prosesi gedir. Biz ətraf kəndlərlə əlaqə yaradıb, bunların kim olduğunu aydınlaşdırmağa çalışdıq. Amma bizim qüvvələrin olduğu təsdiqlənmədi. Mən 16 nəfərlə kənddən aşağı tərəfə endik (Ferma istiqamtində – K.S.), atəş başladı və intensiv atışma oldu. Bizim texnikamız yox idi, ancaq piyadalardan ibarət idik. Ermənilərin PDM2-si kəndin içərisinə qədər irəlilədi, ardınca piyadaları gəlirdi. Bizim gücümüz texnika ilə irəliləyən böyük qüvvəni saxlamağa yetmirdi. Biz 772 saylı reyd dəstəsindən yardım istədik. Onlar bizə yardıma gəldi və qısa bir müddətdə kəndi vuran erməni PDM2-sini ekipaji ilə məhv etdilər. Bizim radio o gün döyüşdə 50-60 erməni yaraqlısının məhv edildiyini dedi, amma daha sonra Azadlıq radiosu bu sayı daha da çoxaltdı. Məmmədov Yunus Muxtar oğlu, Ağamaliyev Şakir Yunus oğlu şəhid oldu. Axşam saat 7-nin yarısına qədər döyüş davam etdi. Ermənilər böyük qüvvə ilə gəlməsinə baxmayaraq kəndi ala bilmədi və geri qaçmağa başladı. Ərazidə qalan PDM2 isə 772-nin kəndimizi qorumasının bir simvoluna çevrildi. Bundan sonra müdafiəni möhkəmləndirmək üçün 772-nin əsgərləri kənddə növbəli olaraq mövqelərdə dayandı. Rəfayıl və Cəbrayılın qruplarının igidliyi nəticəsində erməni itkilər verərək geri oturduldu.

Qozlu körpü

– Bəs Qozlu körpü döyüşünü necə xatırlayırsınız?
– Təxminən Çərəktar döyüşündən bir ay sonra, axşam Zaur Rzayev Çərəktarda yerləşən ştaba gəldi. Səhər saat 6-da Qozlu körpü istiqamətində hücumun olacağını dedi. Tapşırıq belə qoyuldu ki, o, briqadasının əsas qüvvələri ilə Çapar istiqamətində, biz isə 772 ilə bərabər Qozlu körpü istiqamətində əsas yolla hücuma keçərək hərəkət edib, Qozlu körpüdə birləşməliyik. Bizim batalyon və 772, təxminən 160-170 nəfərə qədər döyüşçü, texnikadan PDM-lər, Şilka və ermənilər tərəfindən qayaları partladaraq bağlamış yolu təmizləmək üçün Kəlbəcərə məxsus olan bir ədəd Buldozerlə hərəkətə başladıq. Bizim batalyonun komandiri Vaqif Abbasov və Rəfayıl Həbibov öndə Buldozerin arxasınca getdilər. Bir qədər irəlidə hərəkət edirdilər, qüvvələri qorumaq məqsədi ilə.
Erməni mövqelərinə yaxın ərazidə, təxminən 3 – 4 km qalmış Cütüzün düzü adlanan yerə çatanda böyük döngə var və biz o döngəni keçən kimi ermənilər sağ və sol istiqamətdən olmaqla qumbaraatanlarla öncə Buldozeri vurdular. Sonra onun arxasınca hərəkət edən PDM-i vurdular, bununla da yolu bağladılar. Qeyri bərabər döyüş başladı. Biz demək olar ki, mühasirəyə salınmışdıq. Olduqca çətin anlar yaşandı, Vaqiflə Rəfayıl qüvvələri hansı tərəfə çəkdisə o tərəfdə güclü atəş oldu. Həm də ona görə qeyri bərabər döyüş idi ki, biz onları görə bilmirdik. Meşədə özlərinə əlverişli mövqelər tutmuşdular, biz isə açıqlıqda idik və bizi vurmağa sərfəli mövqe imkanları vardı. Bizdən bir nəfər – Alıyev Hüsü Əli oğlu yaralandı. Təxminən 4 saata yaxın döyüş getdi. Biz də cavab verirdik, amma onların mövqelərini aşkarlamaq zaman alırdı.
772-nin komandiri Rəfayılın sayıqlığı nəticəsində Şilka həmən işə düşdü və erməni mövqelərinin bir neçəsi onun tərəfindən aşkarlanaraq, göstərişi ilə Şilka vasitəsiylə məhv edildi. Bundan sonra bizim vəziyyətimiz biraz yaxşılaşdı və biz geri çəkilməyə başladıq. Bizim arxa tərəfimizdə də ermənilər vardı, düzdür, 772-nin komandiri döyüşü düzgün qurmaqla tamamilə bizi mühasirəyə almaq imkanı vermədi. Amma yaralanan və arxaya göndərilən Alıyev Hüsünü geri gedəndə ermənilər vurmuşdu, o, orada şəhid oldu. Olduqca ağır döyüşdən az itki ilə yavaş-yavaş geri çəkilərək Çərəktara gəldik. Yaralılarımız çox idi. Az itkiylə ağır döyüşdən çıxmağımıza baxmayaraq, Rəfayıl çox əsəbiydi ki, verilən tapşırığı yerinə yetirə bilməmişik. Qərara alındı ki, biz bu istiqamətdən keçə bilmiriksə, səhər erkəndən Ağdaban tərəfdən Çapar istiqamətindən irəliləyək. Səhər erkəndən Ağdaban tərəfdən enərək Çapara tərəf irəlilədik. 1992-ci ilin dekabırında Çapara yaxın Kərəmli kəndinin əhalisi erməni tərəfdən hücum edərək kənddən çıxarılmışdı. Əməliyyat son nəticəsinə görə uğurlu adlandırıla bilərdi. Biz qoyulan tapşırığı yerinə yetirmişdik. Erməni əlində olan kəndlər azad edilmişdi.

– Siz Ağdaban tərəfdən Çapara enəndə dağlarla irəlilədiniz, texnika götürmüşdünüzmü?
– Vurulan texnika Çərəktar – Qozlu körpü yolunda, geri qalanı isə Çərəktarda buraxmışdıq. Biz Ağdaban – Çapar istiqamətində cəmi 2 PDM-lə hərəkət etdik. Çapara endikdən sonra Çərəktar – Qozlu körpü yolunun təhlükəsizliyini yoxlamaq və yolun açıq olduğuna əmin olmaq üçün Rəfayıl Zil maşını ilə geri Çərəktara hərəkət etdi. Maşın yoldan sürüşərək minaya düşdü və Rəfayıl Həbibov şəhid oldu…

– Mənə Ağdaban – Çapar istiqamətində endiyinizdə, kəndin alınması uğrunda gedən döyüşün də təfsilatı maraqlıdır.
– İnandırım sizi ki, çox rahat və yüksək səviyyədə döyüş getdi. Ağdaban – Çapar arasında 4 km meşə yolu var, biz bu yolla irəliləyəndə ermənilərin səsindən qulaq tutulurdu, onlar elə panika və vahimə içindəydi və müsəlmanlar gəlir deyə bağırırdılar! İki saat ərzində davam edən atışma nəticəsində rahatlıqla kəndləri erməni yaraqlılarından təmizlədik. Döyüşün yüksək hərbçi peşakarlığı səviyyəsində qurulmasının nə demək olduğunu mən orada Rəfayılın əməyində, komandirlik bacarığında gördüm. Heç bir itki vermədən, yüksək əhval-ruhiyyə ilə kəndləri geri aldıq!
Orada Amaliya adlı bir qadın da gedə bilməyib qalmışdı, yaşlı idi. Biz onu Qərargah rəisi Tacibova təhvil verdik və bildiyimə görə onu dəyişdilər. Kənd isə xaotik və panika içində tərk edildiyinə ev əşyalarına toxunulmamışdı.
Allah şəhid verdiyimiz oğullara rəhmət etsin, hər bir itirilən oğul bizim üçün əzizdir, amma Rəfayılın itirilməsi bizdən yana çox böyük itki oldu. Kəlbəcərlilərdən soruşsanız indi də onlar Rəfayıl və Cəbrayıl qardaşları haqqında Kəlbəcərin qəhrəmanları kimi danışacaqlar. Bəlkə, Rəfayıl kimi cəsarətli igid gəlməyibdir dünyaya!
————————————————————————–
Müsahibim 772-ci batalyonunun kəşfiyyatçısıdır. Adının çəkilməsini istəmədi, Yalquzaq yazın, özümüzünkilər məni tanıyacaq – dedi. Təvəzökar qəhrəmanımız müharibənin ilk günlərindən könüllü vuruşanlardandır. O, Daşaltı əməliyyatında iştirak edib, Şuşa işğalı zamanı Kosalarda 9 maya qədər vuruşan döyüşçülərdən biridir.
O, 783 saylı hərbi hissədən, 6 ay xidmətdən sonra 772 saylı hərbi hissəyə gəlib.

– Siz 772-yə nə zaman gəlmisiniz?
– Mən Çərəktar döyüşündə iştirak etməmişəm. Döyüşdən 5-6 gün sonra bu hissəyə xidmətə gəlmişəm. Ayın 17-si. O gündən 772 saylı hərbi hissədə bütün müharibəni keçmişəm. 1997-ci ildə ehtiyata buraxılmışam.

Qozlu körpü

– Siz Qozlu körpü döyüşündə irəlidə gedən kəşfiyyat qrupunda olmusunuz. Bizim üçün bu döyüşə kəşfiyyatçının gözüylə baxmaq çox maraqlıdır.
– Iyunun 12-dən yay hücum kampaniyası başlamışdı. Goranboy tərəfindən Ağdərə istiqamətində döyüşlər gedirdi. Biz tərəfdə hələ gözləmə mövqeyi vardı. 10 iyun Çərəktar döyüşündən sonra biz adı gedən kəndin müdafiəsində dayanmışdıq. Mövqelərdə qruplar növbəli dayanırdı. İyulun 3-nə kimi dəstəmizin aktiv döyüşü olmamışdı. Bizim mövqelərdə durduğumuz Çərəktardan Qozlu körpüyə (Getavan – K.S.) 11 km idi. Əvvəldən kəşfiyyat apara bilməmişdik, sonradan bildik ki, ermənilər Qozlu körpüdən 3 km irəlidə pusqu qurublarmış. Bizim mövqelər də Qozlu körpü istiqamətində Çərəktardan kənarda idi. Təxminən, mövqelər arasinda məsafə 8 km olardı.
İyulun 3-də tapşırığı aldıq və bizim hərbi hissə bütün qruplarıyla hərəkətə keçdi. Tapşırığımız Qozlu körpü istiqamətində əsas yolla irəliləmək idi. 701 saylı, Zaur Rzayevin briqadası Ağdaban istiqamətindən Çapar kəndinə hərəkət etməli idi.
Bizim hərbi hissənin arxa cəbhəsi Vəngdən (Kəlbəcərin Vəng kəndi) azca aşağı Civə zavodunun yanında yerləşirdi. Vəngdən sonra Bağlı pəyə gəlir, sonra Çərəktar.
Kəşfiyyat dəstəsi, qrupda 8 nəfər və bir nəfər də yerli, ağsaqqal kişi idi, bizə bələdçilik etmək üçün bizimlə bərabər gəldi. Qrupun komandiri gizir Məlikov Rövşən (ləqəbi talış, Almaniyada qulluq etmişdi) idi. Uşaqlarla biribirimizə əsasən ad və ləqəblərlə müraciət edildiyindən soy adları xatirimdə qalmayıb. Onlardan Axunov Robert (başqir), Qəribov Fazil, İsrafilov Nazim, Pavel (Паша, indi xarici dövlət vətəndaşıdır və hərbi qulluqdadır – K.S.), Yusif və mən – Yalquzaq (odinokiy volk – K.S.). Qrupdan bir nəfəri xatırlaya bilmirəm, təəssüf ki…
Dəstəmizdən irəlidə getdik. Bizi Çərəktardan çıxanda Qərargah rəisi Oqtay Kərimov yola saldı və tapşırıqlarını verdi. Biz irəlidə gedib, kəşfiyyat etməli, düşmən mövqeyinə yaxınlaşaraq, mövqe tutmalıydıq. Səhər bizim əsas qüvvələr hərəkət edəcəkdi. Yolu müəyyən olunan nöqtəyə qədər getməyimiz lazım idi, bizdən sonra gələnlər yolu rahat gələcək, sonra irəli keçəcəkdi və biz ehtiyat qüvvə kimi qalıb, sonra arxadan hərəkət edəcəkdik. Yol texnikaya qarşı minalanmışdı. Biz yolu rahat irəlilədik. Bələdçi dedi ki, gəlin erməni mövqelərinə tamam yaxınlaşaq, mən tanıyıram. Əvvəl razılaşmadıq, bizə deyilən yerdə dayanmaq istədik, əmr beləydi, amma o, yenə bizi biraz daha irəli apardı, təyinat nöqtəsindən içəriyə doğru. Yollarda dağıntılar vardı. Ermənilər texnikanın keçməsini ağırlaşdırmaq üçün qayalıqları partladaraq yola tökmüşdülər. Erməni postlarına təxmini 2 km qalmış mövqe tutduq. Lakin yerlərini dəqiq bilmirdik.
1994-cü ildə, atəşkəs dövründə ermənilərlə cəsədləri dəyişəndə onlar bizimkilərə demişdilər ki, sizin kəşfiyyat qrupunu görürdük. Gecə bizim hərəkət etməyimizi guya görüblər. Ermənilərin Şuşa alayı vardı, bəlkə də duymuş olarsınız. Həmin o alayın komandirlərindən biri bizimkilərə demişdi ki, biz gecə sizin hərəkət edən kəşfiyyat qrupunu görürdük. Onlar dediklərinə görə dağın üstündə durublar və biz dərəylə hərəkət edərkən onlar bizi görüblər.
Səhər hücum olacaqdı. Bizə xəbərdarlıq edilmişdi ki, güclü artilleriya atəşi olacaq. Artilleriya atəşinin çox saylı olacağını gözlədiyimiz halda, 20-ə yaxın mərmi atıldı. Az atdılar bizimkilər…
Biz, Qozlu körpü istiqamətində son olaraq kəskin döngə var, orada mövqe tutduq. Dəstəmizin 11 texnikası vardı, irəlidə isə buldozer gedirdi. yoldakı dağıntını təmizləmək üçün. Biz mövqe tutduğumuz yerə qədər qüvvələrimiz maneəsiz irəliləmişdi. Həmin döngədəki tutduğumuz mövqedən keçərək qüvvələrimiz irəlilədi. Biz arxada ehtiyat üçün qalmalı idik, amma həmən onlar döngəni keçən kimi atəşə düşdülər və döyüş başladı.
Çapardan isə 701-ci briqada irəliləməli idi. Bizim məlumatımız eləydi. Döyüşə düşdüyümüz yerdən irəliləyə bilmədik, PDM-lərdən siradan çıxanı oldu və biz məcbur olduq ki, biraz geri çəkilək. Biz o zaman planın nədən ibarət olduğunu bilmirdik, sonradan bildik ki, məqsəd, əsas qüvvənin bizim üstümüzə cəlb edilməsiylə əks Çapar tərəfdən irəliləyən 701-in rahat gəlib, kəndi tutması idi. Qozlu körpüdən yuxarıda Qozlu-Vaquaz körpsü var, Tər-Tər çayının üstündə, ermənilər də çalışırdı ki, bizim qarşımızı alsınlar və bu kəndlərin əhalisi içəriyə tərəf bu körpüylə keçə bilsinlər.
Çapar tərəfdən gələn briqada güclü döyüşə düşməmişdi, bir maşınları minaya düşmüşdü və 6 şəhid vermişdilər. Kalonna kimi irəliləmiş və müqavimətə rast gəlməmişdilər. Əsas erməni bizim gəldiyimiz istiqamətdən zərbə gözləmiş və bizim qarşımızı kəsməyə əlavə qüvvələr cəlb edilmişdi, lakin bacara bilmədiklərini görüncə əhalini təcili körpüylə çixararaq, sonradan özləri də geri çəkilmişdilər. Körpüdən keçdikdən sonra isə ermənilər körpünü partlatmışdılar. Kənddə tək-tük adamlar qalmışdı, çatdırıb gedə bilməyənlər. Deyərdim, erməni sənəd və qiymətli əşyasını çıxarmağa ancaq imkan tapmışdı. Əvvəldən çıxacaqlarını bilsəydilər, hər halda toparlanıb gedərdilər, görünür bizi geri oturda biləcəklərinə əmin imişlər. Kənd tamamilə olduğu kimi, ev və təsərrüfat əşyalarına toxunulmadan tərk edilmişdi. Moskviç, Niva, Zil və sairə atomobillər qalmışdı.
Özünü partladan uşaqlar haqqında məlumat verilib. Hələ də təəssüf hiss edir insan xatırlayanda. Biraz tələsmişdilər uşaqlar. İki atəş arasında qaldıqlarından bizim geri qayıtdığımızı anlaya bilməmişdilər və son gülləyə qədər vuruşub, son qumbarayla özlərini partlatmışdılar.
Bizdə bir-neçə belə hadisə olub, müharibə boyu, son güllələrinə qədər vuruşub, təslim olmayıblar erməniyə və son gülləni özlərinə vurublar. Sonrakı döyüşlər haqqında söhbətlərimizdə bunlar qeyd ediləcək…

Təxminən 2 – 3 saat döyüş getdi. İrəliləyə bilmədik, biraz geri qayıtdıq. Bizə geri yolda xəbər çatdı ki, briqada Çapardan hərəkət edib, Qozlu körpünü tutub, inana bilmədik. Arxada güclü müqavimət göstərən düşmən qoymuşduq. Geri qayıtmadıq, ağır döyüşdən çıxmışdıq, irəliləmək imkanımız məhdud idi. Gecəni keçirdik, səhər tezdən Çapar tərəfdən qalxdıq və o istiqamətdən Qozlu körpüyə düşdük. Öyrəndik ki, briqada müqavimətə rast gəlməyib, rahat irəliləyib çünki, biz geri çəkiləndən sonra döyüş səngiyən kimi ermənilər ərazini qoyub qaçıblar. Bayaq da qeyd etdiyim kimi kənddə sanki heç nəyə toxunulmamışdı. Yalnız tələsik insanlar kəndi tərk etmişdi. Toyuq-cücə qaçışırdı, həyətlərdə mal-qaralar vardı, avtomobillər, ev əşyaları toxunulmaz dururdu. Ferma da vardı kəndin ərazisində, içində 150-yə yaxın donuz olardı. Orada bir at tapdıq, yəhərinə PK pulemyotunun patronqabı bağlanmışdı, ermənilər onunla posta çıxırmış əlbət.
Çapar kəndində zirzəmilər spirt və ərzaq ehtiyatı ilə dolu idi. Ermənilərin təminatı bizimkindən dəfələrlə çox idi. Onlara xaricdən böyük yardım edildiyi göz qabağındaydı. Meşokla qoz, müxtəlif soklar, yəni bizim təsəvvür edə bilməyəcəyimiz dərəcədə geniş çeşid və bolluq. Hər şeyi də qoyub getmişdilər. Mən bir qadına rast gəldim, yataqda xəstə idi, bizimlə azərbaycanca danışdı, dedi, yaşamaq istəmirəm, oğlum məni qoyub qaçdı. Bir qədər əsirlərimiz də oldu. Sonradan onlar dəyişdirildi.
Qozlu körpüdən geri Çərəktara tərəf, dünən döyüşə düşdüyümüz yolla geri qayıtdıq, həddsiz qan izləri vardı, aydın idi ki, ağır itki veriblər.

– Azər (Umudov) bəylə söhbətimizdə, o, dedi ki, kəşfiyyat bizdən irəlidə gedirdi, biz iki km gedib, dayanır onların məlumatını gözləyib, sonra təhlükə olmadığı haqqda məlumat alıb irəli hərəkət edirdik. O, deyir ki, son ana qədər yolun açıq olduğu məlumatına malik idik və atəşə qəfil düşdük.
– Hər kəs bilirdi ki, qarşıda Qozlu körpü erməni əlindədir və onların orada postları var. Biz geri məlumat vermişdik ki, bizim tutduğumuz mövqeyə qədər hər şey yaxşıdır, sakitlikdir və yol açıqdır. Onlar bizə çatana qədər də salamatlıqla irəliləmişdilər. Bizə çatıb azca keçmişdilər ki, atəş altına düşdülər. Bizim qüvvələr kəşfiyyat dəstəmizin tutduğu mövqeni keçəndən sonra dayanmadı və demək olar ki, hücuma keçdilər, artıq oradan irəlidə erməni əlində olan Qozlu körpüdə olan mövqeyinə cəmi 2 km yol qalırdı və düşünürəm komandirlərin artıq döyüşün yaxınlaşdığından xəbəri vardı. Onlar özünü itirmədi çünki, həmən vəziyyət doğrü qiymətləndirildi və döyüş başladı. Komandirlər döyüşə hazır olmasaydı orada biz böyük itgi verərdik. Sadəcə, ermənilərin yerini dəqiq bilmirdik, bizdən neçə km aralıda onlarla toqquşacağımız haqqda məlumatımız yox idi. Əvvəldən kəşfiyyat olunmamışdı, biz də kəşfiyyat qrupu olaraq, bizə tapşırılan ərazidən hələ çox irəli gedib, mövqe tutmuşduq.

Dəqiq harada erməniylə rastlaşacağımızı bilmədiyimizə irəli kalonla getdi qüvvələrimiz, bir neçə texnikanı irəli buraxmaq daha məsləhətli olardı, həm də erməni texnikanın səsini eşidir və artıq bizi qarşılamağa hazır idi. Yenə də onların mövqelərinin dəqiq bizdən nə qədər aralı olduğunu bilməməmiz bizi qəfil düşmən atəşinə tuş gətirdi.

– Demək ki, heç də kəşfiyyat səhvi demək olmazdı buna?
– Bəli, bizə verilən tapşırığı artıqlamasıyla yerinə yetirmişdik.
Orada yol şauqili idi və açıqlıq idi. Bizim kalon döngəni keçən kimi ermənilərin tam görmə radiusunda oldular və ermənilər ərazini bildiyi üçün əlverişli mövqe tutmuşdu, biz isə əmri qəfil almışdıq, əvvəldən bu istiqamətdə kəşfiyyat aparmamışdıq və ərazini tanımırdıq. Bizim əvvəldən kəşfiyyat apardığımız istiqamət Ağdaban-Çapar istiqaməti idi ki, orayla da Rzayev öz briqadası ilə hərəkət etdi.

– Maraqlı məqam odur ki, Azər bəy də bunu qeyd edir. Cəbrayıl bəy də danışanda demişdi ki, məhz bu istiqamətdə Ağdərə tərəfdən bir briqada atılıbmış. ermənilər sizin gələcəyinizi gözləyib. Siz təsdiq edirsinizmi ki, sizə qarşı əlavə bir briqada gətiribmiş ermənilər Ağdərədən?
– Bilirsiniz, mənim dəqiq belə bir məlumatım olmayıb, amma döyüşün şiddəti və düşmən itgisinin kütləviliyi onlar tərəfdən ciddi hazırlıq və qüvvənin böyük olduğunu təsdiqləyir. Düşünürəm, onlara yanlış məlumat bilərəkdən ötürülmüşdü ki, bu yolla böyük qüvvə hərəkət edəcək. Həm də onlar 772-ci reyd dəstəsinin peşəkarlığı qarşısında özlərini aciz hiss edirdilər. 772-ni “rus nayomnikləri” adlandırır və çox çəkinirdilər. Ola bilsin ki, əlavə briqada gətirilib oraya ki, bizi durdura bilsinlər və bayaq da qeyd etdiyim kimi bundan əmin idilər, belə ki, əhali əvəldən köçürülməmişdi. Demək qüvvələri çox və hazırlıqlı olub ki, belə əminliklə bizi gözləyiblər.
Aterk (Həsəniz) Ağdərənin demək olar, Marağadan sonra ikinci iri kəndidir və o kəndlərdə ermənilərin böyük qüvvələri vardı. Məhz bu istiqamətdən bizim qarşımızı kəsməyə böyük qüvvə cəlb edilə bilərdi.
Düşünürəm, bizi oraya göndərməklə biz o kəndi tuta bilsək də, bilməsək də ermənilərin qüvvələrinin ikiyə bölünməsi məqsədi daşıyırdı bu əməliyyat. Bir sözlə bizi ölümə göndərmişdilər. Bu əməliyyat biz sağ çıxsaq da, çıxmasaq da ümumi işin xeyrinə hesablanmışdı.
Hətta əminəm ki, komandirlərimiz nəyə getdiyini bilirdi. Məqsəd hay-küylə irəliləyib ermənini vahiməyə salmaq idi. Gündüz vaxtı texnikanın səsi 2 km-dən eşidilir. Bizdən 11 texnika hərəkət edirdi. Ermənilər eyni anda hər iki istiqamətdən hücumu anladıqdan sonra artıq panikada idilər. Həm Kəlbəcərdən biz, həm də Ağdərədən bizim başqa qüvvələr irəliləyirdi.
Biz tərəfdən 4 iyulda 5 kənd azad edildi. Ağdərə də 4 iyulda azad edilmişdi.

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Dördüncü hissə

Həmsöhbətim 772 saylı reyd dəstəsinin könüllü əsgərlərindən
Fərid Rəhimov
– Fərid bəy, sizin hərbi hissənin erməninin kabusuna çevrilməsi bəllidir, bəs bunun sirri nədə idi?
– Bizim hərbi hissənin üstünlüyü ondan ibarət idi ki, tərkibi əsasən həqiqi hərbi xidmət kecmiş, təlim görmüş döyüşcülərdən, gizir və zabitlərdən təşkil edilmişdi. Bizdə “əfqanıstan” keçmiş hərbçi və əsgərlər vardı. Bilmirəm, sizə danışıbmı uşaqlar, Çərəktar döyüşündə Qəribov Fazil adlı snayperçimiz vardı. O, həmin döyüşdə ən az 8-10 nəfər erməninin atəş nöqtələrini məhv edərək susdurmuşdu. Onlar Fazilin sərrast atəşindən tutduqları mövqedə hərəkət edə bilmirdilər. Onun Çərəktar döyüşündə özünəməxsus rolu olub. (Fazil (ləqəbi – Faza) Qəribov – K.S.) Əfqanıstan müharibəsini keçmiş snayperçidir, orada xüsusi təyinatlı hərbi hissədə qulluq edib və Döyüş xidmətinə görə medalla təltif olunub. 772-yə gəldiyində də snayperçi kimi müharibəni bizimlə bərabər keçib. Bilirsiniz, ətrafında biriləri gözləmədiyin halda və naməlum istiqamətdən vurulanda, bu, vahimə yaradır. Ermənilər yerindən tərpənə bilmirdi. Həm də belə hallar atəş nöqtələri bilinməyən güllə altında vurulan meyid və yaralıları çıxarmaq onları çətin duruma salırdı. Deyərdim ki, bu anlamda onun Çərəktar döyüşündə böyük xidməti olub və qeyd edilməlidir. Digər döyüşçümüz PDM1-in atıcısı, təxəllusu “Başgir” – Robert Axunovun (sürücüsü isə ukraynalı olduğundan (adı yadımda deyil) təxəllüsü “xaxol” idi – F.R.) PDM dən atdığı sərrast atəşlər fermada pusquda duran erməniləri vahiməyə salmışdı, onun da bu döyüşdə özünəməxsus rolu olub. Daha sonra bizdə Novruz (Kərimov – K.S.) vardı, əvvəlcədən üzr istəyirəm, uşaqların çoxunun soyadı xatirimdə qalmayıb, təxəllüslə bir-birimizə müraciət etdiyimizdən ad və soyadları işlənmir və unudulur, o, Çərəktar döyüşündə yaralanandan sonra “Qozlu körpü” döyüşünə hospitaldan yarımçıq çıxıb gəlmişdi və ikinci dəfə bu döyüşdə də yaralanaraq yenidən hospitala düşdü. Bizdə döyüşçülər əməliyyatlara belə can atırdı, bu, bizim hərbi hissənin tarixidir, hissədə olmuş hər bir döyüşçünün tarixi, şərəfli tarixi…
Çərəktar döyüşündə mən Şahvələdin adını çəkməyə bilmərəm. O, Rusiyada “MVD məktəbini” (Polis Akademiyası) qırmızı diplomla bitirmişdi. Çərəktar döyüşü zamanı onun tərkibində getdiyi qrup ilk olaraq Çərəktara gəlmişdi və sonradan 2-ci və 3-cü qruplar yetişənə qədər bilirsiniz ki, qrupun uşaqları hamısı qeyri bərabər döyüşdə yaralanmışdı. Sahvələdin isə xidməti ondan ibarət olmuşdu ki, yaralı 10 nəfər yoldaşının tək başına avtomatlarının darağını dəfələrlə doldurmuşdu. Döyüşdə olanlar bunun nə qədər böyük əhəmiyyətə malik olduğunu anlar, olmayanlar üçün deyim ki, yaralı əsgərin bunu təkbaşına etmək imkanı olmur, darağı dolduran olanda isə olduğu yerdən düşmən mövqeyinə atəş açmaq və düşmənin irəliləməsinin qarşısını almaq şansı böyüyür.
Çərəktar döyüşündə yaralananlardan Rzayev Rafiqin, Mustafayev Xanların, Əzizov İlhamın, Seyidin(təxəllüsü – Ərəb), Məmmədov İlqarın, Novruzun, Qafarov Əjdərin, İlhamın (təxəllüsü – Sembe) adlarını qeyd etmək istərdim. Adları yadımdan çıxan döyüşçülərimizdən üzr istəyirəm.

Zod-Qızıl mədənləri

– Siz reyd dəstəsinin tərkibində ilk gündən döyüşlərin demək olar ki, hamısında iştirak etmisiniz, ilk söhbətimiz zamanı Zod-Qızıl mədənlərində olan döyüş haqqında bəzi dəqiqləşdirməyə ehtiyac olduğunu söylədiniz və mən bu döyüşü ətraflı danışa biləcək birbaşa əməliyyatın iştirakçısını tapa bilməmişdim. İndi sizdən məmuniyyətlə məhz bu döyüşü duymaq istərdim ki, oxucularımıza da döyüşün dəqiq mənzərısini çatdıra bilək.
– Zod döyüşündə bir PDM-in vurulmasını söyləmişdilər, amma burada yanlışlıq var. Döyüşün bilavasitə iştirakçısı kimi deyim ki, biz ermənilərin döyüş maşınını vurmamışdıq. Amma döyüşçülərlə dolu Zil131 və URAL vurmuşduq.

– Bəs erməni hücuma texnikasızmı keçmişdi? Daha ətraflı danışın, zəhmət olmasa.
– Biz oraya çatana qədər erməni nə ilə hücum etmişdisə, biz onu dəqiq deyə bilmərik, amma yerli batalyonun uşaqları dedi ki, ermənilər texnika və piyada qüvvə ilə hücuma keçmişdilər. Biz çatanda artıq döyüş səngimişdi və ermənilər arxayın gəzirdi. Elə məhz bu səbəbdən Rəfayıl dedi ki, biz indi hücuma keçəriksə ermənilər üçün gözlənilməz olacaq və biz onları qəfil haqlayacayıq. Ermənilərin belə güclü höcuma keçib, ərazidə irəlilədikdən sonra dərhal Azərbaycan ordusunun hücuma keçməsi döyüş zamanı olmayan bir hadisə idi, onlar buna hazır deyildilər və biz komandirin peşəkarlığı nəticəsində bu əməliyyatı uğurla keçirdik. İndiyə qədər həmin səs qulağımdadır: ermənilər ratsiyada bağırırdı ki, “Ara, ara, eto ne momedovskaya armiya! Eto SNQ-ovskie voyska prişli im na pomoş!” ( Ara, bu Mamedin ordusu deyil! MDB qoşunlarıdır, onlara yardıma gəlib!) Hələ də bu sözlər qulağımdan getməyib. Hətta o səsi indi duysam, bütün səslərin içindən seçə bilərəm. Qızıl mədənləri ətrafındakı döyüşlərdə düşmən tərəfin itgisi 50- 60 nəfərdən az olmazdı. Mən hələ gözlə sezilən sahələri nəzərdə tuturam ki, onların meyidləri sahə boyunca var idi. Biz düşmənin bir URAL və bir Zil131-ni məhv etdik, onlar bizim başladığımız hücuma qarşı yerli silahlılarına yardıma gəlirdilər və maşınlar erməni silahlıları ilə dolu idi. Bir dənə də avtobus vurmuşduq, içində 3-5 nəfər silahlı vardı. Döyüş meydanından sol tərəfdə qızıl mədəninin içində traktor vurulanda yanında 3 nəfər həlak oldu. Bu döyüşdə snayperçi Elçin Şükürov 3-5 arası erməni məhv etmisdi. Bu döyüşdə canlı iştirakçılardan minamyot dəstəsinin komandiri Mustafa Niyazəliyev öz qrupunun bir hissəsi ilə iştirak etmişdi. (Səhv etmirəmsə avtobusla traktoru onun qumbara atanları məhv etdi – F.R.)
Bəlkə bunu çoxları bilmir, amma hələ SSRİ dövründə Ermənistanın Zod kəndində yerləşən qızıl mədənlərindən çıxarılan xam mal Ermənistanın deyil, məhz Azərbaycan torpaqlarınin qatlarından çıxarılırdı. Onların əl atdığı firildaq və bizim rəhbərliyin göz yumduğu əməl bundan ibarət idi ki, ermənilər qazdıqları şaxtaların girişini Ermənistan ərazisindən başlasa da şaxtalar uzanaraq Azərbaycan sərhəddini keçib, ərazimizin alt qatlarını zəbt edir və beləliklə bizim milli sərvətimizi oğurlayırdılar…

Qozlu körpü

– Qozlu körpü döyüşüylə də əlaqəli maraqlı məqamlar haqqda məlumatlarınız var, demişdiniz, sizi dinləyirik.
– Qozlu körpü döyüşündə əvvəla bir dəqiqləşdirməni etmək istərdim ki, biz texnikaların üstünə minəndə səhər saat 6:15 idi. Bəzi mənə sonradan aydın olan məqamlar da var ki, ümumi döyüşün məqsəd və məramına aydınlıq gətirə bilər və mən bunu sizinlə paylaşmaq istəyirəm..
Döyüşün bir qaydası var, öndə gedənlər əsas döyüşü üzərinə almağa gedir, yəni irəlidə gedənlər öz üzərlərinə birinci atəşi qəbul edirlər ki, arxadakılar artıq döyüşün xarakterini anlasın, zərbə vurulan nöqtələri təyin etsin və düşmənin qüvvəsini müəyyənləşdirə bilsin. Artıq arxadan gələn qüvvə düşmən qüvvəsini məhv etməlidir, qarşıdakı qüvvələrin döyüşərək aşkarladığı düşmən mövqelərini arxada gələnlər ayırd edərək həmləyə başlayırlar. Əvvəldən müəyyən edilən döyüş taktikasına görə biz Agdaban-Çapar istiqamətində kəşfiyyat aparmışdıq və məhz oradan hücuma keçməliydik. Axşamdan briqada komandiri Zaur Rzayev bizə əmri çatdıranda hamımız narazı qaldıq. Səhər də texnikalara əyləşəndə Rafaelə dedim ki, Raf, axı bu istiqamətdə bizi nə gözlədiyini bilmirik. Cavab verdi ki, nə gözləyir fərq etməz, gedirik, əmr belədir! Adı artıq uşaqlar tərəfindən çəkilmiş Teymurla mən eyni PDM-də idik. Mən AQS-çi olmuşam. Məhz bu səbəbdən, məndən başqa AQS-də işləyə bilən olmadığı üçün tək öz qrupumla deyil, qrupların hər biriylə demək olar ki bütün döyüşlərdə iştirak etmişəm. Hətta AQS-dən istifadəni briqadanın uşaqlarına da biz öyrətmişik. Bizimlə kəlbəcərli bir nəfər gedirdi, bələdçi kimi, təəssüf, adı xatirimdə deyil. Axırıncı döngəni keçmədən ona dedim ki, bizə dəqiq de ki, ermənilərin əsas qüvvəsi harada gizlənə bilər , biz hazır olaq. Bizim kəşfiyyatçı uşaqlar isə ermənilərin mövqelərinə qədər gedib çatmışdı, amma dəqiq yerlərini müəyyən edə bilməmişdilər. Zaman az idi. Biz onları durduğu mövqedə ötüb keçməliydik və bizdən sonra onlar ardımızca hərəkət edib, döyüşü qəbul etdiyimizdən sonra onlar da döyüşə girməliydilər. Bələdçi dedi ki, qabaqda təxminən 300 metrdən sonra döngə var, oradan sonra yol şaquli istiqamətdə Qozlu körpüyə gedir, ola bilsin ki, ermənilər məhz bu döngədə bizi qarşılasın. Qaçıblarsa başqa, amma döyüş qəbul edəcəklərsə əlverişli yer oradır. Döngən sonra qarşımızda, körpünün yanı meşəlik idi və ermənilər bu meşəlikdə özlərinə əlverişli mövqe tutmuşdular. Biz döngəni keçən kimi güclü atəşə düşdük və Rafael PDM-dən düşərək, əmr verdi ki, mən trasserlə haranı vursam, oranı məhv edin! O, açıq sahəyə keçdi, onun bu hərəkəti elə ölümə atılmaq demək idi. Bizdən öndə 4 nəfər: rəhmətlik Elçin Şükürov, Mehdi (indi Azərbaycandan kənarda yaşayır), Arif və Ağabəy vardı. Onlar erməni mövqeyinə 10-20 metr məsafədə atəşə düşdü, biz biraz, 15-20 metr geridəydik, atəş başlayanda. Bizim qrup zərbə qrupuydu və irəlidə gedib arxadakılara yol açmalıydıq. Biz ilk atəşi üstümüzə almağa hazır idik. Ağabəygil meşəyə girib, fırlanaraq yenidən bizim yanımıza qayıtdılar, açıqda hərəkət etmək imkansız idi. Biz Faton1, (yevrey milliyyətli) Saşa Dobin isə Faton2 idi. Rafael ratsiya ilə əmr verdi ki, Faton1 irəli və Faton2 onu qoru. Biz irəliyə getdiyimiz anda nişançı bildirdi ki, məndə lülə atmır. Rafaelə ratsiya ilə bu məlumatı çatdıran kimi o, dərhal əmr verdi ki, Faton1 geri çəkilsin, Faton2 onu qoru! Faton2 gəlib, bizim sağ istiqamətimizdən, çay tərəfdən irəliyə keçdi. Faton2-ni orada vurdular, Saşanın mexanik-sürücüsü də Oleq idi. Oleqi lyukdan çıxan zaman snayperlə başından vurmuşdular. O, yarıya qədər lyukdan çıxmışdı və vurulandan sonra gözlərimiz önündə sürüşərək PDM-in tırtılının yanına düşdü. Saşa Dobin isə üzünü sol tərəfini tamamilə tutmuş və gözünə 47 oskolka dəydiyindən bir gözünü itirdi…
Bilirsiniz, onsuz da kimsə sizə döyüşün tam mənzərəsini danışa bilməyəcək. Hərə öz gördüyünü danışa bilər. Həm belə mənzərələri bəlkə filmlərdə görmək olar, təsvir etmək çətindir. Torpaq od tutub yanırdı, qoca ağacların kökündən çıxıb, göydə uçması… anlatması çətin mənzərəydi, inanın. Mən o döyüşdə partlayışdan kontuziya almışdım. PDM-dən çıxıb, daşın arxasında uzanmışdım. Azər Umudov meşə tərəfdən çıxıb və mənə dedi ki, AQS-i götür gəl, mən ermənilərin üstündəyəm. Mən o vaxt onu eşıdə və anlaya bilmirdim, sonradan söhbətdə o, dedi ki, mən sənə bunu deyirdim. Mən xatırlamıram, amma Azər deyir ki, sən mənə cavab verdin ki, gözlə biraz istirahət edim… Artıq ermənilər sağ və sol tərəfdən dağın üstündən hücuma keçirdi. Simon (indi Moskvada yaşayır) vardı bizdə, çox savadlı zabit idi, o, Uralların üstünə PTUR-lar bağlamışdı, kuzalarında yerləşdirmişdi. O, başladı PTUR-la işləməyə. Ondan başqa bizdə Şilka da işləyirdi. Şilkanı işlədənin adı səhv etmirəmsə Fail, mexanik isə Şahin idi. Şilkanın komandiri rus idi, Hava Müdafiə Qüvvələri hərbi məktəbini bitirmişdi, leytenant idi. Çox savadlı idi və onun əməyi nəticəsində Şilka bizim döyüşlərdə köməyimizə çatırdı. Adı xatirimdə deyil, çox təəssüf. O, biz 1992-ci ildə Bakıya qayıtdıqdan sonra hissəmizdən getdi. Bilirsiniz, bizdə o vaxtlar belə axmaq söhbətlər dəbdəydi, rusdur, ruslara işləyir və sairə. O, ordudan uzaqlaşdırıldı və bu söhbətlərdən sonra çıxıb getdi. Siması hələ də xatirimdədir, arıq, uzun oğlan idi və olduqca döyüşkən idi. Məhz bu döyüşdə də o, şəxsən Şilkayla işlədi və bizi atəşdən qorudu. Az itki ilə geri çəkilə bilməyimizə səbəbkarlardan biri də həmin leytenant idi. O biri isə biriqadanın Şilkası, komandiri baş leytenat Fuad adlı zabit idi. Həmin iki Şılka və Simon Rafaelin trasserlə işarə etdiyi nöqtələri dərhal susdururdular. Biz geri çəkiləndə 3 şəhid vermişdik, 1 nəfərdən xəbərimiz yox idi, onu da şəhid bilirdik, amma o, səhəri gün yaralı, qan içində, lakin salamat gəlib çıxmışdı. Bu, Mehdi idi. (Indi, səhv etmirəmsə, İsraildə yaşayır – F.R.)
Daha sonrasını sizə danışıblar ki, biz Ağdaban – Çapar istiqamətindən qalxdıq yuxarı və Qozlu körpüyə Çapardan düşdük. Qozlu Körpü döyüşündə yaralananlardan Novruzun, İsrafilov Nazimin, Mehdinin, Arifin adlarını qeyd etmək istərdim. (Adı yadımda qalmayan döyüşçülərimizdən üzr istəyirəm – F.R.).
Mənim sizinlə paylaşmaq istədiyim maraqlı məqamlar isə bizim hansı səbəbdən məhz Çərəkdar – Qozlu körpü yolu ilə hərəkət etməyimizin səbəbini sonradan öyrənməyimlə bağlıdır. Biz Bakıya gətirildikdən sonra Valeh Bərşadlının əmriylə məni öz yanına, mühafizə bölüyünün komandiri vəzifəsinə təyin etdilər. Bu hadisənin üstündən bir-neçə ay keçmişdi, biz onunla söhbət etdiyimizdə ona Qozlu körpü əməliyyatı ilə bağlı sual verdim ki, niyə bizim məhz Qozlu körpü yolu ilə hərəkət etməyimizi əmr etmişdiniz? Axı biz hücuma Ağdaban – Çapar istiqamətində hazırlaşırdıq və oranı kəşfiyyat etmişdik? V.Bərşadlı bu əməliyyatın məğzini mənə o zaman açıqladı. Düzdür qəddar qərar və addım hesab edilə bilər, lakin müharibənin insan məntiqinə tabe olmayan qanunları var. Bu əməliyyat da elələrindən olmuşdu. O, dedi ki, mənə lazım idi ki, Ağdərədə Kəlbəcər istiqamətində erməni qüvvələrinin əsas hissəsini Qozlu körpü istiqamətinə cəlb etdirim və kimi göndərsəydim, ermənilər əhəmiyyət verib, həmin qüvvələri Qozlu körpü istiqamətində qüvvəni cəmləşdirməyəcəkdilər . Siz ad çıxarmışdınız və ermənilərin içində xof yaratmışdınız. Sizin adınızı eşidən kimi, ermənilər oraya əlavə qüvvələr cəlb edəcəkdi. Mən düşmənin psixologiyasının incə məqamlarından istifadə edərək, məhz sizi oraya göndərdim və ermənilərə məlumat sızdırdım ki, bu yolla 772-ci reyd dəstəsi böyük qüvvə ilə hərəkət edəcək. Eyni zamanda, əməliyyatın uğurlu alınması üçün Zaur Rzayevin də briqadasi artıq sizin tərəfinizdən kəşfiyyat edilmiş və təhlükəsiz yolla irəliləməli idi çünki, erməni yalnız sizi durdurmaq üçün məhz Çərəktar – Qozlu körpü yoluna cəmlənəcəkdi. Mən sizi ölümə göndərdiyimi bilirdim. Amma sizin 100 nəfərin şəhid olması başqa istiqamətlərdə yüzlərlə əsgərin canının qorunması və Ağdərə istiqamətində bütün cəbhələrdə uğurla irəliləməsi demək idi. Sizin dəstə isə bu döyüşdən az itkiylə və şərəflə çıxdı. Biz sizdən bu qədər böyük uğur gözləmirdik. Siz əsas məqsədə hesablanan tapşırığı yerinə yetirə bilmişdiniz, erməni sizin adınızın vahiməsinə Ağdərədə Kəlbəcər istiqamətindən xeyli qüvvələrini sizin üstünüzə yönəltmişdi, siz bu döyüşdən minimal itkiylə salamat çıxmışdınız. Məndə olan məlumata görə ermənilərin 50-60% qüvvəsini məhz sizin hərəkət edəcəyiniz istiqamətdə cəmləmişdi. Mən də bundan istifadə edərək, əsas ermənilərin bazası yerləşən Aterki yüzlərlə azərbaycanlı balasının canını qoruyaraq asanlıqla, Almanlar Fransanı necə götürmüşdüsə, elə götürdüm… Allah ona qəni-qəni rəhmət eləsin, general böyük sərkərdəydi!
Mən Rafaellə bağlı bir-iki kəlimə demək istərdim. O, bizə döyüşdə komandir idi, amma döyüşdən kənar, bizim dostumuz, yoldaşımız oldu! Hər zaman: mən yalnız döyüşdə komandirəm, döyüşdən kənar sizlərdən biriyəm! – deyirdi.
Söhbətimizin sonunu komandirimiz İlqar Qəhrəmanov haqqında danışaraq yekunlaşdırmağı üzümə borc bilirəm. İlqar Qəhrəmanov Bakıdan Kəlbəcərə çıxmamışdan əvvəl ona verilən əmrdən imtina edərək belə bir tələb irəli sürmüşdü: – “Tabeçiliyimdə olan zabit və gizirlərin social-maddi durumu pis vəziyyətdədir. Onların ailəsi ən azı evlə təmin olunmalıdır”. Bu tələb dərhal yerinə yetirildi. Ailələr evlə təmin olunduqdan sonra biz Kəlbəcərə yola düşdük. Döyüşdən kənar qayğıkeşliyi ilə yanaşı bütün döyüşlərdə komandirimiz yüksək səviyyədə tam hazırlığlı zabit kimi özünü göstərdi. Çərəktar döyüşündən sonra səhhətinin hədsiz pisləşməsi ilə bağlı, özünün narazı olmasına baxmayaraq, hospitala yerləşdirildi. “Qozlu körpü” döyüşləri zamanı biz onun yanımızda olmamasını hər an hiss etdik.
Döyüşlərə gedərkən hər bir əməliyyat dəstə komandiri kimi onun rəhbərliyi ilə hazırlanırdı. Onun “Əfqanıstan təcrübəsi” hər zaman bizə əməliyyatlarda uğur qazandırır və əsasən də dəstənin tərkibinin sağ qalmasını təmin edirdi. O, hər bir döyüşçüsünün həm komandiri, həm də atası idi. Onun düşüncəsinə görə əsgər itgisi komandirin səhvi və məsuliyyətsizliyi idi, bu səbəbdən bizdə dəmir nizam-intizam vardı. Nizam-intizam olan hərbi hissədə sağ qalmaq şansı da həmişə dəfələrlə yüksək olur və təbii ki, əməliyyyatların doğrü qurulması da əhəmiyyət kəsb edən amillərdəndir.
Bizim Qozlu körpü əməliyyatı sonrası Kəlbəcərdən çıxarılmamızın da tələbini Qəhrəmanov qoymuşdu. O, təkid etdi ki, dəstənin 60% (şəhid və yaralılarla) tərkibini itirdikdən sonra artıq burada qalıb döyüşə davam etməsi dəstənin tamamilə məhv olması deməkdir və reyd dəstəsinin Bakıya qaytarılıb, yenidən tərkibinin formalaşdırılması vacibdir. Buna səbəb onun MN-nin rəhbərliyi ilə problemləri də oldu, amma bir peşəkar zabit kimi əsgərlərinin həyatını öz karyerasına qurban vermədi.
İlqar Qəhrəmanov Əfqanistanda, Sovet Ordusu sıralarında qulluq etmiş, səriştəli bir zabitdir. O, Igidliyə, Xidmətinə görə medalllarla təltif olunmuş və iki dəfə Qırmızı Ulduz ordeninə layiq görülmüşdür. SSRİ dövründə iki dəfə Qırmızı Ulduz almaq avtomatik Sovet İttifaqı Qəhrəmanı adının verilməsi demək idi, lakin Qəhrəmanova milliyyətiylə bağlı qısqanclıq nəticəsində bu ad verilmədi. Buna misal, elə Valeh Bərşadlını da çəkmək olar, məhz milliyətinə qisqanclığın nəticəsi onun general rütbəsi 7 il gecikdirilmişdi…
• İlqar Qəhrəmanov (Dəstənin komandiri)
• Oqtay Kərimov (Qərargah rəisi)
• Rafiq Rzayev (1-ci qrupun komandiri)
• Cəbrayıl Həbibov (2-ci qrupun komandiri)
• Rəfayıl Həbibov (3-cü qrupun komandiri; ölümündən sonra – Milli Qəhrəman)
• Mustafa Niyazəliyev (Minaatan qrupun komandiri)
• Xanlar Mustafayev (Kəşfiyyat qrupunun komandiri)
• Volodya Malinin (dəstənin yaradılmasının təşəbbüskarı)
• Volodiya Kozlov (dəstənin yaradılmasının təşəbbüskarı)
Qalanların ad və soy adlarını toplaya bildiyim kimi deyəcəm, çətindir on illiklər sonrası çox şeyi xatırlamaq…
• Simon
• Kostya Firsov
• Azər Umudov
• Rövşən Melikov
• Mübariz
• İlqar Məmmədov
• İlham Əzizov
• Ağabəy Əliyev
• Teymur (Sonbeşiy)
• Nazim İsrafilov
• Əjdər Qafarov
• Novruz Kərimov
• Fazil Qəribov
• Yalquzaq (adının çəkilməsini istəmədi)
• Məhərrəm (Qorbaçov)
• Eldar (Batyan)
• Aleksandr Dobin
• Mehdi
• Arif
• Zülfüqar Əliyev
• Fail Baxışov
• Həsən (Şampanzavod)
• Vaqif (Vaqulya)
• İlqar (Analqin)
• Xaxol (adı xatirimdə deyil)
• İdris (Rabitə)
• Zakir
• Robert Axunov
• Said Xairbekov
• İlqar (Lapata)
• Ədalət (Dərviş)
• Səid (Ərəb)
• Ərəstun İsrafilov
• İlham (Sem-be)
• Polkovnik – ləqəb (adı xatirimdə deyil)
• Nizam Nağıyev
• Yaşar Əliyev
• Batya mexanik (adını xatırlamıram)
• Çingiz
• Elbrus
• Kamal (Zərgər)
• Zahid Salmanov
• Etibar Əliyev
• Şahin (Şilka)
• Sidokin
• Əlif Mirzəyev
• Pavel Şevçov
• Aleksadr Trunov
• Valentin Seleznyov
• Şahvələd
• Zaur Nuriyev
• Leytenant – rütbə (adı xatirimdə deyil)

Şəhidlərimiz

• İlham Həsənov
• Vadim Xanin
• Elçin Şükürov
• Mübariz Ağamirzəyev
• Aleksey Dementyev
• Oleq Dmitrenko
• Rafayıl Həbibov
• Valeriy Rassoxa
• İlqar Zülfüqarov
• Gennadiy (Krokodil)
Hərbi hissəmizdə həlak olmuş, əlil və sağ qalan, adlarını qeyd etmədiyim döyüşçülərimizin ruhundan və özündən üzr istəyiurəm.

Beşinci hissə

Həmsöhbətim 772-reyd dəstəsindən artıq oxucularımıza tanış olan döyüşçü
Yalquzaq.

– Kəlbəcərdən çıxdıqda nələr baş vermişdi, konfliktli situasiya olması haqqında söhbətlər danışılır. Və əlbəttə ki, 772-ci Xüsusi Təyinatlı batalyon necə yaradıldı?
– Qozlu körpü döyüşündən sonra İlqar Qəhrəmanovla Zaur Rzayev arasında kiçik konflikt yaşandı. Qəhrəmanov əməliyyatın aparılma strategiyası və sonradan dayandırılması ilə razı deyildi. O, hücumun dayandırılmasını düzgün hesab etmirdi və təklif etmişdi ki, təcili olaraq dağın üstündəki Vəng kəndi istiqamətində hücum davam edilsin. Məlum olmayan səbəblərdən bu təklifi rədd etmişdilər. Ermənilər panikadaydı (özləri tərəfindən çəkilən bunu təsdiqləyən kadrlar youtube-də var) və biz hücumu dayandırmasaydıq böyük uğurlara imza atmış olacaqdıq. Amma Tər-tər çayının sol sahili tutulandan sonra atəşkəs elan edilmişdi.
Hücum əməliyyatları dayandırıldıqdan və Qozlu körpü əməliyyatından sonra şəxsi heyətimizin azalması ilə də bağlı biz geri, Bakıya qaytarıldıq. Siralarımızı yeniləməli və dincəlməli idik.
Biz ərazini tərk etdiyimizdə texnikanı Zaur Rzayevin briqadasına təhvil verdik.
Ermənilərin “ekspedisiya korpusu” vardı, biz Kəlbəcərdən çıxdıqdan sonra iyulun axırlarında gəlib, aldığımız əraziləri yenidən işğal etmişdi. Qəhrəmanov bunun ola biləcəyini gördüyü üçün hücumu dayandırmamaq və irəliləyərək, düçmənin nəfəsini kəsmək gərəkdiyini deyirdi. O, yetərincə savadlı və uzaqgörən hərbçi idi, Əfqan müharibəsini şərəflə keçmişdi və təcrübəsi böyük idi. Ümumiyyətlə isə Qəhrəmanov elə bir zabit idi ki, o, həm zabitinin, həm də hər bir əsgərinin ayrılıqda qayğısını çəkirdi. Sərt idi, amma bir o qədər də qayğıkeş idi. Biz onun hərbi hissə qarşısında etdiyi çıxışları çox sevirdik. Rusdilli idi, amma əsgər qarşısında səlist azərbaycan dilində və o qədər təsirli, mükəmməl danışırdı ki, ardından əsgər sakit ürəklə hər bir ağır döyüşə gedərdi. Əsgərə güvən verirdi, onu ruhlandırmağı bacarırdı… Gərçək ordu zabiti idi, bir kəliməylə.
Sonradan da nazirliklə aralarında narazılıq oldu, bu səbəbdən 93-cü il yanvarın ortalarında bizim hərbi hissədən onu uzaqlaşdırdılar. Biz narazılıq etdik, amma hərbdə başqadır, narazılıqla, etirazla iş düzəlmir…
Belə bir zabiti Azərbaycan Ordusu lazımınca qiymətləndirə bilmədi. O da həqiqəti üzə deməklə öz karyerasına zərbə vurmuş oldu. Onun kimi insanlar ümumiyyətlə karyera dalınca getmir, bilirsiniz, onlar həqiqəti heç nəyə qurban vermir! …
Nazirin səhvi isə ümumiyyətlə o qədər ağır dönəmdə könüllü dəstələri buraxmaq idi. Bizim reyd dəstəsini də formalaşdıranda könüllülərin bir çoxunu uzaqlaşdırdılar, nizami hərbi hissə yaratmaq arzusundaydılar və yeni şağrışçılara üstünlük verirdilər. Amma bu yanlış idi, biz müharibə apara-apara 18 yaşlı çağrışçılarla əməli iş görə bilməyəcəkdik. Reyd dəstəsi tamamilə Sovet ordusunda bu və ya digər formada xidmət keçmiş zabit və gizirlərdən ibarət idisə, artıq Xüsusi Təyinatlı batalyon əksərən yeni çağrışçılardan təşkil edilmişdi. Lakin biz onlara bütün bilik və bacarığımızı ötürməklə hərbi hissənin adına layiq təlim keçir və onları müharibəyə bacardığımız qədər hazırlayırdıq.
Uğurlu əməliyyatlara imza atmiş Bərşadlının MN-dən uzaqlaşdırılması da Ordunun uğurlarına tormuzverici təsir etdi. Gələcək də bunu göstərdi ki, yeni çağrışçıların Orduya cəlb edilməsi, könüllülərin buraxılması müharibənin gedişatına mənfi təsir göstərdi. Məğlubiyyətin səbəblərindən biri də elə bu idi.

– Maraqlı məqama toxundunuz. Könüllülərin buraxılması deyirsiniz, amma mən biləni məqsəd sadəcə qrupların vahid komandanlıq altında birləşməsi və özbaşınalığın, itaətsizliyin qarşısını almaq olub.
– Doğrudur, bəzi insanları ordudan təmizləmək vacibdi, amma könüllüləri əksərən saxlamaq lazım idi. Mən erməni tərəfdən 18-20 yaşlı meyid və ya əsirə heç rast gəlmədim, əsasən 30-50 yaş arasında olanlar döyüşürdü. Fərqli ölkələrdən və Ermənistandan gəlmələrlə bərabər. Bizimkilər isə könüllülərə orduda qalırsa hərbi mükəlləfiyyət (zabit, gizir olmaq kimi) təqdim edirdi. Könüllü vuruşanlar isə boyunlarına məsuliyyət götürmək istəmirdilər, bu səbəbdən bir çoxları silahı qoyub, getdi.

– Hərbi təlimlərdən söz açdınız, sizə türk hərbçilərinin təlimlər keçməsi iddiası var, bu, nə dərəcədə həqiqətdir?
– Biz təlimlər keçəndə bizə türk zabitləri təşrif buyururdu, lakin onların əsas məqsədi rus silahı ilə tanış olmaqdan ibarət idi. Təlimi əvvəl də olduğu kimi əsgərlərə biz – Sovet ordusundan tərxis olaraq Vətənə dönmüş və orada həqiqi hərbi xidmət keçmiş zabit və gizirlər keçirdik. Türklər bizdən rus silahı haqqında biliklərimizi mənimsəmək üçün gəlirdi, silahlarla şəkillər çəkdirirdilər…

– Siz reyd dəstəsi olduğunuz dönəmdə çevik hərbi hissə kimi uğurlar qazandığınız bir dövrdə batalyon kimi formalaşdırılmanıza nə gərək vardı?
– Tərkibi böyütmək məqsədi daşıyırdı hər halda. Dediyim kimi nizami ordu yaratmağa çalışırdılar. Biz əvvəl adi batalyon kimi formalaşdırılmağa başlamışdıq, daha sonra, yanvarda isə Xüsusi Təyinatlılar olacağımız qərarına gəlindi. Bu da məhz özəyi reyd dəstəsinin təcrübəli döyüşçülərinin təşkil etməsinə səbəb idi.
Əvvəl biz payız çağrışçılarını qəbul edib, təlimlərimizə start verdik. Bizim hissəyə avqustda sovet ordusunda xidmət keçmiş çavuşlar gəlirdi. Daha sonra oktyabr ayının 2-sində yeni çağrışçıları qəbul etdik. İlk olaraq üç bölük yaradıldı. Birinci bölüyün komandiri Rafiq Rzayev idi. Onu da qeyd edim ki, bizdə ştat həmişə yarımçıq olub, zabit qıtlığından onları gizirlər əvəz edirdi. Tağımlarda da beləydi, komandirlər zabit deyil, gizirlər idi. Birinci bölüyümüzdə tağım komandirləri Əjdər Qafarov, mən və snayperçı Fazil Qəribov, Rövşən Melikov idik. Mən həm də bölüyümüzdə komandirin siyasi işlər üzrə müavini vəzifəsini daşıyırdım. İkinci bölüyün komandiri Cəbrayıl Həbibov idi. Tağım komandirləri Robert Axunov, Said Xairbekov, Elçin Abbasov, Ağabəy Əliyev, Teymur (Sonbeşiy, soy adını xatırlaya bilmədik… ) idilər. Üçüncü bölüyün komandiri Araz Quliyev idi. Tağım komandirləri – Zahid Sultanov, Azər Umudov. Minaatan tağımın komandiri Tofiq Cəfərovdu, İlqar Məmmədov da orada idi. Tofiq haqqında deyə bilərəm ki, biraz davakar insan idi. Sovet dövründə hərbi artilleriya məktəbində oxumuşdu, amma davakarlığı səbəbindən məktəbdən çıxarılmışdı. Çox igid oğlan idi, qorxu bilməzdi. Bizdə havadan müdafiə tağımı da vardı, komandir Saşa Simon idi. Komandirin silahlar üzrə müavini Kostya Firsov idi. Rabitə tağımımız vardı, komandiri İdris (soy adını unutmuşam), müavini gizir Yaşar Qarayev idi. Bir də bizdə təminat dəstəsi vardı, orada Xanlar (soy adını unutmuşam), gizir İlham Əzizov idi.
Yeni çağrışçılarla təbii ki, iş sıfırdan başlamalıydı. Reyd dəstəsi yarandığında tərkibinə daxil olanlar artıq sovet ordusunda həqiqi hərbi xidmət keçmişdisə, bu dəfə tamamilə hərbi hazırlıqdan xəbərsiz çağırışçılarla işləməyə məcbur idik. Sira hazırlığından başladıq işimizə. Amma əsas önəm vermirdik buna, sabah bu uşaqlar bizimlə döyüşə girəcəkdi və buna görə də əsas fiziki və texniki hazırlığa üstünlük verirdik. Əsasən praktiki-əməli təlimlərə yer verdik, düşmənlə üz-üzə duracaqdılar tezliklə… “NZS” deyilən ərazidən bizi Qala qəsəbəsinə, sonda isə bizi “Nasosnuya” keçirdilər. Bura da noyabr ayının axırında gəldik və artıq gücləndirilmiş təlimlər keçirdik, yeni əsgərlərimizə. Bizə yanvara kimi yeni əsgərlər göndərirdilər. Novruz Kərimov gedib, Biləcəridən yeni çağrışçılar arasndan əsgərləri seçib gətirirdi. Onların fiziki hazırlığına baxır və söhbət aparırdı. Təlim müddəti boyunca bizdə əsgərlərin seçmə prosesi gedirdi. Xüsusi təyinatlılar olduğumuza görə bizim standarta yaramayan əsgərləri başqa hərbi hissələrə keçirirdik.
Onu da qeyd edim ki, Qəhrəmanovu hissədən uzaqlaşdırdıqda 10-15 əsgər etiraz əlaməti olaraq, hərbi hissəni tərk edərək, döyüş bölgəsinə yollanmışdı. Etiraz məktubu yazaraq, Fizuli istiqamətinə getmişdilər. Amma sonra biz onların bir hissəsini geri qaytardıq. Qayıtmayanlar da illər sonra rast gəldiyimdə bizim hissəni tərk edib, getdiklərinə peşman olduqlarını deyirdilər…
– Cəbhəyə nə zaman göndərildiniz?
– Bizi döyüş bölgəsinə 1993-cü il aprel ayının 3-ündə göndərdilər. Biz cəbhəyə göndərilmədən prezident Elçibəy də bizimlə görüşmüşdü. Prezidentin xüsusi nəzarətində idik və MN-nin səlahiyyətli nümayəndələri ilə birgə bizimlə görüşə gəlmişdi. Bakıdan qatarla çıxdıq və evvəl təlim mərkəzinə gəldik, ayın 5-i artıq Tərtər mərkəzinə yeləşdirildik, sonra isə Ağdərəyə keçirildik. Yerləşdirildiyimiz ərazilərdə həmişə bizə şübhəylə yanaşılır, göndərildiyimiz hər bir ərazidə də ilk öncə qisqanclıqla qarşılanırdıq. Reyd dəstəsi dövründə ilk Kəlbəcərə getməkləri haqqında uşaqlar sizə danışıb, onlara necə inanmırdılar və “rusun adamı” adlandırırdılar… İyun döyüşlərindən sonra bizə münasibət müsbət tərəfə dəyişməyə başladı.
Bizim keçirdiyimiz əməliyyatları Tərtər batalyonu öz adına çıxıb, 703-cü briqadanın Gərargah rəisi Qəniyev bizim keçırdiyimiz əməliyyatları öz adına çıxan batalyonlara iclasda etiraz etmişdi, onu orada incitdilər və sonradan onu Tərtər bölgəsindən uzaqlaşdırdılar. Həm də bizim komandir ciddi və peşəkar zabit idi, bizi qeyri hərbi qrumlardan və atmosferdən uzaq tuturdu. Keçirdiyimiz əməliyyyatlar haqqında danışmaq icazəmiz yox idi. Buna səbəbdir ki, ilk kəs hərbi hissəmiz və keçirdiyimiz əməliyyatlar haqqında 23 ildən sonra danışırıq. Bu zaman kəsiyində isə keçirdiyimiz bir çox əməliyyatar başqa yerli batalyon və hərbi hissələr tərəfindən özününküləşdirilərək, danışılıb… Bilirsiniz, biz belə haqqsızlıqlarla yaranann gündən üzləşmişik, məsələn, əşgərlərə təlimləri özümüz keçdiyimiz halda, görürsünüz ki, təlimlər türklərin adına yazılır…
Ağdərə şəhərində hospital vardı, orada yerləşdik.
Əraziyə gəldiyimiz gündən ərazini öyrənməyə başladıq. Qlobus istiqaməti, Çaylı, Talış kəndi, cəbhə boyu kəşfiyyatlar apardıq.
Biz Ağdərəyə təzə gəlmişdik, bir-iki gün olardı. Axşam deyildi ki, səhər hücum edəcəyik. Bu, artıq xarakterik hala çevrilmişdi. Təzə gələn hissəni isti-isti basırdılar gərəksiz hücum əməliyyatına, hərbi hissə relyefə və şəraitə uyğunlaşmadan girdiyi döyüşdə böyük itki verərək, siradan çıxırdı. Bizə də deyildi ki, Moxrataq kəndi istiqamətində hücum edəcəksiniz. Səhər həyəcan siqnalı ilə hamı hazır oldu. Axşamdan artıq bölüklərin döyüş tapşırığı müəyyənləşdirilmişdi. Lakin hücum əmri ləğv edildi. Mən dəqiq bilmirəm, ola bilsin ki, bu, bizim batalyon komandirinin xidməti idi, o, hər halda peşəkarlığıyla əməliyyatın əhəmiyyətsizliyini birilərinə sübut edə bilmişdi.
Sonradan isə əsasən iyun ayında olan böyük əməliyyata qədər kəşfiyyat və kiçik döyüşlər keçirdik. Biz Ortakənd və Dəmirçilər istiqamətində, Kasapet istiqamətində kəşfiyyat apardıq. Ortakənd neytral zona idi, onlar da, biz də oraya girib, çıxırdıq. Kiminsə nəzarətində deyildi. Erməni mövqelərini müəyyənləşdirmək istəyirdik.

– Bu, nə zaman idi?
– Təxmini aprelin axırları idi. Biz Qlobusda mövqedə dayananda onların bir PDM-i kəndə girərək sürətlə kəndi hərlənib, çıxdı, əlbət vurulmaqdan ehtiyat etdiyi üçün belə sürətlə hərəkət edirdi. Çardaxlıda kəşfiyyatda olmuşuq, orada əməliyyat da aparılıb. Orada Tonaşen adlı kənd var, 3 hissəyə bölünüb, biz Tonaşen 1 , … 2 və … 3 deyirdik. Mayda bu kəndə erməni hücumunun qarşısını almaq üçün bizi həyəcan siqnalı ilə qaldıraraq orada dayanan hərbi hissəyə köməyə aparmışdılar. 2-3 saat döyüş oldu, erməniləri geri oturtduq. Bir neçə gün orada mövqelərdə dayandıq və təhlükə sovuşduqdan sonra geri qaytarıldıq. Biz itki vermədik, ermənilər itki verərək geri çəkilməyə məcbur oldu, onlardan bir nəfər yaralı əsir götürmüşdük, sonradan öldü. Belə xirda kəşfiyyat əməliyyatları və döyüşlərdə iştirak etmək həm də yeni çağrışçılara bir növ əyanı dərs olurdu. Bizdə bekar qalmaq yox idi, dislokasiya yerində olan əsgərlər də daimi təlimlər keçirdi. Ümumiyyətlə isə Kəlbəcər işğal edildikdən sonra cəbhə boyu sakitlik idi.

———————————————————————————-
Həmsöhbətim 772 saylı XTB-nin döyüşçüsü
Mehdi Cavadov.
– Batalyonun təlimləri planlı şəkildə, cox ciddi nəzarət altında aparılırdı, həftə ərzində elə yorulurduq ki, bazar günləri sanki bayram olurdu.
Kəlbəcərin işğalı ərəfəsində biz Ağdərəyə getdik.
Aprel ayında olan xırda döyüşlər zamanı bir şəhid vermişdik, Salmanov Zahid. O, 30 aprel, Ağdərədə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
13 iyun 1993-cü ildə Ağdama olan hücumla əlaqədar olaraq, biz Akop – Kamarini azad etdik, buna kimi isə kəşfiyyatla yanaşı bütün yüksəklikləri cığır-cığır gəzərək, şəraitə tam uyğunlaşmışdıq.
İyun ayının əvvəlində Keçəldağ istiqamətində aparılan kəşfiyyat zamanı ətrafı bürüyən texnika səsinin traktora aid olduğu müəyyən edilmişdi, həmin vaxt onlar bu istiamətdə traktorla yol acmaqla məşğul idilər. Texnikanın hərəkəti ücün. Akop – Kamari azad olunan gün biz 3-4 gün öncə bizim tərəfdən (Tərtər batalyonundan – M.C.) əsir düşmüş rus milliyətli döyüşçümüzü sağ-salamat azad edə bildik, pusquya düşmüş diğər qrup üzlərinin isə cəsədlərini götürə bildik.
Aleksey adlı kecəl , yekəpər rusun başına 20-dən cox güllə vurmaqla yanaşı, başının üzərindən yük maşını ilə keçmişdilər. Yaralı rusu biz maşına mindirəndə o, cəsədə baxaraq, Aleksey! -deyib, əlini gözünün üstünə qoydu, ona baxa bilmədi…
Həmin gün bizim qrup qarşıdakı erməni mövqeyinə yaxın olan yüksəkliyə göndərildi, biz orada 3 gün qaldıq, erməni mövqeyinə o qədər yaxın idik ki, onların danışığını belə eşidirdik. Nəhayət 17-si səhər üzü bizim qrup ermənilərin mövqelərimizə hücüma kecdiklərini müşahidə edərək, məlumatı öz mövqeylərimizə ötürdük. Yaxınlığımızdan kecən düşməni arxada olan qüvvələrimiz “qarşılamaq” ücün bütün tədbirləri gördü və hücumun qarşısı uğurla alındı.

* * *
Akop – Kamari

– Akop – Kamari döyüşünü təfsilatı ilə danışmanızı istəyəcəm. Mümükünsə…
– Biz 1993-cü il aprelin 3-ündən ordaydıq və bizim istiqamət sakitlik idi. Ağır döyüşlər getmirdi. Mövqe döyüşləri və artilleriya atəşləri olurdu, itkilər vardı. Konkret hücum əmri və əməliyyatı isə keçirilmirdi. Hücuma keçmək haqqında söz-söhbət də yox idi və qəfildən 13 iyun üçün hücum əmri gəldi. 12 iyun bir sutka ərzində hazırlaşdıq və 13 iyun Akop-Kamari istiqamətində hücuma keçdik. O vaxt Mərzili istiqamətində Ağdama geniş miqyaslı hücum olmuşdu. Çox güman ki, həmin istiqamətdən hücumları yayındırmaq üçün bu əməliyyat təşkil edildi. Vaxtımız az olduğu halda dərin kəşfiyyata imkan olmasa da hücum uğurlu alındı. Bu döyüş batalyonun yeni tərkibdə 93-cü ildə ilk döyüşü idi. Hələ döyüş görməyən əsgərlərimiz var idi. Amma iki aya yaxın idi batalyonda idilər, təlimlər keçmişdilər, bu hücum onların ilk döyüşü oldu. Hücuma keçdiyimizdə birinci bizim batalyon gedirdi və əməliyyatın əsas hissəsini biz həyata keçirdik. Minaatan tağımımız hücumun artilleriya əməliyyatı hissəsini yerinə yetirdi. Əlavə olaraq mayor Semyon Pavloviç ZİL131-in üzərində quraşdırılmış NURS-la işlədi. Dəqiq artilleriya zərbələrindən sonra biz hücuma keçdik. Əməliyyat doğru qurulduğundan hücum zamanı çətinlik çəkmədik. Bir döyüşçümüz yaralandı, sonradan yolda şəhid oldu: Ağcayev Azər, Balakən rayonundan.
Mövqeləri asanlıqla götürdük, qoyub qaçırdılar, ondan 2-3 gün öncə bizim bir kəşfiyyat dəstəsi, deyəsən Tərtərə aid idi, bu ərazidə pusquya düşmüşdülər. Cəsədləri orada qalmışdı. Belə danışıldı ki, ermənilər onları azərbaycan dilində çağırıblar ki, sizə köməyə gəlmişik. Onlardan birini də əsir götürmüşdülər, o, rus milliyyətindən idi. Həmin esir götürdükləri rusu oturtmuşdular ağacın dibinə, əvvəl elə bildik ermənidir, sonra o, bizə danışdı ki, 3 gün əvvəl burada pusquya düşmüş kəşfiyyat dəstəmizin döyüşçüsüdür. Onu və orada qalan kəşfiyyatçılarımızın cəsədlərini götürdük və arxaya göndərdik…
Daha sonra bizim ordakı qüvvələri irəliyə göndərdilər. Mustafanın rəhbərliyi ilə minaatan tağım daha dəqiq zərbələr endirirdi, 13-ü axşam o mövqeləri də aldıq. Bizim dəstə orada post qurdu, artıq bura ermənilərin mövqelərinə daha yaxın idi. Orada iki gün oturduq. Hərəkət yox idi. Gündüzləri otların arasında uzanıqlı vəziyyətdə qalırdıq. 16 iyun gecə ermənilərin bizim mövqelərə tərəf hərəkət etdiyini müşahidə etdik. Rabitəylə batalyona xəbər verdik. Komandirdən əmr gəldi ki, sizə təhlükəli məsafədə yaxınlaşmasalar atəş açmayın, çünki olduğumuz ərazi əlverişli deyildi. Qaranlıq da olsa cox olduqlarını müsahidə edirdik və 17 iyunda Ağdərə istiqamətində hücum olmuşdu, o cümlədən bizim istiqamətdə də. Bizim batalyon əvvəldən buna hazır idi və tədbirlər görülmüşdü. Pusqular qurulmuşdu. Bizim istiqamətdə onlar irəliləyə bilmədilər. Böyük itkilərlə geri çəkildilər və bizim müşahidə məsafəmizdən öz mövqelərinə qayıtdılar. Lakin Ağdərə-Vaqauz deyilən yolda Televişka – Gödəkburun istiqamətində yüksəkliyi ermənilər həmin günü götürmüşdülər. Oranı, səhv etmirəmsə 703-ün bölmələri qoruyurdu.

Canyataq-Gülyataq / Qlobus-Papravənd

– İyunda daha bir ağır döyüşünüz olmuşdu…
– Biz, çıx! – əmri verildikdən sonra aldığımız mövqelərdən ermənilərin silahlarını da götürüb, çıxdıq. Bizə məlum deyildi, niyə geri çəkilirdik. Bu istiqamətdə hücumun qarşısı alınmışdı, mövqelər biz tərəfdən tutulmuşdu.
Neçə gün idi susuz idik, Levanaq kəndi yaxınlığında fermada su içdik və günorta saatlarından sonra Gödəkburun-Televışka istiqamətində yüksəklikləri geri qaytarmaq əmr edildi. O yüksəkliklərin düşmən əlində olması Ağdərənin itirilməsi demək idi. Biz istiqamət üzrə irəlilədik. Akop-Komari istiqamətində hücumun uğursuz olması nəticəsində onlar bu yülsəklikləri də boşaltmışdı. Biz qalxanda oralar boş və nəzarətsiz idi. Səhv etmirəmsə, Ural markalı maşının üzərində Zenit pulemyotu var idi və aparanda maşın sönüb dərənin içində qalmışdı. Bizim döyüşçülər sonradan onu təmir edib, geri qaytardılar. Biz mövqeni götürdükdən sonra bu mövqeni əvvəl qoruyan 703-ün əsgərləri də axşama doğru bizim yanımıza gəldilər. İki gün sonra oranı da onlara təhvil verib, hərəkət etdik. 19 iyunda bizim hissələri yenidən Akop-Komari istiqamətində kəşfiyyata göndərdilər. Qoyub çıxdığımız yüksəklik boş idi. Rabitəylə məlumat verdik ki, yüksəklik boşdur. Bizə geri qayıtmağı əmr etdilər və orada, əvvəl olduğumuzda, bizdən qalan konservləri də götürüb, geri qayıtdıq. Ağdam istiqamətində vəziyyət pisləşdiyinə görə, bizə oranı tərk edib, Ağdam-Papravənd istiqamətində hərəkət etmək əmri verildi. Həmin günlər Qalayçı istiqamətində bəzi mövqelər tutulmuşdu. O istiqamətdə itirilən mövqeləri iyunun 23-ü nəzarətə götürdük. Qlobus-Papravənd istiqamətində, oranı Daxili Qoşunlar qoruyurdu və çox az qüvvələri var idi. 25 iyun Canyataq-Gülyataq istiqamətində müşahidə etdik ki, düşmən texnikasını cəmləşdirir. Bilirdik ki, hücum olacaq, bu barədə məlumat da verilmişdi. 26-sı səhər saatlarında Qalayçı istiqamətində, səhv etmirəmsə, 791 yüksəkliyi var Boyəhmədliylə Paparavəndin arasında, bu istiqamətə ermənilər hücuma keçdi. Bizim qüvvələr orada güclü müqavimət göstərə bilmədi, texnikalarla ermənilər yüksəkliyi götürdü və bizim qüvvələr geri çəkildi. Boyəhmədlini girib yandırandan sonra Papravəndə tərəf irəlilədilər. Biz onları qarşılamağa hazırlaşdıq. Bizim yanımızda 15 Papravənd sakini var idi. Erməni Papravəndə daxil olduqda dedilər ki, biz ermənini kəndə buraxmayacayıq. Arxa tərəfdən yüksəklikdən kəndə endilər. Ermənilər kəndə girəndə, təxminən 10 dəqiqə atışdılar, amma onların müqavimət göstərməsi mənasiz idi, tanklara qarşı qoya bilməzdilər.
Erməni Papravəndə də daxil oldu, Ağdərə istiqamətinə kənddən çıxanda bir erməni tankı, çıxışda geniş yol var, orada dayandı. Biz Babayev Nadiri çağırdıq ki, tankı vursun. Onlar yüksəkliyin boş olduğunu güman edirdilər və bizdən xəbərləri yox idi. Nadir “Faqotla” tankın birini vurub, sıradan çıxardıqdan sonra bizdən xəbər tutdular. Ardınca PDM-2-lərlə üstümüzə hərəkət etməyə başladılar. Canyataq-Gülyataq istiqamətində güclü artilleriya atəşi başladı.
Həmin gün bizim batalyon itkilər versə də axşam saatlarına qədər müqavimət göstərib yüksəkliyi nəzarətdə saxladıq. Gecə saat 2-3:00 radələrində yüksəkliyi boşaltmağa əmr verildi. Güman ki, Papravəndlə Televişkanın tutulması bizim orada qalmamızı mənasız edirdi. Yüksəkliyi tərk etməmiz Ağdərənin və Ağdan istiqamətində beş kəndin itirilməsiylə nəticələndi. Bizim qüvvələr yüksəklikləri boşaldıb, Ağdərə istiqamətində kanalın kənarına doğru çəkildilər.
Paparavənd itiriləndə 4 şəhid verdik, onlarla da yaralımız oldu. Bu döyüşdə şəhid olanlar: leytenant Quliyev Araz, (Sabirabaddan) Əliyev Qoşqar, (Bakıdan) Dadaşov Elçin, Ibrahim
17 iyun döyüşlərində Nuriyev Bəhruz Allahverdi oğlu (Bakıdan) şəhid olmuşdu, Azərbaycan Bayrağı ordeni ilə təltif olundu. Kənd alınan günü bir, qaytarılan günü bir şəhid verdik.

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Altıncı hissə

Karmiravan

Həmsöhbətim 772-reyd dəstəsindən artıq oxucularımıza tanış olan döyüşçü
Yalquzaq.

21 aprel saat 19:30-da Ağdərə-Qırmızıkənd istiqamətində avtomobil yolunun kənarı ilə ermənilərdən ibarət bir qrup bizim eyni istiqamətdə dayanan 772-ci xüsusi təyinatlı batalyonun (XTB) mövqeylərinə yaxınlaşır və bunu müşahidə edən bölük komandiri batalyon komandirinə məlumat verir…

21 aprel gecə 772-ci XTB-nin iki kəşfiyyat qrupu: “Starik”“Kobra” düşmən mövqeyinə tərəf irəliləyirdilər. Bu qrupların tapşırığı irəliyə soxulmuş ermənilərin kimliyini öyrənmək və ən ümdə məsələ onları məhv etmək, meyidləri öz tərəfimizə keçirmək idi…

(Şəkildə sağda “Kobra“dan Müşfiq Cəfərov.)

(Şəkildə solda “Starik“dən Eynulla Müzəffərov.)

– Bu kəşfiyyat qrupları haqqında çox eşitmişəm, onlar kimlər idi? “Starik” və “Kobra” haqqında məlumat vermənizi rica edirəm.
– Bu kəşfiyyat qruplarını batalyon komandiri daha təcrübəli, çox sayda döyüş keçmiş döyüşçülərdən təşkil etmişdi. Qrup yarı kəşfiyyat, yarı həmlə xarakteri daşıyırdı. Onların tapşırığı hər zaman daha çətin əməliyyatlar olurdu. Komandir onlara tam arxayın idi və onların əməliyyatlarından bizim yalnız əməliyyat başa çatdıqdan sonra xəbərimiz olurdu. Hər birinin tərkibi 12 nəfərdən ibarət idi, əsasən köhnə döyüşçülər olsa da tərkiblərində bir-iki yeni döyüşçülər də olurdu.
Danışmaq istədiyim bir məqam daha var. Atəşkəs dövründə (iyun ayıda), cəsədlər dəyişdirildikdə ermənilər Qenrix Ayrapetyan haqqında çox soruşurdular. O, qruplardan birinin komandiri idi. Niyə görəsə onun adı erməni mənbələrində “14 nəfər”in (http://beatok.ru/4/26) arasında yoxdur. Həm ermənilər o döyüşdən ancaq bir qrup və 14 nəfər üzvü haqqında məlumat verir, orada isə 2 və za 3 qrup olmuşdu. Onun, məhv edildikdən sonra, cibindən Azərbaycan pasportu tapmışdıq. Xatirimdə deyil pasportdakı ad və soy ad (pasportda ad Bayramov Allahverdi Şükür oğlu olub – K.S.), ola bilər ki, işğal edilmiş rayon və kəndlərdən qətlə yetirdikləri vətəndaşlarımızdan götürmüşdülər. Bakılı idi, bəlkə də o, azərbaycanca təmiz bilirdi və bu səbəbdən belə sənədi hər hansı fövqəladə hal üçün üzərində gəzdirirdi… Adı indi ermənilərin “14-lərinin” siyahısında olmasa da ermənilər canfəşanlıqla onu axtarırdılar. Qəribədir ki, ölüsünü, və ya dirisini soruşub dururdular. Həm cəsədlər dəyişərkən, sadəcə əldə olan meyidlər dəyişir, kimsə xüsusi olaraq, təsadüfi hallarda axtarılır…

– Siz onun meyidini verdinizmi ermənilərə?
– Elə maraqlısı da budur ki, biz onun meyidini də ermənilərə verdik, amma meyidlər qazılaraq, çıxarılıb verilmişdi, atəşkəsdən sonra, ola bilsin ki, onlar onu tanıya bilməmişdilər. Mən sonradan döyüşlər haqqında erməni mənbələrini oxuyurdum. Və onun itkin kimi getdiyini, axtardıqlarını gördüm erməni mənbələrdə.

– Siz necə bildiniz ki, söhbət məhz Genrixdən gedir?
– Söhbətlərimizdə demişdim sizə, məhv etdiyimizdə ermənilərin cibində bütün sənədləri olurdu. Bu haqqda geniş sonra danışarıq, sadəcə onu qeyd edim ki, onun da cibində arayış vardı, yazılırdı ki, >. O, orta yaşlı idi. Erməni meyidləri arasında elə hamısı orta yaşlılar idi. Bir məqam da maraqlıdır ki, bu döyüşdən meydanda apara bilmıdikləri 17 meyid qalmışdı, amma ermənilər 14 itki verdiklərini yazır. Bizim uşaqlar onlardan 13, ya 14 nəfərini gətirmişdilər. Ortada 3-4 meyidləri qalmışdı. Bizə məlum deyil, onlar nə qədər yaralı və meyid daşıyıb, apara bilmişdilər.

– Məncə, burada bir məqam da maraqlıdır, onlar nə səbəbə trasserlərlə atəş açıb öz yerlərini aşkar etdirirdi sizə? Səbəb sizcə nə idi?
– Düşünmək olar ki, onlar bilərəkdən yerlərini bəlli edib, diqqət cəlb edib, hansısa əməliyyat keçirməyi düşünürlər, amma sonralar da o istiqamətdə onların heç bir əməliyyatı olmadı. Məncə, onlar sadəcə başıpozuq, qeyri peşəkar, bir yığın harınamış quldur idi və özlərini döyüşçü deyil, məhz quldur kimi aparırdılar.

– Aydındır.
– Erməni mənbələri onları çox şişirdir. Ola bilsin ki, onlar təcrübəli idilər, yaşlarına görə artıq müharibəni keçmiş olmalı idilər, amma hərəkətlərindən sadəcə quldur dəstəsi təəssüratı bağışlayırdılar…
—————————————————————
Həmsöhbətim 772 saylı XTB-nin döyüşçüsü
Mehdi Cavadov.

– 94-cü ilin Karmeravan döyüşləri haqqında danışmanızı rica edirəm?
– 1994-cü il bizim batalyonun şəxsi heyəti seyrəldikdən sonra 31 yanvarda batalyonu formalaşdırmaq üçün cəbhə bölgəsini tərk etmək əmri verildi. 1994-cü il yanvar çağrışçılarını mart ayında qəbul etdik və təlimlərə başladıq. Çağrişçılar 1976-cı il təvəllüdlü yanvar çağrışçıları idi. Təlim gedən ərəfədə, aprelin 12-si əmr gəldi və biz Ağdərə istiqamətinə yola düşdük. Aprelin 15-i bizim bir bölük Ağdərə Karmeravan cəbhəsində mövqe tutmuşdu. Bu istiqamətdə 17 aprel hücum olandan sonra batalyonun qalan hissələri də həmin istiqamətə gəldik. Biz ehtiyat qüvvə kimi orada dayandıq. Səhər tezdən, saat 8:00 radələrində hücum başladı. Qüvvələrimiz müqavimət göstərdi, amma artilleriya atəşi çox güclüydü. Yaralılarımız çox oldu. Qüvvəmiz azalırdı. Onlara kömər etmək istəsək də buna izin verilmədi. Biz ehtiyat qüvvə idik. Sonra ermənilər Güllücə kəndini tutduğuna görə bizi o istiqamətdə göndərdilər. Ağdərə istiqamətində olan bölüyümüzə günorta saatlarında texnika ilə güclü hücum başladı. Onlara çıxmaq üçün əmr verilmədi və son ana qədər vuruşdular. Döyüşün axrına 10-15 əsgər qalmışdı. Səhid olan yoldaşlarımızın cəsədi döyüş ərazisində qalmışdı. Nağıyev Sədinın və başqalarının… Quliyev Ramiz düşmən PDM2-sindən açılan atəşlə mərmi partlayışından hər iki ayağını itirmişdi, yoldaşları onu çıxartmaq istəyəndə, onlara mənsiz çıxın -deyərək, yoldaşlarına yük olmasın deyə qumbarayla özünü partlatmışdı. Ərazidə bizim 7 şəhidimizin cəsədi qalmışdı. Sona qədər vuruşmuşdu bölüyümüz. Biz bu haqqda sonradan öyrəndik. Ermənilərin qrupunu məhv edib, meyidləri öz tərəfimizə keçirmək haqqında əmri alanda bunlardan hələ xəbərimiz yox idi…
Sonradan bizə Güllücə istiqamətini tərk etmək əmri verildi. Biz Karmiravan istiqamətində cəmləşdik. Təxminən 2 km geri çəkilərək yenidən mövqelər qurduq. Daha sonra bizi 24 nəfər kəşfiyyat üçün ayırdılar. Bir gün boyu kəşfiyyat apardıq və ikinci gün düşmənin qurduğu mövqeyə girmək üçün əmr verildi. Əsas məqsəd ermənilərdən əsir götürmək və ya öldürərək meyidlərini öz tərəfimizə gətirmək idi. Aprel ayının 21-ində sübh çağı, təxminən 4:00 radələrində düşmən mövqelərinə girdik. Hüseynov Hafiz, Cabbarov Yusif dozor idi, onlar düşməni müşahidə etdi və sonra tam düşmənin səngərinə qədər yaxınlaşdıq. Biz hücum cəhdi etdik, səngərdə erməni çox idi.
Bizimlə gedənlərdən 24 nəfərin 9-u yanvar ayında təzə hərbi xidmətə çağırılmış əsgər idi və döyüş görməmişdilər. Məndə olan məlumata görə ermnilər orada 38 nəfər olublar, hamısı da bizdən yaşca böyük və təcrübəli idilər. Əsir götürmək mümükün olmadı və qərara aldıq ki, səngərlərə girməliyik. Nəyin bahasına olursa olsun, erməni ələ keçirməli idik. Biz səngərə dolan kimi qaranlıqda ara qarışdı. Və biz səngərdə nəzarəti əlimizə alaraq, əməliyyatın sona catdıdılması ücün tədbirlər görməyə başladıq
Artıq düşmən məğlub vəziyyətdə bizdən canını qurtarmağa calışsa da bu mümkünsüz idi, biz qəfil səngərlərə girməklə artıq döyüşü udmuşduq.
Mən xatırlayıram ki, biz qaçan düşmənə növbə ilə atəş açarkən, atəş növbəsini pozanlara irad edirdik… yəni o dərəcədə uğurlu əməliyyat oldu.
Bizim 18 yaşlı çağrışçımız Qədirov Emin (Xaçmaz rayonundan) düşmənlə əlbəayağa döyüşdüyündə erməni onunla bacarmadığını görərək, onun alt dodağını dişi ilə cənəsinə kimi dartıb qoparmışdı. Amma yenə Eminlə bacara bilməmişdi! O, həmin döyüşdə güllə yarası alıb, əlil oldu. Müzəffərov Eynulla (Şamaxı rayonundan) qaranlıq səngərdə qarşısına çıxan ermənini avtomatın qundağı ilə vurub, yerə sərmiş və güllələmişdi. Bu, ermənilərin az qala pəhləvana çevirib, qehrəman elan etdiyi Qambaryan idi.
Düşməni tam müşahidə edib, hədəfdə saxlasaq da əməliyyat planına uyğun olaraq atəş açmayıb əsir götürmək üçün əlverişli məqam gözlədik və sonda risk etməyərək, (kanalın içinə) qəfil basqınla əməliyyata başladıq.
Odeyalı ciyninə atıb dayanan ermənini 7 mertlikdən vurmaq problem olmasa da eyni zamanda 3 nəfər biz, onu hədəfə aldıq və eyni zamanda atəş açmaqla onların mövqelərinə girdik və şəraitə görə bizim üstünlüyümüz mövcud idi ki, planı icra etmək ücün əlimizdən gələni etdik.
Əməliyyat zamanı səngərdə olan ermənilərin bəziləri qaçmağa macal tapsa da, əksəriyəti səngərdə məhv edildi.
24 əsgər: sıramızda böyüyümüzün yaşı 20, kiçiyimizin yaşı 18 olmaqla düşmənin ən aşağı təvəllüdü 1968-ci il, bizdən yaşca çox böyük və uzun döyüş təcrübəsi olmasına baxmayaraq bu əməliyyatı uğurla başa vurduq. Bir şəhidimiz, dörd yaralımız oldu. Ermənilərin təxminən 16 – 17 meyidi qalmışdı ortalıqda. Yeddi şəhidimizə qarşı 17 erməni meyidi! Erməni meyidlərini geri apararaq, basdırdıq və atəşkəsdən sonra şəhidlərimizin cəsədləri ilə dəyişdik. Aprelin 24-ü Şotlanlı isrtiqamətində erməni irəliləyəndən sonra bizim dəstəyə həmin istiqamətdə mövqe tutmaq əmri verildi. Mövqelərimizi möhkəmləndirdik. O ərəfədə mən yaralandım (24 aprel) və 1 mayda Karmeravan uğrunda gedən amansız şiddətli döyüşlər oldu…
Həmin gün, 21-i döyüş səngiyəndən az sonra, günorta saatlarında ermənilər mühasirəyə saldığımız qüvvələrinə yardım etmək məqsədi ilə yenidən həmin mövqeylərə girmək istədi, amma biz hücumun qarşısını qətiyyətlə aldıq

***
Əməliyyatda hər birində 12 əsgər olmaqla 2 qrup – “Starik” və “Kobra” qrupları iştirak etmişdir. “Starikdə” 6-sı gənc, “Kobrada” 3-ü yeni çağrışçı idi, qalanlar təcrübəli sayıla bilərdilər, artıq döyüşlərdə iştirak etmişdilər.
Kobra – Hafiz Hüseynov, Yusif Cabbarov, Müşfiq Cəfərov, Habil Məmmədov, Faiq Cəlilov, Qabil Xatiyev, Nəcməddin İsmayılov, Vəli Abdullayev, Osman Xəlilov, Mirzə İsrafilov, Adil Məmmədli. Kazımov Rövşən.
Starik – Eynulla Müzəffərov, Rahim Əliyev, Mehdi Cavadov, Mübariz Hacaliyev, Vaqif Dondolov, Yadigar Zeynalov, Emin Qədirov, Rahim Məmmədov, Samir Həsrərov, Kamil Məmmədov, Faiq Əsədullayev, Fədai Xudiyev.
Əməliyyatda Hacaliyev Mübariz, Dondolov Vaqif, Zeynalov Yadigar, Qədirov Emin yaralandı. Həsrətov Samir isə şəhid oldu.
Mübariz Hacaliyev əlil oldu, amma onun hərbi biletinə yazılmış hərbi xidmətlərə görə medalını vermədilər.
——————————————————————
Həmsöhbətim 772 saylı XTB-nin döyüşçüsü
Hafiz Hüseynov

– Siz məhşur kəşfiyyat dəstəsinin döyüşçülərindən birisiniz. Bizə 21 aprel döyüşünü təfsilatı ilə danışmanızı istərdim. Bir çox həqiqərtlər 21 il sonra nəhayət ki, işıq üzü görsün.
– Erməni sayt və forumlarında bu haqqda çox yazılır. Bu, artıq ermənilərin güclü texnika ilə hücuma keçdikləri dövr idi.
Biz yanvarın 31-də Bakıya komplektləşmək – itgilərimizin yerini doldurmaq üçün gətirilmişdik. Aprel ayının 12-si bizi Tərtərə göndərdilər. 13 Aprel bizi mövqeylərə apardılar. Eşitmiş olarsınız, Papravənd kəndi Ağdamla Ağdərənin birləşən ərazisidir.
Bir növ orduda vəziyyət qarışıq idi. Biz də bölgəyə hazırlıqsız getmişdik. Yeni qəbul etdiyimiz əsgərlər hazırlıq keçməmişdi. Onlara hələ təlimlər verilməmişdi. Bizim komandir, doğrusu, zabit kimi olduqca savadlı idi, indi də orduda xidmət edir, elə məhz onun zabit bilik və bacarıqlarının nəticəsi idi ki, bizim batalyon əsasən döyüşlərdən az itkiylə çıxırdı. Bu döyüşə göndərildiyimizdə, o, batalyonun hazır olmaması haqqında raport vermədi, əsgərlərin hazırlıqsız olması və batalyonun yeni komplektləşdirilməsini qabardaraq, etiraz edə bilərdi, amma etmədi. Bizi göndərdilər əməliyyata. Təsəvvür edin ki, ermənilər ancaq artilleriya və texnika ilə höcuma keçirdilər. Canlı qüvvəni sipər etmirdilər. O qədər çox texnikaları vardı… Ruslardan böyük dəstək alırdılar. Hər hücuma 10-12 texnikayla keçirdilər.
Bizim batalyonda “Kobra” və “Starik” qrupları yaradıldı. Əsas heyyət döyüş görmüş əsgərlər idi. Biz öz qrupumuzda 12 nəfər idik, 3 cavan əsgər vardı aramzıda. Orduda zabit qitlığı vardı. Bizlər isə 19-20 yaşında əsgərlər idik.
Komandir məni yanına çağırdı ki, özünlə 2 nəfər də götür, get müşahidə elə. Bizlə ermənilərin arasında məsafə 2-3 km olardı. Onlar meşədə idi. Bizim tapşırığımız onların yerini və sayını müəyyən etmək idi. Ermənilərlə aramızda üzüm sahələri, sahələrin başında su arxları, su arxlarının üstündə isə 3 ədəd söyüd agacları vardı. İki əsgər götürərək getdim və bu söyüdlərdən birinin başına çıxdım. İki-üç saat beləcə binoklla müşahidə etdik, heç bir nəticə olmadı. Xəritə üzrə qarşıda Mağalı yarımstansiyası var, sovet dövründə orada kənd təsərrüfatı texnikası yığılırdı, indi kimsəsizlik olan bir yer idi. Müşahidə zamanı biz də kimsənin hərəkətini müşahidə edə bilmədik. Bom-boş meşəlik idi qarşımızda. Geri dönərək məruzə etdik ki, müşahidə zamanı heç bir hərəkətə rast gəlmədik. Bu səbədən də tapşırıq aldıq ki, o yarımstansiyaya qədər hərəkət edək və qarşınıza çıxan nə olarsa məhv edərək, meyidləri gətirək. Qrupumuzda zabit yox idi, 12 nəfər – hamımız siravi əsgərdik. Əmri aldıq və hərəkətə keçdik. Meşəyə çatmağımıza 500-700 metr qalmış bizi güclü atəşə tutdular. Biri var boşuna açılan atəş, amma bu, məhz istiqamətlənmiş atəş idi. Güllələr başımızın üstündən keçirdi. Rabitə vasitəsi ilə komandirlə əlaqə yaratdıq, vəziyyəti məruzə etdik. Bizim orduda gecə görmə cihazı yox idi, o haqqda yalnız filmlərdən, kitablardan məlumatımız ola bilərdi. 19-20 yaşlı siravi-çağırışçı əsgər idik və ağlımıza da gəlmirdi ki, ermənilərin belə avadanlığı var. Komandir əmr etdi ki, geri qayıdaq. Qayıtdıq və səhər bir daha müşahidəyə getmək üçün əmr aldıq. Getdik və bu dəfə 3-4 saat o ağacların üstündə müşahidə apardıq. Yenə heç bir hərəkət müşahidə etmədik. Bu dəfə axşam getdik.
Diversiya dəstələri adətən 12 nəfərdən ibarət olur. Ikinci dəfə komandir “Starik” qrupunu da bizimlə bərabər göndərdi. İndi 24 nəfərdən ibarət tərkibdə meşəyə tərəf hərəkət edirdik. İki gün ərzində başında oturub, müşahidə apardığımız ağaclara çatanda yenidən atəş açıldı. Diversiya qruplarında əməliyyata gedərkən qarşıda həmişə 2 nəfərdən ibarət ön seyrçilər gedir. Onlar irəliyə getdikcə, təhlükəsizliyə əmin olduğunda geriyə xəbər verir və dəstə beləcə təhlükəsiz irəliləyir. Önseyrçi kimi mən və Cabbarov Yusif gedirdi (O, indi də orduda xidmət edir – H.H). İki gün ərzində müşahidə apardığım ağaca çatdığımda, gördüm ki, məndən sağ tərəfdə siqaret çəkə-çəkə kimsə gəlir. Gözlərimə inanmadım. Bizim batalyon, xüsusən də reyd dəstələri, polad qanunlar işləyən hərbi qurum idi və bizdə belə özbaşınalıq ola bilməzdi. Amma anlaya da bilmirəm ki, iki gün ərzində saatlarla müşahidə apardığım, heç bir hərəkət qeydə almadığım ərazidə erməni belə rahat gəzə bilər. Biraz duruxdum və ani olaraq vəziyyəti anlaya bilmədim. Bizim hesabımızla ermənilər olan əraziyə çatmaq üçün biz hələ bir kilometr getməliyik. İnana bilmədim ki, serjant öndə önseyirçi kimi getsin, əsgər də belə özbaşına arxamca siqaret çəkərək gəlsin!
Gecə saat 3 olardı. Demək ki, ermənilər bizdən öncə buraya gəlib və yoxlayıb, hərəkət görmədiyindən belə arxayın geri qayıdırmış. Bizim, döyüşlərin ugursuzluğu mənasında, vəziyyətimiz çox acınacaqlı idi. Amma onlar rusun texnika yardımı baxımından uğurla hərəkət edirdilər və demək olar ki, harnamış vəziyyətdə idilər. Mənim müşahidə apardığım ağacın ətrafında mövqe seçib, postlar qurmuş, arxayınlıqla yatmışdılar. Siqaret çəkən isə güman ki, postları yoxladıqdan, və ya ətrafı müşahidə etdikdən sonra tam arxayın geri dönürdü. Bunu anladım və həmən 15 mert kimi məsafədə geri çəkildik. Qrupda olan döyüşçülərlə məsləhət etdikdən sonra qərara gəldik ki, ilk açılan atəşdən sonra nə qədər güllə varsa istifadə edək və düşmən tam məhv edilsin. Bu an ağacın altında da canlanma baş verdi. Yeqin ki, hənirtini onlar da hiss etmişdi. Onlardan biri yanında olan palatkaya elini çırpdı və biz eyni anda onun tərəfinə atəş açdıq. Hələ alatoran idi, biz onları tam seçə bilmirdik, kölgə kimi görünürdülər. Biz bir qədər atəş açdıqdan sonra dayandıq, qarşıdan cavab yox idi, amma biz onların orada olduğunu dəqiq görmüşdük. Aramızda 15-18 metr məsafə ancaq olardı. Bunlar bizə niyə cavab verməsin – deyə, təəccüb içindəydik. Biraz atəşə ara verdikdən sonra heç bir reaksiya olmadığını gördükdə, irəliləməyə başladıq. Arxlar 1-1,5 metr derinliyində olardı və onlar buranı özlərinə səngər seçiblərmiş. İrəlilədikdə arxda bir erməni gördüm və Cabbarova dedim ki, sən o biri tərəfdən gəl. Amma hiss olunurdu ki, bu erməni özündə deyil, ehtimal ki, yaralı idi. Mən istədim, onu diri tutaq, amma Cabbarov onu kürəyindən vurmali oldu. Qarşıda qaçanların kölgəsini görürdük. Onların mövqeyini gəzdik və nə baş veridyini anlamadıq. Burada cəmi 2 meyid vardı, bəs bu qədər açılan atəş nə oldu?! Ölü hər halda çox olmalıydı. Hardasa 1 saat çəkmişdi bunlarla toqquşma. Artıq hava açılırdı.
Aprel ayında otun qalxan vaxtıdır, o yerlərdə ot hündür olur. Ermənilər də özlərini veriblər otluğa və yaralılarını dartirlar dallarıyca. Bizdən gizlənmək üçün sürünürlər, qaçmağa imkanları yoxdur…
İkinci, əsas əməliyyat bundan sonra başladı. Əl qumbarası elədir ki, atdığında, 3-4 metr qəlpə yuxarı paylanır. Onların çox olduğu yeri müəyyən etdikdə əl qumbarasını onlara tərəf atırdım və onlar da geri qumbara ataraq, cavab verirdilər. Mən arxın içindəydim, gizlənməyə imkanım vardı. Qumbaralarla bunlarlı, bir növ “daşlaşa-daşlaşa”, çıxardıq dözənliyə. Bu anda bizə bir dənə də dəstə köməyə gəldi. Biz isə bu ana qədər dəstəmizdən bir şəhid vermişdik. Mənim qrupumda əsgərlərimə heç nə olmamışdı, bizimlə gələn ikinci qrupdan bir şəhid vermişdik, iki döyüşçü də yaralanmışdı.
Erməniləri otluqdan çıxarandan sonra, ovçu arxayın ovunu nişan aldığı kimi, onları bir-bir aradan qaldırdıq. Bəziləri özünü üzümlüyə çatdıra bildi. Təsəvvür edin ki, məhv etdiyimiz erməni meydlərinin arasından keçib, girdik üzümlüyə. Bunları qovuruq… Bu vaxt arxadan, komandirdən əmr gəldi ki, olduğunuz yerdə qalın, qabağa getməyin. Bizə deyildi ki, tank göndərirəm, erməni meyidlərini yığıb gətirin. Bundan 5-6 gün öncə bizdən şəhid olanlar omuşdu. Məqsəd cəsədləri dəyişmək idi. Döyüşçülər cəsədləri yığanda birinə yaxınlaşırlar, bu, Vardanyan (http://panarmenian.net/m/rus/news/87741) – erməni komandiri idi. Ermənilərin 17 meyidi ortada qalmışdı, biz onlardan 14 meyidi gətirib, basdırmışdıq, sonradan onlar bizim şəhidlərin cəsədləri ilə dəyişdirildi.
Döyüş isə onunla əlamətdar idi ki, bu döyüşdə biz ermənilərlə rusun texnika və artilleriya dəstəyi olmadan üz-üzə dayanmışdıq! Bizim onlarla üz-üzə dayandığımız heç bir döyüş bizim üçün uğursuz olmayıb. Ermənilər qarşımızda tab gətirə bilmirdi və dovşan kimi qaçırdılar! Onlar rusdan aldğı texnika və sursatın, rus ordusunun peşəkar artilleriyaçılarının atəşi dəstəyi hesabına bizi üstələyə bildilər. Amma hələ müharibə bitməyib! …

Qeyd: bunu da oxucuma deməyi vacib hesab edirəm ki, ermənilərin paylaşdığım linklərin birində Qambaryan haqqında yazılan məqalədə, guya bizim cəsəd dəyişən zabitin Qambaryan haqqında dediyi tərif tamamilə yalandır və bu cəsəd dəyişməsində iştirak edənlər özləri olan söhbətlər haqqında xatirələrini bizimlə bölüşəcək.

Yeddinci hissə

Həmsöhbətim 772-batalyonun komandir müavini
Cəbrayıl Həbidov
– Batalyonun yaradılması haqqında sizə danışılanları məqalədən oxudum. Danışılanlara bircə əlavəm odur ki, batalyonun arxivi Gəncədə yandı və indi sənədlərimizdə kəsirlərimiz çoxdur…

Iyun döyüşləri.

– İyun döyüşləri haqqında bizimlə xatirələrinizi bölüşmınizi istərdim.
– Bizim kəşfiyyatçılar erməni mövqelərinin yaxnında idi bizə məlumat verdilər ki, ermənilər mövqelərimizə tərəf hərəkətə başlayıb. Onlar kəşfiyyatçılarımızın yanından ötüb keçmişdilər. Səhər saat 5-6 arası idi. Ermənilər mövqeylərimizə tərəf irəliləyirdi. Göstəriş verdim ki, atəş açılmasın, onlar iki dağın arasına enənə qədər gözləyək. İrəlidə olan kəşfiyyatçılardan əlaqə yaradaraq, irəliləyən düşmən qüvvəsinin nə qədər olması haqqında məlumat aldım. Verilən məlumata əsasən irəliləyən qüvvə bir batalyon idi. Kəşfiyyat qrupuna göstəriş verdim ki, döyüş başlayandan sonra ermənilərin arxadan gələcək mümükün köməyini vursunlar, amma irəliləyən bu batalyona qarşı heç bir atəş açılmasın.
Ermənilər dərəyə töküldükdən sonra bölük komandiri mənə dedi ki, 30-50 metrə aramız qalıb, dedim hələ gözləyin. Onlar üzü yuxarı qalxanda atəş başladı. İki saat yarıma qədər döyüş getdi. Mən vəziyyəti qiymətləndirdikdə, əvvəldən bilirdim ki, onların dərəyə düşməsinə imkan verdikdən sonra geri qaçacaq imkanları qalmayacaq. Bizim Əfqanıstanda bir döyüş taktikamız vardı: at nalı. Erməniləri bu döyüşdə də məhz bu taktikadan istifadə edərək, çətin vəziyyətə düşürmüşdüm. Erməni tərəfdən bizə AQS və minaatanlardan atəş açılırdı, bizim yaralılarımız da vardı. Bölük komandirləri çox cəsur döyüş apardılar. Erməni qüvvələri darmadağın edildi.
Komandirin iki müavini vardı, biri mən, digəri təlim-tərbiyyə üzrə bir ba. Çox gənc idi, bizə təzə gəlmişdi, 21-22 yaşı olardı. Ailənin tək övladıydı. Mən onu qorumağa çalışırdım. Döyüşdə də ona dedim ki, sən dur yuxarıda, o, imtina etdi, ilk döyüşü idi, qorxmadı və cəsarət nümayiş etdirdi. O, mənimlə aşağı endi. Mən bir qrup yerləşdirmişdim aşağıda erməniləri qarşılayacaq, onlar könüllülərdən ibarət idi, aralarında dediyim komandir müavini və rəhmətlik Bəhruz Nuriyev də vardı. O, bizimlə reyd dəstəsində də qulluq etmişdi. Bəhruz qeyri-adi cəsarətə malik bir döyüşçü idi. Əsgərlərin döyüş ruhunu qaldırmaq üçün çox addımlar atdı. Bizdə əksər döyüşçülər yeni çağırışçılar idi və ağır döyüş görməmişdilər. Onlar üçün həm fiziki, həm də mənəvi cəhətdən döyüş ağır idi. Həm də erməni var gücü ilə müqavimət göstərirdi, əsl ölüm-dirim döyüşü gedirdi. Bəhruz ayaq üstə durub, əsgərlərə patron paylayırdı, onun bu cəsarəti əsgərlərə inam verirdi, zabitin belə qorxmazlığı onlarda ruh yüksəkliyi yaradırdı.
Bu döyüşdə bizim 11-12 yaralımız, iki şəhidimiz oldu, biri hissəmizin əsgəri, digəri isə könüllü döyüşçü Bəhruz idi…
Erməninin bir batalyon əsgəri orada məhv edildi. Mən sayı dəqiq deyə bilmərəm, amma bu döyüşdən sonra ermənilərdən 6 ədəd PK götürmüşdük.
Bu arada Lüləsazı (Akom komari) biz hardasa 3 dəfə (93-ün yayında və 94-ün yanvarında) götürmüşük. İlk kəs götürəndə 6-7 çavuşumuz şəhid olmuşdu. Mingəçevir batalyonu vardı, orada zabit əvəzi gizirlər idi. O hərbi hissəyə təhvil vermişdim. Bir dəfə də Akop kamarini alaraq Tərtər batalyonuna təhvil vermişik. Digəri xatirimdə deyil, amma hər dəfəsində biz oranı şəhidlər verərək azad etmişdik.
Akop kamaridən sonra bizi Papravəndə göndərdilər. Səhər saat 7:00-dan başlayan döyüş axşam saat 21:00-a qədər davam etdi. Ermənilər hay-küy salaraq hücuma atılmışdılar. Avtomatın lüləsində olan başlığı çıxaranda, avtomat bərk səs çıxarır, sanki, PK-dan güllə atılır. Onlar da bu başlığı çıxarmış və bilərəkdən səs-küy yaradırdılar. Məqsəd vahimə yaratmaq idi…
Komandir məni ailədən 2 şəhid verdiyimiz üçün döyüşlərə buraxmasa da vəziyyət ağır olduğunda çağırırdı. Bu dəfə də komandir mənimlə əlaqə yaradaraq, hissədən nə qədər adam varsa özümlə döyüş ərazisinə gətirməmi istədi. Mən də aşbazımıza qədər hamısını götürüb getdim. Günorta saat 12:00 radələrində əraziyə yetişdik. Biz çatanda 3-cü bölüyün demək olar ki, 50%-i yaralı olmaqla döyüş qabiliyyətini itirmişdi, bölük komandiri Araz Quliyevin (ləqəbi: Saddam) yanına snaryad düşərək qolunu üzmüşdü. Mən gələn kimi ilk ona yardım etməyə çalışdım. Onu qolarıma alanda gördüm ki, qolunu sarısalar da çiyin hissəsindən boğaz nahiyyəsinə qəlpə girdiyini görməyiblər, mənim qollarımda keçindi, şəhid oldu. İndiyə qədər bu hadisə gözüm önündən getmir
Bölükdən əli silah tutan18-20 əsgər qalmışdı. Komandir əmr verdi ki, birinci bölüyün arxası açıqdır, oraya getmək lazımdır. Mən gətirdiyim kömək və 3-cü bölükdən qalan əsgərləri götürüb qalxdım yuxarı. Bölüyün arxası bağlanmalıydı ki, mühasirəyə düşməsinlər. Ağdam-Ağdərə-Papravəndin arasından yol keçir, bu yolla ermənilər Ağdam tərəfdən keçib, Ağdərəyə gəlirdilər. Özləri ilə top gətirirdilər. Tankları vuruldu, PDM2-lərlə Papravəndə qalxdılar… Çox ağır döyüş oldu.
Bundan sonra çox döyüşlərimiz oldu…

Həmsöhbətim 772-reyd dəstəsinin döyüşçüsü
Yalquzaq.

Lüləsaz (Akop kamari)

1993-cü il 8-10 iyun, ermənilər Ağdərə istiqamətində 3 aylıq nisbi sakitlikdən sonra 15 km Ağdam-Ağdərə cəbhəsi boyu irimiqyaslı hücuma keçmişdilər. Ağdamın Qalayçı kəndi daxil olmaqla artıq kəndləri işğala başlamışdılar. Bizi də mövqeyləri geri almaq üçün Lüləsaza (Akop kamari) göndərdilər. İyun ayının 13-ü idi. Oraya gedərkən Tərtər batalyonu ilə rastlaşdıq. Ərazidən saxlaya bilmədiklərinə səbəb geri çəkilirdilər. Bir gün əvvəl onların kəşfiyyat qrupu da ermənilər tərəfindən pusquya salınmışdı. Bizim yeni çağrışçılardan ibarət heyəti gördükdə ironiyayla bizə dedilər ki, bunlarla gedirsiniz döyüşə? … Bizim şəxsi heyətin ilk döyüşü idi. Məhz bu döyüşdən sonra bizə münasibət dəyişdi.
1992-ci il noyabrda könüllülər buraxılması haqqında qərar qəbul edildi. Bizimlə Müdafiə Nazirliyi 2 illik kontrankt bağlamasına baxmayaraq, kontraktlar 7-8 aydan sonra pozuldu və könüllülər israrla ehtiyata buraxıldı. Hərbi mükəlləfiyyət qəbul edənlər orduda qaldı və rütbələr aldı, ali savadı olan döyüşçülərə bir aya rütbələr verilirdi, texniki savadı olanlar isə gizir oldu, bizim 772-nin bəzi könüllülərimiz MN-nə gedərək müraciət etdilər ki, mövcud qanunvericiliyə uyğun olaraq onlarla 3 aylıq müqavilə bağlansın və öz hərbi hissələrində qalaraq döyüşə davam etsinlər. Elələri də vardı ki, müqaviləsiz gəlirdilər. Onların bir çoxu beləcə 3 aylıq müqavilə ilə bizə gəlir və müqavilə başa çatdıqdan sonra geri qayıdırdılar. Belə könüllülərimizdən biri də Bəhruz Nuriyev idi. O, paylaşdırmada bizim bölüyə düşdü…
Biz Lüləsaz ətrafında mövqey tutduq. Bizdən xeyli hündürlükdə səngər qazdığını görürdük. 14 iyun səhər 11-də o ərazilər bizim ordu, biriqada tərəfindən artilleriya atəşinə tutuldu. Bizə döyüş əmri saat 12-də verildi, hava çox istiydi, həm də düşmən bizi açıq-aydın görürdü. Adətən isə hücum səhər erkəndən olur, düşmən gəlişini görməsin və isti yay günlərində səhər hücumu onunla da yaxşı idi ki, günortanın istisi dözülməz olurdu. Bəhruz bir tağımı götürüb, hər hansı tapşırıq əmri olmadan sol tərəfdən irəli keçdi. Mərd adam idi. Sağ tərəfdən bizim bir tağım hündürlükdən, sol tərəfdən isə digər bölüyümüz “Alma bağı” istiqamətindən hücuma keçmişdi. Cəmi bir saat döyüş getdi və bizim tərəfimizdən mövqe geri alındı. Bir gün əvvəl ərazidə səngər qazan ermənilərin meyidi də ərazidə qalmışdı. İkisinin də sənədi üstündə idi. Biri İrəvan səhərindən idi. Biz dayanmadıq və irəliləyərək hündürlüklərdə qərar tutduq. Hərbi hissəmiz 3 hissəyə bölünmüşdü, sağdan, soldan və mərkəzdən hücuma keçən tağımlarımız mövqeləri geri alaraq, ərazidə birləşdi. Bu, ilk döyüş idi, çox uğurlu alınmışdı. Uğurlu alınması isə ilk kəs döyüşə girən əsgərlər üçün böyük stimul idi. Onlar mövqeləri tutduqca erməninin onlarla meyid qoyub ordumuzun qarşısında tab gətirə bilməyib qaçmasını gördükcə daha da ürəkli olurdular, ruh yüksəkliyi yaradırdı. Sağ hündürlükdən irəliləyən bizim tağımdan bir döyüşçümüzü – Ağcayev Azəri (Balakən rayonu) itirdik. Döyüşdə yaralanmışdı, arxaya hospitala çatdıra bilmədik, yolda şəhid oldu. Bir neçə nəfər də yüngül yaralananımız olmuşdu. Tərtər kəşfiyyat qrupunun bir əsgərini azad etdik, qalanını öldürmüşdülər. Birini isə əsir aprıblarmış, bunu sonradan öyrəndik. Xilas etdiyimiz əsgər isə iki ayağından, iki əlindən və başından yüngülcə yara almışdı. Özü də bizə danışdı ki, ermənilər ona işgəncə verirlərmiş. Ola bilər ki, bu yaralar da ona işgəncə vermək məqsədi daşıyırmış.
Döyüşün bir çətinliyi də onda idi ki, bürküdən əlavə iri milçəklər də bizə daraşmışdı və döyüşməyə imkan vermirdi.
Çox susamışdıq və su mənbəsinə ehtiyacımız vardı. Xilas etdiyimiz əsgərdən su mənbəyini soruşdum, o, kəndin axırında bulaq olduğunu demişdi.
Batalyonda su ehtiyatı tükənmişdi, yaxınımızda su mənbəyi yox idi, suya ehtiyacımız isə artıqdı, hava isti olduğundan bu, artıq həyati vacib məsələyə dönmüşdü. Qərargah rəisinin etirazına baxmayaraq, özbaşına bir manqa döyüşmüylə gündüz vaxtı su qablarını götürüb, bulağı axtarmağa getdik, bir növ kəşfiyyat xarakterli əməliyyata başladıq. İlk olaraq, bizdən öncə ərazidə olmuş və geri qaçmış batalyonun qüvvələrinin çadırlarına rast gəldik. Bu, Alma bağına yaxın ərazidə idi. Bir qədər irəlilədikdən sonra ilk qarşımıza çıxan canlılardan ilan oldu. Əvvəl biz kiçik axar suya rast gəldik, acgözlüklə uzanaraq su içməyə baçladıq. Sonra bulağın yerini təyin etmək asan oldu. İrəli sıx ağaclıq olduğundan ehtiyatla suyun mənbəyinə tərəf irəliləyirdik. Qarşımıza 6 gözü olan bulaq çıxdı və əvvəl ətrafda mövqe tutaraq, müşahidə apardıq, sakitlik idi, qabları dolduraraq ərazini tələsik tərk etdik. Ərazidə ermənilər də ola bilərdi, bulağa su dalınca gəlmiş ola bilərdilər. Bu, neytral zona idi. 14-15-i su əməliyyatını yerinə yetirdik və bölüyümüzün su ehtiyatını təmin etdik.
Iyunun 16-sında səhər saat 5 radələrində ermənilər bizim istiqamətdə artilleriya hazırlığına başladılar. Bizim sol istiqamətimizdə olan ordumuzun hissələrinə PDM-lərdən atəş açdılar və ardından hücum başladılar. Ətrafı atəş səsləri bürümüşdü. Saat 6-ya yaxın ermənilərin piyada qüvvələri hay-küylə hücuma keçdilər. Bağıraraq hücuma keçmişdilər ki, bizdə panika yaratsınlar.
Döyüşün əvvəlində ermənilər rabitəylə bizim dalğaya daxil olaraq, bölük komandirinə, sağınız və solunuz qaçır – deyərək, psixoloji təsir göstərməyə çalışırdılar. O da cavab verdi ki, hünəriniz çatırsa gəlin, əcəliniz bizim əlimizdəndir, gəlin görək, kim qaçacaq.
Saşa Simonun başçılıq etdiyi tağımın əsgərləri NURS sistemi ilə düşmən mövqelərinə zərbələr endirirdilər. Mərmilər partladıqca ermənilərin səsi ərşə çəkilirdi, Lüləsazı erməni bağırtısı bürümüşdü.
4 saat davam edən döyüşdən sonra ermənilər meyidlərini də qoyaraq, artıq ermənilər bu dəfə qorxu və yara ağrısından bağıraraq geri qaçırdılar.
Saat 10 radələrində meyidlərini ərazidə qoyan ermənilər geri qaçmışdılar. Ermənilər 35-40 ədəd silahlarını (3-4 ədəd RPQ-7, 5-6 PK, 25-30 ədəd avtomat) da atıb getmişdilər. Bu döyüşdə biz bir nəfər şəhid vermişdik – Bəhruz Nuriyev və 3-4 yaralımız olmuşdu.

– Erməni meyidləri necə oldu?
– Saat 13:00 radələrində bizə əmr gəlmişdi ki, ərazini tərk edin. Biz əmrə təəccüb etmişdik, uğurlu döyüşdən sonra niyə çıxmalı olduğumuzu anlamırdıq, lakin sonradan bildik ki, bizim sağ tərəfimizdə Madaqiz ətrafında bütün mövqelər və soldakı hündürlüklər ermənilər tərəfindən işğal edilmişdi. Biz ortada qalmışdıq və arxa cəbhəmizdə olan dəniz piyadaları hərbi hissəsi bizdən 3-4 km arxada mövqe tutmuşdu. Ermənilər bizi 2 km dərinlikdə mühasirəyə ala bilərdilər. Bu səbəbdən də erməni meyidlərini götürmədik. Geri çəkildik. Sonradan 18 iyunda ərazini kəşfiyyat edən dəstəmiz müşahidə etmişdi ki, ermənilər iri yük maşınları ilə gəzərək meyidlərini toplayır.
Ağdərə şəhərində vəziyyət çətinləşdiyinə görə iyunda bizi oraya göndərdilər. Əvvəlllər də qeyd etdiyim kimi bizi əsasən vəziyyət ağır olan ərazilərə köməyə göndərirdilər, bildiyiniz kimi xüsusi təyinatlıların vəzifəsi əsasən müharibədə bundan ibarətdir. İyunun 22-də biz Ağdərə şəhərinin üstündə Qlobus deyilən mövqedə və Ağdamın Papravənd kəndinin yüksəkliklıərində mövqe tutduq. O ərazidə isə Şabanov – Daxili Qoşunların komandiri hissəni də götürüb ərazidən çıxmışdı. Ərazini sahibsiz qoymuşdu.

– Yəqin bu, həmin – 1993-cü ildə yanvar hücum kampaniyası zamanı Daxili Qoşunlara rəhbərlik edən (Sabir – K.S.) Şabanovdur ki, hücum zamanı qarşısına qoyulan tapşırığı yerinə yetirməmiş və bir addım belə irəli getməmişdi. Hətta məndə olan şahid ifadələrinə əsasən, o, qərargahda oturub, yalandan məlumat verirmiş hərbi rəhbərliyə ki, biz irəlilədik, mövqeləri götürdük, lakin bir addım belə irəliləməmiş, hətta hücuma başlamamışdı belə.
– Bəlkə də, deyə bilərəm ki, iyunun 22-sində, o, əsgərlərini də götürüb, ərazidən qaçdığına görə biz oraya kömək üçün göndərilmişdik. Təxminən 5-6 il öncə Şabanovun götürüb Bakıya gətirdiyi DQ-ın həmin hərbi hissəsində qulluq etmiş bir döyüşçüsü ilə həmsöhbət olduq, o, mənə danışdı ki, guya daxili məsələni həll etmək adıyla Şabanovun Bakıya gətirdiyi hərbi hissə sonradan elə Bakıda da dağılmışdı, döyüşçülər o hissədən getmişdi.
4 iyun hadisələri ilə əlaqəli, həmin qarışıqlıqda bizə demişdilər, gedin Gəncəyə, amma imtina etmişdik ki, biz erməniylə vuruşuruq…
İyunun 26-sında olan döyüş haqqında Mehdi danışıb, mənim elə də əlavəm yoxdur.
Arazın şəklini sizə vermək istərdim, bir də Saşa Simonun bölüyündən bir döyüşçünün – Ceyhun Yusifovun xatirəsini sizinlə bölüşmək istərdim. O, iyunun 26-sındakı döyüşdən danışır ki, Saşa onları necə ölümdən xilas edib. Onlar artilleriya atəşindən qorunmaq üçün gizləniblərmiş, Saşa onlara bağırıb ki, tez yerinizi dəyişin, onlar yerini dəyişdikdən ani sonra oraya bir neçə mərmi düşüb.

– Yəni S. Simon bu qədər peşəkar olub və az öncədən erməninin vura biləcəyi ərazini təyin edə bilib.
– Beli. Elə idi. Onun silahlardan çox yaxşı başı çıxırdı. Bakıda zavoda gedərək öz konstruksiyası ilə hissələr sifariş edir və silahı özü yığırdı.

– İyun döyüşlərindən sonra cəbhə boyu vəziyyət pisləşdi. Nələr baş verirdi?
– 26 iyun Ağdərə və bəzi kəndləri işğal edildikdən sonra ermənilər bizim istiqamətdə hücumu dayandırdı. Onlar güvvələrini Ağdam istiqamətdə topladılar. Bizim istiqamətdə nisbi sakitlik idi. Çaylı – Talışda mövqedə dayanmışdıq, bizim arxa cəbhəmiz 5-6 km geridə idi, Madaqiz tərəfə isə solumuz 6-7 km tamamilə boş idi. O tərəf Göyarx (Levanarx) kəndinin yaxını, Tərtər çayının sol sahili idi. 2-3 gündən bir maşınla öz mövqelərimizə gedərək döyüşçülərimizlə növbəni dəyişirdik. Gündüz hərəkət etdiyimizdə bizi Faqotla vururdular. Orada maşınımızı bir dəfə vurmuşdular, komandirimiz də yaralanmışdı. Gecə saatlarında maşınların işıqları söndürülmüş halda, ay işığının altında hərəkət etməyə məcbur idik.
İyulda bizim ermänilärin mövqelərinə kiçik hücumlarımız olurdu.
Artıq avqustda ermənilər aşağı, Fizuli – Cəbrayıl istiqamətində hücumlara güclərini vermişdilər…
Orduda özbaşınalıq idi. Hərbi hissələr komandanlıqsız qalmışdı. Bir çox hərbi hissələr dağıldı. İyun hadisələri Azərbaycan ordusunun bel sütununu qırdı və ermənilərin bundan istifadə etməsi, onların uğurla irəliləyib, rayonları işğal etməsi ilə nəticələndi. Heç kəs ölkədə nə baş verdiyini anlamırdı və intizam zəif olan hissələrdən əsgərlərin özbaşına hərbi hissəni tərk edib, getməsi halları kütləviləşmişdi…

Komandir yaralanmışdı, komandanlıq Qərargah rəisinin üstündə qalmışdı, hərbi hissələr ərazini tərk etdiyinə görə briqadadan bizə dincəlmək imkanı verilmirdi. Tez-tez bizi fərqlı mövqelərə göndərirdilər. Briqada komandanlığı da çıxılmaz vəziyyətdə idi, canlı qüvvə çox azalmışdı, mövqelərə göndərməyə qüvvə tapmırdılar. Hətta Ağdam işğal edildikdən sonra, avqust ayında, şəhəri geri almaq üçün bizim hərbi hissəni oraya atmaq istədilər. Baxmayaraq ki, Agdam bizim müdafiə ərazimiz deyildi. Sonradan şəhərin geri qaytarılması əməliyyatı hansı səbəbdənsə təxirə salındı. Biz Çaylı istiqamətindəki mövqelərimizi avqust-sentyabr ayında, səhv etmirəmsə, 799 saylı hərbi hissəyə təhvil verdik, lakin onlar bu mövqelərdə komandanlığın zəifliyi səbəbindən, gecə-gündüz gərəksiz yerə atəş açmaqla sursat ehtiyyatını tükətdi və atəş açmaqla düşmənə mövqelərini bəlli edərək neticədə çox itki verirdilər. Ermənilər onların bir maşınlarını da Faqotla vurmuşdu və 8 nəfər həlak olmuşdu. Bu minvalla onlar mövqedə cəmi 20 günə yaxın duruş gətirə bildilər. Hərbi hissələrindən qalan şəxsi heyyəti o mövqelərdən çıxardıqdan sonra bizi yenidən o mövqelərə göndərdilər.
Oktyabr ayında batalyon komandiri şəxsən özü bir kəşfiyyat əməliyyyatında iştirak etmişdi. Bir qrup zabit-gizir və əsgərlər bu əməliyyata seçilmişdi. Onlar düşmənin ehtiyat mərmi anbarlarını və qüvvələrinin yerini aşkarlamışdılar. Bizim hərbi hissə müəyyən edilmiş qüvvələrin məhv edilməsinə dair diversiya əməliiiayı hazırlayırdı. Bu, Madaqiz ətrafında olan ərazidə idi. Biz briqadaya bu haqqda məlumat verdikdən sonra, briqada komandanlığı gözləməyi əmr etmiş, lakin özləri bu əməliyyatı keçirməyə cəhd etmişdilər, əməliyyatı sonuna qədər aparmamış, gərəkən dərinliyə hərəkət etməyərək qüvvəni tam məhv edə bimləmişdilər. Tapşırıq bizdən xəbərsiz və qismən yerinə yetirilmişdi. Əminəm ki, bizim öz tapşırığımızı öz kəşfiyyat-diverisiya qrupumuz tam yerinə yetirərək, düşmən ehtiyyat qüvvəsini tam məhv edə bilərdi. Bundan sonra bizim komandanlıqla briqada arasında buna səbəb narazılıq yarandı.
Oktyabrın 28-29-u bizə Ağdərə şəhərinə kəşfiyyata getmək əmri verildi. Bizim qüvvələr Ağdərə şəhərinə 2 km qalmış, kanal qırağı mövqe tutmuşdular. Briqadadan bizə məlumat verilmişdi ki, Ağdərə şəhərinin bizim istiqamətdə qabağında erməni mövqeləri var və biz onları müəyyən etməliydik. Oktyabrın 31-i axşam biz 2 qrupla hərəkətə keçdik. Bir qrup isə mövqedə rezerv dayandı. Ehtiyyatla Ağdərə şəhərinə yaxınlaşdıq, səhər saat 6:00 radələrində tapşırılan əraziyə çatdıq və getdiyimiz istiqamətdə erməni qüvvələrinin olmadığını müəyyən etdik. Bu istiqamət Ağdərə şəhərinin mərkəzində olan karuselin yaxınlığında, dördyolun üzərində idi. Ətrafı tam yoxladıqdan sonra bir evin içində yerləşdik. Səhər şəhər dumana bürünmüşdü. Şəhərin arxa hissəsində hündürlüklərdən ermənilərin atəş səslərini eşıdırdik. Artıq məlum idi ki, erməni mövqeləri şəhərdə yoxdur, onlar hündürlükdə mövqelərini qurmuşdular. Qrupun bir hissəsi şəhərin mərkəzinə hərəkətə başladı. Qrupun bir hissəsinə mən, digərinə Robert Axunov başçılıq edirdi. Orada Rembatın qaracı deyilən bir yer var, onun ərazisini gəzdikdə, orada olan yanacaq quyusundan ermənilər kefir butulkası vasitəsiylə, iplə sallayaraq yanacaq götürürlərmiş. Həmən quyunun yaxınlığında maşınlarının yeni olan izləri qalmışdı. Aydın idi ki, yanacağı buradan yenicə aparıblar və təminatları buradandır. Quyunun üzərini ermənilər taxtalarla örtmüşdülər ki, içərisinə yağış yağarsa, su düşməsin. Robert burda ermənilər üçün F1 qumbarası ilə bir “sürpriz” qoydu. Quyudan yanacaq götürmək üçün taxtanı qaldıran qumbaranı işə salmış olacaqdı…
Yolun başında yanğınsöndürmə məntəqəsi vardı. Həmən yoldan aşağıda dödryol vardı və mən təklif etdim ki, hamımız burada qalaq, lakin məsləhət belə oldu ki, Robert dəstənin bir qrupu ilə qalsın, mən mövqe tutduğumuz evə qayıtdım. Biz getdikdən 10 dəqiqə keçməmiş Robert rabitə ilə xəbər etdi ki, ermənilər 8-10 nəfərlə şəhər mərkəzinə hərəkət edir. Biz həmən geri qayıtdıq. Hasarları aşaraq, həyətləri keçdik, kəsə yolla dördyol istiqamətində hərəkət etdik. Artıq ermənilər şəhərdə dağılmışdılar, yandırmaq üçün taxta, odun toplayırdılar. Biri bizim istiqamətdə gəlirdi. Biz onu məhv edərək ərazidən uzaqlaşdıq. Onları şəhərin içində tapmaq və məhv etmək çətin idi və əsas qüvvələrinin hansı istiqamətdə və nə qədər olduqlarını bilmirdik, bu səbəbdən ehtiyatla hərəkət etməyə məcbur idik. Riskə getmədik, ərazidən uzaqlaşdıq. Sonradan təəssüf etdik ki, biz onları dördyolda gözləməmişdik, orada onları həm məhv edə bilərdik, həm də ən az birini əsir ala bilərdik ki, gətirib, danışdırardıq.
İtkisiz geri qayıtdıq, mövqedə bizi briqadanın Qərargah rəisi Lənkəran Əliyev qarşıladı, komandirimiz də orada idi. Ağdərə şəhərində heç bir mövqelərinin olmadığını, hündürlüklərə yerləşdiklərini, amma şəhərə odun və yanacaq üçün tez-tez endiklərini məruzə etdik. L.Əliyev dedi ki, düşmənin rabitəsindən tutduqları məlumatdan öyrəniblər ki, ermənilər bizim kəşfiyyat qrupu haqqında məlumatı əldə edən kimi bizi tutmaq üçün hərəkətə keçiblərmiş.
Bu aylarda Papravənd kəndində bizim hissənin digər qrupu kəşfiyyat əməliyyatı aparmış, məktəbə qədər gedib çıxmış və orada ermənilərin olduğunu müəyyən etmişdilər. Oktyabr ayında olan danışdığım hadisədə olduğu kimi kəşfiyyat məlumatlarını bizdən aldıqdan sonra briqada Ağdərəyə rahat gedib-gəlməyə başlamışdı. Hətta biz Ağdərəyə növbəti kəşfiyyata gedərkən, xəbər aldıq ki, briqadanın kəşfiyyatçıları şəhərdədir, onlar geri dönmədən biz gedə bilməzdik, toqquşa bilərdik. Noyabrın 17-sində də oxşar əməliyyat apardıq, bir gün ərzində erməniləri orada gözlədik, amma şəhərə gəlmədilər. Arxada yerləşən hündürlüklərdən isə səsləri gəlirdi. Həmin aylarda biz Tərtər çayının sağ sahilində, Madaqiz kəndinin ətrafında kəşfiyyat əməliyyatı aparmışdıq. Orada erməni mövqeyini müəyyən edərək, bir ermənini məhv edib, ərazidən uzaqlaşmışdıq. Ermənilərin mövqelərini müəyyən etmək üçün bu kimi kəşfiyyat əməliyyatları müntəzəm həyata keçirilirdi. Hetta merkezi kesfiyyat idaresinin kesfiyyatcilari bölgəyə tapşırıqla gələrkən əməliyyata bizim hərbi hissənin kəşfiyyatçıları ilə bərabər gedirdilər.

——————————————————————————————-
Həmsöhbətim 772 saylı XTB-nin döyüşçüsü
Mehdi Cavadov.
– İyun döyüşlərindən sonra ərazidə vəziyyətiniz necə idi? döyüşlər oldumu?
– Yox, elə güclü döyüş olmadı. Yay aylarında Madagiz ilə Talış kəndi arasında təhlükəli mövqeydə dayanırdıq, ermənilər hündür yüksəklikdə biz alcaq yüksəklikdə, üstəlik onlar sıx meşəlikdə biz isə seyrək qaratikan kolu olan ərazidə idik. Gündüzlər qalxan kimi vururdular. Orada müəyyən qədər yaralı və 2-3 şəhidimiz olub. Həmin ərazilərdə mövqeylərimizi yaxşılaşdırılması üçün aparılan əməliyyat zamanı Valentin Seleznov şəhid oldu. Hələ reyd dəstəsindən 772-də xidmət edən döyüşçülərdən idi.
Xırda döyüşlər, kəşfiyyatlar olurdu. Ermənilərə ziyan da vururduq, itkilərə məruz qoyurduq, amma qüvvəmiz irimiqyaslı əməliyyatlar keçirməyə çatmırdı.

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Səkkizinci hissə

1993-1994-cü il qış hücum kampaniyası.

Dekabırın 25-indən yanvarın 29-30-una qədər olan „1993-1994-cü il qış hücum kampaniyası“.

Həmsöhbətim:
Mehdi Cavadov

– 1993 – 94-cü ilin qış əməliyyatlarında 772-ci XTB hansı istiqamətdə vuruşurdu ?
– 1993-cü ilin dekabr ayında qış əməliyyatı çərçivəsində Ağdərə istiqamətində hücumlar bizim cəbhədən başladı. Hücum istiqaməti Talış- Suqovuşan idi. Dekabrın ikinci ongünlüyü 703-ün birinci batalyonu Babək44 Suqovuşan (Madaqiz) 130 saylı hərbi hissə Suqovuşan və Gülüstan arasında Ağuçuq yüksəkliyi istiqamətində hücuma keçmişdi. Hər iki hücum uğursuz alınmışdı. 703-dən tağım komandiri Ələmdar Beyləqanlının, 730-dən isə bir döyüşçünün cəsədi erməni mövqeyində qalmışdı.
25 dekabrda bizə o istiqamətdə irəliləmək əmri verildi. Bizdə olan məlumata görə 130 həmin gün hücuma keçib düşmənin müqavimətini qırdıqdan sonra bizim hissə içəriyə doğru irəliləməli idi. Biz 130 saylı hərbi hissənin yanından gəlib keçdik, saat 9-10:00 radələri olardı. Sonra komandir bizə hücum üçün əmr verdi. Bu istiqamətdə (Arakəsər istiqaməti – M.C.) biz kəşfiyyat aparamamışdıq, əmr verilən kimi bizim döyüşçülər yüksəkliyə hərəkətə başladı. Ərazi sıx meşəlik idi, biz kalon formasında qalxırdıq. Döyüşçülər düşmən qüvvələri ilə rastlaşan kimi atışma başladı və itkilərimiz olsa da biz toparlanıb, vəziyyəti ələ aldıq və mövqeləri tutduq. Komandir Kərim Vəliyev də həmin istiqamətdə bizimlə irəliləyirdi, mövqeyi ilk ələ keçirdiyimizdə öndə olan 5-6 nəfərin biri də o, idi. Həmin vaxt, səhv etmirəmsə, K.Vəliyev mayor idi.

Ağuçuq yüksəkliyini götürdükdən sonra bizə 3 nəfər olmaqla Suqovuşan (Madaqiz) istiqamətində həmin gün gecə kəşfiyyat aparmaq tapşırıldı.

Suqovuşan istiqamətində hərəkət edərək ermənilərin arxasında gecə 4 saata qədər qaldıq. Gecə saatlarında ocaqları yanırdı. Dörd ocaq saydıq, əldə etdiyimiz məlumatları geri ötürdükdən sonra bizə geri qayıtmaq əmri verildi. Səhər tezdən Babək44 şimal tərəfdən, biz cənub-qərb tərəfindən girib, həmin yüksəklikləri azad etdik və Ələmdarın da cəsədini geri almış olduq.
29 dekabr bu əməliyyatı uğurla başa vurduqdan sonra 30-31 dekabr yüksəkliklərdə qaldıq. 1 yanvar 2065 m. yüksəkdə yerləşən Keçəldağ istiqamətinə hərəkətə başladıq. Biz oraya çatanda Goranboy batalyonu artıq o mövqelərə girmişdi. Düşmən texnikasını mövqelərdə qoyub qaçmışdı, tankın birini isə sıldırım qayadan üzü aşağı buraxmışdılar.
Biz sonradan həmin yüksəklikdən Təzəkənd (Tonaşen) istiqamətinə gəlib, Təzəkənd – Dəstəgül istiqamətində olan yüksəkliklərin boş olduğunu təyin etdik. Dekabrın 2-si yenidən Suqovuşana qayıtdıq.
Daha sonra Lüləsaza (Akop-Komariyə) hücum planlaşdırıldı. Yanvarın 4-ü Tər-tər çayını keçməklə artıq döyüşlər bu istiqamətdə başladı. 6 yanvardan döyüşlər Lüləsazın 963 və 1001 yüksəklikləri arasında idi. Bu tarix üçün döyüşlər bizim planlarşdırdığımız kimi gedirdi. Amma sıradan çıxan qüvvələrimiz də var idi, təəssüf ki, onları əvəz edəcək yeni qüvvələr yox idi. Yeni gətirilən qüvvələr hazırlıqsız olurdu, onlarla döyüşmək ağır idi. Sonradan yanvarın 11-i ərəfədə bizim istiqamətə Goranboy batalyonunu da köməyə gətirdilər. Yanvarın 11-inə düşmən müdafiədən çıxırdı və hücumlara əks hücumlarla cavab verirdi. 6-15 yanvar arası Lüləsaz istiqamətində sıx meşəlik şəraitində demək olar hər gün yaxın məsafədən, meşələrin içərisində mövqe döyüşləri aparılırdı. Meşə şəraitində uzaqdan döyüş aparılmır, müşahidə aparmaq olmur.
Qış əməliyyatı vaxtı müharibə öz şiddətinin pik nöqtəsinə çatmışdı. Amansız, şiddətli döyüşlər gedirdi.
Yanvarın 20-sinə Ağdərə istiqamətində döyüşlər planlaşdırıldı. Həmin hücumlar da uğursuz alındı, Qlobus-Vışka istiqamətində yüksəkləri ala bilmədik. Güclü müqavimətə rast gəldik. İtkimiz çox oldu. Batalyon 150 nəfərlə döyüşə başlamışdı və artıq 30%-ni itirmişdi. 20 şəhid və 40-a yaxın yaralımız vardı. Sonrakı döyüşlərdə demək olar hər bölükdə 15 döyüşçümüz qalmışdı. Müdafiə Nazirliyindən gələn əmrə görə bizi oradan çıxardılar və artıq yanvar ayının sonlarına Ağdərə istiqamətdə qış əməliyyatı çərçivəsində hücumlar dayandırıldı.
Ağdərə istiqamətində düşmən çox böyük qüvvə cəmləşdirmişdi. Yanvarın 6-sından etibarən ermənilər hücuma başlamışdı…

Şəhidlərimiz:

26 dekabr 93-cü il Suqovuşan istiqamətində şəhid olanlar :
Nəsimi Süleymanov.
Tofiq Ismayılov.
27.12.93
Namiq Əliyev.
28.12.93
Zəkəryəyev Əlibala (Bakı.)
https://az.wikipedia.org/wiki/%22Az%C9%99rbaycan_Bayra%C4%9F%C4%B1%22_ordeni_il%C9%99_t%C9%99ltif_edil%C9%99nl%C9%99rin_siyah%C4%B1s%C4%B1 (Əlibala Ələsgər oğlu Zəgəryəyev – Azərbaycan Bayrağı ordeni. (ölümündən sonra) — 15.01.1995[19])
———————————————————————————————-

Həmsöhbətim:
Yalquzaq.
1993-94-cü il, 25 dekabr – 30 yanvar ərzində bizim batalyon Ağdərə cəbhəsində aktiv hərbi əməliyyatlarda oldu, 31 yanvar biz oradan çıxarıldıq və 776 oraya yerləşdirildi. Qüvvə demək olar ki, tükənmişdi…
25 dekabrda, hücum başlayanda, Ağdərənin çox kəndləri bizim əlimizdəydi.

– Ilk hücumunuz haradan başladı?
– Dekabr ayında biz hücuma Talış kəndindən başlamışdıq. Meşəylə təxmini 5-6 km hərəkət edərək Suqovuşan (Madaqiz) kəndinin arxasında olan yüksəkliyi almaq əmri verilmişdi. Yüksəkliklərin adını xatırlamıram, Suqovuşan su hövzüsinin arxasında idi. 130 saylı hərbi hissə (Gəncə desant həmlə briqadası, onlar döyüsler erzinde şəxsi heyətinin, yarali ve shehidler olaraq, xeyli hissesini itirdi. – Yalquzaq.) hərəkətə birinci başlamışdı, biz yüksəkliyi tutduqdan sonra onların ardınca hərəkət etməliydik. Biz hərəkətə başladığımız yolda onlar tutmalı olduqları mövqelərin yanından keçərək yüksəkliyə tərəf irəliləməli idik. Daha sonra onlar bizim tutduğumuz mövqelərdən ötərək irəliləməli və orada yerləşən Dəstəgül kəndinin ətrafında cəmlənməli idilər. Bu kənd Tonaşen kəndinin yaxınlığında, hündür dağın başında yerləşən balaca bir kənddir. 25 dekabr biz hərəkətə başladıq və artıq gecə gəlib 130-un yanından keçdik, onlar geri qalırdı, çox zəif hərəkət edirdilər. Biz onları gözləyə bilməzdik və komandir əmr etdi ki, bu hərbi hissəni keçin. Cavan əsgərlər idi, demək olar yaxşı təlim keçməmiş və hazırlıqları aşağı idi. Onlar Çaylı kəndinin yaxınlığına oktyabr ayının axırlarında dislokasiya edilmişdi. Bundan öncə dediyim, cəbhə boyu olan boşluqlara yerləşdirilən hərbi hissələrdən idilər. Onlar piyada deyildi, PDM-ləri vardı.
Ərazini tamamilə kəşfiyyat etmişdik, ermənilərin bütün mövqeləri aşkar edilmişdi, bu səbəbdən ərazidə hərəkət etmək bizim üçün təhlükəsiz və asan idi. Sizə keçən söhbətimizdə batalyon komandirimizin də iştirak etdiyi böyük əhəmiyyətli kəşfiyyat əməliyyatından danışmışdım, sonradan, briqada kəşfiyyat sonrası keçirəcəyimiz əməliyyatı bizlə razılaşdırmadan özbaşına və yarımçıq yerinə yetirmişdi. İndi biz bu kəşfiyyat əməliyyatları nəticəsində arxayınlıqla ərazidə irəliləyir və tam sərbəst nəzərdə tutulmayan əməliyyatları belə keçirməyə hazır idik. Bu səbəbdən də komandir əmr etdi ki, 130-u keçək və əraziləri özümüz nəzarətə alaq. Bu istiqamətdə irəliləyib, əvvəldən aşkar edilmiş erməni mövqeyindən aşağıda sol tərəfdə yolu nəzarətə götürdük. Hücum üçün mövqelərimizi tutduq və hazır vəziyyətə dayandıq. Biz iki bölüklə irəliləmişdik. İkinci bölük isə sağ tərəfdən hündürlükdən erməni mövqelərinin üst tərəfindən yaxınlaşdılar. Gizir Qafarov Əjdər yemək aparan iki ermənini müşahidə etdiyini söylədi. Dəqiq yerlərini və tam məlumatı əldə etmək məqsədi ilə onları izlədik. Digər bölük isə bizə xəbərdarliq etmeden hücuma başladı, beləliklə də döyüş başlamış oldu. Yarım saat ərzində ermənilər mövqeni qoyub, geri çəkildi. Diger bölükden bir nəfər – Robert yaralandı və bir əsgər şəhid verdik – Tofiq Ismayilov, bizim bölükdən isə bir əsgər şəhid oldu – Nesimi. Nəticə olaraq mövqe tutulsa belə bizim parametrlərlə əməliyyat uğurlu alınmadı çünki, itgimiz var idi. Bizim bu əməliyyatı itgisiz keçirməmiz lazım idi! Erməniləri də itgiyə məruz qoymuşduq, mövqelərində qan izləri vardı, lakin yaralı və meyidlərini aparmışdılar. 130 hələ də gəlib bizə yetişməmişdi, buna səbəb də komandir əmr verdi ki, bir qədər geri çəkilib, mövqe tutun və dayanın. Bu, artıq haqqında danışdığım payızda kəşfiyyat edilərək aşkarlanmış erməni mövqeləri idi ki, briqadadan gələn diversiya dəstəsi dərinə hərəkət edə bilməmiş və mövqe tamamilə məhv edilməmişdi. Biz payızda yarımçıq qalmış əməliyyatı qışda yerinə yetirmiş olduq. Artıq ərazidə ermənilərin mərmi anbarları və sairəni aşkarladıq, ələ keçirdik. Əməliyyat yerinə yetirilmişdi, ərazini tərk edib, yeni tapşırığa getməli idik.

Suqovuşan (Madaqiz) istiqamətində Tərtər çayının sağ sahili. 28 dekabr .

Ermənilər bizi müşahidə etdikdən sonra olduğumuz istiqamətdə tank və top atəşinə başladılar. Namiq (ləqəbi – Tampo) şəhid oldu, iki əsgərimiz də yaralandı. İstiqamətimizi dəyişməyə məcbur olduq. Orada 703-ü də gördük, onların da şəhid və yaralıları vardı. Bizim getməli olduğumuz istiqamət vurulurdu və yolumuzu dəyişmək istədiyimiz istiqamətdə 703 döyüş apardığı üçün biz geri qayıdıb, Talış istiqamətindən yenidən Suqovuşana tərəf hərəkətə başladıq. Gecəni orada qaldıq, səhər hərəkətə keçdik. Dekabrın 29-unda Suqovuşana üç istiqamətdən hücum başladı. Briqada da artıq Suqovuşana hücuma başlamışdı. Ermənilərin mərmi anbarlarını ələ keçirdiyimizdən onlar anbar olan əraziyə yaxınlaşa bilmirdi. Yalnız Suqovuşanın ətrafında mövqeləri qalmışdı. Kəndin çıxacağında bir mövqeləri vardı. Həmin post meşənin içində idi. Ümumi hücum başladıqdan sonra onlar Tərtər çayı boyunca Suqovuşan kəndinə tərəf qaçmağa başladılar. Biz həmin mövqelərdə iki top ələ keçirdik. Suqovuşan kəndinə tam yaxınlaşdırda yenidən hündürlüklərdən mərmi atəşinə tutdular. Mən qrupumla irəli keçmişdim. Burada da bizim arxada gələn qrupdan bir əsgərimiz Əlibala Zəgəryəyev şəhid oldu. Bizimkilər yuxarıda idi, Əlibala da qaçan erməniləri, mövqe tutaraq, vurmağa başlamışdı. Aşağıdan ermənilərdən onu vurmuşdular. Ümumiyyətlə, yuxarıda olan üçün aşağıda olanı vurmaq çətindir çünki, aşağıdakı kiçik görünür, amma aşağıdan duran yuxarida olanı asanlıqla vura bilir, o, hədəf olaraq iri görünür… Balaca boyuyla çox cəsur və qorxmaz oğul idi. PK (Kalaşnikov pulemyotu) daşıyırdı həmişə. Doğulduğu kənddə (Agyazi kendi) oxudugu mektebe onun adını veriblər, Azərbaycan Bayrağı ordeni ilə də təltif olunub. Onu itirməmiz balayon komandirinə də çox təsir etmişdi. Dəyərli, hazırlıqlı döyüşçülərimizdən biri idi…
3 gün ərzində 3 şəhid verdik, amma tapşırıqları yerinə yetirərək, mövqeləri tutduq. Artıq Suqovuşan tamamilə azad olunmuşdu. Mövqeləri möhkəmləndirdikdən sonra kəşfiyyat əməliyyatlarına başladıq. Növbəti tapşırığı gözləyirdik. 31 dekabrı biz orada keçirdik.
Bizim təhcizat bölüyü vardı. Ərzaq və texniki qurğuların batareyalarını təmin edirdi və həm də şəhid və yaralılarımız olduğunda biz döyüş ərazisindən çıxararaq onlara təhvil verir, onlar da ünvanına çatdırırdı. 31 dekabr onlar bizə bayram sovqatı gətirmişdilər…
Əmr gəldi ki, (1 yanvar) yuxarıda Goranboy batalyonu hücuma keçib, onlarla əlaqə yaratmaq və ərazini yoxlamaq lazımdır. Onlarla rabite elaqemiz yox idi. Bizim bölük hərəkətə başladı. Yolda atılmış köhnə maşına rast gəldik, ərazidə ermənilər özlərinə çör-çöpdən daxma düzəltmişdilər. Sonradan məlum oldu ki, 1992-ci il hücumlarında bizimkilər oradan keçməmişdi və ermənilər orada qalıb, yaşayırlarmış.

– Silahlı dəstələr, yoxsa mülki əhali?
– Orada mülki əhaliyə xas əşyalar çox idi, uşaq ayaqqabıları və sairə. Amma hərbi mülkiyyət olan sənədlər də tapmışdıq oradan.
Biz ərazini keçdik və tank motorunun səsi gəlirdiyini eşitdik. Səs hündürlükdən gəlirdi. Biz dayanıb, qulaq asdıq və danışığın azərbaycanca olduğunu gördük. Aydın oldu ki, bu, Goranboy batalyonudur. Ərazini azad edib, mövqelər tutublar. Biri də döyüşçülərin şəkillərini çəkirdi. Mən də onlarla tankın yanında şəkil çəkdirdim, əgər müsahibəni oxuyub, xatırlayarlarsa, şəkilimi göndərsinlər…
Onlar bir tankı qənimət olaraq ələ keçirmiş, ermənilər bir tank və PDM-i 150-200 m. aşağı dərəyə atmışdılar. Biz isə tapşırığı yerinə yetirərək ətrafı gəzdik və tamamilə bizim əlimizdə olduğundan əmin olduqdan sonra hissəyə qayıtdıq.

Suqovuşan (Madaqiz) kəndinin yaxınlığında bir alban kilsəsi vardı. Orada yerləşdik. Kilsənin girişində tikilidə divara təzə bir daş yerləşdirilmişdi. Üzərində erməniycə yazı vardı. Daşın oraya sonradan yerləşdirilməsi açıq-aydın bilinirdi. Bunu anlamaq üçün arxeoloq və tarixçı olmağa ehtiyac yox idi. Tikilidən əski daşı çıxarıb, öz yazıları həkk edilmiş, yeni əl işləri olan yazılı daşı yerləşdirmişdilər və mən əsgərlərimə dedim ki, baxın və bilin, ermənilər necə torpağımızda tariximizi saxtalaşdıraraq, özününküləşdirirlər! Alban kilsələrini saxtakarlıqla erməni kilsəsi etməyə çalışıblar. Yerləşdirilən daşın ən az 200-300 kg çəkisi olardı.

Bizə Dəstəgül kəndinə tərəf hərəkət edərək, yoxlamaq və mövqe tutmaq əmri verildi. Kəndə bir batalyon yerləşdiriləcəkdi. Gündüz vaxtı idi, biz 6 nəfərlə irəlilədik. Gərargah rəisi ilə əlaqə yaradaraq, məlumat verdim ki, biz kəndə tərəf hərəkət edirik.
Kəndin ərazisini kəşfiyyat etdik, bir ədəd erməniyə məxsus avtomat darağı tapdıq (üzərində erməniycə yazdığına onlara məxsus olduğunu bildik). Yerdə kağız-kuğuz və sənədlər də vardı. Onların burada olduqlarını müəyyənləşdirdik, lakin ərazini artıq tərk etmişdilər.
Dəstəgül kəndinə qalxan qrupumuzdakılar: gizirlər – Əjder Qafarov və Paşa (Паша – xidmətdə olduğu ücün adını çəkmirəm – Yalquzaq.), əsgərlər Rövşən Xəlilov və Yusif Cabbarov, çavuş Binyamin Mədətov və mən.
Biz mövqeləri yoxladıqdan sonra gərargah rəisinə məlumat verdik ki, ermənilər yoxdur. mövqeləri təhvil almalı olan bölük yuxarı qalxa bilər. Biz ərazini Mingəçevir batalyonuna təhvil verməliydik, kəşfiyyat əməliyyatından sonra. Qərargah rəisi mənə cavab verdi ki, batalyonun bir bölüyü ərazidə mövqe tutmaq ücün gəlib və indi onları yuxarıya göndərirəm, mövqeləri onlara təhvil-təslim etdikdən sonra geri qayıdın. Mən də bölüyü qarşılamaq ücün Binyamin Mədətovu aşağı göndərdim. Hərbi hissə yuxarıya za asta qalxırdı, ya da qalxmaqdan imtina etmişdi, biz anlamadiq. Hava artıq qaralmışdı və bu arada biz Binyamini də itirdik, onda rabitə yox idi. Biz onu axtarmaq ücün aşağı enə bilərdik, lakin mən buna izin vermədim. Qaranlıqda tanımadığımız ərazidə biz də aza bilər və uşaqları itirə bilərdim. Binyamindən isə arxayın idim. O, kənddə böyümüş və ləpirçilikdən (следопыт – izçi) yaxşı anlayırdı. Qərargah rəisi ilə əlaqə yaradıb vəziyyəti ona məruzə etdim və Binyamini tapmayınca geri qayıtmayacağımızı bildirdim. O, qərarımızı dəstəklədi. Biz gecəni dağda bir dərə tapıb orada yerləşdik, qalıb sabahın açılmasını gözlədik. Yüksəkliyə çıxmalı olan Mingəçevir bölüyü isə gəlib çıxmadı.
Nə yaxşı ki, Rövsənin cibində bir bloknot varmış, biz onun vərəqlərindən istifadə edərək çör-çöp yığıntısından kiçik bir ocaq qaladıq və ətrafına yığışdıq. Bizdən öncə belə bir hadisə 130-un iki neferinin baışna gəlmişdi. Azıb, qalmışdılar və qaranlıqda açıq ərazidə ocaq qalamışdılar. Ocaq isə belədir ki, açıq ərazidə qaranlıqda uzaq məsafədən aydın seçilir. Bu ərazi isə əsasən axşam və sübh çaglarında dumanlı olur. Duman olan vaxt isə alov çox daha yuxarı qalxır və aydın görünür. Təsəvvür edin ki, dumanda bir kibrit dənəsini və ya siqareti yandəranda uzaqdan böyük ocaq təsəvvürü yaradır, bu qədər effektə malikdir.
Səhər Qərargah rəisi bizlə əlaqə yaradıb, xəbər verdi ki, Binyamin qayıdıb hərbi hissəyə. Biz arxayın geri qayıtdıq. Bizim hərbi hissənin təyinatı mövqelərdə dayanmaq deyildi, həm də mövqedə dayanmaq ücün sayımız çox az idi. Yüksəkliyi tərk etdiyimiz ana qədər də Mingəçevir batalyonu yüksəkliyə gəlib cıxmamışdı…
Biz çox yorğun idik. Bir sutkaya yaxın ac idik, üst-baçımızı da qaratikan kolları cırıb, tökmüşdü. Biz hissəmizə çatanda komandir müavini üstüme yeridi, yaralanmısan? – deye sorusdu, amma cavab verdim ki, hec kəs yaralı deyil.
Bunlar yanvarın 1-də baş vermişdi. Biz hərbi hissəmizə verilən tapşırığı yerinə yetirmişdik və gərargaha – Tərtərə qayıtdıq.

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Doqquzuncu hissə

22 il əvvəl yanvar günlərində Ağdərə cəbhəsində baş verənlər: 772-ci batalyon. „1993-1994-cü il qış hücum kampaniyası“.

– 22 il əvvəl yanvar günlərində Qarabağ cəbhəsində nə baş verirdi?
– Yanvarın 3-ü bizi qərargahdan iki bölüklə Caylı kəndinə göndərdilər. Biz cıxmamışdan briqada komandiri şəxsən mənə şifahi tapşırıq verdi ki, gecə Suqovuşan (Madaqiz) su hövzəsini (üstündəki körpüdən) keçib, Levon-arx istiqamətində irəliləyək. Əraziyə yaxınlaşdıq. Gecə idi. Asta hərəkət edirdik və deyilən mövqeyə yaxınlaşdıq. Hücumu səhər sübh cağına planlaşdırdıq. Biz cəmi 80 nəfər idik. Ermənilərin mövqeyinin xarakteristikasından xəbərimiz vardı. Öz durduğumuz mövqenin əlverişsiz olduğunu hava acılanda gördük. Ermənilər bizdən hündürdə yerləşirdi, bizim ərazinin sol-sağı və arxası açıqda idi. Əgər biz sağa, sola, və ya arxaya hərəkət etmək məcburiyyətində qalsaydıq ermənilər bizi asanlıqla vura bilərdi. Aramızda məsafə dikinə 300 metr olardı, səslərini eşidirdik. Aramızda kol belə yox idi ki, arxasına gizlənək.
Yanımda olan döyüşçülərdən rəhmətlik Rassoxa dedi ki, irəliləyək. Arxadan da əmr gəldi ki, irəliləyin. Amma vəziyyəti qiymətləndirdikdə görürdüm ki, mən çox sayda insan tələfatına yol vermiş olacam və irəliləməyin mənasız olduğu qərarını verdim. Belə durumlarda piyadalarla hücum məna kəsb etmir. Piyadalar adəta yolun sağ və ya solundan keçərək, düşməni cınaqlardan və ya arxadan atəşlə təlaşa salır və bu zaman əsas qüvvələr irəliləyir. Bizimki bir başa özünü ölümə vermək idi, bu səbəbdən də irəliləmək qərarından vaz keçdim, yerimizdə hərəkətsiz axşama qədər qaldıq. Hava qaraldıqdan sonra isə ərazini sakitcə tərk etdik.

– Sizi belə anlamsız əməliyyata göndərmək nə xeyir gətirə bilərdi?
– Biz əvvəldən, hələ reyd dəstəsi olduğumuz dövrdən, ad çıxarmış hərbi hissə idik, bizim hər şeyi bacaracağımız təsəvvürü vardı və görünür, bu səbəbdən bizi uğursuzluqla bitməsinə 99% əminlik olan əməliyyatlara da göndərirdilər, uğur ümidiylə.

– Şifahi və yetərincə də səriştəsiz bir əmr.
– Bəli. Elə bir durum idi ki, bizdən əgər kimsə yaralansaydı, biz onu çıxara da bilməzdik, şəhid versəydik, onu daşıyacaq imkana malik olmayacaqdıq… Ermənilər minomyotla işləsəydi, bizdən kimsə sağ çıxa bilməzdi də!
Geri döndüyümüzdə (şifahi də olsa) əmri yerinə yetirməməyimizin izahını verdik. Vəziyyəti izah etdikdən sonra, təklif etdik ki, biz eyni əmri başqa istiqamətdən, biraz uzaqdan keçərək yerinə yetirə bilərik. Həm də biz əraziyə müşahidə aparmadan göndərilmişdik, əraziyə bu gedişimizlə artıq həm də müşahidələrimizi aparmış olmuşduq. Nəticəsiz dönməmişdik, əmr yerinə yetirilməsə də biz kəşfiyyat işlerini həyata keçirmişdik. Ikinci dəfə əraziyə hansı təpə və cığırlardan istifadə edərək, hansı istiqamətdə gedərək əmri uğurla yerinə yetirə biləcəyimizi müəyyənləşdirmişdik. Sonradan, hələ sizə danışacağım əməliyyatda, məlumatlarımızda yanılmadığımız bəlli oldu…
Ayın 5-inda bizi Madaqiz su hövzəsindəki 583 saylı hündürlüyə bizimkilərə köməyə göndərdilər. Axşam çağı 17:00 radələrində hərəkətə başladıq. Şam ağaclarına sığınaraq, sürətlə 400 metrə uzunluqda olan körpünü keçdik. Ermənilər bizi artilleriya atəşinə tutmuşdu, mərmilər bizim arxa tərəfə və əsasən gölə düşürdü və su başımız üzərinə qalxırdi.
Sizə belə bir epizod da danışmaq istərdim. (Bəzən ani yaşanan xırda xatirələr də var ki, insan yaddaşına həkk olur.) Əjdər Qafarovun yanvarın 5-ində ad günü idi. Biz də əməliyyata gedirdik. Mənə dedi ki, bu gün ad günümdür… Mən də dedim, arxayın ol, sənə heç nə olan deyil bu gün. Gülüşdük. Əslində ürəkli döyüşcü idi. O da, mən də bu söhbətə yüngül zarafat kimi yanaşmışdıq.
Biz 583-ə çatanda orada bizimkilərin geyim əşyalarını gördük, amma özləri yox idi. Qərargaha məlumat verdim ki, burada kimsə yoxdur. Bizə cavabda dedilər ki, orada olanlar 961-ci yüksəkliyə qalxıblar. Ora çox daha yüksək idi, hava isə qaralmışdı, 20:00 radələri idi.
Bizim bölük iki qrupa bölünmüşdü. Hərəsində təxminən 20 nəfər vardı. Bir bölüyümüz 583-də qaldı, ikinci bölüklə biz yuxarıya hərəkət etdik. Yol tikanlıq və kələ-kötür idi, yavaş hərəkət etməli olduq. Bizimkilərə çatdığımızda səhərə yaxın idi. Onlar bizi tanımadı və atəş açmağa başladılar. Biz onlara səsləndikdən, parolu dedikdən və əmri onlara çatdırdıqdan sonra bizi tanıdılar.
Belə hadisə də olmuşdu, Həsən Şükürovu tapşırıqla göndərmişdim, onu orada itirdik, amma sonra başqa ərazidə görüsdük.
Bizə 961-ə qalxmaq əmri verilmişdisə də 130-un (h/hissənin) hücum edəcəyi deyilməmişdi. Səhər saatlarında hücum başlayanda biz yüksəklikdə mövqe tutaraq, oradan aşağı erməni mövqelərini atəşə tutduq, bizdən öncə bu yüksəklikdə olanlar isə kor-təbii hücuma keçdi və orada 2 şəhid verdilər.
Mənim bu hücum əməliyyatında bu gün də razılaşmadığım bəzi məqamlar var. Bizə əvvəldən 130-un hücuma keçməsi deyilsəydi, biz təklif etdiyimiz kimi sağdan uzaq məsafədən fırlanaraq, ermənilərin arxasına keçə bilərdik. Hündürlüyə qalxmamıza ehtiyac yox idi. Hündürlükdə olanların isə elə olduqları mövqedən erməni mövqelərini atəşə tutması yetərliydi və hücuma keçmələrində məna yox idi. İki şəhid də verməzdilər. Biz isə erməni arxasına keçməklə geri çəkilən qüvvələri tamamilə məhv edə bilərdik.
Sonralar 961-dən də irəli getdik. İlk olaraq, öz ordumuzun PDM-ləri bizim bölük olan hündürlüyü vurmağa başladı, onlara o yüksəklikdə ermənilərin olduğunu demişdilər. Orada olduğumuzdan xəbərləri yox idi. Biz hündürlüklə irəliləyə bilmədik. Biz rabitəylə xəbər verdik, amma irəliləməyi dayandırmaq əmri verildi, bizim istiqamətdə açılan PDM-lərimizin atəşi də dayanmadı. Axşam bizə hündürlükdən enmək əmri verildi və gecə geri qayıtdıq. Əslində isə tapşırıq yerinə yetirilmiş hesab edilə bilərdi…

Biz Suqovuşan kəndinə geri döndük.
Həmin ərazini bizim qüvvələr onsuz da götürdü, amma ferqli şəraitdə. Sonradan yanvarın 6-sında biz həmin ərazidə briqadanın əməliyyata gedən hərbi hissəsinə sağ cınaqdan köməyə çıxdıq. Gecə idi. 130 saylı hərbi hissə isə Levon-arx tərəfə PDM-lərlə hücum etdi. Bu əməliyyat artilleriya işlədikdən sonra başladılmışdı. Biz qalxdığımız yüksəklikdən hücumu izləyirdik. Ermənilər PDM-lərlə hücumun qarsısında dayana bilməyib, mövqeləri qoyub, qaçırdılar. Həm artilleriya işləmişdi, həm də texnika irəliləyirdi, onlar buna hazır deyildi. O döyüsdə bizim briqada texnika və canlı qüvvə itkisi vermədi, amma yaralılar barəsində tam məlumata malik deyiləm. Biz isə oturduğumuz yüksəklikdən geri çekilən ermənileri AQS və plumyotlardan atəşə tutmuşduq.

9 yanvar əməliyyatı.

Yanvarın 9-u səhər saat 4 radələrində biz döyüşə gedirdik. Bizim arxa cəbhə Tərtərə yaxın ərazidə yerləşirdi. Əslində bizim batalyon xüsusi təyinatlı olduğu üçün bir ərazidə dayanmır, yalnız müəyyən tapşırıqları yerinə yetirirdi. Bəzən qüvvə çatışmamazlığı olduğunda isə biz mövqelərdə bir-neçə ay dayanırdıq. Biz kəşfiyyat xarakterli, və ya hücum tapşırıqları olduğunda irəli gedir, əməliyyat keçirib, geri dönürdük. Bəzən, tapşırıqların xarakterindən asılı olaraq, ön cəbhədə 15-20 gün qala bilərdik.
9 Yanvar idi. Xatirinizdədirsə, tarixdə 9 yanvarla bağlı qanlı gün var. (1905-ci il 9 yanvar, Sankt Peterburq, “Qanli bazar” – K.S.) Gizirlər – Qafarov Əjdər və İsrafilov Nazimlə toplaşmışdıq, dedim, sabah 9 yanvar günüdür, qanlı yanvar, nəsə ürəyimə damıb ki, vəziyyət pis olacaq…
Yük maşınlarıyla (Qaz66, Zil31) çıxdıq, tapşırığa gedəcəkdik. Hava çox dumanlıydı. Səhər kənddən çıxanda hava hələ açılmamışdı. Alatoran idi, hava açılmamışdam mövqelərə çatıb, irəliyə hərəkət etməliydik. Bizim maşınlardan biri yoldan çıxaraq, aşdı. Yaxşı ki, yol kənarı dərin dərə deyildi. Dayaz əraziydi, maşın firlanmadı, aşdı və bir tərəfi üstə dayandı. Əsgərlər maşından tökülüşdülər. Bir az əzilənlər olmuşdu. Ciddi bir şey yox idi. Döyüşçülərdən 6 nəfər əzildiyi üçün geri qayıtmalı oldular. Sonra bizə yenə başqa maşın verdilər və iki maşın yolumuza davam etdik. Gəldik döyüş mövqeyimizə… Tapşırığı həyata keçirmək üçün mövqedən irəli hərəkət etməyə başladıq. Ağdərənin Suqovuşan (Madaqiz) kəndində su anbarı var. Biz onun üzərindən hərəkət etməyə başladıq. Dəniz səviyyəsindən hündürlükdə olan 1001 hündürlüyünü tutmalıydıq. Lüləsaz kəndi bizim hərəkət istiqamətində aşağıdaydı. O istiqamətdə olan yolda erməninin bir postu vardı, oraya biz, 2 bölük, iki istiqamətdən hücum etdik. Əslində bölükdə 100 nəfər şəxsi heyət olmalıdır, amma biz 40 nəfərlə vəziyyəti idarə etməyə çalışırdıq. Canlı qüvvə çatışmırdı. Yaralananımız olanda da biraz da azalırdıq. Şükür, bizdə şəhid az olub. Digər bölüyün komandiri Bakıda yaşayan kazak idi. Yanvar döyüşlərində, yanvarın sonu şəhid oldu. Onun bölüyü soldan, mənimki sağdan gedirdik. Ona dedim ki, tələsmə, Mən postu firlanım və sağdan keçim erməninin arxasına, sənə xəbər edəcəm. Sən hücum edərsən, mən də arxalarından gələrəm, onları məhv edərik. Baxmayaraq ki, kazak idi(!), Azərbaycanı vətəni bilirdi və çox vətənpərvər oğlan idi. Vətənpərvər olduğu qədər də cəsur idi! Döyüşə girəndə bir əliylə döyüş maşınını sürür, bir əliylə avtomatdan atəş açırdı, bu qədər çevik idi. Mərmi olmayanda qumbaraatanı açırdı, içinə dəmir parçaları doldurub atırdı. O vaxtlar 42 yaşı vardı. Əsl müharibə adamıydı Valeriy Rassoxa. Hər vəziyyətdən çıxış yolunu asanlıqla tapırdı. Bizim hərbi hissə (772-ci reyd dəstəsi) hələ 92-də Bakiya göndərilib, Xüsusi Təyinatlı batalyon (XTB) kimi formalaşdırılanda Rassoxa bizlə Bakiya getməmişdi. Başqa hərbi hissəyə qoşulub, döyüşməyə davam etmişdi. Biz cəbhəyə döndüyümüzdə də yenidən bizim batalyona qayıtmışdı.
Mən bölüyümlə aralanmışdım, bir də gördüm ki, bu bağırır ki, Za Rodinu! Vperyod! (Vətən naminə! İrəli!). Bizim arxaya keçməyimizi gözləməmiş onlar irəli hərəkət etdilər, biz də sağdan irəlilədik. Ermənilər bizi görən kimi mövqelərini qoyub qaçdılar. Ermənilərin 2 nəfər itkisi oldu. Meyidləri də qalmışdı.
Mən müharibə dövründə bir məqama diqqət etmişəm, bizim zabit və döyüşçülərin cibində sənəd olmazdı, amma ermənilər bütün sənədlərini ciblərində daşıyırdılar. Bizdə heç zabitlər geyimlə də əsgərlərdən seçilməzdi. Məsələn, mən əsgərlərlə eyni geyinirdim, amma onlarda hər şey əksinəydi. Ölü və ya əsir götürdüyümüzdə hərbi hissənin nömrəsinə qədər yazılı sənədlər, hətta arayışlar belə üzərlərində olurdu.
Biz bu mövqeyi ələ keçirdikdən sonra 1001 hündürlüyünə tərəf hərəkət etdik. Biz bir qədər irəliyə keçmişdik. Bölüyün əsgərləri bizdən arxada gəlirdi.
Mən 3 nəfəri irəliyə buraxdım. Arxasınca biz gedirdik. Tağımın döyüşçüləri isə bizdən arxada idi. Yaxınlaşanda ermənilərdən 2 nəfəri görürdük, dayanıb, dəstəni gözlədiklərini düşündük. Onlar bizi görmədilər. Oturub, çörək yeyirdilər. Əyinlərində qolsuz kürklər vardı. Ümumiyyətlə, ermənilərdə təhçizat bizdən yaxşı idi. Onlardan əlimizə keçən qənimətlərdən bilirdik bunu. Israil istehsalı, hazır sup paketləri, Almaniya istehsalı dəmir qabçaqlarda konservleçdirilmiş çörək, Fransa istehsalı olan üst geyimləri – palto. Suriya istehsalı çəkmələr. Görünür xaricdən erməni diasporu təminatı öz boyunlarına çəkibmiş.
Mən dəstəni döyüş üçün düzdüm. Biz başladıq atəşə, qruplarla 6-7 nəfərlə oturub, yemək yeyirmişlər, biz onların yeməyini haram etdik… Amma xəbərimiz yox idi ki, bunlar orada bütöv batalyon imiş. Meşədə hər yeri görmək olmur deyə düşmən qüvvəsinin tam həcmdə silahlıları haqqında məlumat toplaya bilməmişdik.
Döyüş zamanı bizdən 4 nəfər yaralandı. (Vaqif Tagiyev və Fərhad Səmədov yaralanmışdı.)
Düşmən tərəf isə çox itki verdi. Döyüşün sonuna onlar bizi yarı mühasirəyə aldılar. Sol cınağımızdan hərəkət edərək, arxamıza keçdilər. Arxa tərəfimizdə bir cığır vardı, sol tərəf isə uçurum idi. Yarpaqlar tökülmüşdü. Qar yox idi. Noyabr ayında qar durduğu halda o günlərdə qar yağmamışdı. Bölüyün rabitəçisi – Rövşən Xəlilov mənə dedi ki, komandir, arxadan ermənilər gəlir. Bundan əvvəl yaralıları, imkan tapıb, arxaya göndərmişdim. Düşündüm, arxadan bizimkilər gələ bilər, qayıda bilərlər yarı yoldan, buna səbəb dedim ki, tələsməyin. Arxadan gələnlərə, ehtiyat səbəbiylə, atəş açmadıq. Sonra onların danışığından artıq bəlli oldu ki, arxamızda olanlar da ermənilərdir. Bizi uçuruma sixişdırırdılar.
Sonradan yaralıları aparanlarla da söhbət etdim, dedilər ki, biz qayıdırdıq, erməniləri gördük. Döyüşçülərdən Müşfiq deyib ki, onlar erməni ola bilməz, bizimkilər olmalıdır, biz ordan gəlmişik bayaq, amma Mahmudov Rəfael deyib ki, ehtiyatlı olaq, hər şey ola bilər. İkisi də çavuş rütbəsindəydi. Onlar arxaya qayıdıb, biz də orada özümüzünkilərin ola bilməyəcəyindən əmin olmadığımızdan ermənilərə atəş açmamışıq.
Üş tərəfli mühasirədən qurtarmaq üçün başqa yol yox idi. Əmr verdim və özümüzü qayadan aşağı atdıq. Tökülən xəzanın üzəriylə sürüşürdük, bu bizə kömək oldu. Daşlıq olsa da düz idi qayanın örtüyü, kələ-kötür deyildi. Təxmini 50 metr sürüşdük. Ermənilər ardımızca, təpəliyə yaxınlaşandan sonra yuxarıdan bizə atəş açmağa başladılar. Onlar bizi hərəkətdə olduğumuza yaxalaya bilmirdi, atdıqları atəş bizi tutmurdu.
Qəfil hücum etməmizə səbəb onlar itki vermişdi, amma bizdən itki olmadı.
Orada Tonaşen kəndi var, 3 yerə bölünür. Tonaşen 1, 2, 3 deyirlər. O kənd Tər-tər çayının kənarında olan kəndlərdir. Çay da gəlib tökülür Suqovuşanda (Madaqiz) su anbarına.
Artıq biz arxaya, öz mövqeyimizə qayıdırdıq. Komandir ikinci bölüyü bizə köməyə göndərmişdi, amma mən məlumat verdim ki, biz mühasirədən çıxdıq, kömək gərək deyil. Onlar isə artıq hərəkətə başlamışdı. Ermənilər 2-ci bölüyə hücum etmişdilər. Biz onların arasında atışmanın səslərini eşidirdik. Mən 2-ci bölüyün tagım komandirinə çatdırıb, xəbər etmişdim ki, ermənilər üzərinizə hərəkət edir, ehtiyatlı olun. Döyüs zamanı balatlyon komandiri rabitəylə əlaqəyə çıxaraq, bizə onlara kömek etmeyi əmr etdi. Biz 2 saat ərzində nə qədər çalışsaq da qayalıqla onlara kömək ücün yol tapıb, gedə bilmədik. Sonradan, Tərtərdə qaldığımız kənddə yerli, keçmiş döyüşçülərdən soruşduq, dedilər ki, o istiqamətdə yalnız bir cığır var, biz isə onu tapa bilməmişdik.
9 yanvar da belə başa çatdı…
1994-cü il 14 yanvar da biz düşmən cəbhəsinin arxasına keçmişdik. Bizə başqa batalyonlardan kömək gəlməliydi, amma gəlmədi. Orda ermənilərin üç maşınını vurduq, biri tam məhv edildi, ikisi, içində yaralılarla, ərazidən uzaqlaşa bildi. Bu, bizim ikinci döyüşümüz idi. Kənardan ermənilərə əl edib, keçdik, onlar anlamadı. Ərazidə 1 km kimi boşluq – qorunmayan hissə vardı və biz oradan keçib, getdik. Mən ərazidə olan digər hərbi hissələrə əvvəlcədən demişdim ki, biz bu tərəfdən keçəcəyik erməninin arxasına, bizə atəş açmayın. (Elə olurdu ki, erməni arxasına keçib, qayıdanda ermənilər də bizə atəş açırdı, bizim tərəfdə səngərdə dayanan hərbi hisssələr də. – Yalquzaq.) Xəbərdarlıq etməyimə baxmayaraq, yenə bizə öz tərəfimizdə mövqelərdə duran hərbi hissə tərəfindən atəş açıldı, bu səbəbdən dərənin arxasıyla hərəkət etdik ki, bizə heç nə olmasın…

Lüləsaz (Akop-Komari) cəbhəsində sağ və sol cınaqlarımızdan hücuma keçməli qüvvələrdən yalnız sağ tərəfdəki qüvvələr hücuma keçmişdi. Ortadan isə zirehli qüvvə gəlməliydi, gəlmədi. Biz də geri qayıtdıq, itkimiz olmamışdı. Vurduğumuz maşınlarda nə qədər erməni məhv etmişdik, bilmədik.
Tapşırıq, Lüləsaz (Akop-Komari) ilə Maqavuz kəndi arasındakı yolu kəsmək idi. Məqsəd, erməniyə gələn köməyin qarşısını almaq idi. Bu döyüşdə M1, M2 adlanan Mingəçevir batalyonları, 703 saylı hərbi hissə iştirak etməliydi…
Lüləsaz (Akop-Komarinin) arxasına keçmişdik, orada “Alma bağı” deyilən bir yer var, onun yanındaydıq. Yolu kəsib, dayanmışdıq. Lakin hücum alınmadığından bizə də geri qayıtmaq əmri verildi. “Broni qruppa” gəlmədiyinə göre 16:00 radələrində geri qayıtdıq, ermənilər bizi görmüsdü, atəşə tuturdular. Ermənilər yerimizi bilirdi, üstümüzə əlavə qüvvə göndərə bilərdilər, yaralanan və ya şəhidimiz olsaydı, geri qayıdınca dəstə məhv ola bilərdi, məsafə uzun idi və yaralı daşıyanda döyüşçülər vuruşa bilmir.
Mən şəxsi heyyəti çox təhlükəyə atmırdım, onları qorumağa çalışırdım, tapşırıqları yerinə yetirmək şəxsi heyəti itirmək bahasına olmamalıydı və mən maksimum itki verməməklə tapşırıqları başqa yol, və ya zamana salaraq, yerinə yetirirdim.
Söz ardı:
Kəlbəcərdə yanvarın 18-i ümumi hücum kampaniyasina başlanıldı. Ilk baxımdan uğurlu idi, 15-20 kənd alınmışdı, lakin arxa-sol istiqaməti, Qaragöl ərazisini ehtiyyat qüvvəsiylə möhkəmləndirmədən Kəlbəcər rayon mərkəzinə yaxınlaşmışdılar. Nəticədə yanvarın axırı – fevralın əvvəli Ağdərədən Qaragöl istiqamətinə hücum edərək, onları mühasirəyə salmışdılar. Bizim qüvvələr itki verərək geri çəkilməyə, alınan əraziləri tərk etməyə məcbur olmuşdular. O qüvvələri dekabr hücumunda bizim istiqamətə atsaydılar, xeyli ərazini azad etmək mümkün idi. Bizim istiqamətdə hava şəraiti də buna imkan verirdi. Kəlbəcərdə isə sərt-qarlı hava şəraiti vardı…

– Daha sonra ərazidə hansı əməliyyatlar keçirildi?
– Yanvarın 19 – 20-si arası Ağdərənin Televışka deyilən ərazisinin sağ istiqamətindən şimala doğru mövqeləri – Fermalar adlanan ərazini tutmaq əmr verilmişdi. Biz gecə hərəkətə başlamışdıq və əraziyə gec saatlarda gəlmişdik. Komandirimiz xəbərdarlıq etmişdi ki, yolunuzda bir neçə təpə olacaq, onları səhv salmayın. Təpələrin hamısını keçmək gərəkirdi. Biz bir-neçə təpəni aşdıqdan sonra yolumuzun üstündə yoxuş vardı, orada mövqe tutduq. Amma səhər hava açılmağa başladığında gördük ki, erməni mövqelərinə hələ bir qədər məsafə var. Təxmini 250 metreden az məsafə olardı. Bunun fərqinə varan kimi hərəkətə başladıq. Hava açılsa da irəlilədik. Bizim bölük iki qrupa bölünmüşdü, birinə mən, digərinə Dikson ləqəbli döyüş yoldaşımız rəhbərlik edirdi. Bizim hərəkətimizi ermənilər gördü və bizi atəşə tutmağa başladılar. Biz başımızı qaldıra bilmirdik. Eniş-yoxuşa baxmayaraq, ərazi açıqlıq idi. Ərazinin “ölü nöqtəsini” müəyyən edib, mövqemizi orada qurduq. Erməni atəşləri bizi tutmurdu, başımızın üstündən keçirdi. Amma biz də onlara atəş aça bilmirdik. Yenə də onlar mövqelərini tərk edib, bizə yaxınlaşa bilməzdi. Diksonun qrupu isə sağdan getdiyində bir neçə minanı zərərsizləşdirəndən sonra bir mina partladı, qrupun bir neçə əsgəri yaralandı. Onlar vəziyyətdən çıxa bildi. Biz mövqelərimizdən erməniləri atəşə tutmağa başlamışdıq. Onlara atəşimizdən ziyan gəlməsə də, bizim geri çevrilib, qayıtmadığımızı anlamaları lazım idi. Beləliklə, onlar da mövqelərindən çıxıb, üzərimizə gələ bilmirdilər. Bizim ermənilərə nisbətdə mövqeyimiz soldan idi, amma Diksonun qrupu ermənilərlə üzbəüz idi. Digər bölük isə bizim bölükdən sağda idi. Bizə əlavə yardım üçün bir dəstə də göndərilmişdi. Onlarla gələn Mədətov Bünyamin də ayağından yaralanmışdı bu döyüşdə. Bu əraziyə biz 2 dəfə hücum etdik, amma hücumumuz alınmırdı. Televışkaya ordumuzun başqa qüvvələri hücum etmişdi, amma tam ərazini tuta bilməmişdilər. Yüksəkliyin ətəyində durmağa məcbur olmuşdular. Bu hündürlük strateji əhəmiyyətli idi, ən yüksək hündürlük idi. Bütün Ağdərəni və hündürlüyün arxasında ermənilərin əlində olan Moxnataq kəndini də nəzarətə almaq mümkün idi. Tapşırığı yerinə yetirə bilmədik. Bu döyüşdə bizim bölüyümüzdən şəhid vermədik, dörd yaralımız oldu. Bir neçə gün ərzində biz maşınlarda 3-4 saat yatıb, dincələ bilmişdik. Bu döyüşdə mən soyuqladım və sonrakı əməliyyatlarda iştirakıma izin verilmədi. Mən öskürürdüm və kəşfiyyatçının tam səssiz olmalı olduğunu nəzərə alsaq, mənim əməliyyatlarda iştirakım imkansız idi.

– Ərazidə nə vaxta qədər qaldınız?
– Yanvarın 31-i bizi ərazidən çıxardılar, siralarımızı doldurmaq, dincəlmək və təlim keçmək üçün geri dislokasiya yerinə göndərildik. Martın axırlarında bizə təlim keçməmiş əsgərlər vermişdilər, 2 həftə təlimə zamanımız oldu və aprel ayının 10-unda ermənilərin hücuma keçməsi səbəbiylə bizi təcili aprelin 13-14-ünə bölgəyə qaytardılar. Amma komandir bizim de imzamizla yazılı raport vermişdi ki, yeni əsgərlər döyüşə hazır deyil. Biz onlara 2 həftə ərzində nə təlim keçmişdiksə o bilgiləri ilə döyüşə atıldılar. Daha əvvəlki herbi hissede (3 ay erzinde Priküskül qesebesinde) heç bir təlim görməmişdilər.
Yaralananlar:
Yadigar Eliyev, Asim Qurbanov, Neriman Müstafayev, Bünyamin Medetov.
—————————————————————————–

Adının açıqlanmasını istəməyən, müharibə zamanı Starik qrupundan bir döyüşçü 9 yanvar döyüşü haqqında maraqlı epizod anlatdı.
Həmin günü bizim h/hissə iki bolüklə hücum əməliyyatını keçirmişdi, hər bölükdə təxminən 30 əsgər var idi, bizimlə bərabər həmin əməliyyatda 703-ün Mingəçevir batalyonundan bir bölmə də iştirak edib, biz mühasirəyə düşəndə, onlar bizim yaralıları çıxardan uşaqlarla geri qaytdı.
Əməliyyat başlayanda 1-ci bölük sağdan, biz soldan hücuma keçdik, bizim bölük 12-15 nəfər olmaqla 3 qrupa bölündük və əsas yüksəkliyə bir qrup soldan, bir qrup mərkəzdən, digər bölük isə sağdan girməli idi, bizim qrup mərkəzdən düşmən mövqeyinə yaxınlaşanda qarşıda gedən dozorda Rassoxa özü gedəcəyini dedi, əslində isə Eynulla ilə mən getməyi planlaşdırırdıq. Dozor bizdən 150 metr meşənin içərisinə və aşağı doğru düşüb, cığırla sola yüksəkliyə doğru qalxmağa başlayanda, biz də onların arxasınca hərəkətə keçdik, onlar yüksəkliyə doğru qalxan zaman qəfildən 5-6 atəş səsi gəldi və Eynulla ilə Rassoxa təlaş içində geri bizə doğru qaçmağa başladı, biz mövqe tutub, nə baş verdiyini soruşduqda, onlar az irəlidə 2 erməni ilə cığırda qarşı-qarşıya çıxdıqlarını və hər ikisini vurduqlarını dedilər. Biz aşağıdan yuxarı ermənilərin mövqeyini nəzarətdə saxladıq, onlar heç nə olmamış kimi sağa-sola gəzirdilər, sanki öldürülən ermənilərdən xəbərləri yox idi. Biz digər bölmələrin də hərəkət etdiyini nəzərə alaraq, ləngimədən yuxarı qalxaraq, qəfil basqın etmək qərarına gəldik, ermənilər heç müqavimət göstərməyə cəhd etmədən mövqeləri atıb qaçdı.
Sonra Akop-kamarinin qərbindəki azad etdiyimiz yüksəklikdə bütün qruplar toplanıb, qarşıya doğru hərəkətə başladıq. Təxminən 2-3 km Maqavuza doğru hərəkət etdik, qarşıda Yalquzağın bölüyü gedirdi və onlar düşməni gördüklərini xəbər verdi, onlar iri çaplı silahlarla düşmənə zərbə endirməyə başlayan kimi, böyük qüvvələri səfərbər edib, yeni mövqe tutmağa çalışan düşmən əks hücum əməliyyatına başladı, az keçmədən bizi tank da vurmağa başladı, biz yaralıları çıxardıb, yeni mövqelər tutmağı planlaşdıran zaman şərq tərəfdən düşmənin digər bölməsi bizim yolumuzu bagladı, qərb tərəfimiz isə Tərtərin sıldırım qayası idi, bu vəziyyətdə risk etməyərək sıldırım qayadan aşığı enməyimiz qərara alındı, sonradan yaralı çıxardan uşaqlar əlavə qüvvələrlə bizə köməyə gələn zaman ermənilərlə qarşılaşdıq, itki verərək geri çəkilmişdilər. Ümumiyyətlə, həmin günü səhər mövqelərini əldən verən düşmən 3 əkshücum əməliyyatı keçirsə də, bütün hücumlar dəf edilmişdi, 3-cü hücum zamanı biz öz qüvvələrimizlə birlikdə idik, gecə yarı üzərimizə hərəkər edən düşməni sıx meşəlikdə yaxın məsafəyə qədər buraxıb, mümkün qədər çox zərbə vurmağa çalışdıq və onların hücumları şiddətli atəşlə dəf edildi, səhərüzü hava işıqlanan zaman biz qarşıda meyidlər müşahidə edib irəli getmək istəyərkən bizim sağ və arxa tərəfdə mövqe tutan bölmələrimiz bizi erməni bilməsin deyə onları xəbərdar edib, ərazini yoxlamaq qərarına gəldik , məlum oldu ki öldürülənlərdən biri onların briqada komandiri əvəzi olan podpolkovnik Markaryan imiş, onun üzərindən götürülən sənədlər komandanlığa təqdim edildi, sonra həmin günü biz mövqeləri briqadanın bölmələirinə verib, ərazini tərk etdik.

* Öldürülmüş hay polkovniki haqqında düşmən mənbələrindən məlumat: Markaryan Qaqik Aşotoviç – doğum: 20.01.53 Ararat rayonu, Vedi qəsəbəsi; ölüm: 09.01.94 Ağdərə rayonu.
—————————————————————————–

Həmsöhbətim:
Mehdi Cavadov

19 yanvar Ağdərə ərazisində Şorbulaq və Televışka istiqamətində hücumlar təşkil olunmuşdu. Ermənilər həmin yüksəklikləri minalamışdı. Onlar hücumu gözləyirdilər. Bu əməliyyatda bizim bölükdə 25 əsgər vardı, onlar iki yerə bölünmüşdü. Bir hissə minaya düşmüşdü. Aynur Səfərov, Tahir Abbasov, Valeriy Rassoxa, Natiq Quliyev şəhid olmuşdu. Əməliyyat isə alınmamışdı. Yüksəklikləri götürə bilməmişdik…

– Qış kampaniyası üçün son döyüşünüz harada oldu?
– Doğrusu, bu döyüşdə əvvəldən iştirak etməmişdim, lakin sona yaxın biz də köməyə gedəsi olduq…
Yanvarin 27-sində son döyüş olmuşdu. Yanvarın 25-i həmin istiqamətdə başqa h/hissələr tərəfindən ilk hücum həyata keçirilmişdi, lakin bu istiqamətdə mövqedə duran batalyonlardan biri mövqeyini buraxıb, getmişdi. Həmin yüksəkliyi yenidən nəzarətə götürmək bizim batalyona tapşırıldı. Bizim qüvvələr 26-sı axşam yola çıxdı və 27-si səhər saatlarında ermənilərlə əlverişsiz mövqelərdə rastlaşdılar. Ermənilər yüksəklikdə bizimkilər isə aşağıda idi. Döyüş zamanı şəhid olanların cəsədini döyüş ərazisindən çıxarmaq mükün deyildi. Mən əvvəlki döyüşlərdə yaralanan bir çox əsgərlərimizlə bərabər, Qospitalda yer olmadığı üçün, Tərtərin Səhlabad kəndində olan bazamızda müalicə olunurduq. Komandir bizə müraciət etdi, yerimə imkanı olan əsgərlər döyüş ərazisinə batalyona köməyə yollandıq.
Axşam saatlarında, hava qaralana yaxın cəsədləri də götürüb, geri çəkildik. Həmin əməliyyatda İlqar Zülfüqarov, İlqar Ələkbərov (Şəki rayonu), Yalçın Heybətov (Bakı, Fatmeyi qəsəbəsi), İlqar Niftəliyev (Ağstafa) şəhidimiz olmuşdu, xeyli sayda yaralımız vardı. Axşama doğru arxadakı əlverişli yüksəkliklərə çəkildik. Sonra mövqeləri Tərtər batalyonuna təhvil verib, döyüş bölgəsini tərk etdik.
Yanvarın 15-i Tərtərə hamama getmişdik, botinkamı orda yumuşdum və həmin gün təcili əməliyyata gedəsi olduq. Botinka dəri olduğundan islanarkən gec quruyur, üstəlik o günü 15 dərəcə şaxta olmuşdu. Akop-kamaridə ayaqlarımı don vurmuşdu.
27 -si cəsədləri çıxartmağa gedəndə sol ayağımda 3 , sağ ayağımda 1 barmağımda dəri yox idi…

İlqar Zülfüqarov, Azərbaycan Bayrağı ordeni ilə təltif olunub (ölümündən sonra).

ardı var…

Bağışlama, bağışlanan əşyaların geri qaytarılması və ondan imtina məsələləri necə həyata keçirilir?

Məhkəmələrdə qaldırılan mülki iddialar arasında çoxluq təşkil edən məsələlərdən biri də bağışlama ilə bağlıdır.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İzzət/

Məhkəmələrdə qaldırılan mülki iddialar arasında çoxluq təşkil edən məsələlərdən biri də bağışlama ilə bağlıdır. Redaksiyamıza müraciət edən oxuculardan bir çoxu bağışlanma ilə əlaqədar bəzi məsələlərə aydınlıq gətirilməsini istəyirlər. Bununla bağlı Trend-in sorğusunu cavablandıran Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Zamanlı bildirib ki, bağışlama bağışlama müqaviləsi əsasında həyata keçirilir.

Hüquqşünasın sözlərinə görə, bağışlama müqaviləsi hədiyyə verən şəxs sağ ikən bağlanır və bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır: “Bu müqavilənin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Hədiyyə verən (bağışlayan) şəxs ümumi mülkiyyətdə olmayan və ya vərəsəlik hüququ ilə məhdudlaşmayan əmlakını bağışlaya bilər.”

Hüquqşünas bağışlamanın etibarlı hesab olunduğu əsaslar barədə məlumat verərək bildirib ki, ilkin olaraq daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Bundan əlavə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənməlidir: “Bağışlamanın etibarlı olması üçün daşınar əşyalar bağışlanarkən hədiyyə verən əşyanı hədiyyə alana verməlidir. Tələblərin və digər hüquqların bağışlanması zamanı onlar yazılı surətdə qarşı tərəfə keçirilməlidir. Əgər şəxs gələcəkdə bağışlama vəd edirsə, bu vəd notariat qaydasında təsdiqlənməlidir.”

Zamanlı deyib ki, bağışlayan şəxs qarşı tərəf bağışlanan əşyanı qəbul edənədək istədiyi vaxt onu geri ala bilər. Hədiyyə verənin ölməsi halı üçün bağışlama isə vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir: “Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər. Hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. Hədiyyə verən hədiyyə alana hədiyyə ilə əlaqədar dəyən zərər üçün onun qarşısında yalnız o halda məsuliyyət daşıyır ki, zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmuş olsun. Qalan hallarda hədiyyə verən yalnız hədiyyə alana vəd etdikləri üçün məsuliyyət daşıyır.”

Hüquqşünas qeyd edib ki, hədiyyə verən bağışlamaqdan imtina da edə bilər: “Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina da edə bilər”.

12 İmama etiqad bəsləmənin əsası

Onu da qeyd edək ki, müxaliflər bizə: “Bunlar sizin öz fikirləriniz və mənbələrinizdə olan hədislərdir, biz bunları qəbul etmirik” – deməsinlər deyə, burada yalnız qarşı tərəfin təfsir və hədis kitablarından istifadə edəcəyik və bəzi iradları da cavablandıracağıq.

Cabir ibn Səmurədən belə nəql olunur: “Rəsulullahın (s) belə buyurduğunu eşitdim:
“Bu din, 12 xəlifənin əlində olduğu müddətcə əziz və güclü qalacaqdır.”
Cabir deyir: “Daha sonra Rəsulullah (s) bir söz söylədi amma mən eşitmədim. Atamdan soruşdum ki: “Rəsulullah (s) nə buyurdu?”,
Atam dedi: “Onların hamısı Qureyşdəndir”.

“Səhihi-müslim”, Əmrlik kitabı, hədis:1821. “Sunəni-Tirmizi”, Fitnə kitabı, Hədis:2223. “Sunəni-Əbu Davud”, Mehdi kitabı, Hədis:4279. “Səhihi-İbn Davud”, c.2, s.207. “Müsnədi-Əhməd”, c.5, s.92.

“Səhihi-Müslimin” Türk dilinə tərcüməçisi bu hədisi Buxarinin də nəql etdiyini deyir. Müslim bu hədisi 9, Əbu Davud 3, Buxari 3, Tirmizi 1 və Hamidi “Cəmu-beynəs-Səhiheyn” kitabında isə 3 sənəd ilə nəql etmişdir. Hələ digərlərini saymırıq…

Bu bəzi hədislərdə “əmr”, bəzi hədislərdə “imam”, bəzi hədislərdə isə “xəlifə” ləfzi ilə gəlmişdir. Hədisdən çıxan nəticə:
1. Xəlifə 12-dir.
2. Xəlifə Qureyşdəndir.
3. Xəlifələr olduğu müddətcə islam əziz olacaqdır.

İlk öncə 12 xəlifənin kimlər olduğunu açıqlayacağıq, daha sonra isə hədis haqqında ortaya atılan şübhələrə cavab verəcəyik.

On iki xəlifə kimlərdir?

Bizim üçün heç bir şübhə yoxdur ki, burada deyilən xəlifələr Əhli-beyt (ə) imamlarıdır. Lakin bəzi təəssübkeşlər bu hədisin mənasını təhrif etməyə çalışdıqları üçün biz xəlifələrin kim olduğu haqda dəlilləri yazacağıq. Bu xəlifələrin kimlər olduğunu bəyan edən ən açıq dəlil “səqəleyn” hədisidir. Çünki səqəleyn hədisində Rəsulullah (s) insanlara yollarını azmamaq üçün şərt qoyur ki, bu şərt də ancaq Quran və Əhli-beytə sarılmaqdan ibarətdir. Məlumdur ki, burada “sarılmaq” əmri onlara itaətdir, yoxsa Quran və Əhli-beyti qucaqlamaq, bağrına basmaq deyil. Elə isə qurana itaət necə qeyri şərtsiz vacibdirsə, Əhli-beytə itaət də eyni şəkildə qeyri şərtsizdir. Yenə mütəvatir olan (inkar edilmsi mümkün olmuyan) Qədir-xum hədisi də imam Əli (ə)-ın möminlər üçün Allah və Rəsulu kimi, “mövla” (rəhbər) olduğunu göstərir. Allah və Rəsulu necə “mövla” və “əmr sahibi”-dirsə, Əli (ə)-da o cür mövla və əmr sahibidir.

Bunlardan əlavə “Rəd” surəsinin 7-ci ayəsi də İmam Əli (ə)-ın ilk xəlifə olduğunu bəyan edir. Əhli-Şiə və Əhli-Sünnətin mötəbər mənbələrində, bu ayənin də İmam Əli (ə)-ın barəsində nazil olduğu rəvayət olunmuşdur. İbn Abbas belə buyurur: “(Ya Muhəmməd!) Sən ancaq xəbərdar edənsən (munzirsən). Hər qövm üçün bir (hadi) yölgöstərən vardır”. – ayəsi nazil olanda Rəsulullah əlini sinəsinə qoyub: “Mən xəbərdar edənəm. Və hər qövmün bir yol göstərəni vardır”-deyərək Əliyə buyurdu: “Ya Əli! “Hadi” (yol göstərən) sənsən. Məndən sonra hidayətə çatacaq olanlar səninlə hidayətə çatacaqlar”.

Təbəri, (“Təfsii-Təbəri”, 16/357) R`əd surəsinin 7-ci ayəsinin təfsirində demişdir: “Bu hədis həsəndir, yəni isnadı doğrudur və bunu İbn Hacər Əsqəlani “Fəthul-Bari” kitabında təsdiqləmişdir. “İbn Hacər “Fəthul-Bari”, 8/226

Həmçinin Rəsulullahdan (s) belə nəql olunur: “Mən çəkindirənəm; Əli isə hidayət edəndir. Məndən sonra ey Əli! Hidayətə çatmaq istəyənlər səninlə hidayətə çatacaqlar”. “Təfsii-Təbəri”, 13/208. Cəlaləddin Suyuti “əd-Durrul-Mənsur”, 4/45. “Yənbiul-Məvaddə”, 305. “Təfsiri-Razi”, 5/271. “Müstədrək-Hakim”, 3/129. “Təfsiri-İbn Kəsr”, 2/502. “Təfsiri-Şövkani”, 3/70.

Buna görə də yolunu azanlara İmam Əli (ə) minbərdən belə səslənir: “Hara gedirsiniz? Nə vaxt qayıdacaqsınız? Hidayət əlamətləri qoyulmuşdur. Dəlillər açıq aydındır. Nişanələr qoyulubdur. Nə üçün gicəllənə-gicəllənə çöllərə düşürsünüz? Niyə və nə üçün vurnuxursunuz? Peyğəmbərin nəsli aranızdadır. Onlar sizi həqiqətə aparan iplərdir. Onlar din bayraqları, həqiqətin dilləridir. Ey insanlar! Bu sözləri, bu inamı peyğəmbərlərin sonuncusundan alın: Bilin ki, bizdən olub ölənlər ölü deyillər, diridirlər”. “Nəhcül-Bəlağə”, 4/87.

Həmçinin İbn Kəsr “Təfsiril-Quranil-Əzim” adlı təfsir kitabında, Rəd surəsinin 7-ci ayəsinin təfsirində İmam Səccad (ə)-ın vasitəsilə İmam Əli (ə)-dan nəql edir ki, ayədəki “yolgöstərən” Haşimi oğullarındandır. Həmçinin Şeyx Kuleyni “əl-Kafi” kitabında bir neçə isnadla bənzər hədisləri İmam Baqir və İmam Sadiq (ə)-dan rəvayət etmişdir. “əl-Kafi”,1/192.

“Səqəleyn” hədisinə görə itaət yalnız Quran və Əhli-beytə vacibdir, həmçinin Qədir-xum hədisi ilə Rəd surəsinin 7-ci ayəsi İmam Əli (ə)-ın xəlifə olduğunu göstərir.

İradlara cavab:

1-ci irad: Hədisdə “xəlifə” deyilir, ancaq sizin imamlarınız Əli və Həsən istisna olmaqla digərləri xəlifə olmayıblar.

Cavab: Əvvəla bu, “xəlifə” sözündən kimin nə anladığına bağlıdır. Bizim əqidəmizə görə xəlifə Allahın təyini ilədir. İstər insanlar bu xəlifəyə itaət etsinlər istər üsyan etsinlər heç bir fərqi yoxdur, o yenə də xəlifədir. Bizim buna dəlilimiz də var. Məsələn Həzrət Adəm (ə) Allahın xəlifəsidir. Allah ona itaəti vacib etmişdi, lakin şeytan ona itaət etmədi, bu isə Adəmin xəlifə olmadığına deyil, şeytanın sapıq və kafir olduğuna görədir. Həmçinin Həzrət Harun Musa (ə)-ın Bəni İsrail üzərindəki, xəlifəsi olduğu halda, Bəni İsrail ona itaət etməmiş, Həzrət Harun tək qalmış, ümmət isə sapmışdı. Xəlifələrin Əhli-beyt imamları olması da aşkar dəlillərlə sabitdir, lakin ümmət Onlara itaət etməmişdir.

2-ci irad: Hədisdə “bu 12 xəlifə olduğu müddətcə İslam əziz qalacaqdır”-deyilib. Halbuki, sizin imamlarınız dövründə müsəlmanların işləri yolunda getməyib, kafirlər müsəlmanlara hücumlar etmiş, Müsəlmanlar öldürülmüş, qarışıqlıq olmuşdur.

Cavab: Bu da “İslam əziz olacaqdır” sözündən nə anlamağa bağlıdır. İslamın əziz olmasından məqsəd, İslamın əsli şəklində qorunması, bid`ət və sapıqlıqdan uzaq olması, şəxsi fikirlərdən, qiyas ilə hökm verməkdən uzaq və təmiz qalmasıdır ki, bu da yalnız “İsna əşəriyyə” 12 imam məzhəbində belədir. 12 imamı qəbul etməyən məzhəblərdə isə sapıqlıqlar, küfr əqidələr ortadadır, cism olan Allaha inanmaq, şəxsi fikirləri din adı ilə şəriətə daxil etmək və s. Lakin “İslam əziz olacaq” sözünü onların iddia etdikləri mənada ələ almalı olsaq, onda Əbu Bəkr, Osman, İmam Əli, İmam Həsən, Muaviyə və Yəzidin də xilafəti rədd olunmalıdır. Çünki, Bəni-Haşim də daxil səhabələrin bir hissəsi Əbu Bəkrə beyət etməmişdir, Yenə səhabələr toplaşaraq Osman ibn Əffanı öldürmüşdülər, İmam Əli (ə)-ın dövründə isə Cəməl, Siffeyn və Nəhrivan döyüşləri olmuşdur, Müaviyənin (l) dövründə Xaricilərin üsyanları olmuşdur, Yəzidin (l) dövründə də İmam Hüseyn (ə), Abdullah ibn Zubeyr və Mədinə əhalisi üsyan etmişdir. Həmçinin bu hədis bizim müxaliflərə qarşı ən güclü dəlillərimizdən biridir. Belə ki, hədisin açıq nəssinə görə xəlifələr 12-dir. Halbuki Əhli-Sünnətin xəlifə saydıqları kəslər 12-dən çoxdur.

Müxaliflərin xəlifə hesab etdikləri

  1. “Raşidi Xəlifələr” dedikləri 4 xəlifə. (Bəziləri İmam Həsən (ə)-ı da Raşidi xəlifələrdən saymışlar).
  2. Əməvilər.
  3. Abbasilər.
  4. Abbasilərin Misir dövrü.
  5. Osmanlılar.

İndi sayın görək bunlar 12-dən çoxdur yoxsa yox? Təkcə Abbasi xəlifələrini saysaq 12-dən daha artıq olduqlarını görərik. Həmçinin hədisin açıq nəssi ilə xəlifələr Qureyşdəndir (Ərəbdirlər). Lakin bilindiyi kimi Osmanlılar Türkdür. Həmçinin bütün bu xəlifələr dövründə də (onların dediyi mənada) İslam əziz olmayıb. Gündə müharibələr, Xristianların hücumları, Monqolların basqınları, Üsyanlar və s.

Həmçinin Əhli-Sünnəntin mötəbər mənbələrində Cabir ibn Abdullahdan belə nəql olunmuşdur:
“Allaha, Rəsuluna və əmr sahiblərinə itaət etməyin vacib olduğunu bildirən ayə nazil olduğu gün Peyğəmbərdən soruşdum: “Allah və Rəsulunu tanıyırıq, amma əmr sahiblərinin kimlər olduğunu bilmirik. Onlar kimlərdir?” Həzrət belə cavab verdi: “Onlar mənim xəliflərimdir. Onların birincisi Əli ibn Əbutalib, sonra Həsən, sonra Hüseyn, sonra Əli ibn Hüseyn, sonra da “Tövrat”da “Baqir” deyə adlandırılmış Məhəmməd ibn Əlidir. Ey Cabir! Sən onu görəcəksən və gördüyün zaman Mənim salamımı ona yetirərsən. Ondan sonra Cəfər ibn Muhəmməd əs-Sadiq, sonra Musa ibn Cəfər, sonra Əli ibn Musa, sonra Muhəmməd ibn Əli, sonra Əli ibn Muhəmməd, sonra Həsən ibn Əli və ən sonuncusu Allahın yer üzündəki höccəti olacaq və Mənim adımı və künyəmi daşıyacaq olan Həsən ibn Əlinin oğludur.”
( “Yənbiul-Məvaddə” (Qunduzi əl-Hənəfi) s.114, 117, 494. “Şəvahidut-Tənzil” (Hakim Həskani) c.1, s.148, “Təfsiri-Kəbir”, (Fəxri Razi) c.3, s.357. “Fəraidus-Simteyn” (Həmavi) c.1, s.314. “Müntəxəbul-Əsər” s.101. )

Yenə Əhli-Sünnə mənbələrində belə nəql olunur: “Yənbəul-Məvaddə”, s.440-da və Əllamə Şeyx Muhəmməd ibn Əli əl-Hənəfinin “İthafu-Əhləl-İslam” adlı kitabında ibn Abbasdan belə nəql olunmuşdur: “Nəsəl adında bir Yəhudi Rəsulullahın yanına gələrək: “Ya Muhəmməd! Səndən sonra yerinə oturacaq vəsilrin kimlərdir?” – deyə soruşdu.
Rəsulullah (s): “Mənim vəsim Əli ibn Əbu Talibdir və ondan sonra da onun iki övladı Həsən və Hüseyndir. Sonra da Hüseynin 9 övladıdır.” – buyurdu.
Yəhudi: “Ey Muhəmməd! Onların adlarını mənə söylə” – dedikdə Rəsulullah (s) belə davam etdi: “Hüseyndən sonra oğlu Əli, Əlidən sonra oğlu Muhəmməd, Muhəmməddən sonra oğlu Cə`fər, Cə`fərdən sonra oğlu Musa, Musadan sonra oğlu Həsən, Həsəndən sonra da Allahın höccəti Muhəmməd Mehdidir. Onlar 12 kişidirlər. Övladlarımın 12-cisi qeybə çəkiləcək və gözlərə görünməyəcəkdir. Ümmətim üçün bir zaman gələcəkdir ki, İslam və Qurandan sadəcə bir ad qalacaqdır. Bu Zaman da Allah onun qiyam etməsinə icazə verəcək və İslamı onun əli ilə izhar edəcək və İslama yenidən həyat verəcəkdir”.

Bəli, Bütün dinlər və bütün məzhəblər Onun zühuruna etiqad bəsləyirlər. Lakin Əhli-Sünnət deyir ki, Mehdi hələ doğulmayıb. Bu isə səhih hədislərə (“səqəleyn” hədisinə, “zamanın imamı” hədisinə və “12 imam” hədisinə) ziddir! Çünki, Həzrəti Peyğəmbərimiz demişdir ki, onun Əhli-brytindən olan zamanın imamları qiyamət gününədək Qurandan ayrılmayacaq və Quran olduqca Əhli-beytdən də bir imam, zamanın imamı olacaqdır. Həmçinin 12 nəfərin qiyamətə qədər imam zaman olması onu sübut edir ki, bu 12 nəfərdən biri qeyri-adi şəkildə, Allahın möcüzəsi olaraq uzun ömür sürəcəkdir. Bəli, sonuncu imam Həzrəti Məhdidir (ə.f) və qeybə çəkilmişdir. Allahın əmriylə müəyyən vaxtda zühur edəcəkdir. İnşaəllah!

Həzrəti Əli (ə) “Nəhcül-Bəlağə”-də ki, bir xütbəsində buyurur: “Peyğəmbərinizin Əhli-beytinə baxın, Onların yolunu təkib edin, Onların izləriylə yeriyin. Onlar sizi heç bir zaman doğru yoldan çıxarıb yanlış yola sapdırmazlar. Onlar oturduqda oturun, Qalxdıqlarında qalxın, Onlardan qabağa keçməyin, yoxsa yolunuzu azarsınız, Onlardan geriyə də qalmayın, yoxsa həlak olarsınız.”

Bəli, Allah Rəsulunun (s) İtrəti (Əhli-beyti) Qədər uca məqama yüksələn kimsə varmı?

Onları (Təthir) pak olaraq vəsfləndirən ayə, onlardan başqa aləmdə hər hansı bir kəsə qismət olmuşdurmu?! (Əhzab 33)

Möhkəm ayələr onlardan başqa kimin sevgisinin fərz olduğunu bizə hökm etmişdir? (Şura 23)

Uca Allah: “Hamılıqla Allahın ipindən yapışın və ayrılmayın” buyurduqda, Allahın ipindən məqsəd onlar deyildirlərmi?! (Ali İmran 103)

“Sadiqlərlə bərabər olun” deyildikdə, sadiqlərdən məqsəd onlar deyildirlərmi?! (Tövbə 119)

“Ey iman gətirənlər! Allaha, Rəsuluna və özünüzdən olan əmr sahiblərinə itaət edin” deyildikdə, “Əmr sahiblərindən” məqsəd onlar deyildirlərmi?! (Nisa 59)

“Bilmədiklərinizi zikr əhlindən soruşun” deyilən bu ayədə “Zikr Əhlindən” məqsəd yenə onlar deyildirlərmi?! (Nəhl 43)

Məgər bu ayədə Allahu-təala açıq-aşkar buyurmurmu ki, “Sizin vəliniz, yalnız Allah, Onun Rəsulu və birdə o iman gətirmişlərdir ki, Namaz qılır və rüku halında zəkat verirlər”

“Hər kim Allahı, Rəsulunu və o möminləri öz sahib və başçısı kimi qəbul etsə, (Allahın firqəsindəndir və) şübhəsiz Allahın firqəsi qalibdir.” Bütün hədis və rəvayətlərdə, Rüku Halında zəkat verən şəxsin yalnız Əli (ə) olduğu qeyd olunmamışdırmı?! (Maidə 55-56)

Rəsulullaha təbliğ etməsi üçün təzyiq, təhdid mahiyyətində: “ Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, (Allahın) risalətini ( sənə həvalə etdiyi Peyğəmbərlik vəzifəsini ) yerinə yetirməmiş olacaqsan..” Nəhayət Rəsulullah (s) o əmri Qədir-xum səhrasında, 120 min nəfərin hüzurunda Əli (ə)-ı özündən sonra canişin təyin etməklə icra etmədimi?! (Maidə 67)

Və sonra Allah, bu ayəni ona nazil etmədimi ki: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Əli (ə)-ın xilafətini) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim” ( Maidə 3 )

Görmürsünüzmü? Allah, Onların vilayətini açıq-aşkar inkar etməyə qalxan, Rəsulullahın üzünə qarşı bağıraraq: “İlahi, Əgər Muhəmmədin dedikləri doğrudursa, onda mənim başıma bir daş endir !” deyən şəxsin başına necə daş saldı? Və aşağıdakı ayələr nazil oldu: “Bir nəfər vaqe olacaq əzab barədə soruşdu, o əzab kafirlərə məxsusdur və onu dəf edə biləcək bir kimsə yoxdur. O əzab yüksək dərəcələr sahibi olan (mələklərini göylərə qaldıran) Allah tərəfindəndir !” (Məaric 1-2-3)

Qiyamət günü Onların vilayətindən hər kəs sorğu-sual olunacaqdır. Necə ki, Qurani-kərimdə oxuyuruq: “Onları (o insanları) durdurun, çünki onlar sorğu-sual olunacaqlar.” Yəni o insanlar Əhli-beyt (ə)-ın vilayətindən sorğu-sual olunacaqlar. (Saffat 24)

Məgər bu ayə Əli (ə)-n vilayətinin haqq olması barədə nazil olmamışdırmı? “(Ya Peyğəmbərim!) Səndən: “(Əlinin imaməti haqqında) O doğrudurmu?”- deyə xəbər alacaqlar. Onlara belə cavab ver: “Rəbbimə and olsun ki, o doğrudur.” (Yunus 53)

Məşhur Əhli-Sunnə alimi Hakim Həskani “Şəvahidut-Tənzil” kitabında bu ayənin təfsirində belə nəql edir: “Məkkə əhli: “Ya Muhəmməd, Əlinin imaməti haqqında söylədiklərin doğrudurmu?” – dedilər. Həzrət Rəsulullah belə buyurdu: “Rəbbimə and olsun ki, Əli Haqqında söylədiklərim doğrudur.” “Şəvahidut-Tənzi”, c.1, s.267.

“Kim Rəhmanın zikrini (Quranı) görməzlikdən gələrsə, Biz ona şeytanı düçar edərik, onun dostu olar”.

“(Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər”. (Zuxruf 36-37)

“Əgər yer üzərində olanların əksəriyyətinə itaət etsən, onlar səni Allahın yolundan azdırarlar”. (Ən`am 116) Sair məzhəblərin ardıcıllarının çoxluğuna aldanmayın! İmam Sadiq (ə) “İhdinəs-Siratəl mustəqim” ayəsinin təfsirində buyurur: “And olsun Allaha “Siratəl Mustəqim”dən (doğru yoldan) məqsəd biz Əhli-beytik.”

“Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyi.” (Bəqərə 42)

Çox şükür indiyədək haqqı batillə qarışdırmadıq və haqqı gizlətmədik, bundan sonra da gizlətməyəcəyik!

“Bu dünyada kor olan axirətdə də kor olar və doğru yoldan daha çox azar!” (İsra 72)

Çox şükür ki, həm gözümüz, həmdə qəlbimiz korlaşmayıb, bizə doğru yolu göstərən Rəbbimə şükürlər olsun!

“Onlara Allahın göndərdiyinə tabe olun! – deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik! – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?” (Bəqərə 170)

Çox şükür araşdıraraq, həqiqətləri görərək bu günlərə gəldik. Kor-koranə iman gətirmədik. Biz İslamı Əməvilərdən deyil Əhli-beytdən aldıq və Əhli-beyt (ə)-ın yolu ilə də gedəcəyik! inşaəllah!

Sonda bunu qeyd etmək istəyirəm ki, belə bir kiçik məqalədə 12 imamın haqqında enən bütün ayə və hədisləri yazıb, onları haqqıyla anlada bilmək mümkün deyildir. Onlar Allahı və Peyğəmbərimizi ən yaxşı anlayanlar və ən yaxşı müəllimdirlər. Elmləri də yalnız Allah qatındandır. ONLAR HƏQİQƏTİN İPLƏRİDİR!

Sonda isə Rəsuli-Əkrəm (s)-dan rəvayət olunmuş bu məşhur hədis ilə mövzunu tamamlayıram. Rəsulullah buyurub: “Ey Əli, Mən elmin şəhəriyəm, Sən isə qapısısan, hər kim şəhərə qapıdan deyil də başqa bir yerdən girdiyini söyləsə yalançıdır”. “Yənbiul-Məvaddə” s.72. “Fəzilətu Əhləl-Bəyti Rəsulullah”, s.417. “Mənaqibi-Məğazili”, s.8

SEYYİD MİRƏDDİN HAŞİMİ

Məlumatlardan istifadə zamanı istinad zəruridir.

Comments are closed, but trackbacks and pingbacks are open.