Press "Enter" to skip to content

Multikulturalizim və insan hüquqları

İlham Soltanov

Multikulturalizim və insan hüquqları

Multikulturalizm / 04.04.2016 / 09:52

Müasir dünyada getdikcə dərinləşən sivilizasiyalararası toqquşmalar və ziddiyyətlər hər bir xalqın milli mənəvi və dini dəyərlərinin qorunması zərurətini dövrün aktual məsələlərindən birinə çevirib. İlk baxışda təbii və mütərəqqi görünən bu meyillər bəzi hallarda sivil bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi dinc yanaşı yaşamaq kimi ali dəyərə kölgə salır, onun etnik, irqi, dini və siyasi dözümsüzlük kimi səciyyələnən ksenofobiya ilə əvəzlənməsinə rəvac verir. Milli özünəməxsusluğu qorumaq instinkti və yaxud bəhanəsi altında son nəticədə başqa mədəniyyətlərə, dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük halları artır.

Müxtəlif istiqamətlərdə dövlətlərin yaxınlaşmasını şərtləndirən qloballaşma prosesi və onunla əlaqədar meyarlar insan hüquqlarına birbaşa olaraq təsir göstərir. İnsan hüquqlarının qloballaşması daha ümumi qanunauyğunluğu ayrı-ayrı şəxslərin, qrupların və ictimaiyyətin qarşılıqlı fəaliyyətinin insanların hüquq və əsas azadlıqları əsasında həyata keçirildiyi vahid hüquqi məkanın yaradılmasına gətirib çıxaran ümumdünya qloballaşmasını əks etdirir. Dünya proseslərinin qloballaşması insan hüquqlarına yeni yanaşmalar müəyyən edir, lakin onların ümumi başlanğıc prinsiplərini dəyişdirilməməlidir.
Müasir dövrdə yaranmış vəziyyət etnik-milli dözümlülüyün, habelə tolerantlıq və multikulturalizm kimi dəyərlərin bəşəriyyət üçün önəmini daha da artırır. Xüsusən də multikulturalizm bu gün fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amillərdən biri kimi çıxış edir. Multikulturalizm elmi ədəbiyyatlarda “çoxmədəniyyətlilik”, yəni bir çox fərqli mədəniyyətləri özündə ehtiva edən cəmiyyət kimi təsnif edilir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların, dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür. Multikultural cəmiyyət olmadan humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqunu qurmaq qeyri-mümkündür. Multikulturalizmdən imtina etmək, əslində, anlaşılmazlığa, ksenofobiyaya, qarşıdurmaya, milli və dini münaqişələrə rəvac verən bir yoldur.
Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, İslam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir. Bundan əlavə, tolerantlıq, dini, milli-irqi dözümlülük milli mentalitetimizin ayrılmaz cəhətlərindəndir. Məhz bunun nəticəsidir ki, yüzilliklər boyunca və hazırda da Azərbaycanda xalqlar vahid və mehriban bir ailə kimi yaşamış, etnik və dini icmalar arasında dözümlülük əlaqələri formalaşmış, milli, irqi, dini ayrı-seçkiliyə yol verilməmiş, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində fəaliyyət göstərmişlər. Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumundakı dərin məzmunlu nitqində demişdir: “Biz sivilizasiyalararası dialoqdan söhbət açırıq. Amma eyni zamanda, bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.
1948-ci il 10 dekabr tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamədə xüsusi qeyd olunur ki, “insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir”. Bu zaman digər beynəlxalq sənədlər kimi, 1981-ci il tarixli “Dözümsüzlüyün və din və ya əqidəyə əsaslanan ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” BMT Bəyannaməsi və UNESCO çərçivəsində 1995-ci ildə qəbul olunmuş “Dözümlülüyün prinsipləri haqqında Bəyannamə” də xüsusi yer tutur.
Ümumiyyətlə, son illər sivilizasiyalararası dialoq mövzusu ilə bağlı beynəlxalq məkanda aparılan fəal diskussiyalar, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslar, simpoziumlar XXI əsrdə sivilizasiyalararası dialoq ideyasının nə qədər mühüm aktuallıq kəsb etməsindən xəbər verir. Şübhəsiz, bunun əks halı sivilizasiyalar arasında savaşdır ki, bu da dünyamızın sonu demək olardı. Ona görə də bu məsələ BMT, UNESCO və digər beynəlxalq təşkilatlar, habelə bir çox dövlət başçıları tərəfindən dəfələrlə gündəmə gətirilmiş, qlobal problemlərin bütün dünya xalqlarının birgə səyləri ilə həll edilməsi zərurəti vurğulanmış, sülh və əmin-amanlıq, mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi üçün belə bir dialoqun qaçılmaz olduğu göstərilmişdir. Bu gün bəşəriyyət qarşısında həlli vacib ən mühüm məsələ Şərq və Qərb, digər hallarda İslam və xristian sivilizasiyaları arasında dialoq mühiti yaratmaq, onlara aid mütərəqqi dəyərlərin qarşılıqlı mübadiləsini təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının bu sahədəki təcrübəsi bütün dünyaya nümunədir.
Son 20 ildə ölkəmizdə ilk növbədə vicdan azadlığının təmini istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti, bununla bağlı yaradılmış hüquqi təminatlar Azərbaycanın həm də multikultural məkan kimi tanınmasını təmin etmişdir. Konstitusiyamız özünün demokratik mahiyyəti ilə cəmiyyət həyatının bütün sahələrində multikulturalizm düşüncəsini təsbit və təşviq edir. Çünki ictimai münasibətlər sisteminin sivil şəkildə tənzimlənməsi ilk növbədə insanların əks mədəniyyətlərə dözümlülük səviyyəsindən asılıdır. Bu da təsadüfi deyildir ki, son illər bir sıra iqtisadi, siyasi, humanitar və beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi məhz Bakı şəhərinə üstünlük verilir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun təkcə diplomatik deyil, həm də multikulturalizm mərkəzinə çevirmişdir. Respublikamız son illərdə Beynəlxalq Humanitar Foruma, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə, Krans Montana Forumuna, Davos Forumuna, III Qlobal Bakı Forumuna, habelə ilk Avropa Oyunlarına və digər beynəlxalq tədbirlərə uğurla evsahibliyi etmişdir. Şübhəsiz, beynəlxalq forumlar, konfranslar vasitəsilə sivil dialoqların qurulması, ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platformanın formalaşdırılması deməyə əsas verir ki, Bakı şəhəri həm də multikultural ideyalar ətrafında intellektual müzakirələr məkanına çevrilir.
2012-ci ildə “Evrovizion-2012” kimi qlobal musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan ötən ilin iyun ayında daha bir mötəbər idman tədbirinə – “Baku 2015” ilk Avropa Oyunlarına uğurla yekun vurmuşdur. Azərbaycan həmin günlərdə ümumən Avropanın favoritinə çevrilməyi bacarmışdır. Beynəlxalq ictimaiyyət qibtə və heyranlıq ovqatında Bakı şəhərinin sülh və sabitlik paytaxtı olduğunun, respublikamızın qısa zamanda ciddi uğurlara imza atdığının əyani şahidinə çevrilmişdir. Azərbaycan xalqının yüksək qonaqpərvərliyə, qədim mədəniyyətə, ecazkar musiqiyə, zəngin incəsənətə malik polietnik məkan olduğu, bu multikultural məkanda ən müxtəlif xalqların dinc yanaşı yaşadıqları bir daha təsdiqini tapmışdır. “Baku 2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimində cənab Prezidentin “Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir” fikri də bunun əyani sübutudur.
Qeyd edilən bu siyasət ona görə uğurludur ki, onun əsası Azərbaycan xalqının xilaskarı ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, 1998-ci ilin dekabrında Bakı şəhərində keçirilmiş “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun açılış mərasimində söylədiyi nitqində də ulu öndər din azadlığının müdafiəsi kontekstində dözümlülüyün təmin edilməsinin vacibliyinə toxunmuşdur: “Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda, heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Azərbaycanda İslam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən əlavə, münaqişə, müharibə yolverilməzdir. Hər halda XX əsrin sonunda və XXI əsrdə dünyada belə hallara son qoyulmalıdır”.
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan Respublikasında dinlərarası əməkdaşlığın mövcudluğu respublika rəhbərliyinin siyasi uzaqgörənliyi ilə bağlıdır. Yalnız son beş ildə respublikamızda dinlərarası dialoqa, millətlərin tolerant mühitdə yaşamasına xidmət edən forumlarda dünyanın 100-dən artıq dövlətinin ictimai, siyasi xadimləri, Nobel mükafatı laureatları iştirak etmişlər. Bu da təsadüfi deyildir ki, ölkə rəhbərinin 15 may 2014-cü il tarixli sərəncamı ilə dünyada yaradılmış ilk multikultural qurum Beynəlxalq Bakı Multikultural Mərkəzidir. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək mərkəzin əsas məqsədi müəyyən edilmişdir.
Azərbaycanda din azadlığının təmini ilə bağlı məsələlər beynəlxalq məruzəçilər tərəfindən də yüksək qiymətləndirilmişdir.
Ölkəmizdə din azadlığının hüquqi tənzimlənməsi sahəsində kifayət qədər qanunvericilik bazası mövcuddur: “Dini etiqad azadlığı haqqında” 20 avqust 1992-ci il tarixli qanun, “Dini ekstremizmə qarşı mübarizə haqqında” 4 dekabr 2015-ci il qanunu, ölkə Prezidentinin “Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 5 avqust 2015-ci il tarixli sərəncamı və s. Azərbaycan insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və mühüm nüfuzlu beynəlxalq təşkilatların (BMT, Avropa Şurası, MDB, UNESCO, İslam Konfransı Təşkilatı və s.) üzvüdür. Bu gün də dövlətimiz insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir və onlara müvafiq dövri hesabatlar təqdim edir. Beynəlxalq mexanizmlər tərəfindən irəli sürülən tövsiyələr isə daim Azərbaycan Respublikası tərəfindən dövlətdaxili qanunvericiliyin daha da təkmilləşdirilməsində istifadə edilir.
Dövlət başçısının müvafiq sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması da bu ideoloji konseptin xalqımız və dövlətimiz üçün necə vacib əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir. Əlbəttə, multikulturalizm bəlkə də cəmiyyətdə yeni termin kimi qarşılana bilər, əslində isə onun fəlsəfi-ideoloji mahiyyətində Azərbaycan xalqının əsrlər boyu əxz etdiyi sivil dəyərlər dayanır. Başqa xalqlara, mədəniyyətlərə hörmət, əslində, xalqımızın ümummilli lideri Heydər Əliyevin milli ideologiya kimi vahid sistem halına gətirdiyi azərbaycançılığın ana xəttini təşkil edir. Bəli, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan çoxdan bu proseslərin fəal iştirakçısıdır. Bu məsələyə münasibətini ulu öndər zamanında belə ifadə etmişdir: “Avropa ölkələri ilə münasibətlərin inkişafında qədim İpək yolunun bərpasını nəzərdə tutan TRASEKA proqramının həyata keçirilməsinə başlanması mühüm yer tutur. Bu nəhəng nəqliyyat dəhlizinin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında mühüm rol oynayır”. Siyasi və iqtisadi müstəvidə bu tendensiyanı dünyada ilk dəfə nəzərə alan və Böyük İpək yolunun bərpası ideyasını irəli sürən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ 8-9 sentyabr 1998-ci ildə 32 dövlət rəhbərinin iştirakı ilə Bakıda keçirilmiş beynəlxalq konfransda bir sıra planetar miqyaslı strateji layihələrə start verilmişdir.
Ulu öndər Heydər Əliyev ölkədə multikulturalizmi inkişaf etdirmək üçün mövcud dini ziyarətgahların təmiri və bərpasına, qorunmasına da xüsusi qayğı göstərmişdir. Ümummilli lider Heydər Əliyev ölkədə mütərəqqi İslam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. 1999-cu ildə katolik icması dövlət qeydiyyatına alınmış, əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə lazımi şərait yaradılmışdır. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina ayrılaraq kilsəyə çevrilmişdir. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Nobel prospektində Roma katolik kilsəsi inşa olunmuşdur. Kilsənin başçısı II İoann Pavel 2002-ci ilin may ayında Bakıda səfərdə olmuş, dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri ilə görüşərək ölkədəki mövcud tolerantlığı belə qiymətləndirmişdir: “Azərbaycanda dinlər arasındakı tolerantliq münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər”.
Azərbaycanda mədəni müxtəlifliyin inkişafına xidmət edən bu strateji kurs hazırda ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Hələ andiçmə mərasimində “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab İlham Əliyevin müxtəlif xalqların mədəniyyətlərinin qorunması və inkişaf etdirilməsi ilə bağlı siyasəti çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısı hesab edir ki, müasir dünyada qloballaşma prosesinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir.
Ölkəmizdə mədəni müxtəlifliyin, sivilizasiyalararası dialoq mühitinin qurulmasında Heydər Əliyev Fondunun xidmətləri də xüsusi qeyd olunmalıdır. Fond son 12 ildə mədəniyyət diplomatiyasına və mədəniyyətlərarası dialoqa töhfələr verən, Qafqazda və keçmiş sovet məkanında analoqu olmayan uğurlu layihələri ilə bütün dünyada tanınmışdır. Parisdə Versal Sarayının parkında yerləşən abidələrin bərpası, Strasburqda Müqəddəs Məryəm Kafedral kilsəsinin yenidən qurulmasına olan yardım, Pakistanda zəlzələdən zərər çəkən qızlar məktəbinin yenidən inşası, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarının müasirləşdirilməsinə kömək, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına yardım, Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkili – Avroviziya musiqi yarışmasında Azərbaycanın iştirakına dəstək və s. buna parlaq nümunədir.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verir. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. Mehriban xanım Əliyevanın bu fikri də diqqətəlayiqdir: “Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilmişdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına malikdirlər. Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar”.
Xüsusi vurğulamaq lazımdır ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin mühüm səbəblərindən biri də ölkəmizdə insan hüquqları və demokratikləşmə, habelə milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə etdiyi böyük nailiyyətlərlə şərtlənir. Bir daha təsdiqləndi ki, Azərbaycan qətiyyən geridə qalmış müsəlman və ya Şərq ölkəsi deyil. Azərbaycanlılar müasir, qonaqpərvər, gülərüz olmaqla yanaşı, çox tolerantdırlar. Burada müxtəlif dini konfessiyaların, ayrı-ayrı xalqların nümayəndələri dostluq və mehribanlıq, qarşılıqlı anlaşma şəraitində uzun illərdir ki, yaşayır. Bir sözlə, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılmışdır ki, bu da insan hüquqlarının dövlətimizdə təminatının mühüm şərtidir. Azərbaycan Respublikası Konstitusiyasının 44-cü maddəsinə müvafiq olaraq, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Bundan əlavə, burada heç kəsin milli mənsubiyyətini dəyişdirməyə məcbur edilməməsi barədə imperativ norma da təsbit edilmişdir. Konstitusiyanın 21-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Azərbaycan Respublikası milli azlıqların hüquqlarının müdafiəsinin təminatı üçün mövcud müvafiq konvensiyalara (məsələn, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası, Regional dillər və ya azlıqların dilləri haqqında 1992-ci il Avropa Xartiyası və s.) qoşulmuş və mühüm dövlətdaxili tədbirlər həyata keçirmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq olaraq 28 dekabr 2006-cı il tarixli və 7 dekabr 2011-ci il tarixli sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planında və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi ilə əlaqədar mühüm müddəalar vardır.
Ümumilikdə müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğunu nəzərə alsaq, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin Azərbaycan üçün xüsusi əhəmiyyətini dərk etmək çətin deyildir. Şübhəsiz, “Multikulturalizm ili” çərçivəsində həyata keçiriləcək tədbirlər ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərin həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.

Multikulturalizim və insan hüquqları

Məlumdur ki, Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikada gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.
Sərəncamla 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilib. Nazirlər Kabinetinə tapşrılıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Ümumiyyətlə multikulturalizm nədir və bunun nə əhməiyyəti var?
Qeyd edək ki, hələ keçən ildən Azərbaycanda dövlət səviyyəsində multikulturalizm siyasəti yürüdülməyə başlandı, multikulturalizmin təbliğatı ilə bağlı müxtəlif beynəlxalq və yerli əhəmiyyətli tədbirlər təşkil olundu. Məhz multikulturalizm siyasətinin qurulması üçün prezidentin sərəncamı ilə keçən il Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.
Multikulturalizmin geniş mənada mahiyyəti ondan ibarətdir ki, dövlət cəmiyyətdəki müxtəlif və biri-birindən fərqli mədəniyyətlərin daşıyıcıları olan fərdlər, yaxud sosial qruplar arasında fərq qoymur, onların heç birini digərindən üstün, yaxud aşağı hesab etmir və bütün mədəniyyət daşıyıcılarına bərabər hüquqlar tanıyır. Başqa sözlə desək, dövlət cəmiyyətdə olan mədəni dəyərlərə birbaşa müdaxilə etmir və dövlət tərəfindən əvvəlcədən formalaşdırılmış mədəni dəyərlər sistemini cəmiyyətə yeritmir. Bu məsələdə sosial subyektlərə bir növ sərbəstlik tanıyır.
Multikulturalizm dedikdə çoxmədəniyyətlik başa düşülür. Ancaq burada “mədəniyyət” sözü adət etdiyimiz mənanı vermir və daha geniş məna çalarlarını əhatə edir.
Mədəniyyət dedikdə fərdin yaxud sosial qrupun daşıdığı, yaxud mənsub olduğu etnik, dini, irqi, sosial, tarixi, əxlaqi və s. dəyərlər sistemi başa düşülür. Bu dəyərlərin bir məfhumda birləşdirilməsinin səbəbi isə cəmiyyətdə surətli fərdiləşmə prosesinin getməsi və artıq hansısa cəmiyyət üzvünün konkret parametrlər üzrə qruplaşdırılmasının mümkünsüzlüyü ilə bağlıdır.
Məsələn, hansısa sosial qrupu “müsəlman” adlandırmaq artıq doğru deyil, çünki həmin müsəlmanlar müxtəlif təriqətlərə görə bir-birindən fərqlənirlər. Yaxud hansısa sosial qrupun etnik mənsubiyyətinə görə kürd, türk, erməni və s. adlandırılması müəyyən fikir ayrılıqlarına səbəb olur. Çünki həmin qruplar daxilində özünü həmin etnosa aid etməyən, etnik mənsubiyyəti önəmsəməyən, başqa millətin nümayəndəsi ilə qarışan, yaxud həmin etnosun dəyərlərini bölüşməyən fərdlər ola bilər.
Yaxud, eyni milli mənsubiyyətə malik olub müxtəlif dini inanc daşıyıcılarının olması mümkündür. Cəmiyyətdə fərdiləşmə prosesi ilə əlaqədar müxtəlif dəyərləri özündə birləşdirən sosial subyektlərin ortaya çıxması bu dəyərlər sisteminin ümumilikdə “mədəniyyət” adlandırılmasını ehtiva edir.
Dövlətin cəmiyyətdaxili mədəni münasibətlərə qarışmaması, mədəniyyət daşıyıcılarına bu mənada sərbəstlik tanıması ilk növbədə dövləti əlavə resurs xərcindən xilas edir. Çünki hansısa mədəniyyətin dövlət tərəfindən dəstəklənməsi, təbii olaraq digərinin müxalifliyi ilə nəticələnir. Bu zaman dövlət cəmiyyətin bir hissəsi ilə mübarizə üçün əlavə tədbirlər görmək məcburiyyətində qalır.

Ümumiyyətlə, hansısa dəyərlər toplusunun dövlət tərəfindən etalon kimi qəbul olunması dövlət üçün əlavə problem və yükdür, eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafına mane olan amildir.
Məsələn, İranda qəbul olunmuş farslaşdırma və şiələşdirmə yoluyla sosial qrupların assimilyasiya siyasəti əslində əks təsirlə nəticələnir. Təbii olaraq, etnik azərbaycanlılar, yaxud sünni azlıqlar buna etiraz edir. Dövlət isə bu zaman etirazların aradan qaldırılması üçün daha sərt tədbirlərə əl atmalı olur. Nəticədə dövlət əlavə resurslar (idarəetmə, maliyyə, hərbi və s.) sərf etmək məcburiyyətində qalır. Bu zaman azlıqda olan sosial qrup elə dövlətə qarşı mübarizəyə qalxır ki, bu da xaricdəki siyasi qüvvələrin ölkənin zəiflədilməsi yaxud ölkəyə təzyiq göstərilməsi üçün təsir `rıçaqına` çevrilir.
Eyni misalı Çinə də aid etmək olar. Çində etnik türklərin və müsəlmanların etirazları ən azı Türkiyə üçün bu ölkəyə təzyiq göstərmək imkanı tanıyır. Eynilə Yaxın Şərqdəki münaqişələrin kökündə dini fərqliliklər dayanır ki, xarici qüvvələr bundan istifadə edərək dövləti zəiflədir, hətta məhvə sürükləyirlər. Məsələn, Suriya və Yəməndə münaqişənin kökündə sünnilərin şiələrin hakimiyyətdə olmasına etiraz etmələri dayanır.
Multikulturalizm siyasəti ilk dəfə keçən əsrin 70-ci illərində əhalisinin yarısı fransız, yarısı isə ingilis olan Kanadada tətbiq olunmağa başlayıb. Kanada dövləti iki etnik qrupdan heç birinə üstünlük veməməyi, ümumiyyətlə cəmiyyətdaxili mədəni münasibətlərə qarışmamağı və “Kanada dövlətçiliyi”adlanan vahid çətir altında sosial qruplara öz mədəni seçimlərində azadlıq tanıdı.
Burada ən vacib məsələ dövlətin hüquq institutlarının obyektivliyi və möhkəmliyidir. Yəni fərdlər mədəni mənsubiyyətinə görə deyil qanunla təsbit edilmiş konkret hüquq pozuntusuna görə müəyyən edilmiş məsuliyyətə cəlb olunmalıdır.
Eynilə ABŞ-da keçən əsrin 70-ci illərin sonundan başlayaraq, multikulturalizm siyasəti aparılmağa başlayıb. Avropanın bir çox ölkələrindədə də, multikulturalizm ideyalarıpopulyarlaşdı və dövlətlər bu siyasətin tərəfdarı kimi çıxış etməyə başladılar. Lakin 2010-cu ildən sonra Britaniya, Almaniya və Fransa kimi dövlətlərin liderləri Avropada multikulturalizm siyasətinin uğursuzluğa düçar olduğunu və bu siyasətdən imtina etdiklərini bildirdilər.
Multikulturalizm siyasəti yürüdülərkən bir tərəfdən mədəniyyətlərə azadlıq təmin edilsə də, əslində dövlətin əsas məqsədi mədəniyyətlərin inteqrasiyasına nail olmaq və vahid çətir altında monolit cəmiyyət qurmaqdır. Buna görə, multikulturalizm siyasəti yürüdülərkən dövlət tam mənasıyla cəmiyyətə təsir rıçaqlarından özünü məhrum etmir.
Qeyri-hökumət təşkilatları kimi dövlətin cəmiyyətə dolayı təsir mexanizmlərinin fəaliyyəti belə olan halda genişlənir. Dövlət öz maraqlarına uyğun dəyərlərin ictimayi süura yeridilməsi üçün elə ictimayyətin nümayəndələrindən istifadə edir. Qərb dövlətləri öz maraqlarına uyğun dəyərlərinin zəif ölkələrdə təbliğatı üçün də bu üsuldan istifadə edirlər.
Avropada multikulturalizmin böhranının səbəbi onunla bağlıdır ki, mədəniyyətlərarası təbii intiqrasiya prosesində miqrantların gətirdiyi mədəniyyət daha güclü oldu. Avropa iki problemlə qarşılaşdı: Birinci müsəlmanlar yerli mədəniyyətlə inteqrasiyaya getmədi. Əksinə avropalılarda islama yönəlmə prosesi başlandı. Üstəgəl, müsəlmanlar arasında təbii artım səviyyəsinin yüksək olması Avropa liderlərini narahat etməyə başladı. Müsəlman icmasının sayının artmasında əsas təhlükə ondan ibarətdir ki, islamın mahiyyətində dövlətin islamlaşdırılması dayanır. Hər bir müsəlman cəmiyyətinin yekun hədəfi islam dövlətində yaşamaq istəyidir.
İkinci problem isə get-gedə ağ dərili irqin azalması və təbii artım hesabına qaradərililərin sayının durmadan artması idi. Bu tendensiya perspektivdə Avropada ağ dərili irqin yoxa çıxması təhlükəsini yaradır.
Qərbin əhalinin humanist yolla azalmasına istiqamətlənmiş təbliğatı Avropanın köklü əhalisində öz təsirini göstərdi. Ailə planlaşdırılması, qadın kişi bərabərliyi, cinsi azlıqların hüquqları, gender problemləri, qadının cəmiyyətdə rolunun artması və s. kimi məsələlər əslində doğum səviyyəsinin aşağı salınmasına hesblanıb. Lakin miqrantlar bu dəyərləri istənilən səviyyədə mənimsəmədikləri üçün nəticədə Avropa əhalisi azalmağa, miqrantların sayı isə artmağa başladı. Bu isə qərb mədəniyyətinin get-gedə assimilyasiya olunmasına gətirib çıxara bilər.

Rusiya özü də ideoloji böhranla üz-üzə qalıb. Dövlət rəsmi səviyyədə multikulturalizmdən imtina edir və millətçi, rusofil siyasətin tərəfdarı olan qüvvələr hakimiyyətdə çoxluq təşkil edir. Nəticədə dövlət daxilində ruslaşdırma siyasətinə qarşı milli identifikasiya prosesləri güclənir və milli azlıqlarda separatçılığa meyillər artır.
Azərbaycana gəldiktə multikulturalizm siyasəti hələ Heydər Əliyevin dövründən bu yana yeridilməyə başlamışdı. Prezident İlham Əliyev isə multikulturalizmi rəsmi dövlət siyasəti səviyyəsinə qaldırdı, sistematik fəaliyyətini təmin etdi. Heydər Əliyevin irəli sürdüyü “Azərbaycançılıq məfkurəsi” ölkədə mədəniyyətlər üçün vahid çətir rolunu oynayacaq.

  • 16 Mart 09:27
  • 1 288

Multikulturalizim və insan hüquqları

Multikulturalizm və İnsan hüquqları

Multikulturalizm tərcümədə çoxmədəniyyətlilik deməkdir. Son illərdə Azərbaycanda mültikulturalizm sahəsində böyük işlər görülür. Multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri təyin olunmuşdur. Bu siyasətin davamı olaraq ölkə prezidentinin digər sərəncamı ilə 15 may 2014-cü ildə Bakı Beynəlxalq Multikulturaizm Mərkəzi yaradılmışdır. Kütləvi informasiya vasitələlərində mərkəzin məqsəd və vəzifələri haqqında ictimaiyyətə ətraflı məlumatlar çatdırılmışdır.

Multikulturalizm 1960-cı ildə Kanada da meydana gəlsə də termin kimi 70 -ci illərdən etibarən Avropa və ABŞ-da istifadə olunmağa başlamışdır. Multikulturalizm sosial ədalət, imkanların bərabərliyi demokratiya kimi müzakirə olunan anlayışların sırasına daxildir. Multikulturalizm etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunması və inkişafını nəzərdə tutur. Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib hissəsi kimi dövlət siyasəti səviyyəsinə qaldırır. Bu baxımdan Azərbaycançılıq ideologiyasını xüsusi olaraq qeyd etmək lazımdır. Azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan xalqların siyasi, iqtisadi, sosial və mədəni yüksəlişinə yönələn bir ideologiyadır. İlk öncə Azərbaycançılıq ideologiyası M.F.Axundov, Əli bəy Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəzulzadə. Ə.Topçubaşov və başqalarının fəaliyyətlərində öz əksini tapmışdır. 90-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra yenidən azərbaycançılıq ideologiyasına müraciət edilmişdir. Bu gün azərbaycançılıq ideologiyası milli ideologiyamızın ana xəttini təşkil edir.

Etnik, irqi dini və mədəni müxtəlifliklər dövlət tərəfindən düzgün tənzimlənmədikdə cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlərə və münaqişələrə səbəb olur. Azərbaycan Respublikası multikulturalizm siyasətinin həyata keçirilməsində BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlarla əməkdaşlıq edir. Belə təşkilatlardan biri Avropa Şurasına üzv olan ölkələrin imzaladığı Avropa İnsan Hüquqlarının Konvensiyasıdır. Konvensiyanın fəaliyyətinin əsas istiqamətlərindən biri insan hüquq və azadlıqlarının qorunmasıdır. Konvensiya 4 noyabr 1950-ci ildə Romada qəbul edilib. Konvensiyaya daxil olan 47 üzv dövlət və həmin ölkələrdə yaşayan 800 milyondan artıq vətəndaşın hüquqları müdafiə olunur. Azərbaycan Konvensiyanı 15 aprel 2002-ci ildə ratifikasiya edib və Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyıb. 1, 4, 6, 7, 14 saylı protokolları Azərbaycan dövləti ratifikasiya edib. Konvensiyanın 14-cü maddəsi ayrı-seçkiliyin qadağan olunması ilə bağlıdır. Orada göstərilir, “ bu konvensiyada təsbit olunmuş hüquq və asazdlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır”. Konvensiyaya üzv olan dövlətlər beynəlxalq və milli qanunvericilikdə ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı öz üzərinə öhdəlik götürsə də son zamanlar bəzi ölkələrdə bu prinsiplər pozulur. İngiltərənin baş naziri D.Kameron və Almaniya federal kansleri A. Merkelin multikulturalizmin iflasa uğraması ilə bəyanatları ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.

Həmin ölkələrin bəzi siyasətçiləri bildirirlər ki, bizim ərazimizdə digər millətlər miqrasiya nəticəsində yaşamağa gəlib, oturaqlaşıblar. Ona görə də onların dillərinin, milli mədəniyyətlərinin qorunması, inkşaf etdirilməsi bizim üçün maraqlı deyildir. Almaniyada əhalinin 19 faizini qeyri almanlar təşkil etsələrdə alman olmayanlar “xaricilər“ adlandırılırlar. Miqrasiya yolu ilə ölkəyə gəlib sonradan vətəndaşlıq hüququ əldə edənlər də ölkənin çoxluğunu təşkil edən vətəndaşlarla eyni hüquqa malik olmalıdırlar. Konvesiyanın üzvü olan ölkələr üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə borcludurlar. Avropa İnsan Hüquqları Konvensiyasının yerləşdiyi elə Fransanın özündə yaşayan milliyyətcə qeyri fransızlar irqi və dini ayrı-seçkiliyə məruz qalırlar. Hicabın qadağan olunması 14-cü maddənin kobud surətdə pozulması ilə müahidə olunmuşdur. Fransa cəmiyyəti belə hesab edir ki, qarşıdakı şəxsin hicab geyimində olması mənim təhlükəsizliyim üçün təminat vermir. Hicab geyimi vasitəsilə hansısa terror hadisəsi törədilə bilər. Fikrimcə bu ölkənin təhlükəsizlik qüvvələri ilə bağlı olan problemdir. Tez-tez mətbuatda, qəzet və jurnallarda islam dini liderlərinin karikaturaları yer alır. Bu kimi hadisələr millətlətarası münasibətlərin pozulmasına, kütləvi iğtişaşlara və münaqişələrə səbəb olur. Eyni zamanda burada konvensiyanın fikir, vicdan və din azadlığı olan 9-cu maddəsi pozulur.

9-cu maddə də göstərilir: “Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir”. Dünyada azərbaycanlılar kimi soyqırıma məruz qalan yəhudilər Azərbaycanı İsraildən sonra ikinci ən təhlükəsiz yaşadıqları ölkə kimi qeyd edirlər. Respublikamızda yaşayan digər etnik xalqlar, millətlər üçün bərabər imkanlar özlərini təsdiq etmək mədəniyyətlərini inkişaf etdirmək üçün hər cür şərait yaradılmışdır.

Bu gün dünyada sülhün və ədalətin, sabitliyin təmin olunması üçün bərabər hüquqların təmin edilməsi, ayrı-seçkiliyin qadağan olunması mühüm prinsiplərdən biridir. Azərbaycanın dünya ölkələrinə təqdim etdiyi multukultural model xalqların dostluq və mehriban şəraitdə birgə yaşamasını təmin edən modeldir.

İlham Soltanov

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı

Qaynar.info

Comments are closed, but trackbacks and pingbacks are open.