Press "Enter" to skip to content

Sənət hekayələri

Qorxurdum, birdən yenə dalaşarlar. ..
Amma atam çölə çıxdı.
Anam yerində eşələnib yenə zarıdı:
-Ayy-vay, canım vay, ölürəm.
Mən anamın çarpayısının yanında oturub ona baxırdım. Ürəyim sıxılırdı, elə bilirdim, anam öləçək. Birdən pəncərənin şüşüəsi taqqıldadı. Çaş Arifiydi, məni çağırırdı. Əl-qoluyla mənə nəyisə başa salmaq istəyirdi. Durub çölə çıxdım.
. Nərdivanı divara söykəyən kimi ikimiz də birdən üstünə cumduq.
-Mən dırmaşacam!
-Yox, mən!
-Quş yuvasını birinci mən göstərmədim?!
-Noolsun, bəs qus kimin evində yuva qurub?! Bizim!
Axır, dostum təslim oldu.

Xankəndi

. Yuxudan telefonun beynimi deşən zənginə ayıldım. Gözlərimi açdım, hələ otaq alaqaranlığıydı. Ayağımın ucuyla arvadıma yüngülcə bir təpik vurub oyatdım.
-Dur, telefon.
Arvadım dik qalxdı. Yarıyuxulu, gicəllənə-gicəllənə dəhlizə getdi.
-Alo.

Ağlıma ancaq Çığırğan Dursun gəlirdi. Bu arvadın əlindən mənə rahatlıq yoxdur. Evi tikilmişin qızı, gərək, ya biriylə dava-dalaş sala, səsini başına atıb çığıra, ya da özünü xəstəliyə vura. O arvadın xəstə olduğuna heç vaxt inanmamışam. Hərdən təzyiqi qalxır, o da hikkəsindən. Mən də onun qədər çığırsam, təzyiqim qalxar, bəlkə, ölərəm də.

Dəhlizdən arvadımın kal səsi gəldi:
-Yox, hələ yerindən qalxmayıb, gözləyin, çağırım.
Mən dəstəyi qulağıma tutanda atamın səsi elə həyəcanlıydı, əvvəlcə elə bildim, nəysə pis bir şey olub.
-Ay bala, anan yaxşı deyil, yenə azarlayıb. Gecə yatmayıb. Gəl, ona baş çək, gör, nəyi var? Yaman qorxuram.
Atamın yetmiş yaşı olsa da, bu dünyaya avam gəlib, avam da gedəcək. Milyon dəfə demişəm, ay kişi, arvadlara inanma, onlar diplomsuz artistdilər.Kimə deyirsən. Bu səhər atama lap yazığım gəldi.
– A kişi, qorxma eee. anamın heç nəyi yoxdur! Yenə əriyini əzdirir , sən fikir vermə.
Atam ancaq “yaxşı, gəlib baxaram” deyəndən sonra sakitləşdi.
Dəstəyi yerinə qoyanda hava hələ də işıqlanmamışdı. İş vaxtına xeyli vardı. Yatağa girib yorğanıma büründüm, payız səhərinin şirin yuxusu dərhal gözlərimi qapadı.

Xəstəxana evimdən xeyli uzaqdadır- kəndin “Düz oba” deyilən tərəfində . Hər gün bu yolu piyada gedib gəlirəm. Günuzunu başım xəstələrə qarışır, gözlərim ancaq zarıyan, əzab şəkən insanlar görür, yorulub əldən düşürəm. Kəndin arasıyla piyada gəzməksə məni dincəldir, başım açılır, gün üzü görürəm. Bu səhər kefim yaxşıydı, bircə, Çığırğan Dursunla rastlaşmasaydım.

Evimizin arxasındakı dəmiryolunun qırağı ilə yola düzəlmişdim, gördüm, Çənə Nüsrət malları dükanının qabağına yığır. Dingiş Məmişi də səhər-səhər hardan tapıbsa, salıb çənəsinin altına. O, nə deyirsə, Dingiş Məmiş əlini əlinə vurub uğunur, sonra üzünü çevirib iki addım geri gedir, yenə qayıdır Çənə Nüsrətin yanına. Çənə Nüsrətinsə çənəsi bir az da qızışır. Dünya-aləm veclərinə deyil. Qıraqdan elə məzəli görünürdülər ki! Gülməyimi güclə saxladım. Birdən gözüm dükanın qabağındakı qazan dəstinə sataşdı. Üst-üstə düzülmüş altı dənə qazan! Əladı! Bu dəfə gülməyimi saxlamadım. Bərkdən güldüm. Çənə Nüsrətlə Dingiş Məmiş söhbətlərini yarıda kəsib mənə baxdılar. Mənsə üzümü yana çevirdim, guya onları görmürəm. Yəqin, elə bildilər, mən onlara gülürəm. Əslində, ağlıma gələn fikirə gülürdüm. Qazanları isimin altı halına oxşatmışdım: adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq.
-A gədə ey. Ədə. Guya, sənin gözün məni görmür, a köpəyoğlu.
Fantaziyam mənə nətəhər ləzzət eləmişdisə, Çığırğan Dursunun çəpərinin yanından keçdiyimi yadımdan çıxarmışdım. İndi canını qurtar görüm, necə qurtarırsan?!

Arvad əvvəlcə qat-qat, şələ tumanını iki tərəfdən əlləriylə çəngələdi, sonra qıçlarının arasından arxaya itələyib yerə çöməldi. Bu, Çığırğan Dursunun davaya başlamaq isarəsiydi.
-Adını həkim qoymusan, səndən heç mal həkimi də olmaz! Sənə diplom verənin dədəsinin ağzına mən buramı qoyum.
Ona tərəf baxmadım, onsuz da əli ilə harasını göstərdiyini bilirdim.
-Adam xəstələnəndə həkim çağırar dəə. Bəs biz kimin üstünə gedək?! Arvadlara baxmıram deyir, köpəyoğlu! Arvadların ağır daşı düşsün sənin başına! Arvadların canı ağrımırsa, bəs niyə ölürlər, dünyanı tutub qalsınlar dəə. Sən elə qurumsaq köpəyoğlusan ki, səni qarnından çıxaran o yazıq arvada da inanmırsan!

Yoldan keçən kişilər bığaltı gülümsəyirdilər. Qadınlarınsa mənə çəp-çəp baxırdığını görürdüm. Arvada baş qoşmadım, əlimi yelləyib yerişimi yeyinlətdim. Amma hələ də səsi batmışın səsi gəlirdi.

Xəstəxananın ikinci mərtəbəsində yatan xəstələrimə hər sabahkı kimi baş çəkib aşağıya –iş otağıma endim. Yenə təzə xəstələr qapının ağzında növbəyə durmuşdular. Aralarında tək bir qadın vardı, o da qonşu kənddən gəlmişdi. Məni görcək qabağıma yeridi:
-Başına dönüm, ay doxdur, noolar, məni qəbul elə! Vallah, canım elə ağrıyır, Allahdan ölüm diləyirəm!
Mən şəhadət barmağımla qonşu kabineti, ora toplaşan qadınları göstərdim:
-Ora, anam, ora. Görmürsüz, qadınlar orda gözləyir?! Gedin, Güllü doktorun yanına.
– Deyirlər, siz yaxşısız, ölü gələni diri göndərirsiz evinə.
-Mən çoxdandı qadınlara baxmıram! Xəbəriniz yoxdu?!
Səsim çox sərt çıxdı, arvad üzümə çəp-çəp baxıb, dodağının altında nəsə mızıldandı. Sonra qonşu kabinetin qarşısında oturan qadınlara tərəf getdi. Mənsə öz otağıma girib işə başladım:
-Birinci kimdir?
. Sənətimi sevirəm, üstəlik, çəkinmədən “kənddə ən yaxşı həkiməm”- deyə bilərəm. Bunu xəstəxananın baş həkimi də mənə dəfələrlə etiraf edib. Bir dəfə aramızda belə bir söhbət olmuşdu:
– Sən savadlı həkimsən, yeniliklərdən xəbərdarsan. Amma , bircə zəif çəhətin var?
Mən onun nəyə işarə elədiyini bilsəm də, “xalaxətirin qalmasın” soruşdum:
– O nədir elə?
-Bilmirəm, bu bədbəxt qadınlara niyə inanmırsan? Əşşi, olmaz ee. sən Hippokrat andı içmisən, kişiyə də baxmalısan, qadına da. Əslində, mənim yerimə kim olsaydı, səni çoxdan işdən çıxarmışdı. Amma yaxşı həkim olduğuna görə, sənə hörmət eləyirəm. Həm də tələbəlik dostumsan axı.
-Sağ ol, hörmətin artıq olsun!
-Yadındadı, professor Atalıyev sənə nə deyərdi?
-Hmm.
-Rəhmətlik həmişə deyərdi, Bədəldə kəllə var, kəllə! Mən ölü, siz diri, Bədəl məşhur həkim olacaq!
-Oldum də!
– Bundan da artıq ola bilərdin!
Dinmədim, onunla söz güləşdirməyə heç həvəsim yoxuydu. O, məni süzüb başını buladl, sonra ağlına nə gəldisə, bərkdən gülməyə başladı, qıyıq gözləri bir az da qıyılıb itdi:
-Axırda bu camaat sənə yaxşı bir ayama qoşacaq, özünü gözlə! Vallah, arvadın olmasaydı, mən özüm də səndən şübhələnərdim!
Qarnımdan sancı tutana kimi ona qoşulub güldüm.
Elə indi də baş həkimin o sözü yadıma düşəndə gülməyim gəldi. Amma özümü saxladım, iş çoxdu, hələ qapının ağzında gözləyənlər var.
– Kimin növbəsidir?!

Axşam evə gedəndə bu gün atamın üç dəfə işə zəng elədiyini xatırladım. Səsindəki qorxu yadıma düşdü. Yolun ortasında dayanıb bir az götür-qoy elədim: anama baş çəkim, ya yox?! Əvvəl istədim, bu işi sabaha saxlayım. Sonra fikirləşdim, getməsəm, atam bu sabah da məni şirin yuxudan eləyəcək. Yaxşısı budur, indi gedim.

Atamgilin evi bizdən xeyli aralıdadır-kəndin “Yuxarı baş”deyilən tərəfində. Əslində, maşınla gediləsi yoldu, amma mən piyada gəzməyi xoşlayıram axı. Nəysə, dəmiryolun sağındakı cığıra düşüb yola düzəldim. Yolda Taxta Pakizə çıxdı qabağıma. Onu görəndə həmişə gülməyim gəlir, arvadda bir çimdik ət yoxdu, taxta kimi düpbədüzdü. Yerişi də məzəlidi, elə bil, avtomat oyuncaqdı, arxasını burub, yerə buraxmısan. “Xod”lananda dayanmaq bilmir. Lənət şeytana, bu arvad hardan çıxdı qabağıma. İndi gülməyimi nətəhər saxlayım?! Birtəhər dişimlə dodaqlarımı sıxdım.

-Ədə, dədən evinə gedirsən?
Başımı tərpətdim, ağzımı açsaydım, pıqqıldayıb güləcəkdim.
-Get, get, deyillər, anan bərk xəstələnib. Allah eləməmiş, arvada bir şey olub eləyər.
Tez ondan uzaqlaşdım, gülməyimi içimə atmaqdan az qalırdı ürəyim partlaya. İçimdə yığılıb qalan səs ağzı tıxaclanan su borusu kimi birdən- birə fantan verdi. Amma arvad məni eşitmədi, yenə “xod”lanmışdı axı.

. Əvvəlcə çox yaxından tappıltı eşitdim. Sonra qulağımın ağrıqarışıq göynərtisini hiss elədim. Tez əlimi qulağıma apardım, alışıb yanırdı. O tərəf-bu tərəfə baxdım, bir şey görmədim. Birdən kimsə bərkdən güldü. Nə görsəm yaxşıdır?! Yolun qırağındakı ağacın başında bir uşaq oturub, əlində də sapand. Arsız-arsız mənə baxıb gülür. Bir istədim ərinməyib, qalxım ağacın başına, uşağı yaxşıca əzişdirim. Birdən onun üz-gözü mənə tanış gəldi. Elə bil, gözümü açandan hər gün bu sifəti görmüşəm. Mat-məətəl qaldım. Mən axı bu uşağı hardan tanıyıram? Tapdım! Eynən özüdür, lap elə bil, “fırt” eləyib atasının burnundan düşüb!

-Sən Çaş Arifin oğlusan?!
Uşaq kefini pozmadı, hırıldaya-hırıldaya başını tərpətdi.
-Dədənə çəkmisən də, o da iki ölünü bir dərədə qoymazdı. Gəlib-gedənləri daşa basardı. Di, düş aşağı, dədənə deyərəm ha!
Uşaq yenə mənə sallaq satmadı:
-Neynim, de dəə.
Bu xasiyyyəti də atasına çəkib. Arif mənim uşaqlıq dostumuydu. Gözünün biri anadangəlmə çaşıydı deyə, ona hamı Çaş Arif deyirdi. Bunu heç vecinə də almırdı. Onunla o qədər yaramazlıq eləmişik! İt kimi iy bilirdi. Anamın gizlədiyi konfetləri birlikdə tapıb aşırardıq. Anam oğurluğumuzdan xəbər tutanda qaçıb ağaca dırmaşardıq. O da lap hirslənərdi:
-Dayanın, sizi konfet üzünə həsrət qoyum, siz də baxın. Bilirəm, bu əməlləri törədən sənsən, Çaş Arif! İycil it!

Anam konfetlərin yerini dəyişsə də, biz yenə tapırdıq.

Bir dəfəsə anamı lap cin atına mindirmişdik. Axşam tərəfiydi. Anam toyuqlara dən səpməkçün hananın üstündən durub çölə çıxdı. Çaş Ariflə hananın arxasına girib oynamağa başladıq. Bir də gördüm, dostum qayçıyla xalçanın ərişlərini doğrayır. Qayçını onun əlindən alıb bir-iki ərişi də mən kəsdim. Anam içəri girəndə biz dimməzcə hananın arxasında gizləndik. O, kəsilmiş ipləri görüb, əllərini dizlərinə vura-vura hananın qabağına çökdü.
-Ay Allah! Mənim başıma gələnə bax!
Fürsəti əldən vermədik, hananın arxasından yavaşca qapıyasarı sivişib aradan çıxdıq. Anam arxamızca düşdü:
-Sizi görüm boynunuz qırılsın! Gör, mənim başıma nə oyun açıblar!
Əlinə keçən ayaqqabıları arxamızca vızıldatdı. Di gəl, hirsi soyumadı, yenə bizi qovalamağa başladı. Qəfildən ürəyini tutub, dayandı, üz-gözünü turşutdu:
-Ay-ay, ürəyim!
Anama yazığım gəldi, addım-addım ona yaxınlaşdım. Lap yaxınına çatanda anam yerindən sıçrayıb bir əliylə məni qamarladı. O biri əliylə yerdəki çubuğu götürdü.
-Gəl bura görüm, köpəyoğlu! Elə bilirdin, səni tuta bilməyəcəm!
İki-üç günə kimi çubuqların yeri mənə divan tutdu. Ağrılarımı ancaq anamın hirsi soyuyub məni öpəndən sonra unutdum.
Atamla anam heç yola getməzdilər. Bir axşam yenə evimizdə mərərkə qopmuşdu. Mən stolun altına girib ağlayırdım. Onlar dalaşanda həmişə belə eləyirdim. Başımı qaldıranda yanımda Çaş Arifi gördüm. Əlində pişik balası vardı. O, sakitcə qulağıma pıçıldadı:
-Çölə çıx, gör, sənə nə göstərəcəm?!
Başımı aşağı salıb burnumu çəkdim.
– İki siçan tutmuşam. Qutuda saxlayıram. İndi onları bu pişiyə verəcəm, yesin! Gedək də, Bədəl, baxmaq istəmirsən? Gəl, niyə ağlayırsan, kişi ol! Sonra barışacaqlar, mənim atamla anam da dalaşır, sonra barışırlar.
Başqa vaxt olsaydı, ondan qabaq qapıya cummuşdum.
Həmin gün gecə yarısına kimi stolun altından çıxmadım, zırın-zırın ağladım. Həm evimizdə olanlara, həm də siçan, pişiyə görə. Sonra bacım məni yatmağa apardı.

Səhəri gün anam yataqdan qalxmadı. Möhkəm xəstələnmişdi. O, həmişə atamla dalaşandan sonra belə olurdu. Bacım ona qulluq eləyirdi, çay-çörəyi yatağının düz yanına aparırdı. Amma anam bir tikə də yemirdi. “Boğazımdan keçmir”- deyirdi. O, xəstələnəndə atam da əldən-ayaqdan gedirdi, umu-küsünü unudurdu. Bu səhər də ürəyi yuxalmışdi:
– Çox ağrıyırsan?
Anam cavab vermədi. Üstünə örtdüyü çarşafı başına çəkib arxasını ona çevirdi. Sonra zarımağa başladı:
– Ayyy.
– Gedim, həkim çağırım?
Anam hikkəylə başını çarşafın altından çıxardı:
– Həkim-zad lazım deyil! Mənim qədrimi bilən olub. ayyy.
– Lənət şeytana! Ay arvad, səni and verirəm, Allaha, bəsdi! Yenə başlama, qoy sakit yaşayaq!

Qorxurdum, birdən yenə dalaşarlar. ..
Amma atam çölə çıxdı.
Anam yerində eşələnib yenə zarıdı:
-Ayy-vay, canım vay, ölürəm.
Mən anamın çarpayısının yanında oturub ona baxırdım. Ürəyim sıxılırdı, elə bilirdim, anam öləçək. Birdən pəncərənin şüşüəsi taqqıldadı. Çaş Arifiydi, məni çağırırdı. Əl-qoluyla mənə nəyisə başa salmaq istəyirdi. Durub çölə çıxdım.
. Nərdivanı divara söykəyən kimi ikimiz də birdən üstünə cumduq.
-Mən dırmaşacam!
-Yox, mən!
-Quş yuvasını birinci mən göstərmədim?!
-Noolsun, bəs qus kimin evində yuva qurub?! Bizim!
Axır, dostum təslim oldu.

Nərdivanın sonuncu pilləsinə qədər çıxsam da, novalçanın içərisindəki quş yuvasını görə bilmədim. Bir az da yuxarı qalxmaqdan ötrü ayağımı pəncərəyə qoydum. Çaşıb qaldım. Anam yatağından qalxmışdı. O, çarpayısının yanındakı yükün arasından kağıza bükülü bir şey çıxarıb yastığının altında gizlətdi. Sonra bacımın ona gətirdiyi səhər yeməyindən bir tikə ağzına atdı.
-Nə quruyub qalmısan!

Dostuma fikir vermədim. Gözüm pəncərədəydi. Sevinirdim, anam sağalmışdı axı! Anam əliylə çörəkdən bir parça kəsib onu da yasdığının altına soxdu. Birdən nə oldusa, tələm-tələsik yatağına uzandı. Əlini başına qoydu. Ürəyim düşdü, deməli, yenə xəstələndi! Sonra otaqda bacımı gördüm, anamla nəsə danışırdı. Mən cəld nərdivandan düşüb evə qaçdım. Anam hələ də başını tutub zarıyırdı:
-Ayyy. ölürəm. tərpənə bilmirəm. götür bu zəhrimarı, mənim boğazımdan çörək keçir?!
Anamın yastığının altından kağıza bükülən konfetin bir ucu görünürdü. Sonralar mən anamın öləcəyinə inanmadım.

Ayağımı darvazadan içəri qoyanda çaş-baş qaldım. Elə bildim, səhv gəlmişəm. Amma yox. Bəs bu camaatın burda nə işi var? Gözlərimlə adamların arasından atamı axtardım, tapmadım. Qəfildən bərk qışqırıq eşitdim. Elə bil, kiminsə ətini kəsirdilər. Tanıdım, bacımın səsiydi. Cəld pilləkənləri qalxıb içəri cumdum. Anam çarpayıda uzanmışdı. Bacım özünü onun üstünə sərib qışqırırdi. Atamla qonşu arvadlar onu anamdan uzaqlaşdırmağa çalışırdılar. Bacımsa onlara məhəl qoymurdu:

– Getdi, getdi. Məni qoyub hara gedirsən ay ana.
Hələ də qapının ağzında dinməzcə dayanmışdım. Gördüklərim mənə qondarma səhnə kimi gəlirdi. Qabağa yeridim:
– Çəkilin kənara!
Bacım məni görcək üstümə atıldı:
– Getdi anam! Sənin üzündən getdi! Vaxtında gəlib çıxmadın.

Mən bacımı geri itələyib anamın çarpayısına yaxınlaşdım. Əlini əlimə aldım. Buz kimiydi. Nəbizini yoxladım. Amma.

Mən anamın öldüyünə hələ də inanmırdım.

Sənət hekayələri

Real həyatda gördüklərini, fantaziya, təxəyyül və xəyallarını hissı-hissə toparlayıb barmağında sıxdığın qələmlə vərəqə, həzin klaviş toxunuşuyla mətn redaktoruna, leylək lələyi ilə papirus vərəqinə köçürər yazar.

Kiçik həcmli əsər, qısa bir hekayət, fikri dəqiq, lakonik çatdıran əhvalatdan, yazıdan yaxşı nə ola bilər axı?

Ətrafda baş verən hadisələr, keçmiş xatirələr, xəyalların yaratdığı fantaziyalar, qoz ləpəsinə bənzəyən beyin yarımkürələrinə, neyronların dərinliyinə hopur, qaranlıq meşədə qəfil görünən tanış cığır kimi dolğunlaşır, canlanır, ədəbi süjet xəttinə, formalaşmış yazıya çevirilir.

Fəqət, yaranma ərəfəsində olan möcüzəni vəhşi-xam, əhliləşməmiş şəkildə mətnə köçürmək, hələ onun hekayə olması anlamına gəlmir.

Budur, mətn üzərində işin gərgin, çiy mərhələsi başlayır. Yazılmış hər sözü, cümləni, ifadəni bir az zənginləşdirmək, mənadan- mənaya salmaq, davamını, sonluğunu gətirmək, korrektə-redaktə etmək, yonmaq-cilalamaq lazımdır.

Hekayə ən geniş yayılmış nəsr janrıdır. Bu epik proza nümunəsinin öz yüksək sənətkarları, elit ustadları var: lakonik O.Henri, hissiyatlı Anton Çexov, qadın qəlbinin bilicisi Ki de Mopassan, satirik novella ustadı Əziz Nesin, “bəşəriyyətin xoşbəxtliyi naminə poetik dualar” (Teodor Drayzer) yaradan Şervud Anderson və sair.

Bir çox hekayələr həqiqətən də ağılı başdan çıxaran, insanı məftun edir, beyinləri ovsunlayır. Çexovun “5 nömrəli palata”sı, Tolstoyun “İvan İliçin ölümü”, Nesnin “Tarzan”ı, Dmitri Qriqoroviçin “Kənd”i, O.Henrinin “Sonuncu yarpağ”ı belələrindəndir.

Digər, daha geniş formalı yazı əsərlərindən fərqli olaraq hekayədəki əsas personajlar məhdud saydadır, süjet isə adətən vahid xətt üzrə inkişaf edir.

Məsələn, Mopassan öz kiçik həcmli əsərlərində satiranı, lirikanı və psixoloji analizi ustalıqla birləşdirirdi.

O.Henri Amerika novella sənətinə ikinci nəfəs verməyi bacardı. O, komik paradokslar, ikiqat dönüşlü süjet xətti, gözlənilməz sonluqlar üzrə virtuoz idi.

Şervud Anderson isə bir-biri ilə daxili süjet əsasında birləşən müstəqil hekayələr (“Vaynzburq, Ohayo” hekayələr toplusu) yazırdı.

Anton Çexovun hekayələrində hadisələr, şərait sanki tərpənməzdir, sanki tam sükut içərisindədir. Fəqət, hiss və həyəcanlar, qəhrəmanın psixoloji durumunun dərinliyi fasiləsiz hərəkətdədir, oynaqdır. Onun hekayələri kiçik hadisə üzərində qurulur, süjet xətti bəzən tədricən, bəzən ildırım sürətiylə inkişaf edir və obrazlar öz həyatlarının kənar müşahidəçisinə çevrilirlər. Burada, konflikt mənbəyi personajların hiss-həyəcanlarının paradoksal uyğunsuzluğundadır (“İonıç”, “Yeni malikanə”) və bütün insan həyatı sanki preslənərək kiçik hekayənin içərisinə sıxışdırılmışdır (“İtlə gəzən qadın”, “Nişanlı qız”).

Cek Londonun sözlərinə görə, hekayə əhval-ruhiyyə, vəziyyət və fəaliyyətin tamlığını əks etdirən yazı nümunəsidir.

Hekayələr əsasən üç hissəyə də bölünür: oçerklər, novellalar, hekayələr.

Onların bəziləri yüngül və yumoristik, digərləri mənalı və öyrədicidir. Bu janr düşüncəyə, təbəssümə, təsəvvürə və ümidə yol açır. Bəzən sadə bir söz və ya cümlədə qalın bir kitab qədər məna gizlənir.

Aşpaz öz şah əsərini hazırlayarkən tərəvəz və ədviyyatları xörəyə daxil edir.

Zərgər məmulat üzərində işləyir, qiymətli metalın kiçik diametrli səthinə sapfir, rubin, almaz düzür, onları gərgin zəhmətlə cilalayır. Sənətkarın hər hərəkətində diqqət, səbr, hövsələ var.

Peyzaj, portret, natürmort üzərində işləyən rəssam, eskizə forma konturları, incə cizgilər, kölgə effekləri verir. O, dalğın görünsə də bütün diqqətini öz şah əsərinin, işinin ətrafında cəmləyir.

Yazar isə, təsəvvüründə, təxəyyülündə formalaşdırdığı, beyininin hansısa küncündə yaratdığı mövzuları, faktları toplayır, hiss və həyəcanlarını, gözünün nurunu, fantaziyasını mətnə, vərəqə köçürür.

Kiçik, bir neçə sətirlik mətn dərin hisslər, emosiyalar və düşüncələr yerləşdirmək bacarığı, yüksək yaradıcılıq ustalığı tələb edir.

Bəzən yazının süjet xətti, pambıq üzərinə düşmüş qığılcım kimi insanı qəflətən çalxalayır, lakin onu kağıza, mətnə daxil etmək isə mümkünsüz olur.

Bəzən hər hansı mövzu, isti otağa qoyulmuş dondurma kimi tədricən əriyir, hansısa qalın pərdə arxasında gizlənir, səhərə yaxın görülən yuxu kimi buxarlanır, yaddaşlardan əbədi silinib gedir.

Bəzən isə, oxuduğun hər hansı əsər, film süjeti, yaşadığın həyat epizodu, tarixi hadisə, qonşunun ailə dramı, küçə itinin həyatı, adi qarışqa yuvası üzərində aparılan müşahidə belə maraqlı hekayəyə çevrilir.

Kiçik hekayələr beynimizdə intellektual orqazm yaradır. Bu əhvalat miniatürləri, avtobioqrafik süjetlər və həyat epizodları hiss-həyəcan fırtınası, erudisiya qasırğasına səbəb olur.

Comments are closed, but trackbacks and pingbacks are open.